Yeni Müsavat”. - 2009. - 19 yanvar. - ¹14. - S. 5.

 

MİRZƏ XƏZƏRİN SENSASİON AÇIQLAMALARI

Tanınmış jurnalist 20 Yanvar hadisələri ilə bağlı xatirələrini və başqa maraqlı məqamları müxbirimizlə bölüşdü

 

İsveçrədə mühacirətdə olan müxbirimiz Elbəyi Həsənli tanınmış jurnalist Mirzə Xəzərdən növbəti müsahibə alıb. Müsahibə 20 Yanvar hadisələrinə həsr olunub. Onu diqqətinizə təqdim edirik.

 

- 20 Yanvar faciəsinin üstündən 19 il keçir. Və hər dəfə 20 yanvardan danışanda, o günlərin vahiməsi, dəhşəti, faciəsi mütləq sizinlə, Mirzə Xəzərlə xatirəmizdə canlanır. Xalq sizi unutmur və inanmıram unutsun. Siz özünüz on doqquz il əvvəlki faciəli günləri necə xatırlayırsınız?

 

- Mən 20 Yanvar faciəsi barədə xatirələrimdən danışmağa həmişə çətinlik çəkmişəm. Çox ağırdı. O günlərdə keçirtdiyim mənəvi və ruhi sarsıntı bu gün də məni təqib edir. Xatırlayanda vücudum titrəyir, əllərim əsir, nəfəsim təngiyir - boğuluram! Gözümün qabağına telefonlar, studiya mikrofonu və “imdad, imdad!” deyə nida edən yüzlərlə, minlərlə insan gəlir. Qulağımda isə imdad çağıran, nicat axtaran, hər yerdən əli üzülmüş, səsini lal və kar dünyaya eşitdirmək istəyən yüzlərlə insanın, bir millətin hayqırtısı - harayı, hönkürtüsü, fəryadı, naləsi səslənir! Hələ də səslənir! O ağır günlərdə, bütün müşkülatlara baxmayaraq, Azərbaycan qarşısında vicdan borcumu yerinə yetirdiyim üçün ruhum və vicdanım rahat, başım uca, üzüm ağdır... Yadımdadır, 1990-cı ilin fevral ayında mənim işimi və peşə taleyimi həll etməli olan komissiyanın sədri (İnspector General) məni sorğu-suala tutarkən, dindirmənin sonunda - “siz öz səhvinizi başa düşdünüzmü?”, deyə soruşanda, ona - “Mən səhv etməmişəm, mən öz xalqımı tək qoya bilməzdim və jurnalist kimi deyil, bir azərbaycanlı kimi hərəkət etmişəm. əgər yenə bu cür şərait yaranarsa, mən eyni cür hərəkət edəcəyəm” cavabını verdim... Elə indi də sizin sualınıza cavab verəndə qulaqlarımda o köməksiz, arxasız insanların harayı səslənir...Buna görə xatirələrimdən danışmağa həmişə çətinlik çəkirəm. Məndən bir neçə dəfə Qara Yanvar barədə müsahibə götürüblər. Hər dəfə əzab çəkə-çəkə müsahibə vermişəm. Lakin təəssüf ki, çox vaxt götürdükləri müsahibənin 80 faizini qayçı ilə doğrayıblar. İndiki müsahibədə söylədiyim həqiqətləri mən bir neçə dəfə müxbirlərə söyləmişəm, amma redaktorlar dediklərimin 80 faizini qayçılayıb müsahibəmi ixtisarla çap etməyə üstünlük veriblər.

Azərbaycanda özlərini hakimi-mütləq hesab edən bəzi dairələr hələ də həqiqətdən qorxduqlarını büruzə verirlər. Ancaq əbəs yerə əlləşirlər. Həqiqət ondan qorxanlar üçün acıdırsa, onu sevənlər üçün şirindir.

 

- Mirzə müəllim, o faciəli günlərdə radiostansiyada baş verənlər barədə oxucularımızın az məlumatı var. Bu boşluğu hələ dolduran olmayıb. Bu barədə ətraflı məlumat verə bilərsinizmi?

 

- 1990-cı ilin yanvar günləri Bakıda, ümumiyyətlə Azərbaycanda vəziyyət son dərəcə gərginləşmişdi. O günlərdə Azərbaycanda müxbirimiz yox idi. 1989-cu ilin yanvar ayından başlayaraq bütün məlumatları Mehdi Məmmədovdan telefonla alırdıq. Bütün müsahibələri də bu telefon vasitəsilə aparırdıq. 1989-cu ilin sonu və 1990-cı ilin əvvəlində Azərbaycan rabitə nazirliyinin məsul işçisi olan Oruc Şirinov bizə Azərbaycanın hər yerində istədiyimiz şəxslə telefon əlaqəsi saxlamaq üçün şərait yaratdı. SSRİ silahlı qüvvələrinin xüsusi hissələri artıq Bakının qapılarında idi. 1990-cı il yanvarın 19-da axşam Mehdi Məmmədov, mərhum Yusif Səmədoğlu və Oruc Şirinovla danışıb evə getdim. Vəziyyət gərgin olduğundan adətən gecələr iş yerinə qayıdıb Bakı ilə əlaqə saxlayırdım. Həmin gecə, yanvarın 19-u Münxen vaxtı ilə saat 22.00-da, Bakı vaxtı ilə saat 01.00-da otağıma gəlib “sekreteri” yoxladım. Bakıdan həyəcanlı səsləri eşidib zəng elədim. Sovet qoşunları artıq Bakının küçələrində irəliləyirdilər.

Dərhal redaksiyanın əməkdaşlarını çağırdım və radiostansiyanın rəhbərliyinə xəbər verdim. Avropanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizə xəbər verdim. Heç kimin heç bir şeydən xəbəri yox idi. İki saat içində yeni veriliş hazırlayıb efirə çıxdıq. Bakıda səhər erkən idi. Gün ərzində beş dəfə yayıma çıxırdıq. Fürsətdən istifadə edib əlavə efir saatı tələbilə rəhbərliyə müraciət etdim. Rumın redaksiyasından iki saat kəsib bizə verdilər. Avropanın hər yerindən, hətta ABŞ-dan belə Azərbaycandakı vəziyyət barədə məlumat almaq üçün bizə zəng edirdilər. Gecələr evə getmirdim. Çox vaxt otağımdan da çıxmırdım. Yanvarın 22-də qəflətən rəhbərliyin mövqeyinin dəyişdiyini gördüm. Rəhbərlik təlaş içində idi. SSRİ xarici işlər nazirliyi diplomatik kanallarla Vaşinqtonla və radiostansiyanın rəhbərliyi ilə əlaqə qurub yanvarın 20-si və 21-də efirə gedən verilişlərə qarşı sərt etirazını bildirmişdi. SSRİ rəhbərliyinin bizim verilişlərdən nə qədər ciddi təşvişə düşdüyünü mən, iki günlük verilişlərimizin sözbəsöz rus dilinə tərcümə edildiyini görəndə başa düşdüm. Bizim verilişlərin Kremli lərzəyə saldığını da gördüm. Yanvarın 21-də Mixail Qorbaçov Bakıya qoşun yeridilməsinə bəraət qazandıran məlum “nitqi”ni söylədi və ertəsi gün yanvarın 22-də radiostansiyanın “perexvat” şöbəsindən mənə orta dalğada Azərbaycan dilində yayılan 30 dəqiqəlik bir lent yazısını gətirdilər. Bu, Mixail Qorbaçovun nitqinin Azərbaycan dilinə tərcüməsi idi. Orta dalğada açılan bir yeni radio 48 saatdan sonra efirdən götürüldü. Diktorun ləhcə ilə danışması onun kimliyini açıq göstərirdi. Görünür, azərbaycanlıları iqna edə bilməyən sovet rəsmiləri mətni “başqa” millətdən olan birisinə oxutdurmuşdular. Bütün bunlar, sovet rəhbərliyinin o günlərdə aciz vəziyyətə düşüyünü sübut edir. Buna baxmayaraq, SSRİ Xarici İşlər Nazirliyinin etiraz notası təsirini göstərdi. Yanvarın 22-də rumın redaksiyasından alınıb Azərbaycan redaksiyasına verilən iki saat əlavə efir vaxtını bizdən aldılar və həmən gündən etibarən hazırladığımız bütün proqramlara senzura tətbiq edilməyə başlandı. Senzurasız heç bir veriliş efirə verilə bilməzdi. Azərbaycan dilini az-çox anlayan bir neçə nəfər şəxs bütün verilişləri dinləyib təsdiq etmədikləri hissələr və fikirlər kəsildikdən sonra efirə çıxa bilərdik. Aydın görünürdü ki, rəsmilər özlərini sığortalamaq və məsuliyyətdən kənar durmaq qərarına gəliblər. Rəsmilərdən biri “məsuliyyət” məsələsini mənə izah edərkən səmimiyyətlə bildirdi ki, “Mirzə, senzuranı (monitorinqi) tətbiq etməklə biz, məsuliyyətə şərik olmuruq. Məsuliyyət yenə də sənin boynunda qalır”. 1990-cı ilin fevral ayında məsələmi araşdıran inspektor (inspector general) radiostansiyanın rəsmilərindən hansının mənə yanvar faciəsinin ilk günlərində “yaşıl işıq” yandırdığını öyrənmək üçün çox səy göstərdi. “Hamı məsuliyyəti sənin üstünə atır, sən özünü müdafiə etməlisən, de görüm kim sənə icazə verdi”, deyən inspektora cavab verdim ki, “heç kim mənə icazə verməyib, hər şey üçün mən məsuliyyət daşıyıram və cəzamı çəkməyə hazıram.” Mənim işdən kənar ediləcəyim heç kimdə şübhə oyatmırdı. Yoxlama bir neçə ay sürdü. Komissiyanın hesabatı Vaşinqtonda, radioların işinə rəhbərlik edən “Beynəlxalq Radioverilişləri Şurasının İdarə Heyətinin müzakirəsinə verildi. Mənə töhmət yazdılar. Sonralar İdarə Heyətinin bir üzvü mənə ”səni bu dəfə bağışladıq, ikinci dəfə bunu gözləmə" deyə xəbərdarlıq etdi.

 

- "Azadlıq" RADİOSUNDA SENZURANIN TƏTBİQİNİ qeyd edirsiz. Siz sonralar da uzun müddət orada işləmisiz. Senzura ilə yenə qarşılaşdınızmı?

 

- Bəli, qarşılaşdım. Bilirsiniz, radiostansiyanın rəsmilərinin nəzərində mən Qara Yanvar günlərində ciddi pozuntulara yol vermişdim. Bu səbəbdən, Qara Yanvar günlərində efirə verdiyim verilişlər üzündən məni işdən çıxartmamasına baxmayaraq, rəhbərliyin mənə olan etibarı sarsılmışdı. Mən artıq bir növ damğalanmışdım. Məhz buna görə 1990-cı ildən başlayaraq 1995-ci ildə radiostansiya Praqaya köçənədək Azərbaycan redaksiyasının verilişləri daima, necə deyərlər, “monitorinq” altında olmuş və daim nəzarətdə saxlanmışdır. Praqada vəziyyət dəyişdi, ancaq sərbəstlik uzun sürmədi. 2001-ci ildən başlayaraq mənə qarşı gözümçıxdı kampaniyası başladı. Və 2003-cü ilin avqust ayında rəhbərliyin illik fəaliyyətimlə bağlı yazılı rəyində mənim radiostansiyanın siyasi xəttini və qaydalarını ilk dəfə 1990-cı ilin yanvar ayında pozduğum qeyd olunurdu. Bir ay sonra məni işdən çıxartdılar.

 

- Çox maraqlıdır. Söylədikləriniz barədə ilk dəfədir ki, eşidirəm. Çünki, o biri yanda, radio xaricində hər şey fərqli gorünürdü.

 

- Bilirsiniz, “Azad Avropa”-"Azadlıq" radiostansiyasının tarixində iki tarixi qalmaqal, iki sarsıntı olub. Biri, 1956-cı ildə Macarıstanda kommunist rejiminə qarşı xalq üsyanı zamanı radionun macar redaksiyasının efirə verdiyi verilişlərlə bağlı olan sarsıntı, ikincisi isə 20 Yanvar faciəsi zamanı radionun Azərbaycan redaksiyasının efirə ötürdüyü verilişlərlə əlaqədar. 1985-1993-cü illərdə “Azad Avropa” - “Azadlıq” radiolarının Nyu-York şöbəsində müdir müavini işləmiş, hazırda isə Freedom House təşkilatının tədqiqat üzrə vitse-prezidenti olan Arç Paddington (Arch Puddington) ilk dəfə 2000-ci ildə Kentakki Universitetində nəşr edilən, 2003-cü ildə isə Nyu-Yorkda çapdan çıxan və radiostansiyanın tarixinə həsr edilən “Azadlıq Carçısı: ”Azad Avropa və Azadlıq radiolarının soyuq müharibədəki zəfəri" ( “Broadcasting Freedom: The Cold War Triumph of Radio FreeEurope and Radio Liberty") adlı kitabında 1956-cı il Macarıstan üsyanı zamanı radiostansiyanın macar redaksiyasının heç bir əsas olmadan Qərb ölkələrinin silahlı qüvvələrinin üsyançıların köməyinə gələcəyini bildirməklə böyük qalmaqala səbəb olduğunu qeyd edir. Azərbaycan redaksiyasının yanvar günlərindəki verilişlərinə toxunan amerikalı müəllif yazır ki, macarlardan fərqli olaraq Azərbaycan redaksiyası dinləyicilərə xaricdən yardım gəldiyini bəyan etməmişdir. Buna baxmayaraq qalmaqal çox böyük idi. Arç Paddington sonra yazır: “Ciddi biabırçılığa səbəb olan faktlar göz qabağında idi. ”Azadlıq" radiosunun Bakıdakı müxbirləri döyüş meydanını xatırladan reportajlar - tankların, avtomatların səsini, vahimə içində olan mülki əhalinin fəryad və naləsini efirə verirdilər. Bundan başqa, bu verilişlərdə rusları istilaçı və bəzi hallarda “faşist” adlandırıb məhkum edən, xalqı yadelli işğalı qarşısında möhkəm olmağa çağıran ziyalı və siyasətçilərin də səsləri eşidilirdi. Azərbaycan Redaksiyasının üzvləri isə Azərbaycan xalqı ilə həmrəy olduğunu açıq-aşkar göstərərək, xalqı müqavimətə həvəsləndirirdi." Haşiyə çıxıb qeyd edim ki, Radionun peşə kodeksinə görə jurnalistlər bitərəf olmalı və hətta öz soydaşları belə çətin vəziyyətdə olsa, öz hisslərini gizlətməlidir. Mən hisslərimi gizlədə bilmədim. Bəli, mənim “qəbahətim” bu idi.

 

- Arç Paddington Bakıya soxulan sovet qoşunlarını “istilaçı”, sovet rəhbərliyini isə “faşist” adlandıran ziyalılardan bəhs edir. O ziyalıların adlarını çəkərsinizmi?

 

- Əlbəttə, adlarını çəkərəm. Arç Paddington təfərrüatı bilmir, amma görünür o, 1990-cı il yanvarın 20-də ilk dəfə efirə ötürdüyüm və ən çox qalmaqala, şiddətli etiraz və tənqidlərə məruz qalan o məşhur verilişi nəzərdə tutur. Bu ilk veriliş Azərbaycan Xalq Cəbhəsinin bəyanatını oxuyan Yusif Səmədoğlunun səsini, Mixail Qorbaçovun, sovet rəhbərliyinin ünvanına son dərəcə sərt ittihamlar irəli sürən Bəxtiyar Vahabzadənin qısa müsahibəsini, Cəfər Cabbarlının mənim səsləndirdiyim “Məhkum Şərq” və “Şərqə” şerlərini ( “Qalx, qalx, qalx düşgün dünya”), Məmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı ilə bitən gəncliyə müraciətinin mətnini və nəhayət, Xəlil Rzanın mənim səsləndirdiyim “Davam edir 37" poemasını əhatə edirdi. Çox təsirli veriliş idi...

 

- Mehdi Məmmədov haqqında sizin saytdan (www.mirzexezerinsesi.net) oxudum. Bakı Dövlət Universitetinin dosenti olub. 1989-1992-ci illərdə Azərbaycan Milli Azadlıq Hərəkatında iştirak edib. Onun haqqında əlavə nə deyə bilərsiz?

 

- Məmnuniyyətlə. Mehdi Məmmədovun yalnız milli-azadlıq hərəkatında deyil, Qarabağ münaqişəsi alovlanan o illərdə informasiya blokadasında olan Azərbaycanın mövqeyinin xaricdə təbliğ olunmasında böyük xidmətləri vardır. Mehdi Məmmədovun Azərbaycan Xalq Cəbhəsinin yaranmasında və təbliğ edilməsində də müstəsna rolu olub. Mehdi Məmmədov SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi hər kəsin şəxsi həyatına belə nəzarət etdiyi illərdə, 1989-cu ilin yanvar ayından 1990-cı ilin aprel ayınadək “Azadlıq” radiosu ilə telefon rabitəsi yaradıb bizə müntəzəm məlumat verib. O, tanınmış ziyalılara, milli-azadlıq hərəkatının, Xalq Cəbhəsinin fəallarına öz telefonu vasitəsilə “Azadlıq” radiosuna müsahibələr verməsini təmin edən bir şəxsdir. Mehdinin xidmətlərinə indiyədək lazımı qiymət verilməməsi təəccüblüdür. Biz onun xidmətlərini heç zaman unutmamalıyıq.

Allah 20 Yanvar və Qarabağ şəhidlərinə rəhmət eləsin!

 

 

Elbəyi HƏSƏNLİ