“Azad Azərbaycan”.-2009.-18 yanvar.-N.8.-S.3
Qara Yanvar
Xalqı diz çökdürmək olmaz!
1990-cı
il yanvarın 19-dan 20-nə keçən
gecə Bakıda baş verən hadisələri hər
dəfə ürək ağrısı ilə yada
salırıq. Artıq on doqquz ildir ki. şəhərimizin sakinləri
o vaxtkı böyük ölkənin
rəhbərliyi tərəfindən öz xalqına qarşı
törədilmiş qanlı aksiyanı xatırlayanda
həqiqətən sarsılırlar.
O gecə misli
görünməmiş qəddarlıq nümayiş etdirildi:
tankların gurultusu, güllələrin
vıyıltısı, avtomat silahların süngüləri
şəhər sakinlərini vahiməyə salırdı.
Bütün bunlar heç bir günahı olmayan dinc
əhaliyə qarşı yönəlmişdi. Baş
verənlərin həqiqət olmasına inana bilməyən
insanlar əvvəlcə özlərini itirdi, sonra isə
sarsıntı hissi keçirdilər.
Həmin dəhşətli
gecədə Mərkəzin əmri ilə suveren respublikanın
ərazisinə soxulmuş sovet ordusu qoşunları
qarşısına çıxan hər şeyi yerlə-yeksan
edir, hər kəsə atəş açırdı. Bu
qanlı aksiyaya quru qoşunları ilə bərabər,
hərbi dəniz, hərbi hava, desant qoşunları və
hətta xüsusi təyinatlı bölmələr də
cəlb edilmişdi. Azərbaycan paytaxtında əvvəlcədən
xəbərdarlıq edilmədən fövqəladə vəziyyət
tətbiq olundu. Qoşunlar rastlarına çıxan hər
kəsi - qocalan, qadınları, cavanlan,
uşaqları qanlarına qəltan
edirdi... Yaşayış binaları, xəstəxanalar
atəşə tutulur, tanklar təsadüfən yolda olan avtomobillərin
üstündən sürüb keçirdi, hətta
yaralılara da rəhm edilmirdi... Yüzlərlə insan
həlak olmuş, yaralanmış, itkin
düşmüşdü. Onların arasında azərbaycanlılarla
yanaşı, əsrlər boyu çoxmillətli
şəhərimizi təmsil edən ruslar, yəhudilər,
tatarlar, başqa millətlərin nümayəndələri
də vardı...
Sovet
kütləvi informasiya vasitələri Azərbaycanda
törədilmiş qanlı yanvar hadisələrini, dinc
vətən-daşlara divan tutulmasını sanki
görmür, bu barədə heç bir məlumat verilmirdi. O
vaxt Bakıya gəlmiş jurnalistlərin heç birinə
Azərbaycan paytaxtında törədilmiş vəhşi
aksiya haqqında həqiqəti dünyaya çatdırmaq
üçün hazırladığı materialları ittifaq
mətbuatında çap etdirmək, yaxud efir vasitəsilə
yaymaq imkanı verilmədi. Respublika informasiya blokadasında idi.
Yerli rəhbərlər
isə buna
hər vasitə ilə kömək edirdilər. Təkcə
bunu xatırlamaq kifayətdir ki, Bakıda televiziyanın
sıradan çıxarılması hamin rəhbərlərin
razılığı ilə baş vermişdi.
O vaxt Azərinformun
(indiki AzərTAc-ın)
əməkdaşları da çətin günlər
yaşayırdı. Agentliyin binasında əyləşən
hərbi senzorun icazəsi olmadan heç bir məlumat
yayılmırdı. Lakin Azərinformun
jurnalistləri respublikada baş verənlər barədə
həqiqəti yaymaq üçün yol tapdılar. Agentliyin
işçiləri özlərinin hazırladığı,
insan adlanmağa layiq olmayanların dünya ictimaiyyətindən
gizlətdiyi həqiqətləri əks etdirən qısa,
lakin faktlarla çox zəngin olan məlumatları gecənin
qaranlığında paytaxtın müxtəlif
hissələrində binaların divarlarına
yapışdırırdılar.
Azərbaycan İnformasiya
Agentliyinin jurnalistləri peşəkar və humanist
borclarını beləcə yerinə yetirirdilər.
1990-cı
ilin Qara Yanvar günlərindən əvvəlki
hadisələri xatırladıqca bir daha yəqin edirsən
ki, həmin hadisələrlə Qarabağ problemi arasında
həm birbaşa, həm də dolayı əlaqə vardı.
O dövrdə SSRİ Ali Sovetinin Azərbaycandan olan
deputatlarından biri, bəstəkar Arif Məlikovun
"Mən ittiham edirəm..." adlı publisistik
kitabında haqlı olaraq qeyd etdiyi kimi, Qarabağ
müharibəsi bir sıra prosesləri sürətləndirdi,
kommunist rejiminin acizliyini açıb göstərdi.
Müəllif yazır: "Bu
müharibə, yüz minlərlə qaçqın,
neçə-neçə evin qapısını
döymüş faciə Mərkəzin səbatsız və
mənasız siyasəti, yerli rəhbərliyin aciz mövqeyi
hadisələri təlatümə gətirdi və
sürətləndirdi".
Yadımdadır, həmin
günlərdə keçirilən bütün
mitinqlərdə Qarabağdakı separatizmə qarşı,
Mərkəzin siyasətinə qarşı,
bütövlükdə hə-min quruluşa qarşı
getdikcə güclənən etiraz səsləri eşidilirdi.
Totalitar rejimə qarşı uzun illər boyu yığılıb
qalmış daxili etiraz hissləri üzə
çıxırdı. Bu, belə də olmalı idi və
oldu, Mərkəz əməlli-başlı qorxuya
düşdü. Mərkəzin Azərbaycanı itirmək
qorxusu real idi: respublikada demokratik qüvvələr möhkəmlənmişdi,
onları idarə etmək getdikcə
çətinləşirdi. Belə bir məqamda Moskva
özünün əsas vasitəsindən -
qoşunlardan istifadə etdi.
Yanvar
hadisələri zamanı tökülən qanlar Azərbaycan
xalqının həmin illərdə məruz
qaldığı böyük fiziki və mənəvi
itkilərin bir növ yekunu oldu. O vaxt bizim başımız
çox müsibətlər çəkdi Lakin dünyada
ən şirin nemət olan Azadlıq naminə, dünyada
ən uca dəyər olan insan ləyaqəti naminə bu
müsibətlərə dözməyə dəyərdi!
Bakıda yanvar
hadisələri məlum həqiqəti bir daha təsdiq etdi:
xalqa atəş açmaq olar, amma onu diz
çökdürmək heç vaxt mümkün deyil!
Bəlkə də məhz
həmin qanlı faciə günləri artıq
dağılmaqda olan sovet imperiyasının can verməsi
prosesinin kulminasiya nöqtəsi oldu. Məhz həmin
hadisələr totalitar sistemin mahiyyətini, onun həqiqi
məzmununu dünyaya göstərdi. Sistemin süqutunun
başlanğıcı olan bu hadisələr keçmiş
ittifaqa daxil olan başqa xalqlarla bərabər, Azərbaycan
xalqının da çoxdan gözlədiyi ən qiymətli
bir nemətlə - Müstəqillik
əldə edilməsi ilə nəticələndi.
Buna görə də rejimlə savaşın qurbanı
olmuş həmvətənlərimizi hüznlə yad
edərkən, onların qəhrəmanlığına
ehtiramımızı bildirməklə yanaşı, bu
hadisənin möhtəşəmliyini, xalqımızın
qazandığı Azadlığın məna və
mahiyyətini də yadda saxlamalıyıq!
AzərTac