Azərbaycan.-2009.-31 mart.-N 66.-S.3.

 

Tariximizin qanla yazılmış səhifələri: 1918-ci il mart hadisələri

 

Rus-İran müharibəsi başa çatdıqdan və 1828-ci il fevralın 10-da Təbriz yaxınlığında Türkmənçay kəndində sülh müqaviləsi bağlandıqdan sonra İran Rusiyanın sahiblik hüququnu qəbul edərək, Şimali Azərbaycana öz iddialarından əl çəkdi. Bu andan həmin əraziyə İrandan və Türkiyədən ermənilərin kütləvi surətdə köçürülməsinə başlandı. Çarizm erməniləri bu torpaqlara köçürməklə imperiyanın cənub sərhədlərində özünə etnik-dini dayaq yaratmaq məqsədi güdürdü.

Zaqafqaziyada çar hakimiyyətinin davam etdiyi uzun illər ərzində ermənilər Rusiyaya münasibətdə loyallığı saxlamış, onu özlərinin xilaskarı saymışlar. Azərbaycanda erməni əhalisi Rusiyanın qanadı altında müsəlmanlara nisbətən imtiyazlar qazanaraq, sürətlə inkişaf etmişdi. Rus tədqiqatçısı N.İ.Şavrovun hesablamalarına görə, təkcə 1826-1828-ci illərdə Zaqafqaziyada Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı torpaqlarına İrandan 40000 nəfərdən artıq, Türkiyədən 84600 nəfər erməni köçürülmüşdür (Şavrov N. Novaya uqroza russkomu delu v Zakavkazye: predstoyaşaya rasprodaja Muqani inorodtsam. Sankt-Peterburq, 1911, s. 59). Azərbaycan torpağına ermənilərin köçürülməsi bütün XIX əsr ərzində və XX əsrin əvvəlində davam etmişdir. 1878-1879-cu illər rus-türk müharibəsi dövründə bu proses güclənmişdir. Amerika tarixçisi T.Svietoxovski qeyd etmişdir ki, neftli sahələrin icarəsi üzrə 1872-ci il hərracında tatarlar (azərbaycanlılar) tərəfindən alınan pay cəmi 5 faiz təşkil etmişdir, halbuki erməni sahibkarlar demək olar ki, 10 dəfə çox pay almışlar... 1900-cü ildə Bakı quberniyasının ərazisində fəaliyyət göstərən 115 sənaye şirkətinin 29 faizi ermənilərə və yalnız 18 faizi tatarlara məxsus olmuşdur. Şərabçılıq, balıq emalı və tütünçülük kimi bəzi sahələr rəqabətdə azərbaycanlıları üstələyən ermənilərin əlinə keçmişdi. /Svietoxovskiy T. Russkiy Azerbaydjan 1905-1920. Xazar 1990. s. 84. 1911-ci ildə N.İ.Şavrov yazırdı: "İndi Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyondan çoxu bu yerin köklü sakini deyil və bizim tərəfimizdən köçürülmüşdür (Şavrov N. Novaya uqroza russkomu delu v Zakavkazye: predstoyaşaya prodaja Muqani inorodtsam. Sankt-Peterburq, 1911, s. 61)."

Çar hakimiyyəti erməniləri kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürməklə kifayətlənməyərək, müsəlmanlarla ermənilər arasında ədavət yaradır, "parçala, hökm sür" siyasətinə uyğun olaraq, imperiyanın mənafeyinə xidmət edən erməniləri yerli əhalinin maraqları ilə hesablaşmamağa sövq edirdi.

1905-1907-ci illər birinci rus inqilabı dövründə Azərbaycanda fəhlələrin və kəndlilərin çıxışları geniş vüsət almışdı. Azərbaycanda inqilabi hərəkatın güclənməsindən narahat olan çar hökuməti fəhlələri və kəndliləri inqilabi çıxışlardan yayındırmaq üçün erməni-müsəlman ədavətini daha da qızışdırırdı.

Belə bir siyasətin nəticəsi olaraq, birinci erməni-müsəlman toqquşması 1905-ci il fevralın 6-da Bakıda baş verdi. Buna bəhanə azərbaycanlı sakinin daşnaklar tərəfindən öldürülməsi idi. Polisin və ordunun tam fəaliyyətsizliyi ilə Bakıda 3 gün davam edən qırğın Azərbaycanın başqa regionlarına keçdi. Münaqişə nəticəsində "128 erməni və 158 azərbaycanlı kəndi dağıdıldı. Müxtəlif hesablamalara görə, həlak olanların sayı 3100 nəfərdən 10000 nəfərə qədər olmuşdur" (Svietoxovskiy T. Russkiy Azerbaydjan 1905-1920. Xazar. 1990, s. 86).

Münaqişənin birinci mərhələsinin başa çatması ilə çar hökumətinin "müsəlmanpərəst" mövqeyi dəyişdi. Müsəlmanlara qarşı yeni hücum kampaniyası başlandı. Çarın Qafqazdakı yeni canişini Vorontsov-Daşkov ermənilərlə dostluğun Zaqafqaziyada Rusiyanın hakimiyyətinin əsası olması kimi köhnə ənənəni dirçəltmək və həyata keçirmək üçün gərgin işə başladı. Qafqazın canişini yazırdı: "Mənim siyasətimin mənafeyi naminə qanuna əsasən erməniləri məhkəmə vəzifələrinə təyin etmək, hər bir halda erməni icmasını qıcıqlandırmamaq, Rusiyaya qarşı düşmənçiliyi gücləndirməmək lazımdır". (Prizvannıe oteçestvom. Rossiyskie prokurorı. 1722-1917, Moskva 1996, s. 586).

Onun ilk tədbirlərindən biri Qriqoryan kilsəsinin əmlakının müsadirəsi haqqında 1903-cü il fərmanının ləğv olunmasını çar II Nikolaydan xahiş etmək olmuşdur. Müsəlmanlar üzərində nəzarəti saxlamaq üçün o, ermənilərə silah paylamışdır. Çar hakimiyyəti ilə daşnaklar arasında əməkdaşlığın nümunələri heç kim üçün sirr deyildi və hətta baş nazir P.A.Stolıpin ermənilərə rəğbət bəsləməsini Vorontsov-Daşkova irad tutmuşdu (Zeynalov İ.M., Sadıxov D.Ş., İstoriya Azerbaydjana, Baku, 1994, s. 39).

Bu vəziyyətdə özlərini qorumaq üçün müxtəlif müsəlman qrupları öz fəaliyyətlərini əlaqələndirməyə çalışırdılar. Azərbaycanda ermənilərə qarşı mübarizə üçün siyasi partiyalar yaradılmağa başlamışdı: Azərbaycan sosial-federalistlərinin "Qeyrət" partiyası (1905), "Difai" (müdafiə) milli partiyası (1906), "Müdafiə" təşkilatı (1907) və sair.

1905-1907-ci illər rus inqilabının məğlubiyyətindən sonra Rusiyada irtica dövrü başlandı. Rusiyada 1917-ci il oktyabr çevrilişi və onun ardınca baş verən qanlı hadisələr Azərbaycan əhalisinin böyük hissəsinin rus inqilabının demokratik xarakterinə inamını sarsıtdı. Noyabrın 2-də Bakı Sovetinin geniş konfransında bolşeviklər sovet hakimiyyətinin elan edilməsinə nail oldular. Bakı Sovetinin İcraiyyə Komitəsinin tərkibi seçildi. Onun tərkibinə M.V.Basin, N.P.Vatsek, P.A.Caparidze, İ.T.Fioletov, M.Ə.Əzizbəyov və başqaları daxil idilər. S.G.Şaumyan Bakı Soveti İcraiyyə Komitəsinin sədri seçildi. Tədricən bolşeviklər şəhərdə hakimiyyəti öz əllərinə almağa başladılar. Bolşeviklərin ən güclü siyasi opponenti müsəlman əhalisinin əsas kütləsini öz ətrafında birləşdirən "Müsavat" (bərabərlik) partiyası oldu. Müsəlman əhalisinin muxtariyyəti və dirçəlişi uğrunda müsavatçıların mübarizəsi bu partiyanın gücünü aydın başa düşən, onun sıralarının tədricən möhkəmlənməsi və birləşməsi meylini görən Bakı Soveti rəhbərlərini ciddi narahat edirdi. S.Şaumyan yazırdı: "Lap əvvəldən Zaqafqaziyada ən zəif siyasi partiya olan, bu inqilab zamanı təşkilatlanan, heç bir təşkilati, heç bir partiya ənənəsi, heç bir hakimiyyəti olmayan, inqilabın əvvəlində heç bir rol oynamayan "Müsavat" ikinci ilin başlanğıcında Zaqafqaziyada ən güclü siyasi partiyaya çevrildi" (Şaumyan S.G., İzbrannıe proizvedeniye, M., 1958, t.2, s. 257).

Azərbaycan Demokratik Hərəkatının liderləri belə bir bəyanatla çıxış etdilər ki, rus hakimiyyətinin ən zərərli nəticələrindən biri çarizmin müsəlmanları orduya çağırışdan azad etmək siyasəti idi. Monarxiyanın devrildiyi ilk gündən Rusiya müsəlmanları onlara vəziyyətlərini qonşuları-xristianlarla bərabərləşdirmək üçün zəruri olan öz hərbi birləşmələrini yaratmaq hüququnun verilməsi xahişi ilə müraciətlər edirdilər. A.F.Kerenskinin başçılığı ilə müvəqqəti hökumət bu məsələnin həllini hər vasitə ilə ləngidirdi, hətta sonradan razılıq versə də, silahlandırmaqdan boyun qaçırmışdı. Birinci Dünya müharibəsindən sonra tərxis edilmiş ordunun silahının və geyiminin xeyli hissəsi erməni və gürcü hərbi birləşmələrinə, Bakı bolşeviklərinə verildi, eyni zamanda, azərbaycanlılara əvvəlki kimi silah çatmadı, həm Qafqaz cəbhəsinin komandanlığı, həm də Bakı Soveti silah verməkdən imtina etdi (Svietoxovskiy T. Russkiy Azerbaydjan, 1905-1920, Xazar, 1990, s. 86).

Osmanlı imperiyası (Türkiyə) ilə Rusiya imperiyası arasındakı müharibə 1914-cü il oktyabrın 29-da başlanmış (rəsmən noyabrın 11-də elan edilmişdir) və 1918-ci il martın 3-də Osmanlı imperiyası ilə RSFSR arasında Brest-Litva sülh müqaviləsinin bağlanması ilə başa çatmışdı. Brest-Litva müqaviləsinin imzalanması və Rusiyanın Qafqaz cəbhəsinin dağılması rus komandanlığını milli əsasda yeni hərbi birləşmələrin yaradılmasına imkan verməyə məcbur etdi. 1918-ci il yanvarın 13-də "Pravda" qəzeti LeninStalin tərəfindən imzalanmış 13 nömrəli fərmanı dərc etdi. Bu fərman "Qafqaz işləri üzrə komissar S.Şaumyanın" müşahidəsi altında müvəqqəti erməni hökumətinin yaradılması məsələsinə aid idi. Fərmanın mənası aydın idi: ruslar Brest-Litva müqaviləsində nəzərdə tutulduğu kimi, öz qoşunlarını qədim türk şəhərlərindən - QarsdanBatumdan çıxarılması ərəfəsində erməniləri silahlandırmaq istəyirdilər. Ermənilər 1915-ci ildə törətdikləri qırğına görə türklərin intiqam alacağından qorxaraq öz ordu birləşmələrini yaratdılar. Bu işdə onlara ingilis, fransız və amerikan konsul və hərbi nümayəndələri böyük kömək göstərdilər. Onlar ilk növbədə rus cəbhəsində olan türk ordusunu Mesopotamiyada İngiltərəyə qarşı çıxış etməkdən yayındırmaq istəyirdilər. "Antanta"nın (İngiltərənin, Fransanın və çar Rusiyasının 1904-1907-ci illərdə yaratdığı hərbi blok. Sonralar Antantaya İtaliya (1915) və ABŞ da (1917) daxil olmuşdu) Qafqaz cəbhəsində hərbi döyüş fəaliyyətinin canlandırılması planlarına Türkiyəyə qarşı mübarizə üçün müsəlman birləşmələrindən istifadə olunması daxil deyildi. Lakin T.Svietoxovskinin qeyd etdiyi kimi, "...ermənilər türk qoşunlarının Zaqafqaziyaya daxil olmasından qorxduqları kimi, azərbaycanlılar da ermənilərin silahlanmasından və millətlərarası münasibətlərin kəskinləşməsindən ehtiyat etməyə başladılar" (Svietoxovskiy T. Russkiy Azerbaydjan 1905-1920, Xazar, 1990. s. 87).

Həmin dövrdə Bakıda vəziyyət kəskinləşməyə başladı. Şəhərdə hər cür şayiələr baş alıb gedirdi, ərzaq təchizatı praktik olaraq kəsilmişdi, aclıq labüd idi, əhali qorxu içərisində yaşayırdı. Belə şəraitdə erməni bolşeviklərlə müsəlman əhali arasında münaqişə Bakıda baş verdi. Bu, qarşı duran tərəflər üçün şəhərin əhəmiyyətini şərtləndirən bir sıra amillərlə bağlı idi. Birincisi, bolşeviklər bütün Zaqafqaziyada öz hakimiyyətlərini möhkəmlətmək üçün Bakıya "dayaq məntəqəsi" kimi baxırdılar və onlar Bakının itirilməsinə heç cür yol verə bilməzdilər. İkincisi, Rusiyanın bütün fabrik, zavod sənayesi və nəqliyyatı Bakı nefti ilə işləyirdi (İzvestiya Bakinskoqo Soveta, 1918, 21 maya). Nəhayət, üçüncüsü, "Bakı türk milli hərəkatının mərkəzi idi və bolşeviklər bu mərkəzi ləğv etmək istəyirdilər (Rasulzade M. Azerbaydjanskaya Respublika, Baku, 1990, s.33). Zaqafqaziyada bolşevik hakimiyyətinin qalıb-qalmaması məsələsi əsas etibarı ilə məhz Bakıda həll edilirdi.

"Bu dövrdə Bakıda böyük sayda silahlı dəstələr toplanmışdı: 1) bolşeviklər tərəfindən yaradılan 3500 nəfərlik Qırmızı Qvardiya; 2) "Daşnaksutyun" partiyasına tabe olan 4500 piyada və süvari əsgərlərdən ibarət erməni milli qvardiyası hissələri; 3) ruslardan və slavyanlardan ibarət olan beynəlmiləl alayın hissələri; 4) hərbi donanma dənizçilərinin ayrı-ayrı qruplarının tabe olduqları menşeviklərin və eserlərin silahlı dəstələri" Suleymanov M., Dni minuvşie... Baku-1990, s. 207. Nəticədə 1918-ci il martın əvvəlində Bakı Sovetinin sərəncamında 20 min nəfərlik hərbi qruplaşma toplanmışdı (İsmaylov G., Qasanov Dj., Qafarov T., İstoriya Azerbaydjana. Baku - 1998, s. 8). Mart hadisələri ərəfəsində Bakıda və onun ətrafında azərbaycanlıların heç bir iri hərbi birləşməsi yox idi. Bu faktı Y.Ratqauzer təsdiq edirdi: "Şəhərdə hadisələrin əvvəlində Müsavat partiyasının daimi hərbi hissələri yox idi. Rayonlarda olan Müsavat qüvvələri vaxtında şəhərə gətirilməmişdi. Belə hesab etmək olardı ki, Müsavat partiyasının rəhbərliyi martın 30-da döyüşün başlanmasını gözləmirdi" (Ratqauzer Y., Revolyutsiya i qrajdanskaya voyna v Baku, Baku - 1927, s. 145).

Tarixi sənədlər və baş vermiş hadisələrin mahiyyəti sübut edir ki, məhz bolşeviklər ermənilərin yaxından iştirakı ilə mart hadisələrinin təşəbbüskarı və təşkilatçısı olmuşlar. P.A.Caparidze martın 26-da öz çıxışında demişdi: "Bizim bütün əvvəlki siyasətimiz vaxtı udmaqdan ibarət olmuşdur. Biz bilirdik ki, əks-inqilabi qüvvələrlə döyüşə girməli olacağıq və buna hazırlaşırdıq". (Ratqauzer Y., Revolyutsiya i qrajdanskaya voyna v Baku. Baku - 1927, s. 141-142.) Öz növbəsində S.Şaumyan martın 15-də Bakı Sovetinin iclasında "Cənubi Qafqazda işlərin vəziyyəti" haqqındakı məruzəsində Azərbaycan millətinin qırğınına başlanmasına mahiyyətcə öz "xeyir-duasını" vermiş, sonrakı gün isə İ.V.Stalinə məktubunda RSFSR Xalq Komissarları Sovetindən xahiş etmişdi ki, "Qafqaz ordusunun hərbi inqilabi komitəsinin ehtiyacları üçün 10 milyon rubl pul ayrılsın" (Şaumyan S., İzbrannıe proizvedeniya, t.II, c.265).

Fevralın 24-də Bakıya general Talışınskinin başçılığı ilə müsəlman diviziyasının qərargahı gəldi. General-mayor Mirkazım xan Talışinski rus-yapon müharibəsində Port-Arturun qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuşdu. Sovet hakimiyyətinin qələbəsindən sonra könüllü surətdə inqilabın tərəfinə keçmişdi. S.Şaumyanın göstərişi ilə qərargah üzvləri birbaşa Bakı vağzalında həbs edildi. Bu, təkcə Bakıda deyil, Azərbaycanın başqa regionlarında da müsəlmanların kəskin narazılığına səbəb oldu. Azərbaycan ziyalılarının nümayəndələri ağır nəticələri qabaqcadan görərək, keçirilən mitinqlərdə və yığıncaqlarda əhalini sakitliyə, təzyiq və zorakılıq faktlarına qarşı dözümlü olmağa çağırırdılar.

Lakin Bakı Soveti ilə şəhərin müsəlman əhalisi arasında kəskinləşən ziddiyyət silahlı qarşıdurmaya çevrilə bilən təhlükəli vəziyyət yaratmışdı. Və belə bir fürsət bolşeviklər tərəfindən tapıldı. Belə ki, keçmişdə gənc zabitlər tez-tez bir-birilərinin qarşısında cəsarətləri ilə lovğalanırdılar: onlar revolverin barabanında bir güllə saxlayaraq, silahı gicgahlarına tuşlayıb tətiyi çəkir və talelərini sınaqdan keçirirdilər. Hacı Zeynalabdin Tağıyevin "Vəhşi diviziya"da (rus ordusunun keçmiş Qafqaz süvari diviziyasının tatar alayı) xidmət edən oğlu Məmmədtağı da öz taleyini bu cür sınaqdan keçirmək istəmişdi. Revolver boşa çıxmamış və güllə 18 yaşlı gəncin həyatına son qoymuşdu. Bununla bağlı, martın 24-də müsəlman diviziyasının 200 nəfər zabit və əsgəri "Evelina" gəmisi ilə Bakıya öz döyüşçü yoldaşlarının dəfnində iştirak etməyə gəldi (Suleymanov M., Dni minuvşie..., Baku-1990, s. 207/).

Şəhərdə çoxminli erməni hissələrinin olmasına göz yuman bolşeviklər martın 29-da gəmi ilə Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və əsgərlərini S.Şaumyanın əmri ilə tərksilah etdilər. Bu hadisəyə cavab olaraq müsəlman əhalisi müsadirə olunmuş silahların qaytarılmasını tələb etdi. Elə bu da, müsəlmanlara qarşı əsl müharibəyə başlamaq üçün əvvəlcədən düşünülmüş bəhanə oldu. Bakı komissarlarının tarixi oçerklərindəki qeydlər təsdiq edir ki, S.Şaumyan və xüsusilə, onun ermənilərdən ibarət yaxın ətrafı şəhərin müsəlman hissəsinə hücum etmək üçün təkcə bəhanə gözləmirdi, həm də bu təxribatın təşkilatçısı idi. Qeydlərin birində deyilir: "Evelina" gəmisinə "Müsavat"ın Lənkəran şəhərinə göndərmək istədiyi silah yüklənmişdi. Bu, Bakı Soveti tərəfindən qabaqcadan nəzərdə tutulmuşdu. Yunkerlər silahlı qüvvələr tərəfindən tərksilah edildilər. Yunkerlərin tərksilah edilməsindən sonra "Müsavat" alınmış silahların qaytarılması barədə Bakı Sovetinə ultimatum verdi" (ÜQAPPOD Azerb. Resp. f.276, op.2, d.155, l.8)/.

Başqa qeyddə deyilir: "Müsavatçılar alınmış silahın qaytarılması haqqında inqilabi komitəyə ultimatum verdilər və bu məqsədlə öz nümayəndə heyətlərini göndərdilər. Gərgin vəziyyət yarandı. Mağazalar bağlandı. Şəhərin müsəlman hissələrində silahlı xalq kütlələri toplaşdı. Təxribat baş tutdu və bu, vətəndaş müharibəsinin başlanması üçün siqnal oldu (Azərbaycan Mərkəzi Dövlət Arxivi, f.276, s.2, i.155, v.8). Martın 30-da səhər şəhərin müxtəlif rayonlarında azərbaycanlıların alınmış silahların qaytarılması tələbi ilə mitinqləri başlandı. Səhər tezdən şəhərin müsəlman hissəsinə hücumlar başlandı. Bu zaman ermənilərə inanıb sakitləşən müsəlmanlar hələ yatmışdılar. Hücumları sırf erməni əsgərləri həyata keçirirdilər və müsəlmanlar baş verənləri əvvəlcə başa düşə bilmədilər. Hərbi gəmilər şəhərin müsəlman hissəsini mərmi atəşinə tutmuşdular. Bu, rus matroslarını müsəlmanların rus əhalisini qırdığına inandıran ermənilərin təxribatı nəticəsində olmuşdu (Azərbaycan Mərkəzi Dövlət Arxivi, f.276, s. 2, i. 155, v. 8).

Şəhərdə gərginliyin daha da güclənməsinin qarşısını almaq üçün saat 14-də N.Nərimanovun mənzilində M.Ə.Rəsulzadənin iştirakı ilə təcili müşavirə toplanmış və buraya S.Şaumyan da dəvət edilmişdi. Danışıqlar nəticəsində müsəlman diviziyasından alınmış silahların "Hümmət" bolşevik təşkilatı vasitəsilə qaytarılması barədə razılıq əldə edildi (Q.Sultanov., İz proşloqo Baku - 1924, s.18). Müşavirədən sonra N.Nərimanov xalqı sakitləşdirmək və qəbul olunmuş qərarı bildirmək üçün Təzə Pir məscidində çıxış etdi: "Mənim müsəlman qardaşlarım, aldanmayın, araqarışdıranların təxribatına inanmayın. Sovet hakimiyyəti kim olur-olsun, onun cavabını verməyə kifayət qədər güclüdür. Onun topları var, onun çoxlu silahı və əsgəri var, onun hərbi gəmiləri və döyüş sursatı var. Bəs sizin nəyiniz var? Ən çoxu 5-10 dənə paslı tüfənginiz, 30-40-a qədər köhnə sınıq tapançanız var. Siz heç atəş aça da bilmirsiniz. Nə intizam var, nə qayda. Bir qədər dözün, hər şey yoluna düşər (M.Suleymanov. Dni minuvşie... 1990, s. 208).

Mart hadisələri bolşevik məqsədlərini güdən "Hümmət" partiyasını narahat edirdi. Onun mətbuat orqanı olan "Hümmət" qəzeti bu barədə qəzəbli məktub dərc etmişdi. Məktubda deyilirdi: "Əvvəl siyasi xarakter daşıyan mübarizə sonradan milli xarakter aldı... Biz bolşevik kimi qalaraq, eyni zamanda, imkan vermərik ki, müsəlman yoxsullarının günahsız axan qanları nəticəsiz qalsın. Biz var qüvvəmizlə müsəlmanlara qarşı törədilən bütün bu nanəcibliyi aşkar etməyə çalışacağıq ("Hümmət", 1918). Lakin sonrakı hadisələr göstərdi ki, N.NərimanovM.Ə.Rəsulzadə S.Şaumyan tərəfindən aldadılmışlar və S.Şaumyan heç də öz vədini yerinə yetirməyə hazırlaşmırmış. Bolşeviklər şəhərdə özünü ali hərbi siyasi orqan elan edən Bakı şəhəri və onun rayonlarının inqilabi müdafiə komitəsini təşkil etdilər. Onun tərkibinə S.Şaumyan, P.Caparidze, Q.Karqanov (Karqanyan), sol eser İ.Suxartsev, sağ eserlərin lideri S.Saakyan və "Daşnaksutyun" partiyasının Bakı təşkilatının rəhbəri S.Melik-Yeolqyan daxil idilər (İzvestiya Bakinskoqo Soveta, 1918, 11 aprel, s.7). Həmin vaxtda şəhərdə vəziyyət hər dəqiqə gərginləşirdi. Bu şəraitdə Qırmızı Ordunun süvari dəstələrinə kim tərəfindən atıldığı məlum olmayan təxribatçı atəşlərindən istifadə edən bolşeviklər Bakının dinc azərbaycanlı əhalisinə qarşı genişmiqyaslı hərbi əməliyyata başladılar. S.Şaumyanın öz sözləri təsdiq edir ki, bolşeviklərə yalnız bəhanə lazım idi: "Biz süvari dəstələrimizə ilk silahlı hücum cəhdindən istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim artıq 6 min nəfərlik silahlı qüvvəmiz, "Daşnaksutyun"un da 3-4 min nəfərə yaxın milli birləşməsi var idi və onlar bizim ixtiyarımızda idi. Onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verirdi. Lakin bunsuz mümkün deyildi. Biz buna şüurlu surətdə gedirdik. Əgər onlar Bakı şəhərində üstünlük əldə etsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi (S.G.Şaumyan, Seçilmiş əsərləri, c.II, s.265).

Bakıda azərbaycanlıların qırğını 3 gün davam etdi. Bu müddətdə şəhərdə görünməmiş dəhşətlər törədildi. S.Şaumyan özü etiraf etməyə məcbur oldu ki, "...vətəndaş müharibəsi nəticəsində yoxsul kütlə və günahsız müsəlmanlar ziyan çəkdilər, belə ki, biz erməni alayının köməyinə əl atmağa məcbur olduq və biz onların xidmətindən imtina edə bilmədik". Bunun ardınca qeyd edir ki, "...qələbə elə böyükdür ki, bu, həqiqətin üstünə az kölgə salmır" (S.G.Şaumyan, Seçilmiş əsərləri, c.II, s.249-250).

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir.

1918-ci il iyulun 15-də Azərbaycanın xarici işlər naziri M.H.Hacınski Nazirlər Şurasının sədri F.X.Xoyskiyə ərznamə ilə müraciət edərək müsəlmanlara qarşı zorakılıqları təhqiq etmək üçün komissiya yaradılmasının zəruri olduğunu yazmışdı: "Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif hissələri bolşevik adı altında fəaliyyət göstərən və dinc müsəlman əhalisinin həyatı və əmlakı ilə vəhşicəsinə rəftar edən quldur dəstələri, məsuliyyətsiz erməni silahlı birləşmələri tərəfindən viran olunur. Eyni zamanda, bu quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən səhv informasiya sayəsində Avropada tamamilə əks ictimai rəy yaranır. Əhalinin zərərçəkən qruplarının mənafeyi naminə elə bir təşkilat yaratmaq lazımdır ki, bütün zorakılıq hallarını və bu zorakılıqların törədildiyi şəraiti dəqiq qeydə alsın, günahkarları və onların vurduqları ziyanın məbləğini müəyyən etsin.

Bu təşkilat fövqəladə istintaq komissiyası xarakteri daşımalıdır, özü də bu komissiyanın məlumatları Avropanın başlıca dillərində (rus, fransız, alman və türk dillərində) bəyan olunmalı və geniş yayılmalıdır. Bu komissiyanın yaradılmasına dərhal başlamaq lazımdır, çünki hadisələrin izi ilə isti-isti istintaq aparmaq, fotoşəkillər çəkmək, digər maddi sübutlar əldə etmək mənasında bir çox işləri indi asanlıqla görmək mümkündürsə, sonralar bu iş çətin və hətta qeyri-mümkün olacaq" (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1 s, iş 95, vərəq 1).

 

(Ardı var)

Rauf RZAYEV,

tarix elmləri namizədi