Xalq qəzeti.-2015.-27 dekabr.-N 287.-S.1.

Azərbaycan-Əfqanıstan əlaqələrində qarşılıqlı etimad daha da möhkəmlənir

Prezident İlham ƏLİYEV: “Bizim ölkələrimiz dost ölkələrdir, bu dostluq tarixə və ölkələrimizin bugünkü birgə maraqlarına əsaslanır”

Azərbaycanın əməkdaşlıq əlaqələrinin inkişafına mühüm önəm verdiyi ölkələrdən biri də Əfqanıstan İslam Respublikasıdır. Rəsmi Kabilin də Azərbaycanla əməkdaşlığa marağı təkcə ölkəmizin malik olduğu strateji coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. Diplomatik münasibətlərin uğurla qurulmasında xalqlarımızın tarixi bağlılığı da mühüm rol oynadığından rəsmi Bakı Əfqanıstanla əlaqələrin inkişafında bu amili daim əsas tutur.

 

Qərb və Şərq arasındakı yolların kəsişmə nöqtəsində yerləşən Əfqanıstan tarixən əlverişli ticarət mövqeyi ilə fərqlənmişdir. Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra iki ölkə arasında əlaqələr inkişaf etməyə başlayıb. Əfqanıstan 21 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr 16 noyabr 1994-cü ildə qurulmuşdur. Ötən müddətdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr inkişaf edib.

Rəsmi Kabil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsinə və bu münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilərkən Əfqanıstanın birmənalı şəkildə ədalətli mövqe tutaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Ermənistanın hərbi təcavüzünün pislənilməsi barədə verdiyi bəyanatlar və ölkəmizin haqq işini müdafiə etməsi dövlətimizin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin bu günlərdə Azərbaycana rəsmi səfəri də iki ölkə arasında əməkdaşlığın yeni mərhələdə inkişaf etdiyini bir daha təsdiq etdi. Prezident İlham Əliyev və Əfqanıstan lideri arasında keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin iqtisadi sahədə, o cümlədən nəqliyyat, infrastruktur, investisiya qoyuluşu, kənd təsərrüfatı, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Əlaqələrimizin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi. Bu səfərin ikitərəfli münasibətlərin daha da inkişafı baxımından əhəmiyyəti qeyd olundu.

Prezident İlham Əliyevin və Prezident Məhəmməd Əşrəf Qaninin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Əfqanıstan sənədlərinin imzalanması mərasimi olub. Bu sırada “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Əfqanıstan Milli Radio və Televiziyası arasında əməkdaşlığa dair Saziş”i misal göstərmək olar. Bu sənədlər əməkdaşlıq tellərinin daha da möhkəmləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri barədə bildirib: “Bizim ölkələrimiz dost ölkələrdir. Bu dostluq tarixə və ölkələrimizin bugünkü birgə maraqlarına əsaslanır. Biz beynəlxalq təşkilatlarda çox fəal siyasi dialoq aparırıq, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında sıx əməkdaşlıq edirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı dəstəyə görə Sizin ölkənizə çox minnətdarıq. Siz bizi BMT Baş Assambleyasındakı səsvermədə dəstəklədiniz. Siz bizi Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olanda dəstəklədiniz. Biz buna görə çox minnətdarıq. Eyni zamanda, biz də bütün təşəbbüslərdə, bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyirik. Biz belə mükəmməl siyasi əlaqələrə malik olaraq iqtisadi məsələlərə diqqəti cəmləşdirməliyik”.

Əfqanıstanın Cənubi Qafqazın ən aparıcı ölkəsi olan Azərbaycana münasibətində etimad və inamı getdikcə möhkəmlənir. Ölkə başçılarının səfərləri ikitərəfli münasibətlərin genişlənməsində mövcud potensialdan daha səmərəli istifadənin zəruriliyini ön plana çıxarır. İkitərəfli əməkdaşlığın dərinləşdirilməsini zəruri edən başlıca amillərdən biri də məhz ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafıdır. Qarşılıqlı ticarət dövriyyəsini artırmaq və investisiya layihələri paketi üçün çox yaxşı imkanlar mövcuddur. Ölkə başçılarının görüşündə qeyd olundu ki, dövlət və özəl şirkətlər vasitəsilə investisiya yatırmaq və əməkdaşlığı daha da gücləndirmək üçün bütün imkanları nəzərdən keçirməlidirlər. Eyni zamanda kommunikasiya məsələləri, dəmir yolu əlaqələri də müzakirə predmeti oldu.

Əfqanıstan İslam Respublikasının Prezidenti ölkəmizlə əlaqələrin inkişafında maraqlı olduqlarını bəyan etdi: “Hesab edirəm ki, Azərbaycanın bütün beynəlxalq təşkilatlarda bizə verdiyi dəstək və şəxsən üzərinizə götürdüyünüz öhdəlik təqdirəlayiqdir. Əlbəttə ki, biz Azərbaycanın ərazi bütövlüyünü tamamilə dəstəkləyirik. Məcburi köçkünlərin taleyi və Azərbaycanın ərazi bütövlüyü, dövlətin qurucusu olan mərhum atanız üçün olduğu kimi, Sizin üçün də hər şeydən önəmlidir. Azərbaycana böyük nümayəndə heyəti ilə gəlişimizin səbəbi ölkənizdəki dəyişikliyi bilavasitə müşahidə etmək istəyimizlə bağlıdır”.

Əfqanıstan Prezidentinin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Bu səfər iki ölkə arasında münasibətlərin inkişafına mühüm təkan verəcək, xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin bundan sonra da genişlənəcəyinə imkan yaradacaq.