Olaylar.-2009.-18 fevral.-N.31.-S.5

 

Azərbaycan-Türkiyə münasibətləri və geosiyasi proseslər

İki qardaşın arasına keçmək istəyirlər

 

Azərbaycan-Türkiyə qardaşlığı və dostluğuna bu gün daha çox ehtiyac vardır. İş elə gətirib ki, türk toplumları və dövlətlərinə qarşı çox yerdə planlar hazırlanıb işə salınır. Bu sırada ermənilərlə yəhudilərin, amerikanlarla rusların belə birləşməkdə olduğunu görürük. Sözdə əməkdaşlıqdan danışanlar çoxdur. Ancaq əməldə başqa şeylər müşahidə edilir. Onların arasında türk dövlətləri arasına nifaq salmaq siyasəti sonuncu yeri tutmur.

İsrailin fələstinlilərə qarşı törətdiyi qətliamdan dərhal sonra Türkiyədə terror şiddətləndi və eyni zamanda informasiya savaşı yeni çalarlar kəsb etdi. Bir tərəfdən Quzey Oraq kürdlərini kölgəyə çəkib, digər tərəfdən PKK-nı püskürdürlər. İsrailin bəzi rəsmi şəxsləri Türkiyəyə qarşı küfrlər edirlər. Bunlar erməni soyqırımı nağılları və Türkiyənin Ermənistanla əməkdaşlığa başlamağa hazırlandığı kimi informasiyalarla müşahidə olunur. Azərbaycanda isə bəzi şərhçilər, tarixçilər dərindən dərk etmədikləri fikirlər irəli sürməyə başlayıblar. Onlar Türkiyənin əsl mahiyyətini bilə-bilə onun haqqında yanlış ifadələr işlətməkdədirlər. Bununla əslində düşmənlərin informasiya tələsinə düşüb, dünyada yeganə səmimi müttəfiqimiz olan, ulu öndər Heydər Əliyevin çox önəm verdiyi Türkiyə ilə münasibətlərə kölgə salmağa çalışırlar. Bu proseslər faktiki olaraq türk dövlətlərinin hamısını bir yerdə çətin geosiyasi vəziyyətə sala bilər. Ona görə ki, məsələ dövlət təhlükəsizliyi kimi vacib bir məqama qədər gedib çıxır.

Reallıqda nələr baş verir? Türk dövlətləri müstəqil siyasət yetirməkdə davam edirlər. Özəlliklə Türkiyə böyük bir mücadiləyə başlayıb. Onun Qafqaz istiqamətində çalışmaları güclənib. Türkiyə bölgədə ciddi söz sahibi olmaq üçün bütün bölgə dövlətləri ilə münasibətləri normal olmalıdır. Bu siyasət Rusiyaya, Ermənistana, İsrailə və Qərbin bir çox dövlətlərinə xoş gəlməyə bilər. Çünki meydana türk dövləti çıxır. Ona görə də türk dövlətləri arasında nifaq salmaq cəhdləri gözlənilməz deyil. Ermənistan Dağlıq Qarabağ məsələsində çox ağır duruma düşüb. Rusiya ona çoxlu sayda silah satdığına görə suçludur. Azərbaycan bu məsələni Avropa Şurasının müzakirəsinə çıxarmağa hazırlaşır. Azərbaycan həm də alternativ enerji layihələrində öz maraqlarına uyğun hərəkət edir. Bu işdə onun ən yaxın müttəfiqi Türkiyədir. Türkiyə həm də Qafqazda sabitlik üçün təklif paketi verib. Bu yolda o, bölgənin bütün dövlətləri ilə aktiv əməkdaşlıq etməkdədir. Türkiyənin xarici siyasətində Rusiya ilə iqtisadi əməkdaşlıq tarixdə görünməmiş səviyyəyə qalxıb. Bununla Türkiyə özünü Qafqazda təsdiq etməkdədir. Bunu İsrail və ya Qərb götürərmi? Rusiyanın özündəki dairələr tam qəbul edərlərmi? Təbii ki, etməzlər. Odur ki, Türkiyəni etibardan salmaq işindən vaz keçmirlər. Bunun üçün onun ən yaxın müttəfiqi olan Azərbaycanla münasibətlərini pozmağa yönəlik addımlar atırlar. Məlum olur ki, Azərbaycanda da bəzi dairələr bu işdə dərin düşünülməmiş addımlar atmaqdadır. Lakin rəsmi Bakı kifayət qədər yetkin siyasət yeridir və təxribatlara gedən deyil. Türkiyə rəsmi dairələri də Azərbaycan faktorunu dəqiq qiymətləndirirlər. Sadəcə, informasiya vasitələri xeyli diqqətli olmalıdırlar.

Azərbaycan-Türkiyə münasibətlərini pozmaq mümkün deyil. Çünki bölgənin sabitliyində bunun həlledici rolu vardır. Ancaq onu da demək gərəkdir ki, hər iki dövlət inkişaf etdikcə onlara bir yerdə zərbə vurmaq həvəsinə düşənlər də artır. Türkiyə ilə Azərbaycan qardaşlıq və dostluq siyasətini əbədi olaraq davam etdirəcəklər. Onların müstəqil dövlət olaraq əməkdaşlıq etməsi təbiidir. İki dövlət qoşa addımladıqca daha güclü olurlar. İndi Qafqazda sülhün bərpası yönündə çalışmalar intensivləşib. Eyni zamanda, Orta və Yaxın Şərqdə də İsrailin Fələstinə hücumundan sonra diplomatik gedişmələr sürətlənib. Bu iki istiqamətdə sürətlənən proseslər Türkiyə və Azərbaycanı hadisələrin mərkəzinə gətirir. Onları müxtəlif mənalarda hallandıracaqlar, bizlərin psixologiyasına, şüurlarına təsir etməyə çalışacaqlar. Bütün bunlara qarşı hazırlıqlı və səbrli olmaq gərəkdir. Nə olur-olsun Türkiyə-Azərbaycan birliyinə xələl gətirilməməlidir. Çünki hər iki dövlətin inkişafı bir-birinə bağlıdır.

 

 

Orxan Güneyli