Azərbaycan.-2009.-22 yanvar.-N 15.-S.4.

 

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

 

Süqutu ötən əsrin 80-ci illərində sürətlənən sovet imperiyası 70 il SSRİ tərkibində yaşamış xalqların ötən əsrin sonlarında güclənmiş milli azadlıq hərəkatının qarşısını nəyin bahasına olursa-olsun almağa, labüd iflasdan yaxa qurtarmağa çalışırdı. İttifaq ölkələri sırasında istiqlaliyyəti uğrunda ən güclü mübarizə aparan Azərbaycan xalqı milli azadlıq hərəkatındakı əzmkarlığına, qəhrəmanlığına görə "ilin xalqı" elan edilmişdi. Lakin imperiya xalqlara onların tələb etdiyi azadlığı asan yolla vermək niyyətində deyildi, ittifaq rəhbərliyi əsarətdən yaxa qurtarmağa çalışan ölkələri cəzalandırmağa hazırlaşırdı. Belə bir vaxtda - yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində baş verən faciəli hadisələr milli azadlıq uğrunda mübarizənin ən yüksək mərhələsi idi. Xalq nəyin bahasına olursa-olsun, azadlığına qovuşmaq, suverenlik əldə etmək istəyirdi. Meydanlara toplaşan yüz minlərlə insan yalnız bu əzmlə mücadilə aparırdı. 20 Yanvar şəhidlərinin anım günündə hadisənin şahidləri əməkdaşımızla söhbətində faciə ilə bağlı xatirələrini bölüşdülər.

 

Faiq Sultanzəki, faciənin şahidi: "20 Yanvar hadisəsindən sonra aydın şəkildə başa düşdük ki, ittifaq rəhbərliyi Dağlıq Qarabağ məsələsində Ermənistanın təcavüzkar siyasətini dəstəkləyir. Hələ 20 Yanvar hadisəsindən bir neçə gün qabaq insanlar Nazirlər Sovetinin binası qarşısına toplaşaraq müstəqillik haqda tələblər səsləndirir, haqq səslərini ucaldırdılar. Meydana toplaşan azadlıq fədailəri Dağlıq Qarabağda cinayətkar hərəkətlərlə üzləşmiş həmvətənlərimizin təhlükəsizliklərinin təmin olunmasını, erməni daşnaklarının getdikcə azğınlaşan əməllərinin qarşısının alınmasını istəyirdi.

Ordu gecə paytaxt sakinlərini atəşə tutmağa başladı. İndiki "20 Yanvar" metro stansiyasının qarşısındakı dinc sakinlərin üzərinə ordu amansız hücuma keçdi. Hərbçilər yaşından, cinsindən asılı olmayaraq hər kəsə atəş açır, mərmi altında qalanların qadın və ya qoca olmasının fərqinə varmırdılar. Bir neçə dəqiqədən sonra hamı ordunun xalqa divan tutduğunu başa düşdü".

Nizami Rüstəmov, 20 Yanvar əlili: "Dəhşətli mənzərə idi. Hərbi birləşmələr gecə bir neçə istiqamətdən hücuma keçmişdi. İnsanlar tankların, zirehli transportyorların qarşısında əliyalın nə edə bilərdi? Nəsimi bazarının yanında dayanmışdıq. Qarşı tərəfdən bir taqım üstümüzə hücum çəkdi. Əsgərlər bizi qorxutmaq üçün əvvəlcə havaya atəş açdılar. Sonra isə bizi hədəfə aldılar. Mən qolumdan və ayağımdan yaralandım. Azğınlaşmış hərbçilər bizim qarşımızı qorxu ilə almağın mümkünsüzlüyünü görüb yanımızdan ötüb keçdilər. Onlara diqqət yetirdik, əksəriyyəti xüsusi təlim keçənlər idi. Bunlar fərqinə varmadan hər kəsi öldürməyə hazırlanmış qəddar hərbçilər idilər.

Yaralılara kömək etmək istəyənlər "Dostluq" kinoteatrının qarşısına üz tutduqda burada dəhşətli mənzərələrlə qarşılaşmışdılar. Yaxın dostum Arif Salmanova burada güllə dəymiş, o yerindəcə dünyasını dəyişmişdi. Ərazidə onlarla qadın, uşaq vardı. Əksəriyyəti yaralılar idi. Təcili yardım maşınları meyitlərlə, yaralılarla dolu idi. Qərara gəldik ki, həkimlərə kömək edək. Yaralıları gizlətməyə başladıq ki, azğın əsgərlər onları öldürməsinlər. İmperiya hərbçiləri hətta milis işçilərini də hədəf seçirdilər. Mənim yanımda milis çavuşu Telman Bağırovu atəşə tutdular, o və dostu şəhid oldu. Başqa bir dinc sakini avtomatla atəşə tutdular. Həmin şəxs də yaralandı. Çoxlu qan itirdiyindən onu həyata qaytarmaq mümkün olmadı.

Rasim Mirzəyev, hadisələrin şahidi: "Bu hadisələr imperiyanın öz mənafeləri naminə hər bir vətəndaşı qurban verməyə hazır olduğunu sübut etdi. Elə buna görə də dağılmaqda olan SSRİ-nin iflası ərəfəsində onlarla günahsız həmvətənimizin qanı axıdıldı. Yanvarın 20-si gecə saat 2-yə kimi qanlı hadisələrin, sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərin şahidi olduq. Köməksiz yaralılar çapalayırdılar, dinc sakinlər çaşqınlıq içində idilər. Əhali bir an nə baş verdiyini başa düşmədi. Çox keçmədən anladıq ki, ordu dinc sakinləri gülləbaran etməyə başlayıb. Ətrafımızda onlarla yaralı və ölən vardı. Azğınlaşmış hərbçilər qarşılarına çıxana aman vermirdilər. Şəhərin mərkəzi küçələrinə yeridilən tanklar avtomobilləri əzərək əhali arasında vahimə yaratmağa çalışırdılar".

Akif Səfərəliyev, hadisənin şahidi: "Ordunun hücumu gözlənilməz idi. Əsgərlər hətta qocaları da gülləbaran edirdilər. Meydanda olanlar atəş səsləri səngiyəndən sonra yaralıları xəstəxanalara daşımağa başladılar, eyni zamanda meyitlərin axtarılıb tapılmasında, sahiblərinə çatdırılmasında iştirak edirdilər. Meyitlər arasında kəsilmiş uşaq ayağı da vardı. Həmin səhnələri xatırlamaq çox ağırdır. Çünki bu qəddarlıq silahlı insanlara deyil, mülki əhaliyə, dinc insanlara qarşı törədilmişdi. Sovet imperiyası Azərbaycana qarşı elan olunmamış müharibə aparmışdı.

Dayım oğlu Bayram Əliyev düşmən gülləsinə tuş gəldi. Xeyli qan itirmişdi. O, dünyasını dəyişdi, şəhidlik zirvəsinə ucaldı. Biz Bayramla fəxr edirik. Yanvarın 21-i, bütün Azərbaycan yasa bürünmüşdü. Dəfn mərasimlərində üzləşdiyimiz hadisələr xüsusilə dözülməz idi. Biz xiyabana gələrək ilk üç şəhidin məzarını qazmağa başladıq. Qarşılaşdığım səhnələr o qədər dözülməz idi ki, ilk məzarı qazarkən sarsıntı keçirib huşumu itirdim. Ayılanda özümü xəstəxanada, həkimlərin əhatəsində gördüm".

Əli Muradov, şəhid ailəsi: "Həmin gecə o qədər təhlükəli idi ki, bu, bir çoxlarımızın sağlamlığında fəsadlar yaratdı, psixi problemlər ortaya çıxartdı. Sovet ordusunun dinc əhalini gülləbaran etməsi faşizm zorakılığına daha çox bənzəyirdi. Yaxın qohumum Elmanın küçəyə çıxdığını bilirdik. O, baş verən proseslərdə yaxından iştirak edirdi. Ayın 21-də səhər tabutunu gətirdilər. Telman milis çavuşu idi. Milis işçisinin atəşə tutulması qaniçən ordunun hətta ictimai asayiş keşikçilərinə də aman vermədiyini sübut etdi. Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi idi. Xalq öz qəhrəmanlığı ilə sübut etdi ki, o öz azadlığı, müstəqilliyi naminə canını qurban verməyə hazırdır. 20 yanvar hadisələri həmvətənlərimizin azadlıq sevgisinin təcəssümü, qəhrəmanlıq salnaməsi idi".

Ərəstun Bayramov, hadisənin şahidi: "Gecə əsgərlər bizi atəşə tutdu. Həyəcan keçirirdik, hər tərəfdə meyitlər, yaralı insanlar vardı. Tələbə yoldaşım Elxan Əliyevi də güllə ilə vurdular. O, sinəsindən yaralandı, çoxlu qan itirdi. Digər yoldaşlarımla onu güllə yağışı altından çıxara bildik.

Azğınlaşmış hərbçilər yaşayış binalarına da atəş açırdılar. Dinc insanlara qarşı amansız zorakılıq etdilər. Çox istərdim ki, Azərbaycanın başına gətirilən bu faciə dünya ictimaiyyətinə daha geniş çatdırılsın və bəşəriyyət bu ədalətsizliyin qiymətini versin. Arzumuz budur ki, işğal olunan Qarabağ torpaqları geri qayıtsın, şəhidlərimizin ruhu şad olsun".

 

Anar RASİMOĞLU