Azərbaycan.-2009.-18 mart.-N 61.-S.6.

 

İrəvan xanlığı

 

Azərbaycan sovet tarixşünaslığında İrəvan xanlığının yaranması, etnik tərkibi, xanlığın öz müstəqilliyi uğrunda mübarizəsi, Rusiya imperiyasının işğalçılıq siyasətinə qarşı müqavimət hərəkatı diqqətdən kənarda qalmışdı. Hətta erməni tarixşünaslığında İrəvan və Naxçıvan xanlıqlarının Şərqi Ermənistan kimi təqdim edilməsinə bizim tarixşünaslıq heç bir reaksiya vermir, ona qarşı mübarizə aparmırdı.

Azərbaycan tarixşünaslığı yalnız sovet imperiyası dağıldıqdan sonra İrəvan və Naxçıvan xanlıqları haqqında tədqiqat aparmışdır. Nadir şahın öldürülməsindən (9 may 1747-ci il) sonra onun yaratdığı nəhəng imperiya dağılmağa başlayır və bu imperiyanın tərkibində olan Azərbaycan öz müstəqilliyi uğrunda mübarizəyə qalxır. Azərbaycan xalqı bu mübarizədən qalib çıxsa da, vahid dövlət yarada bilmir, ölkə ərazisində 20-dək kiçik dövlət qurumu - xanlıqlar yaranır. Bu xanlıqlardan biri İrəvan xanlığı (1747-10.II.1828) idi. İrəvan xanlığını yaradan, onun əsasını qoyan Mir Mehdi xan Qacar olmuşdur.

İrəvan xanlığı Azərbaycanın şimal-qərbində, keçmiş Çuxursəd bəylərbəyliyinin böyük bir hissəsində yaranır. Xanlığa böyük bir ərazini Agri düzənliyi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqları əhatə edirdi. Şimal-şərqdən Gəncə, şərqdən Qarabağ, şimaldan Pəmbək, Şuragəl və Şəmsəddin sultanlıqları, cənub-şərqdən Naxçıvan, qərbdən Osmanlı imperiyasının BayazidQars paşalıqları, cənubdan Maku xanlığı ilə həmsərhəd idi. Xanlıq 15 mahaldan - Qırxbulaq, Zəngibasar, Qarnibasar, Vedibasar, Şərur, Suran, Bəzək, Saatlı, Tala, Seyidli-Axaclı, Sərdarabad, Qərpı, Abran, Bərəçiçək və Göyçədən ibarət idi.

Mərkəzi İrəvan şəhəri idi. XIV əsrin sonunda - Teymurilər dövründə kənd kimi meydana gələn İrəvan XVI əsrdə Şah İsmayılın dövründə (1501-1524) şəhər statusu alır. İrəvan şəhərinin adı XX əsrin 50-ci illərində erməniləşdirilir; guya bu şəhər çox qədimdən məhz erməni şəhəri olan Erebunidir, ona görə də Erevan adlandırılır. 1817-ci və 1819-cu illərdə İrəvanda olmuş ingilis arxeoloqu və səyyahı Robert Kerr Ports yazırdı ki, İrəvan xanlığının uzunluğu 200 mil, eni isə 100 mildir. Müasir erməni tarixçisi T.Akopyan İrəvan xanlığının ərazisinin 24 min kvadratmetr olduğunu yazırdı. İrəvan şəhəri inzibati cəhətdən 3 məhəlləyə bölünürdü: şəhər məhəlləsi, Topbaşı məhəlləsi və Dəmirbulaq məhəlləsi.

İrəvan xanlığında türkdilli azərbaycanlıların yerli xalq olması danılmaz həqiqətdir. Bunu Qafqazın ali baş komandanı general Paskeviç rəsmi məlumatlarda da qeyd etmişdir. İrəvan qalasını çox çətinliklə alan general Paskeviç-İrəvanski İrəvan xanlığında əhalinin milli tərkibi haqda verdiyi məlumatda burada 10 min azərbaycanlı, 3 min erməni ailəsinin yaşadığını qeyd etmişdir. ABŞ-dan olan professor Castin Makkarti Rusiya işğalına - 1828-ci ilə qədər İrəvan xanlığı əhalisinin 80 faizinin azərbaycanlı olduğunu göstərir.

S.Şopen 1828-1832-ci illərə qədər İrəvan xanlığında əhalinin mütləq çoxluğunu müsəlmanların, yəni azərbaycanlıların təşkil etdiyini yazmışdır. Onun hesablamalarına görə, İrəvan əyalətində 16.075 ailə (81.749 nəfər) müsəlman, 4.428 ailə (25.151 nəfər) isə erməni idi. Müsəlman dedikdə S.Şopen azərbaycanlıları və müsəlman kürdləri nəzərdə tuturdu.

İrəvan xanlığı yarandığı gündən öz azadlığı, istiqlalı uğrunda mübarizə aparmalı olmuşdur. Bu mübarizə həm qonşu Azərbaycan xanlıqları, həm İran və Türkiyə, həm Kartli-Kaxetiya çarlığı və nəhayət, Rusiya ilə olmuşdur. Odur ki, xanlıqda hərbi qüvvələrin təşkilinə xüsusi diqqət yetirilirdi. Xanlıqda əsasən 2 növ qoşun vardı: piyada və süvari. Süvari qoşun xanlığın əsas zərbə qüvvəsi idi, çünki xanlığın ərazisinin böyük hissəsi dağlıq idi, belə ərazidə xırda, kiçik çevik süvari dəstələri daha müvəffəqiyyətli döyüş apara bilirdi.

Xanlığın mərkəzi İrəvan şəhəri iki hissədən ibarət olmuşdur: Qala və Bayır şəhər. İrəvan qalası 1582-ci ildə çiy kərpicdən Zəngi çayının sol sahilindəki qayada inşa edilmişdir. İkiqat hasarla əhatə olunmuş qalanın birinci qatında 17 bürc qoyulmuşdu. Birinci qatdan 50-70 metr aralı ikinci hasar gəlirdi. Birinci divar ilə ikinci divar arasında dərin arx qazılmışdı. Lazım olduqda arx su ilə doldurulurdu. Qalada 20-22 top vardı. Adi zamanlarda qalanın qarnizonunda 5-7 minlik qoşun yerləşirdisə, müharibə zamanı qoşunun sayı artırılırdı. İrəvan şəhərinin özü - Bayır şəhər İrəvan qalasından şimalda salınmışdı. Bunda məqsəd şəhərin müdafiəsini təşkil etmək idi. XIX əsrin əvvəllərində İrəvan qalasında barıt və silahtökmə zavodları vardı ki, onlar həm top, həm də barıt istehsal edirdilər. İrəvan xanlığında İrəvan qalasından əlavə, İran ilə Türkiyə ərazisinə yaxın yerdə Sərdarabad qalası da inşa edilmişdi.

XVIII əsrin ortalarında istər Azərbaycanda, istərsə də İranda siyasi vəziyyət qeyri-sabit idi. Hər iki ölkədə mərkəzləşdirilmiş dövlət yaratmaq uğrunda mübarizə gedirdi. Qüvvələr nisbəti bərabər deyildi, üstünlük hərbi cəhətdən daha qüvvətli olan İran tərəfində idi. Cənubi Qafqazda da siyasi gərginlik hökm sürürdü. Bundan həm Kartli-Kaxetiya, həm də bölgədə yaşayan ermənilər istifadə edirdilər. Gürcülər öz ərazilərini qonşu xalqın hesabına artırmaq, ermənilər isə Cənubi Qafqazda həm ermənilərin sayını artırmaq, həm də Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq istəyirdilər.

1748-ci ilin əvvəllərində Mir Mehdi xan qonşu Urmiya xanlığına hücum edərək onun ərazisinin bir hissəsini zəbt edə bildi. Lakin çox tezliklə İrəvan xanlığının özünə basqın oldu. Qarabağ xanı Pənahəli xan 1749-cu ildə İrəvan xanlığına hücum edərək çoxlu qənimət ələ keçirmişdi. İrəvan xanlığında yaşayan ermənilər Kartli-Kaxetiya çarı II İrakliyə kömək üçün xəbər göndərirlər. II İrakli Pənahəli xanın qoşunlarını təqib edərək əsir və qənimətləri geri qaytara bilir. Bu yardımdan ruhlanan İrəvan erməniləri xanlıqda çaxnaşma yaradıb 1549-cu il avqustun 12-də gürcü çarını İrəvan xanlığına dəvət edirlər. Çox güman ki, Mir Mehdi xan həmin il sentyabrın 29-da xanlığa soxulan gürcü qüvvələrini geri oturda bilir. Lakin 1751-ci il sentyabrın 19-da II İrakli yenidən xanlığa basqın edir.

XVIII əsrin 50-ci illərinin əvvəllərində İrəvan xanlığının vəziyyəti son dərəcə gərgin idi. Xanlıq həm Kartli-Kaxetiya, həm də qonşu xanlıqların diqqət mərkəzində idi. Onu şimaldan gürcü hərbi qüvvələrinin hücum təhlükəsi, cənubdan isə Urmiya xanı Fətəli xan Əfşarın hücumları narahat edirdi. Üçüncü tərəfdən isə xanlıqda məskunlaşmış ermənilərin düşmənçilik münasibətləri, onların pozuculuq fəaliyyəti ara vermirdi.

İrəvan xanı Mir Mehdi xan yaxınlaşan hərbi təhlükənin qarşısını almaq üçün İrəvan qalasının müdafiə qabiliyyətini artırmaq məqsədilə tədbirlər görür. Fətəli xan Əfşarın qoşunları İrəvan qalasını mühasirəyə alır. Bu zaman II İraklinin başçılıq etdiyi gürcü qüvvələri İrəvan qalasına yaxınlaşır. Qüvvələr nisbəti gürcülərin xeyrinə olduğundan Fətəli xan Əfşar öz qoşunlarını geri çəkməli olur. Bundan xəbər tutan Azad xan böyük hərbi qüvvə ilə İrəvan xanlığının ərazisinə daxil olur və İrəvan qalasını alır. Gürcülər geri çəkilirlər. Beləliklə, İrəvan xanlığı Cənubi Azərbaycan xanlıqlarını qısa müddətə birləşdirən Azad xanın hakimiyyəti altına düşür. Azad xan Mir Mehdi xanı taxt-tacdan kənarlaşdırır və İrəvan xanlığında xan vəzifəsinə Xəlil xan Özbək təyin edilir.

1755-ci ildə İrəvan xanlığında saray çevrilişi baş verir. Həsən Əli xan Qacar özünü İrəvan xanı elan edir.

İrəvan xanlığının ərazisində ermənilərin əsas dini mərkəzlərindən biri - Eçmiədzin monastırı (Üçkilsə) yerləşirdi. Eçmiədzin kilsəsi İrəvan xanlığının ictimai-siyasi həyatında çox pozucu rol oynamışdır. Məhz bu kilsə Azərbaycan xalqına qarşı düşmən mövqe tutmuş "beşinci kolonna" rolunu oynamışdır. XVIII əsrin 60-cı illərindən başlayaraq Eçmiədzin kilsəsinin katolikosları daim Rusiya imperiyasına müraciət edərək Azərbaycan torpaqlarında erməni dövlətinin yaranmasına yardım etməyi xahiş edirdilər. İkiüzlü siyasət yeridən erməni katolikosları bir sıra hallarda özlərini xeyirxah kimi göstərməyə cəhd edir, hətta İrəvan xanları ilə Kartli-Kaxetiya çarlığı arasında vasitəçilik missiyasını yerinə yetirirdilər. Bunda əsas məqsəd məhz gürcülərin köməyi ilə İrəvan xanlığına təzyiq etmək idi.

XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqları arasında müharibələr aramsız davam edirdi. Onların arasında çəkişmələr ayrı-ayrı xanlıqların xarici təcavüzə məruz qalmasına şərait yaradırdı. İrəvan xanlığına ən çox göz dikən gürcü çarı II İrakli idi. İrəvan xanları özləri də bəzən katolikosun xidmətindən taktiki mülahizələrə, xanlığın əhalisini müharibə olarsa, talan və qarətdən qorumaq üçün istifadə edirdilər. Belə ki, 1765-ci və 1769-cu illərdə İrəvan xanı Hüseyn Əli xan II İraklinin xanlığa hücum edəcəyindən xəbərdar olduqda məhz katolikosun vasitəçiliyi ilə II İrakli ilə razılaşmaya görə İrəvan xanlığı Gürcüstana bac verməliydi. 1783-cü ildə Kartli-Kaxetiya çarlığı ilə Rusiya arasında Georgiyevsk şəhərində himayədarlıq haqqında müqavilə imzalanır. Bu müqavilə Rusiyanın Cənubi Qafqazda mövqeyinin güclənməsinin göstəricisi idi. Müqavilə eyni zamanda Azərbaycan xanlıqlarına Gürcüstanla münasibətlərdə Rusiyanın zəhmini nəzərə almağa işarə idi.

1783-cü ilin noyabrın əvvəllərində Rusiya İrəvan xanı Hüseyn Əli xana xəbərdarlıq məktubu göndərir. Xan cavab məktubunda Rusiyaya sadiq olacağını bildirir.

Georgiyevsk müqaviləsi Türkiyəni çox narahat edirdi. Çünki Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi onun maraqlarına tamamilə zidd idi. Odur ki, Türkiyə İrəvan xanlığını öz təsir dairəsinə daxil etmək istəyirdi.

1783-cü ilin sonunda İrəvanda baş verən xalq üsyanı nəticəsində İrəvan xanı Hüseyn Əli xan və qardaşı Məhəmməd Həsən xan öldürüldülər. Hakimiyyətə Hüseyn Əli xanın böyük oğlu gəldi. İrəvan xanlığını öz təsiri altında saxlamaq istəyən II İrakli Qulam Əli xanın (1783-1785) tərəfini saxlayır. Bu isə xanlıqda böyük narazılığa səbəb olur, Qulam Əli xan da öldürülür.

İrəvan xanlığının II İraklinin təsir dairəsinə düşməsi Türkiyə dövlətini təcili tədbirlər görməyə məcbur edir, çünki İrəvan qalası Cənubi Qafqazda çox böyük strateji əhəmiyyət daşıyırdı. Bu dövrdə Türkiyə Azərbaycan xanlıqlarına Rusiyadan gözlənən təhlükəyə qarşı birləşmək haqda məktublar göndərirdi. 1785-ci ildə İbrahimxəlil xan, qubadlı Fətəli xan, xoylu Əhməd xan Türkiyə sultanlığı müsbət xarakterli cavab məktubları göndərir və Türkiyənin himayəsini qəbul etməyə razı olduqlarını bildirirlər. Xanların məsələyə belə münasibəti Türkiyənin bölgədə rolunun artmasına gətirib çıxara bilərdi. Lakin bu zaman beynəlxalq vəziyyətdə dəyişiklik baş verir. İranda Zənd sülaləsi hakimiyyətdən uzaqlaşdırılır. Ağa Məhəmməd xan Qacar İranda hakimiyyəti ələ alıb Azərbaycan xanlıqlarından itaət tələb edir.

İrəvan xanı Ağa Məhəmməd xan Qacarın ultimatumuna cavab olaraq öz qardaşını girov göndərsə də, müqavimət göstərmək üçün bir sıra hazırlıq işləri görür. İlk növbədə İrəvan qalasında yeddiillik ərzaq ehtiyatı toplayır, qalaya yerli əhalidən, əlavə kəndlərdən 7 min qoşun səfərbər edir. 1795-ci ilin iyulunda İran qoşunları İrəvan qalasını mühasirəyə alır, 35 günlük mühasirədən sonra qala alınır. Məhəmməd xan tabeçilik rəmzi olaraq yaxın adamlarını girov göndərməklə bərabər 8 funt qızıl və 80 min manat xərac verməli olur.

İranın Cənubi Qafqazda möhkəmlənməsi Rusiya imperiyasının işğalçılıq planlarına böyük zərbə idi. Odur ki, 1796-cı ilin aprelində Rusiya Cənubi Qafqaza qoşun yeridir. İranın asılılığından azad olmağa çalışan İrəvan xanı Məhəmməd xan general V.Zubovla məktublaşır və yardım istəyir. Lakin bu baş tutmur. Qacarın 1797-ci ildəki ikinci yürüşü İrəvan xanının vəziyyətini pisləşdirir. Məhəmməd xan ailəsi ilə birlikdə Qəzvinə sürgün edilir. Lakin o, yenidən hakimiyyətə qayıda bilir.

XVIII əsrin sonlarında İrəvan xanlığı Rusiya imperiyasının siyasi maraq dairəsinə daxil olur. Bunun əsas səbəblərindən biri xanlığın son dərəcə mühüm geostrateji mövqeyi və artıq Azərbaycanın cənub torpaqlarını işğal edib öz ərazisinə qatmış İran və Türkiyə sərhədlərinin qovşağında yerləşməsi idi.

XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Rusiyanın Şərqə doğru irəliləməsi dünyanın ən böyük müstəmləkə ölkələrindən olan İngiltərəni və Fransanı çox ciddi narahat etməyə başlayır. 1801-ci ilin yanvarında İranla İngiltərə arasında bağlanan müqavilə antirus xarakteri daşıyırdı. Beynəlxalq vəziyyətin belə gərgin xarakter alması Rusiyanı Cənubi Qafqazda fəal işğalçılıq siyasətinə meyilləndirir. 1803-cü ilin yazında Gəncə xanlığı ilə bərabər İrəvan xanlığını da almağı birinci dərəcəli vəzifə kimi planlaşdırır. 1804-cü il yanvarın 1-də Gəncə xanlığı işğal edildikdən sonra növbə İrəvan xanlığına çatır. İrəvan xanı Məhəmməd xan Rusiyanın xanlıq üzərinə hücuma hazırlaşdığından xəbərdar idi. O, xanlığın müstəqilliyini saxlamaq üçün Qafqaz xəttinin baş komandanı general P.D.Sisianovun yanına öz nümayəndəsi Məhəmməd Əli bəyi göndərir ki, Rusiya ilə münasibətləri nizamlaşdıracaq şərtləri aydınlaşdırsın. General P.D.Sisianov 10 may 1804-cü il tarixli məktubunda Məhəmməd xanın qarşısına aşağıdakı tələbləri qoyur: 1. İrəvan qalasında rus hərbi qüvvələri yerləşdirilməlidir; 2. Xan Rusiya imperatorunu öz hakimi kimi tanımalı və ona sədaqət andı içməlidir; 3. 80 min manat məbləğində təzminat ödəməlidir; 4. Xanlıq saxlanılır və hakimiyyətin irsən keçilməsinə zəmanət verilir.

Lakin İrəvan xanı Rusiya qoşununun xanlığın ərazisində yerləşdirilməsi təklifini məqbul saymır. 1804-cü ilin may ayının sonlarında başda general P.D.Sisianov olmaqla rus ordusu İrəvan xanlığının sərhədlərinə yaxınlaşır. Məhəmməd xan düşmənin hücumunu dəf etmək üçün ciddi hazırlıq görür: qalanın müdafiəçilərinin sayı 7 minə çatdırılır, qala divarlarına 22 top bərkidilir, bundan əlavə, uzunmüddətli təzyiqə davam gətirmək üçün xeyli sursat və ərzaq toplanır. Rusiya İrəvan xanlığına hücuma hazırlaşması və xanlığın sərhədlərinə xeyli hərbi qüvvə cəmləşdirməsi ucbatından Azərbaycanın şimal torpaqlarında gözü olan İran 1804-cü il mayın 10-da Rusiya ilə diplomatik əlaqələri kəsir və İrəvan-Qazax istiqamətində hərbi əməliyyatlara başlayır.

Beləliklə, 1804-cü ilin iyununda İrəvan xanlığı Rusiya və İranla müharibəyə cəlb olunur. Bu isə həm ölkə iqtisadiyyatına böyük zərbə vurur, həm də xanlıq əhalisinin tələfinə səbəb olur. Yerli Azərbaycan əhalisi başqa xanlıqlara və ya qonşu ölkələrə köçməli olur. Rus ordusu nizami ordu idi, böyük döyüş təcrübəsi vardı, o dövrün müasir silahları ilə silahlanmışdı və çoxlu qələbə qazanmışdı. İrəvan xanlığı üzərinə Rusiya komandanlığı 5 minə yaxın nizami və 600-dən artıq qeyri-nizami hissə yeridir. 1804-cü il iyunun 10-da vəliəhd Abbas Mirzənin başçılığı ilə 20 minlik İran qoşunu Arazı keçir, bu qoşundan 8 minlik dəstə İrəvana doğru hərəkət edir. Fətəli şahın şəxsi rəhbərliyi ilə iyulun ortalarında 60 minlik İran ordusu İrəvan uğrunda Rusiya ilə hərbi əməliyyatlara başlayır və İrəvan xanlığına qoşun yeridir. Beləliklə, İrəvan xanlığı uğrunda iki dövlətin - İran və Rusiyanın mübarizəsi İrəvan xanı Məhəmməd xanı manevr etməyə məcbur edir. Xan İranı seçir. Burada bir cəhəti qeyd etmək lazımdır ki, İrəvan xanlığının mübarizəsinə Pəmbək hakimi Naçı bəy də yardım edir. Naçı bəy Tiflisdən general P.D.Sisianova sursat və ərzaq aparan kapitan Spatkovun dəstəsinə 1804-cü il avqustun ortalarında hücum edir və general P.D.Sisianovun dəstəsi çox çətin vəziyyətə düşüb Tiflisə çəkilməli olur. Beləliklə, Rusiya 1804-cü ilin yayında İrəvan xanlığını işğal edə bilmir.

Məhəmməd xan İran ordusunun yardımı ilə İrəvan qalasını iki aylıq mühasirədən azad edib müstəqilliyini saxlaya bilir. Lakin İrəvan xanlığının müstəqilliyi İranın işğalçılıq siyasətinə cavab vermədiyindən 1805-ci ildə Arazı keçən İran ordusu İrəvan qalasına daxil olur. Müstəqil siyasət yeritməyə cəhd edən Məhəmməd xan artıq İranın siyasi marağına zidd xətt yeritməyə cəhd etdiyindən həbs olunur və ailəsi ilə birlikdə İrana göndərilir. Məhəmməd xanın yerinə İran sərkərdəsi Mehdiqulu xan (1805-1808) təyin edilir.

Beləliklə, 1805-ci ilin sonlarından İrəvan xanlığı faktiki olaraq İran tərəfindən işğal edilib öz müstəqilliyini itirdi. 1806-cı ilin dekabrında Rusiya ilə Türkiyə arasında Birinci rus-türk müharibəsi başlayır. Rusiya Cənubi Qafqazda iki cəbhədə vuruşmalı olur.

Bu dövrdə İran ilə Fransa arasında yaxınlaşma baş verir, Rusiyanın Şərqdə işğalçılıq xəttinin Fransanın maraqlarına maneə törətməsi onun İranla yaxınlaşmasına gətirib çıxarır. 1807-ci il mayın 4-də Fransa ilə İran arasında Finkenşteyn müqaviləsi imzalanır. Bu müqaviləyə görə, Fransa İrana hərbi yardım etməli, İran ordusunu yenidən qurmalı idi. Fransız mütəxəssislər İrəvan qalasının möhkəmləndirilməsi sahəsində böyük işlər görürlər. General Y.V.Qudoviç bu haqda rəsmi raportda belə məlumat verirdi: İrəvanın Avropa hərbi qaydası ilə möhkəmləndirilmiş iki qala divarı vardır, qala divarlarının qarşısında xəndəklər qazılmışdır. İndi qalaya əvvəllər olmayan toplar gətirilmişdir. İrəvanlılar fuqas bombalarından istifadə edirlər, bu da, sözsüz ki, fransız mühəndislərin fəaliyyətinin nəticəsidir.

Hüseynqulu xan xanlığın müdafiə qabiliyyətini artırmaq məqsədilə Sərdarabad qalasını inşa etdirir. Qala Türkiyə ilə İran sərhədinin yaxınlığında Alagöz dağı istiqamətindəki böyük düzənlikdə tikilmişdi ki, döyüşlərin gedişini hərtərəfli müşahidə etmək mümkün olsun. Dördbucaq şəklində inşa edilmiş Sərdarabad qalası 2 hündür qala divarı ilə əhatə edilmişdi, qalada 2 min əsgər yerləşdirmək olardı.

1807-ci ildə Rusiyanın başı Türkiyə ilə müharibəyə qarışdığından İrəvan xanlığı bir qədər diqqət mərkəzindən kənarda qalır. Lakin 1808-ci ilin sentyabrın əvvəllərində Rusiya yenidən xanlığa hücum edir və hətta oktyabrın 7-də qala mühasirəyə alınır. Oktyabrın 9-da general Y.V.Qudoviç Bayır şəhəri - İrəvan şəhərini tutub İrəvan qalasını dörd tərəfdən mühasirəyə alır. Bu zaman İrəvan xanı Hüseynqulu xan İrəvanda deyildi və qalanın müdafiəsinə onun qardaşı Həsən xan rəhbərlik edirdi. Hüseynqulu xanın qalada olmadığını bilən general Y.V.Qudoviç Həsən xanı şirnikləndirmək məqsədilə ona yazırdı ki, əgər o, qalanı təslim etsə, xan təyin ediləcək. Lakin Həsən xan bu təklifi qəbul etmir. 1808-ci il noyabrın 17-də səhər tezdən saat 5-də dörd tərəfdən qalaya hücum başlanır, lakin iki həftədən çox çəkən bu mühasirə nəticə vermir, rus ordusu geriyə - Gürcüstana çəkilir. İrəvan müvəffəqiyyətsizliyi general Y.V.Qudoviçi Naxçıvanı da tərk etmək məcburiyyəti qarşısında qoyur. Beləliklə, 1808-ci ilin sonlarında İrəvan xanlığı öz varlığını qoruyub saxlaya bilir.

XIX əsrin birinci onilliyində, 1804-1813-cü illərdə II Rus-İran müharibəsinin gedişində rus qoşunlarının İrəvan qalasını ala bilməməsi bu qalaya "alınmaz qala" adını qazandırır.

Gülüstan müqaviləsindən sonra İrəvan xanlığı tamamilə İrandan asılı vəziyyətə düşür və İrəvan xanlığı İranın dəvət etdiyi ingilis mütəxəssislərin köməyi ilə hərbi cəhətdən möhkəmləndirilir.

Azərbaycan uğrunda Rusiya ilə İran arasında başlanan II Rus-İran müharibəsində İrəvan xanlığı İrana tabe ölkə kimi onunla birlikdə Rusiyaya qarşı vuruşmalı olur. 1826-cı il iyulun 16-da İrəvan xanı Hüseynqulu xanın süvari dəstəsi İran ordusu ilə Rusiyaya qarşı başlanan hərbi əməliyyatlarda iştirak edir. Əgər 1826-cı ilin sonlarına kimi müvəffəqiyyət İran tərəfində idisə, artıq 1827-ci il aprelin sonlarında qraf S.T.Paskeviç İrəvan xanlığına doğru hərəkət edir. S.T.Paskeviç qalanı mühasirəyə alır. İki aylıq mühasirə nəticə vermir və qraf müvəqqəti olaraq mühasirə taktikasını dayandırıb Naxçıvan üzərinə hücuma keçir. Amma İrəvan qalası ətrafında general-leytenant Krassovskinin rəhbərliyi altında olan hərbi hissə saxlanılmışdı. Qraf S.T.Paskeviçin Naxçıvan istiqamətinə hücuma keçməsindən xəbərdar olan İrəvan qalasındakı İran qarnizonu general-leytenant Krassovskinin qüvvələri üzərinə hücuma keçib ona ağır zərbə endirir. Bundan xəbər tutan qraf S.T.Paskeviç Krassovskiyə köməyə əlavə qüvvələr göndərir. General-adyutant Benkendorfun komandanlıq etdiyi hərbi hissələrin yaxınlaşdığını görən İrəvan qarnizonu qalaya geri çəkilir və İrəvan qalası yenidən mühasirədə qalır.

İrəvan qalası uğrunda mübarizə II Rus-İran müharibəsinin tarixində müstəsna yer tutur. Belə ki, I Rus-İran müharibəsinin gedişində bu qala uğrunda mübarizə çox gərgin keçmişdi. 1827-ci ilin aprelindən qala mühasirəyə alınsa da, rus ordusu bəzən bu mühasirədən əl çəkməli olmuş və yenidən hərbi əməliyyatlara başlamışdı. Qraf S.T.Paskeviçin komandanlığı altında mühasirəyə alınmış qala mütəmadi olaraq top atəşinə tutulurdu və nəhayət 1 oktyabr 1827-ci ildə İrəvan qalası təslim olmaq məcburiyyəti qarşısında qaldı.

İrəvan xanlığının Rusiya tərəfindən işğalı Azərbaycan xalqının taleyində son dərəcə faciəli olaylara yol açan bir hadisədir. Məhz İrəvan və Naxçıvan xanlıqlarının işğalı və onun Türkmənçay müqaviləsində öz əksini tapması 21 mart 1828-ci ildə I Nikolayın "erməni vilayəti" adlı qurumun yaradılması haqda fərmanı üçün hüquqi əsas olur.

I Nikolayın 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ləğv edilir, əvəzində yeni bir bölgə - "erməni vilayəti" yaradılır. "Erməni vilayəti"nin ərazisinə həmçinin Naxçıvan xanlığına məxsus olan, lakin sonralar ondan alınmış Ordubad dairəsi də daxil edilir. "Erməni vilayəti" müstəqil bir qurum olmasa da, ermənilərin Azərbaycan torpaqlarında kütləvi yerləşdirilməsi üçün əsas ərazi oldu. Bu, sözsüz ki, ermənilərin öz arzularına çatmaq, ona tamamilə aidiyyəti olmayan torpaqlarda öz dövlətlərini yaratmaq yolunda "böyük uğurları" sayıla bilər. Məhz 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında bağlanan və Azərbaycanı iki yerə parçalayan Türkmənçay müqaviləsi ermənilərin Cənubi Qafqazda Şimali Azərbaycan torpaqlarında əl-qol açması üçün əsas oldu.

 

Fəridə ƏLİYEVA,

Bakı Dövlət Universitetinin

Azərbaycan tarixi kafedrasının dosenti,

tarix elmləri namizədi