Xalq qəzeti.-2009.-27 yanvar.-N 19.-S.3.

 

Azərbaycan demokratiyanı təkmilləşdirmə laboratoriyasıdır

 

Tanınmış Ukrayna politoloqu, Ukrayna XİN yanında Diplomatiya Akademiyasının dosenti İqor SLİSARENKO AzərTAc-ın xüsusi müxbirinin xahişi ilə Azərbaycanda keçiriləcək referendum barədə düşüncələrini bölüşür:
Azərbaycanın demokratik sisteminin təkmilləşdirilməsi Ukrayna üçün də qiymətli təcrübədir, çünki ölkələrimiz Avropanın demokratiyanın və insan hüquqlarının keşiyində duran aparıcı qurumu olan Avropa Şurasının nisbətən gənc üzvləridir. Ona görə də məhz Ukraynada gedən proseslər baxımından Azərbaycanda başlayan, ən müxtəlif fikir və rəylərin səsləndiyi diskussiya barədə bir neçə kəlmə demək istəyirəm.
Bilavasitə insan hüquqlarına aidiyyəti olan düzəlişlərdən başlayım. Vətəndaşın iradəsinə zidd olaraq gizli video-fotoçəkilişlərinaudioyazıların aparılmasına qadağanın qoyulması, heç şübhəsiz, insanın hüquqlarının, onun şərəf və ləyaqətinin müdafiəsi istiqamətində əhəmiyyətli addım olacaqdır. Bu, hazırda informasiya texnologiyalarının sürətli inkişafının doğurduğu təhdidlərə, həqiqətən, lazımlı və qanuni cavabdır. İndi hər bir kəsin ən müasir kommunikasiya vasitələrindən istifadə imkanı var.
Lakin həmin imkan həmişə xeyirxah məqsədlərə xidmət edirmi? Həmin düzəliş jurnalistlərin hüquqlarını pozurmu, onları təhqiqat aparmaq, necə deyərlər, gizli çəkiliş aparmaq imkanından məhrum edirmi? Əsla, yox. Axı, jurnalist müəyyən hüquqi sahədə başqa vətəndaşların hüquqlarına qeyd-şərtsiz hörmət etməklə işləməlidir. Gizli video-fotoçəkilişlərdənaudioyazılardan istifadə yolu ilə jurnalist təhqiqatı aparılmasının Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları əsasında işlənmiş dəqiq hüquqi proseduru vardır.
Konstitusiyaya uşaq əməyinə qadağa qoyan əlavənin edilməsi, heç şübhəsiz, mütərəqqi addımdır. Dünya təcrübəsi göstərir ki, bu halın qarşısının alınması üçün ölkənin beynəlxalq müqavilələrə, indiki halda isə BMT-nin Uşaq Hüquqları Bəyannaməsinə qoşulması heç də həmişə yetərli deyildir. Düzəliş isə uşaq əməyinə qadağa qoyulmasına əməl olunmasını hər bir vətəndaşın Konstitusiya vəzifəsinə çevirir.
Azərbaycan Avropa Şurasının üzvü olduğu üçün 40 min seçicinin qanunvericilik təşəbbüsü ilə bağlı düzəlişi nəzərdən keçirmək olduqca maraqlıdır. Məlumdur ki, Avropa Şurası nümayəndəli demokratiya (representative democracy) modelini dəstəkləyir. Bu düzəlişin təklif edilməsi faktının özü hakimiyyətlə xalq arasındakı etimadın səviyyəsindən, Azərbaycan cəmiyyətinin yetkinliyindən xəbər verir. Həqiqətən də, zəif və qeyri-sabit ölkələrdə belə norma dramatik hadisələrə gətirib çıxara bilərdi. Lakin mən görürəm ki, Azərbaycan cəmiyyətinin özünütəşkili və düşüncə tərzi əlverişli olmayan bütün ssenariləri istisna edir.
Maraqlıdır ki, həmin düzəliş siyasi partiyaların, o cümlədən, bəlkə də ilk növbədə, müxalifət partiyalarının, ictimai təşkilatların fəaliyyətinə, vətəndaş təşəbbüsünə güclü təkan verir. İndən belə parlamentdə təmsil olunmayan partiya artıq dövlət qərarlarının qəbulunda iştirak imkanından məhrum edildiyindən şikayətlənə bilməz. Üstəlik, düzəliş həmin partiyanı təklif etmək, inandırmaq üçün xalqla sıx təmasda olmağa vadar edir. Bu baxımdan 2002-ci ilin referendumu yada düşür. Onda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə parlament seçkilərinin proporsional sistemi ləğv edilmişdi. Həmin qərarın nə dərəcədə uzaqgörən olduğu isə indi aydın olur. Hələ də buna qane olmaq istəməyən kəslərə isə sırf partiya siyahıları üzrə seçki sisteminə keçən Ukraynaya nəzər salmağı məsləhət görürəm. Burada hakimiyyətdə olan bəzi partiya rəhbərləri xudbincəsinə özlərini hakimiyyətə gəlməyin və onu əldə saxlamağın belə sadə mexanizmindən məhrum etmək istəmirlər.
Azərbaycanda prezidentlik müddətlərinin sayına məhdudiyyətlərin götürülməsinin məqsədəuyğunluğu barədə diskussiya, əslində, qeyri-adi bir şey deyildir. Belə mübahisələr elə iki müddət normasını bütün dünyaya yaymış ABŞ-ın özündə də vaxtaşırı yaranır. Hamıya məlumdur ki, XX əsrdə ABŞ-ın ən uğurlu prezidenti sayılan F.Ruzvelt dörd dəfə seçkilərdə qalib gəlmiş və hakimiyyətin hansısa şəkildə qanunsuz ələ keçirilməsi baş verməmişdi. İki müddət norması təkcə ABŞ-da deyil, eləcə də həmin normanı qəbul etmiş ölkələrdə aşağıdakı mənfi halları doğurmuşdur: fəaliyyətdə olan prezident birinci müddətin lap əvvəlindən ikinci müddətə seçilməsi üçün seçki kampaniyasına başlayır; ikinci müddətin ilk günündən isə ona artıq hakimiyyətdən gedən şəxs kimi baxırlar. Gördüyümüz kimi, belə məhdudiyyətin zəruriliyini nə dəqiq hüquqi, nə də siyasi əsaslandırması yoxdur.
Digər tərəfdən, həmin müddəa hüquqi baxımdan da qüsursuz deyil, vətəndaşın seçilmək və özü istədiyi namizədə səs vermək hüququ məhdudlaşdırılır. Prezidentin hakimiyyəti qəsb etməməsinin təminatı isə hakimiyyət orqanları arasında səlahiyyətlərin bölüşdürülməsi sistemi, məsuliyyətin və hakimiyyətdən əl çəkmənin təsbit olunmuş hüquqi normaları, vətəndaş cəmiyyətinin fəallığı və ən nəhayət, azad mətbuatdır. Bütün bunlar Azərbaycanda vardır.
Nəhayət, bugünkü qlobal dünya belə bir təzad doğurmuşdur: informasiya mübadiləsi, kapitalın və resursların yerdəyişməsi, qərarların qəbulu prosesləri artıq saniyələrlə ölçülür, perspektivlərin və gələcək təhdidlərin müəyyənləşdirilməsi, strateji planların həyata keçirilməsi üçün isə artıq unudulmaz beşilliklər deyil, onilliklər və daha çox müddət nəzərdə tutulur.
Qədəm qoyduğumuz qlobalizm erasında siyasi liderliyin ən uğurlu nümunələri (istər Sinqapurdakı Kuan Yu, istər Malayziyadakı Mahathir, yaxud da Birləşmiş Ərəb Əmirliklərindəki Zaid olsun) heç vaxt müvəqqəti məhdudiyyətlərlə bağlı olmamışdır.
Lap bu yaxınlarda mən yazmışdım ki, başqa ölkələrin yüzilliklər boyu keçdikləri demokratik inkişaf yolunu Azərbaycan bir neçə ildə qət etmişdir. Referenduma çıxaracağı düzəlişlərlə Azərbaycan əsl demokratiyanı təkmilləşdirmə laboratoriyası olacaqdır.

 

Zeynal AĞAZADƏ