Azərbaycan.-2014.- 3 may.- 91.- S.7.

 

Bişkekdə görkəmli Azərbaycan alimi, yazıçı və pedaqoqu Mir Cəlal Paşayevin

106 illiyi qeyd edilmişdir

 

Qırğızıstanın paytaxtı Bişkekdə görkəmli Azərbaycan alimi, yazıçı və pedaqoqu Mir Cəlal Paşayevin anadan olmasının 106-cı ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və Bişkek Şəhər Mərkəzi Kitabxanalar Sisteminin birgə təşkil etdikləri tədbirdə Bişkek Şəhər Şurasının deputatları, Mədəniyyət və Turizm İdarəsinin, Qırğızıstan Dövlət Kitab Palatasının rəhbərləri, tanınmış ictimai xadimlər, Azərbaycan diasporunun fəalları iştirak etmişlər.

Mərasimdə Mir Cəlalın Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə qırğız dilinə tərcümə olunmuş və ayrıca kitab şəklində nəşr edilmiş "Bir gəncin manifesti" əsərinin təqdimatı da keçirilmişdir.

Bişkek Şəhər Mərkəzi Kitabxanalar Sisteminin direktoru Gülsayra Dandıbayeva, Bişkek Şəhər Şurasının deputatı Alimbay Sariyev, Bişkek Şəhər Mədəniyyət və Turizm İdarəsinin direktoru Marlen Rakişev, Qırğızıstandakı "Xəzər" İctimai Birliyinin sədri Ziyəddin Hüseynov, bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun fəalları və başqaları çıxış edərək vətənpərvərlik ruhunda yazılmış əsərin Qırğızıstan oxucuları arasında rəğbət qazanacağını demişlər.

Daha sonra Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov iştirakçılara Mir Cəlalın həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir.

Tədbir Bişkek Şəhər Mədəniyyət və Turizm İdarəsinin incəsənət ustalarının ifası ilə davam etmişdir.

Sonda qırğız dilində nəşr olunmuş "Bir gəncin manifesti" kitabı iştirakçılara hədiyyə edilmişdir.