Azərbaycan”.-2015.-9 may.-N 99.-S.3.

Azərbaycan parlamenti müstəqillik yollarında

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri,

YAP Siyasi Şurasının üzvü

 

Böyük şəxsiyyəti zaman yaradır. Bəzən bu proses əksinə də cərəyan edir: böyük şəxsiyyət zəmanəsinin və özündən sonrakı dövrün məqsəd və vəzifələrini müəyyənləşdirir. Azərbaycan tarixinin yarım əsrlik bir dövrünün siyasi təkamülü, iqtisadi tərəqqisi, mənəvi yüksəlişi ulu öndər Heydər Əliyevin möhtəşəm fəaliyyəti ilə bağlı olmuşdur. Xalqımızın yetişdirdiyi ən böyük siyasi və dövlət xadimlərindən olan Heydər Əliyev ölkəmizi yeni minilliyə, qloballaşma əsrinə hazırlayıb çatdırmışdır. Yalnız onun sayəsində əvvəlcə Azərbaycanın siyasi və dövlət müstəqilliyinin möhkəm təməli yaradılmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövləti qoruyub saxlamaq mümkün olmuşdur. Görünür, bu da taleyin qismətidir ki, xalqımızın ötən əsrin əvvəllərində yaşadığı fəlakətin təkrarlanmasına, böyük məhrumiyyətlər hesabına əldə edilmiş istiqlaliyyətin yenidən itirilməsinə yol verməmək üçün məhz Heydər Əliyev kimi siyasi nəhəng yeni Azərbaycanın dövlət sükanı arxasında olmalı idi.

 

Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin mühüm bir hissəsi parlamentlə bağlıdır. Hələ sovet dövründə o, respublikaya ilk dəfə rəhbərlik edərkən dəfələrlə SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

O vaxt Heydər Əliyev böyük uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanışı siyasətinin reallaşmasına yönəltmişdi, məhz həmin illər Azərbaycan tarixinə ardıcıl və dinamik inkişaf dövrü kimi daxil olaraq, xalqın milli mənlik şüurunun oyanışına güclü təkan vermiş, tarixi ənənələrinin, milli-mədəni dəyərlərinin qorunmasına şərait yaratmışdı.

Sovet İttifaqının ən geridə qalmış respublikalarından biri kimi tanınan Azərbaycan qısa müddətdə əsrə bərabər inkişaf yolu keçdi. Azərbaycanın gələcək siyasi müstəqilliyinin möhkəm iqtisadi təməli yaradıldı. Bunu belə bir fakt da sübut edir ki, keçmiş SSRİ məkanında İttifaq büdcəsindən heç bir dotasiya almayan iki respublikadan biri Azərbaycan idi.

Azərbaycanın suveren hüquqlarının pozulmasına yönələn bütün cəhdlərin qarşısı vaxtında, qətiyyətlə alınırdı. SSRİ-nin 1977-ci ildə qəbul olunmuş Konstitusiyası hazırlanarkən ermənilərin belə cəhdləri xüsusən artmışdı. Onlar İttifaq rəhbərliyindəki havadarlarının köməyi ilə  Dağlıq Qarabağın statusu məsələsini ortaya atmağa çalışırdılar. Yalnız Heydər Əliyevin qəti mövqeyi Azərbaycana qarşı növbəti düşmənçilik hərəkətinin qarşısını almağa imkan yaratdı.

1978-ci ildə ulu öndərin rəhbərliyi ilə hazırlanan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Mövcud imkanlar daxilində xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsaslar genişləndirildi.

Bir çox vacib sahələrdə, o cümlədən hərbi sahədə milli kadr potensialının yaradılması istiqamətində zəruri tədbirlər görüldü. Ulu öndər Azərbaycanın müstəqillik yollarında qarşılaşacağı problemləri  qabaqcadan  görür,  bu  günümüz üçün vacib olacaq problemləri həll edirdi. Məhz onun xidməti sayəsində Azərbaycanda orta pillə hərbi kadrlar hazırlamaqda ixtisaslaşan tədris müəssisəsi -  C.Naxçıvanski adına hərbi məktəb yaradıldı.

Hərbi mütəxəssislər hazırlayan ali tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirildi, bu məktəblərə yerli əhali nümayəndələrinin qəbulu artırıldı. Minlərlə azərbaycanlı gənc Sovet İttifaqının nüfuzlu ali məktəblərinə, o cümlədən hərbi məktəblərə təhsil almağa göndərildi. O dövrdə hazırlanan peşəkar hərbçilər sonralar milli ordumuzun özəyini təşkil etdilər.

1982-1987-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışanda da Heydər Əliyev Azərbaycanın problemlərini diqqət mərkəzində saxlayırdı. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün böyük əhəmiyyətə malik bir sıra qərarlar qəbul etmişdi.

Heydər Əliyevin Moskvada hakimiyyətin ən yüksək zirvəsində olması Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan qüvvələrin qarşısında ən böyük sipər idi. 1987-ci ilin oktyabr ayında Heydər Əliyev Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra bu qüvvələr fəal hərəkətə keçmək üçün imkan qazandılar. Məhz həmin istefa Azərbaycana qarşı məkrli planların reallaşdırılması yolunda ilk addım oldu.

Moskvadakı ermənipərəst siyasi rəhbərlikdən dəstək alan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını təmin etmək üçün həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasəti qarşısında respublikamızın rəhbərliyində bir-birini əvəz edən şəxslərin səriştəsizliyi, müxtəlif qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, hərc-mərclik, xaos ölkəmizi fəlakət həddinə gətirib çıxardı. Ermənistandan qaçqınların axını, Sumqayıt fitnəkarlığı, Qanlı Yanvar qırğını, xalqımızın maddi və mənəvi sərvətlərinin talan edilməsi, Xocalı soyqırımı kimi digər faciələr, Şuşanın, Laçının, digər torpaqlarımızın işğal edilməsi, soydaşlarımızın yerindən-yurdundan didərgin salınması Azərbaycana qarşı məkrli planın mərhələ-mərhələ həyata keçirilməsinin nəticələri idi.

1991-ci ildən Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışırdı. Ölkədə hərc-mərcliyin və qarışıqlığın hökm sürdüyü, insanların ümidsizlik və təlaş hisslərinə qapıldığı bir şəraitdə Naxçıvan Ali Məclisinin ahəngdar fəaliyyəti, əhalinin erməni silahlı qüvvələrindən müdafiəsi ilə bağlı mürəkkəb məsələlərin həll olunması və bütün həyat təminatı xidmətlərin normal işləməsi yalnız respublikanın bir bölgəsində nisbi rahatlıq faktı kimi deyil, daha çox ümid yeri, ümumən ölkədə vəziyyətin dəyişdirilməsinin mümkünlüyü kimi qiymətləndirilirdi.

O dövrdə Naxçıvan Ali Məclisinin qəbul etdiyi bir sıra qərarlar Azərbaycan Respublikasının əsas qanunvericilik aktlarının yaradılması üçün təməl rolunu oynadı. Sonralar ölkənin bütün ərazisində həyata keçirilmiş iqtisadi islahatların təməli faktiki olaraq muxtar respublikada qoyuldu. Heydər Əliyev tərəfindən muxtar respublikanın həyati əhəmiyyətli problemlərinin uğurla həll edilməsi qanunvericilik orqanının nüfuzunu yüksəldən bir amilə çevrildi.

1992-ci ilin noyabr ayında Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis edilməsi və Heydər Əliyevin partiyanın sədri seçilməsi ölkənin ictimai-siyasi həyatında son dərəcə mühüm hadisəyə çevrildi. Yeni Azərbaycan Partiyası o vaxtkı iqtidarın təzyiq və hücumlarına məruz qalan Heydər Əliyevin bütün ölkədə həqiqi tərəfdarlarını mütəşəkkil və sanballı siyasi təşkilatda birləşdirdi.

Ulu öndərin dövlət rəhbərliyinə qayıdışı 1993-cü il iyunun 15-də onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlandı. Heydər Əliyev Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik etdi. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun ilk addımları  məhz bu dövrə təsadüf etdi.

1993-cü ilin hər cəhətdən qızmar yayı indi də yaddaşlarda yaşayır. Ölkənin vəziyyəti son dərəcə gərgin, mürəkkəb və dolaşıq idi. Vətəndaş müharibəsinin ilk qığılcımları söndürülsə də, müstəqilliyin itirilməsinə səbəb ola biləcək digər təhlükələr qalırdı. Ən böyük təhlükə  o idi ki, kəmfürsət erməni silahlı qüvvələri hücumlarını durmadan genişləndirirdilər. Hamı həyəcan içində idi, xalqın və dövlətin taleyinin necə olacağı barədə əhali arasında bir-birindən vahiməli fikirlər dolaşırdı. Lakin dövlətin idarəçilik sükanı siyasət nəhənginin etibarlı əllərində idi. Onun zəkasının işığında qaranlıq mətləblər aydınlığa çıxır, beş ildən çox davam edən qarışıqlıq dövründə baş qaldırmış xəbislərin çirkin niyyətləri gözlərində qalır. Parlament ölkədə baş verən mürəkkəb və ziddiyyətli ictimai-siyasi hadisələrin açıq və demokratik şəraitdə müzakirə edildiyi real hakimiyyət orqanına çevrilir. Hər kəs əməlinə görə qiymət alır, hər kəsə öz yeri göstərilir. Neçə illərdən bəri xalqı təlaşda saxlayan problemlər düşünülmüş tədbirlər sayəsində bir-bir yoluna qoyulur. Son illərdə ilk dəfə olaraq ölkə rahat nəfəs alır.

Sözün həqiqi mənasında dünya siyasətçisi olan Heydər Əliyevin o zaman həyata keçirdiklərini başqa cür deyil, yalnız siyasi qəhrəmanlıq, vətəndaş hünəri adlandırmaq olar. Bu gün tam inamla söyləmək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə Heydər Əliyevin müdaxiləsi olmasaydı, Azərbaycan adlı dövlətin varlığına çoxdan son qoyulmuşdu.

Ulu öndərin Azərbaycan parlamentinə rəhbərlik etməsi ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı və onun peşəkar nümayəndəli orqan kimi formalaşması istiqamətlərini müəyyənləşdirməyə imkan verdi. Qısa müddətdə Heydər Əliyev parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, öz təkliflərini dəqiq əsaslandırmaq, deputatların çıxışlarının məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirərək müzakirəni səmərəli axara yönəltmək qabiliyyəti əsl parlamentarizm məktəbi idi.

Ulu öndərin rəhbərliyi ilə ölkə qarşısında dayanan kəskin problemlərin nizama salınması ilə yanaşı, dövlət və cəmiyyət həyatının bütün sahələrində əsaslı islahatlar aparılmasına yönəldilən hazırlıq işləri həyata keçirildi. O dövrün ictimai-siyasi şəraiti nə qədər mürəkkəb olsa da, ümummilli lider dövlət quruculuğu prosesində əsasən perspektiv üçün nəzərdə tutulan əsas hədəfləri müəyyən etdi.

1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimində Heydər Əliyev ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində qarşıda duran vəzifələri belə səciyyələndirmişdi: "Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir."

Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası və demokratik əsaslarla seçilmiş ilk parlamenti ölkəmizin siyasi tarixində tamamilə yeni səhifə açaraq hüquqi, demokratik, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun, bazar iqtisadiyyatının bərqərar edilməsinin möhkəm təməlini yaratdı. Əsas Qanunumuz dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğunu, Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və unitar respublika olmasını, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu bəyan etmiş, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti, siyasi plüralizm kimi prinsipləri özündə ehtiva etmişdir.

Konstitusiyada hüquqi dövlətin əsas prinsiplərindən biri olan hakimiyyət bölgüsü geniş əks etdirilmiş, icra hakimiyyətinin Azərbaycan Respublikasının Prezidentinə mənsubluğu, qanunvericilik hakimiyyətinin Azərbaycan Respublikasının Milli Məclisi, məhkəmə hakimiyyətinin isə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir.

Əsas Qanunun bir neçə fəsli hüquqi dövlətin əsas prinsiplərindən olan dövlət hakimiyyətinin səlahiyyət hədlərini əks etdirir. Konstitusiyada qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin səlahiyyətləri, hüquq və vəzifələri dəqiq göstərilmişdir.

1995-ci il noyabrın 24-də birinci çağırış Milli Məclisin ilk iclasında ümummilli liderin söylədiyi dərin məzmunlu nitq, verdiyi dəyərli tövsiyələr parlamentin fəaliyyət istiqamətlərini müəyyən etmişdir. Sonrakı dövrdə də Heydər Əliyev dəfələrlə Milli Məclisin iclaslarında iştirak etmiş, qanunvericilik fəaliyyətinin səmərəsini artırmaq üçün çox qiymətli məsləhətlər vermişdir.

Müstəqil dövlətimizin getdikcə inkişaf etməsi, üzv olduğu beynəlxalq təşkilatlar qarşısında öhdəliklər götürməsi Azərbaycan Respublikası Konstitusiyasında müvafiq dəyişikliklər aparılmasını, Əsas Qanunumuzun yeni şəraitə uyğunlaşdırılmasını və təkmilləşdirilməsini tələb edirdi. Məhz buna görə də ulu öndər cəmiyyət və dövlət həyatında baş verən dəyişiklikləri, ölkəmizin Avropa hüquq məkanına qovuşmasından irəli gələn reallıqları dərindən təhlil edərək, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsini ümumxalq səsverməsinə çıxarmaq barəsində qərar qəbul etdi. 2002-ci il avqustun 24-də Referendum Aktının qəbul edilməsi ilə ölkəmizdə insan və vətəndaş hüquqları üçün təminatlar gücləndirildi, onların daha yüksək səviyyədə qorunmasına şərait yarandı. Ombudsmana və vətəndaşlara birbaşa Konstitusiya Məhkəməsinə şikayət etmək imkanı verildi.

Milli Məclisin səlahiyyətləri genişləndirildi, seçki sistemində mütərəqqi dəyişikliklər edildi. Məhkəmə hakimiyyətinin rolu artırıldı, apelyasiya məhkəmələri hakimlərinin Prezidentin təqdimatı əsasında parlament tərəfindən təyin edilməsi nəzərdə tutuldu. Ali Məhkəmənin, Prokurorluğun səlahiyyətləri dəqiqləşdirildi, Prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verildi.

Ulu öndər ölkədə həyata keçirilən qanunvericilik prosesində fəal iştirak edirdi, həm də onun iştirakı təkcə Konstitusiyaya görə qanunların qəbul edilməsi prosesində son instansiyanı təmsil etməsi ilə bağlı deyildi. Ümummilli liderin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələr üzrə Milli Məclisdə 1500-ə qədər qanun qəbul olunmuşdur. Dəfələrlə parlament Heydər Əliyevin təklif etdiyi layihələr əsasında amnistiya aktları qəbul etmişdir. Şərq aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən humanist aksiya olmuşdur.

Müstəqil Azərbaycan Respublikasında Prezident-parlament qarşılıqlı münasibətlərinin yüksək səviyyədə olduğunu göstərən ən bariz nümunələrdən biri 2001-ci il fevralın 23-24-də Milli Məclisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə həsr edilən iclası olmuşdur. Ulu öndərin iştirakı ilə keçirilən bu iclasa ölkədə fəaliyyət göstərən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, habelə ziyalıların, bütövlükdə geniş ictimaiyyətin nümayəndələri dəvət olunmuşdular. Bu, dövlət başçısının əslində xalqla məsləhətləşməsi idi. Belə vacib tədbirin Milli Məclisdə keçirilməsi,  Heydər Əliyevin parlamentin nüfuzunu yüksək tutduğunu sübut edirdi.

...Artıq 20 ildir ki, Azərbaycanın peşəkar parlamenti fəaliyyət göstərir. Ölkəmizdə ictimai fikrə təsir göstərməyə qadir olan siyasi qüvvələrin bütün spektri parlamentdə təmsil olunmuşdur. Milli Məclisdəki deputat mandatlarının əksəriyyəti cəmiyyətin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına mənsubdur.

Parlamentin intellektual səviyyəsi qanunyaratma və qanunvericilik sahəsində qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni yerinə yetirməyə imkan verir. Bu gün Milli Məclis Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işlərinin ən fəal iştirakçılarından biridir. Parlamentin fəaliyyəti ölkəmizdə dövlətçilik məfkurəsinin və siyasi mədəniyyətin ardıcıl inkişafında əhəmiyyətli rol oynayır.

Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, "... artıq Azərbaycanda parlamentarizmin çox yaxşı ənənələri yaranmışdır. Milli Məclis siyasi qurumdur, hakimiyyətin bir qoludur. Məclis tərəfindən qəbul edilmiş qərarlar ölkəmizin inkişafına xidmət göstərir, belə də olmalıdır."

Ötən dövrdə parlamentin fəaliyyətinə nəzər salarkən, ilk növbədə, onu söyləmək lazımdır ki, Azərbaycanda parlamentarizm ənənələri daha da inkişaf etmiş və zənginləşmişdir. Milli Məclisin peşəkarlıq səviyyəsi yüksəlmişdir. 2005-ci ildən indiyədək parlament 4 mindən çox qanun və qərar qəbul etmişdir. Milli Məclisin qəbul etdiyi qanunvericilik aktları ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna, demokratiyanın genişlənməsinə, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinə, əhalinin sosial müdafiəsinə xidmət edən hüquqi bazanı daha da inkişaf etdirmişdir.

Parlament hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Konstitusiyada nəzərdə tutulan hallarda Milli Məclisin növbədənkənar sessiyaları çağırılır. Parlamentin iclasları ayda iki dəfədən az olmayaraq keçirilir. Milli Məclis öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir.

Parlamentin büdcəyə nəzarət funksiyalarının həyata keçirilməsi üçün Milli Məclis Azərbaycan Respublikasının Hesablama Palatasını yaratmışdır.  Milli Məclisdə 11 komitə, Hesablayıcı və İntizam komissiyaları fəaliyyət göstərir.

Uzun əsrlər boyu Avropa demokratiyasının təcrübəsində sınaqdan çıxarılmış çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri ötən illərdə Azərbaycan parlamentinin praktikasında da özünü doğrultmuşdur. Parlament milli qanunvericiliyi Avropa hüquq normalarına və standartlarına uyğunlaşdırmaq, problemlərin açıq müzakirəsini aparmaq yolu ilə demokratik təsisatları möhkəmləndirir, söz, mətbuat, vicdan, birləşmək, sərbəst toplaşmaq və digər siyasi azadlıqların reallaşmasına, qanunun aliliyinin bərqərar edilməsinə zəmin yaradır.

Milli Məclis Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini parlament vasitələrinin köməyi ilə fəal surətdə dəstəkləyir. Ölkədə uğurla həyata keçirilən siyasi, iqtisadi, hüquqi, sosial islahatların, demokratikləşdirmə prosesinin hüquqi mexanizmi daha da inkişaf etdirilir və təkmilləşdirilir. Qanunvericilik fəaliyyəti ilə yanaşı, parlament  ölkəmizdə və beynəlxalq aləmdə baş verən mühüm siyasi hadisələrə münasibətini bildirir, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, məkrli erməni təbliğatının, o cümlədən qondarma "erməni soyqırımı" əfsanəsinin  ifşa edilməsi üçün zəruri tədbirlər görür.

Milli Məclisin beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrinin  inkişafına xüsusi diqqət yetirilir. Bu məqsədlə parlamentlərarası əməkdaşlığın müxtəlif formalarından istifadə olunur. İndiyədək xarici ölkələrin qanunvericilik orqanları ilə əməkdaşlıq və qarşılıqlı əlaqə haqqında 10-dan çox saziş bağlanmışdır. Milli Məclisdə 80-dən çox xarici ölkənin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları   yaradılmışdır.

Məlum olduğu kimi, Milli Məclis ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların parlament məclislərinin, o cümlədən ATƏT-in Parlament Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, MDB Parlamentlərarası Assambleyasının, İslam Konfransı Təşkilatı Parlament Məclisinin, Türkdilli Ölkələrin  Parlament Assambleyasının,  digər nüfuzlu təşkilatların üzvüdür. Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların toplantılarında müntəzəm iştirak edir, dövlətimizin müxtəlif məsələlərə dair mövqeyini beynəlxalq aləmə çatdırmaq üçün bu vasitədən də səmərəli istifadə edirlər.

Gündəlik fəaliyyətində Milli Məclis mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, ölkənin aparıcı elm, təhsil və yaradıcılıq mərkəzləri ilə sıx qarşılıqlı əlaqə saxlayır. Hakimiyyətin müxtəlif qolları arasında sıx əməkdaşlıq ölkəmizin qüdrətli bir dünya dövlətinə çevrilməsinə yönəlmiş strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisə çox böyük diqqəti və qayğısı sayəsində parlamentin 15 mərtəbəli yeni korpusu inşa edilmiş, plenar və kiçik iclas salonları, birinci və ikinci mərtəbələrdəki geniş foyelər dünya standartlarına uyğun olaraq yenidən qurulmuş, ulu öndər Heydər Əliyevin heykəli ucaldılmış və ona həsr edilən xatirə zalı yaradılmış, binanın önündə fəvvarələr kompleksi inşa edilmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın qanunvericilik orqanını dünyanın inkişaf etmiş ölkələrinin parlamentləri səviyyəsində görməyi arzulayırdı və bunun üçün çox böyük zəhmət sərf etmişdi. Sevindirici haldır ki, başqa sahələrdə olduğu kimi, bu sahədə də ulu öndərin başladığı işlər əzmlə və ardıcıl surətdə davam etdirilir.

Bütün bunlar bizi öz işimizə daha məsuliyyətlə yanaşmağa, dövlətimizin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifah halının yüksəlməsi naminə var qüvvəmizlə çalışmağa sövq edir. Əminik ki, belə də olacaq, Milli Məclis öhdəsinə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcək, Azərbaycanın qabaqcıl dünya dövlətləri sırasına çıxması üçün görülən işlərə var gücü ilə kömək göstərəcəkdir.