Səs.-2009.-20 yanvar.-N.11.-S.5.

 

BU QİSAS QİYAMƏTƏ QALMAZ... 20 YANVAR XALQIMIZIN QƏHRƏMANLIQ SALNAMƏSİ İDİ

 

19 il öncə - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təxminən iki yüz il davam edən imperiya zülmündən cana doymuş Azərbaycan xalqı ayağa qalxaraq azad yaşamaq haqqının olduğunu bəyan etdi. Həmin gün xalqımızın özünüdərk prosesinin zirvəsi, milli oyanışın təntənəsi oldu. Torpaqlarımızın toxunulmazlığı uğrunda başlanmış mübarizə sonda vüsətli xalq hərəkatına çevrildi. Onilliklər boyu gücünü yığan xalqın hayqıran səsi imperiyanı lərzəyə saldı və onu sarsıtdı. Mərkəzin və onların yerdəki əlaltılarının cidd-cəhdləri ilə faciələr törədilsə də, xalqın dəmir iradəsini qıra bilmədilər. Özünün həqiqi, real məziyyətlərinə görə digərlərindən üstünlüyünü anlayan Azərbaycan xalqı sovet imperiyasının "geridə qalmış xalq" sindromunu qırdı və birləşərək azadlıq əzmini nümayiş etdirdi. Tarix bizi yenidən ağır sınaqlara çəkdi. Sovet imperiyası ilk qisasını Azərbaycandan aldı. Qanlı 20 Yanvar faciəsini törətdi...

Həmin gün Azərbaycanın o vaxtkı satqın rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə ölkəmizdə kommunist rejimini saxlamaq məqsədilə Bakıya 35 minlik ordu yeridildi. SSRİ Müdafiə Nazirliyi və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var. Lakin "Qara yanvarın indiyədək özündə saxladığı sirlər də çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb. Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik salnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub, o hadisələrin gerçək mahiyyətini dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə çalışmalıyıq.

1988-ci ildən başlayaraq Bakı şəhərində və respublikamızın rayonlarında ictimai-siyasi vəziyyət kəskinləşməyə başladı. Bunun əsas səbəbi Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan Respublikasının tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsi barədə Dağlıq Qarabağda və Ermənistanda erməni millətçilərinin fəaliyyətinin gücləndirilməsi idi. Müttəfiq respublikanın suverenliyinin təminatçısı olan keçmiş SSRİ-nin ali dövlət hakimiyyəti orqanları Azərbaycan xalqının suveren hüquqlarını qorumaq sahəsində Konstitusiya öhdəliklərini yerinə yetirməkdə qətiyyət, əzmkarlıq göstərmədi. Dağlıq Qarabağda separatçıları vaxtında yerlərində oturtmadı və Ermənistanın əsassız ərazi iddialarını rədd etmədi. Bütün bunlar SSRİ-nin rəhbər orqanlarına və respublikanın suverenliyinin, ərazi bütövlüyünün müdafiəsi ilə bağlı problemləri həll etməyə acizlik göstərən o vaxtkı Azərbaycan rəhbərlərində Azərbaycan xalqının etimadını sarsıtmışdı. Ermənistanın ərazi iddiaları və Dağlıq Qarabağda separatçılıq hərəkəti 1988-ci ildə respublikanın ərazi bütövlüyünün müdafiəsi uğrunda kütləvi xalq hərəkatının yaranmasına gətirib çıxardı. Respublikamızda milli mənlik şüurunun daha da güclənməsi və demokratik proseslərin inkişafı "Azərbaycan SSRİ-nin suverenliyi haqqında" Konstitusiya qanununun qəbul edilməsi ilə nəticələndi.

Lakin ermənipərəst Arkadi Volskinin başçılıq etdiyi Xüsusi İdarə Komitəsinin Azərbaycanın əleyhinə məqsədyönlü fəaliyyəti, respublikada baş verən hadisələrin mərkəzi kütləvi informasiya vasitələrində təhrif edilməsi, Ermənistandan və Dağlıq Qarabağdan zorakılıqla qovulan çoxlu sayda azərbaycanlı qaçqın və məcburi köçkünün Bakı şəhərində cəmləşməsi şəraiti mürəkkəbləşdirdi. Azərbaycanın siyasi rəhbərliyinin tam çaşqınlığı, xalqla əlaqəsinin itməsi, müstəqilliyinin olmaması onun iflasını və hakimiyyətsizliyini labüd etmişdi. Qeyd etmək lazımdır ki, o vaxt şəhərdə SSRİ DİN daxili qoşunlarının iri kontingenti var idi və bu kontingentdən qəsdən istifadə edilmədi. Yanvarın 16-da Bakı şəhərinin girəcəyində və Bakı qarnizonu hissələrinin ətrafında vətəndaşlar minik və yük maşınlarını yan-yana qoyaraq piketlər təşkil etdilər. Piketlər Bakıya gələn imperiya qoşunlarının qarşısını kəsmək və Bakı qarnizonu hissələrinin öz yerlərindən çıxmasına yol vermək məqsədilə Milli Müdafiə Şurasının göstərişi ilə təşkil edilmişdi. Yanvarın 18-də Bakı və Azərbaycanın 11 başqa rayonunda keçirilən izdihamlı mitinqlərdə ümumi tətilin başlandığı elan olundu. Tələb edilirdi ki, Ermənistanın ərazi iddialarına son qoyulsun. Bakı ətrafında cəmləşən qoşunlar çəkilib aparılsın və Dağlıq Qarabağın Ermənistanla sərhədyanı rayonlarına göndərilsin. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyətinin Mixail Qorbaçov tərəfindən imzalanmış fərmanına əsasən "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verildi. Fərman SSRİ Konstitusiyasının və həm də Azərbaycan Konstitusiyasına və eləcə də beynəlxalq hüquq normalarını pozmuş, fövqəladə vəziyyətin hüquqi rejimini tənzimləyən qanunvericilik aktının olmadığı bir şəraitdə qəbul edilmişdi. Fövqəladə vəziyyət elan edilməsi və bununla əlaqədar olaraq bu vəziyyətə riayət edilmədiyi halda, hərbi qüvvə işlədiləcəyi barədə əhalinin vaxtında xəbərdar edilməsinin böyük əhəmiyyəti vardır. Belə olsaydı, əhali dağılıb evlərinə gedərdi, tələfat isə az olardı.

Vətəndaşlıq hüquqları və siyasi hüquqlar haqqında 1966-cı il tarixli beynəlxalq paktın 4-cü maddəsinin 1-ci bəndində deyilir ki, fövqəladə vəziyyət tətbiq ediləcəyini rəsmən elan etmək lazımdır. Halbuki Bakıda fövqəladə vəziyyət tətbiq edildiyini əhali ilk dəfə ancaq yanvarın 20-də səhər saat 5.30-da şəhərin komendantı Dubinyakın radio ilə çıxışından və vertolyotların səpdiyi vərəqələrdən öyrənmişdi. O vaxt şəhər artıq qoşun tərəfindən tutulmuş və qırğınlar baş vermişdi. Lakin fərmana uyğun olaraq fövqəladə vəziyyət rejimi demək olar dərhal, 1990-cı il yanvarın 20-də saat 00.00-da tətbiq edilmişdi.

Həmin dövrdə xalqı məlumatlandırmaq üçün bütün vasitələr məhv edildi. Teleradio partladıldı. Teleradionun keşiyində Bakı Ümumqoşun Komandirləri məktəbinin kursantları dayanırdı. Yanvarın 19-da, saat 19.00-da yarımhərbi, yarımidman forması geymiş dörd nəfər silahlı adam teleradio mərkəzinə gəlib, mühafizə dəstəsi isə dərhal onların sərəncamını yerinə yetirmişdir. Gələnlər mühafizəçilərdən enerji blokunun yerini öyrənib öz mühafizələri altında alaraq enerji blokunu saat 19.15-də partlatmışdılar. Ekspertlərin verdiyi rəyə görə, teleradio mərkəzinin enerji blokunu Sovet Ordusunun və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin xüsusi qrupu partlatmışdı. İnsanlıq simalarını itirmiş imperiya qoşunları şəhərə daxil olarkən öz istiqlalı uğrunda sinələrini sipər etmiş qəhrəman oğul və qızlarımızı məhv etmək üçün tanklardan, zirehli transpartyorlardan, piyadaların döyüş maşınlarından istifadə edirdilər. Zirehli tankların üstündə nömrələri yox idi. "Qırmızı Bayraq" ordenli Xəzər Hərbi Donanmasının gəmilərindən desant çıxarılmışdı. Qoşunların şəhərə yeridilməsi əməliyyatı yanvarın 19-da təqribən saat 21 və 22 arasında Türkan və Qala qəsəbələri arasında qoşun hissələrinin yerləşdiyi rayondan başladı. Qoşunların hərəkəti istiqamətində təsadüfən yoldan keçən adamlar və avtomobil nəqliyyatı vasitələri gülləbaran edildi. Fərman qüvvəyə minənədək hərbi qulluqçular artıq doqquz vətəndaşı öldürmüşdülər. Qoşunun şəhərə kütləvi surətdə yeridilməsi müxtəlif istiqamətlərdə başlamışdı. Bakıya qoşun yeridilərkən hərbi qulluqçular tərəfindən və eləcə də erməni millətindən olan hərbi qulluqçular daha böyük qəddarlıqlar etmişdilər.

Qoşunlar gözqamaşdırıcı qaz tətbiq edərkən, eyni zamanda, adamları avtomat silahlardan güclü atəşə tuturdular. Tanklar piketləri yarıb keçirdilər. Hərbçilər tərəfindən yaralıların öldürülməsi, təsadüfən yoldan keçənlərin, yaşayış evlərinin, mağazaların, tibb müəssisələrinin atəşə tutulması dəhşət doğururdu. Təcili yardım maşınları yaralılara yaxın buraxılmır və atəşə tutulurdu. Bir çox vətəndaş öz evinin qarşısında, mənzilində, avtobusda güllələnib qətlə yetirilirdilər. Vətəndaşlar, o cümlədən, xidmətdə olan polis işçiləri sorğu-sualsız tutulurdular. Hərbi hakimiyyət orqanları yanvarın 20-də saat 22.00-dan etibarən qadağan saatı qoyulduğunu yanvarın 20-də saat 7-də elan etdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan edildikdən sonra, yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 21 adam öldürülmüşdü. Daha on yeddi vətəndaş avtomaşınların atəşə tutulması nəticəsində maşınların içərisində öldürülmüşdü. Yeddi vətəndaş isə öz evində avtomatdan atılan atəşlə qətlə yetirilmişdi. Müayinə edilmiş 94 meyitin 82-də silah zədələri müəyyən edilmişdir. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 190 adam öldürülmüş və 400-ə qədəri yaralanmışdır. Azərbaycan xalqının igid oğlan və qızları doğma Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda öz canlarından keçərək zirvəyə yüksəldilər. Onlar sovet imperiyasının dayaqlarını sarsıtdılar. Azğınlaşmış imperiya artıq başa düşdü ki, Azərbaycan xalqı artıq onların başa düşdüyü, beləcə qələmə verdikləri "geridə qalan xalq" deyil. Öz haqqını istəyən, imperiya boyunduruğunu ləğv edən xalqdır.

Sovet imperiyası bu ölməzlik zirvəsinə yüksələn Azərbaycanın qəhrəman oğul və qızlarının qarşısında lərzəyə düşdü. Bu çətin, ağır məqamlarda xalqımız özünün qəhrəman oğul və qızlarının simasında tarixin qəhrəmanlıq salnaməsinə öz igidliyini qızıl hərflərlə həkk etdi. Onların əziz xatirəsi xalqımızın qan yaddaşında əbədi yaşayacaq. Xalqımızın belə bir çətin məqamda yumruq kimi birləşərək sovet imperiyasına qarşı ölüm-dirim mübarizəsinə qalxması bu xalqın milli həmrəylik simvolu idi. Bəli, o vaxt hamı rus ordusunun faciə törədəcəyini yaxşı bilirdi, amma Vətənin azadlığı yolunda güllə qarşısına çıxmağı özünə şərəf bilən insanlar da vardı. Bu insanlar sonradan xalqa və daha sonra Azərbaycana çevrildi. Bu şəhidlik Vətənin azadlığı və müstəqilliyini qorumaq borcundan keçib. Biz Azərbaycanın torpaqları uğrunda ölmüşüksə, deməli, bu torpaqları Vətən etmişik! Allah bütün şəhidlərimizə rəhmət, ruhlarını şad etməklə, Azərbaycanın azadlığı yolunda kütləvi şəhidliyə hazır olmaqda xalqımıza dayaq dursun! Vətən şəhidlərini heç vaxt unutmayacaq! 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır.

20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.

1990-cı ilin 20 Yanvarından ötən illəri bir qayda olaraq yalnız kədər, hüzn, matəm kimi qeyd etmişik, şəhidlərimizin ruhunu ağı və sızıntı ilə anmışıq. Ümumxalq hüzn günü-bu əhval təbiidir. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragüruhuna qarşı sinəsini verməyi və deməli, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.

1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Ötən illər ərzində "Qanlı Yanvar"ın tarixi, mənəvi, siyasi və s. aspektləri analiz edilib, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verilib. Lakin təəssüf edilməlidir ki, biz indiyədək bu tarixi dünyaya yetərincə tanıda bilməmişik. Dünya hələ də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda, onun paytaxtı Bakıda nələrin baş verdiyindən xeyli dərəcədə səthi informasiyaya malikdir. Lakin o da etiraf edilməlidir ki, bu qanlı faciəni bütün dünyaya tanıtmaq üçün ulu öndərimiz Heydər Əliyev gecəli-gündüzlü çalışıb. Bu gün ulu öndərin ruhu Vətənimizin azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın ruhuna qovuşub. Ruhunuz şad olsun!

 

Z. Tağıyev