Azərbaycan.- 2015.-26 aprel.- ¹ 88.- S. 6.

Sadəliyin və böyüklüyün mücəssəməsi

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

 

İnsan heç vaxt ona əziz və doğma olan müəllimləri unuda bilməz. Xüsusilə ilk sinif müəllimini və tələbəlik illərində onun sevdiyi, daim xatırladığı ustadları. 1967-ci ildə mən BDU-nun filologiya fakültəsinə daxil oldum. Sentyabrın 1-də - ilk mühazirə günündə auditoriyaya professor Mir Cəlal Paşayev daxil oldu. Hələ orta məktəbdə oxuyarkən biz onun əsərləri ilə tanış idik; “Bir gəncin manifesti” romanı əlimizdən düşmürdü. O romandakı iki səhnə - Sonanın “İtə verərəm, yada satmaram” deyib milli xalçamızı köksünə sıxması, bir də Baharın ölüm səhnəsi heç yadımızdan çıxmazdı. Kənd kitabxanasından oxumağa götürdüyüm kitabların içində Mir Cəlalın hekayə və romanları da vardı. O zaman mənim ədəbiyyata xüsusi maraq göstərməyimdə digər yazıçıların əsərləri ilə bir sırada Mir Cəlalın da əsərləri az rol oynamadı. Yazıçının dilindəki şirinlik, təbiilik, təsvir etdiyi lirik, komik və faciəvi səhnələrin emosional təsiri, real həyat səhnələri istər-istəməz məndə bu yazıçıya qarşı heyranlıq duyğusu oyatmışdı.

 Budur, o insan - sevdiyim o yazıçı qarşımızdadır. Onda Mir Cəlal müəllimin altmış yaşı vardı. İndi altmış yaşlı adam görəndə heç inanmırsan ki, onun bu qədər yaşı olar, yaşına görə cavandır deyirsən. Amma Mir Cəlal müəllim altmış yaşında müdrik bir insan kimiydi, üz-gözündən əsl el ağsaqqallarına məxsus nur tökülürdü. Mən “ağsaqqal” kəlməsini işlətdim, doğrudan da, o, filologiya fakültəsində, BDU-da və elm aləmində bir ağsaqqal idi. Ağsaqqallıq isə təkcə yaşla ölçülmür, həyatda, kollektivdə, elmdə qazandığın nüfuzla, ötüb keçən illərin təcrübəsiylə qazanılır. Mir Cəlal müəllim bu zirvəyə qırx-əlli yaşlarında qalxmışdı.

Onun birinci dərsi - ilk mühazirəsi heç yadımdan çıxmır. Hamımıza bircə-bircə yaxınlaşdı, adımızı soruşdu. Əlini çiynimizə qoydu, qəlbimizə bir təmas yayıldı. Mən də adımı söylədim, gülümsündü, dedi ki, yəqin atan Səməd Vurğunun “Vaqif” pyesini oxuyandan sonra bu adı qoyub sənə. Heç nə demədim, atam ziyalı idi, amma mənə niyə bu adı qoymağının səbəbini bilmirdim. Amma onu bilirdim ki, o kənddə Vaqif adı qoyulan birinci adam mənəm. Sonra da soruşdu ki, “Vaqif” pyesini oxumusan? Dedim - bəli. “Vaqiflə Qacarın qarşılaşdığı səhnə yadındamı?”. O səhnəni 52 tələbə yoldaşımın qarşısında əzbərdən dedim. Mir Cəlal müəllim gülümsündü, xeyli mənə baxdı, görünür, kənddən gələn on səkkiz yaşlı bir cavanın cavabı onu razı salmışdı.

Beləcə, “Ədəbiyyatşünaslığın əsasları” mühazirələri davam etdi. Mir Cəlal müəllimin asta danışığı,  auditoriyada gəzişmələri, hərdən təkrar etdiyi “Ədəbiyyat da, sənət də məfkurədir”, “Səməd Vurğun əlinə qələm aldığı gündən kağız korlamamışdır”, “Füzuli dünyanın ən böyük məhəbbət şairidir”, “Haqverdiyev yeriyən Azərbaycandır” kəlmələri  hər dəfə yeni bir mövzu üçün açar rolunu oynayırdı.

İmtahanda Mir Cəlal müəllimdən “3” qiymət alan olmadı. Məni isə heç danışmağa qoymadı, “bu oğlan “Vaqif” pyesini əzbərdən bilir, Təhsin, ona “beş” yaz”,-dedi.

Bütün beş ili o ilk “5”in açdığı cığırla getdim, BDU-nu fərqlənmə diplomu ilə bitirdim.

Bəlkə də bu xatirəni danışmazdım, amma ədəbiyyatşünaslıq elminin bu canlı klassikinin adi bir tələbəyə (təkcə mənə yox, bir çoxlarına - məndən əvvəl və məndən sonra) belə humanist münasibəti yaddan çıxan deyil.

Mən “klassik” kəlməsini işlətdim və bu kəlmənin Mir Cəlal Paşayevə çox böyük mənada aidiyyəti var. Doğrudan da, o, canlı klassik idi. Mühazirələrində ən çox sevdiyi sənətkarlardan - Nizamidən, Füzulidən, Vaqifdən, Axundzadədən, Mirzə Cəlildən, Caviddən, Sabirdən, Hadidən,  Haqverdiyevdən, Abdulla Şaiqdən, Abbas Səhhətdən, Cabbarlıdan  elə ilhamla danışırdı ki, Mir Cəlal müəllim özü də gözlərimiz qarşısında dönüb olurdu bir gün Nizami, bir gün Füzuli, bir gün Mirzə Cəlil, bir gün də Sabir. Amma bütün mühazirələrində müasirləri, onunla bir zəmanədə yaşayan müasirlərini də unutmurdu, Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın, Əhməd Cəmilin, Süleyman Rəhimovun, Mirzə İbrahimovun, İlyas Əfəndiyevin əsərlərinə müraciət edirdi. Mir Cəlal müəllim bizim klassik ədəbiyyatla müasir ədəbiyyat arasında canlı bir körpü idi. O, ənənəyə möhkəm bağlanan və həm də yeniliyi, ədəbiyyatda novatorluğu təbliğ edən alim idi. Təsadüfi deyil ki, onun 1973-cü ildə çapdan çıxan məqalələr kitabının adı da “Klassiklər və müasirlər” idi.

Mir Cəlal Paşayev ilk növbədə, XX əsr Azərbaycan ədəbiyyatının Mirzə Cəlildən, Haqverdiyevdən, Çəmənzəminlidən sonra yaranan nəsrin ən görkəmli nümayəndələrindən biridir. O ənənələr ki, Mirzə Cəlil yaratmışdı, Mir Cəlal onları öz əsərlərində davam etdirdi. Həyatı bədii şəkildə əks etdirməyin ən bariz nümunələrini ortaya qoydu, əlbəttə, ənənəçi olmadı, ənənəni yaşadan oldu, onu yeni bədii təsvir vasitələri və bitkin xarakterlərlə zənginləşdirdi. XX əsr Azərbaycan nəsrini Mir Cəlalın hekayələri və romanları olmadan təsəvvür etmək mümkün deyil. Bu “nəsr ərazisində” Mir Cəlalın da öz yeri var.

“Dirilən adam” Mir Cəlalın roman yaradıcılığında xüsusi yer tutur və bu əsəri bədii mükəmməllik baxımından heç də onun məşhur “Bir gəncin manifesti”ndən aşağı tutmuram. Bu roman Şura inqilabına qədərki bir dövrün ictimai-siyasi və mənəvi mənzərəsini əks etdirir. Ötən əsrin otuzuncu illərində yaranan bir çox nəsr əsərləri vardı ki, onlardakı “müsbət qəhrəmanlar” əsasən inqilabçı-bolşevik tipləri idilər, sovet hakimiyyəti uğrunda mübarizə aparırdılar, döyüşürdülər, vuruşurdular, bəylərə, varlılara qarşı amansız idilər. Amma “Dirilən adam”dakı Qədir qətiyyən inqilabçı deyildi, adi bir kəndli idi və bu kəndlinin “ölümü” həm gülüş doğururdu, həm də faciəli idi, amma baş verən hadisələrin təsirilə Qədir “dirilir”, özünü dərk edir, yoxsul kəndliyə yox, İNSANA çevrilir. Qədirin azadlıq uğrunda mübarizəyə qoşulması da sınaqlardan keçir. Obrazın çətinliklərdən, həyatın faciələrindən keçirə-keçirə mətin bir insana çevrilməsi... bu proses yazıçıdan böyük məharət tələb edirdi.

Romanda oxucunu sarsıdan elə səhnələr var ki, bunlar doğrudan da sözü ehya etməyin ən parlaq nümunələri kimi yaddan çıxmır. Azğın Bəbir bəy Qədirin arvadı Qumrunu ələ keçirmək istəyir, amma Qumru sonadək öz namusunu qoruyur, Bəbir bəy bunun heyfını Qumrunun uşağından çıxır. Görün, nə dəhşətli səhnə: “Bəbir bəy uşağı qamışlıqdan çıxarıb, suyun qırağına gətirdi. Qılçalarından bərk tutdu, başında tovladı, havada tovlandıqca uşaq içini çəkir, “kəsmə-kəsmə” səs çıxarır, “ana!” deyirdi. Bəbir bir də bərk tovladı. Uşaq qorxusundan hıçqırırdı. Ona nə ediləcəyini bilmirdi. Bəy uşağı var qüvvəsilə qaldırdı, daşa çırpdı. Uşağın başı əzildi. Nar kimi xışıldadı... Kürəyini ayazlara verən, qəlbini kiçik bir məxluqun sinəsinə qoyub bəsləyən ananın faciəsini duy! Sevgisi son bilməyən dünyanı, dahiləri, qəhrəmanları, sənətkarları, böyük xilaskarları qucağında böyüdən, südündə həyat gətirən mehriban anaya ayıların, canavarların etmədiyi edildi!..”

Doğrudan da, dəhşətli səhnədir və Mir Cəlal nəsrdə belə faciəvi səhnələri çox yaradıb. “Bir gəncin manifesti”ndə Baharın ölüm səhnəsi Azərbaycan nəsrində ən tragik səhnələrdən biridir.

Amma Mir Cəlal nəsri təkcə belə dramatik, faciəvi səhnələrlə, təsvirlərlə məhdudlaşmır. Onun fərdi yazıçı üslubu öz polifonikliyi ilə seçilirdi. Mir Cəlal nəsri həm də satiraya, yumora meyilli idi və qətiyyətlə deyə bilərik ki, Azərbaycan nəsrində Axundzadədən, Vəzirovdan, Mirzə Cəlildən, Haqverdiyevdən sonra bizə necə gülməyi və gülərək də düşünməyi öyrədən yazıçılardan biri məhz Mir Cəlal oldu. Vaxtilə A.V.Lunaçarski yazırdı: “Gülüş qüvvət əlamətidir. Gülüş təkcə qüvvət əlaməti deyil, özü bir qüvvətdir... Yenilik öz gücünü duyduqca  gülüş nifrətli olur. Öz gücünü duyan bu şən, bu hiddətli gülüş isə əsl silah kimi zəruridir”. Mir Cəlalın satirası da bu mənada yaşadığı ictimai quruluşun eyib və nöqsanlarını açıqlamaq baxımından son dərəcə əhəmiyyətli idi. “Həkim Cinayətov”, “Anket Anketov” “Təzə toyun nəzakət qaydaları”, “Möhlətovun tərcümeyi-halı”, “Bostan oğrusu”, “Qonaqpərəst”, “Kəmtərovlar ailəsi” və s. hekayələri onun öz dövründəki naqislikləri satira və yumor vasitəsilə ifşa edən maraqlı nəsr nümunələrdir. Mir Cəlal satirik hekayələrində qrotesk üsulundan məharətlə istifadə edirdi. Bir abzasda o, təsvir etdiyi “qəhrəmanın” bütün mənfiliyini, yaramazlığını elə təsvir edirdi ki, oxucu, doğrudan da, bu təsvirlərin, bu xarakteristikaların reallığına qətiyyən şübhə etmir. Baxın, hələ otuzuncu illərdə insanlara anket, qovluq səhifələrindən boylanan dəftərxana məmurlarını o belə təsvir edir: “Bir adam gəlib Anketova desə ki, yoldaş rəis, filan işçimiz xəstələnib, xəstəxanada yatır, Anketov inanmazdı, dərhal iş qovluqlarını töküşdürür, həmin adamın “şəxsi işini” götürüb baxardı. Anketdə xüsusi bir qeyd görmədikdə deyərdi: “Bağışlayasan, filankəs sağ-salamat öz yerində işləyir!”. Onu da qeyd edık ki, Mir Cəlal satirik üslubda “Açıq kitab” romanını yazdı və bu roman elə yaşadığı quruluşun, sosializm dövrünün nöqsanlarını bədii səviyyədə əks etdirən orijinal nəsr nümunəsi idi. Amma o dövrdə Mir Cəlalı bu romanı yazdığına görə tənqid edənlər də oldu. Guya bu roman həyat həqiqətini təhrif edir, sosializm cəmiyyətində bu cür mənfi hallar ola bilməz və s. iddialar irəli sürüldü. Amma zaman göstərdi ki, Mir Cəlal əsl həqiqəti qələmə alıb, Gəldiyev, Verdiyev kimi yaramazlar “işıqlı sovet aləmində” nə qədər istəsən tapılar.

Mir Cəlalın müxtəlif illərdə qələmə aldığı “Sara”, “Mərkəz adamı”, “Nanənin hünəri”, “Badamın ləzzəti”, “Söyüd kölgəsi”, “İnsanlıq fəlsəfəsi” və s. hekayələri indi də bu janrın ən gözəl nümunələri sayılır. O, İkinci Dünya müharibəsi illərində də vətənpərvər bir yazıçı kimi öz sözünü deyə bildi; “Anaların üsyanı”, “Analar yollara çıxdılar”, “Boz adam”, “Axşam səfəri”, “Atlı”, “Snayper”, “Mərcan nənə”, “Ata” və s. hekayələr yazdı, oğul yolu gözləyən anaların, arxa cəbhə adamlarının intizarını, həm də qələbəyə inamını əks etdirdi. Görkəmli tənqidçi Məmməd Arif Mir Cəlalın müharibə dövrü hekayələrini yüksək qiymətləndirib yazmışdı ki, müəllif təsvir etdiyi hadisələrlə yaşayır, ona görə də onun hekayələri inandırıcıdır.

İkinci Dünya müharibəsindən sonra Mir Cəlalın qələmi yeni mövzular axtarışına qoşuldu. O, böyük şairimiz Sabirin kəşməkəşli həyatı haqqında “Yolumuz hayanadır?” romanını yazdı, gənclərin əmək coşqunluğunu vəsf edən “Yaşıdları” romanını çap etdirdi.

Mir Cəlal Azərbaycan ədəbiyyatşünaslı

ğının patriarxlarından biridir və onun elə iki monoqrafiyası - Füzuli sənətkarlığına həsr edilmiş əsəri və XX əsr Azərbaycan ədəbi cərəyanları haqqında qələmə aldığı sanballı tədqiqatı yetər ki, onun ədəbiyyatşünaslıq elmimizə nə dərəcədə qiymətli töhfələr verdiyini sübut edir. Xüsusilə “Füzuli sənətkarlığı” monoqrafiyası füzulişünaslıqda yeni bir mərhələnin başlanğıcını qoyan əsərlərdəndir. Füzulişünaslıqda ilk dəfə olaraq məhz bu monoqrafiyada Füzulinin şeir və sənət haqqında fikirləri ümumiləşdirilir, onun lirikasının bədii dil xüsusiyyətləri araşdırılır, şeir mədəniyyəti-texnikası haqqında elmi söz deyilir, Füzulinin qəzəllərindəki ayrı-ayrı obrazların (qəm, pərvanə, ney, badə, səba və s.) məna və mahiyyəti incələnir, onun nəsri tədqiq olunur, ölməz məhəbbət dastanı - “Leyli və Məcnun” geniş təhlil edilir, Nizaminin “Leyli və Məcnun” poeması ilə bu əsər arasında müqayisələr aparılır, Füzuli alleqoriyası mövzusuna toxunulur və s.

Mir Cəlalın professional alim nəzəri müasir ədəbiyyatın ayrı-ayrı problemlərinə, görkəmli sənətkarların yaradıcılığına da işıq salırdı. O, bir tərəfdən “Bədii dilimiz haqqında”, “Nəsrimizin baniləri”, “Klassik nəsrimiz haqqında”, “Nizaminin müsbət surətləri haqqında”, “Böyük realist”, “Azərbaycan yazıçıları A.S.Puşkin haqqında” kimi məqalələrində klassik ədəbiyyatı, onun yaşarı ənənələrini təbliğ edirdisə, digər tərəfdən, Səməd Vurğun, Mehdi Hüseyn, Mirzə İbrahimov haqqında sanballı məqalələr yazırdı, 1950-ci illərdə ədəbiyyata gələn yazarların yaradıcılığını tədqiq edirdi. Onun üslubuna xas olan elmiliklə yanaşı, bədii nəsrindən, publisistikasından gələn səsləri də bu məqalələrdə duyulurdu və bu xüsusiyyət o yazılara bir təravət bəxş edirdi. Məsələn, “Peşələr var ki, beş, ya on ilə tamam-kamal öyrənirsən, ömür boyu işlədirsən. Yazıçılıq sənətini isə heç bir zaman “kamil öyrəndim” deyə bilməzsən. Müttəsil öyrənirsən. Özündən razı qalan Tolstoy deyən kimi, “özünü öyən adam əhəmiyyətli sənətkar ola bilməz” - bunlar əsl ustad dərsləri idi.

Mən, həmçinin onlarca, yüzlərcə Mir Cəlal müəllimin tələbələri olmuş filoloqlar - bu sadəlik və böyüklük mücəssəməsi olan mütəfəkkir insanın ədəbi dərslərini unutmurlar...