“Xalq qəzeti”.-2015.-7 may.-N 97.-S.5.

Alternativi olmayan inkişaf strategiyası

Abdin FƏRZƏLİYEV,

 Nərimanov RİH-nin başçısı,

YAP Siyasi Şurasının üzvü

 

Mürəkkəb, ziddiyyətlərlə dolu tarixi prosesləri, geosiyasi dəyişiklikləri mənsub olduğu xalqın maraqları çərçivəsinə yönəltməyə qadir olan liderlər həm də ölkəsinin inkişafı, təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun layiqli yer tutmasını da uğurla təmin edirlər. Müstəqil Azərbaycan dövlətçiliyi ideyasının banisi olan, bu müqəddəs məramı uğurla həyata keçirən Heydər Əliyev bu silsilədə daim xüsusilə fərqlənib və dünya siyasi tarixinə adını birmənalı həkk etdirib. Bu baxımdan həyatını təmənnasız olaraq həsr etdiyi xalqı tərəfindən də “ümummilli lider”, “ulu öndər” olaraq qəbul edilir.

 

Düşünürəm ki, Azərbaycanın son 22 ildə keçdiyi yolu, sadəcə, müstəqillik dövrünün uğurları kimi məhdudlaşdıranlarla əsla razılaşmaq olmaz. Bu dövr, əslində, Azərbaycan dövlətinin və xalqının bütün mövcudluğu dövründə malik olduğu ən möhtəşəm tarixi mərhələdir. Eyni zamanda, bu gün əldə etdiyimiz nailiyyətlərin təməlində də ulu öndərimizin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayan quruculuq missyasının dayandığını da inkar etmək qeyri-mümkündür. Məhz Heydər Əliyev dühası Cümhuriyyətin süqutundan sonra tam öləzəyən milli dövlətçilik düşüncəsini ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla, əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur.

Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Heydər Əliyev ölkədə milli ruhun və azərbaycançılığın kommunizm ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını alaraq, onun dirçəldilməsi istiqamətində mövcud imkanlardan maksimum dərəcədə istifadə etmişdir. Məhz buna görədir ki, XX yüzillikdə azərbaycançılığın ən parlaq səhifələrinin 1969-cu ildən etibarən yazılması qənaəti birmənalı şəkildə qəbul edilən gerçəklikdir. Heydər Əliyev idarəetmə fəlsəfəsınin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissınin güclənməsi, milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategıyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Bu mənada Heydər Əliyev dühasının böyüklüyü həm də ondadır ki, o, təkcə Azərbaycanı həqiqi dövlət müstəqilliyinə qovuşdurmamış, eyni zamanda bu müstəqillik üçün əvvəlcədən möhkəm zəmin hazırlamışdı.

Həmin dövrdə qarşıya qoyulmuş bu məqsədlərə nail olmaq üçün Azərbaycanın iqtisadi potensialının artırılmasının, onun SSRİ məkanında bırincilər cərgəsinə çıxarılmasının vacibliyini əvvəlcədən görən Heydər Əliyev ölkədə genişmiqyaslı dəyişikliklərə start vermişdir. Eyni zamanda, iqtisadi və sosial sahələrdə dərin struktur islahatları aparmış, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaratmışdır. Heydər Əliyev yaxşı bilirdi ki, iqtisadi cəhətdən azad olmayan millətin siyasi müstəqilliyindən söhbət gedə bilməz. Məhz Heydər Əliyevin səyi ilə SSRİ hökuməti Azərbaycanla əlaqədar hərtərəfli yüksəlişi və intensiv inkişafı nəzərdə tutan mühüm qərarlar qəbul etmişdir. O dövrdə Azərbaycan xalqı üçün, sözün əsl mənasında, tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar 70-80-ci illər arasında və daha sonrakı perspektivdə ölkənin sosial-iqtısadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyənləşdirmişdir.

Yaxşı xatirimizdədir, 1991-ci ildə müstəqilliyə qovuşarkən Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri, yeni sosial-iqtisadi münasibətlər sisteminə keçid dövrünə qədəm qoyan ölkənin sosial-iqtisadi inkişaf modelini müəyyən etmək və bu model üzrə qarşıda duran vəzifələri addım-addım həyata keçirmək idi. Lakin müstəqilliyin ilk illərində Azərbaycana dövlət idarəçiliyindən xəbərsiz olan səriştəsiz insanların rəhbərlik etməsi səbəbindən nəinki bu məqsədlərə doğru hər hansı əməli addımlar atılır, əksinə cəmiyyət həyatının bütün sahələrində özünü göstərən ağır böhran respublikanı fəlakətə sürükləyirdi.

Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarının 20 faizi işğal olunan, 1 milyondan çox vətəndaşı yurd-yuvasından didərgin düşən, hərbi-siyasi qruplaşmalar arasında getdikcə güclənən qarşıdurmalar nəticəsində parçalanmaq, müstəqilliyini əldən vermək təhlükəsi ilə üzləşən Azərbaycan ağır sosial-iqtisadi sarsıntılar da yaşayırdı. Ölkənin istehsal etdiyi məhsullar tələbata cavab vermədiyindən anbarlarda yığılıb qalır, blokada vəziyyətində strateji məhsulların xarici bazarlara çıxarılması mümkün olmur, bir tərəfdən valyuta çatışmazlığı, digər tərəfdən də ənənəvi tranzit yollarının təhlükəli olması ucbatından mal idxalı da getdikcə çətinləşir, sənaye müəssisələri bir-birinin ardınca bağlanır, böyük işsizlər ordusu formalaşır, ölkə əhalisi açıq-aşkar aclıq imtahanına çəkilirdi.

Beləliklə, 1991-1993-cü illərin gerçəklikləri bir həqiqəti ortaya qoydu ki, müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməyi bacarmalıdır. 1991-ci ildən 1993-cü ilin iyununadək bütövlükdə yeni müstəqil dövlətin taleyi ciddi sual altında idi. Əgər Azərbaycan Xalq Cümhuriyyəti əsrin əvvəllərində cəmi 23 ay yaşamışdısa, əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan cəmi 17-18 aya nəinki müstəqilliyini, bütövlükdə dövlətçiliyini itirmək, parçalanmaq, dövlət kimi siyasi səhnədən silinmək təhlükəsi ilə üzləşmişdi.

Ümumiyyətlə, Azərbaycan 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa etsə də, hakimiyyətdə xalqın etimad göstərdiyi, dəstəklədiyi siyasi qüvvənin olmaması ilkin mərhələdə özünü ciddi problem kimi göstərmiş, ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün dərinləşməsinə, vətəndaşların hüquq və azadlıqlarının addımbaşı pozulmasına, dövlətçiliyə potensial təhdid olan cinayətkar qruplaşmaların baş qaldırmasına gətirib çıxarmışdı. O zamankı böhranlı və ağır şəraitdə respublikanın gələcəyini düşünən, reallığı adekvat qiymətləndirməyi bacaran nüfuzlu ziyalılarla yanaşı, biz gənclər də xalqın düçar olduğu bəlalardan qurtulması üçün çıxış yolunu məhz ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışında görürdük.

1993-cü ilin iyununda Azərbaycan xalqının təkidli tələbi ilə məhz  Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə yeni dövrün başlanğıcı oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də sonralar o illərlə bağlı fikirlərində qeyd etdiyi kimi, “belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”.

Tarixdən o da məlumdur ki, dövlət və cəmiyyət həyatında rol oynayan, demokratik, hüquqi, sivil, dünyəvi dövlətçiliyin təməl prinsiplərindən, əsas atributlarından sayılan siyasi partiyalar, adətən, zərurətdən və milli tələbatdan yaranırlar. 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis qurultayını keçirmiş YAP qısa müddətdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq fəaliyyətə başladı. Partiyamız cəmiyyətdə özünə möhkəm dayaqlar tapan güclü siyasi təşkilata çevrilərək qarşıya qoyduğu hədəflərə doğru əzmlə irəlilədi. Əlbəttə, yarandığı gündən müstəqil Azərbaycanda hüquqi-demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti yaratmaq uğrunda fəal mübarizəyə atılan YAP-ın siyasi partiyalar tarixində nadir hadisə sayılan qısa zaman kəsiyində - 7 ay sonra Azərbaycanda hakimiyyətə gəlişi, ilk növbədə, Heydər Əliyev şəxsiyyətinə olan yüksək ictimai inamın, etimadın təzahürü idi.

Ulu öndərin xalqın istəyi və tələbi ilə hakimiyyət sükanı arxasına keçməsi nəticəsində daxili çəkişmələrə son qoyulması, siyasi sabitliyin təmin olunması, atəşkəs haqqında razılaşma əsasında erməni təcavüzünün dayandırılması, balanslaşdırılmış xarici siyasət və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması bütün diqqəti ölkədə çoxdan yığılıb qalmış sosial-iqtisadi problemlərin həll olunmasına yönəltməyə şərait yaratdı. Heydər Əliyev özünəməxsus qətiyyətlə indiyə qədər heç bir ölkənin tarixində təsadüf edilməyən strateji inkişaf xəttini əzmlə tətbiq etdi. Dahi şəxsiyyət ölkəmizin potensial imkanları, milli mənafeləri, qloballaşmanın diktə etdiyi meyllər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla Azərbaycanın möhtəşəm inkişaf strategiyasını hazırladı və onu böyük müvəffəqiyyətlə icraya yönəltdi. Bütün bunlar isə təbii ki, müstəqilliyimizin möhkəmləndirilməsindən keçirdi.

Ulu öndərin bu istiqamətdə ilk böyük uğurlarından biri “Əsrin müqaviləsi”nin imzalanması idi. 1994-cü il sentyabrın 20-də Bakıda Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycanın yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. Azərbaycanın “Əsrin müqaviləsi”ndən başlanan yolu haqqında Heydər Əliyev demişdir: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.

Heydər Əliyevin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri də Azərbaycanı qlobal iqtisadi sistemə qovuşduran, ölkəmizin dünyadakı əhəmiyyətini, nüfuzunu artıran enerji-kommunikasiya layihələrinin reallaşdırılması idi. Ulu öndərin bu istiqamətdə irəli sürdüyü və zamanında bir çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və s. bu kimi layihələr zaman-zaman reallığa çevrildi.

 Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın əsas enerji mərkəzlərindən birinə çevrildi.

Neft-qaz sektorunun tərəqqisi iqtisadiyyatın digər sahələrində də yeni inkişaf meyllərinə təkan verdi. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Sahibkarlığın inkişafı, ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaların cəlbi, qeyri-neft sektorunun inkişafı məqsədilə atılan addımlar bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərinə çevrildi. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşdırıldı, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu gücləndi.

Beləliklə, Heydər Əliyevin yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrin son onilliyində Azərbaycan sabit siyasi, sosial-iqtisadi inkişaf yoluna qədəm qoymaqla yanaşı, daxili əmin-amanlığına da qovuşmuş, dünya birliyində özünü beynəlxalq hüququn müstəqil subyekti kimi təsdiq edə bilmişdir. Bununla da belə bir tarixi həqiqət növbəti dəfə konkret nümunə əsasında sübuta yetirildi ki, lider amili zaman və məkandan, ictimai-siyasi şəraitdən asılı olmayaraq bütün dövrlərdə fundamental rola malikdir.

Davamlı inkişafı, sürətli tərəqqini, xalqın rifahına xidmət edən ideyaların əbədiyaşarlığını təmin edən ən mühüm məqamlardan biri də hər zaman uğurlu varislik prinsipi ilə bağlı olmuşdur. Əks halda ən mütərəqqi ideyanın belə məhvə məhkumluğu qaçılmaz olur, onun xalqa, dövlətə xidmət üçün istifadə edilməsi mümkünsüzləşir. Digər tərəfdən o da birmənalı şəkildə qəbul edilmiş həqiqətdir ki, cəmiyyətin rifahına xidmət edən ideyaların varislik prinsipi əsasında ötürülməsində şəxsiyyət amili kifayət qədər vacib rol oynayır. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, ümummilli lider Heydər Əliyevin ideyaları ulu öndərin siyasi irsinin ən görkəmli nümayəndəsi olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndərin inkişaf strategiyası bu gün Azərbaycanın dövlət başçısı tərəfindən zamanın çağrışlarına adekvat olan yeni əlavələrlə zənginləşdirilərək böyük müvəffəqiyyətlə həyata keçirilir.

Əminliklə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi islahatlar respublikamızın dinamik sosial-iqtisadi inkişafını təmin etmiş, modernləşmə kimi mürəkkəb prosesin etibarlı iqtisadi bazisini formalaşdırmışdır. Ölkə başçısı özünəməxsus siyasi məharətlə dövlətə rəhbərlik fəaliyyətınin bütün məqamları arasında qırılmaz bağlılığa, məntiqi ardıcıllığa nail olmuş, Azərbaycanda dövlət idarəçiliyinin özünəməxsus mükəmməl sistemini formalaşdırmış, bu sistemin xalqın mənafeyinə uyğun intensiv fəaliyyətini təmin etmişdir. Dövrün tələblərınə uyğun formalaşdırılmış bu sistem respublikamızın sürətli sosial-iqtısadi tərəqqısinə, sıyasi sabitliyə, vətəndaş sülhünə, insanlarımızın maddi rifah halının yaxşılaşmasına, ölkəmizdə demokratiyanın inkişafına yönəlmiş mühüm qərarlara, habelə bu qərarların icrasına xalqla birgə nəzarət formuluna əsaslanır.

“Bizim iş üslubumuz belədir: problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var”– deyən cənab İlham Əliyev davamlı və tarazlı inkişafın təmin edilməsi baxımından bir sıra sahələrdə uzun illər boyu həllini gözləyən problemlərin dəqiqliklə müəyyənləşdirilməsi, habelə mövcud resursların həmin problemlərin həllinə yönəldilməsi üçün kompleks proqramların hazırlanaraq həyata keçirilməsini, icra prosesinin diqqətdə saxlanılmasını vacib saymışdır.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən sonrakı dövr dünya iqtisadiyyatında pozitiv meyillərlə yanaşı, təbəddülatlarla da əlamətdardır. Xüsusən 2008-ci ildən sonra başlanan beynəlxalq iqtisadi və maliyyə böhranı nəticəsində əksər ölkələr ciddi sınağa məruz qaldı. Əslində, böhran ayrı-ayrı ölkələrin iqtisadiyyatının tənəzzülə qarşı müqavimət qabiliyyətinin hansı səviyyədə olduğunu ortaya qoydu. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya şəratində inkişaf etdiyindən qlobal iqtisadi böhranın da ölkəmizə təsiri qaçılmaz idi. Amma bir çox dövlətlərdən fərqli olaraq həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə böhranın təsirləri dərindən yaşanmadı. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində onun mənfi təsirləri ötən illər ərzində Azərbaycan iqtisadiyyatında praktiki olaraq hiss olunmadı. Bu tədbirlər sayəsində ölkəmiz qlobal maliyyə-iqtisadi böhranı kifayət qədər hazırlıqlı qarşıladı. Beləliklə, beynəlxalq iqtisadi böhran, mürəkkəb xarici risklər və çağırışlar şəraitində Azərbaycan nəinki özünün iqtisadi tarazlığını qorudu, yüksək dayanıqlılıq və sabitlik nümayiş etdirdi, hətta qeyri-neft sektorunda hər il artıma nail oldu.

Azərbaycanın həm qlobal böhranın mənfi təsirlərinə məruz qalmaması, eləcə də sosial-iqtisadi modernləşmənin yeni keyfiyyət mərhələsinə uğurla transformasiyası və regionun ən nüfuzlu dövlətlərindən birinə çevrilməsi ilk növbədə elmi əsaslar üzərində hazırlanmış milli inkişaf modelinə əsaslanır. Qısa müddət ərzində özünəməxsus mütərəqqi cəhətləri ilə seçilən milli inkişaf modelini yaratmaq kimi möhtəşəm nailiyyətə imza atmağı bacaran müasir Azərbaycan modern və dinamik tərəqqi parametrlərinə görə bu gün artıq bəşəri miqyasda nümunəvi ölkəyə çevrilib.

Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq Azərbaycan hələ 6 il öncə - 2009-cu ildə iqtisadi sahədə keçid dövrünü başa vurub. Əlbəttə, keçid dövrünün başa çatması Azərbaycanda sosial-iqtisadi sferada, cəmiyyət həyatının bütün sahələrində yeni epoxanın başlanğıcı deməkdir. Bu mərhələnin isə özünün ayrıca hədəfləri və vəzifələri var. Çünki keçid dövrünü başa vurduqdan sonra ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Keçid dövrünün arxada qalması ilə paralel müşahidə olunan mühüm məsələlərdən biri də Prezident İlham Əliyev tərəfindən modernləşmə siyasətinin uğurla yürüdülməsidir. Bir çox inkişaf etmiş dövlətlər, beynəlxalq təşkilatlarla qurulan faydalı əməkdaşlıqlar, icra olunan layihələr, dövlət proqramları ölkədə həyata keçirilən modernləşmə siyasətinin bir parçasıdır. Təsadüfi deyil ki, Azərbaycan nəinki regionda, həmçinin MDB və Şərqi Avropa məkanında siyasi və iqtisadi cəhətdən inkişaf edən öncül dövlətə çevrilib. Bu gün Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır.

Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Son illər dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri vəzifələr müəyyənləşdirilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanmasında məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir.

Əlbəttə, gələcəyə dair baxışlar, strategiyalar nə qədər mükəmməl olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz hadisələrdən, ssenarilərdən deyil, bütün hallarda lider missiyasından - qərarların qəbulu sənətindən asılı olur. Azərbaycan öz inkişafının dönüş mərhələsində yaşayır və bunu mümkün edən isə düzgün hədəflər və onların davamlı reallaşdırılmasından irəli gələn nəticələrdir. Bu siyasətin gedişində yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə, regionda və dünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən lyüksək insan inkişafı” ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.

Bütövlükdə, ötən 12 ildə ulu öndərin yürütdüyü siyasəti bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsasında məhz “Güclü dövlət, sosial rifah” tezisi dayanır. Bu da təsadüfi deyildir - güclü iqtisadiyyat qurmadan güclü dövlətə nail olmaq, insanların yüksək sosial rifahını təmin etmək qeyri-mümkündür. Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.

Növbəti mərhələlərdə də qarşıda duran əsas hədəflərdən biri ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılması və iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsindən ibarətdir. Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi də başlıca məqsədlərdən biri kimi müəyyənləşmişdir. Bu məqsədlə iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadi inkişafın davamlı, tarazlı şəkildə inkişafı təmin ediləcək.

Bütün bunlarla yanaşı, ölkəmizin neft-qaz potensialının inkişafı və daha da möhkəmləndirilməsi üçün müvafiq sazişlərin imzalanması Azərbaycanın ən yeni tarixinin son dərəcə mühüm hadisələrindən olmuşdur. Trans-Adriatik boru xətti layihəsinə dair qərarın qəbul edilməsi, TAP-ın əsas marşrut kimi seçilməsi strateji əhəmiyyətli hadisələr kimi müstəqil Azərbaycan dövlətinin gələcəyi üçün böyük perspektivlər yaradır. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan TANAP və TAP layihələrinin hələ uzun illər ölkə iqtisadiyyatına öz səmərəsini verəcəyi əsla şübhə doğurmur.

Dünyanın ən iri enerji layihələrindən olan “Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması da Azərbaycan Prezidenti cənab İlham Əliyevin əzmkar fəaliyyəti nəticəsində qazanılan ən mühüm nailiyyətlərimizdən olmuşdur. Azərbaycanın ən iri qaz yatağının tam həcmdə işlənilməsinə şərait yaradacaq bu layihə ondan əldə edilən gəlir hesabına əhalinin sosial rifahının və ölkəmizin sosial-iqtisadi inkişafının daha da yaxşılaşması baxımından müstəsna əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu layihə barədə demişdir: “Bu tarixi nailiyyətdir, tarixi qələbəmizdir. Bu layihə XXI əsrin layihəsidir...Bu layihə Azərbaycana böyük dividendlər gətirəcəkdir - həm iqtisadi, həm siyasi. Ölkəmizin nüfuzu, bizim iqtisadi gücümüz artacaqdır. Ölkəmizə böyük həcmdə investisiyalar gətiriləcəkdir”.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik surətdə gerçəkləşdirilməsini təmin etmişdir.

Ölkəmizin ildən-ilə artan sosial-iqtısadi imkanları deməyə əsas verir ki, Azərbaycan tezliklə dünyanın ən inkişaf etmiş dövlətləri ilə eyni sırada dayanmaq imkanı əldə edəcəkdir. Bu inkişafa şəxsi nümunəsi ilə öz töhfələrini verməyə çalışmaq, müstəqil dövlətimizin alternativsiz tərəqqi yolu olan Heydər Əliyev kursuna, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə ləyaqətlə xidmət göstərmək hər bir Azərbaycan vətəndaşının qarşısında duran ümdə vəzifədir.