Azərbaycan.-2009.-10 yanvar.-N 6.-S.2.

Azərbaycanın siyasi sisteminin arxitekturası: ənənələrin təməli və modernizmin dizaynı

Akademik, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq məqaləsi haqqında politoloqun düşüncələri

 

Sosial həyat şəraitinin sürətlə dəyişməsi, qloballaşma dövrünün birinci maliyyə böhranının zərbələri altında gözlənilmədən kəskin şəkildə dövlət müdaxiləsinə istiqamətlənmiş bazar iqtisadiyyatı, habelə dünyada gedən siyasi proseslərin bütün dinamikası ölkəmizin siyasi sisteminin arxitekturası probleminə yenidən, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının güclü təməli nəzərə alınmaqla müraciət olunmasını tələb edir. Azərbaycanın siyasi sisteminin Prezident İlham Əliyev tərəfindən iqtisadi və sosial tərəqqiyə, demokratiyaya və insan kapitalının hərtərəfli inkişafına istiqamətləndirilən yeni dizaynı siyasi sistemin bütün arxitekturasına xüsusi innovasiya təkanı verən sabitliyə və perspektivli, dinamik transformasiyaya dəlalət edir.

Prezident İlham Əliyev Yeni, 2009-cu il ərəfəsində Azərbaycan xalqına müraciətində nikbinliklə demişdir: "2008-ci ildə bizim iqtisadiyyatımız yüksək sürətlə inkişaf etməkdə davam etmişdir. Deyə bilərəm ki, son dörd il ərzində Azərbaycan iqtisadi artım baxımından dünyada birinci ölkədir. Bu, böyük nailiyyətdir və bizə imkan verir ki, bütün iqtisadi, infrastruktur və sosial məsələləri uğurla həll edək". Prezident xüsusi vurğulamışdır ki, "dünya miqyasında Azərbaycan çox böyük nüfuza malikdir, çox böyük hörmətə malikdir".

Təbii ki, akademik Ramiz Mehdiyev kimi qeyri-adi, hər şeyə ciddi maraq göstərən, yaradıcı tədqiqatçı varisliyi və innovasiyalılığı vahid axın şəklində akkumulyasiya edən siyasi proseslərin müxtəlifliyi və birmənalı olmaması faktlarına laqeyd qala bilməzdi. Siyasətin reallaşdırılması sferasını müəyyən edən və dövlət idarəçilərini insan kapitalının inkişafı ideyasına istiqamətləndirən dəyərlərin və siyasi praktikaların dərin fəlsəfi təhlili modern aləminin əsas problemlərinin cəmləşdiyi "siyasi varlıq" anlayışı kontekstində "siyasi elitizm"in mahiyyətinin yaradıcılıqla dərk olunmasıdır. Siyasi təfəkkürün yeni problemləri siyasi varlığın yeni konfiqurasiyası əsasında dərk edilir. Siyasi qərarların qəbul edilməsinə və həyata keçirilməsinə görə cavabdeh olanlarla əlaqədar inkişafın gələcək perspektivləri əsas meyllərə çevrilir. Ramiz Mehdiyevin "Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq" məqaləsində Azərbaycanın müasir inkişafı məsələlərinin tranzitin çağırışları nəzərə alınmaqla vaxtında təshih edilməyə və dəyişdirilməyə ehtiyac duyulan geniş dairəsi təhlil edilir. Fəlsəfi məsələ həyat prinsipləri Vətənə ləyaqətlə xidmət etmək məqsədindən ibarət olan müəllifin şəxsi siyasi praktikası və dövlət quruculuğu təcrübəsi ilə sıx əlaqələndirilir.

Məqalənin ideyaları yüksək peşəkarlıqla, erudisiya ilə və inandırıcı şəkildə şərh edilmişdir. Bu ideyalar bizi etnik-siyasi münaqişələr, siyasi elita və əks-elita, demokratik tranzit, yaxud milli identiklik və yaxud hər hansı başqa məsələlərin müzakirəsi üçün yararlı metodoloji vasitə ilə təchiz edir. İqtisadi inkişaf, dəyişməkdə olan sosial münasibətlər, təhsilin getdikcə daha yüksək və münasib səviyyəsi, "nailiyyət" və sağlam ambisiya kimi dəyərlərə tərəf normativ meyl və nəhayət, demokratik siyasi təsisatların inkişafı bütün bunlar alim tərəfindən bütövlükdə bir-birindən qarşılıqlı surətdə asılı olan məsələlər kimi nəzərdən keçirilir.

Keçid dövrü Azərbaycanda yeni tipli dövlət hakimiyyətinin formalaşması, həm ölkəmizin tarixi təcrübəsinə, həm də demokratik dövlətçiliyin təşəkkülü və inkişafı sahəsində dünya təcrübəsinə əsaslanan dövlət qurulması məsələsini bütün kəskinliyi və zəruriliyi ilə qarşıya qoymuşdur. Həyat fəaliyyətinin bütün sahələrini əhatə edən qlobal proseslər bəşəriyyətin ilk növbədə siyasi sahədə axtarış imkanlarının səfərbər edilməsinə gətirib çıxarır, çünki indi məhz siyasi mexanizm həm ayrı-ayrı ölkələrdə, həm də bütövlükdə bəşəriyyət üçün qlobal dəyişikliklərin güclü silahıdır. Məqalədən aydın olur ki, müasir şəraitdə əsrlər boyu qazanılmış təcrübəni sadəcə bərpa etmək kifayət deyil, bu təcrübəni qarşılıqlı surətdə əlaqəli və asılı olan dünyanın reallıqlarına uyğunlaşdırmaq lazımdır. Müəllif ənənəvi klassik və modernist-ssiyentist paradiqmaların sintezi əsasında belə bir qanunauyğun nəticəyə gəlir ki, müasir Azərbaycan dövlətçiliyin inkişafının yeni mərhələsinə daxil olur. Deməli, hər hansı riskə getmədən elitaların ehtiyatlı transformasiyası haqqında düşünməyin vaxtı çatmışdır. Həyata keçirilən dövlət siyasətinin səmərəliliyi və müəllifin haqlı olaraq taleyüklü məsələlər adlandırdığı qarşıdakı işlərin uğuru Prezident İlham Əliyevin siyasi liderliyinin səciyyəvi əlamətinə çevrilmiş simmetrik reformasiyanın dinamikasına müvafiq olan siyasi elitadan, dövlət menecerlərindən birbaşa asılıdır. Prezident İlham Əliyev siyasi və iqtisadi dəyişikliklərin paralel şəkildə həyata keçirilməsinin əhəmiyyətini ön plana çəkməklə dəfələrlə vurğulamışdır ki, hər sahədə islahatlar bir-birini tamamlamalı və siyasi sistemə yeni impulslar verməklə dövlətin və cəmiyyətin daha da inkişaf etməsinə şərait yaratmalıdır.

Məqalədə göstərilir ki, dövlət hakimiyyəti siyasətin milli, təşkilati və tənzimləyici-nəzarət əsası olmaqla bərabər, həm də Azərbaycan cəmiyyətinin maddi və mənəvi həyatının tarixi inkişafının məna məhvəri, onun mədəniyyətinin dərk edilməsinin, o cümlədən fəlsəfi və elmi yaradıcılıq yolu ilə dərk edilməsinin əsası və nəhayət, ayrıca fərdin və insan kollektivlərinin hərəkətlərini müəyyən edən refleksiyasının və daimi mənəvi seçiminin predmetidir. "Üçüncü dalğa" demokratikləşməsi bir dəfə bütün cəmiyyətləri əhatə etmiş mədəniyyətlərarası geniş modernləşmə prosesinin təzahürü deyildi, onun kökləri konkret mədəni dəyərlərlə bağlı idi. Siyasi dəyər kimi dövlətin öz müqəddəratını təyin etməsi baxımından Azərbaycanın posttotalitar inkişafının əsas məzmunu onun sovetlər respublikasından prezident respublikasına təkamül etməsidir. Müəllif dövlətin təşkilati-hakimiyyət praktikasında vəzifə borcunun hamı üçün məcburiliyi ideyasını demokratik hüquqi dövlətin təşəkkülü və inkişafı şəraitində vətəndaş cəmiyyətinin subyektlərinin geniş ictimai-hüquqi kommunikasiyaları ilə əlaqədə irəli sürür. Hüquqi dövlətin iqtisadi və sosial əsası humanizm və ədalət, bərabərlik və şəxsiyyətin azadlığı kimi ümumbəşəri prinsipləri qəbul edən mədəniyyətin və mənəviyyatın müəyyən tipini formalaşdırır. Bu, konkret olaraq, dövlət idarəçiliyinin demokratik metodlarında, ədalətlilik və ədalət mühakiməsində, dövlət ilə qarşılıqlı münasibətlərdə şəxsiyyətin hüquq və azadlıqlarının prioritetində ifadə olunur.

Hər hansı başqa sosial-siyasi fenomen kimi, müəyyən özünütəşkil prinsipləri ilə səciyyələnə biləcək vətəndaş cəmiyyətinin inkişafı məntiqinin məqalədə təqdim edilmiş novator xarakterini xüsusi vurğulamaq istərdim. Etiraf etmək lazımdır ki, cəmiyyətin özünün səyi, onun sosial və siyasi baxımdan mütəşəkkil qurumları olmasa, insanların təfəkküründə və şüurunda özünəməxsus psixoloji inqilab baş verməsə, vətəndaş cəmiyyətinin hansısa gözəl tərəqqisi mümkün deyildir. Keçid dövrü şəraitində vətəndaş cəmiyyəti köhnə sistemin ölüb getməkdə olan siyasi reallıqları ilə daimi mübarizədə formalaşır, o, köhnə təfəkkürün yeni təfəkkürlə mürəkkəb dialoqunda özünün üstünlüyünü sübut edir, insanlar üçün adi hal almış, elə buna görə də bu dərəcədə çətinliklə və ləng dəyişən stereotiplərlə daim üzləşir. R.Mehdiyev yazır: "Bizim hər birimiz dövlətin iqtisadi tərəqqi imkanlarını cəmiyyətin demokratik inkişafı ilə əlaqələndiririk, çünki hər bir vətəndaşın maddi və maliyyə firavanlığı demokratik transformasiyanın sürəti ilə sıx bağlıdır. Başqa sözlə desək, bu mühakiməni bir qədər bəsitləşdirsək, mədə boş olanda şüurun azadlığından, təfəkkürün rasionallığından danışmaq çətin olacaqdır. Ona görə də demokratik inkişafın iqtisadi tərəqqi ilə sıx bağlı olmasından danışarkən biz bunu əsas götürürük ki, azad vətəndaş ilk növbədə maddi və maliyyə baxımından azaddır, bu da ona siyasi azadlıq verir".

Müəllifin bu dərin fikrinə şərik olduğumu bildirərək qeyd etmək istəyirəm ki, əgər vətəndaş özünün başlıca sosial-iqtisadi sərvətindən - onu müxtəlif hakimiyyət strukturlarından asılı vəziyyətdən çıxaran mülkiyyətin sahibi olmaq imkanından məhrumdursa, hər bir vətəndaşa Konstitusiya vasitəsilə tam hüquq və azadlıqların sadəcə verilməsinin, dövlətin məqsədinin vətəndaş cəmiyyəti qurmaqdan ibarət olması barədə bəyanatlarının köməyi az olar. Məhz bu səbəbdən sovet dövlət sistemi çərçivəsində vətəndaş cəmiyyətinin təşəkkülü mümkün deyildi, çünki sovet adamı bütün iqtisadi tellərlə mülkiyyətin universal və mütləq sahibi kimi çıxış edən dövlətlə bağlı idi. Sosializm dövründə mülkiyyətin konstitusion sayılan müxtəlif növləri də bizi aldatmamalıdır, çünki həmin mülkiyyət növlərinin arxasında onu istənilən anda öz xeyrinə əlimizdən almağa hazır olan dövlət dayanmışdı. Dövlətçiliyin hüquqi əsasları yalnız hüququn aliliyini, istehsal münasibətləri iştirakçılarının bərabərliyini təmin edən müstəqillik və mülkiyyət azadlığı mövcud olduqda reallaşır. Bu da öz növbəsində hüquqi dövlətin - özü-özünü tənzimləyən, azad vətəndaşları sosial təsisatlar, ictimai əlaqələr sistemi vasitəsilə birləşdirən vətəndaş cəmiyyətinin əsası kimi cəmiyyətin sosial strukturunu müəyyənləşdirir. Bu təsisatlar və əlaqələr hər bir vətəndaşın öz yaradıcılıq və əmək imkanlarını reallaşdırması üçün zəruri şərait yaradır, fikir plüralizmini, şəxsi hüquq və azadlıqları təmin edir.

Şübhəsiz, vətəndaş cəmiyyətinin reallıqları dövlət idarəçiliyinin metodoloji problemlərinin işlənib hazırlanmasının davam etdirilməsini tələb edir, çünki sosial stratifikasiya prioritet vəzifələr kimi qarşılıqlı münasibətlərin tənzimlənməsinin ideoloji deyil, hüquqi və iqtisadi normalarını irəli sürür. Mülkiyyət formalarının plüralizmi və xüsusi mülkiyyətin qorunmasına hüquqi təminatlar olduğu şəraitdə bu plüralizmin həyata keçirilməsinin müxtəlif imkanları nəticədə ona gətirib çıxarır ki, cəmiyyət təbəqələşir, mürəkkəb və dəqiq sosial struktur kəsb edir. Təbii ki, şəxsiyyətin, sosial təbəqələrin, dövlət təşkilatlarının və ictimai təşkilatların eyni olmayan maraqlarının təmin olunması məhz inkişaf etmiş, özünü daha yaxşı təşkil etməyə və inkişafa qabil olan mükəmməl sosial strukturda mümkündür. Müəllif sistem əhəmiyyətli iki qanunauyğun nəticə çıxarır:

n "İnnovasiya təfəkkürünə malik olan istedadlı insanlar yalnız azad və müstəqil cəmiyyətdə mütərəqqi ideyalar verməyə, inkişafın strategiyasını yaratmağa, cəmiyyətin mənafelərini dövlətin mənafeləri ilə əlaqələndirməyə qadirdirlər.

Vəzifəsi inkişaf strategiyasını və dövlətin gələcəyini müəyyən etməkdən ibarət olan "seçilmişlər zümrəsi"nin formalaşmasında yalnız hər cəhətdən azad vətəndaş mühüm, həlledici amil ola bilər".

Müəllifin şərti olaraq "seçilmişlər zümrəsi" adlandırdığı siyasi elita problemi müasir Azərbaycanın siyasi həyatı üçün xüsusilə aktualdır. R.Mehdiyev daha əvvəl dərc olunmuş "XIX əsrin axırları - XX əsrin əvvəllərində milli ideya" məqaləsində yazırdı: "Siyasi elitanın olması siyasətin zəruri atributudur, çünki onun funksiyaları avtomatik şəkildə, öz-özünə həyata keçirilə bilməz. Milli elita cəmiyyətin çox böyük mənəvi qüvvəsidir və ictimai şüura güclü təsir göstərməklə ictimai-siyasi proseslərin gedişini dəyişməyə qadirdir". İndiki məqalədə cəmiyyətin vəziyyətinin ən mühüm indikatorlarından biri olan elitanın keyfiyyət göstəriciləri kontekstində onun əhəmiyyətini, dövlətin inkişaf dinamikasının nəzərdən keçirilməsi meyillərini izləmək olar, çünki məhz milli elita cəmiyyətin çox böyük mənəvi qüvvəsidir və ictimai şüura güclü təsir göstərməklə ictimai-siyasi proseslərin gedişini dəyişməyə qadirdir. Məqalədə deyildiyi kimi, milli elita posttotalitar inkişafın sərt şəraitində formalaşmışdır. Sabit dövlət qurumları üçün səciyyəvi olan mülki münasibətlər əvəzinə, Azərbaycanda 1993-cü ilin iyun ayına qədər çox vaxt dövlətçiliyin özünə qarşı yönəlmiş, anarxiyanı qanunçuluq çərçivəsinə daxil etməyə çalışan militarist və volyuntarist ambisiya mərkəzlərinin heyrətamiz konqlomeratını müşahidə etmək olardı. Yalnız Heydər Əliyev kimi nəhəng siyasətçinin sayəsində ölkəmiz ən qısa müddətdə yeni vəziyyətə keçməyə, siyasi vəziyyətin sabitləşməsinə və ictimai həyatı vətəndaş münasibətlərinin adi çərçivələrinə qaytarmağa nail oldu. İyirminci əsrin sonuncu onilliyində Azərbaycan cəmiyyətinin bütün cəhətlərini əhatə etmiş və indi də davam edən dərin transformasiya prosesləri ilə əlaqədar, siyasi elitanın formalaşmasının rasional və səmərəli modelini axtarıb tapmaq məsələləri yeni şəkildə qarşıya çıxır. Tanınmış elitoloq X.Orteqa-i-Qassettin fikrincə, həqiqi elita məhz onunla fərqlənir ki, o, sosial dəyişikliklərə görə məsuliyyəti öz üzərinə götürür.

Milli inkişafa adekvat siyasi elita formalaşdırmağın modelinin axtarışı ilə bağlı konseptual və təşkilati əsaslar məqalədə geniş tarixi-siyasi materiallar əsasında təqdim edilmişdir. Cəmiyyətin fəaliyyətinin zəruri və həyati əhəmiyyətli struktur elementi olan elita siyasi və sosial dəyişiklikləri stimullaşdırır. Müasir politologiyanın pioneri sayılan M.Veber üçün əsas məsələ demokratiyanın və getdikcə güclənən bürokratiyanın bir-birini qarşılıqlı surətdə çəkindirməsi idisə, hakim elitalar nəzəriyyəsini irəli sürmüş Q.MoskaV.Pareto üçün bu mübarizə oliqarxik elitaların onlara tabe olan çoxluq üzərində birmənalı qələbəsi ilə başa çatırdı. R.Mixels də "oliqarxiyanın dəmir qanunu"nu bu şəkildə təqdim edirdi. Həmin qanuna görə, hakimiyyət yalnız elitaların sirkulyasiyası və bir-birini əvəz etməsi deməkdir.

Müasir humanitar və ictimai diskursda elita cəmiyyətdə üstün yer tutan, dövlətin mədəni və sosial-iqtisadi siyasətini - müxtəlif səbəblər üzündən əks-elitanın çox və ya az dərəcədə müqavimət göstərdiyi siyasəti işləyib hazırlayan və həyata keçirən ictimai qruplardır. Müasir Azərbaycan cəmiyyətində əks-elitanın əsassız tənqidinin növbəti hədəfi "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktıdır. Məlum olduğu kimi, eyni bir şəxsin neçə müddət prezident seçilə biləcəyinin müəyyən edilməsi üçün universal reseptlər yoxdur. Bu, suveren dövlətin öz seçimidir. Siyasi retrospektivdə siyasi rəqabətin səviyyəsi ilə seçkili şəxslərin səlahiyyət müddəti arasında ciddi korrelyasiya yoxdur. Eyni bir şəxsin dalbadal iki dəfədən çox prezident seçilməsini məhdudlaşdıran göstərici heç şübhəsiz mühüm, lakin hər halda daha çox xidməti, funksional xarakterə malik olan göstəricidir. Hakimiyyətin qolları və səviyyələri arasında, hakimiyyətlə vətəndaşlar arasında qarşılıqlı münasibətlərin, hüquq və azadlıqlara riayət olunmasının, vətəndaş cəmiyyətinin hakimiyyətə nəzarət etməsinin bütün kompleksi vacibdir. Əlamətdar haldır ki, bu gün bizim Konstitusiyaya təklif edilən dəyişikliklər "vahid paket" şəklində təqdim olunub və Konstitusiyanın 29 maddəsinə 41 dəyişiklik və əlavə edilməsini nəzərdə tutur.

Ölkəmizin əsas Qanununu vətəndaşla bağlı və sosial komponentlər hesabına gücləndirmək nəzərdə tutulur. Məsələn, dövlət uşaq hüquqlarına riayət olunmasını xüsusi nəzarətə götürür. Valideynləri və qəyyumları olmayan uşaqlar dövlətin himayəsində olacaqlar, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Əlavələrdə deyilir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Bundan əlavə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır. Konstitusiyanın 50-ci maddəsinə nəzərdə tutulan dəyişikliklərdə qeyd edilir ki, hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.

Son olaraq R.Mehdiyevin məqaləsini dərin elmi əsər saymağa əsas verən, ictimai elmlər üçün əhəmiyyətli olan və bir sıra metodoloji yanaşmaları müəyyən edən aspekti vurğulamaq istərdim. Bu, təcrübənin dərk edilməsinə əsaslanan sırf şəxsi məqamdır. Bunu isə lazımınca qiymətləndirmək mümkün deyil, çünki bu, həyat məktəbidir, ümummilli lider Heydər Əliyevin dövlətə rəhbərlik dərsləridir.

R.Mehdiyev yazır: "Heydər Əliyevlə tez-tez bu və ya digər kadr təyinatının mümkünlüyünü müzakirə edərkən onun kadr seçiminə nə qədər diqqətlə yanaşmasını, onların imkanlarını həvalə olunan məsuliyyətlə müqayisə etməsini dəfələrlə görmüşəm. İnsan materialı mürəkkəb substansiyadır və təəssüf ki, onu dərhal və bütünlüklə tanımaq asan deyildir. Bütün bunlara baxmayaraq, həyata keçirilən siyasətin mahiyyəti həm də Azərbaycan cəmiyyətinin inkişaf dinamikasına cavab verməyənləri aşkar etməkdən və onları yeni, daha səmərəli kadrlarla əvəz etməkdən ibarət idi".

 

Heydər Əliyev üçün milli dövlətçilik dəyərlər yaradan təməl idi, milli dövlətçilik onun vətəndaşlıq, milli və vətənpərvərlik hisslərinə, peşəkar siyasətçi amalına uyğun idi. Hər bir siyasi sistem həmişə, xüsusən müasir informasiya-reflektiv aləmdə "fikir liderlərinin", bər-bəzəkli və kabinet rəhbərlərinin əqidəsiz sosial şəbəkələr oyunlarına deyil, yalnız həqiqi dəyərlərə əsaslanmağa məcburdur. Prezident İlham Əliyev Azərbaycanın gələcəyi üçün yeni siyasi, iqtisadi, mədəni, intellektual elitanın formalaşması üçün tədbirlər kompleksi hazırlayır. Dünya siyasətinin əsas oyunçuları sivilizasiyalar deyil, milli dövlətlərdir və bu oyunçular milli maraqları və stimulları əsas götürürlər. Milli elitanı formalaşdıran və tam şəklə salan dəyərlər dili olmasa, siyasi təsisatların məzmunu yoxdur, mədəni yaddaş işləmir.

 

Aqiyə NAXÇIVANLI