Olaylar.-2009.-20-21 yanvar.-N.11.-S.4

 

Azərbaycan tarixində qəhrəmanlıq səhifəsi

Əli Orucov: "Təəssüf ki, illər keçdikcə 20 yanvar faciəsinin qurbanlarını ziyarətə gedən insanların sayı azalır"

"Bu cür unutqanlıq Azərbaycan xalqına yaraşmır"

 

Bu günlərdə Azərbaycan xalqı 20 yanvar hadisələrinin 19-cu ildönümünü qeyd edir. 19 il əvvəl imperiya qoşunlarının Azərbaycanda həyata keçirdikləri qırğın keçmiş Sovetlər Birliyinin nə dərəcədə qaniçən olduğunu bir daha təsdiqlədi. Müstəqillik uğrunda ayağa qalxmış silahsız insanlara qarşı ağır texnikalardan istifadə edərək onlara divan tutmaq planı hələ faciədən bir neçə gün əvvəl hazırlanmışdı. Həmin dövrdə baş vermiş hadisələrin iştirakçısı, Bakıda tələbə həyatı yaşayan Əli Orucovun sözlərinə görə, Rusiya DTK-sı Bakıda çox yaxşı işləyərək yanvar qırğınının miqyasının geniş olmasına nail oldu. Keçən 19 il ərzində 20 yanvar faciəsinin günahkarlarının tam mənada cəzalandırılmamasını daxildə düşmən axtarışı ilə əlaqələndirən Əli Orucov hazırkı vəziyyətdə şəhidlərə olan biganə münasibətdən də danışıb. O, illər keçdikcə Şəhidlər Xiyabanını ziyarət edənlərin sayının az olmasını mənfi hal kimi dəyərləndirib.

- Əli bəy, 20 yanvar faciəsi baş verən ərəfədə ölkədəki ictimai-siyasi vəziyyət necə idi və hansı zərurətdən Bakıda yanvar qırğını törədildi?

- Həmin ildə mən tələbə idim və o zaman tələbə hərəkatı bu proseslərdə çox fəal idi. Demək olar ki, tələbələr cəmiyyətdə aparıcı qüvvəni təşkil edirdi. Bu prosesin baş verməsi xarici kəşfiyyat idarələrinin fəaliyyətinin nəticəsi idi. Hələ 20 yanvar qırğınından bir neçə gün əvvəl ermənilərin Bakıdakı mənzillərinə, eləcə də erməni ailələrinə düşünülmüş şəkildə hücumlar təşkil edilir, müəyyən neqativ hərəkətlər həyata keçirilirdi. Sanki bir emosiyalılıq vardı. Gənclərdə də məhz bu emosiya daha güclü olduğundan istər-istəməz bu proseslərə daha çox cəlb olunurdular. Hətta faciədən bir neçə gün əvvəl gecələr paytaxt küçələrində, xüsusi avtomobillərlə çağırışlar edirdilər ki, Bakıya sovet qoşunları girəcək və bunun qarşısını almaq lazımdır. Bu məqsədlə şəhərin müxtəlif yerlərində postlar da qurulmuşdu. Biz daha çox Biləcəri istiqamətindəki postlarda növbə çəkirdik. Ancaq bütün halda insanlar inanmırdı ki, sovet qoşunları onlara qarşı aqressiv münasibət göstərərək şəhərə daxil olacaq. Yanvarın 19-da, axşam saat 6-7 ərəfəsində Biləcəriyə gedən yolda toplaşmış insanlarla görüşən Nemət Pənahlı kütləyə xitabən bildirdi ki, geri çəkilməyin, mübariz olun və Sovet qoşunlarının Bakıya daxil olmasına imkan verməyin. Hətta Nemət Pənahlı oraya toplanmış insanlara silah göndəriləcəyini də dedi. Nemət Pənahlının çıxışından təxminən 2 saat sonra əraziyə 2 sisterndə yanacaq gətirildi və həmin oraya yığılan insanlara, xüsusən də gənclərə şüşə qablar payladılar ki, həmin benzin şüşələrə doldurulub şəhərə daxil olan tanklara qarşı atılsın. Bu açıq-aşkar təxribat idi. Bəlkə də bu təxribatın arxasında o vaxtkı Dövlət Təhlükəsizlik Komitəsi və ya başqa qüvvələr dayanırdı. Həmin gün gecə saat 24-dən sonra Salyan kazarması deyilən ərazidən atəş səsləri eşidildi. O ərəfədə biz ərazidə postda idik. Təxminən 20 dəqiqədən sonra 2 tank və 2 BTR 20 yanvar metrosu yaxınlığında dövrə vuraraq geri qayıtdı. Bundan sonra isə çox dəhşətli bir mənzərə yarandı. İnsanlar sovet qoşunlarının belə bir şəkildə hücuma keçəcəyi və qırğın törədəcəyini gözləmirdi. Sadəcə bunun insanları qorxutmaq xarakteri daşıdığı güman edilirdi. Ancaq görəndə ki, ətrafımızda olan insanlar qanın içərisindədir, o zaman bunun xalqa qarşı qırğın olduğunu müəyyən etdik. Bütün imkanlarımızı ona səfərbər etmişdik ki, yaralı insanları sovet qoşunlarının tankları altından xilas edək, onlara yardım göstərək. Həmin günlər çox dəhşətli idi və bir gənc olaraq bu günə qədər də həmin ərəfədə baş verənlərin dəhşətini unuda bilmirəm.

- Sizcə məhdud sayda itki ilə bu qırğından yaxa qurtarmaq mümkün idi?

- O zaman insanlar ağılla deyil, emosiya ilə hərəkət edirdilər. Kütlə geri çəkilməməyə təhrik edilir və bildirilirdi ki, əks halda sovet qoşunları Bakıya daxil olacaq. Yanvar hadisələrindən bir qədər əvvəl isə, aprelin 9-da Gürcüstanda analoji hadisələr baş vermiş və dinc əhaliyə qarşı silah işlədilmişdi. Ona görə də əhalini küçələrdən çəkilməməyə və sovet qoşunlarının Bakıya daxil olmasına maneçilik törətməyə çağırırdılar. Hətta bir qədər ehtiyat edib meydanları tərk etmək istəyənlərə qorxaq deyilir, bəzi hallarda isə onlar təhqir olunurdu. Ona görə də o zaman bu prosesin qarşısını heç kim ala bilməzdi.

- Həmin vaxt kütlə önündə olan şəxslərin DTK ilə işbirliyinə getdiyi və xalqa xəyanət etdikləri barədə zaman-zaman ehtimallar irəli sürülür. Siz də belə bir qənaətdəsiniz?

- Mən bu cür düşünmürəm. O vaxt hərəkatın liderlərindən olan Etibar Məmmədov televiziya ilə xalqa müraciət edərək qırğından yaxa qurtarmaq üçün insanları geri çəkilməyə çağırmaq istəyib. Lakin nəzərdə tutulan müraciətdən 2 saat əvvəl televiziyanın enerji bloku partladıldı. Ona görə də xalqı bu qırğından qurtarmaq və ya faciəni minimuma endirmək üçün əlavə vasitə yox idi. O dövrdə həm indiki kimi mətbuat bolluğu yox idi, həm də insanların mübarizlik əzmi yüksək idi. Digər tərəfdən insanlar arasında rabitə əlaqələri də zəif idi. Ona görə də bu proses qarşısıalınmaz idi. Düşünmürəm ki, kimsə bunu bilərəkdən edib və ya qırğını minimuma endirmək üçün əlində olan vasitələrdən yararlanmayıb. İndi nəsə söyləmək asandır. Ancaq o dövrdə insanları sakitləşdirmək, onları yola gətirmək çətin idi. Yaxşı yadımdadır ki, tanklar şəhərə girərkən bir qadın tankın qabağına qaçaraq onu yumruqlamağa başladı. Halbuki həmin şəxs görürdü ki, tankın üzərində olan əsgərlər insanlara, onun ətrafında olanlara atəş açırlar.

- Faciənin üzərindən 19 il keçsə də, hələ də 20 yanvar qırğınını törədənlərin əsl günahkarları cəzalandırılmayıb. Bunun səbəbi nədir və sizcə bu məsələdə biz bir qədər unutqanlığa yol vermirikmi?

- Çox təəssüf edirəm ki, əksər hallarda 20 yanvar faciəsi ilə bağlı daxildə günah axtarılır və bu hadisə bir növ siyasiləşdirilir. Bir sıra hallarda kimlərsə öz siyasi rəqiblərinə qarşı mübarizədə bundan bəhrələnməyə çalışırlar. Ancaq bu birmənalı olaraq hamıya məlumdur ki, 20 yanvar qırğınının həyata keçirilməsində Rusiya-erməni işbirliyi günahkardır. 20 yanvar faciəsi onların törətdikləri hadisə idi. Hamıya məlumdur ki, yanvarın 19-u gecə şəhərə daxil olanlar boyeviklər idi və onların sifətinə baxanda adamı vahimə basırdı. Onların hamısı cəllada oxşayırdı. Artıq onlar şəhərdə qırğın törətdikdən sonra həmin qüvvələri nisbətən yeni əsgərlər əvəz etdi. Bunun qarşısını almaq üçün isə Azərbaycanda acizlik var idi. Ancaq bütün halda bu faciə deyil, Azərbaycanın tarixində bir qəhrəmanlıq səhifəsidir. İnsanlar bir daha sübut etdilər kimi, onların mübarizəsini tanklar, ağır silahlar, vəhşilik dayandıra bilməz. Nəinki gənclər, hətta qadınlar da zirehli maşınların üzərinə şığıyır, Sovet qoşunlarına öz etirazlarını bildirirdilər.

- Yəni günahkarların tam cəzalandırılmamasını daxildə düşmən axtarışı ilə əlaqələndirirsiniz?

-20 yanvar qırğınının iştirakçılarının cəzalandırılmamasını sırf daxildə düşmən axtarışı ilə bağlamıram. Qırğının günahkarlarını Xüsusi Xidmət Orqanları və onların Azərbaycandakı nökərlərində görürəm. Hər halda rus DTK-sı Azərbaycanda çox gözəl işləyirdi və təxribatı məharətlə qurmuşdular. Təxribatın qarşısını almağa isə nə hərəkat nümayəndələri, nə də insanlar qadir idi. Çünki insanlarda bir ruh yüksəkliyi, mübarizlik, əzmkarlıq vardı. Hətta 20 yanvar hadisəsindən 2 gün sonra indiki Prezident Aparatının qarşısında böyük bir mitinq keçirildi. Həmin mitinqdə Mixail Qorbaçov üçün formal olaraq "dar ağacı" qurulmuşdu. Bir çoxları həmin mitinqdə partiya biletlərini cırdı və sovet hakimiyyətinin ünvanına sərt şüarlar səsləndirdi. Bu zaman yenidən əraziyə zirehli texnika gətirildi, lakin insanlar heç nədən çəkinmədilər. İnsanlarda imperiyaya qarşı böyük bir nifrət var idi. Bu nifrət o qədər yüksək idi ki, baş vermiş qırğına rəğmən insanlar yenə də ölümə getməyə hazır idilər.

- Sizcə 20 yanvar faciəsinin qurbanları lazımı səviyyədə yad edilirmi və şəhidlərə göstərilən diqqət və qayğı qane edicidirmi?

- Təəssüf ki, illər keçdikcə 20 yanvar faciəsinin qurbanlarını ziyarətə gedən insanların sayı azalır. Bunun özü məndə çox təəssüf hissi yaradır. Bir neçə illər əvvəl Şəhidlər Xiyabanına getmək, orada dəfn edilmiş şəhidləri ziyarət etmək bizdə qürur hissi yaradırdı və Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş insanları ziyarət etməyi özümüzə borc bilirdik. Ancaq illər keçdikcə şəhidləri ziyarət edənlərin sayı azalır. Bu çox ağrılı bir haldır. Biz Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsini həmişə əziz tutmalı, onları daima qəlbimizdə yaşatmalıyıq. Bu cür unutqanlıq Azərbaycan xalqına yaraşmır.

Süleyman