УRespublikaФ.-2009.-5 mart.-N 51.-S.6.

 

Ölkə idmanı hərtərəfli inkişaf yolundadır

 

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin həyatında yeni bir dövr başladı. Bu yenilik özünü ictimai həyatın bütün sahələrində olduğu kimi, idmanda da göstərmişdir. Ümummilli liderimizin xalqın istəyi və tələbi ilə yenidən hakimiyyətə qayıtması, 1993-2003-cü illərdə müstəqil respublikamıza rəhbərlik dövrü sosial-iqtisadi sahə ilə yanaşı, həm də bədən tərbiyəsi və idmanın inkişafının təminatçısı olmuşdur, Ulu öndərimiz Heydər Əliyev bütün fəaliyyəti dövründə daim idmançılarla görüşmüş, onlarla səmimi söhbət edib qayğıları ilə maraqlanmışdır. Onun 1995-ci il martın 5-də idman sarayında ölkənin tanınmış idmançıları və onların məşqçiləri ilə görüşməsi, burada dolğun çıxışı ilə idmançılara mübarizlik, iradə və qətiyyət aşılaması bu dediklərimizin bariz nümunəsidir. Eyni zamanda həmin tədbirdə ilk dəfə bir qrup idmançının və məşqçinin yüksək mükafatlarla Ц "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif olunması Azərbaycan idmançılarının əməyinə verilən qiymətin əyani sübutudur.

2003-cü ilin oktyabrında möhtərəm İlham Əliyev dövlət başçısı seçildikdən sonra ümummilli liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirmişdir. 2005-ci il martın əvvəlində Prezident İlham Əliyev tərəfindən 5 martın "Bədən tərbiyəsi və idman günü kimi təsis edilməsi haqqında" imzaladığı sərəncamı və bu sahədə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adının təsis edilməsi haqqında" fərmanı idman sahəsində çalışanlara dövlət səviyyəsində diqqət və qayğının göstəricisidir. Məhz 5 mart tarixinin idman ictimaiyyəti tərəfindən bayram kimi qeyd olunması dahi rəhbərin 1995-ci ildə keçirdiyi tarixi görüşün rəmzidir. Ümumiyyətlə, cənab ilham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsi Azərbaycanda bədən tərbiyəsi və idmanın sürətlə və hərtərəfli inkişafına yeni təkan vermişdir.

Əvvəlki illərdə olduğu kimi, 2008-ci ildə də Azərbaycanın idman tarixinə şərəfli səhifələr yazılmış, idman sahəsində mühüm işlər görülmüş və uğurlu nəticələr əldə edilmişdir. 2008-ci ilin ölkəmizin idman həyatı üçün ən önəmli hadisəsi isə, şübhə-siz ki, böyük uğurlar ilə yadda qalmış Pekin olimpiadası olmuşdur. Müstəqil ölkəmizin tarixində 4-cü dəfə Azərbaycan idmançıları dünyanın ən ali idman tədbiri olan Olimpiya Oyunlarında 11 idman növündə 44 nəfər idmançı ilə iştirak etmişlər. XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandasının hər bir üzvü bu mötəbər yarışda ölkəmizi ləyaqətlə təmsil etmiş, vətənimizin tanınması, təbliğ olunması, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi və ən başlıcası, olimpiya medallarının qazanılması uğrunda əzmlə mübarizə aparmışdır. Belə ki, Azərbaycan milli olimpiya komandası 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanaraq 204 iştirakçı dövlət arasında medalların sayına görə 27-ci yeri, keyfiyyətinə görə isə 39-cu yeri tuta bilmişdir. Avropa ölkələri sırasında isə Azərbaycan kəmiyyətə görə 15-ci, keyfiyyətə görə isə 20-ci yeri tutmuşdur. Pekin Olimpiya Oyunları tarixə çevrilsə də, Elnur Məmmədlinin möhtəşəm qələbəsi hələ neçə illər bundan sonra da xatirələrdən silinməyəcəkdir.

Digər fərəhli idman hadisələrindən biri də XIII Pekin Yay Paralimpiya Oyunları olmuşdur. Azərbaycan dünyanın 147 ölkəsinin cərgəsinə qatılmış və oyunlarda respublikamız 18 idmançı ilə təmsil olunmuşdur. 2008-ci il Pekin XIII Yay Paralimpiya Oyunlarında idmançılarımız misli görünməmiş qələbələr qazandılar. Belə ki, Azərbaycan idmançıları uğurlu çıxış edərək 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanaraq 148 iştirakçı dövlət arasında medalların sayına görə 32-ci, keyfiyyətinə görə isə 38-ci yeri tuta bilmişdir.

XXIX Yay Olimpiya Oyunlarında qazanılmış uğurlar ölkədə bədən tərbiyəsi və idman sahəsində aparılan dövlət siyasətinin məntiqi nəticəsidir. Bu nailiyyətlər bir daha sübut etmişdir ki, ölkəmizdə idmanın, olimpiya hərəkatının tərəqqisi strateji inkişaf proqramı üzərində qurulmuşdur.

Respublika Gənclər və İdman Nazirliyi ölkədə bədən tərbiyəsi və idmanın inkişafı üçün məqsədyönlü fəaliyyətini 2008-ci ildə də uğurla davam etdirmişdir. Ötən il ölkədə 84 idman növü üzrə 188 respublika çempionatı və kubok yarışı, 76 respublika birinciliyi keçirilmişdir. Bu yarışlarda respublikamızın bütün şəhər və rayonlarından 70 minə yaxın idmançı iştirak etmişdir. Ayrı-ayrı olimpiya və qeyri-olimpiya idman növləri üzrə milli yığma komandalar üçün 92 təlim-məşq toplanışı keçirilmişdir. İdmançılarımızın 51 dünya və 73 Avropa çempionatında, 120 beynəlxalq turnirdə iştirakı təmin edilmişdir.

Ölkə rəhbəri möhtərəm İlham Əliyevin məqsədyönlü və səmərəli fəaliyyəti, idmana, idmançıya, məşqçiyə davamlı diqqət və qayğısı sayəsində Azərbaycanın dövlət himni və üçrəngli bayrağı dünyanın qitələrini fəth etməkdədir. Belə ki, idmançılarımız yola saldığımız il ərzində beynəlxalq yarışlarda müxtəlif əyarlı 550 medal qazanmışlar. Bunlardan 137-si olimpiya proqramına daxil olan idman növləri üzrə, 413-ü isə qeyri-olimpiya idman növləri üzrədir. Ötən illə müqayisədə qazanılmış medallar arasındakı fərqi diqqətinizə çatdırmaq istərdim. 2007-ci ildə 452 medal, o cümlədən 165 qızıl, 117 gümüş, 169 bürünc, Olimpiya növləri üzrə 174 medal, o cümlədən 61 qızıl, 39 gümüş, 74 bürünc medal əldə olunmuşdur. 2008-ci ildə isə 550 medal, o cümlədən 205 qızıl, 141 gümüş, 204 bürünc, Olimpiya növləri üzrə 137 medal, o cümlədən 38 qızıl, 34 gümüş, 65 bürünc medal qazanılmışdır.

2008-ci il respublikamızda bir sıra beynəlxalq yarışların təşkili və yüksək səviyyədə keçirilməsi ilə də yad-da qalmış, ölkəmizdə 25 beynəlxalq yarış, təşkil olunmuşdur. Bunların sırasında otüstü hokkey üzrə qadınlar arasında Olimpiya Oyunlarının seçmə turniri, boks üzrə yeniyetmələr arasında "Ümummilli lider Heydər Əliyevin kuboku-2008" , hərbçilər arasında dünya çempionatı, cüdo üzrə "Dünya kuboku"nun mərhələ yarışı, karate-do üzrə "Prezident kuboku" ənənəvi beynəlxalq turniri, voleybol üzrə Avropa çempionatının təsnifat mərhələsi, bilyard üzrə Avropa çempionatı, sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir, şahmat üzrə Heydər Əliyevin 85 illiyinə həsr olunmuş "Prezident kuboku" və digər beynəlxalq yarışların adlarını qeyd etmək olar. Bütün bunlar Azərbaycanın beynəlxalq idman aləmindəki nüfuzundan xəbər verir.

Respublikamızda idmanın kütləviləşməsi və inkişafı yolunda 11 respublika səviyyəli spartakiada və 90 kütləvi idman tədbiri təşkil olunmuş-dur. Belə ki, ali təhsil məktəblərinin tələbələri arasında idmanın cüdo, basketbol, həndbol, şahmat, dama, voleybol, badminton, atletika, üzgüçülük növləri üzrə respublika çempionatı keçirilmişdir. Yarışlarda 20 ali təhsil məktəbindən 1116 idmançı, o cümlədən 354 qadın iştirak etmişdir. Həmçinin ayrı-ayrı sahələrdə çalı-şan işçilərin bədən tərbiyəsi və idmana cəlb olunması məqsədilə kompleks yarışlar da təşkil edilmişdir. Bundan başqa, respublikada idman növlərinin inkişaf etdirilməsi və təbliğ olunması, yeniyetmələrin idman ustalıqlarının artırılması, idman məktəblərinin işinə baxış, yığma komandaların heyətlərinin müəyyənləşdirilməsi, istifadəyə verilmiş olimpiya idman komplekslərindən və idman bazalarından səmərəli istifadə edilməsi məqsədilə 11 idman növü üzrə keçirilmiş Yeniyetmələrin VI Respublika Oyunları diqqəti cəlb etmişdir. Yarışların I-III mərhələsində 76000 nəfər yeniyetmə iştirak etmişdir. Bunlardan 6011 nəfəri yarışların final mərhələsinə vəsiqə qazanmışdır.

Son illər respublikada idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişaf etdirilməsi məsələsi daim diqqət mərkəzindədir. Bu baxımdan ölkəmizin şəhər və rayonlarında tikilib istifadəyə verilmiş və tikilməkdə olan müasir Olimpiya idman kompleksləri mühüm əhəmiyyət kəsb edir. Son bir neçə il-də bu sahədə böyük nailiyyətlər əldə edilmişdir. Ötən il Ağdam, Salyan, Oğuz, Kürdəmir, Sabirabad, Qusar, Biləsuvar rayonlarında müasir tələblərə cavab verən, hər cür şəraitə malik olan idman kompleksləri tikilib istifadəyə verilmişdir. Bununla istismarda olan idman komplekslərimizin sayı 19-a çatmışdır. Eyni zamanda Pirallahı İdman Mərkəzi və Nardaran qəsəbəsində idman zalı istifadəyə verilmişdir. Yeni kompleks və qurğular həm idmanın inkişafına xidmət edir, həm də əhalinin sağlamlığı və asudə vaxtının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev ötən il dekabrın 26-da Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) V hesabat-seçki Baş Məclisindəki nitqində demişdir: "O komplekslərdə bütün gözəl şərait yaradılıb, hər birində üzgüçülük hovuzu, müxtəlif ictimai binalar, mehmanxanalar vardır. Bu, eyni zamanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına töhfədir. Biz bütün bu işlərə Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin birgə fəaliyyəti nəticəsində nail ola bilmişik".

Gənclər və İdman Nazirliyi tərə-findən müxtəlif idman avadanlıqları və ləvazimatları alınıb ehtiyacı olan bölgələrə verilmişdir. Ayrı-ayrı növlər üzrə yığma komandaların beynəlxalq yarışlarda iştirakı üçün idman formaları alınıb idmançılara paylanmışdır. İdmançıların tibbi-bioloji təminatı işlərinə də ciddi diqqət yetirilmişdir. 2008-ci ili möhtəşəm qələbələrlə yola salmış idmançılarımızı cari ildə mötəbər yarışlar gözləyir. Mən inanıram ki, ötən illərdə olduğu kimi, 2009-cu il də idmanın bir çox növləri üzrə daha yüksək nailiyyətlər qazanılması ilə yadda qalacaqdır. Bu bayram günündə parlaq qələbələrə görə idmançılarımızı və onların əldə etdiyi nəticələrdə əvəzsiz xidmətləri olan məşqçiləri nazir Azad Rəhimov başda olmaqla kollektivimiz adından təbrik edir, onlara 2009-cu ildə də Azərbaycanın idman şərəfini layiqincə qorumağı arzulayıram.

 

İsmayıl İSMAYILOV,

gənclər və idman nazirinin müavini