Azərbaycan.-2009.-20 yanvar.-N 14.-S.-1.

 

Milli qürur günü

 

Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 19 il ötür. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə, keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Lakin eyni zamanda, bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu.

Tarixi prizmadan yanaşdıqda, aydın olur ki, 20 Yanvara aparan yol 1988-ci ilin ziddiyyətli hadisələrindən başlanır. Keçmiş imperiya rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları nəticə etibarilə xalqımızın milli müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsinə impulslar verdi. Xalqımız ölkəmizin ərazi bütövlüyünü qoruyub saxlamaq üçün 1988-ci ildə öz iradəsini ortaya qoydu. Respublika vətəndaşları İttifaq mərkəzinin Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana etiraz edir, Dağlıq Qarabağdakı ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, haqq-ədalətin bərpa olunmasını istəyirdi. Ərazisinin ilhaq edilməsi cəhdlərinə qarşı qətiyyətlə çıxan xalqımızın milli ruhu, özünüdərk hissi yüksəlmiş, müqavimət əzmi artmışdı. Həmin dövrdən başlanan ümumxalq hərəkatı meydan epopeyası kimi yüksək zirvəyə yüksəlmişdi. Rejimin həyata keçirdiyi repressiv tədbirlər Azərbaycanda meydan hərəkatının qarşısını müəyyən qədər alsa da, xalqın içində olan narazılığı qətiyyən boğa bilmədi.

1989-cu ildən etibarən ümumxalq etirazları yenidən bütün respublikanı bürüdü və avqust ayından bu proses idarəolunmaz müstəviyə keçməyə başladı. İlin sonunda xalq hərəkatını idarə etməyi üzərinə götürmüş Azərbaycan Xalq Cəbhəsində parçalanma baş verdi. 1990-cı ilin əvvəllərində təşkilat tamamilə iflic vəziyyətinə düşdü. AXC-nin yeni idarə heyəti və məclisi formalaşsa da, təşkilatın rəhbərliyində respublikada baş verən hadisələrə münasibətdə ziddiyyətlər üzə çıxdı. 20 Yanvar faciəsi ərəfəsində AXC faktiki olaraq iki yerə parçalanmışdı, belə bir vəziyyətdə onun hadisələrə nüfuz etmək imkanları yox idi.

Yanvarın 16-dan başlayaraq Bakıda xaotik proseslər baş verir, AXC fəallarının təkidi ilə insanlar müxtəlif yerlərdə istehkamlar qururdular. Hətta paytaxtda imperiyaya məxsus hərbi texnikanın yerdəyişməsinə və hərəkətinə də rast gəlinirdi. Belə bir ağır vəziyyətdə AXC-nin yerləşdiyi qərargahda ikitirəlik hökm sürürdü. Bir hissə xalqı sovet ordusu ilə üz-üzə qoymağa çalışır, digər qrup isə hadisələrə biganə yanaşmaqda davam edirdi. AXC fəalları insanlar arasında təbliğat işi aparmaq, əliyalın vətəndaşları silahlı ordu ilə üz-üzə gəlməkdən çəkindirmək əvəzinə, "azadlıq yalnız qanla alınmalıdır" kimi populist şüarlar irəli sürürdülər. Bunun isə nəticəsi çox ağır oldu.

Yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış 11 minlik sovet ordusu respublikamızın paytaxtı Bakı şəhərinə yeridilərkən insan hüquqlarına dair beynəlxalq sənədlər, o cümlədən "İnsan hüquqlarının ümumi Bəyannaməsi", "Vətəndaş və siyasi hüquqlar haqqında" və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" beynəlxalq paktlar, habelə keçmiş SSRİ və Azərbaycan SSR-nin konstitusiyaları kobudcasına pozuldu. Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, erməni kursantlar da daxil edilmişdi.

SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də gecə 1-dək artıq xeyli insan öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı artıq 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.

Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ümummilli liderimiz Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadimlərdən idi. Ulu öndərin qətiyyətli mövqeyi respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə oldu. Heydər Əliyev çıxışında kommunist rejiminin gerçək simasını açmış, xalqımızın suveren hüquqlarına qəsd olunduğunu bildirmiş, anneksiya siyasətinə qəti etirazını ifadə etmişdi. Böyük öndər üzləşdiyi təzyiqlərə məhəl qoymadan, öz cəsarəti, yenilməzliyi ilə Azərbaycana sədaqətini göstərmişdi. Psixoloji və ruhi sarsıntı içərisində yaşayan azərbaycanlılar 1990-cı il yanvarın 21-də onun Moskva nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı eşitdilər. Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham edirdi.

Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması məsələsi ümummilli liderin fəaliyyətinin bütün sonrakı mərhələlərində də aktuallığını qoruyub saxlamışdır. Ulu öndər Heydər Əliyev həmişə bu mövqedə olmuşdur ki, xalqa qarşı törədilən hər hansı cinayət cəzasız qalmamalıdır. Təsadüfi deyil, hadisəyə ilk hüquqi siyasi qiymət də 1991-ci il noyabr ayında - onun Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildi. Heydər Əliyev 1990-cı ilin iyulunda Naxçıvana qayıtdıqdan və 1991-ci il sentyabr ayının 9-da Naxçıvan Ali Məclisinin sədri seçildikdən sonra 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət vermək imkanı yarandı. Həmin il noyabr ayının 21-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş müvafiq qərarda 20 Yanvarın Milli Matəm Günü kimi qeyd olunması qərara alınmışdı. Qərarda ilk dəfə olaraq faciənin əsas günahkarları adbaad sadalanmış və onların birbaşa məsuliyyət daşıdıqları göstərilmişdi. Bu, əslində, hadisəyə verilən ilk rəsmi hüquqi-siyasi qiymət idi. Qəbul olunan sənəddə göstərilirdi ki, respublika rəhbərliyi xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir əməli tədbir görməmiş, səbatsızlıq göstərmiş, yol verilən cinayətin iştirakçısı ola-ola, zahirən hadisələrdən kənarda qalmağa çalışmışdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin nə qədər cəsarətli və qorxmaz, Vətənini və xalqını sevən, bu yolda ən ağır mübarizədən belə, çəkinməyən fenomenal şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Təsadüfi deyil ki, Qanlı Yanvar faciəsi hərtərəfli, əhatəli və dolğun qiymətini məhz Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə aldı. Ulu öndərin 1994-cü il 5 yanvar tarixli sərəncamında faciənin respublika miqyasında geniş araşdırılıb hüquqi-siyasi qiymət verilməsi tövsiyə olunurdu. Həmin il yanvar ayının 12-də Heydər Əliyevin sədrliyi ilə 20 Yanvar faciəsinin 4-cü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üzrə dövlət komissiyasının iclası keçirildi. İclasda çıxış edən Heydər Əliyev hadisəyə tam və hərtərəfli hüquqi-siyasi qiymətin verilməsi vacibliyini önə çəkdi. Dövlət komissiyasının ciddi fəaliyyəti nəticəsində 1994-cü il mart ayının 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Sənəddə 20 Yanvar faciəsi qabaqcadan şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmiş cinayət aktı kimi qiymətləndirilirdi. Qeyd olunurdu ki, Bakıya qoşun yeridilməsi milli azadlıq hərəkatını boğmaq və kommunist rejimini saxlamaq məqsədinə xidmət edib. Eyni zamanda, əsas məqsəd xalq hərəkatına zərbə vurmaq, istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olub. Bundan əlavə, qərarda faciənin günahkarları konkret adlarla göstərilir, ötən dörd il müddətində respublika hüquq-mühafizə orqanlarının bu ağır cinayətin istintaqı ilə bağlı fəaliyyəti yarıtmaz qiymətləndirilirdi.

Ümummilli lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmuş, onların adlarının əbədiləşdirilməsi məqsədilə bir sıra sərəncamlar imzalamışdır. Ulu öndərin 2000-ci il 17 yanvar tarixli fərmanına əsasən, 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına "20 Yanvar şəhidi" fəxri adı verilmişdir. Eləcə də "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" 2003-cü 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılmışdır. Ulu öndər xalqın faciələrinə daim xüsusi həssaslıqla yanaşmış, eyni zamanda, 20 Yanvar hadisələri zamanı həlak olmuş insanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar həyata keçirmişdir. Şəhidlərin xatirəsinə ucaldılmış xüsusi memorial kompleks də Heydər Əliyevin təşəbbüsü ilə ərsəyə gəlmişdir. Həmin gün Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi dövlət səviyyəsində böyük ehtiramla yad edilir.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra faciələrimizin səbəblərini araşdırmaq, onlara obyektiv hüquqi-siyasi qiymət vermək, bu əsasda baş verənlərdən düzgün nəticə çıxarmaq imkanı yaranmışdır. Məhz böyük öndərin sərəncamı ilə 20 Yanvar ümumxalq hüzn günü elan olunmuşdur. Həmin gün Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi dövlət səviyyəsində böyük ehtiramla yad edilir. 1990-cı ilin 20 Yanvarı elə bir şanlı tarixdir ki, əsrlər, qərinələr keçsə də, o, heç zaman xalqın yaddaşından silinməyəcək, həmişə yad ediləcək, bu faciənin baş verməsinə rəvac verənlər isə lənətlənəcəklər.

 

S. ELMANOĞLU