Xalq qəzeti.-2015.-16 dekabr.-N 277.-S.3.

Heydər Əliyev və azərbaycançılıq məfkurəsinin dövlətçilik ideologiyası kimi təkamülü

 Nizami CƏFƏROV,

 Vüqar SƏRDAROV,

 Altay CƏFƏROV

 

Hər bir xalq tarix səhnəsinə çıxa-çıxa  öz milli  ideologiyasının etnoqrafik əsaslarını da yaradır, bunu şah əsərləri olan eposlarında, dahi mütəfəkkirlərinin yaradıcılığında, böyük qəhrəmanlarının, xüsusilə, dövlət xadimlərinin fəaliyyətində əks etdirir.

 

Azərbaycançılıq  Azərbaycan xalqının, əvvəla, dərin etnoqrafik kökləri olan, ikincisi, müəyyən tarixi dövrdə – XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşan və ya formulə olunan, nəhayət, kifayət qədər  mürəkkəb və zəngin bir təkamül tarixi keçən milli ideologiyasıdır. Bu ideologiya  türkçülük, islamçılıq və müasirlik kimi üç üzvi tərkib hissədən ibarətdir.

Azərbaycançılıq ideologiyası geniş mənada, tarixən, təşəkkül tapıb, XIX əsrin sonu – XX əsrin əvvəllərində ilkin formalaşdıqdan sonra dövrümüzədək mürəkkəb, ziddiyyətli, lakin mənsub olduğu xalqın iradəsini ifadə etdiyindən ardıcıl, davamlı bir təkamül yolu keçmişdir. Fikrimizcə, onun aşağıdakı mərhələləri mövcuddur: XX əsrin 20-ci illərinin əvvəlləri – 30-cu illərin sonları; 30-cu illərin sonları – 70-ci illərin əvvəlləri; 70-ci illərin əvvəlləri – 80-ci illərin sonları; 80-ci illərin sonları – XXI əsrin 10-cu illərinin əvvəlləri; son illər.

Hər hansı milli ideologiya o zaman mükəmməl hesab oluna bilər ki, o xalqın ruhundan, mentalitetindən, tarixi “tərcümeyi- hal”ından irəli gəlsin. Azərbaycançılıq ideologiyası məhz bu baxımdan, həqiqətən, müasir dünyanın ən mükəmməl ideologiyalarından biridir. Bu ideologiyanın min illərlə ölçülən çox dərin etnoqrafik köklərilə yanaşı, kifayət qədər əsaslı və mütəşəkkil  metafizikası da mövcuddur. Belə ki, azərbaycançılıq ideologiyasının mahiyyətində, fəlsəfəsində üç tamamilə humanist və insan cəmiyyətinin təbii şəkildə, “müdaxiləsiz” yaratdığı dəyərlər komponenti və ya kompleksi ifadə olunur: etnik mənsubiyyət; dini mənsubiyyət; dünyəvi mənsubiyyət.

Bu ideologiyada öz əksini tapmış fəlsəfə və ya metafizikada, eləcə də onu yaradan xalqın təfəkküründə etnik məhdudluq, dini dözümsüzlük, antihumanizm yoxdur. Yalnız o var ki, Azərbaycan xalqı da digər normal xalqlar kimi, müəyyən bir etnik mənşəyə, dini dünyagörüşünə mənsubdur və müasir dünyanın üzvi tərkib hissəsidir. Azərbaycançılıq ideologiyasının tarixi məzmununu, fəlsəfəsini aydın dərk və ya ən azından, təsəvvür etmək üçün,  fikrimizcə, üç mühüm məqama diqqət yetirmək lazım gəlir: birincisi,  etnoqrafik qaynaqlar; ikincisi, təşəkkül dövrü; üçüncüsü, təkamül mərhələləri.

Azərbaycançılıq ideologiyasının təkamülü baxımından ən mühüm hadisə  ondan ibarətdir ki, XX əsrdə “Azərbaycan” anlayışı həm siyasi, həm də intellektual-mədəni baxımdan kütləviləşib. Təhsilin, maarifin təşviq edilməsi, yayılması bunda böyük rol oynayıb. Lakin sovet dövründə kommunist ideologiyası ilk iki mərhələdə: türkçülüyə qarşı mübarizə mövqeyindən  antitürkçülük səviyyəsinə qalxıb; ateizm hərəkatı gücləndiyindən müsəlmançılıq “dindarlıq” səviyyəsində inkar olunub;  müasirlik dedikdə “yeni” – sosialist həyat tərzi başa düşülüb.

Azərbaycançılıq  ideologiyasının təkamül  tarixində nəzəri-praktik baxımdan önəmli olan üçüncü mərhələ XX əsrin 70-ci illərinin əvvəllərindən başlayır, 80-ci illərinin sonlarında başa çatır. Bu, Heydər Əliyev mərhələsidir. Öz rəhbərlik fəaliyyəti və mübarizələri ilə Azərbaycan xalqının lideri səviyyəsinə yüksələn Heydər Əliyev “mərkəz”in bütün gözəgörünən və görünməyən yasaqlarına baxmayaraq İttifaq miqyasında “yumşalma” dövründən gələn inersiyanı Azərbaycanda milli özünüdərk və özünütəsdiq prosesinin daha da  güclənməsinə istiqamətləndirib. O, həqiqi milli lider olaraq, xalqın gələcək müstəqilliyi üçün hər cür-iqtisadi, siyasi, mədəni-mənəvi potensialın yaranmasını təmin edib.

Azərbaycançılıq ideologiyasının təkamül tarixinin dördüncü mərhələsinin əvvəllərində Sovetlər Birliyinin dağılması, ümumən dünyada gedən qlobal ictimai-siyasi proseslər Azərbaycanı müstəqillik yollarına çıxardı. İlk illərdə – 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində ölkədə böyük faciələr, dağıntılar baş versə də, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsilə respublika, sözün geniş mənasında bəlalardan xilas oldu.

Azərbaycan xalqının ümummilli lideri azərbaycançılıq ideologiyasının təkamül tarixinin üçüncü mərhələsində başladığı işləri dördüncü mərhələdə - müstəqillik illərində daha inamla davam etdirdi.

Ən mühüm tarixi hadisə o oldu ki,  ulu öndər azərbaycançılığı müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyasına çevirdi. Ümumiyyətlə isə, müstəqil dövlətimizin memarı və qurucusu azərbaycançılıq ideologiyasının həm həyata keçirilməsi, həm də zənginləşməsi üçün qlobal perspektivlər müəyyənləşdirdi.

Azərbaycançılıq ideologiyasının təkamül tarixində beşinci mərhələ öz başlanğıcını XXI əsrin ikinci onilliyinin əvvəllərindən alır. Bizim günlərdə xüsusi inam və böyük enerji ilə davam edən həmin mərhələ İlham  Əliyev mərhələsidir.  Müşahidələr və araşdırmalar göstərir ki, müasir mərhələdə azərbaycançılıq ideologiyasının İlham Əliyev mərhələsinin təkamülünü bir sıra mühüm əlamətlər şərtləndirir. Bunlar əsasən aşağıdakılardır:

Birinci əlamət həmin ideologiyanın tarixinin bütün yönlərilə obyektiv öyrənilib mənimsənilməsinə elmi, ictimai- siyasi və mədəni marağın  indiyə qədər görünməmiş bir şəkildə  artmasıdır. Bu gün ölkədəki iqtisadi,   ictimai-siyasi və intellektual-mədəni şərait imkan  verir ki, azərbaycançılıq ideologiyasının  keçdiyi tarixi yol hərtərəfli, dərindən və geniş müzakirələr əsasında, necə varsa, o cür araşdırılıb öyrənilsin.

Məlum olduğu kimi, istər təşəkkül dövründə, istərsə də müxtəlif təkamül mərhələlərində, xüsusilə XX əsrin 20-ci illərinin əvvəllərindən 70-ci illərinin əvvəllərinə, yəni Heydər Əliyev dövrünə qədər  azərbaycançılıq ideologiyası həm ölkə daxilində, həm də mühacirətdə biri digərindən, demək olar ki, təcrid olunmuş halda fəaliyyət göstərmişdir. Ölkə daxilində bu ideologiya get-gedə məhdudlaşdırılmış, hətta tamamilə unutdurulması üçün hər  cür cəhdlər edilmiş, az-çox, təzahürləri isə müxtəlif mənəvi-ideoloji istiqamətlərə, məsələn, liberal vətənpərvərliyə yönəldilməklə, amorflaşdırılmış və ya simasızlaşdırılmışdır.

Mühacirətdə isə sosial bazası olmayan romantik xəyallara çevrilmişdir. Bütün hallarda Azərbaycan xalqının  milli ideallarının qarşısını həm adminstrativ-aqressiv, həm diplomatik- aldatma, həm də ekspressiv-şirnikləndirmə yolları ilə  məhz sovet-sosialist ideologiyası  kəsmişdir. Lakin milli idealları məhv etmək mümkün olmadığı kimi, milli ideologiyanı da sona qədər unutdurmaq,  yaddaşlardan silmək mümkün olmamışdır.

İkinci əlamət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə, onun milli dövlət quruculuğu fəlsəfəsinə ölkə, eləcə də dünya miqyasında layiq olduğu bir ehtiramla,  intellektual- analitik həssaslıqla  yanaşılmasıdır. Bu, ona görə zəruridir ki, Heydər Əliyev azərbaycançılıq  ideologiyasının bir-birindən əsaslı şəkildə fərqli olan iki təkamül  mərhələsinin müəllifi və lideri olmaqla yanaşı, bu gün davam edən beşinci mərhələsinin perspektivlərini də müəyyənləşdirmişdir.

Heydər Əliyevin tarixi xidmətlərinin həm ölkə, həm də dünya miqyasında yüksək qiymətləndirilməsi, geniş təhlil və təbliğ olunması azərbaycançılıq ideologiyasının, milli ideallarımızın təntənəsi deməkdir. Heç də təsadüfi deyil ki, bugünkü siyasi  leksikonda “heydər əliyevçilik” anlayışı “azərbaycançılıq” anlayışının yeni tarixi şəraitdəki məzmununu və mahiyyətini ifadə edir.

İstər sovet  dövrünün məlum və mürəkkəb şərtləri daxilində, istərsə də  müstəqillik dövrünün ondan da mürəkkəb və ziddiyyətli illərində ümummilli lider Azərbaycanı – Azərbaycan və Azərbaycan xalqını – Azərbaycan xalqı  edəcək bütün milli-mənəvi enerji mənbələrinin  tam gücü ilə işləməsi üçün zəruri tədbirləri görməklə azərbaycançılıq ideologiyasını legitimləşdirə, reallaşdıra, beləliklə də, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətlə və  qürurla “bizim siyasətimiz - bizim  işimizdir” deməsinə əsas verə bildi.

Üçüncü əlamət, heç şübhəsiz, azərbaycançılıq ideologiyasının tərkib hissələri olan türkçülük, müsəlmançılıq  və müasirliyin üzvi vəhdətdə, heç birinə digərindən daha böyük üstünlük vermədən, bir bütöv halında qəbul edilərək xalqın milli mənafeləri naminə həyata  keçirilməsidir.  Bu məsələ ona görə çox  əhəmiyyətlidir ki,  Azərbaycan xalqı müxtəlif  tarixi dövrlərdə gah türkçülüyə, gah müsəlmançılığa, gah da  müasirliyə əlahiddə üstünlük verilməsindən irəli gələn ictimai- siyasi problemlərlə üz-üzə dayanmağa  məcbur olmuşdur. Bunun da mənfi nəticələrini, xüsusilə milli inteqrasiyasının,  mütəşəkkilliyin süni olaraq pozulmasını, yaxud zəifləməsini tarix, yəqin ki, həmişəlik öz yaddaşına yazmışdır.

Prezident İlham Əliyevin siyasi-ideoloji fəaliyyətində türkçülük Azərbaycan xalqının öz mənşəyi etibarilə türk etnosundan yaranması həqiqətinin milli ictimai dərkindən başlayıb müasir türk dünyasının üzvi tərkib hissəsi olması, beynəlxalq aləmdə türk dünyasının ortaq maraqlarının cəsarətlə müdafiəsinə qədər gedir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz  sahibidir.

İslam dünyasına mənsubluq da bugünkü Azərbaycanın həm mənəvi-mədəni, həm də ictimai-siyasi xarakterində bütün parlaqlığı ilə təzahür edir. İlham Əliyevin müsəlman  xalqlarına qarşı müəyyən  beynəlxalq dairələrdə aparılan mürtəce, antihumanist kampaniyalara dəfələrlə ən yüksək  tribunalardan öz etirazını bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi olaraq inkişafı buna sübutdur.

 Eyni zamanda, bugünkü Azərbaycan  xalqı dünyaya açıq, müasir dünyanın iqtisadi, sosial-siyasi və mədəni texnologiyalarını inamla mənimsəyən, onun qlobal  idarəçiliyində get-gedə güclənən imkanları səviyyəsində iştirak edən xalqdır. Türkçülük, müsəlmançılıq və müasirlik triadası bu gün  Azərbaycanda klassik formulunda və tipologiyasında tətbiq edilməklə qalmayıb, mərhələnin və dövrün tələblərinə  uyğun olaraq yaradıcılıqla  yaşanır ki, bu da Azərbaycan dövlətinin yürütdüyü  tarazlaşdırılmış, humanist və uzaqgörən, mövcud problemlərin tezliklə həllinə  yönəlmiş perspektivli siyasətin nəticəsidir.

Dördüncü əlamət müxtəlif mədəniyyətlərə, dünyagörüşlərinə təmkinli dialoq əsasında  hörmətlə yanaşılması, qloballaşan dünyanın çağırışlarına həssas, anlamlı münasibət, multikulturalizm hesab oluna bilər. Nə üçün? Ona görə ki, hər hansı ideologiya, nə qədər mütərəqqi olsa da, özünü təcrid edirsə, həm tarixi (passiv), həm müasir (aktiv), həm də gələcək (perspektiv) çox müxtəlif-biri-digərini inkar, yaxud təsdiq edən, yaxud da bir-birinə loyal və ya liberal münasibətlərdə olan ideologiyalarla hesablaşmazsa, prinsip etibarilə, yaşaya bilməz.

Azərbaycan xalqı və dövlətçiliyi azərbaycançılıq  ideologiyasının tətbiqini, müdafiəsini və inkişaf etdirilib təkmilləşdirilməsini dünya miqyasında qaynar ideoloji proseslər kontekstində gerçəkləşdirir. Bu  proseslər azərbaycançılığı birmənalı inkar edə bilmədiyi kimi, təsdiq də edə bilməz.

Beşinci əlamət Azərbaycan xalqının dünya miqyasında milli- mənəvi, mədəni bütövlüyünün möhkəmlənməsi üçün ardıcıl mübarizə aparılmasıdır ki, bunun  müsbət nəticələrini görməmək mümkün deyil. Tarixi tale elə gətirmişdir ki, azərbaycanlıların və ya Azərbaycan türklərinin bu gün yalnız beşdən-biri müstəqil Azərbaycan Respublikasının  vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən-dördü öz tarixi Vətənində min illərlə necə məskun olmuşdursa, bu gün də elə yaşayır.

 Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu bir siyasəti – Dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsini müasir mərhələdə Azərbaycan  dövlətinin uğurla davam  etdirməsi heç bir alternativ qəbul eləməyən zərurət olub, azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, onun məzmununu (hətta fəlsəfəsini) bütövləşdirən konseptual hadisədir. Hər şeydən əvvəl, ona görə ki, dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, kiçik istisnaları nəzərə almasaq, azərbaycanlılar eyni etnik mənşəyə, dinə mənsub olub eyni mental  xüsusiyyətlərin, adət- ənənələrin daşıyıcısıdırlar. Üstəlik, onların eyni bir dili-Azərbaycan dili, yaxud Azərbaycan türkcəsi mövcuddur.

Əlbəttə, qloballaşan müasir dünyada azərbaycanlıların siyasi- inzibati sərhədləri aşaraq bir-birlərilə sıx ünsiyyətə girmələri, ümummilli  maraqlarını humanizm, insan hüquqları çərçivəsində təmin etmələri yalnız milli yox, həm də ümumbəşəri bir ehtiyacdır ki, əlahiddə hadisə olmayıb bütün millətə xasdır.

Altıncı əlamətə Azərbaycan xalqının və insanının dünyanın inkişaf etmiş xalqları ilə müqayisədə ikinci, hətta üçüncü dərəcəli olması kompleksinin sürətlə aradan qaldırılması baxımından görülən işlər və onun uğurlu nəticələri kimi baxmaq olar. Nəzərə almalıyıq ki, azərbaycanlılarda on illər (hətta əsrlər) belə bir  kompleks olmuşdur. Ziyalıların bir qisminin ana dillərindən və prinsip etibarilə mənsub olduqları xalqdan imtina edib müxtəlif əcnəbi dillərdə danışıb- yazmaları, özlərinə əcnəbi  soyad formaları qəbul etmələri və s. həmin “gerilik” kompleksinin təzahürləri idi ki, milli tarixin son mərhələsinə qədər bu və ya digər dərəcədə davam edirdi.

 Ancaq bu gün heç bir azərbaycanlı özünü nə bir rusdan, nə bir almandan, nə bir fransızdan, nə də bir ingilisdən aşağı hesab etmir.  Və milli qürur yalnız sözdə deyil, həm də  işdə, əməldədir. Ölkədə abadlaşan, “yeni rəmzlər”ini yaradan şəhərlər (xüsusilə Bakı), kəndlər, çəkilən yollar, yaradılan təhsil müəssisələri, tətbiq edilən müasir idarəçilik  texnologiyaları, dünya standartları ilə müqayisə olunan müxtəlif təsisatlar, idmanda, mədəniyyətdə indiyə qədər bu miqyasda görünməmiş  beynəlxalq uğurlar Azərbaycan  insanını mənən, ruhən yüksəldən, belə demək mümkünsə, onun  katarsisini təmin edən hadisələrdir.

 Bütün bunlar yalnız bugünlə məhdudlaşmayıb Azərbaycan insanının gələcək taleyini, xarakterini də müəyyən edir. Bu taleyüklü işlər, əməllər Azərbaycan xalqının  tarixində həmişəlik olaraq İlham Əliyevin adı ilə qalacaqdır.

Yeddinci əlamət azərbaycançılıq ideologiyasının təkamülünün İlham Əliyev mərhələsində həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə beynəlxalq əlaqələrin, başqa sözlə, Azərbaycan – Dünya dialoqunun zəngin təcrübəsinin  qazanılmasıdır. Bu isə, ilk növbədə, o deməkdir ki, azərbaycançılıq ideologiyası və Azərbaycan xalqının milli idealları, bir vaxtlar olduğu kimi, məhdud bir miqyasda qalıb, “özümüz deyib, özümüz eşidək” prinsipi ilə mövcud olmur, universallaşır, hüdudlarını genişləndirir, ümumən insan və dünya təfəkkürü mövqeyindən görünüb etiraf olunur. Tarixi və cari rəqibləri açıq mübarizəyə çəkir, onların hansısa gizli “laboratoriyalar”da hazırlanmış məkrli planlarını alt- üst edir.

Beynəlxalq “dialoq”lara ev sahibliyi edən Azərbaycan indiyə qədər görünməmiş bir miqyasda müxtəlif ideyaların, ideologiyaların həmsöhbət olmasına inamla münsiflik etdikcə azərbaycançılıq məfkurəsi də zənginləşir, beynəlxalq nüfuzunu gücləndirir, yüksək standartlı paradiqmalara yiyələnir.

 

Səkkizinci əlamət Azərbaycan xalqının intellektual səviyyəsinin yüksəldilməsi, müasir texnologiyalara yiyələnməsinin sürətlənməsi, perspektivli  özünüifadə və özünütəsdiq  metodlarının, üsullarının və vərdişlərinin xüsusilə gənc nəsil tərəfindən mənimsənilməsidir.

Etiraf etmək lazımdır ki, azərbaycançılıq ideologiyasını gənc nəslin bu qədər kütləvi və intellektual səviyyədə mənimsəməsi heç bir mərhələdə mümkün olmamışdır.

Doqquzuncu əlamət Azərbaycanın regionda, ümumən, beynəlxalq aləmdə söz sahibi olması, onun mövqeyi ilə hesablaşılması, çoxstandartlılığı, xüsusilə cari konyukturluluğu ilə  tanınan dünyanın “haqq- hesab”ından kənarda qalıb təcrid olunmaması kimi məsələləri əhatə edir. Bu əlamətin özünəməxsusluğu ondan ibarətdir ki, Azərbaycan xalqının milli ideologiyası çevik, elastik, diplomatik resurslara  yiyələnmiş, hər hansı “gözlənilməz” ideolocji hücumlara qarşı müqavimət (hətta əks- hücum) “immunitetlər”i qazanmışdır.  Onuncu əlamət, nəhayət, azərbaycançılıq ideologiyasının təkamülünün İlham Əliyev mərhələsində həmin məfkurənin inkişafı üçün geniş perspektivlərin təmin edilməsidir. Bu isə milli ideologiyanın (azərbaycançılığın) gələcəyi barədə tamamilə nikbin fikirdə olmağa hər cür imkanlar verir. Azərbaycançılığın qarşısında bu gün polemika üçün hüdudlar qoyacaq heç bir maneə, yaxud həmin ideologiyanın təkamülünü ya ləngidəcək, ya da süni şəkildə sürətləndirəcək heç bir konyuktur müdaxilə yoxdur.

Azərbaycançılıq ideologiyasının çağdaş təkamül mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki  mövqelərini inamla yüksəltməkdədir.