Xalq qəzeti.-2009.-24 yanvar.-N 17.-S.4.

 

19 yanvarda televiziyanın enerji bloku niyə partladılmışdı?

 

1990-cı ilin faciəli yanvar günlərinin ən dəhşətli məqamlarından biri televiziyanın enerji blokunun partladılması idi. Məlumat üçün bildirək ki, ən operativ informasiya vasitəsi olan televiziya və radionun fasiləsiz fəaliyyəti məhz enerji blokunun işindən asılıdır. Enerji bloku işləmirsə, deməli, televiziya da, radio da susuz dəyirmana dönəcək. 1990-cı il yanvar ayının 19-da axşam enerji mənbəyi olan blokun partladılmasından məqsəd də, fövqəladə vəziyyət elan olunmadan, bir neçə saat sonra sovet qoşunlarının Bakını zəbt etməsinə haqq qazandırmaq, xalqı informasiya blokadasında saxlamaq idi. Həmin hadisə zamanı televiziyanın montaj otağında Xəbərlər proqramını efirə hazırlayan o vaxtkı baş redaktor müavini Telman Qafarovla söhbətdə həmin günləri xatırladıq.
Telman müəllim, bildiyimizə görə, siz həmin o partlayış axşamı televiziyanı tərk edib getməyən bir neçə nəfərdən biri olmuşunuz. Rəhbərlik nəyə görə işçiləri oradan uzaqlaşdırmağa çalışmışdı? Bəs siz hansı səbəbdən orada qaldınız?
Bu məsələlərə, demək olar, tam aydınlıq gətirilib. Aradan 19 il keçib. Həyatdan gedənlərin dalınca danışmaq istəmirəm. Allah günahlarını bağışlasın. Nə isə... Teleradio işçiləri günorta saatlarında dəstə-dəstə, tələsik televiziyanın giriş qapısından çıxanda mən, Alı Mustafayev, Nadir Abdullayev və operator Ələşrəf Maratlı şəhərdə ayrı-ayrı vətəndaşlardan müsahibələr götürüb işə qayıdırdıq. Bir neçə nəfərin təlaşla hara gedirsiniz, qayıdın, idarədə heç kəs yoxdur deməsindən bir şey başa düşmədik. Sonra məlum oldu ki, işçilər məhz respublika rəhbərliyinin, Ə.Vəzirovun göstərişi ilə televiziyadan evə buraxılıb. İkinci mərtəbədəki montaj otağına gəldik. Tələsirdik, saat 8-də Xəbərlər efirə çıxmalı idi.
Müsahibələri kimlərdən götürmüşdünüz? Mövzu nə idi?
Əsas mövzu Qorbaçovun Azərbaycana qarşı düşmənçilik mövqeyi, bir də Ə.Vəzirovun və respublikanın digər rəhbərlərinin o günlərdəki antixalq mövqeyinin tənqidi idi. Son günlərdə Vəzirov televiziya rəhbərliyinə tapşırmışdı ki, məni tənqid etsinlər, amma təhqirə yol verməsinlər. Müsahibə verənlərin ağzından od püskürürdü, bəzən təhqiramiz ifadələr də işlədilirdi. Biz montaj zamanı çox dərinə gedib hər sözü qayçılamırdıq. Saat 7-də məni telefona çağırdılar. Telefonda dedilər: Telman, sən hələ ordasan? Yaşca səndən böyük bir şəxs kimi, həmyerlin kimi, xahiş edirəm, tələb edirəm, bu dəqiqə düş aşağı, özü də arxa qapıdan yox, əsas qapıdan hovuz tərəfdən çıx.
Danışan kim idi?
İldırım Kəngərlinski, sədr müavini idi. İkimiz də əslən Yerevan şəhərindən olduğumuz üçün mənə canıyananlıq göstərirdi. Mən çıxmadım, qalıb işimi davam edirdim.
Yanınızda kimlər vardı?
Günün ekranı proqramının aparıcı əməkdaşları Alı Mustafayev, Nadir Abdullayev, montaj sexinin rəhbəri Rafiq Qasımov, bir də baş rejissor Vasif Babayev bir yerdə idik. Məni yenə telefona çağırdılar. Danışan rəhbərlərimizdən biri idi. Hökmlə danışdı. Tez ol oradan get dedi. Rədd cavabı verdim, gözlə, yaxandan medal asacaqlar deyib telefonu qapadı.
Axşam 8-ə 20 dəqiqə işləmiş boğuq bir gurultunun eşidilməyi ilə montaj otağının, bütövlükdə, binanın zülmətə qərq olması bir oldu. Kim isə dilləndi: Partlatdılar, demişdilər də...
Kibrit yandırıb aşağı qaçdıq. Arxa qapıdan həyətə çıxanda gözlərimizə inanmadıq. Enerji blokunun qapıları, avadanlıqların hissələri, daş-kəsək əraziyə səpələnmişdi. Blok hələ tüstülənirdi. Orda-burda kiçik alov görünür, qığılcımlar ətrafa səpələnirdi. Bəlkə içəridə qalan, xəsarət alan var? deyib içəri atıldıq. Qabaqda mən, Rafiq Qasımov, bir də Alı Mustafayev idi. İçəridən harayımıza səs verən olmadı. Texniki işçilərdən biri gəlib dedi ki, içəridə heç kim qala bilməz, bir az əvvəl rus əsgərləri blokda işləyənlərin hamısını buradan qovdular. Çox keçmədi ki, əsgərlər bizi də oradan qovub küçəyə çıxartdılar. Montaj otağına qayıdıb lentlərimizi götürməyə də imkan vermədilər.
Ertəsi gün yanvarın 20-si idi...
Mən Bülbülə qəsəbəsində yaşayırdım. Səhər öz maşınımla evdən çıxıb aeroport yoluna çatanda gecə necə dəhşətlər törədildiyi mənə bəlli oldu. Yollar qana boyanmışdı, minik və yük maşınları əzik-üzük edilmişdi, qan gölməçələrinin yanına qərənfillər qoyulmuşdu. İnsan seli Mərkəzi Komitəyə tərəf üz tutmuşdu. Ara yollardan keçib televiziyaya çatdım. Axşam partladılmış enerji blokunun qabağında çoxlu yüksək rütbəli hərbçilər, rəhbər mülki şəxslər toplaşmışdı. Saat 9-da baş mühəndis Rəhim Dərafərin və bir neçə mütəxəssis təmirə başladılar.
Həmin gün Teleradio Komitəsində, deyilənə görə, dramatik hadisələr baş verib ...
Saat 10-da bir neçə nəfər qarşı tərəfdə hovuzun yanında söhbət edirdik. Xalq şairi Bəxtiyar Vahabzadə də gəldi. Gözündən qan damırdı, hirsindən əlləri əsir, dili söz tutmurdu. Elə bu vaxt televiziya və radioya nəzarət edən general Ovçinnikov mühafizəçilərinin əhatəsində bizə yaxınlaşıb əmr etdi ki, bir yerə toplaşmayın, ərazini tərk edin. Bunu deməyi ilə Bəxtiyar Vahabzadənin ona tərəf atılıb üzünə tüpürməyi, üstəlik svoloç! deməyi indi də gözümün qabağındadır. Bircə anda generalın mühafizəçiləri avtomatlarına güllə yeridib üstümüzə tuşladılar. Elə bu vaxt möcüzə baş verdi. Alı Mustafayev generala yaxınlaşıb şirin Qazax ləhcəsində, tovariş general, on deputat, narodnıy poet dedi. General da, mühafizəçilər də qəzəblə bizdən uzaqlaşdılar...
Enerji blokunun təmiri nə vaxt başa çatdı?
Təxminən 2 gün sonra təmir başa çatdı, televiziya fəaliyyətə başladı. Fəaliyyət deyəndə ki, ancaq generallar OvçininkovDubinyakın əmrləri, xalqı sakitliyə çağıran müraciətləri verilirdi. Özləri yazıb, özləri də oxuyurdular. Yollara səpələnmiş qərənfilləri, şəhid məzarlarını çəkmək, efirə vermək mümkün deyildi. General lentlərə baxandan sonra qərarını verdi. Məsələn, mən həmin günlərin birində şəxsən tanıdığım şəhid Zahid Əliyevin ailəsini və məzarını çəkib efirə vermək istəyəndə Ovçinnikov al qərənfillərə qərq olmuş məzarı görüb, sanki, gürzə ilanla rastlaşıbmış kimi bağırdı: snyat (çıxarılsın!) Höcətləşməm onunla bitdi ki, məni avtomat qundağı ilə itələyib otaqdan çıxardılar.
Ümidiniz nəyə idi? Dövranın belə qalmayacağına inamınız vardımı?
İnanın, bizi yaşadan ümid idi, inam idi. Bilirdik ki, Azərbaycan gec-tez müstəqil olacaq, şəhidlərimizin arzuları gerçəkləşəcək. Şükürlər olsun ki, indi o günləri yaşayırıq. Allah cəmi
şəhidlərimizə rəhmət eləsin!

 

Tahir AYDINOĞLU