Yeni Müsavat. - 2009. - 19 yanvar. - 14. - S. 7.

 

MƏQAMI GƏLƏNDƏ MİLLƏTİN MEYDANDA OLACAĞINA İNANIRAM

Etibar Məmmədov: 20 yanvar ərəfəsində SSRİ rəhbərliyində belə fikir vardı ki, Azərbaycan cəzalandırılmalıdır

Lefortovoda istəyirdilər ki, televiziyaya çıxıb günahlarımı etiraf edim

 

Budəfəki söhbətimiz büsbütün bir mövzuya həsr olunub. Qanlı sovet imperiyasının 19 il öncə Azərbaycan xalqının başına gətirdiyi növbəti faciənin ildönümü ərəfəsində rubrikamızın qonağı ilə yalnız bu barədə danışdıq. Azadlıq, Qarabağ hayqırtıları ilə meydanda olan əliyalın xalqın başına gətirilmiş müsibətdən başqa nədən danışasıydıq ki?! Həmsöhbətimiz milli-azadlıq hərəkatının liderlərindən biri, AMİP lideri Etibar Məmmədovdur.

 

- Etibar bəy, 20 yanvar faciəsi barədə ən müxtəlif fikirlər səslənib. 19 il sonra bu hadisələri qiymətləndirərkən hansı qənaətə gəlirsiniz?

 

- Bu hadisənin qiyməti artıq verilib. Kim bu qiyməti dəyişmək üçün nə qədər cəhd etsə də, bu, mümkün olmayacaq. Çünki o dövr millətin tarixində ən yüksək zirvədir, milli-azadlıq hərəkatının dönməz xarakter alması günüdür. Həmin hadisədən sonra bütün millətin beyninə həkk olundu ki, Azərbaycanın müstəqillik əldə etməsindən başqa yolu yoxdur və müstəqilliyi əldə etməlidir. Həmin gün millətin tarixində həm də görünməmiş birlik və bütövlük günü idi. Ona görə də ondan sonra kimlərin rəsmi və ya qeyri-rəsmi nə deməsindən, kimin nə qiymət verməsindən asılı olmayaraq bu qiymət bütün millət tərəfindən verilib, dəyişməz olaraq qalır və əbədi də qalacaq.

 

- Bəs hüquqi qiymət?

 

- Bir dəfə Xalq Cəbhəsi hakimiyyəti dövründə, bir dəfə də 1994-cü ildə Milli Məclis tərəfindən hüquqi qiymət verildi. Ancaq təəssüf ki, bunun davamı olmadı. Yəni bu hadisələrə görə hüquqi məsuliyyət daşıyan qurum və şəxslərin cəzalandırılması, bu işin öz məntiqi sonluğuna çatdırılması baş vermədi. Sadəcə, deklorativ şəkildə nəsə elan olundu və bəyanat xarakterli sənədlər konyunktur maraqlara xidmət etdi. Bütövlükdə isə Azərbaycan dövləti adından həmin hadisənin beynəlxalq hüquqa söykənərək hüquqi qiymət alması baş vermədi. Hətta qeyri-qanuni qəbul olunmuş bu cinayət xarakterli qərarın müəllif və icraçılarının SSRİ qanunları çərçivəsində də məsuliyyətə cəlb edilməsinə cəhd olmadı.

 

- Sizcə, niyə? Cinayətkarların həbsinə nail olmaq mümkün deyildi, yoxsa başqa səbəblər vardı?

 

- Onu deyə bilmərəm. Məhkəməyə vermək o demək deyil ki, məhkəmədə məsələ qaldırılan kimi kimlərsə dərhal həbs olunacaq, yaxud birbaşa beynəlxalq tribunala çıxarılacaqdı. Sadəcə, bu cəhdin özü olmayıb. Ancaq Azərbaycan daxilində müzakirə olunan bəzi sənədlər qəbul edilib, ona görə də məsələ bitib. SSRİ və Azərbaycan rəhbərliyində vəzifələrinə görə məsuliyyət daşıyan insanların cavabdehliyi ortaya qoyulmayıb. Məsələn, Azərbaycan rəhbərliyində bir sıra şəxslər olub ki, vəzifələrinə görə bir sıra işləri görməli idilər. Onlar o işləri görmədikləri üçün məsuliyyət daşıyır. Bəziləri hətta vəzifələrindən kənara çıxıb xalqın əleyhinə hansısa fəaliyyət göstərib və bu, cinayət xarakterli fəaliyyət olub, onlar da məsuliyyətə cəlb olunmayıb. SSRİ səviyyəsində bu qərarın qəbulunda və icrasında iştirak edən şəxslər də məsuliyyətdən kənarda qalıb. Yəni işlər lazımi səviyyədə aparılmayıb.

 

- Qırğının günahkarlarından biri Primakovun adının sonradan materiallardan çıxarılması isə təəccüblü idi...

 

- Bəli, Primakovun adı 1994-cü il qərarından çıxarılıb. O, bilavasitə həmin hadisələrin iştirakçısıdır, fövqəladə vəziyyət və ordunun Bakıya yeridilməsi haqda qeyri-qanuni qərarın qəbulunda və icrasında birbaşa iştirak etmiş adamdır. Primakov o zaman İttifaq Sovetinin sədri idi. Onun adının çıxarılmasında hansı amil rol oynadı, bunu müzakirə etmək istəmirəm. Ancaq təkcə Primakovun yox, bir çoxlarının adı oradan çıxarıldı. O adamlar ki, vəzifələrinə görə onların bu prosesə bilavasitə aidiyyəti var idi.

 

- Bu gün həmin hadisələrə qayıtmaq gec deyil ki?

 

- O məsələlərə həmişə qayıtmaq mümkün və zəruridir. Çünki o hadisələrin yaddaşlarda köhnəlməsinə cəhd göstərənlər var. Kimlərsə istəyir ki, bunun üstündən keçilsin. O hadisələrin xüsusən də dərsliklərdə, tarixi ədəbiyyatda təhrif olunmasına cəhdlər var. Eyni zamanda o hadisələrin xarakterini də dəyişməyə çalışır, bəzən hətta mahiyyətini də təhrif edirlər. Ona görə də yanvar hadisələri həmişə aktual olmalıdır. O hadisələrlə bağlı sənədlər də, canlı şahidlər də var. Bu sənədlər imkan verir ki, yanvar hadisələri istənilən vaxt beynəlxalq səviyyədə qaldırılsın.

 

- Bakıya qoşun yeridilməsinə bəhanə verən hallardan danışarkən hərəkat rəhbərlərinin məsuliyyəti barədə də həmişə iddialar səslənib. Özünüzün o vaxt səhvlərə yol verdiyinizi düşünürsünüzmü, yoxsa bu, qarşısıalınmaz proses idi?

 

- Prosesin qarşısıalınmazlığı artıq sübuta yetirilib. Bunun hansı səviyyədə hazırlanması elə bunun təsdiqidir. Hərəkat rəhbərlərinin və ya başqalarının nə etməsindən asılı olmayaraq hadisələri bu istiqamətə yönəldirdilər ki, Bakıya qoşun yeridilməsi üçün bəhanə tapılsın. Bunun qarşısının alınmasına ancaq rəsmi strukturlar tərəfindən cəhd ola bilərdi. Yəni bilavasitə səlahiyyətli rəsmi şəxslərin bir çox addımları o hadisələrin qarşısını almaqda böyük rol oynaya bilərdi. Təəssüf ki, Azərbaycan rəhbərliyi bunu etmədi. SSRİ rəhbərliyində artıq bu barədə fikir birliyi vardı ki, Azərbaycan cəzalandırılmalıdır. Ən yüksək səviyyədə fikir vardı ki, Azərbaycanı belə özbaşına qoymaq olmaz. Hətta Primakov da buradakı görüşlərində bunu etiraf etdi. Sözündən belə çıxdı ki, bu, qarşısıalınmazdır, Polyaniçko ilə söhbətdə də, Vəzirovla görüşdə də eyni sözləri demişdi ki, imperiya ilə zarafat etmək olmaz. O zaman milli-azadlıq hərəkatının ən güclüsü Azərbaycanda idi. Azərbaycanı cəzalandırmaqla həm xalqın gözünü qorxutmağı, həm də digər respublikalardakı, həmçinin Rusiyadakı hərəkatın qarşısını almağı qarşılarına məqsəd qoymuşdular. Bakıya qoşun yeridilməsi əməliyyatının özü də böyük şəhərlərə qoşun yeridilməsi ssenarisinin gerçəkləşdirilməsi üçün məşq idi. Sonra eyni xarakterli əməliyyat 1991-ci ilin avqustunda Moskvada - QKÇP vaxtı həyata keçirildi.

 

- Və o hadisələrdən bir neçə gün sonra siz həbs olundunuz...

 

- Mən yanvarın 22-də Bakıdan çıxdım. Mahaçqaladan Moskvaya uçmalıydım. Amma ora çatanda məlum oldu ki, hava iki gündən tez açılmayacaq. Ona görə məcburən Tiflisə gedib oradan Moskvaya uçdum. Azərbaycanın daimi nümayəndəliyində dünyanın hər yerindən olan jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirildi. Çünki indikindən fərqli olaraq o vaxt xarici jurnalistlər Moskvadan başqa heç bir sovet şəhərində yox idi. Onların sərbəst hərəkəti də qadağan idi. Xüsusən də onları fövqəladə vəziyyətlə bağlı Bakıya buraxmırdılar. Mətbuat konfransını birinci dəfə pozmağa çalışdılar. Səhər saat 11-ə təyin olunsa da, qəfil xəbər tutduq ki, daimi nümayəndəlikdən kimsə KİV orqanlarına zəng edərək tədbirin olmayacağını deyib. Mətbuatı təkrar məlumatlandırandan sonra tədbir keçirildi. Orada olduğum vaxt Heydər Əliyev gəldi, görüşümüz, söhbətimiz oldu. O, mətbuat konfransını məndən qabaq keçirib etirazını bildirmişdi. Bu da əhəmiyyətli məsələ idi. Mən, sadəcə, hadisələrin iştirakçısı kimi və bilavasitə sənədli materiallar təqdim etməklə mətbuat konfransı keçirmişdim. Bu da vacib iş idi. Sonradan kiminsə xidmətini unutdurmağa çalışıblar ki, bu da bütün hakimiyyətlərə xarakterik bir şeydir.

Mətbuat konfransından sonra, deyəsən, general Alekseyev idi, mənimlə görüşdü və təklif etdi ki, Bakıdakı vəziyyətlə bağlı danışıqlar aparılsın. Onlar Bakının müqavimət göstərməsindən çox qorxurdu. Əlbəttə, danışıqlara heç kəs etiraz etmirdi. Sonra məlum oldu ki, heç SSRİ rəhbərliyində də eyni mövqe yoxdur. Yəni bəziləri vəziyyəti sakitləşdirməyin, digərləri isə daha sərt, repressiv tədbirlərin tərəfdarı idi. O zaman müxtəlif şəxslərlə danışıqlar oldu. Yeltsinin rəhbərlik etdiyi Rusiya demokratlarının regionlararası deputat qrupu təklif etdi ki, qrupun qarşısında çıxış edib Bakıdakı vəziyyət haqda məlumat verim. Afanasyev soyadlı şəxs gəlib məni aparmalı idi. Demişdi ki, heç bir halda nümayəndəlikdən kənara çıxmayım, çünki təhlükəlidir. Lakin çox keçmədi ətrafı mühasirəyə almağa başladılar. Tahir adlı bir oğlan vardı, bir az da mənə oxşayırdı. Mənim paltomu, şarfımı geyib bayıra çıxanda maşını atəşə tutdular. Dərhal da maşına basıb apardılar. Bir az keçdi, qayıdıb gəldi. Dedi gördülər çox oxşamıram, elə küçədə maşından tulladılar ki, çıx, get. O zaman birinci dəfə idi ki Moskvada şəhərin mərkəzində avtomatdan atəş açıb maşını güllələmişdilər. Az sonra xüsusi geyimli adamlar bizi mühasirəyə almağa başladı və əvvəlkilər gözdən itdi, hətta milis də yoxa çıxdı. Bildik ki, bunlar milisdən də güclü qüvvələrdir. Gecə Alfa qrupu nümayəndəliyə hücum etdi, iki-üç dəqiqənin içində qapı-pəncərələri sındırdılar, hərəsi bir tərəfdən girdi. Qapıları sındıra-sındıra gəldilər, hamını zala yığdılar. Əllərində silah camaatın başının üstündə dayanmışdılar. Hamımızı əlimiz boynumuzda akt zalına yığmışdılar. Sonra gəldilər ki, gəl, gedək. Aparandan sonra SSRİ prokurorunun müavini Abramovun barəmdə həbs qərarını mənə göstərdilər. Dedim əgər məni həbs edibsinizsə, heç olmasa mənə oxşayan adamları sərbəst buraxın. Onları buraxdılar.

 

- Lefortovodakı günləri necə xatırlayırsınız?

 

- SSRİ-də ən ciddi həbsxana idi. Oradakı dustaqlar tam təcrid olunur. Ətrafdan xəbər almaq, xəbər göndərmək imkanları minimumdur. Yəni başqa həbsxanalarda pul çox şeyi həll edirsə, burada pul məsələsi yox idi. Xəlil Rza, Rəhim Qazıyev və digərləri də Bakıda həbs olunub Lefortovoya gətirilmişdi. Orada 9 ay qaldım. İlk bir həftədə Bakıdan tam xəbərsiz idim. O müddətdə məni inandırmağa çalışırdılar ki, hamı sənə nifrət edir, hamı səndən imtina edib. Ona görə də sənin bir yolun var - televiziyaya çıxıb günahlarını etiraf edəsən və xalqı sənin etdiyin səhvləri təkrar etməməyə çağırasan. Əlbəttə, buna inanmırdım. Amma məni sındırmaq üçün bu üsullardan istifadə edirdilər. O zaman televiziya ilə çıxış edənlər də olmuşdu. Hər adamın dözüm həddi müxtəlif olur. Ancaq belə çıxışlar hərəkata ciddi təsir göstərmədi. İkincisi də oradakı müstəntiqlərin, prokurorluq işçilərinin danışıqlarından hiss elədim ki, əvvəlki dövrlərdən fərqli olaraq onların öz aralarında nə fikir birliyi, nə də güclü xarakter yoxdur. Yəni bu dağılma prosesi onlara da təsir göstərmişdi. Onların bəziləri hətta söhbətlərində mənə simpatiya ilə yanaşırdı.

 

- Azadlığınızda 1 milyon imzanın da az təsiri olmadı...

 

- Təbii. O vaxt həbsdə olanların müdafiəsi çox effektiv quruldu və başqa məhkəmə qərarları birbaşa bəraət qərarları oldu. Yalnız mən gec bəraət aldım. 9 aydan sonra məni mühakimə etmək üçün Bakıya gətirdilər. Məhkəmə cəmi iki gün oldu. Noyabrın 1-də məhkəmədə fasilə elan olundu, barəmdəki həbs-qətimkan tədbiri dəyişdirildi və azad olundum. Dekabrda isə deputat seçildim. Təəssüf ki, cinayət işinə xitam verilmədi. Dəfələrlə müraciət etdim ki, bu məhkəmə işi davam etdirilsin, mənə ya cəza, ya da bəraət verilsin. Çünki havadan asılı vəziyyətdə qalmışdım. Ancaq buna baxılmadı. Hətta AXC hakimiyyətə gələndə də yenə müraciət etdim ki, artıq məhkəmə işini yekunlaşdırmaq bilavasitə sizin mənəvi borcunuzdur. O zaman da baxılmadı. Yalnız 1994-cü ilin əvvəlində, Milli Məclisdə yanvar hadisələri müzakirə olunanda mərhum Heydər Əliyev mənə söz verdi ki, sən də bu hadisələrlə bağlı münasibət bildir. Dedim ki, mən münasibət bildirə bilmərəm, çünki hələ məhkəmə işim başa çatmayıb. Yəni mənim münasibətim qərəzli münasibət kimi qəbul oluna bilər. Ondan sonra məhkəmə keçirildi və 4 ildən sonra mənə bəraət verildi.

 

- O zaman həqiqətləri dünyaya, elə özümüzə də çatdıran tək ünvan Azadlıq radiosu idi. 19 il öncəki xidmətlərinin qarşılığında bu gün o radionun səsinin boğulmasını necə qarşılayırsınız?

 

- Əlbəttə, Azadlıq o hadisələrin işıqlandırılmasında və dünya ictimaiyyətinə çatdırılmasında, xalqın özünü məlumatlandırmaq, onun fikirlərini çatdırmaq baxımından müstəsna rol oynadı. Hamı həmişə Azadlıq radiosunu, Mirzə Xəzərin səsini gözləyirdi. Özü də o vaxt verilişlərin sayını da artırmışdılar. Ancaq o zaman da radio qısa dalğalarda yayımlanırdı. İndi də köhnə dövrə qayıdıblar. Ona görə də kimin yoxdursa, gedib radio alsın, Azadlıqa qulaq assın.

 

- Yanvar hadisələri, Lefortovoda keçirdiyiniz günləri qələmə almaq fikriniz yoxdur ki?

 

- Orada olduğum vaxt gündəlik yazırdım. 1992-ci ildə elə Lefortovo gündəliyi adı altında çap olunub. Özü də iki dəfə, hərəsində 100 min tirajla. Ancaq bu gün heç özümdə də qalmayıb, yalnız əlyazması özümdədir. Fikrim var ki, gündəlik formasında o dövrün qeydiyyatını yenidən aparım.

 

- Milli-azadlıq hərəkatı liderlərinin heç olmasa şəhidlərin ziyarətinə bir yerdə getməməsinə necə baxırsınız?

 

- Mən hər ildönümdə Şəhidlər Xiyabanına ziyarətə partiya ilə bərabər gedirəm. Amma mənə başqalarından belə təklif olmayıb ki, gəl ziyarətə bir yerdə gedək.

 

- Bəzən sovet tanklarının qarşısına əliyalın çıxan millətin nədən bu günə düşdüyü barədə çox fikirlər səslənir. Heç bu barədə düşünmüsünüzmü?

 

- Əlbəttə. Bəzi şeyləri bir-biri ilə qarışdırmaq olmaz. Milli-azadlıq hərəkatı bir şeydir, ölkə daxilində demokratiya uğrunda hərəkat bir qədər fərqli şeydir. Yəni milli-azadlıq hərəkatında hamı birləşmişdi, bütün millət bütövləşmişdi, eyni nöqtəyə vura bilirdi və yaxşı nəticəsi də alındı. Ancaq müstəqil olandan sonra dövlətin qurulmasında, demokratiyanın inkişafında fikirlər fərqli ola bilərdi və belə də oldu. Təəssüf ki, bu müzakirələr normal xarakter daşımadı. Ondan sonra siyasi qüvvələr bir-birini məhv etmək yolunu tutdu, rəqabəti belə siyasətində axtarmağa başladı. Bu da öz acı nəticələrini göstərir. Ancaq mən yenə də millətin böyüklüyünə, məqamı gələndə meydanda olacağına inanıram.

 

 

Elşad PAŞASOY