Azərbaycan.- 2015.- 1 dekabr.- 264.- S. 2.

 

Tariximizin, mədəniyyətimizin və memarlığımızın incisi

 

Elgün Mənsimov

 

Ölkəmiz artıq 23 ildir ki, UNESCO-nun tamhüquqlu üzvüdür. UNESCO ilə əməkdaşlığımız abidələrin və tarixi yerlərin mühafizəsi, onların bərpası və tədqiqi sahəsində zəngin dünya təcrübəsinin öyrənilməsi üçün ölkəmizə geniş imkanlar açmışdır. Eyni zamanda, bu beynəlxalq təşkilat tərəfindən tərtib olunan hesabatlar mövcud problemlərin erkən aşkarlanmasına, vaxtında qabaqlayıcı tədbirlərin görülməsinə və tarixi məkanların hər zaman mövcud standartlara uyğun qorunub saxlanılmasına şərait yaradır.

İçərişəhərin UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilməsindən sonra burada görülən işlər, həyata keçirilən layihələr barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyevlə söhbət etdik.

 

- Samir müəllim, İçərişəhərin UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilməsinin əhəmiyyəti haqqında nə deyə bilərsiniz? Bu illər ərzində UNESCO ilə əməkdaşlıq sahəsində hansı işlər görülüb?

- İçərişəhərin UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilməsindən 15 il keçir. Bu qədim məkanın 2000-ci ilin dekabr ayının 2-də Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə UNESCO-nun siyahısına salınması onun bütün dünyada ümumbəşəri bir dəyər kimi qəbul edilməsinin və yüksək qiymətləndirilməsinin əyani göstəricisidir. Bu mühüm hadisə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin mədəni irsimizin qorunması, tədqiqi və təbliği istiqamətində apardığı gərgin əməyin nəticəsi idi. Ümummilli lider həmişə İçərişəhərə, Şirvanşahlar sarayına və burada yerləşən digər tarixi abidələrə xüsusi məhəbbət bəsləyirdi və hər zaman öz diqqətini və qayğısını əsirgəmirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə İçərişəhər 1977-ci ildə tarix-memarlıq qoruğu elan edilmişdir.

2000-ci ilin sonunda Bakıda baş vermiş güclü zəlzələnin nəticələri əsas tutularaq 2003-cü ildə İçərişəhər UNESCO-nun təhlükədə olan dünya irsi abidələrinin sırasına daxil edilmişdir. UNESCO-nun Dünya İrsi Komitəsi İçərişəhərin qorunması, idarə edilməsi və inkişaf istiqamətləri üzrə öz tövsiyələrini Azərbaycan hökumətinə təqdim etdi. Yaranmış vəziyyətdə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə elə həmin il ulu öndər Heydər Əliyev "Bakı şəhərində "İçərişəhər" Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzaladı. Eyni zamanda, İçərişəhərin uzunmüddətli qorunması, konservasiyası və bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının hazırlanması, habelə qoruğun idarə olunmasının beynəlxalq standartların tələblərinə uyğun qurulması barədə tapşırıq verdi. Bu sərəncam İçərişəhəri sözün əsl mənasında, məhv olmaqdan xilas etdi və bundan sonrakı dövlət siyasətində proqram xarakterli sənəd kimi istiqamətverici rol oynadı.

Ulu öndərin siyasi kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən illər ərzində İçərişəhərin unikal memarlıq-şəhərsalma kompleksi kimi mövqeyinin möhkəmlənməsi və tarixi simasının bərpası istiqamətində çox mühüm addımlar atdı. İçərişəhərin uzunmüddətli qorunmasını, konservasiyasını və bərpasının davam etdirilməsini, onun idarə olunmasının təkmilləşdirilməsini və mərkəzləşdirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli fərmanı ilə mərkəzi və yerli icra hakimiyyətinin səlahiyyətlərini özündə cəmləşdirən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradıldı. Növbəti illər ərzində qoruq ərazisində böyük bir canlanma yarandı, memarlıq abidələrinin və yaşayış binalarının bərpası və mühəndis kommunikasiyalarının yenilənməsi, ərazinin abadlaşdırılması, turizm infrastrukturunun yaradılması istiqamətində işlərə start verildi. Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə müvafiq layihələrin planlı və sistemli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə UNESCO-nun Dünya İrsi Komitəsinin tövsiyələrinə əsasən beynəlxalq nüfuzlu ekspertlərlə qurulmuş əməkdaşlıq nəticəsində "İçərişəhərin Vahid İdarə olunması Planı", habelə "Bakının Tarixi Mərkəzinin Konservasiyası üzrə Baş Plan"ı hazırlandı. Bu planlara uyğun olaraq İçərişəhərin ərazisində yüksək peşəkarlıqla və gözəl memarlıq üslubunda təmir-bərpa, abadlıq işləri aparıldı.

Görülmüş bütün bu işlər 2009-cu ildə UNESCO-nun Dünya İrsi Komitəsinin 33-cü sessiyasında yüksək qiymətləndirildi və komitə üzvləri tərəfindən yekdilliklə qəbul olunmuş qərara əsasən İçərişəhər UNESCO-nun təhlükədə olan abidələr siyahısından çıxarılaraq onun Dünya İrsi obyekti statusu bərpa edildi. Bununla yanaşı, komitənin həmin iclasında "İçərişəhər" qoruğunun idarə olunması sisteminin unikallığı vurğulanmış və bütün üzv ölkələrə qədim şəhərlərin qorunub saxlanmasında analoji sistemin tətbiqi tövsiyə edilmişdir.

- Hazırda "İçərişəhər" qoruğunun idarə edilməsi hansı prinsiplərə uyğun həyata keçirilir?

- 2009-cu ildə idarəmiz tərəfindən tanınmış beynəlxalq ekspertlərlə birlikdə qoruğun orta müddətli inkişaf konsepsiyası hazırlanıb. "Canlı tarix" adlandırdığımız bu konsepsiyaya uyğun olaraq İçərişəhərdə memarlıq abidələrinin qorunması və bərpası, sakinlərin yaşayış şəraitinin daha da yaxşılaşdırılması ilə yanaşı, burada müasir turist infrastrukturunun yaradılması istiqamətində mütəmadi olaraq işlər aparılır.

- Abidələrin qorunması, restavrasiyası və muzey işinin təşkili sahəsində ötən illər ərzində hansı işlər həyata keçirilib?

- Təbii olaraq, abidələrdə bərpa və konservasiya işlərinin aparılması əsas prioritet kimi qalmaqdadır. Son illər ərzində onlarla tarixi və memarlıq abidəsi tərəfimizdən bərpa edilmiş, bu abidələrin gələcək nəsillərə olduğu kimi çatdırılması üçün zəruri tədbirlər görülmüşdür. Bu memarlıq abidələri əsasən karvansaralar, hamamlar, məscidlər və yaşayış binalarıdır. Bu abidələrin ən əhəmiyyətlisi isə əlbəttə ki, şəhərimizin simvolu sayılan möhtəşəm Qız qalasıdır. Avropanın aparıcı bərpaçı şirkətləri ilə əməkdaşlıq çərçivəsində Qız qalasının ölçmə, elmi-tədqiqat, layihələndirmə və konservasiya işləri iki ilə yaxındır ki, tamamlanmışdır. Beş ildən artıq davam etmiş bu işlər nəticəsində abidənin zahiri görünüşünə heç bir xələl gətirilmədən onun dayanıqlığı, uzunmüddətli qorunması və konservasiyası təmin edilmişdir. Eyni zamanda, ixtisaslaşmış beynəlxalq mütəxəssislərin iştirakı ilə Qız qalasının daxilində ən yüksək beynəlxalq standartlara cavab verən yeni müasir muzey ekspozisiyası yaradılmışdır. Bizim üçün şərəfdir ki, 30 dekabr 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Qız qalasını ziyarət edərək aparılmış işlərlə yaxından tanış olmuşlar. Beləliklə, 2014-cü ilin ilk günlərindən bu abidə tarixiliyi, ehtişamı və müasir standartlara cavab verən yeni muzey ekspozisiyası ilə qapılarını ziyarətçilərin üzünə açdı.

Bakının qədim tarixinin rəmzlərindən və orta əsr Şərq memarlığının nadir incilərindən olan İçərişəhərin dünya əhəmiyyətli abidəsi Şirvanşahlar Sarayı Kompleksində də keçən il yerli və xarici mütəxəssisləri cəlb etməklə dünya səviyyəli yeni muzey ekspozisiyası yaradılmışdır. Azərbaycan tarixinin, mədəniyyətinin və milli-mədəni irsinin qorunmasına və təbliğ edilməsinə bir daha böyük diqqət göstərərək 2014-cü il mart ayının 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Şirvanşahlar Sarayı Kompleksində yaradılmış yeni muzey ekspozisiyası ilə də tanış olmuşdular.

- İçərişəhər hər il dünyanın müxtəlif yerlərindən gələn on minlərlə turistin böyük maraqla ziyarət etdiyi bir məkandır. Onlar abidələrimizi və muzeylərimizi ziyarət etməklə yanaşı, buradan milli suvenirlər, müxtəlif əl işləri əldə edib özləri ilə aparmağa maraqlıdırlar. Bu sahənin inkişaf etdirilməsi istiqamətində nə kimi işlər görülür?

- İçərişəhərdə onlarla yaradıcı insanın - rəssam, heykəltəraş və digər sənət sahiblərinin emalatxanaları yerləşir, bu insanların bəziləri həm də tarixi məkanda yaşayır və işləməyə, yaratmağa davam edirlər. İdarəmiz tarix-memarlıq irsimizin mühafizəsi ilə yanaşı, mədəni, dekorativ-tətbiqi və ənənəvi incəsənət irsimizin qorunmasına və inkişaf etdirilməsinə də öz töhfəsini verməyə çalışır. Bu məqsədlə Heydər Əliyev Fondunun təşəbbüsü, idarəmizin və Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin birgə təşkilatçılığı ilə 2012-ci ildə yaradılmış "İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi" tədris və sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərməkdədir. Azərbaycanın zəngin ənənəvi incəsənət irsinin öyrənilməsinə və canlandırılmasına xidmət edən bu mərkəz, həmçinin idarənin fəaliyyətində rəhbər tutduğu "Canlı tarix" konsepsiyasının həyata keçirilməsi çərçivəsində yaradılmışdır. Layihənin əsas məqsədi dekorativ-tətbiqi incəsənət sahələrinin inkişafına, Azərbaycanın mədəni irsinə uyğun müxtəlif çeşidli və yeni dizaynlı məhsulların istehsalına və bu məhsulların beynəlxalq səviyyədə təbliğinə nail olmaqdır.

- Görülən bu çoxsaylı işlər İçərişəhərin sakinləri tərəfindən necə qiymətləndirilir? Onlarla ünsiyyət necə qurulur?

- Sakinlərimiz üçün mümkün qədər rahat yaşayış şəraitinin yaradılması və bu şəraitin daha da yaxşılaşdırılması bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir. Son illər ərzində aparılmış və bu gün də davam edən ərazinin abadlaşdırılması və sanitar təmizliyi, mühəndis kommunikasiyaların yenilənməsi, yaşayış binalarında aparılan təmir işləri İçərişəhərin sakinləri tərəfindən çox müsbət qarşılanır və yüksək qiymətləndirilir.

İçərişəhərdə yaşayan insanlarla əlaqələrin möhkəmləndirilməsi və onlarla gündəlik olaraq ünsiyyətin qurulması məqsədilə 2009-cu ildə idarə tərəfindən sakinlərin arasında böyük nüfuza malik olan tanınmış ictimai xadimlərdən, sənət adamlarından, alimlərdən və burada qədimdən yaşayan ailələrin nümayəndələrindən ibarət ictimai əsaslarla fəaliyyət göstərən Ağsaqqallar Şurası yaradılmışdır. Bu şura sakinlərlə ikitərəfli əlaqələrin yaradılmasında və problemlərin çevik həll edilməsində idarəyə mütəmadi olaraq kömək göstərir. Şuranın aktiv fəaliyyəti nəticəsində idarə ilə sakinlər arasında daha məhsuldar dialoq qurulur, bəzən hansısa səbəblərdən idarənin qurumlarının nəzərindən kənarda qalmış məsələlər qaldırılaraq öz həllini tapır.

- İçərişəhər həm də zəngin mədəni həyatı ilə daim Bakı sakinlərinin və şəhərimizin qonaqlarının diqqət mərkəzindədir. Bu il hansı maraqlı tədbirlərlə yadda qaldı?

- 2015-ci il bizim üçün, əlbəttə ki, "Bakı-2015" I Avropa Oyunlarının keçirilməsi ilə yadda qaldı. Bütün dünyanın diqqətinin paytaxt Bakıda olduğu bir vaxt Azərbaycana gələn xarici turistlərin ən çox üz tutduğu məkanlardan biri də qədim İçərişəhər oldu. İdarəmiz tərəfindən hər zaman olduğu kimi, bu ərəfədə də ziyarətçilərin İçərişəhərdə asudə vaxtlarının maraqlı keçməsi üçün zəruri şərait yaradıldı, müxtəlif mədəni-kütləvi tədbirlər keçirildi. Bu tədbirlərdən biri də Heydər Əliyev Fondunun dəstəyi ilə artıq altı ildir ki, keçirilən və ziyarətçilərin böyük rəğbətini qazanmış "Qız qalası" Beynəlxalq incəsənət festivalı oldu. Festivalda dünyanın 17 ölkəsindən gəlmiş 27 rəssam Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaratmışlar. Hər biri özünəməxsus və fərqli üslubda olan bu unikal müəllif işləri sonradan dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək, Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevrildi.

- "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda hansı işlər aparılıb?

- 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Qala qəsəbəsində ölkədə ilk dəfə olaraq açıq səma altında interaktiv muzey kompleksi yaradıldı. Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinin yaradılma konsepsiyasında iki ideya aparıcı rol oynayırdı: birincisi, Abşeron yarımadasının arxeologiyası, memarlığı və etnoqrafiyasını əks etdirən muzey kompleksi yaratmaq, ikincisi, intensiv turizm məkanı formalaşdırmaq. Qoruğun bugünkü sərhədlərində 300-ə yaxın tarixi, memarlıq, arxeoloji abidələr mövcuddur. Qoruq ərazisində 5 məscid, 3 hamam, ovdanlar, samanlıqlar, sərdabələr, türbələr, yeraltı yollar, qəsr, yaşayış evləri yerləşir.

"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli sərəncamı ilə idarəmizin tabeliyinə verilmişdir. Əsas strateji prinsiplərin davamı olaraq Qala qəsəbəsinin tarixi hissəsində abidələrin mühafizəsi, bərpası və təbliği ilə yanaşı, mühafizə olunan ərazidə yaşayan əhalinin sosial-iqtisadi vəziyyəti də daim diqqət mərkəzində saxlanılır. Ötən dörd il ərzində qoruq ərazisində yeni örtülü yollar çəkilib, su və kanalizasiya sistemi qurulub, mövcud və yararsız vəziyyətdə olanlar isə tam yenilənib. "Qala" qoruğu ilə başqa yaşayış məntəqələri arasında avtobus xətti açılıb, yolların işıqlandırılması və s. işlər davamlı olaraq həyata keçirilir. Qoruq ərazisində turist marşrutları təkmilləşdirilib, muzey eksponatlarına dair məlumat mətnlərinin yeni variantları üzərində işlər aparılıb.

Bu məqsədlə muzey kompleksində uzun illər Abşeronda aparılan arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş və ayrı-ayrı dövrləri əhatə edən materiallar toplanıb rekonstruksiya və restavrasiya olunub. Muzey kompleksi ərazisində orta əsrlərə aid yaşayış evləri, həyətlər, emalatxanalar bərpa olunub. İndi muzeyə gələn qonaqlar Tunc dövründən başlayaraq, XX əsrə qədər tarixə səyahət edirlər. Bu ünsiyyəti tam formada təmin etmək məqsədilə qonaqlar üçün xüsusi interaktiv turlar təşkil edilir və onlar qədim yaşayış evində xalça toxuya, dulusçuluq emalatxanasında ustanın köməyi ilə hər hansı əşyanı düzəltməyə cəhd göstərə, emalatxanada dəmirçi, nalbənd rolunu ifa edə, təndirxanada isə çörək bişirə bilər. Onlar bununla orta əsrlərin Bakısının bir günlük kənd həyatını yaşamış olurlar.

Azərbaycanın mədəni irsinin ayrılmaz bir hissəsi olan Qalaya xarici və yerli turistlər tərəfindən maraq günbəgün artır. Son 4-5 il ərzində hər il Qala abidələr kompleksinə gələn ziyarətçilərin sayında nəzərəçarpan artım müşahidə olunur.