Palitra.- 2015.-27 may.- ¹ 94.- S. 13.

 

Himnimizin fəlsəfəsi

 

Respublikaya gedən yola həsr olunur...

 

Əbülfəz Şeydabəyov

 

Müasir Azərbaycan Respublikası tarixi dövlətlərimizin dövlətçilik fəlsəfəsinin davamıdır. Atalarımız bu torpaqlarda necə dövlətlər qurmuş, çağ bağlayıb, yeni çağlar açmışlar. Dünya siyasi idarəçilik sistemi daim dəyişdikcə Azərbaycan ərazisində də formalaşmış tarixi dövlətlərimiz yeniləşmiş, öz çağı ilə ayaqlaşmışlar. Günümüzdə araşdırma aparan bəzi tədqiqatçıların nəzərinə xüsusi çatdırmaq istərdim ki, XIX əsrdə Azərbaycan tarixi Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrini yaşamasaydı, o dövrdə Avropanın bir sıra ölkələri kimi, milli xanlıqlarımız da birləşərək vahid milli dövlətimizin təməlini hələ həmin əsrdə ata bilərdilər. Ancaq adı keçən proseslər nəticəsində Qafqaz Azərbaycanı öz müstəqil dövlətini elan etmək üçün hələ bir əsr gözləməli oldu. Avropada başlamış olan milli dövlətçiliyin qığılcımları Şərqə də sürətlə sıçramış, XIX əsrin azərbaycanlı milli ziyalıları də öz maarifpərvər fəaliyyətləri ilə bu amalda fəaliyyət göstərmişlər. Bu aydınlar hələ yüz il əvvəldən 1918-ci ildə xalqın Respublika quraraq qələbə qazanması naminə ilk zəmini hazırlamış oldular. Respublikaya gedən yolda Azərbaycan xalqının bütün təbəqələri fəal iştirak etməklə yanaşı, çar Rusiyasının müxtəlif bölgələrində, Osmanlıda, İranda, Avropada yaşayan ziyalılarımız da bir an durmadan işlər görmüşdür. 

Azərbaycançılıq ideyasının ilkin fəlsəfəsini, gerici cahil xürafatla mübarizəni XIX əsrdə milli maarifpərəst düşüncə mütəfəkkirləri A.A.Bakıxanov, İ.Qutqaşınlı,Q.B.Zakir, M.Ş.Vazeh, M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov, H.B.Zərdabi və digər ziyalılarımız öz əsərlərində oyatmasaydılar, Azərbaycan XX əsrə keçmişindən qopmuş, gələcəyi bilinməz, özünüdərkdən uzaq, yetim bir uşaq kimi qədəm qoyacaqdı...

XX əsrin əvvəlində Azərbaycanda sənaye texnikasının sürətli inkişafı, dünyəvi təhsilin öz sözünü deməsi ilə paralel olaraq müstəqil Respublika ideyalarının da çiçək açdığı yeni dövr idi. Yüzillik fasilədən sonra dünyaya “biz də varıq” mesajı verməyin mühiti hazır idi. İstiqlal azərbaycançılıq ideyasının budəfəki bayraqdarı Xalqın özü idi. 1918-ci ilin 28 may tarixində şərqdə ilk Respublika doğulmuşdu. Onun adı Azərbaycan Xalq Respublikası, ilk vətəndaşı da məhz Azərbaycan xalqı idi. Bu yolun qət edilməsində dövrünün fikir babaları Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, Ü.Hacıbəyov, Ə.Cavad, Y.V.Çəmənzəminli, C.Məmmədquluzadə və adlarını sadalamaqla bitməyən milli təfəkkür sahibi aydınlarımızın böyük əməyi olmuşdur.

Bildiyimiz kimi, bütün suveren dövlətlərin öz atributları vardır. Bunlar bayraq, gerb və himndir. Dövrünün bayraqdarları həm zəmanələrinin insanına, həm də gələcək nəsillərə Respublika ənənəsinin daim yaşaması üçün dövlət himnimizin zəruriliyini nəzərə alaraq 1919-cu ildə bu istiqamətdə düşünmüşlər. Xalq Maarif Nazirliyi tərəfindən “Azərbaycan” qəzetində himnimiz üçün müsabiqə elan olunmuşdur. Himn Respublikanın ikiillik yubileyinə hazır olmalı, son qəbul tarixi isə 1920-ci ilin may ayının ilk günlərinə kimi təyin olunmuşdu. Müsabiqə zamanı bir çox əsərlər təqdim edilmiş, nəticədə özlüyündə dərin hürriyyət fəlsəfəsini canlandıran və təsirli məna kəsb edən, sözləri Əhməd Cavada məxsus “Azərbaycan marşı” əsəri üzərində dayanılmışdır. Dahi bəstəkarımız Üzeyir Hacıbəyov rəğbətlə qarşılanan bu əsərə musiqi yazaraq onu ölümsüzləşdirmişdir.

Himn yunan sözü olub “hymnos”, yəni təntənəli mahnı deməkdir. Dövlət himnləri tarixi hadisələrin, hərbi, idman, dini, inqilabi, qəhrəmanlıqların və s. şərəfinə həsr olunur. Avropada himnlər hələ Qədim Yunanıstan, XV-XVI əsrlərdə Reformasiya hərəkatlarında, Böyük Britaniya (1745), Fransa inqilabında (1789) və nəhayət, XIX əsr milli mərkəzi dövlətlərin yaradılması ilə müxtəlif çağlar keçmişdir. Azərbaycan xalqı isə öz himnini Respublikaya gedən uğurlu yolun şərəfinə həsr etmişdir. Əgər XIX əsrdəki milli mütəfəkkirlərimiz xalqın özünə qayıdışına, kütləvi cəhalətin məhv edilməsi üçün öz düşüncə tərzinin canlanmasına xidmət edirdilərsə, XX əsrin əvvəllərində isə ziyalılarımız xalqımızın özünə güvən və iftixarına səbəb olacaq sözlü atributun vacibliyini anlamışlar. Milli Respublikamızın hərəkətverici qüvvəsi, cəsarəti təbliğ edən və eşidiləndə hər bir azərbaycanlını duyğulandıran himnimiz özündə çox dərin Vətənpərəstliyi tərənnüm etməkdədir. 

Hər bir himndə ilk sözlər çox önəmlidir. Azərbaycan marşının sözlərinə diqqət etsək görərik ki, himnimizin ilk və son bəndində Azərbaycan sözü vardır. Və faktiki olaraq himn bir növ bitmir, əksinə, yenidən sondan başa qayıdaraq səkkizguşəli milli ulduzun şəklini alaraq ölməzliyi tərənnüm edir. Eyni zamanda əsərdəki dərin şüuraltı məna budur ki, hər bir azərbaycanlı peşəsindən, sosial statusundan asılı olmayaraq ilk işi Azərbaycana sonsuz sədaqətlə bağlı olmaq, gördüyü istənilən işdə öncə-Vətən düşünməlidir.

Daha sonrakı sətirlərə nəzər salsaq görərik ki, Şanlı Vətənin qəhrəman övladları hər an bu yolda can verməyə və gərəksə canından da keçməyə daim hazır olmaları qeyd olunur. Çünki özəlliklə iki dəfə təntənə ilə vurğulanan “Üçrəngli bayrağınla məsud yaşa!” kəlmələri – ey Vətən övladı, insan yalnız öz bayrağının kölgəsi altında istiqbala qovuşa bilər mesajıdır. İkinci bənddə xüsusən keçmişdən günümüzə minlərlə Vətən övladının silaha sarılaraq düşmənlərin hücumundan bu torpaqları qoruyan əsgərlərin qəhrəmanlıqlarının unudulmamasını, gələcək nəsillərin diqqətində canlı saxlamışdır. Himnimizdə “Azərbaycan” (6 dəfə), “Vətən” (3 dəfə), “canından keçməyə daim hazır” (2 dəfə), “məhəbbət”, “namus” (2 dəfə), “qəhrəman övlad”, “can”, “gənclər”, “əsgər”, “hərb”, “gülüstan”, “Şanlı Vətən” (2 dəfə) sözləri daha çox qabardılaraq gələcək nəsillərin də vətənpərvərlik düşüncələrinə bir növ hərəkətverici dinamika, mübarizlik, Vətənə sədaqət, bitməyən sevda, yüksək duyğular-mühərriki rolunu oynamaqdadır.

Bəlkə, bir az mistik görünəcək, amma hər bir azərbaycanlının himnimiz səslənən an sanki gözünün önündə dərhal üçrəngli, ay-ulduzlu bayrağımız canlanır. Bəlkə də, bu elə himnimizin içində yaşayan ruhdan qaynaqlanır. Dahi şair Əhməd Cavadın ölməz əsərindəki mistik sözlərdə bayraq tablosuna, gəlin birlikdə nəzər salaq:

Bayrağını yüksəltməyə- yüksəklər/səma/göy – göyün rəngi 

Gülüstan- al- əlvan gül-çiçək – qırmızı rəng

Can qurban: şəhadət/şəhidlik (bu söz İslamla gəlmiş: Allaha sığınaraq haqq yolundan dönməzlik) – İslamın yaşıl rəngi

Gənclər – hər 15 gündən bir yenilənən gənc ay/hilal formasında olur – aypara

Himnin ilk və son bəndində AZƏRBAYCAN kəlməsi- bitməyən, davam edən, dünya durduqca daim var olan əbədilik – səkkiz/8 rəqəminin bilinən fəlsəfi mənası.

Unutmayaq ki, himnimizin qeyd olunan açar sözləri həm də zəmanəsinin ağır və çətin şərtlərində xalqımızın Respublika yolundakı fədakarlığını, dönməzliyini anlatmaqdadır. Təbii ki, dahi Əhməd Cavadın əsərindəki fəlsəfi vətənpərəstlik anlayışı, azərbaycançılıq ideyaları çox zəngin və sirlərlə doludur. İllər keçdikcə himnin daha zəngin mənası araşdırılacağına, dərslik ənənəsinə çevriləcəyinə əminəm. Müqəddəs olan budur ki, harada olmasından asılı olmayaraq, hər bir soydaşımız himnimiz səsləndiyi an eyni həyəcanı keçirir, eyni hisləri yaşayır...

Azərbaycan Respublikası öz suverenliyini elan edən kimi, 1992-ci ilin 27 may tarixində parlamentimiz “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun qəbul etmişdir. Qanun 1919-cu ildə bəstəkarı Üzeyir Hacıbəyov və sözləri Əhməd Cavada məxsus “Azərbaycan marşı”nı Azərbaycan Dövlət Himni kimi təsdiq etmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Dövlət himni haqqında əsasnamə təsdiq edilmişdir.

Azərbaycan himni demək olar ki, dünyanın əksər beynəlxalq qurumlarında, o cümlədən Prezident İlham Əliyevin həm rəsmi səfərdə olduğu ölkələrdə, həm digər əcnəbi ölkə rəhbərlərinin Azərbaycana səfəri zamanı iftixarla səsləndirilən dövlət atributumuzdur. 

Azərbaycanı xaricdə təmsil edən idmançılarımızın Yay Olimpiyada Oyunlarında, dünya və qitə səviyyəli yarışlarda daim ən yüksək kürsüləri fəth edərək Azərbaycan marşını təntənə ilə səsləndirməsi, bayrağımızı yüksəklərə qaldırması, həqiqətən, hər bir azərbaycanlı üçün böyük şərəf mənbəyidir.

Nəcib xalqımız Respublikaya gedən yolu çox çətin tarixi proseslər içində və ölməz şəhadətlik dastanları ilə qət etmişdir. Hər birimiz suverenliyimizin məsuliyyətini dərin dərk etməli, əcdadımızın mirasına bayraqdarlıq etməliyik. Unutmayaq ki, bugünkü Azərbaycan Respublikası məfhumu bütün dövrlərdə yaşayan ərən Atalarımızın Qələbəsidir...!

Azərbaycan marşını Qarabağda təntənəli hərbi keçidlə yüksək səslə oxuyacağımız günə ən yaxın tarixdən salamlar, 28 May 2015...