Azad Azərbaycan.-2009.-20 yanvar, 23 yanvar.-9, 10.-S. 4, 5.

 

Faciələrimiz rəhbərsizlikdən törəndi

 

Qafar Əliyev,

YAP Siyasi Şurasının üzvü, politoloq

 

Ey Vətən oğlu, Vətən övladı Sil gözün yaşını

Qan haçan yerdə qalıb? Təzələ öz yaddaşını.

QABİL

 

Hegelin belə bir fikri var: "Xalqlar və dövlətlər tarixdən heç vaxt və heç nəyi öyrənməyiblər".

Bu sözlər bizim xalqımıza da aiddir. Son üç minillik tarixində xalqımızın başına 20 Yanvar və Xocalı faciələrinə oxşar bəlalar çox gəlib. Lakin tarixən sadə qəlbli və nikbin xalqımız öz yaxın və uzaq keçmişini unuda-unuda yaşadığından yaddaşında ibrət dərsi götürməyə elə bir hadisə qalmayıb.

20 Yanvar 1990-cı il və 26 fevral 1992-ci il tarixli faciələri Azərbaycan xalqına qarşı növbəti soyqırımları idi. Azərbaycan prezidenti Heydər Əliyev Yanvar hadisələri haqqında demişdir: "Yanvar hadisələrinin ildönümünü qeyd edərkən biz bir tərəfdən sovet tanklarının qarşısına əliyalın çıxan adamlarımızın qəhrəmanlığını təbliğ etməli və hadisələrin ibrət dərsini unutmamalıyıq, eyni zamanda həmin gün Vətənimizin azadlığı uğrunda canlarından keçənlərin xatirəsini yad etməliyik".

1990-cı il 20 Yanvardan, 1992-ci il 26 fevraldan keçən müddətdə bu ümummilli faciələrə siyasi qiymət verilməsi ümumi fikir birliyinin yaranması istiqamətində xeyli irəliləyiş olub. Əvvəllər məhdud şəxsi və partiya mənafeyindən bu məsələlərə yanaşanlar bu gün tədricən öz mövqeyini dəyişib ümumxalq mövqeyi baxımından onlara qiymət verirlər. Lakin bu hadisələrin başvermə səbəbləri, əsas günahkarları və ibrət dərsləri ilə bağlı mətbuatda dərc olunan məqalələrdən hiss olunur ki, bir çox ciddi fikir ayrılıqları hələ də qalmaqdadır. Və biz başımıza gələn faciələrdən bu gün də nəticə çıxarmamışıq.

Ona görə də hər iki faciənin başvermə səbəbləri, əsas günahkarları və ibrət dərsləri ilə bağlı öz fikirlərimi oxucularla bölüşmək qənaətinə gəldim.

 

Əvvəlcə 1990-cı il 20 Yanvar faciəsini təhlil edək.

 

I. 20 Yanvar faciəsinin səbəbləri:

Yanvar faciəsinin başvermə səbəbləri haqqında iki müxtəlif fikir var:

1) 20 Yanvar qırğını - sovet imperiyasını qoruyub saxlamaq və Azərbaycan xalqının milli-azadlıq hərəkatını boğmaq üçün törədilmişdi;

2) 20 Yanvar qırğını sovet dövlətini dağıtmaq üçün ortaya atılmış Dağlıq Qarabağ problemini ermənilərin xeyrinə həll etmək məqsədilə Azərbaycan xalqının gözünü qorxutmaq, onun milli-azadlıq hərəkatmı boğmaq üçün törədilmişdi

Səbəb kimi bunlardan hər ikisi eyni dərəcədə inandırıcı olsa da, ikinci fikir daha real və eynidir. Əgər M. S. Qorbaçov və onun əlaltıları 20 Yanvar qırğınını imperiyanı qoruyub saxlamaq üçün törətsəydi, gərək onda erməniləri, Baltikyanı ölkələri bizdən tez qıraydı. Çünki onlarda milli-azadlıq hərəkatı daha erkən başlamışdı. Zaman və hadisələrin sonrakı gedişi şəksiz sübut edir ki, M.S.Qorbaçov məhz SSRİ-ni dağıtmaq üçün 1986-cı ilin dekabrında Alma-Ata hadisələrini, 1989-cu ilin aprelində Tbilisi hadisəsini, 1990-cı il yanvarın 20-də Bakı hadisəsini, 1991-ci ilin yayında isə Vilnüs hadisəsini törətdi. Özü də bu hadisələr planlı şəkildə, məxfi qrafik üzrə törədildi. Birinci fikri söyləyənlər, yəni "20 Yanvar qırğını imperiyanı qoruyub saxlamaq üçün törədilmişdi" şəklində mühakimə yürüdənlər əslində özləri də bilmədən, yaxud da bilərəkdən M. S. Qorbaçova və bu ağır cinayətin digər iştirakçılarına mənəvi haqq qazandırmış olurlar. Əlbəttə, dövlətin ağıllı başçısı onu qorumalıdır, dağıtmalı deyil ki?!

Əsl həqiqət isə ondan ibarətdir ki, M. S. Qorbaçovun SSRİ-ni dağıtmaq üçün rəvac verdiyi Qarabağ problemi tədricən genişlənib Ermənistan-Azərbaycan müharibəsinə çevrildi. Azərbaycanın o vaxtkı rəhbərliyinin maymaq, milli mənafedən uzaq antixalq siyasəti ermənipərəst Qorbaçov rejiminin Dağlıq Qarabağı Ermənistana vermək istiqamətində atdığı addımlara daha da şərait yaradırdı. Lakin həmvətənlərimizin didərgin salınmasından, torpaqlarımızın işğal olunmasından duyuq düşən Azərbaycan xalqı öz azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəyə qalxdı. Getdikcə xalq hərəkatı yüksəlir, onun mütəşəkkilliyi artır, deməli, yuxarı Qarabağla bağlı gizli planların həyata keçirilməsi çətinləşirdi. Ermənistanda yaşayan 200.000 azəri zorla ata-baba torpaqlarından qovulduğundan Azərbaycanda yaşayan ermənilər üçün də müvafiq təhlükə artırdı. SSRİ-ni dağıtmaq vəzifəsini qarşısına qoyan M. S. Qorbaçova da elə bu lazım idi. Beləliklə, Bakıda və digər şəhərlərdə, eləcə də Dağlıq Qarabağda yaşayan ermənilərin həyatı üçün guya təhlükə yarandığını, islam fundamentalizminin gücləndiyini və s. bəhanə edərək M. S. Qorbaçov və onun komandası 1990-cı il Yanvar hadisələrini törətdi.

M. S. Qorbaçovun özü 1995-ci ildə Moskvada nəşr olunan "Jizn i reformı" adlı kitabında yazır: "90-cı illər erməni azərbaycanlı münasibətlərinin yenidən kəskinləşməsi ilə əlamətdar oldu ki, bu da Bakıda erməni qırğınına, ermənilərin şəhərdən "çıxıb getməsinə" gətirib çıxardı. Bu faciə və tarixdən aldığım dərs budur: "Ekstremal şəraitlərdə hakimiyyət güc tətbiq etmədən keçinə bilməz". Onun bu sözləri 20 Yanvar faciəsinin törədilməsinin əsl mahiyyətini pərdələmək məqsədi güdür. Real tarixi həqiqət isə ondan ibarətdir ki, 1985-ci ilin aprelində hakimiyyət başına gələn və "yenidənqurma" konsepsiyası ilə guya SSRİ-də islahatlar aparmaq istədiyini bildirən M. S. Qorbaçovun əsl niyyəti bu dövləti dağıtmaq, xalqlar arasına nifaq salmaq, onları bir-birilə vuruşdurmaq idi.

İndi bir daha aydın oldu ki, M. S. Qorbaçov və onun komandası SSRİ-ni dağıtmaq, Azərbaycan xalqının isə milli-azadlıq hərəkatını boğmaq, onun gözünü qorxutmaq və Qarabağ problemini Ermənistanın xeyrinə həll etmək məqsədilə 20 Yanvar faciəsini törətmişdir. Faciəni törədən ən başlıca səbəb bu idi. Aydındır ki, bu qlobal və beynəlxalq mahiyyətli hadisənin törədilməsinin digər səbəbləri də ola bilər. Lakin onlar ikinci dərəcəli səbəblər, yaxud da bu əsas səbəbdən törənən nəticələrdir.

20 Yanvar faciəsinin başvermə səbəblərindən danışarkən belə bir vacib sualı da aydınlaşdırmaq lazım gəlir: bu faciə obyektiv zərurətindənmi törənmişdi? Yaxud da həmin günlər kütləvi qırğınlardan qaçmaq və ya yan sovuşmaq mümkün idimi? Bu sualın cavabını verərkən ziyalılar, tədqiqatçılar və ya siyasətçilər yenə də əsasən 2 qrupa bölünürlər:

Birinci qrupun nümayəndələri 20 Yanvar faciəsini M. S. Qorbaçovun SSRİ-ni qoruyub saxlamaq məqsədilə törətdiyini iddia edərək belə bir fikir də irəli sürürlər ki, bu hadisədən qaçmaq mümkün deyildi. Faciə planlaşdırılmış bir hadisə idi. AMİP lideri Etibar Məmmədov deyir: "Moskva bu cəza aksiyasını həyata keçirməliydi. Bunu əsaslandırmaq üçün Azərbaycanda hakimiyyətdə olan, xalqımızın taleyi üçün məsuliyyət daşıyan adamlardan da istifadə olunmuşdu. Onların əlilə Moskvaya teleqramlar hazırlanmışdı ki, Azərbaycanda kütləvi qırğınlar gedir, rus əhalisi kütləvi şəkildə çıxarılır və s. Bunun da qarşısını almaq, qayda-qanun yaratmaq üçün Bakıya ordu hissələri yeridilmişdi. Bunu əsas kimi götürüb ordunu Bakıya yeritmişdilər. Bu da xalqın gözünü qorxutmaq, onu cəzalandırmaq üçün hazırlanmış plan idi. Bu fikrin tərəfdarları 20 Yanvar faciəsini qanunauyğun bir proses kimi təqdim edirlər. Və bildirirlər ki, hər bir azadlıq qan tələb edir, ona görə də bu labüd bir proses idi. Digər tərəfdən də, onlar söyləyirlər ki, sovet imperiyası da digər bütün imperiyalar kimi dağılarkən mütləq ucqarlarda qan-qırğın törətməli idi. Xalq Cəbhəsinə və digər müxalifətçi partiyalara mənsub olan siyasətçilər deyirlər ki, bu, sovet imperiyasının təbiətindən doğan bir obyektiv hal idi. Maraqlıdır ki, onların bu ideyası "Respublika" qəzetində Musa Axundov və Qəşəm Əliyev tərəfindən daha da əsaslandırılır:

"... 70 il idi yol gəlirdik "20 Yanvara", 70 ilin bəhrəsiydi "Qara Yanvar", "20 Yanvar". 1920-ci ilin 28 aprelindən üzü bəri hər an gözlənilirdi bu qırğın. Odur ki, bu soyqırımı mütləq olmalıydı. Fərqi yoxdur, beş gün tez, beş gün gec...". Güman ki, müxalifət düşərgəsinin nümayəndələri də bu fikirdədirlər. Aydındır ki, kağızı, qəzeti və ya jurnalı doldurmaq üçün yazılmış və ya deyilmiş bu fikirlərin real həqiqətlə heç bir əlaqəsi yoxdur. Əgər biz bir anlığa 20 Yanvar faciəsinin Moskva tərəfindən planlaşdırılmış bir hadisə, quruluşun təbiətindən doğan hal olduğunu qəbul etsək, onda, deməli hadisələrin baş verməsində yerli rəhbərlərin və digər qüvvələrin günahlarını yüngülləşdirmiş və ya tamam yumuş oluruq. Əlbəttə, bu, tarixi saxtalaşdırmaq olardı. Bizə kimsə yalandan günahlandırmaq və ya kimisə sudan quru çıxarmaq yox, hadisəni törədən obyektiv səbəbləri və onun günahkarlarını aydınlaşdırmaq lazımdır.

İkinci qrupun nümayəndələri isə 20 Yanvar faciəsinin obyektiv, quruluşun təbiətindən gələn hal yox, tamamilə subyektiv amilın - yəni ayrı-ayrı vəzifəli şəxslərin Azərbaycan xalqına qarşı xəyanətinin nəticəsi hesab edirlər. Xalq şairi Bəxtiyar Vahabzadə, Dini Qurumlarla İş üzə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, ASDP-nin həmsədri Zərdüşt Əlizadə və başqaları belə hesab edirlər ki, bu qırğın zəruri deyildi, ondan qaçmaq, onun qarşısını almaq mümkün idi. Bəxtiyar Vahabzadə (onun Yanvar qırğınına siyasi qiymət verməyə daha çox mənəvi haqqı çatır) bu barədə belə deyir: "Mən o barədə bir kitab da yazmışam: "Şənbə gecəsinə gedən yol". Əslinə baxsan, mən siyasətçi deyiləm. Amma belə şeyi zəruri hesab etmirəm. Düzdür, Xalq Cəbhəsi fəaliyyətdə idi, Milli Azadlıq Hərəkatı var idi, milli azadlıq duyğuları yetişmiş, cavanlarımız milli şüura çatmışdılar. Amma bütün bunlar "Şənbə gecəsi"ni zəruri hesab etməyə əsas vermirdi".

DQİDK sədri Hidayət Orucov öz müsahibəsində bildirir ki, faciənin qarşısını almaq mümkün idi. O halda ki, xalqın başında ağıllı, tədbirli, uzaqgörən, ən başlıcası isə millətinə sədaqətlə xidmət edən rəhbər olsaydı. Millətə sədaqətlə xidmət edən rəhbərin o vaxt kim ola biləcəyini şeyx həzrətləri öz müsahibəsində bir qədər də açıqlayır: "Necə bilirsiniz, faciənin qarşısını almaq mümkün idimi", - sualına Allahşükür Paşazadə belə cavab verir: "Bəli, onun qarşısını ala bilərdik. Əgər Vəzirovun istefasına nail olunsaydı. Çünki Vəzirov Moskvanın Azərbaycanda quyruğu idi. Mən elə bilirəm ki, həmin vaxt Azərbaycanda hakimiyyət dağılsa idi... Bizim ən böyük səhvimiz vaxtında Heydər Əliyevi hakimiyyətə gətirməməyimiz oldu. Əgər Heydər Əliyev onda gəlsəydi, bəlkə də o faciə baş verməzdi, Dağlıq Qarabağ məsələsi də bu vəziyyətə gəlib çıxmazdı".

Göründüyü kimi, 20 Yanvar faciəsi sadəcə olaraq rəhbərsizlikdən və hakimiyyətsizlikdən törəyib.

 

II. 20 Yanvar faciəsinin əsas günahkarları

 

Azərbaycan xalqına qarşı açıq təcavüz kimi qiymətləndirilən bu hadisədə 131 nəfər (122 kişi, 5 qadın, 4 uşaq) həlak olmuş, 700 nəfər (o cümlədən 25 qadın, 20 uşaq) yaralanmış, 12 nəfər isə itkin düşmüşdür. Həlak olanların milli mənsubiyyətinə görə 117 nəfəri azəri, 3-ü yəhudi, 3-ü tatar, 6-sı rus idi. Sosial mənsubiyyətinə görə 4-ü polis işçisi, 1-i həkim, 12-si tələbə, 1-i aspirant, 3-ü elmlər doktoru idi.

20 Yanvar faciəsinin dəhşətləri təkcə ölən və yaralananların sayı ilə deyil, həm də Bakıya yeridilmiş ordu hissələrinin xüsusi amansızlığı ilə onların insanlara qarşı törətdikləri vəhşiliklərlə (ölən və yaralananların əksəriyyəti arxadan vurulmuşdu) səciyyələnir. Bütün bu hərəkətlər şəksiz şəkildə 20 Yanvarın xüsusi niyyətlərlə. süni formada. özü da məqsədli şəkildə törədilməsindən xəbər verir. O şəxslər ki, 20 Yanvarın obyektiv səbəblərdən və ya quruluşun təbiətindən doğan bir hal olduğunu iddia edirlər, deməli, onlar beynəlxalq erməni lobbisinin Azərbaycan xalqına qarşı tarixi sovet quruluşundan çox-çox uzaqlara gedən məkrli planlarından, kin və küdurətinin dərəcəsindən xəbərsizdirlər.

Ermənilər bu dəfə öz planlarını M. S. Qorbaçovun əlilə törətdilər. 20 Yanvar mərkəzi və yerli dövlət hakimiyyəti orqanlarında oturmuş, ermənipərəst qatil, cəllad və qaniçən rəhbərlərin antidövlətantixalq siyasətini və bir də hakimiyyətə can atan yeni siyasi qüvvələrin, o cümlədən Xalq Cəbhəsinə məxsus olan və DTK xətti ilə xalq hərəkatına yeridilmiş liderlərin günahı ucbatından baş verdi.

Faciədən keçən dövrdə bu günahkar tərəflərdən hər biri özünün günahsız olmaları haqqında nə qədər cəhdlər, təşəbbüslər etsələr də, tarix bu hadisəyə öz siyasi qiymətini vermişdir. Bununla belə, bu gün də faciənin əsas günahkarları və onların günahlarının nə dərəcədə çox və ya az olması məsələsində yersiz mübahisələr getməkdədir. Bəziləri Yanvar faciəsinin sovet quruluşunun təbiətindən doğduğu və ya sovet rəhbərləri tərəfindən planlaşdırıldığını və bu səbəbdən də ondan qaçmağın qeyri-mümkünlüyünü iddia etməklə, bu və ya başqa formada o vaxtkı yerli rəhbərlərin və ya Xalq Cəbhəsinin liderlərinin günahlarını yumaq və ya yüngülləşdirmək istəyirlər. ASDP-nin sədri Zərdüşt Əlizadə "... Əlbəttə, həmin günlər kütləvi qırğınlardan qaçmaq olardı", - deyərək hadisənin baş verməsində 98 faiz M. S. Qorbaçovu, 2 faiz isə bilavasitə bu cinayətin törənməsi üçün qərar verən AXCP liderlərini günahkar hesab edir. Necə deyərlər, Ayaz Mütəllibovu, Ə.Vəzirovu və başqa yerli rəhbərləri isə "sudan quru" çıxarır.

Hadisələrin qaynar mərkəzində olsa da keçmiş ədliyyə naziri Əlisahib Orucov deyir: "Əgər Moskva Azərbaycan Ali Sovetinin Rəyasət Heyətindən (onlar on bir nəfər idi) razılıq almasa idi, heç vaxt belə bir fərman verə bilməzdi. Qoşunun yeridilməsinin təşkilatçısı və təşəbbüsçüsü bizim rəhbərlik olmuşdur. Yoxsa, rusun nəyinə lazım idi ki, gəlib burada qan töksün". Bu sözlər 1988-ci ildən bu günə qədər baş verən proseslərin mahiyyətini Orucovun bu gün də başa düşmədiyini göstərir. O həm də unudur ki, 1986-cı ildə Alma-Ataya, 1989-cu ilin aprelində Gürcüstana, 1990-cı ilin yanvarında isə Bakıya qoşun yeridib dinc əhalini qıran zaman M. S. Qorbaçov ölkənin ali siyasi rəhbərliyi olan Sov-İKP MK-nın Siyasi Bürosu ilə məsləhətləşməmişdi və ölkənin ali rəhbərliyinin belə bir qərarı yox idi.

Kommunist Partiyasına mənsub olan bir çox digər nümayəndələr isə bu faciənin baş verməsində AXC-nin günahını daha çox şişirdərək deyirdilər: "Həmin vaxt AXC dövlət çevrilişi törətmək istəyirdi", "Qoşunlar bir gün də gec gəlsəydi, daha böyük faciə törənəcək, daha çox adam öləcəkdi". 1990-cı ilin yanvarın 25-də keçirilən Azərbaycan KP MK-nın növbədənkənar plenumunda Azərbaycan DTK-nın o vaxtkı sədri V. Hüseynov çıxış edərək bildirdi ki, 20 Yanvarda Bakıya qoşun yeridilməsinin hüquqi əsası var idi və guya qeyri-millətlərə qarşı zorakılıq halları olmuşdu, AXC hakimiyyətə gəlmək istəyirdi və s. elə oradaca xalqın qeyrətli oğullarından biri olan BDU-nun dosenti, MK üzvlüyünə namizəd Çingiz Həsənov Vaqif Hüseynova verdiyi sualda bildirib ki. sizin mövqeyinizlə M. S. Qorbaçovun mövqeyi eynidir. İndi mənə deyin: M. S. Qorbaçov sizin verdiyiniz məlumat əsasında çıxış edib, yoxsa sız onun çıxışma əsaslanırsınız? Ramiz Əhmədov, Qeysər Xəlilov və başqaları da ordunun Bakıya yeridilməsinə və qırğın törədilməsinə mənəvi haqq qazandırırlar. AXC-ni isə günahlandırırlar. Aydındır ki, bu fikirlər ümummilli mənafedən deyil, şəxsi hakimiyyət və ya qrup mənafeyindən deyilmiş sözlərdir və heç vaxt real həqiqətləri əks etdirə bilməz.

I. 20 Yanvar faciəsinin ən böyük birinci dərəcəli günahkarı M. S. Qorbaçov başda olmaqla o vaxtkı sovet rəhbərliyidir. "Yenidənqurma" adı və ya guya islahatlar aparmaq bəhanəsi ilə həyata keçirilən tədbirlər əslində SSRİ-ni dağıtmaq məqsədi güdürdü Bu süni hərəkətlər nəinki Azərbaycana və digər sovet respublikalarına, eləcə də bütün bəşəriyyətə misli görünməmiş fəlakətlər gətirdi. 20 Yanvar faciəsi M. S. Qorbaçovun insanlığa, bəşəriyyətə qarşı törətdiyi yüzlərlə cinayətdən biri və bəlkə də ən dəhşətlisi idi. Ümumiyyətlə, 1985-ci ildən sonra keçmiş SSRİ ərazisində baş verən bütün faciə və hadisələrin ssenari müəllifi Sov.İKP MK-nın baş katibi Qorbaçov və onun erməni lobbisi tərəfindən ələ alınmış komandası idi.

1990-cı il yanvarın 19-da M. S. Qorbaçov "Yanvarın 20-dən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında" SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarını imzalamışdı. Fərman yalnız yanvarın 20-də, səhər saat 6-7 radələrində, yəni televiziyanın enerji bloku partladıldıqdan və qırğın törədildikdən sonra radio ilə elan edilmişdi. Artıq o vaxt demək olar ki, əməliyyat başa çatmaqda idi. Əməliyyat başlamazda və fövqəladə vəziyyət elan olunmasından xeyli qabaq isə Bakı şəhərinə qrafik üzrə 1990-cı il yanvarın 11-də 2.557 nəfər, 12-də 1.061 nəfər, 13-də 710 nəfər, 14-də 1.415 nəfər, 16-da 1.600 nəfər, 17-də 225 nəfər, 18-də 190 nəfər, 19-da 60 nəfər əlavə əsgər, milis və kursant gətirilib.

Ümumiyyətlə, qırğın vaxtı 66,5 min nəfərlik qoşundan istifadə edilib ki, onun da 44,9 mini Sovet ordusu, 20,6 mini daxili qoşunlar, 1.000 nəfəri isə kursant hissələri olub.

Hadisə ərəfəsində, yəni 1990-cı il yanvarın 10-dan etibarən Azərbaycanda yaşayan yüksək vəzifəli rus vətəndaşlarının ailə və uşaqları aeroportdan Rusiyanın müxtəlif şəhərlərinə yola salınırmış. Bütün bunlar 20 Yanvarın M.S.Qorbaçov tərəfindən planlı şəkildə və xüsusi məqsədlərlə hazırlandığını və həyata keçirildiyini sübut edir. M.S.Qorbaçovun bu əmrinin həyata keçirilməsində bütün sovet rəhbərliyi, Sov.İKP MK Siyasi Bürosu və Nazirlər Kabinetinin üzvləri, eləcə də müdafiə naziri D.Yazov, onun müavini V.Barannikov, SSRİ daxili işlər naziri V.Bakatin, onun müavini A.Demodov, Sov.İKP MK katibi A.Girenko, Sov.İKP MK millətlərarası münasibətlər şöbəsinin müdir müavini V.Mixaylov, SSRİ müdafiə nazirinin birinci müavini, ordu generalı V.Varennikov, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin birinci müavini F.Bobkov, kontr-admiral E.Sidorov və başqaları iştirak etmişlər. Onlar SSRİ-nin o vaxtkı qüvvədə olan Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndini və Azərbaycan SSR Konstitusiyasını kobudcasına pozmuşlar. M.S.Qorbaçov Bakıda fövqəladə vəziyyət elan edərkən və qoşun yeridərkən Sov.İKP MK Siyasi Bürosunun razılığını almamışdı. Bu şəxslərin hamısı təkcə Azərbaycan xalqına qarşı deyil, eləcə də insanlığa qarşı cinayət törətdikləri üçün adları tarixin yaddaşına XX əsrin qaniçənləri kimi qara hərflərlə həkk olunmalıdır.

2. 20 Yanvar faciəsinin II qrup günahkarları Ə. Vəzirov A.Mütəllibov basda olmaqla Azərbaycanın o vaxtkı yerli rəhbərləri idi.

Əgər biz 20 Yanvar faciəsinin M.S.Qorbaçov tərəfindən SSRİ-ni dağıtmaq və Azərbaycan xalqının gözünü qorxutmaqla Dağlıq Qarabağ problemini ermənilərin xeyrinə həll etmək məqsədilə törədildiyini deyiriksə, onda həmin vaxt Azərbaycanın yerli rəhbərləri olan Ə.R.VəzirovunA.N.MütəIlıbovun elə-belə, təsadüf nəticəsində və ya öz şəxsi qabiliyyətləri ilə həmin kürsülərə sahib olduqlarını düşünmək sadəlövhlük olardı. Ə.R.Vəzirov M.S.Qorbaçov tərəfindən o vəzifəyə Ermənistandan qovulan azərbaycanlıların Dağlıq Qarabağa yerləşdirilməsinə mane olmaq, Azərbaycandan isə ermənilərin çıxarılmasına imkan verməmək və ümumiyyətlə, Azərbaycan xalqının başının altına yastıq qoymaq, onu arxayınlaşdırmaq məqsədilə təyin edilmişdi. Ə.R.Vəzirov xalq tərəfindən "bambılı" ləqəbi qazansa da, "hamam tikmək", "qoz əkmək", "ölkəni kompüterləşdirmək" kimi sərsəm, yersiz ifadələr işlətməklə öz tarixi missiyasını "məharətlə" başa çatdırdı. 20 Yanvar 1990-cı il ərəfəsində artıq Ə.Vəzirov öz rolunu oynayıb bitirməkdə idi və həmin vaxt A.Mütəllibov fiquru yavaş-yavaş yeni "lider" obrazında xalqın şüuruna yeridilirdi. Məlumdur ki, Dağlıq Qarabağ problemi SSRİ Ali Sovetində müzakirə edildiyi zaman, Ermənistan tərəfindən 1-ci şəxs - yəni Ermənistan KP MK-nın I katibi çıxış etdiyi halda, Azərbaycan tərəfindən isə 2-ci şəxs, yəni Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov çıxış edirdi. Onun yarıçılpaq həqiqətləri rus dilində rəvan nitqlə söyləməsinə televiziyaya tamaşa edən xalqımız sadəlövhlüklə bu sözlərin səmimiyyətinə inanır, bu fiqurun gələcəyinə böyük ümidlə baxırdı. Həmin vaxt Ə.Vəzirov isə Azərbaycan nümayəndə heyətinin tərkibində əlini sifətinə qoyub qoyun kimi gözlərini döyürdü.

İndi anlayırıq ki. bütün bunların hamısı əvvəlcədən planlaşdırılmış bir ssenari imiş və Azərbaycanın o vaxtkı rəhbərləri ancaq və ancaq ermənilərin planlarını həyata keçirmək və torpaqlarımızın işğalına şərait yaratmaq. xalqın səfərbər olmasına. ayılmasına. milli-azadlıq hərəkatına mane olmaq üçün həmin kreslolara oturdulmuşlar.

Nə isə, keçək əsas mətləbə. Nə idi onların günahı və səhvləri? 1990-cı il yanvarın 15-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti "Azərbaycan SSR-in DQMV-də vəziyyətin normallaşdırılması sahəsində təxirəsalınmaz vəzifələr haqqında" qərar qəbul etmişdi. Qərarda nəzərdə tutulur ki, DQMV-yə bitişik rayonlarda və SSRİ-nin dövlət sərhədi boyunca fövqəladə vəziyyət tətbiq olunsun və həmin məsələ ilə əlaqədar SSRİ Ali Sovetinin Rəyasət Heyətinə müraciət edilsin. 1990-cı il yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti DQMV-də və bəzi rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında qərar qəbul etmiş, həmin qərara əsasən 1990-cı il yanvarın 15-də yerli saat 23.00 - dən "DQMV ərazisində, Azərbaycan SSR-in ona bitişik rayonlarında, Ermənistan SSR-in Gorus rayonunda, habelə Azərbaycan SSR ərazisində SSRİ dövlət sərhədi boyunca sərhəd zonasında" fövqəladə vəziyyət elan edilmiş və Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə təklif olunmuşdu ki, əhalinin, müəssisələrin, idarə və təşkilatların təhlükəsizliyini təmin etmək üçün Bakı, Gəncə şəhərlərində və digər yaşayış məntəqələrində qadağan saatının tətbiqi də daxil olmaqla lazım olan hər cür tədbirlər görsün. Sadəcə olaraq eyni vaxtda qəbul edilən və sözbəsöz oxşayan, üst-üstə düşən, heç bir ziddiyyət təşkil etməyən bu iki qərar o zaman Azərbaycan rəhbərliyinin Moskva ilə və Moskva rəhbərliyinin isə Azərbaycan rəhbərliyi ilə "əlbir" olduğunu sübut edir.

Günah dərəcələrinə görə Azərbaycanın o vaxtkı rəhbərlərini sıra ilə düzsək, ilk növbədə Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov və Azərbaycan SSR Nazirlər Sovetinin o vaxtkı sədri A.Mütəllibov, habelə Azərbaycan Ali Sovetinin sədri E.Qafarova, Azərbaycan DTK-nın sədri V.Hüseynov, Bakı şəhər Partiya Komitəsinin birinci katibi M.Məmmədov, Azərbaycan KP MK-nın bəziləri istisna olmaqla əksər büro üzvləri və ya üzvlüyə namizədlər, Nazirlər Soveti sədrinin müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və b. bu ümumxalq faciəsində hərəsi öz xüsusi "töhfəsini" verməklə günahkar idilər.

Məsələn, E.Qafarova Moskvaya teleqram vuraraq qoşun tələb etmişdi. Doğrudur, AKP MK-dan, Ali Sovetin Rəyasət Heyətindən ittifaq orqanlarına göndərilmiş teleqramları, habelə digər sənədləri əldə etmək mümkün olmamışdır. Yalnız Respublika Nazirlər Sovetinin qeydiyyat jurnalında sabiq sədr A.Mütəlhbovun belə teleqramı qeyd olunub.

V.Hüseynov Moskvaya eyni məzmunlu teleqram vurmaqdan əlavə 10 yanvar 1990-cı ildə Azərbaycan teleradio mərkəzinin enerji blokunun partladılmasında və Bakıda bəzi milli zəmində kütləvi iğtişaşların təşkil edilməsində şəxsən iştirak etmişdi.

V.Hüseynov, Ə.Daşdəmirov, M.Məmmədov, R.Əhmədov və başqaları əvvəlcə əhalini fövqəladə vəziyyət tətbiq ediləcəyi haqda yalançı vədlər verməklə aldatmışdılarsa, qırğından sonra isə qoşunun yeridilməsinə və soyqırımına ideoloji bəraət qazandırmışdılar. Bu isə xalqa açıqdan-açığa xəyanət idi. Bu xəyanətkarların günahları ikiqat və ya üç-qat idi.

Birincisi, onlar M.S.Qorbaçovun SSRİ-ni dağıtmaq və Azərbaycanı parçalamaq planlarından xəbərdar olduqları halda, SSRİ-nin dünyanın gözü qarşısında dağılmağa doğru getdiyini görə-görə öz çürük hakimiyyətlərini qoruyub saxlamaq naminə Moskvanın göstərişlərinə kor-koranə şəkildə tabe olur, beləliklə də, erməni planlarının həyata keçməsinə şərait yaradırdılar. Ermənilərin özləri etiraf etmişdilər ki, əgər Azərbaycanın o vaxtkı rəhbərliyi Ermənistandan qovulan azərbaycanlıları Dağlıq Qarabağa yerləşdirməyə başlasaydılar, ermənilər bu prosesi dayandırmağa məcbur olacaqdılar. Bax, burada Ə.Vəzirovun, A.MütəIIibovunE.Qafarovanın Azərbaycan xalqına qarşı tarixi xəyanəti bir daha aşkar olur.

İkincisi, Azərbaycanın o vaxtkı yerli rəhbərləri xalqın qanına nə qədər susamışdılarsa, 20 Yanvar faciəsindən sonra da ancaq öz hakimiyyətləri haqda fikirləşirdilər. Onların heç biri istefa vermədilər, plenum çağırıb yeni I katib seçdilər, fövqəladə vəziyyəti uzatdılar, sovet qoşunlarının Bakıya yeridilməsinə, xalqı qırmasına bəraət qazandırdılar. Beləliklə, Azərbaycanın Ə.VəzirovA.MütəIlibov başda olmaqla o vaxtkı rəhbərliyi antixalq mövqeyi tutdu və Azərbaycan xalqına qarşı qırğınlar törədilməsinə, torpaqlarımızın işğal olunmasına, respublikanın mənəvi-psixoloji cəhətdən böyük sarsıntılara məruz qalmasına şərait yaratdılar. Onlar 20 Yanvar və Xocalı faciəsinin həm iştirakçısı, həm də vasitəçisi olmuş və bu qırğınlara bilavasitə şərait yaratmışdılar. Ona görə də 20 Yanvar faciəsinin 2-ci əsas günahkarı respublikanın o vaxtkı rəhbərliyi hesab olunur.

Üçüncü, 20 Yanvar faciəsinin 3-cü qrup günahkarları Azərbaycan Xalq Cəbhəsinin bir çox liderləri idi.

O zaman meydanlara toplaşan, milli azadlıq hərəkatına başlamış olan, milli müstəqillik istəyən xalqa rəhbərlik etmək, erməni-Azərbaycan müharibəsində milləti səfərbər etmək üçün bir siyasi təşkilatın yaradılması zəruri idi. Kommunist Partiyasının artıq siyasi səhnədən getdiyini, yeni bir təşkilatın isə yaranmasına ehtiyac olduğunu hiss edən xalq təbii ki, Xalq Cəbhəsinə maraq göstərir, onun liderlərinə rəğbətlə yanaşır və böyük ümidlər bəsləyirdi. Lakin SSRİ-ni dağıtmaq məqsədini güdən və bunun üçün də min cür fitnə-fəsadlar törədən, eləcə də Qarabağ "kartı"nı yenidən işə salan M.S.Qorbaçovun rəhbərlik etdiyi, istiqamətləndirdiyi SSRİ DTK-sı da öz işini görmüş, yuxarıdan xalqın başı üzərində bir çox öz əlaltılarını "lıder" simasında xalq hərəkatına yeritmişdi. Xalq hərəkatı ilə Xalq Cəbhəsi arasında dərin ziddiyyət və uçurum var idi. Ona görə də hələ 1988-ci ildən xalq hərəkatı qarşıdurmalar, liderlərin bir-biri ilə yersiz mübahisələri, bir-birini günahlandırmaq və ya böhtan atmaq şəraitində inkişaf edirdi. Cəbhə liderləri özləri-özlərini açıqca hansısa kəşfiyyatın əlaltısı olmaqda günahlandırırdı. Xalq isə eşitdiklərinə sadəcə inanmaq istəmirdi. Bu məsələnin bir tərəfi. Məsələnin digər əsas cəhəti də onda idi ki, hadisələrin ilk anından xalqın istəyi ilə cəbhə liderlərinin istəyi arasında ziddiyyət yaranmışdı. Məsələn, xalq öz hərəkatına özünün içərisindən çıxmış Bəxtiyar Vahabzadə, Anar, Murtuz Ələsgərov, İmam Daşdəmirov, Ziya Bünyadov, Fərəməz Maqsudov, İsmayıl Şıxlı və b. kimi hörmətli el ağsaqqallarının rəhbərlik etməsini istəyirdisə, cəbhə liderləri onları "kommunist rejiminin yetişdirdiyi ziyalı" damğası ilə ləkələyib təhqir edir, zorla meydanlardan uzaqlaşdırırdı. Onlar əsl vətənpərvər ziyalıları özləri hərəkatdan kənarlaşdırır, daha sonra isə "ziyalılar passivlik edir" - deyə, şikayətlənirdilər.

Bir faktı xüsusilə qeyd etmək istəyirəm ki, Xalq Cəbhəsi ilə xalq hərəkatı arasında anlaşılmazlığın ən əsas səbəblərindən biri də Heydər Əliyev şəxsiyyətinə münasibət idi. Meydanlara toplaşan, nə edəcəyini, hara gedəcəyini, erməni işğalından necə xilas olacağını bilməyən xalqın yeganə ümidi və pənahı hələ 1988-ci ildən Heydər Əliyev idi. Xalq nəzərini Moskvada yaşayan Heydər Əliyevə dikir, bu ağır məqamda ondan məsləhətlər almaq istəyirdi. Xalq Cəbhəsinin liderləri isə ayrı-ayrı mitinqlərdə "o, KQB generalı olub", "Kommunist Partiyasına xidmət edib" - kimi cəfəng ifadələrlə xalqın inamına, iradəsinə qarşı çıxırdılar. Xalqda sovet sisteminin müsbət və mütərəqqi olan bir çox cəhətlərinə daxili rəğbət var idi. Xalq Cəbhəsi liderləri isə ağına-bozuna baxmadan yaxın keçmişimizi lənətləyir, damğalayırdılar. Beləliklə, Xalq Cəbhəsi yarandığı gündən əsl vətənpərvər ziyalılarla bu təşkilatın liderləri arasında bir neçə prinsipial məsələdə dərin uçurum yaranmışdı və bunlara görə xalq bu qurumu heç vaxt qəbul edə bilməzdi. Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün antikonstitusion üsul və vasitələrə əl atırdı. Əgər meydanlara toplaşan xalq yerindən yurdundan didərgin olanların öz doğma torpaqlarına qaytarılmasını, torpaqlarımızın müdafiə olunmasını tələb edirdisə, cəbhə liderləri daxildə "düşmən ovuna" çıxırdılar. Onların məqsədi əvvəlcə hakimiyyətə gəlmək, sonra isə torpaqlarımızı qorumaq idi. Ola bilsin ki, bir çoxu digər məqsədlər üçün hakimiyyətə can atırdılar. 1989-cu ildən və 1990-cı ilin yanvarı ərəfəsində Xalq Cəbhəsinin liderləri ilə respublika rəhbərliyi arasında hakimiyyət uğrunda mübarizə kəskinləşdiyi vaxt ermənilər Qarabağda öz işlərini görməkdə idilər. 1990-cı ilin yanvar hadisələri zamanı Azərbaycan xalqını qırmaq, onun gözünü qorxutmaq məqsədi güdən M.S.Qorbaçov daxildəki hakimiyyət mübarizəsi faktorundun istifadə edərək Azərbaycana qoşun yeritdi. Bu, cəbhəçilərin böyük taktiki səhvi idi. Adını "Xalq Cəbhəsi" qoymuş bir qurum milli mənafelər naminə xalq hərəkatmı birləşdirməyə nail ola bilmədi. Çünki onların məqsədləri çox dayaz və məhdud idi. Bu gün bəziləri 20 Yanvar faciəsinin baş verməsində ona görə Xalq Cəbhəsinin liderlərini günahlandırır ki, onlar guya xalqı əliyalın tankların qabağına çıxarıblar. Xeyr, bu Xalq Cəbhəsinin günahı deyildi. Əgər onlar xalqı səfərbər ediblərsə, bu özlüyündə müsbət hal idi. Lakin Xalq Cəbhəsinin günahı onda idi ki, hadisələrin mahiyyətini dərk etmirdilər, ətraflarında gedən prosesləri bir çoxu anlamırdı və xalqı səhv yola istiqamətləndirirdilər. Onlar bir tərəfdən deyirdilər ki, SSRİ imperiyadır, digər tərəfdən də xalqa toxtaqlıq verirdilər ki, qorxmayın, atəş açılmayacaq, qırğın olmayacaq. Qırğın baş verəndən sonra isə gah deyirdilər ki, biz gözləməzdik sovet əsgərləri xalqa atəş açar, gah da deyirdilər ki, bu xalq hərəkatı idi, xalq hərəkatı qırğınsız ola bilməz. Bu doğrudur ki, xalq hərəkatı qırğınsız, qansız ötüşmür. Amma o fikir də doğrudur ki, həqiqi xalq hərəkatında, müharibədə təkcə əsgərlər ölmür, komandirlər də həlak olur. Bəs, bizim hərəkatda? Şeyx Həzrətləri Allahşükür Paşazadə dəfn təşkil edən zaman Xalq Cəbhəsi liderlərindən heç biri onun ətrafında yox imiş. Təkcə İsa Qəmbər dəfndə iştirak etmək istəyib, onu da xalq dəfnə buraxmayıb. Xalq Cəbhəsi liderlərinin növbəti günahı xalqı matəm vəziyyətində qoyub qaçıb gizlənmələri oldu.

1990-cı il yanvarın 13-də Xalq Cəbhəsi Əbülfəz Elçibəy, Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət Pənahov və Xaliq Hacıyevdən ibarət Milli Müdafiə Şurası yaratmışdı. Lakin onun nə işlə məşğul olduğu heç kəsə bəlli olmadı. Onlar əhalidən pul yığırmışlar ki, guya silah alacaqlar və yaxud M.S.Qorbaçovu qətlə yetirəcəklər və s. Amma nə qədər silah aldıqları, ölən adamların müqabilində neçə sovet əsgəri öldürdükləri bəlli olmadı. Bəzən də liderlərin dilindən 20 Yanvar ərəfəsində ziddiyyətli fikirlər eşidilirmiş. Onlar deyirmişlər: "Pul gətirin, çoxlu silah alacağıq, DTK bizə silah verəcək?!". Hansı DTK, sovet DTK-sını, yaxud Vaqif Hüseynovun rəhbərlik etdiyi Azərbaycan DTK-sı? Əhalinin gülləboran ediləcəyi haqda Xalq Cəbhəsinin iki-üç üzvünü Azərbaycan KP MK-da II katib işləyən V.Polyaniçkonun xəbərdar etməsi və bu faciədə Xalq Cəbhəsinin radikal qanadının günahkar olması barədə bir neçə dəfə fikir söylənmişdir.

Nəhayət, siyasi təşkilat kimi yaranan və qarşısına siyasi məqsədlər qoyan AXC-nin vahid konsepsiyası, planı, strategiya və taktikası yox idi. Xalq Cəbhəsinin funksionerləri sözdə Əbülfəz Elçibəyin liderliyini qəbul etsələr də, əslində onların hərəsi özləri üçün bir lider idi və heç biri o birisinin ərizəsini oxumurdu. Xalq hərəkatının fəal iştirakçılarından Yusif Səmədoğlunun dediyi bu sözlər həqiqətdir: "1990-cı il yanvarın 19-u gecəsi Xalq Cəbhəsinin idarə heyətinin iclası keçirildi. Orada biz müzakirə edirdik ki, camaatı mitinqlərdən, şəhərin küçə və meydanlarından dağıdaq, ya dağıtmayaq. Hələ iclasdan əvvəl mən bir neçə yerdə, o zamankı Mərkəzi Komitə (hazırkı Prezident Aparatı) binasının qabağında, Tbilisi prospektində çıxış edib adamlara deyəndə ki, dağılın evlərinizə, onlar mənə dedilər: Bizə Nemət Pənahov və o biriləri tapşırıblar ki, heç yerə tərpənməyin"... Göründüyü kimi, siyasi mübarizə aparan bir təşkilatın vahid proqramı, fikir birliyi yox idi. Vahid mərkəzdən idarə olunmurdu və vahid məqsədlərə də xidmət etmirdi. Lakin bu sözlər, yəni 20 Yanvarda AXC-ni günahlandırmaq üçün gətirilən bu arqumentlər, əlbəttə, bütün AXC üzvlərinə və ya sıravi üzvlərə şamil deyil. Yazov "Sovet Ordusu AXC-ni məhv etmək üçün Bakıya yeridilib" desə də, onun cəza mexanizmi ancaq hərəkatda heç bir məqsəd güdməyən sıravi cəbhəçilərə tətbiq olundu. AXC-nin başı liderlik uğrunda mübarizəyə qarışdığı vaxt sadə cəbhəçilər Vətən torpaqlarını qoruyurdular. Ona görə də biz bu sözləri yazmaqla Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış sıravi cəbhəçilərin fəaliyyətinə kölgə salmaq fikrindən uzağıq. Söhbət ancaq DTK xətti ilə hərəkata yeridilmiş və ələ alınmış Xalq Cəbhəsi liderlərinin günahından gedir. Onların rəyi, fikri və iradəsi ilə sadə cəbhəçilərin ideya və məqsədi həmişə fərqli olub. Heydər Əliyevə qarşı 1987-ci ildən sonra Moskvada kampaniyaya başlanılarkən və Azərbaycanın o vaxtkı rəhbərləri olan Ə.Vəzirov, A.MütəllibovV.Hüseynov bu məsələdə M.S.Qorbaçovla "həmrəy" olarkən çox maraqlı məsələdir ki, Ə.Elçibəy başda olmaqla AXC liderlərinin də fikirləri onlarla üst-üstə düşürdü. Lakin sıravi cəbhəçilər Heydər Əliyevə dərin məhəbbət bəsləyən xalqla həmişə bir olmuş, onun yenidən hakimiyyətə qayıtmasında fəal rol oynamışlar. Onlar Azərbaycanın milli-azadlıq hərəkatının lideri, milli müstəqilliyinin bayraqdarı simasında həmişə Heydər Əliyevi görmüş və onu özlərinə şəriksiz lider hesab etmişlər. 1990-cı ilin iyununda Heydər Əliyev Vətənə dönən andan, hələ ondan da xeyli əvvəl, yəni milli müstəqillik hərəkatının başlandığı andan milli vətənpərvərlərin, həqiqi ziyalıların, geniş xalq kütlələrinin əvəz olunmaz lideri idi. Dəxli yox idi, o hakimiyyətə qayıtdı və ya qayıtmadı. Çünki xalq, seçmə ziyalılar Heydər Əliyev Moskvada olanda Moskvaya, Naxçıvanda olanda da Naxçıvana onun yanına məsləhətə gəlirdilər. Təkcə Ə.Vəzirov, A.Mütəılibov, V.Hüseynov və onların komandasından, bir də bəzi cəbhə liderlərindən başqa, bütün Azərbaycan xalqı ən çətin anlarında xilaskar simasında yeganə ümummilli liderimiz Heydər Əliyevi görmüşdür. Göründüyü kimi, bəzi cəbhə liderləri də mələk donuna bürünərək öz fəaliyyətləri ilə məlum ssenarilərin həyata keçirilməsində M.S.Qorbaçova və erməni diasporuna yardımçı olmuşlar.

20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi

 

20 Yanvar faciəsinin başvermə səbəbləri və əsas günahkarlarının müəyyən edilməsi, eləcə də bu hadisədən ibrət dərsləri çıxarılması olduqca vacib əhəmiyyət daşıyır. Baş verdiyi gündən bugünədək 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi məsələsində Azərbaycanda iki əsas meyl olmuşdur. O şəxslər və ya qruplar ki, 20 Yanvar faciəsində günahkar tərəflərdir və ya onların tərəfdarlarıdır, onlar bu hadisəyə ya vaxtında qiymət verməmişlər, yaxud da yanlış siyasi qiymət vermişlər. Ayaz Mütəllibovun və Xalq Cəbhəsinin hakimiyyəti dövründə bu hadisə həmişə sükutla qarşılanıb. Hələ 1990-cı il yanvarın 22-də Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar fövqəladə sessiyası çağırılaraq orada 20 Yanvara siyasi qiymət verilməsi ortaya atılanda hadisələrdə şəxsi iştirakı və günahı olan Ayaz Mütəllibov və onun komandası bu işi pozmaq üçün dəridən-qabıqdan çıxmışlar. Ali Sovetin o vaxtkı sədri Elmira Qafarova özü sessiya çağırmalı olduğu halda, əksinə, hər vasitə ilə "sessiyanın gündəliyi bir ay öncədən elan olunmalıdır", "kvorum yoxdur" və s. deyərək onu pozmaq istəmişdi. Azərbaycan DTK-sının o dövrdəki sədri Vaqif Hüseynov sessiya keçirilməsi vaxtı ayrıca otaqda əyləşib, onun normal şəraitdə keçirilməsinə mane olur, tez-tez MK katiblərini yanına çağırıb onlara Ayaz Mütəllibovdan və Polyaniçkodan aldığı tapşırıqları verirmiş.

Lakin bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 22-də xalq şairi Bəxtiyar Vahabzadənin şəxsi təşəbbüsü və radioda çıxışı ilə fövqəladə sessiya çağırıldı. İsmayıl Şıxlı, Anar, Elçin, Almaz Hacıyeva, Zeynəb Xanlarova, Qədir İsmayılzadə, Aslan Nəsibov, Çingiz Həsənov və başqaları deputatların Ali Sovetə toplaşmasını təmin etdilər. Bir tərəfdə sessiyanın işini pozmağa çalışan, 20 Yanvar faciəsini ört-basdır etməklə cinayətkarları təmizə çıxarmaq istəyən satqın partnomenklatura deputatları, digər tərəfdə isə Vətənini sevən, bu faciəni dünyaya bəyan etmək istəyən, Azərbaycanın müstəqilliyini, sovet qoşunlarının respublikamızdan çıxarılmasını tələb edən vətənpərvər deputatlar dayanmışdı. İkincilər sessiyada üstünlük qazandılar və həmin sessiyada "Bakıda fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar Mixail Qorbaçovun imzaladığı fərmanın icrasının dayandırılması haqqında". "Yanvarın 19-da başlanan hadisələrin gedişində hərbi hissələrin qanunazidd hərəkətləri haqqında". "Qoşunların şəhərdən çıxarılması haqqında". "Bakıya qoşun yeridilməsi ilə əlaqədar faciənin törədilməsi şəraitini və səbəblərini təhqiq etmək üçün deputat-istintaq komissiyasının yaradılması haqqında" qərarlar qəbul edildi. Orada həmçinin "Dünya xalqlarına və parlamentlərinə" müraciət də qəbul olundu. Ağır şəraitdə keçən bu sessiya məhdud xarakter daşısa da, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildi. Fövqəladə sessiyanın qərarına əsasən SSRİ Ali Sovetinin üzvü, kimyaçı alim Midhəd Abbasovun sədr və BDU-nun hüquq fakültəsinin dekan müavini və Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri Tamerlan Qarayevin müavin olduğu, tərkibinə 21 rəsmi şəxsin, o cümlədən 3 nəfər Xalq Cəbhəsi nümayəndəsinin daxil olduğu komissiya yaradıldı. Komissiyanın işində riyaziyyatçı Əfruz Məşi qızı Eyvazova, DİN müstəntiqləri Zəlimxan Kərim oğlu Hüseynov və Taqiət Əli oğlu Zeynalov, hüquqşünas Aydın Alim oğlu Rəsulov, kimyaçı Səftər Məmməd oğlu Nəhmətov kimi 5 nəfər də Könüllü yaxından kömək edirdi. Komissiya 1991-ci ilin yanvar ayının 20-dək, yəni bir il müddətində bu hadisəni araşdırıb ilkin hesabat təqdim etməli idi. Lakin həmin vaxta hesabat başa çatdırılmadı. Onlar süründürməçilik edərək faciənin törədilməsinin əsl günahkarlarmı ört-basdır etmək yolunu tutdular. Yalnız 2 ildən sonra 1992-ci il yanvarın 19-da Milli Məclisin iclasına səthi məlumat çıxardılar. Milli Məclis isə kimlərisə faciənin günahkarı kimi ittiham etmək əvəzinə, komissiya üzvlərinə heç bir iş görməyə-görməyə təşəkkür elan etdi. Heydər Əliyev bu məsələdən bəhs edərkən 19 yanvar 1997 - ci ildə Xalq Cəbhəsi dövründə 20 Yanvar faciəsi haqqında qəbul olunmuş qərarı Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsi qədər böyük bir xəyanət adlandırmışdı.

Yanvar faciəsinin 3-cü ildönümü də sükutla qarşılanıb, Azərbaycan rəhbərliyinin məsuliyyətinin üstündən keçilib. Beləliklə, vaxtında hüquqi-siyasi qiymət verilmədiyindən və cinayətkarlar aşkar olunub cəzalandırılmadığın görə həmin proseslərin davamı kimi Xocalı soyqırımı baş verdi.

20 Yanvara hüquqi-siyasi qiymət verməyə Azərbaycan KP MK-nın aparatının ilk partiya təşkilatı tərəfindən də təşəbbüs göstərilmişdi. KP MK-nın aparatının sıravi işçiləri Çingiz Həsənov, Aslan Nəsibov və Novruz Ramazanov faciə gününün səhərisi MK aparatına (indiki Prezident Aparatı) gəlmiş, bütün işçilərin evlərinə zəng vuraraq aparata çağırmış, ilk partiya təşkilatının yığıncağını keçirmiş, orada Ə.Vəzirovun Sov. İKP sıralarından azad edilməsi və cinayət məsuliyyətinə cəlb olunması məsələsini qoymuş və 20 Yanvara siyasi qiymət verilməsini tələb etmişlər. Lakin sıravi işçilər tərəfindən qaldırılmış bu təşəbbüs yuxarı pillə işçilər tərəfindən soyuqqanlıqla ört-basdır edilmişdi.

Faciəyə hüquqi-siyasi qiymət verilməsi təşəbbüsü 1990-cı il yanvar ayının 24-25 - də keçirilən Azərbaycan KP MK-nın plenumunda da qaldırılmışdı. İsmayıl Şıxlı, Mirzə İbrahimov, Aqşin Əlizadə, Ağalar Abbasov, İmran Mehdiyev, D.Aslanov, T.Rzayeva və b. 20 Yanvara partiya qiyməti və siyasi qiymət verilməsini təkidlə tələb etsələr də, A.Mütəllibov, V.PolyaniçkoV.Hüseynov buna imkan vermədilər. Onlar hüquqi-siyasi qiymət verilməsi məsələsinə ötəri toxunub təşkilati məsələni ortaya ataraq 82 səslə Ayaz Mütəllibovu M.S.Qorbaçovun tövsiyəsi ilə Azərbaycan KP MK-nın birinci katibi seçdilər. Beləcə, Ayaz Mütəllibov Azərbaycan xalqının düşməni, cəllad M.S.Qorbaçovun tövsiyəsi ilə respublikanın yeni rəhbəri təyin edildi. Lakin plenumda demokratik əhvalı-ruhiyyəli kommunistlərin təkidi ilə komissiya yaradıldı. Bunlardan birinə Əfrand Daşdəmirov sədrlik edirdi (üzvləri R.Əhmədov, N.Axundov, N.Babayev (Xəzri), İ.Qolovina, A.Nəsibov, T.Rzayeva, İ.İsmayılov, Z.Hüseynzadə) və onun vəzifəsi 20 Yanvar faciəsinin səbəblərini təhqiq etməli idi.

 

1991-ci ilin martın 31-də keçirilən Azərbaycan KP MK-nın plenumunda faciəni araşdıran komissiyanın hesabatı dinlənildi. Ə.Daşdəmirov özünün quraşdırdığı suallar əsasında belə bir nəticə çıxardı ki. fövqəladə tədbirlər tələb edilir. Ayaz Mütəllibovun və M.S.Qorbacovun rəyi ilə üst-üstə düşən bu çıxışa görə. guya o vaxt xalq və millət parçalanmışdı. millətin daxilində toqquşma var idi və ona görə də fövqəladə vəziyyət labüd idi. Ə.Daşdəmirovun bu məlumatı haqqı tapdalanan xalqa mənəvi böhtan idi. Nahaq yerə qırılan da. günahkar olan da Azərbaycanr özü də öz "ideoloqlarımız "ın əli ilə.

1990-cı ilin yanvarın 24-də keçirilən Azərbaycan KP MK-nın plenumunda yaradılan ikinci komissiyaya isə R.Axundov rəhbərlik edirdi və onun əsas vəzifəsi Ə.R.Vəzirovun Azərbaycan KP MK-nın birinci katibi işlədiyi müddətdəki fəaliyyətini yoxlamaq idi. Bu komissiyanın Ə.Vəzirovun fəaliyyəti haqqında hazırladığı məlumata Azərbaycan KP MK-nın 2 iyun 1990-cı il tarixli növbəti plenumunda baxıldı və 20 Yanvar faciəsinin əsas günahkarlarından biri olan Ə.R.Vəzirova cox səthi cəza-uçot vərəqəsinə yazılmaqla ciddi (?!) töhmət verildi və o, Azərbaycan KP MK-nın üzvlüyündən azad edildi. Ayaz Mütəllibov Vəzirovun nəinki cinayətkar olduğunu sübut etdirmədi, hətta onu partiyada saxlamağı məsləhət bildi. Bu da təbii idi, çünki cinayətkar cinayətkarı heç vaxt ələ verməz.

Beləliklə, Azərbaycan KP MK-nın yanvar, mart və iyun plenumlarında Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilmədi və bunların nəticəsi olaraq növbəti faciələr baş verdi.

Hüquqi-siyasi qiymətin verilməməsinin nəticəsidir ki, 20 Yanvar faciəsinin günahkarları içərisində öz rolu və xidmətləri olan Ramiz Əhmədov kimiləri bu gün də tez-tez Rusiyaya gedir, əvvəlki partiya silahdaşları ilə görüşüb xalqımıza qarşı yeni planlar hazırlayır. O vaxt "qonşular bir az da gec gəlsəydi, daha böyük fəlakətlər olacaqdı, bir nəfər kommunist də partiya biletini saxlamayacaqdı" kimi sözləri deyən Ramiz Əhmədov görəsən, hansı mənəvi haqla bu gün də öz siyasi fəaliyyətini davam etdirir.

Vaxtında hüquqi-siyasi qiymət verilməməsinin nəticəsidir ki, faciələrimizin bir çox günahkarları bu gün də müxtəlif dövlət vəzifələrində oturub eyni qeyrət və "məharətlə" xalqımızın qanını sorur, iqtisadi islahatların, müstəqil dövlət quruculuğumuzun gedişinə mane olurlar. Onlar tədricən müəyyənləşdirilib kənarlaşdırılmalı, milli ruhlu vətənpərvər, vətənimizin faciələrinə dözməyərək öz səslərini vaxtında çıxarmış, torpaqlarımızın müdafiəsində həqiqətən vuruşmuş, dövlətçiliyimizə sədarətli kadrlarla əvəz olunmalıdır. Belələri isə cəmiyyət içərisində də, sağlam siyasi partiyaların cərgəsində də elm xadimləri və digər ziyalılar arasında da çoxdur.

20 Yanvar faciəsini araşdırmağı öz qarşısına məqsəd qoymuş bir çox digər komissiyalar da yaranmışdır. Onlardan Helsinki müşahidə qrupu, SSRİ Ali Sovetinin üçüncü sessiyasının qərarına əsasən yaradılmış hərbi prokuror Katusevin rəhbərliyi və Bakı qarnizonunun prokuror müavini V.Medvedevin iştirakı ilə SSRİ Hərbi Prokurorluğunun komissiyası, V.Q.Titovun başçılıq etdiyi Dövlət Təhlükəsizlik Komitəsinin istintaq qrupu da 20 Yanvara hüquqi-siyasi qiymət verə bilməmiş, cinayətkarları məsuliyyətə cəlb etməmişdi. Yalnız hərbçi ailələrini müdafiə məqsədi ilə yaradılan "Şit" adlı istintaq qrupu 1990-cı ilin yanvarından Bakıda fövqəladə vəziyyətin elan olunması və hərbi qoşun yeridilməsi üçün əsas olmadığı qənaətinə gəlmiş və sabiq SSRİ müdafiə naziri D.Yazova qarşı ittiham irəli sürmüşdü. Bu qrup onu Beynəlxalq Hərbi Tribunalın nizamnaməsinin 6-cı maddəsini pozmaqda, həmçinin Azərbaycan SSR Cinayət Məcəlləsinin şəxsiyyətə qarşı cinayətlərə aid maddələrinə düşən hərbi cinayət işlətməkdə günahlandırmışdı. Aydındır ki, təkcə Yazov özbaşına Bakıya qoşun yeridə bilməzdi. Ümumiyyətlə, bu beş araşdırma komissiyasının heç biri 20 Yanvar faciəsinə əsl qiymət verə bilməmiş, onun günahkarlarını tam açıqlamamışdır.

20 Yanvar faciəsinin, eləcə də digər faciələrimizin başvermə səbəblərini, onun əsas günahkarlarını tam dolğunluğu ilə açan, müqəssirləri bütün dünyada ifşa edən, qatil kimi tanıtdıran, eyni zamanda bu ümumxalq faciəsinə hüquqi-siyasi qiymət verilməsinin təşkilatçısı və rəhbəri ümummilli liderimiz Heydər Əliyev olmuşdur.

Heydər Əliyev hələ 1990-cı il yanvarın 21-də, yəni faciənin sabahısı günü Moskva ətrafındakı bağlardan birində müalicədə ola-ola, xəstə vəziyyətdə oğlu İlham Əliyev və qızı Sevil Əliyeva, eləcə də kürəkəni Mahmud Məmmədquluyev və nəvələri ilə birlikdə Moskvadakı Azərbaycan SSR-in daimi nümayəndəliyinə gəlib, Azərbaycan xalqına başsağlığı verib və mətbuat konfransı keçirdi. Sonra da Arxangelsk televiziyasına müsahibə verdi. Heydər Əliyev daimi nümayəndəlikdə mətbuat konfransındakı çıxışında bu faciənin Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə birbaşa əlaqədar olduğunu, üstündən iki il keçməsinə baxmayaraq, bu sahədə ölkənin ali siyasi partiya rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlərin görülmədiyini qeyd edərək, məhz bunların nəticəsində çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilənin baş verdiyini bildirdi. Bütün bunlar üçün isə ilk növbədə Azərbaycan KP MK-nın sabiq birinci katibi Vəzirovun günahkar olduğunu elan etdi.

Heydər Əliyev 20 Yanvar faciəsinin baş verməsinin əsas günahkarları haqqında deyirdi: "Bunlar üçün ilk növbədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır. Xalq isə hiddətlənmişdir. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərliyinin istefası tələbi irəli sürülmüşdür. Söhbət əslində Vəzirovun istefasından gedirdi. Bəs məsələ indiyə kimi niyə həll olunmamışdır? Yalnız dünən Bakı şəhərinə ordu yeridildikdən, qırğın və dağıntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan, əslində qaçmışdır. Bu, böyük səhvdir. Ən böyük səhv, sözsüz ki, qeyri-ciddi, bu yüksək vəzifəyə əsla yaramayan adamın bir vaxt Azərbaycan KP MK - ya birinci katib təyin edilməsi idi.

Göründüyü kimi, Heydər Əliyev sərt ittihamla həm ölkənin ali siyasi partiya rəhbərliyini, yəni M.S.Qorbaçovu, həm də Azərbaycan rəhbəri Ə.Vəzirovu bu qırğında ilk növbədə günahkar sayırdı.

Daha sonra Heydər Əliyev 1990-cı ilin iyulunda Naxçıvana qayıtdıqdan və 1991-ci il sentyabr ayının 9-da Naxçıvan MR Ali Məclisinin sədri seçildikdən sonra 20 Yanvara daha əhatəli, hüquqi-siyasi qiymət verilməsi üçün şərait yarandı. Həmin il noyabr ayının 21-də Heydər Əliyevin əlilə yazdığı və Naxçıvan MR Ali Məclisi tərəfindən qəbul olunmuş müvafiq qərarda 20 Yanvarın Milli Matəm günü kimi qeyd olunması qərara alınmışdı. Faciənin əsas günahkarları adbaad sadalanmış və onların birbaşa məsuliyyət daşıdıqları göstərilmişdir. Həmin sənəddə o vaxt hakimiyyətdə olan həm mərkəzi dövlət rəhbərləri SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.S.Qorbaçovun, Sov.İKP MK-nın katibi Girenkonun, SSRİ müdafiə naziri Yazovun SSRİ daxili işlər naziri Bakatinin, Sov.İKP MK-nın məsul işçisi Mixaylovun, həm də respublikada hakimiyyətdə olan Azərbaycan KP MK-nın birinci katibi Vəzirovun, Azərbaycan KP MK-nın büro üzvləri Polyaniçkonun, Müslüm Məmmədovun, Vaqif Hüseynovun, Nazirlər Sovetinin sədri A.Mütəllibovun adlarının çəkilməsi, xalqa qarşı həyata keçirilən bu siyasi və hərbi qəsd üçün cavabdeh olduqlarının və birbaşa məsuliyyət daşıdıqlarının heç nədən çəkinmədən qeyd olunması Heydər Əliyevin nə qədər cəsarətli və qorxmaz, Vətənini və xalqını sevən bir insan olduğunu, bu yolda ən ağır mübarizədən belə ehtiyat etmədiyini bir daha sübut etdi.

Axı o, böyük ordusu və texnikası olan M.S.Qorbaçovun qarşısında heç bir ordusu və silahlı qüvvəsi olmayan Naxçıvan kimi vilayətin rəhbəri idi və belə qərar yazmaq həqiqətən cəsarət tələb edirdi. Həmin sənədin qərar hissəsində deyilirdi:

1. 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin.

2. Dinc əhaliyə, silahsız kütlələrə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edilsin.

3. Bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Bakı faciəsinə Azərbaycan SSR-in ali hakimiyyət orqanları tərəfindən siyasi qiymət verilməmişdir. Bununla əlaqədar yaradılmış deputat komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmamasına, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni məsuliyyətə verilməməsinə qəti etiraz olunsun.

Azərbaycan SSR Ali Sovetindən tələb edilsin ki, ən qısa müddətə həmin məsələ parlamentin müzakirəsinə çıxarılsın.

4. Bu qərar qəbul edilən andan 20 Yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında Milli Matəm günü kimi qeyd olunsun.

5. Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin ki, 20 Yanvar günü hər il Azərbaycan SSR-də Milli Matəm günü kimi qeyd edilsin.

Bu gün dövlət hakimiyyətində yüksək vəzifələr tutan, lakin 1990-93 - illərdə deputat-istintaq komissiyasının üzvü olmuş, səsini çıxarmaqdan belə qorxan yüksək vəzifə sahiblərinə Heydər Əliyevin bu cəsarətli qərarı bir nümunədir.

1990-cı il 20 Yanvar faciəsinin ümumrespublika miqyasında hərtərəfli şəkildə qiymətləndirilməsi isə ancaq ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıtdıqdan sonra mümkün oldu. 1994-cü il yanvarın 5-də Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin verdiyi sərəncamda bu faciənin respublika miqyasında geniş araşdırılıb hüquqi-siyasi qiymət verilməsi tövsiyə olunurdu. 1994-cü il yanvarın 12-də Heydər Əliyevin sədrliyilə 20 Yanvar faciəsinin 4-cü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üzrə dövlət komissiyasının geniş iclası oldu. Həmin iclasda Heydər Əliyev bildirdi ki, 4 il keçəndən sonra da biz bu bəlanın başvermə səbəblərini və günahkarlarını indiyə qədər dəqiq araşdıra bilməmişik.

Dövlət komissiyasının ciddi fəaliyyəti nəticəsində 1994-cü il mart ayının 29-da Azərbaycan Respublikası Milli Məclisi "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi.

Qərarda 20 Yanvar faciəsi qabaqcadan şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmiş cinayət aktı kimi qiymətləndirilir. Orada qeyd olunur ki, qoşunların Bakıya yeridilməsi kommunist rejimini saxlamaq, milli-azadlıq hərəkatını boğmaq məqsədinə xidmət etmişdir. Əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur.

Qərarda bu faciənin əsas günahkarları sırasında M.S.Qorbaçov, SSRİ Müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və başqaları qeyd olunur.

Azərbaycan rəhbərlərindən Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov, Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçko, Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vaqif Hüseynov, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarova, Azərbaycan KP Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədov, MK katibi Əfrand Daşdəmirov, Ali Sovetin 1990-cı il 22 yanvar fövqəladə sessiyasında yaradılmış deputat-istintaq komissiyasının sədri Midhəd Abbasov və başqaları günahlandırılır.

Qərarda həmçinin 1990-cı il 20 Yanvar hadisələrindən ötən 4 il ərzində respublika hüquq-mühafizə orqanlarının keçmiş rəhbərlərinin bu cinayət istintaqı ilə bağlı fəaliyyəti yarıtmaz hesab edilmiş, cinayətkar şəxslərin müqəssirlik dərəcəsinin müəyyənləşdirilməsində hüquq-mühafizə orqanlarının fəaliyyəti qeyri-qənaətbəxş qiymətləndirilmişdir.

Beləliklə, yalnız və yalnız Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə faciələrimizin səbəblərini araşdırmaq, onlara hüquqi-siyasi qiymət vermək, günahkarları cəzalandırmaq, bu əsasda isə bütövlükdə bu hadisələrdən ibrət dərsi götürmək üçün şərait yaranmışdır.

 

YANVAR FACİƏSİNİN ƏSAS İBRƏT DƏRSLƏRİ

 

Hər hansı bir tarixi hadisə ibrət dərsi götürülmədikdə yaddaşlardan tez silinir. 1990-cı il Yanvar faciəsinin Azərbaycan tarixi üçün çox böyük ibrət dərsləri var. Yanvar faciəsinin ən əsas ibrət dərsi Azərbaycanın dövlət müstəqilliyinin zərurət olmasını xalqa anlatması oldu. Hər hansı xalq öz müstəqilliyini qoruya bilməsə, Könüllü və ya zorla başqa imperiyaların, dövlətlərin tərkibinə qatılsa, "böyük qardaş" deyə, kiminsə qoltuğuna sığınsa, onu hər an Yanvar faciələrinə oxşar faciələr gözləyəcək. Belə olan halda hər hansı millətin müqəddəratı özü tərəfindən deyil, daxil olduğu dövlətin rəhbərliyinin iradəsindən, yəni tam subyektiv amillərdən, hisslər və emosiyalardan asılı qalır. Məsələn, SSRİ dövründə Heydər Əliyevin yeritdiyi siyasət nəticəsində Sov.İKP MK-nın baş katibi L.İ.BrejnevY.V.Andropov Azərbaycana çox müsbət münasibət bəsləyirdilər və Azərbaycan onların dövründə həqiqətən xeyli inkişaf etdi.

Amma sonralar M.S.Qorbaçov hakimiyyətə gələndən sonra isə Azərbaycana qarşı, eləcə də onun lideri olan Heydər Əliyevə qarşı təxribatlar törədildi. Heydər Əliyev heç bir əsas olmadan istefaya çıxmağa məcbur edildi, 200 mindən çox azəri öz dədə-baba torpaqlarından qovuldu, Dağlıq Qarabağda ermənilər yenidən baş qaldırdılar və 20 Yanvar faciəsi törədildi. Bütün bunlar onu sübut edir ki, hər hansı bir millət öz müqəddəratını özü müəyyən etməli, öz dövlətini, öz ordusunu, öz iqtisadiyyatını yaratmalı, müstəqil daxili və xarici siyasət yeritməlidir. Əgər ermənilərin torpağımıza təcavüzü zamanı Azərbaycanın öz milli ordusu olsaydı, öz sərhədlərini özü qorusaydı, torpaqlarımız bu qədər asanlıqla işğal edilməzdi, xalqımız bu qədər təhqir olunmazdı. Ona görə də Azərbaycanın müstəqilliyi mütləq və zərurətdir. Dahi öndərimiz Heydər Əliyev bütün çıxışlarında bu məsələyə xüsusi toxunaraq və bəyan edirdi ki, Azərbaycanın dövlət müstəqilliyi sarsılmazdır, əbədidir və heç bir vaxt heç bir kənar qüvvə bu müstəqilliyimizi dağıda bilməz. Bu sözlər bu gün qarşısına müxtəlif siyasi məqsədlər qoymuş partiyalara ciddi bir xəbərdarlıqdır. O partiya ki Azərbaycanın dövlət müstəqilliyini qəbul etmir və hər hansı şəkildə onu hansısa gələcək imperiyanın tərkibində təsəvvür edir, bu tipli partiyalara bizim müstəqillik və demokratik inkişaf yolunu tutmuş gənc respublikamızda yer ola bilməz. Həmçinin o partiyalar ki bu gün də ancaq xarici dövlətlərin çaldığı hava ilə oynayır, xaricə kor-koranə aludəçilik edir, xaricdən dəstək alır, maliyyələşir və s. onlar da vaxtında aşkar edilib ifşa olunmalıdır.

Azərbaycanın müstəqil olması onun hansısa regional və ya beynəlxalq birliklərdə, inteqrasiya proseslərində iştirak etməsini istisna etmir. Məlumdur ki, Azərbaycan Müstəqil Dövlətlər Birliyinin, İslam Konfransı Təşkilatının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür. Lakin bu təşkilatların üzvü olması Azərbaycanın hər hansı şəkildə suveren hüquqlarını məhdudlaşdıra bilməz. Hər hansı yeni birlik forması ancaq və ancaq dövlətlərin bərabərhüquqlu olması və suverenliyinin qorunması şərti ilə mümkün ola bilər. Beləliklə, biz 20 Yanvar faciəsi tipli gələcək faciələrdən qaçmaq üçün mütləq öz müstəqilliyimizi əsrbəəsr, nəsilbənəsil qorumalı və bu yolda mübarizə aparmalıyıq.

20 Yanvar faciəsinin 2-ci ibrət dərsi hakimiyyətsizliyin verə biləcəyi nəticələri xalqa anlatması oldu. 20 Yanvar, eləcə də hər hansı digər faciələrimiz hakimiyyətsizlikdən törəyib.

Xalqa, dövlətə və millətə ancaq milli dəyərlərdən qaynaqlanan, xalqın içərisindən çıxmış, demokratik yolla seçilmiş şəxslər rəhbərlik etməlidir. Əgər millətə və ya xalqa öz xalqını sevən, vətənpərvər adamlar rəhbərlik edərsə, onda o xalq və ya millət hətta müstəqil olmadıqda belə öz milli mənafelərini təmin edə bilər. Erməni tarixi belə misallarla zəngindir. Fars, Bizans, türk, rus imperiyalarından ermənilər ancaq milli mənafe baxımından istifadə etmişlər. Bizim Azərbaycan Respublikasında isə ancaq 1970-1980-ci illərdə Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə respublika SSRİ tərkibində tam müstəqil olmadığı halda belə çox böyük sıçrayışla irəliləmiş, Sovet İttifaqının böyük potensialından lazımınca bəhrələnmişdir.

Əlbəttə, həmin vətənpərvər adamlar müstəqillik şəraitində dövlətə rəhbərlik edərsə, onda inqilabi sıçrayışlar baş verər, böyük xariqələr yaranar. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi müstəqillik illərində təkcə Azərbaycan nefti ilə bağlı görülmüş işləri, bağlanmış müqavilələri qeyd etmək kifayətdir. Bu müqavilələrin həyata keçməsi ilə respublikamızın siması inanılması mümkün olmayan dərəcədə dəyişəcək, o, dünyanın zəngin ölkələrindən birinə çevriləcək, əhalimizin, xalqımızın rifah halı, potensialı tam yüksələcəkdir. Xüsusilə keçid dövrlərində, dövlət öz müstəqilliyini yenicə qazandığı dövrdə xalqa onun əksəriyyətinin inandığı, sevdiyi və arxasınca getdiyi adamlar rəhbərlik etməlidir. Yalnız belə şəxslər ölkəni fırtınalar və qasırğalardan çıxarıb müstəqillik yolu ilə inamla apara bilər, ölkədə vətəndaş həmrəyliyi, siyasi sabitlik və əmin-amanlıq bərqərar olar. Hamının və ya əksəriyyətin qəbul etmədiyi şəxs hakimiyyətə gəldikdə isə ölkədə özbaşınalıq, anarxiya, hərc-mərclik baş qaldırar ki, bunun da nəticəsində məlum faciələr törənər. 1988-ci ildən sonra respublikamızda baş verən hadisələr şəksiz şəkildə sübut etdi ki, zorla, qeyri-qanuni yollarla, millətin, xalqın qanı hesabına hakimiyyətə gəlmək olar, lakin onu əldə saxlamaq olmaz. Ə.Vəzirov M.S.Qorbaçov tərəfindən xalqın başı üstündən hakimiyyətə gətirilmişdi. Ona görə də 1990-cı ildə öz xalqını qırıb Moskvaya qaçdı. Ayaz Mütəllibov 20 Yanvarda şəhidlərin cəsədləri üstündən cinayətkar kimi hakimiyyətə gəldi və 1992-ci ilin martından da gəldiyi qayda ilə qaçıb Moskvada gizləndi. 1992-ci ilin mayında AXC qeyri-demokratik yolla, alternativsiz, xalqın əksəriyyətinin Heydər Əliyevi istədiyi, tələb etdiyi bir şəraitdə, siyasi fəallıq edərək hakimiyyəti zəbt etmişdi. Xalqın Heydər Əliyevi hakimiyyətə gətirmək haqqında qanuni tələblərini qulaqardına vurmaqla hakimiyyətə gələn Xalq Cəbhəsinin hakimiyyətinin ömrü heç bir il də çəkmədi. 1993-cü ilin iyun Gəncə qiyamı nəticəsində Cəbhə hakimiyyətinə son qoyuldu. 1993-cü ildə ölkədə vətəndaş müharibəsi başlandı, siyasi sabitlik pozuldu və dövlətin bütövlükdə və tamamilə dağılması təhlükəsi yarandı. Belə bir vaxtda Azərbaycan xalqının iradəsi və tələbi ilə onun Vətənini sevən oğlanlarının təşəbbüsü və fəaliyyəti ilə Heydər Əliyev yenidən hakimiyyətə dəvət olundu. 1993-cü ilin oktyabr ayında o, alternativ qaydada, demokratik yolla Azərbaycan Respublikasının prezidenti seçildi. Heydər Əliyev prezidentliyi dövründə sübut etdi ki, rəhbəri xalq özü seçir və bu dəfə də seçməkdə səhv etmədi.

Digər tərəfdən isə son illərin təcrübəsi göstərdi ki. xalq özü seçdiyi rəhbərə inanır və ən ağır şəraitdə belə öz rəhbərini qorumağa. mühafizə etməyə qadirdir. 1994-cü ilin oktyabrında Surət Hüseynov dövlət çevrilişinə cəhd etmək istədikdə. Heydər Əliyevin gecə yarısı çağırışı ilə 100 mindən çox əhali maşınsız. miniksiz Prezident Aparatının qarşısına toplaşdı. Əgər 1993-cü ilin iyununda başlanan Gəncə qiyamı xalqın AXC-Müsavat iqtidarını müdafiə etmədiyinə görə. qiyamçıların Bakıya qədər gəlməsi və AXC iqtidarının məhvi ilə nəticələndisə. 1994-cü ildə eyni məqsəd daşıyan S,Hüseynovun növbəti cəhdi xalqın iradəsinə və yardımına arxalanan Heydər Əliyev tərəfindən layiqincə dəf edildi.

Əgər 1990-1993 - illərdə "təyin olunmuş" rəhbərlər xalqın başına 20 Yanvar, Xocalı, Şuşa, Laçın kimi neçə-neçə faciələrin açılmasına şərait yaratdılarsa, bu əməllərin iştirakçısı oldularsa və onların bəd əməlləri nəticəsində torpaqlarımızın 20 faizi işğal edildisə, bir milyon qaçqın yarandısa və neçə-neçə əlavə faciələr törəndisə, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə xalqımızı gözləyən növbəti fəlakətlərə son qoyuldu, siyasi sabitlik yarandı, torpaqlarımızın işğalı dayandırıldı və iqtisadi dağıntı prosesləri səngidi. Məgər bunlar tarixdə şəxsiyyətin böyük roluna ən bariz misallar deyilmi? Məgər bunlar hakimiyyətsizliklə hakimiyyətin mövcudluğunun, rəhbərsizliklə rəhbər mövcudluğunun, həqiqi liderlə "mifik lider" obrazının fərqini anlamaq üçün kifayət etmirmi?! Beləliklə, 20 Yanvar faciəsindən, eləcə də digər faciələrimizdən doğan ən başlıca növbəti ibrət dərsi odur ki, xalqa onun öz içərisindən çıxmış və həmin dövlətə, onun müstəqilliyinə. çiçəklənməsinə. inkişaf etməsinə xidmət etmək istəyən şəxsiyyətlər rəhbərlik etməlidir, hansısa xarici dövlətlərin əlaltıları və ya fırıldaqçı maliyyə qruplarının, mafioz dairələrin başçıları yox. Əgər 1988-ci ildən Ə. Vəzirov dövründə Heydər Əliyev respublikamıza rəhbərliyə qaytarılsaydı, nə 1990-cı il Yanvar qırğını, nə Xocalı faciəsi, nə Şuşa, nə Laçın, ümumiyyətlə, heç bir faciələrimiz olmayacaq, torpaqlarımız işğal edilməyəcək və Dağlıq Qarabağ problemi də baş qaldıra bilməyəcəkdi. Hətta cəsarətlə deyə bilərəm ki, heç Ermənistandan 200 mindən çox soydaşımız da öz dədə-baba torpaqlarını tərk etməyəcəkdi. Necə ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Gürcüstandan Azərbaycana artıq başlamış olan axının qarşısı alındı, o adamların əlləri işə yatdı. Bu sadə həqiqətləri təkrarən yazmaqda məqsədim xalqın əksəriyyətinin bildiyi məlum hadisələri xatırlatmaq deyil, əksinə, bu gün də içərimizdə olan nankorları artıq baş vermiş olan bütün bu proseslərdən ibrət dərsi götürməyə çağırmaqdır. Onlar dərk etməlidirlər ki, faciələrimiz hakimiyyətsizlikdən, özbaşınalıqdan törəyib.

Bu sadə həqiqətləri bir daha sadalamaqla bu gün də hakimiyyətə qeyri-qanuni yol və vasitələrlə can atan siyasi partiyalara onu xatırlatmaq istəyirəm ki, Qarabağ problemi olan, ərazisinin 20 faizinin işğal olunduğu, bir milyon isə qaçqının yaşadığı bir ölkədə Heydər Əliyev kimi ümummilli bir liderin ətrafında qeyd-şərtsiz və təmənnasız şəkildə birləşmək lazımdır. Hər hansı siyasi partiya liderinin və ya siyasi partiyanın Heydər Əliyev şəxsiyyətinə kölgə salmaq niyyəti varsa, onun Azərbaycanın gələcək siyasi mənzərəsində izi-tozu qalmayacaq. Bu, Azərbaycan xalqının iradəsi, istəyi və arzusudur. Türkiyədə mövcud siyasi partiyalar Konstitusiya və bir də Mustafa Kamal Atatürkün ideyaları əsasında fəaliyyət göstərdiyi kimi, Azərbaycanın siyasi partiyaları da dövlətimizin mövcud Konstitusiyası və Heydər Əliyev ideyaları əsasında fəaliyyət göstərməli, demokratik, hüquqi Azərbaycan dövlətini qurub inkişaf etdirməlidir. Başqa yol ola bilməz.

20 Yanvar faciəsinin növbəti ibrət dərsi həmrəyliyin, vətəndaş birliyinin hər cür hakimiyyətdən, o cümlədən siyasi hakimiyyətdən yüksəkdə olduğunu aşkar etməsidir. Ümummilli mənafe olan yerdə şəxsi hakimiyyət mübarizəsinə qoşulmaq millətə, xalqa ən böyük xəyanətdir. Əgər Ə.Vəzirov, A.Mütəllibov və Xalq Cəbhəsi vaxtında ümummilli mənafeləri əsas götürüb xalqın iradəsi əleyhinə getməsəydi və Heydər Əliyevlə əməkdaşlıq yolu tutsaydılar, onda milli birlik də vaxtında yaranar, erməni işğalının qarşısı da yerindəcə alınardı. Bu gün müxalifət liderləri ümummilli birlikdən, vətəndaş həmrəyliyindən çox dəm vururlar. Lakin özləri real hakimiyyətdə olduqları vaxt vətəndaş həmrəyliyi istiqamətində hansı real addımları atdıqlarından nədənsə söhbət açmırlar. Bizə milli birlik, vətəndaş həmrəyliyi lazımdır. Bizə yalnız Heydər Əliyevin ideyalarına sadiq olan və xalqın mənafeyini güdən mütərəqqi qüvvələrin, dövlətçiliyə sədaqətlə xidmət edən, mövcud Konstitusiyaya, qanunlara tabe olan siyasi partiyaların sağlam birliyi lazımdır, siyasi sabitlik naminə qeyri-sağlam qüvvələrin müvəqqəti "sazişi" yox. Belə "birlik" Azərbaycan xalqına, dövlətinə ancaq və ancaq gələcəkdə yeni faciələr gətirə bilər. Xalqımıza, dövlətimizə belə bir birlik lazım deyil.

20 Yanvar faciəsi sağlam vətəndaş həmrəyliyi və milli birlik ideyasının millət, xalq və dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha xalqımıza anlatdı.

Milli birlik, vətəndaş həmrəyliyi axtararkən xalqın sağlam hissəsinin və çoxluğun birliyinə arxalanmaq lazımdır. Vətənpərvər, demokratlar bu gün hər bir siyasi partiyanın tərkibində vardır. Biz bu gün kommunist partiyası liderlərini 20 Yanvar faciəsində günahlandırarkən o faktı da unutmamalıyıq ki, faciə baş verdiyi günün sabahısı əksər sıravi kommunistlər öz partiya biletlərini atmış və ya yandırmışlar. Azərbaycan Kommunist Partiyasının mərkəzi aparatında və eləcə də digər dövlət, hüquq-mühafizə orqanlarında əsasən aşağı rütbələrdə işləyən vəzifəli şəxslər arasında 20 Yanvar hadisələri zamanı ordunun törətdiyi cinayətləri pisləyən adamlar az olmamışdır.

Eləcə də torpaqlarımızın müdafiəsi zamanı Vətənimizi təmənnasız qoruyan, bu yolda canlarım belə əsirgəməyən oğullarımız çox olmuşdur. Onlar bu gün də Heydər Əliyev siyasi kursunu bəyənir və milli dövlət quruculuğu prosesində namusla, fədakarlıqla iştirak edirlər. Biz ancaq bu cür adamların sağlam birliyinə, həmrəyliyinə əsaslanmalıyıq. Siyasi partiyalara, ictimai-siyasi təşkilatlara və cəmiyyətlərə gəldikdə isə bu gün həmin sferada gedən proseslər siyasi sabitliyi təmin edərək, milli həmrəyliyin tədricən də olsa yaranmasına şərait yaradacaq.

Digər qütbdə yəni müxalifət düşərgəsində isə 1992-1993-cü illər hakimiyyət uğrunda mübarizənin getdiyi dövrlərdə parçalanmaqda olan partiyalar bu gün saxta birlik nümayiş etdirməkdədirlər. Məlumdur ki, onları parçalayan səbəblər bu gün də qüvvədə qaldığından bu birləşmə də mümkün deyil. Lider, hakimiyyəti bir əldə cəmləşdirə biləcək vahid başçı müxalifət düşərgəsində olmadığından, onların gələcəkdə hansısa vəzifəyə gəlmək naminə məcburən, könülsüz birləşmələri ilə həqiqi birlik və həmrəylik əldə oluna bilməz. Belə birlik və həmrəylik yeni-yeni surətlər, Rəhim Qazıyevlər və Əlikramlar törədəcək. Xalqı isə bir dəfə aldatmaq olar.