525-ci qəzet.-2015.-26 dekabr.-¹ 239.-S.8.

 

Türk dünyasını birləşdirən möhtəşəmik zirvəsi- “Kitabi-Dədə Qorqud

 

Sevinc Mürvətqızı

 

Hanı dediyim bəy ərənlər,

Dünya mənim deyənlər?

Əcəl aldı, yer gizlədi.

Fani dünya kimə qaldı?

Gəlimli-gedimli dünya,

Son ucu ölümlü dünya.

 

Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında qopuz, qaval, musiqi sədasının müşayiəti ilə Dədə Qorqud sözünün, şəxsiyyətinin işığına yığışan ən müxtəlif peşənin sahibləri bir daha “Kitabi-Dədə Qorqud” abidəsinin möhtəşəmliyinə, təkrarsızlığına və unikallığına şahid oldular.

Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” müvafiq sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə reallaşan ədəbi-bədii yubiley tədbiri il ərzində bu istiqamətdə görülən işlərin yekunu xarakteri daşıyırdı.

Mərasim iştirakçıları əvvəlcə teatrın foyesində təşkil olunmuş sərgi ilə tanış olublar. Sərgidə Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsində iştirak edən şagirdlərin çəkdiyi rəsmlər, “Kitabi-Dədə Qorqud”un tədqiqinə aid nəşrlər, eləcə də BBMM tərəfindən görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin 1815-ci ildə alman dilinə tərcümə edərək çap etdirdiyi “Basatın Təpəgözü öldürməsi” boyunun 25 dildə nəşri nümayiş edilib.

“Azərbaycan xalqının, bütün türk xalqlarının tarixi abidəsi, elm abidəsi, fəlsəfə abidəsi olan "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyini qeyd etmək, deyə bilərəm ki, Azərbaycanın çoxəsrlik tarixində indiyə qədər bizim qeyd etdiyimiz bayramların, yubileylərin hamısından üstündür. Biz bundan nəyə nail olduq? Son üç il müddətində Azərbaycanda indiyə qədər heç vaxtlar olmadığı kimi, "Kitabi-Dədə Qorqud"un tədqiqinə, təhlilinə, onun mənasının və məzmununun dərindən öyrənilməsinə, böyük əsərlərin yaranmasına və ən əsası isə "Kitabi-Dədə Qorqud"un bizim xalqımıza – Azərbaycan xalqına yenidən qayıtmasına nail olduq. "Kitabi-Dədə Qorqud"un 1300 il yaşı olduğunu bütün dünyaya bəyan etdik. Tarixdə – nəinki Azərbaycan tarixində, dünya tarixində – "Kitabi-Dədə Qorqud"un yaşı dəqiq, düzgün müəyyən olundu. "Kitabi-Dədə Qorqud"u dünyaya tanıtdıq. Biz fəxr edirik ki, "Kitabi-Dədə Qorqud" kimi böyük tarixi abidəmiz var. Biz fəxr edirik ki, Dədə Qorqud övladlarıyıq. Biz fəxr edirik ki, Dədə Qorqud elində yaşayırıq. Biz fəxr edirik ki, "Kitabi-Dədə Qorqud" bütün türkdilli dövlətlərə mənsub olaraq, eyni zamanda və birinci növbədə Azərbaycan xalqına mənsubdur. Fəxr edirik ki, biz "Kitabi-Dədə Qorqud" un sahibiyik, onu yaşadacağıq və gələcək nəsillərə daha da böyük töhfələrlə verəcəyik”

Ulu öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik təntənəli yubileyi mərasimindəki çıxışında səsləndirdiyi bi fikirlərlə tədbirin açılışı olub.

Qonaqları salamlayan millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev qeyd edib ki, ölkə başçısının müvafiq sərəncamı qorqudşünaslığa yeni bir nəfəs verib, ruh gətirib, onun perspektivlərini müəyyənləşdirib: “1815-ci ildə Fridrix fon Dits “Kitabi-Dədə Qorqud” dastanından “Basatın Təpəgözü öldürdüyü boy”u seçərək tərcümə edərək geniş və dərin məzmunlu ön sözü ilə birlikdə çap etdirmişdi. Ditsin bu boyu seçməsinin səbəbi o idi ki, bu boy ona qədim yunan dastanları ilə müqayisə üçün çox maraqlı imkanlar vermişdi. O, öz ön sözündə “Kitabi-Dədə Qorqud”u qədim yunan dastanları ilə müqayisə edir, onların tarixiliyini təxminən eyni dövrə aparır, hətta bəzi məqamlarda bu tarixilikdə üstünlüyü Dədə Qorqud dastanlarının qəhrəmanlarına verir. 200 il sonra Azərbaycan Prezidenti Fridrix fon Ditsin bu işinə yüksək siyasi qiymət verərək sərəncam imzalayır. Hamımıza yaxşı tanış olan, alman aliminin xatirəsinə minnətdarlıq ifadə edən bu sənəd əslində “Kitabi- Dədə Qorqud”un öyrənilməsinin yeni mərhələsini ortaya qoydu. 200 il ərzində qorqudşünaslıq çox böyük bir inkişaf yolu keçmişdisə, eyni zamanda prezidentin bu sərəncamı ilə qorqudşünaslığa sanki yeni ruh, yeni nəfəs verildi və qorqudşünaslıq yeni bir daxili əzəmətlə sanki yenidən dirçəldi. İndi toplaşdığımız bu tədbir il ərzində müxtəlif qurumlar tərəfindən birgə planlaşdırılan tədbirlərin məntiqi yekunudur. Tədbirdə Türkiyə, Almaniya, Rusiya, İran, Gürcüstan, İtaliya və digər ölkələrdən alimlər, qorqudşünaslar iştirak edir. Lakin bu son deyil, hələ qarşıdakı onilliklərdə də bu sərəncamdan irəli gələn məsələlər öyrəniləcək, tədqiq olunacaq”.

Akademik BBMM tərəfindən Fridrix fon Ditsin ön sözü ilə birgə “Basatın Təpəgözü öldürməsi” boyunun 25 dildə nəşri barəsində danışaraq vurğulayıb ki, indi dünyanın ən müxtəlif xalqları alman alimin Azərbaycan ədəbi abidəsinə olan sevgisi və ehtiramı ilə tanış olmaq imkanı əldə edəcəklər. Dövlət müşaviri çıxışını Dədə Qorqudun sözləri ilə yekunlaşdırıb: “Bu gün Dədə Qorqudun ruhunun şad olan günüdür. Onun diliylə desək, hamınıza ən azından üç otuz, bir on illik ömür arzulayıram…”

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışına qərb dünyasına ilk dəfə Dədə Qorqud dastanlarını çatdırdığına görə görkəmli alman alimi Henrix Fridrix fon Ditsə minnətdarlıq ifadə edən fikirlərlə başlayıb və “Kitabi-Dədə Qorqud”u türk dünyasını birləşdirən abidə kimi səciyyələndirib: “Azərbaycan xalqının öz dilində yaratdığı ən möhtəşəm abidə olan “Kitabi-Dədə Qorqud”a olan sevgini heç kim qəlbimizdən çıxara bilməz”.

Türk Dil Qurumunun sədri Mustafa Kaçalin Türkiyədə də bu il “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş tədbirlərin keçirildiyini qeyd edib, eposun müxtəlif yollarla yeni nəsillərə çatdırmağın faydalı olacağını diqqətə çatdırıb.

Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxışında “Kitabi-Dədə Qorqud”un dil və üslub məsələlərinə geniş yer verib: “Dastanın özünəməxsusu nəsri və nəzmi də özü qədər möhtəşəmdir. Dünya epos sənətinin zirvəsində dayanan şah əsərlərdən olan “Kitabi-Dədə Qorqud” bütün türk dünyasının fəxr edəcəyi dastandır. Eposda adı çəkilən yerlərin 80 faizi coğrafi cəhətdən Azərbaycanı əhatə edir. Dastanda həm də türk dünyasının dövlətçilik sisteminin təməlləri əks etdirilib. Bu da Azərbaycanın ədəbi-bədii təfəkkürünün qədimliyi ilə yanaşı, çoxəsrlik dövlətçilik ənənələrinin olduğunu sübut edir”.

Almaniyanın Maynz Universitetinin professoru, “Kitabi-Dədə Qorqud”un alman və holland dillərinə tərcüməçisi Hendrik Buşoten, Rusiyada fəaliyyət göstərən “Xudojestvennaya literatura” nəşriyyatının baş direktoru Georgi Pyaxin və Gürcüstan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, akademik Apollon Silaqadze Bakıda bu möhtəşəm tədbirdə iştiraklarından məmnunluqlarını ifadə edərək “Kitabi-Dədə Qorqud”u mədəni irs kimi türk xalqlarının milli abidəsi olmaqla yanaşı ümumbəşəri əsər kimi xarakterizə ediblər.

Mərasimdə Xalq artisti Alim Qasımov, əməkdar artistlər Mehriban Zəki, Fəridə Məmmədova, “Savalan” və “Natiq” ritm qruplarının və digər sənətçilərin ifasında təqdim olunan ədəbi-bədii proqram, “Dədə Qorqud” bədii filmindən fraqmentlər, Xarici Dillər və Slavyan universitetlərinin tələbələrinin ifasında dastanın 11 boyunu simvolizə edən dastan mətninin 11 dildə tərcüməsindən səsləndirilən nümunələr tədbir iştirakçılarının alqışları ilə müşayiət olunub. Elmi faktların səsləndirildiyi, Prezidentin sərəncamı ilə bağlı görülən işlərin sadalandığı, unudulmaz təəssürat yaşadan ədəbi-bədii proqramın təqdimatı ilə yadda qalan tədbir

“Dədə Qorqud” parkının açılışı zamanı Prezident İlham Əliyevin çıxışından fraqmentlə yekunlaşıb: “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunub. Əsərin qəhrəmanlarının adlarını Azərbaycanın çoxsaylı yaşayış məntəqələrində görmək olar. Bir sözlə, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalq ədəbiyyatının yazılı abidəsidir. Bu dastan hər bir azərbaycanlı üçün əzizdir. Bu gün bu abidənin ucaldılması Azərbaycan xalqının bir daha öz tarixi keçmişinə, mədəniyyətinə olan münasibətinin təzahürüdür.

Bildiyiniz kimi, 1950-ci illərə qədər “Kitabi-Dədə Qorqud” Sovet İttifaqında qadağan edilmişdi. Ancaq 1950-ci illərdən sonra Azərbaycan alimlərinin səyləri nəticəsində bu əsər tədqiq edilməyə başlanıb. Təsadüfi deyil ki, bu əsərin tədqiqi ilə bağlı olan elmi işlər Azərbaycan alimlərinə məxsusdur. Bu, bir daha onu göstərir ki, bu əsər bizim xalqımıza, bütün türk dünyasına məxsusdur. Amma Azərbaycanda “Kitabi-Dədə Qorqud” dastanına xüsusi münasibət vardır. Əsərdə Oğuz eli kimi coğrafi məfhum bütün Azərbaycan ərazilərini əhatə edir. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə əsərin təbliği, onun sovet, dünya ictimaiyyətinə çatdırılması ilə bağlı konkret qərarlar qəbul edilib. Ulu Öndərin tövsiyəsi ilə 1970-ci illərdə bədii film çəkilib. Ondan sonra,

müstəqillik dövründə – 1993-2003-cü illərdə artıq bu dastanı dünya ictimaiyyətinə çatdırmaq üçün çox böyük işlər görülüb. 2000-ci ildə Bakıda dastanın 1300 illik yubileyi təntənəli şəkildə keçirilib. “Dədə Qorqud” ensiklopediyası nəşr olunub, Ulu öndər Heydər Əliyev Dədə Qorqud heykəlinin ucaldılması haqqında Sərəncam verib. Yəni, bütün bunlar bir daha onu göstərir ki, Dədə Qorqud Azərbaycan xalqının qəlbində daim yaşayırdı, yaşayır və yaşayacaqdır. “Kitabi-Dədə Qorqud” dastanı, eyni zamanda, bütün türk dünyasını daha da sıx birləşdirir”.

Deyilənlərə, görülənlərə və yazılanlara sözardı: Tədbirin Heydər Əliyevin “Kitabi-Dədə Qorqud”la bağlı fikirləri ilə başlayıb Prezident İlham Əliyevin nitqi ilə yekunlaşması çox məntiqi idi: Bu onun göstəricisi idi ki, Azərbaycanda ulu öndərin uzun illər öncə başlatdığı mənəvi-mədəni abidəmizə olan sevgi, ehtiram, qayğı və təbliğat işini özündə ehtiva edən siyasi kurs hazırda ölkə başçısı və onun bu məsələ ilə bağlı etimad göstərdiyi şəxslər tərəfindən layiqincə davam etdirilir.

Mərasim yekunlaşdıqdan sonra da dağılışmayıb teatrın foyesində uzun müddət unudulmaz axşamın təəssüratlarını bir-biri ilə bölüşən qonaqları seyr elədikcə akademik Kamal Abdullayevin o əsnada foyedə təbəssümlə səsləndirdiyi fikrə ürəyimdə şərik oldum və bu dəyərli fikrin təsdiqini müdrik, əzəmətli Dədə Qorqud ruhunun birləşdirici gücünə bağladım: “Birinci dəfədir görürəm ki, hər şey qurtarıb, amma heç kəs çıxıb getmək istəmir…”