Azərbaycan.- 2009.-25 fevral.- N 44.- S. 8.

 

Badam çiçəklərinin ətri

 

İlham Rəhimli,

sənətşünaslıq doktoru, professor

 

İl mülayim gələndə Bakıda badam ağacları lap yanvar ayında da çiçək açır.

Məncə, badam çiçəkləri qışın oğlan çağında şaxta fəslinə meydan oxuyan yeganə çiçəklərdir.

Badam çiçəkləri bəzən bəmbəyazlıqda qarla bəhsə də girir. Bəlkə də badam çiçəyi yeganə çiçəkdir ki, qar lopalarının onun ləçəklərinə qonmasından qorxmur. Yəqin elə bunun müqabilində də qar lopaları çiçəklərin ləçəklərində əriməklə onlara can verir.

Mən Tanrı dərgahına ucalmış şairlərin və nasirlərin, rəssamların və bəstəkarların fəhmini, ruhunu, istedad təşnəsini badam çiçəklərinə bənzədirəm. Çünki sənət qüdsiyyətindən çələng hörənlər də zamanı, dövrü, müasirlərini qabaqlamaq qüdrətinə malikdirlər.

Nizami Gəncəvinin 800 il əvvəl yaratdığı "Xəmsə"si bu gün də dövlət siyasətçiliyinin, aqil hökmdar anlayışının, bəşəri insan anlamında mənəvi ləyaqətin, dini və sosial əxlaqın meyarlar ölçüsü kimi dəyərlidir, insan və cəmiyyət kodeksi əzəmətindədir.

İmadəddin Nəsiminin 600 il əvvəl söylədiyi "Ən əl-həqq" insanların idrakın gücü, əməllərin paklığı, zəkanın işığı ilə Tanrı həqiqətini dərk etməyin, haqqa qovuşmağın müqəddəs yoludur. Sufilərin fəlsəfi anlamında şəriət elmdir, təriqət yoldur, həqiqət isə Allaha çatmaqdır. Budur Nəsiminin çağdaş zamanımızda da əbədi görünən fəlsəfəsi: "Özündə ol ki, Allahda var olasan"...

Məhəmməd Füzuli dörd əsr əvvəl sözün əzəməti və idrakın qüdrəti ilə dünya poeziya kəhkəşanında "Leyli və Məcnun" kimi sönməz ulduz yaradıb. Rəvayətlə bədii gerçəkliyin əbədi nümunəsi kimi ucalığını həmişə saxlayan "Leyli və Məcnun" məhəbbət poeması bu gün də sevgi qüdsiyyətinin, aşiq ucalığının, eşq bakirəliyinin, sədaqət ülviyyətinin poetik-fəlsəfi rəmzi kimi möhtəşəm ədəbi abidə zirvəsindədir...

Səttar Bəhlulzadə yarım əsr əvvəl əfsanəvi gözəlliyə malik Göygölün rəsmini fırçaya alıb. Alıb və möcüzəli tablosuna "Kəpəzin göz yaşları" adını verib. Görənlər yaxşı bilirlər ki, real həqiqətdə Kəpəz Göygöldən bir qədər soldadır. Lakin dahi rəssam fəhmlə, vətənə məhəbbətinin işığıyla, hisslərinin çılğınlığıyla tablodakı kompozisiyada Kəpəzi bir qədər sağda verib. Beləliklə, "Kəpəzin göz yaşları" daha məhzun, daha nağılvari, daha dalğın, daha sirli, daha poetik duyğulardan don geyinib. Həmin tablo sanki bu gün düşmən tapdağında inləyən Kəlbəcərin Murovun sinəsindən süzülən və Kəpəzin bağrından keçən naləli, fəryadlı göz yaşlarıdır...

"Qarabağ şikəstəsi"nin ecazkar musiqi təranələrini xalq yaradıb. Adını da xalq qoyub. "Şikəstə" sözü bu musiqi abidəsinə möhtəşəm duyğular vüsəti verib, kədərin mənəvi harayına qanad taxıb. İndi gəl fəhmə inanma. "Qarabağ şikəstəsi" əzəmətli, möhtəşəm kədər harayı ilə bizi qeyrətə, torpaqları xilasa səsləyir...

Cəlil Məmmədquluzadənin "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım..." harayı ilə yaratdığı söz inciləri, acı həqiqətlərə ayna tutmaq qüdrəti vətəni və vətənsevərliyi, milləti və millətsevərliyi dərk etməkdə bu gün də əxlaq kodeksimizdir...

Soltan Hacıbəyovun "Karvan" simfonik əsəri mədəniyyətimizin min illər boyu yol gələn əzəmətli, ləngərli musiqi qatarıdır. Dünənimizdən bugünümüzə mənəvi körpüdür. Bu musiqinin "karvan zınqırovları" duyğularımızı soykökümüzə ehtiram notlarında kökləyir, sabaha inama çağırır...

Ölkəmizin baş xanımı Mehriban Əliyevanın layihəsi və səyi, qətiyyəti və əzmkarlığı, zərif zövqü və duyğusal məhəbbəti ilə işıq üzü görən "Qarabağ xanəndələri" mədəniyyət tariximizdə şimşək kimi çaxdı. Bakıda doğulub YUNESKO-dan dünyaya boy atan "Qarabağ xanəndələri" adlı bu möhtəşəm sənət abidəsi Azərbaycan millətinin mənəvi sərvətlərinin sönməz ulduzu kimi bərq vurur. Həmin bərqin işığında dünya xalqları Azərbaycan mədəniyyətinin tarixi həqiqətlərini anlamaq, dərk etmək, dəyərləndirmək və sevmək məcburiyyətində qalırlar. Bax, budur millətsevərlik, xalqsevərlik, Vətənə övladlıq borcu...

İyirmi birinci əsrin əvvəllərində, təzə eranın başlanğıcında millətimiz də, məmləkətimiz də, ayrı-ayrı fərdlərimiz də çox-çox dürlü-dürlü, qəliz-qəliz problemlərlə üzləşirlər. Nəyəsə çarə axtarırıq, nəyinsə müsibətinə inanmağa başlayırıq, nəyinsə hələ də tərəddüdünü keçiririk, nəyinsə həqiqətə çevriləcəyinə inamımız artır...

Mənəviyyatımızın, əxlaqımızın, düşüncəmizin bu gün daha müasir görünən problemləri barədə yazıçılarımız yetmiş il, altmış il, əlli il əvvəl də əsərlər yazıblar. Fəhmlə yazıblar, daxili duyğuyla yazıblar.

Həmin müdrik yazıçılar zamanın siyasi burulğanlarından qeyrətlə, cəsarətlə "yan keçmək" üçün fikirlərinin zahiri tərəflərinə min bir "bəzək" vurublar. Lakin məram və məqsədlərinin təravətini və lətafətini qar altındakı bənövşə kimi təzə-tər saxlayıblar. Cəsarətlə, qeyrətlə, namusla saxlayıblar!

Zahirən sakit həyat tərzi sürən, daxilən burulğanlar fırtınalarından keçən belə sənətkarlardan biri də Mir Cəlaldır.

Azərbaycan gəncliyinin mübarizlik ruhunun formalaşmasını, azadlıq uğrunda çarpışmalarını xalqın idraki təkamülü kimi səciyyələndirən ilk nasirlərimizdən biri də Mir Cəlaldır.

Müsavat hakimiyyətinin başlıca prinsiplərini və ilk müstəqil cümhuriyyətimizi namərdcəsinə fəlakətə aparan yolun qat-qat qırışlanmış cığırlarını döyənəkdən təmizləyən qeyrətli qələm sahiblərimizdən biri də Mir Cəlaldır.

Kommunizmin dünyanın başının üstünü qara kabus kimi aldığı bir vaxtda "bu it uşağı bolşeviklər" ifadəsini işlətməkdə özündə cəsarət və qeyrət tapmış, sayı barmaqla hesablanan yazıçılardan biri də Mir Cəlaldır.

Dinə qarşı mübarizənin tüğyan elədiyi bir dövrdə, ömrünün 26-cı baharında Məşədi İslam obrazını müsbət insan, qeyrətli kişi timsalında yaradan cəsarətli yazıçılardan biri və birincisi də Mir Cəlal idi.

Biri də... biri də... biri də... Mir Cəlaldır...

Bəli, hələ çox-çox incə mətləblərə, məsələlərə, hadisələrə, konfliktlərə, mübarizə qarşıdurmalarına... toxunmaq olar ki, onları milli ədəbiyyatımıza ilk dəfə Mir Cəlal gətirib.

Bunlar barəsində ədəbiyyatşünaslıq tariximizdə müxtəlif xarakterli araşdırmalar aparılıb, müxtəlif bədii səpkilərdə yazılıb, yazılır və yazılacaq da.

Hətta Mir Cəlalın həyat və yaradıcılığına, onun sənətkarlıq xüsusiyyətlərinə, roman, povest və hekayə janrlarına gətirdiyi özəlliklərə ayrıca monoqrafiyalar həsr olunub, olunur və olunacaq da.

Eləcə də filologiya elmimiz Mir Cəlal yaradıcılığının estetik prinsiplərini, dil-ifadə səciyyələrini, forma-məzmun prinsiplərini, mövzu-problematika əhatəsini araşdırıb, araşdırır və araşdıracaq da.

Lakin "Mir Cəlal və teatr" mövzusuna, demək olar, toxunulmayıb. Halbuki milli səhnəmizdə bir sıra problemlərin qabarıq verilməsi digər qüdrətli qələm ustalarımızla yanaşı, Mir Cəlalın adı, Mir Cəlalın yaradıcılığı ilə də bağlıdır.

Bu baxımdan hətta deyərdim ki, o, bir yazıçı olaraq badam ağacı kimi zamanın qış çağında "çiçək açmaqdan" çəkinməyib. Həqiqətə işıq salmaq cəsarətinin və xalqa məhəbbətinin fırtınalı harayını qələmə aldığı mövzunun canına-qanına hopdurmağı, ideyanı qabarıq verməklə incə mətləbləri həssaslıqla sətiraltı mənalarda canlandırmağı bacarıb. Həmin əsərlər günü bu gün də mənəviyyatımızda ətir saçan çiçək zərifliyindədir.

Ona da əminəm ki, bu çiçəyin hər bir ləçəyindən ayrılıqda söz açılacaq. Mir Cəlalın Azərbaycanın müxtəlif teatrlarda hazırlanmış hər bir əsərinin tamaşasının məzmun və dəyərləri ayrıca tədqiq ediləcək.

 

* * *

 

Mir Cəlalın zəngin və əlvan yaradıcılıq irsini toplum halında "Ömür ağacından yarpaqlar" və yaxud "Badam çiçəklərinin zərif ləçəkləri" adlandırmaq olar.

Açıqlayıram.

İlk növbədə ona görə ki, dünyaya gələn, Allah verən taleyi yaşayan və əbədiyyətə qovuşan hər bir insanın öz ömür ağacı var. Təbii ki, hər ağacın da müxtəlif meyvələri olur.

İkincisi. Mir Cəlalın ömür ağacı özü kökü-köməci ilə əzəmətli və çoxşaxəlidir:

adı və soyadı böyük hərflərlə yazılan insan Mir Cəlal;

nasir Mir Cəlal;

publisist Mir Cəlal;

dramaturq Mir Cəlal;

ədəbiyyatşünas-alim Mir Cəlal;

nəhayət, pedaqoq Mir Cəlal.

Obrazlı şəkildə, bəlkə də lirik-romantik duyğular qoynunda mən bu şaxələri kövrək yarpaqlar və zərif ləçəklər kimi səciyyələndirirəm.

 

* * *

 

Elə buradaca badam çiçəkləri ilə bağlı bir həqiqəti, kövrək və həzin, tirtrək və munis bir reallığı oxucularıma çatdırmaq istəyirəm.

Mir Cəlalın yaradıcılığına dərindən bələd olanlar bilirlər ki, badam çiçəkləri bu dahi yazıçının qələmində çox-çox məqamlarda ətir saçıb. Hətta bu adda əsəri də var.

Mir Cəlalı şəxsən yaxından tanıyan həmməslək dostları onu da söyləyirlər ki, yazıçı badam çiçəklərindən söhbət açanda onun çöhrəsi də bəyazlaşırdı, baxışları nurlu və ətirli badam yağışına çevrilirdi.

Görəsən nəyə görə?

Qüdrətli sənətkarın oğlu, məşhur alim və diplomat Hafiz Paşayev söyləyir ki, atam uşaq vaxtı çıxdığı doğma kəndi Əndəbili bir daha görməyib. Bu həsrət, bu nisgil həmişə onun qəlbində qövr eləyib. İranda olanda qəti qərara gəldim ki, Təbriz yaxınlığındakı Əndəbil kəndinə gedim. Süni sədləri keçmək çətin də olsa, getdim... Günəş bir boy qalxmışdı. Havadan yazın ilıq nəfəsi təzə-təzə duyulurdu. Kəndə çatanda heyrətdən donub qaldım. Bütün kənd badam çiçəyinə bürünmüşdü. Deyirdin bəs gəlin köçən xanımdır. Elə oradaca, elə həmin andaca bildim ki, atamın badam çiçəklərinə ömürlük sevgisi haradan gəlirmiş. Gördüyüm bu mənzərə atamın kövrək uşaqlıq duyğularının bəmbəyaz çiçək nəğmələri idi... Badam çiçəkləri Mir Cəlalın 70 yaşında da uşaq bakirəliyi ilə qorunan Vətən, yurd, doğma ocaq sevgisi idi...

 

* * *

 

Mir Cəlal milli mədəniyyətimizə yazıçı və ədəbiyyatşünas alim kimi daxil olub. Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi idi.

1961-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Universitetinin (bugünkü Bakı Dövlət Universiteti) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləyib. 1940-1970-ci illərdə filologiya elminə gəlmiş şöhrətli alimlərin böyük əksəriyyəti (məsələn, Firudin Hüseynov, Təhsin Mütəllimov, Cəlal Abdullayev, Xalid Əlimirzəyev, İnayət Bəktaşi...) Mir Cəlal alimlik məktəbinin yetirmələridir.

Ədəbiyyat və elm sahəsində "Mir Cəlal" kimi tanınıb. Elmdə qayğıkeşliyin, prinsipiallığın və müdrikliyin timsalı kimi formalaşıb, şöhrətlənib və sevilib.

Mir Cəlal!

Bu iki kəlmə görkəmli bir insanın əzəmətli obrazı kimi simvollaşıb.

 

* * *

 

Mir Cəlalın üç cildlik seçilmiş əsərlərini Regionların İnkişafı İctimai Birliyi çapa hazırlayıb. Kitab "Çaşıoğlu" nəşriyyatında işıq üzü görüb. Bəri başdan onu deyim ki, cildlərin və mətnlərin bədii-estetik tərtibatına, şriftlərdən tutmuş illüstrasiyaların çəkilməsinə (rəssam Elçin Cabbarovdur) qədər bütün texniki və bədii işlər yüksək peşəkarlıqla görülüb. Cəsarətlə demək olar ki, dünyada qəbul olunmuş kitab çapı mədəniyyətinin bütün vacib səciyyələri Mir Cəlalın seçilmiş əsərlərində özünün yüksək peşəkarlıq təcəssümünü tapıb.

Üçcildliyin tərtibçiləri və redaktorları filologiya elmləri doktorları, professorlar Nərgiz xanım Paşayeva və Təhsin Mütəllimovdur.

Ardıcıllıqla hər cildin əvvəlində yazıçının "Dirilən adam", "Bir gəncin manifesti" və "Yolumuz hayanadır" romanları verilib. Hər cilddə romandan sonra bu iri həcmli əsərlə təxminən eyni dövrdə yazılmış hekayələr çap edilib. Məsələn, birinci cilddə "Mərkəz adamı", "Sara", "Bostan oğrusu", "Ayaz", "Söyüd kölgəsi", ikinci cilddə "Oğul", "Aqil", "Subaylıq fəlsəfəsi", "Nazik mətləb", "Plovdan sonra", üçüncü cilddə "Ərik ağacı", "Ehtiram", "Möhür", "Kənd "uşaqları", "Gülbəsləyən qız"... və bu kimi yüksək bədii sənət nümunələri olan hekayələr çap olunub.

Bu seçim, bu prinsip və bu bədii düzüm ardıcıllığı çox məntiqlidir, Mir Cəlal irsinin mahiyyət və məzmununa, dəyər və fəlsəfi-estetik prinsiplərinə uyğundur.

Mir Cəlal haqqında, onun çoxşaxəli yaradıcılığının ayrı-ayrı incəlikləri barədə çox elmi-nəzəri tədqiqatlar, məqalələr yazılıb, yazılır və yazılacaq da. Üçcildliyin birinci cildi professor, filologiya elmləri doktoru Nərgiz xanım Paşayevanın "Yazıçı və zaman" məqaləsi ilə başlayır.

Məqalə elmi sanbalı, ədibin həyat və yaradıcılığı haqqında təzə faktları, üslubu, səmimiyyəti və dil-ifadə zənginliyi ilə diqqəti cəlb edir. Geniş mənada isə bu məqalə Mir Cəlalın nəinki üçcildlikdə toplanmış seçilmiş əsərlərinə, həmçinin yazıçı-alimin bədii və elmi külliyyatına çıraq tutur. Bu məqalədə Mir Cəlal müdrik şəxsiyyət, qüdrətli alim, möhtəşəm yazıçı və kamil filosof kimi təhlilə çəkilib. Ədibin roman və hekayələrinin fəlsəfi dərinliyi, psixoloji özəllikləri yüksək estetik meyarlarla, xüsusi alim ehtiramı və nəzakəti ilə qələmə alınıb.

Nərgiz xanım yazır ki, Mir Cəlal "kölgədə bitən ağacın kölgəsi olmaz" fikrini özünə sənət devizi seçmişdi. Son dərəcə maraqlı və dəqiq estetik-psixoloji təyindir. Bu prizmadan baxanda Mir Cəlal sənətinin ənginlikləri daha aydın və daha füsunkar, daha lətafətli və daha munis görünür.

Bu baxımdan professor Nərgiz xanım Paşayevanın tezis şəklində söylədiyi və qısaca şərhini verməyə çalışdığı fikirlər əsl alim qənaətləridir. Cəsarətlə deyirəm ki, həmin alim qənaətlərinin hər biri ayrılıqda doktorluq səviyyəsində elmi araşdırmalara mövzu ola bilər. Fikirlərimə söykək üçün onlardan bir neçəsini diqqətə çatdırmaq istəyirəm.

"Mir Cəlalın bənzərsiz fərdi təbiəti, şəxsi xarakteri vardı".

"Böyük gülüş ustaları olan Cəlil Məmmədquluzadənin və Əbdürrəhim bəy Haqverdiyevin layiqli davamçısı olan Mir Cəlalın satirik ədəbiyyatda öz gülüşü vardı".

"Mir Cəlal yaradıcılığında son dərəcə səmimi, müdrik yumor aparıcıdır. Yumorlu kinayələrinin misli yoxdur".

"Mir Cəlal lirik-romantik, lirik-psixoloji, lirik-dramatik hekayənin də böyük ustası idi".

"Mir Cəlalın bədii qəhrəmanlarını yaşadan və yaşadacaq əsas amil oradakı əsl sənət qüdrətilə canlandırılmış insan xarakterləri və taleləridir!"

"Mir Cəlal Firudin bəy Köçərlidən sonra Azərbaycan ədəbiyyatı tarixini yazanlardan biri, professional Azərbaycan ədəbiyyatı nəzəriyyəsinin ilk yaradıcısıdır".

"Mir Cəlal 1940-cı ildə füzulişünaslığın təməlini qoydu"...

Nərgiz xanım bu qəbil fikirlərini Mir Cəlalın bir əsərinə yazdığı epiqrafla və onun açması ilə tamamlayır. "Bəzi ulduzlar kiçik olduqları üçün yox, yüksəkdə olduqları üçün görünmürlər". Bəli, Mir Cəlal heç vaxt ləyaqət və şərəf ucalığından, möhtərəmlik və müdriklik, aqillik və kamillik, qüdsiyyət və ülviyyət zirvəsindən enmədi.

 

* * *

 

Mir Cəlal ömrünün müdrik çağlarında Fransada olub. Bu səfərdən təəssüratlarını, orada görüşdüyü insanlarla ünsiyyətlərinin səmimiliyini "yol qeydləri" janrında yazdığı essedə söz boyunbağısına düzüb. "Fransanın yolları ilə" adlanan məqalə rus dilində çıxan "Azərbaycan ədəbiyyatı" ("Literaturnıy Azerbaydjan") jurnalının 1961-ci il, 4-cü sayında çap olunub. Məqalədən görünür ki, ədib Fransanın ictimai-siyasi və mədəni tarixini çox dərindən bilirmiş. Fransanın Tulon, Marsel, Kann, Nim, Nitsa şəhərləri, ilk növbədə Paris, buradakı Luvr muzeyi, xiyaban və tarixi abidələr, fransız xalqının zəngin mədəniyyəti barədə səmimi duyğularını qələmin gücü ilə vəsf edib. İnsan xoşbəxtliyinə xidmət edən reallıqları qətiyyət və cəsarətlə qələmə alıb. Bunlar hamısı öz yerində, çünki oxuculara yaxşı məlumdur ki, Mir Cəlal qələmi yalan və riyadan çox-çox uzaq idi. Burada başqa bir incə mətləbə heyrətlənməmək mümkün deyil.

Orta və yaşlı nəslə yaxşı məlumdur ki, keçən əsrin altmışıncı illərində kapitalist ölkəsinə, xüsusən Fransa kimi məmləkətə səfərə getmək çox müşkül məsələ idi. Xüsusən də eyni ölkəyə ikinci dəfə getmək və yaxud bu arzuda olmağı dilə gətirmək özü təəccüblü səslənirdi. Qəribədir, Mir Cəlal adıçəkilən essedə hiss və duyğularını səmimi verməklə yanaşı, yazısını "Əziz dostlar, görüşənə kimi!" ifadəsi ilə bitirib.

Niyə "qəribədir" sözünü işlətdim?

Bəli, bir sıra mətləblərdə olduğu kimi, bu dəfə də Mir Cəlal fəhmi, Mir Cəlal uzaqgörənliyi, Mir Cəlal arzusu yenə reallaşdı. Reallaşdı, amma düz 47 il sonra. 2008-ci ilin dekabrında Mir Cəlalın 100 illik yubileyi Paris şəhərində yerləşən YUNESKO-nun iqamətgahında təntənə ilə keçirildi. Bu yubiley bir daha təsdiqlədi ki, Mir Cəlal kimi ədəbi dühalar təkcə mənsub olduqları xalqın deyil, bütün dünyanın, bəşəriyyətin mənəvi-mədəni sərvətidir.

 

* * *

 

Mir Cəlalın yaradıcılığının əsas estetik səciyyələri:

dil-ifadə vasitələri çox şirəli, təbii və mənaca tutumludur;

zəngin müşahidə qabiliyyəti və onu bədii əsərdə məharətlə ümumiləşdirmək səriştəsi vardı;

əsərlərinin kompozisiyaları sadə və əlvandır. Roman və povestlərində bu əlvanlığa monumental əzəmət hakimdir;

həcmindən asılı olmayaraq, əsərlərində qurduğu konflikt ictimai-sosial məzmununa görə tutumlu, psixoloji cəhətdən estetik məntiqlidir. Bu konfliktlərin dərinliyində fəlsəfi zənginlik var və həmin zənginlik çoxqatlıdır;

silsilə obrazlar toplusunda hər personaj öz tipik xarakter səciyyələrinə malikdir. Ona görə də Mir Cəlalın xarakterlər qalereyası son dərəcə zəngin və əlvandır, parlaq və canlıdır;

yazıçının əsərlərindəki vətənpərvərlik ideyaları ideoloji cəhətdən dürüst olmaqla yanaşı, güclü emosional-psixoloji və bədii-fəlsəfi duyğularla süslənib;

dövrün vacib ictimai-siyasi, mənəvi-əxlaqi problemlərinə toxunan müəllifin fikirləri bəşəri duyğularla zənginliyi, ülviyyət və qüdsiyyəti ilə həmişə çağdaş səslənir;

tarixi mövzulardan bəhs edən əsərlərində real və sərt, mürəkkəb və təzadlı görünən həqiqətləri bədii həqiqətdə ustalıqla təcəssüm etdirib. Onun tarixi romanları bəhs etdiyi dövrə apaydın ayna tutan bədii salnamə yüksəkliyindədir;

Mir Cəlalın ayrı-ayrı əsərlərindəki bədii qənaətləri həmişə sərt reallıqdan, müdrik yazıçı təxəyyülünün qanadlı zənginliyindən şirələnib;

Mir Cəlal insanların fərdi psixoloji münasibətlərinin pəncərəsindən bəşəri problemlərə çıraq tuta bilib. Bir fərdin mənəvi-əxlaqi, sosial-ictimai problemi bədii dəyərlərinə görə xalqın problemi səviyyəsinə qaldırılıb;

Mir Cəlal milli ədəbiyyatımızda "kiçik adam" problemini öz əsərlərində Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev ənənələrinə sədaqətlə və tamamilə yeni baxım bucağından daha da canlandırıb;

Mir Cəlal vətən həsrəti, vətən nisgili problemini milli ədəbiyyatımızda yeni kontekstdə və təzə ictimai-sosial baxım bucağından işləyib.

 

* * *

 

Mir Cəlalın elmi fəaliyyətinin başlıca nəzəri-estetik səciyyələri:

milli irsin klassik nümunələrinə dərindən bələdliyi vardı və onlara ülvi məhəbbətlə, yeni və orijinal baxım bucağından yanaşırdı;

tədqiqat zamanı gəldiyi elmi qənaətlərini bütün parametrlərdən sübuta yetirməkdə israrlı və müdrik görünür;

elmdə "Mir Cəlal məktəbi" yaradıb və onun sanballı elmi-nəzəri prinsiplərini, poetika səciyyələrini formalaşdırıb;

"Mir Cəlal məktəbi"nin üç əsas şərti bu gün də özünün elmi dəyərini, estetik mahiyyətini və nəzəri gücünü itirməyib:

a) elmi prinsipiallıq;

b) opponentlə mübahisə mədəniyyəti;

c) qənaətlərini təsdiqləməkdə idraki əzəmət.

 

* * *

 

Mir Cəlalın əsas insani keyfiyyətləri:

daxilən kübar, nurlu, çöhrəsi işıqlı idi;

cəmiyyətdəki davranışlarında, insanlara münasibətlərində möhtəşəm bir bəyzadəlik vardı;

həssas olduğu qədər də səmimi və mehriban idi;

lap gənc yaşlarından ağsaqqal müdrikliyi ilə istedadlı tələbələrinə dayaq durub;

cəmiyyətin bütün təbəqələrində müdrik davranış tərzi ilə ucalıqda dururdu;

hələ sağlığında öz timsalında, həyat amalında aşağıdakı fenomenlərini yaradıb:

"Mir Cəlal kişiliyi!"

"Mir Cəlal mərdliyi!"

"Mir Cəlal müdrikliyi!"

"Mir Cəlal dəyanəti!"

"Mir Cəlal səmimiyyəti!"

"Mir Cəlal paklığı!"

"Mir Cəlal insanlığı!"...

Adi bir oxucu kimi sevinirəm ki, bu müqəddəs mənəvixlaqi keyfiyyətlərdən mənə də pay düşüb. Bu qismətin hərarəti və işığı, nuru və paklığı ilə Mir Cəlal fenomeni qarşısında ehtiramla baş əyib, yazıma nöqtə qoyuram.