Azərbaycan.- 2009.-25 aprel.- N 88. - S. 3.

 

MİR CƏLAL DÜNYASI

Azərbaycanin böyük yaziçi və aliminin xatirəsini anarkən

 

Yazıçı, alim və müəllim. Bu üç müqəddəs sənəti – yaradıcı dünyanı, peşəni öz müdrik şəxsiyyətində cəmləşdirən Mir Cəlalın XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir. Yazıçı kimi 1928-ci ildə ədəbiyyat aləminə gələn Mir Cəlal, elə həmin ildə də ilk tədqiqat əsərini yazmışdır. Onun müəllimlik fəaliyyəti də məhz həmin tarixdən başlayır. Böyük zəhmət tələb edən bu üç sahəni eyni zaman çərçivəsində öz parlaq istedadında, yorulmaz fəaliyyətində birləşdirən Mir Cəlal Paşayev onların hər birində ayrıca zirvə fəth etmişdir.

Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi özünə ədəbiyyat tariximizin səhifələrində əbədiyaşarlıq qazandırmışdır. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.

Ali təhsilimizin beşiyi sayılan Bakı Dövlət Universitetinin sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayacaq Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”.

XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınmışdır. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutmuşdur. Qəti əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanmışdır. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunmuşdur. Lakin o, bundan sonra, daha doğrusu, 1930–cu ildən etibarən hekayələr yazmışdır. O dövrün “Şərq qadını”, “Gənc işçi”, ”İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” ... hekayələrini çap etdirmişdir. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları çap olunmuşdur. Mir Cəlalın bütövlükdə yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, onu düşündürən həyati məsələləri, milli folklorun, xalq təfəkkürünün işığını, milli, mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə vermək mümkündür. Necə ki, böyük Sabiri oxuyanda şeirin, Mirzə Cəlili oxuyanda satira və yumorun gücünü duyursan, Mir Cəlal hekayələrini oxuyanda da eyni hissləri keçirirsən.

Mir Cəlalın ilk irihəcmli əsəri - “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunmuşdur. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazmışdı ki, “Mir Cəlal “Dirilən adam”la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir”.

İlk dəfə 1937-39-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” əsəri isə yazıçının həyatında böyük bir dönüş yaratmış, ədəbi zirvəyə aparan yoluna cığır açmış və müəllifə böyük oxucu auditoriyası qazandırmışdır. 1940-cı ildə “Uşaqgəncnəşr”də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də dəfələrlə çap edilmişdi. “Bir gəncin manifesti”i bu gün də qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş “Bir gəncin manifesti” Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilmişdir.

Mir Cəlalın nəşr olunmuş altı romanı oxuculara məlumdur. “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır” romanlarında keçmiş, “Açıq kitab”, ”Yaşıdlarım”, ”Təzə şəhər” romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınmışdır. “İnsanlıq fəlsəfəsi” (1961) kitabında toplanmış hekayələri böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. “İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”, “Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”, “Qocaların uşaq söhbəti” və digər hekayələrində real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunmuşdur.

Mir Cəlalın bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr olunmuşdur: “Seçilmiş əsərləri” (2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4 cilddə, 1967-68), “Seçilmiş əsərləri” (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”, hekayələrdən ibarət “Bostan oğrusu” (1937), ”Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə hekayələri” (1962),” “Gülbəsləyən qız” (1965), “Silah qardaşları” (1974) və sair. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı nəşr olunmuşdur.

XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutmuşdur. Filologiya təhsili alan tələbələrin I kursda istifadə etdikləri “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi sonralar da mütəxəssislərin stolüstü kitabı olmuşdur. Mir Cəlal müəllim 1936–cı ildən ömrünün sonunadək dərs dediyi Bakı Dövlət Universitetinin auditoriyalarında bu fənndən mühazirələr oxumuşdur.

Elmi fəaliyyətini davam etdirən gənc Mir Cəlal 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” adlı əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini almışdır. Füzuli poeziyasının qüdrətinə heyran olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən bağlı Mir Cəlal 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək və əvvəlki əsərini təkmilləşdirərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirmişdir. Professor Qara Namazov deyir ki, Mir Cəlalın “Füzuli sənətkarlığı” monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək, mənimsəmək və dərk etmək üçün elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr olunmuşdur.

“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərində isə Mir Cəlal XX əsrin əvvəllərində inqilabi-demokratik meyillərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında müfəssəl tədqiqatlar aparmış, əhatəli elmi nəticələr əldə etmişdir.

Mir Cəlalın tanınmış tədqiqatçı Firudin Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” əsəri 40 ilə yaxındır ki, ali məktəblərin dərs vəsaitidir. Bu dərslikdə XX əsrin böyük ədəbi şəxsiyyətləri, onların yaradıcılığı, ədəbi mühitə gətirdiyi yeniliklər haqqında əhatəli elmi fikirlər əks olunmuşdur. Mir Cəlal böyük şəxsiyyətlərin həyat və yaradıcılıqlarını, dövrün ictimai-siyasi, ədəbi-mədəni mühitini öyrənməklə, tədqiq etməklə özü də uca zirvələr fəth etmiş, şəxsiyyət kimi müdrikləşmişdir.

Əməkdar elm xadimi Mir Cəlal XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq tarixində elə bir iz açmışdır ki, bu, XXI əsrin də ədəbi-elmi zirvəsində görünəcəkdir. Müdriklik, saflıq, vicdan, ləyaqət tarix boyu mənəviyyat zirvəsində dayandığı kimi.

1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşan, böyük şəxsiyyət kimi tarixləşmiş, əziz müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlalın xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olacaqdır.

Bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da bu böyük ədibin yubleyi qeyd edilir, əsərləri çap olunaraq maraqla oxunur.

“YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilməkdədir.

Ötən ilin noyabrında Parisdə, YUNESKO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdir. XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətlər göstərən Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində qeyd olunması, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmin və dəyərin təzahürüdür. 2008-2009-cu illərdə YUNESKO-nun dünya miqyaslı hadisələrin və şəxsiyyətlərin yubileylərinin qeyd olunması ilə bağlı qərarına Mir Cəlal Paşayevin də adının daxil edilməsi, həm də Azərbaycan-YUNESKO əməkdaşlığının inkişafının bariz nümunəsidir.

 

AZƏRTAC