525-ci qəzet.- 2015.- 29 aprel.- ¹ 73.- S. 7.

 

"Cümlə qısa, fikri dərin..."

 

Böyük ədib Mir Cəlal Paşayev poeziyamızda

 

Vəliyev Rauf,

Mir Cəlal Paşayev ədəbi irsinin tədqiqatçısı

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük pedaqoq Mir Cəlal Paşayev istər yazıb-yaratdığı çox dəyərli ədəbi-bədii nümunələrin müəllifi, isrərsə də qayğıkeş insan, xeyirxah müəllim kimi ədəbiyyatımızın, şeirimizin ədəbi obrazına çevrilib.

Unudulmaz sənətkarın xatirələri, əsərlərində özü ilə bağlı verdiyi bəzi məqamlar sonralar şeir və poemalarda öz əksini tapıb. Şair Dəmir Gədəbəyli 1990-cı ildə Mir Cəlal Paşayev haqqında "Yetimlər atası" poemasını qələmə alıb. 2008-ci ildə isə bu poema Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun, Doktor Cavad Heyətin, fəlsəfə elmləri doktoru, professor Mahir İsrafilovun müqəddimələri ilə ayrıca kitab şəklində çap edilib. Həmin kitabın annotasiyasında oxuyuruq: "Görkəmli Xalq yazıçısı Mir Cəlal Paşayevin həyat və fəaliyyətindən bəhs edən bu poema böyük ədibin keçmiş olduğu ömür yolu barədə oxuculara geniş məlumat verir. Ümidvarıq ki, bu kitab həm alimin tələbələri üçün, həm də şeirsevənlər üçün ürəkaçan olacaq".

Poemanı oxuduqca Mir Cəlal Paşayevin zəngin ədəbi fəaliyyəti, klassik və çağdaş ədəbiyyatımıza xidməti, elmi-pedaqoji fəaliyyəti, xeyirxah insan kimi cəmiyyətdə qazandığı nüfuzu, yüksək vətənpərvərliyi fərəh doğurur. Mir Cəlal müəllimin ədəbiyyatşünaslığımıza verdiyi töhfələrlə yanaşı, onun öz tələbələrinə göstərdiyi şəxsi qayğısı poemada aydın və səmimi şəkildə öz əksini tapıb. Müəllif Dəmir Gədəbəylinin tələbə yoldaşı İmranla mükaliməsi oxucunun qəlbində o dahi sənətkara qarşı böyük ehtiram hissi yaradır. Mir Cəlal müəllimin çətin günlərində arxa durduğu tələbəsi İmran sonralar yüksək vəzifə tutur. O, qayğıkeş müəlliminə olan dərin ehtiramını öz müasirlərinə danışır. Mir Cəlal Paşayevin bir ədəbiyyatşünas, tənqidçi kimi Sovet dövründə yaradıcılıqları ilə hörmət qazanmış Cəfər Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Süleyman Rüstəm barədə söylədiyi fikirlər Azərbaycanın görkəmli klassikləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, Xaqani Şirvani, Nəsimi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Ələkbər Sabir və başqaları haqqında dediyi fikirlərdən heç də az əhəmiyyət daşımır.

Azərbaycan ədəbiyyatının klassik və müasir dövrləri arasındakı ədəbi bağlar böyük ədəbiyyatşünasın əsərlərində özünün obyektiv qiymətini almışdır. Şair Dəmir Gədəbəyli Mir Cəlal Paşayevi həyatda olduğu kimi, ədəbi mühitdə də qazandığı nüfuzu ilə poeamanın baş qəhrəmanına çevirir. Bu qəhrəman ötən əsrin 30-cu illərində irticaya məruz qalmış yazıçılar haqqında özünün şəxsi düşüncələrini tələbələrilə paylaşmış, həmin keşməkeşli dövrün düzgün və  obyektiv qiymətini verir. Bütün bunlarla yanaşı müəllif Mir Cəlala qarşı özünün tələbə münasibətini, onun olduqca qayğıkeş, həssas bir insan olmasını səmimi və dolğun misralarla verir:

"Ah necə də müqəddəsdi

Danışardı şirin-şirin,

Danışardı ağır-ağır,

Cümlə qısa, fikri dərin.

Adi sözlə anladardı

Şeirin, sözün mənasını.

Nizaminin "Xəmsə"sini,

Füzulinin  dünyasını.

Misalları seçmə-seçmə,

Ya bir qəzəl, ya bayatı.

Bilməz idik necə gəldi,

Necə keçdi dərs saatı".

Seçmədən göründüyü kimi, Mir Cəlal Paşayevin dərs zamanı şifahi xalq ədəbiyyatına, Azərbaycan folkloruna, onun qoşma, bayatı kimi növlərinə də müraciət edibmiş. Pedaqoq Mir Cəlal Paşayev daha çox müdrik kəlamlardan, atalar sözlərindən, klassiklərin şah beytlərindən istifadə edərdi. Poema müəllifinin nəzərindən onun bu cəhəti qaçmamış, onu yüksək qiymətləndirmişdir. "Yetimlər atası" poeması haqqında Doktor Cavad Heyət bu sözləri ilə diqqəti cəlb edir: "Ustad Mir Cəlalın saflığı, təmizliyi real lövhələrlə cızılır, yaddaşlara həkk olunur, əbədiyyətə qovuşur". Bu fikirdən sonra Cavad Heyət poemadan misal gətirir:

"Yaxşılar çevrilir çiçəyə, gülə,

Gözlərdə təzədən dəyişir aləm.

Kamil insanların zəkası ilə,

Şərlə, yamanlıqla döyüşür aləm.

Yaxın insanları itirən zaman,

Elə bil boş qalır, boşalır dünya.

Dahilər köçəndə Ulu yaradan,

Görən hansı səmtə baş alır dünya?!"

Cavad Heyət poema barədə fikirlərini belə tamamlayır: "Böyük zəhmətin və hünərin bəhrəsi olan bu poema, ümidvaram ki, şairə hörmət gətirəcək. Yəqin ki, bunu şeirsevənlər, Azərbaycan şeirinə vaqif olanlar söyləyəcək.  Poemanın dili saf, hər misrası bədii və düşündürücüdür. Mən Dəmir qardaşıma uğur və cansağlığı diləyirəm".

D.Gədəbəylinin "Yetimlər atası" poeması akademik Abel Məhərrəmov  və professor Mahir İsrafilov tərəfindən də yüksək  qiymətləndirilib. Əminliklə deyə bilərik ki, "Yetimlər atası" poeması D.Gədəbəylinin yaradıcılığında xüsusi yer tutur.