Azərbaycan.-2008.-11 oktyabr.-226.-S.5

 

Azərbaycanın müasir inkişaf strategiyası: uğurlu təcrübədən təkmil nəzəriyyəyə

 

İnkişaf etmiş dövlətlərin onilliklər boyu keçdiyi təkamül və tərəqqi mərhələlərini qısa zaman kəsiyində qət edərək bütövlükdə Cənubi Qafqazda mühüm rolu və mövqeyi ilə seçilən Azərbaycanın regional liderə çevrilməsi heç də yalnız respublikanın zəngin təbii sərvətləri, əlverişli geostrateji mövqeyi ilə şərtlənmir. Analoji inkişaf yolu keçmiş əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu zəngin potensialın xalqın mənafeyinə uyğun realizə edilməsi, hər bir fərdin maraq və mənafeyinə cavab verən siyasi strategiyanın həyata keçirilməsi ümummilli lider amili ilə bilavasitə bağlıdır.

 

Son 15 ildə müstəqil respublikamız məhz ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə müəyyənləşdirdiyi dövlətçilik fəlsəfəsinə tapınaraq demokratiya və azad bazar iqtisadiyyatı prinsiplərini özündə maksimum dərəcədə ehtiva edən ümumbəşəri yolla irəliləmişdir. Demokratik inkişaf mərhələlərini tez bir zamanda adlayan Azərbaycanın belə böyük uğurlara imza atmasında, şübhəsiz, ulu öndərin rasional və xarizmatik liderlik keyfiyyətləri əsaslı rol oynamışdır. Ulu öndərin böyük müdrikliklə yaratdığı dövlətçilik modeli spesifikliyi və unikallığı ilə fərqlənməklə, xalqın gələcək yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, demokratik dəyərləri özündə maksimum dərəcədə ehtiva etmişdir.

Azərbaycan xalqını həqiqi müstəqilliyə qovuşduran və milli qurtuluşun əsasını qoyan Heydər Əliyev dühasının zəngin dövlətçilik irsinin, unikal idarəçilik məktəbinin öyrənilməsi bu gün tarix və politologiya elmi üçün xüsusi aktuallıq kəsb edir. Çünki hələ ulu öndər Heydər Əliyevin özü böyük bir şəxsiyyət kimi öyrənilməmiş, bu böyük siyasət adamının idarəçilik məharəti, dövlətçilik ideyaları, bu ideyaların nəzəri və praktiki aspektləri lazımınca tədqiq edilməmişdir. Odur ki, xalqın taleyində müstəsna rol oynamış bu fenomen şəxsiyyətin fəaliyyətinin hər bir səhifəsi dərindən öyrənilməli, təhlil olunmalı və gələcək nəsillər üçün tarixə köçürülməlidir. Yalnız bu səbəbdən ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirməklə yanaşı, onun əsrlər boyu davamlı inkişafını təmin edəcək alternativsiz inkişaf yolunu müəyyənləşdirmiş, milli sosial-iqtisadi inkişaf konsepsiyasının banisi kimi çağdaş tariximizdə əbədiyaşarlıq hüququ qazanmışdır.

Son illərdə Heydər Əliyev siyasi kursunun elmi əsaslar üzərində tədqiqi, təcrübədə sınaqdan çıxmış bu təkmil inkişaf modelinin nəzəriyyəyə köçürülməsi istiqamətində səylərin güclənməsi müşahidə olunur - ayrı-ayn filosoflar, tarixçilər, siyasətşünaslar bu məsələyə geniş yer verirlər. Ancaq etiraf etmək lazımdır ki, bu tədqiqatların çox az qismində müəlliflər əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider kimi xalqının qəlbində silinməz iz salmış Heydər Əliyevin əsasını qoyduğu islahatlar kursunun elmi-fəlsəfi mahiyyətini tam dolğunluğu ilə aça bilmiş, bu çətin və məsuliyyətli işin öhdəsindən lazımınca gəlmişdilər. Əslində buna da təbii yanaşmaq lazım gəlir - tarixin axarını dəyişən böyük simaların ideya və prinsipləri, idarəçilik metodları, adətən, zaman və məkanın fövtündə olur. Belə xarizmatik liderlərlə eyni dövrdə yaşayanlar bəzən onların dünyagörüşünü və çoxqatlı siyasi gedişlərinin məğzini mahiyyəti üzrə dərk etməkdə çətinlik çəkirlər. Ulu öndər Heydər Əliyevin özünəməxsus liderlik institutunun, onun milli mənafelərə hesablanmış məqsədyönlü siyasi gedişlərinin mahiyyətini açmaqda çətinlik çəkən müəllifləri bu mənada çox da qınamaq olmur. Nədən ki, ulu öndərin parlaq şəxsiyyətini sözün qüdrəti ilə canlandırmaq üçün onun şərəfli həyat yoluna, unikal dövlətçilik və idarəçilik fəlsəfəsinə, zəngin dünyagörüşünə, hadisələrə yanaşma üslubuna dərindən bələd olmaq, böyük hakimiyyət ustadının yaxın silahdaşı kimi onunla uzun illər çiyin-çiyinə çalışmaq, mübarizə aparmaq, sevincli-kədərli günləri bölüşməkdə son dərəcə vacib və əhəmiyyətli şərtlərdəndir.

Bu günədək Heydər Əliyevin nurlu xatirəsinə həsr olunmuş yüzlərlə kitab və monoqrafiya işıq üzü görsə də, bunların içərisində xeyli yüksək səviyyədə yazılanları olsa da, onların heç biri elmi-nəzəri səviyyəsinə, praktik məzmun yükünə, faktoloji əhəmiyyətinə, aktuallığına və sanbalına görə Prezidentin İcra Aparatının rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyevin böyük erudisiya, siyasi fəhm və peşəkarlıqla qələmə aldığı fəlsəfi-siyasi əsərlərlə müqayisə oluna bilməz. Uzun illər ərzində əxz etdiyi zəngin dövlətçilik səriştəsini, hərtərəfli siyasi müşahidələrini, konseptual elmi-fəlsəfi yanaşmalarım ulu öndər Heydər Əliyevin unikal idarəçilik məktəbində daha da zənginləşdirən akademik Ramiz Mehdiyev bu əsərlərində zəmanəmizin ziddiyyətli hadisələrinin əsl mahiyyətini açmağa nail olmuşdur. Ulu öndərin yaxın və Etibarlı məsləkdaşı olan cənab Ramiz Mehdiyev onun zəngin siyasi kombinasiyalarının, azərbaycanlılıq ideologiyasının əsaslarını, təməl prinsiplərini çoxsaylı tədqiqatlarında dərin elmi təhlil əsasında canlandıra bilmişdir.

Müəllif son 10 ildə yüksək peşəkarlıqla qələmə aldığı dəyərli əsərlərində Qərb nəzəriyyələrinə əsaslanmaqla müasir qloballaşma dövründə dövlət, şəxsiyyət və lider anlayışlarının uğurlu təsnifatını aparmış, bu kontekstdə Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı, gələcək perspektivləri ilə bağlı fəlsəfi-siyasi mülahizələrini açıqlamışdır. Qloballaşma dövrünün paradiqmaları, şəxsiyyət lider - cəmiyyət münasibətləri, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında respublikamızda vətəndaş cəmiyyətinin təşəkkülü və formalaşması prosesi, sivil dünyaya açılan "inteqrasiya magistralları", dövlətçiliyin institusional əsaslarmı səciyyələndirən struktur və keyfiyyət dəyişiklikləri, demokratik təkamül prosesləri, dünya iqtisadiyyatı və siyasətinin transmilliləşməsi və digər aktual məsələlər akademik Ramiz Mehdiyevin əsərlərinin mövzu rəngarəngliyini təşkil edir.

Mübaliğəsiz demək olar ki, Azərbaycanın çağdaş inkişaf strategiyası, ölkədə həyata keçirilən demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi ilə bağlı yetkin və sanballı elmi-nəzəri yanaşmalara və dərin təhlilə məhz akademik Ramiz Mehdiyevin son illərdə yüksək peşəkarlıqla qələmə aldığı əsərlərdə rast gəlmək mümkündür. Akademik Ramiz Mehdiyevin gərgin və səmərəli zəhmət hesabına ərsəyə gətirdiyi maraqlı əsərləri mahiyyətcə praktik səciyyə daşımaqla, müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi altında keçdiyi demokratik inkişaf yoluna mükəmməl elmi-nəzəri baxışdır. Görkəmli filosof-alim, akademik Ramiz Mehdiyev respublikanın təcrübədə sınaqdan çıxmış milli inkişaf strategiyasının nəzəri əsaslarının yaradılmasına öz töhfəsini verməklə yanaşı, həm də ölkənin fəlsəfi fikir tarixində yeni bir təmayülün müəllifinə çevrilmişdir.

Akademik Ramiz Mehdiyevin fundamental əhəmiyyətli əsərlərində uğurlu sosial-iqtisadi strategiyanın məntiqi nəticəsi kimi öz inkişafının yüksək mərhələsinə qədəm qoymuş müstəqil Azərbaycan dövlətinin və cəmiyyətinin iqtisadi, siyasi və sosial problemlərinin hərtərəfli və dərin təhlilinə də geniş yer ayrılır və xüsusi diqqət yetirilir. Qloballaşan dünyanın yeni reallıqları şəraitində respublikamızda iqtisadi-siyasi islahatların əsas təmayülləri, demokratikləşmə prosesinin özünəməxsus cəhətləri, qərbləşmə və modernləşmənin cəmiyyətə təsiri kimi fundamental məsələlər onun əsərlərində geniş təhlil olunur. Görkəmli filosof konseptual ümumiləşdirmələrin və dərin məntiqi mühakimələrin nəticəsi kimi ərsəyə gətirdiyi bu əsərlərdə Qərb nəzəriyyələrinə əsaslanaraq, müasir qloballaşma dövründə demokratiya anlayışının uğurlu izahını vermiş, tranzitar cəmiyyətlərdə, o cümlədən Azərbaycanda demokratik-liberal islahatların gerçəkləşdirilməsi mərhələlərindən, modernləşmə xəttindən geniş bəhs etmişdir.

Bu əsərlərin elmi-fəlsəfi dəyəri həm də onların cəmiyyətdə, xüsusilə də elmi-siyasi və fəlsəfi fikirdə bir qayda olaraq böyük maraqla qarşılanması, yeni polemikalara, diskussiyalara yol açması ilə ölçülür. Akademik Ramiz Mehdiyevin dərin fəlsəfi ümumiləşdirmələrin, gərgin axtarışların, müqayisəli yanaşmaların nəticəsi kimi ərsəyə gətirdiyi əsərlər elmi-siyasi dairələrə yeni konseptual tezislər verməklə yanaşı, respublikanın inkişaf yolu ilə bağlı həm də cəmiyyətdə dolğun və obyektiv təəssürat formalaşdırır. Bu da təsadüfi deyildir ki, respublikanın tanınmış alimləri, ictimai-siyasi xadimləri həmin əsərlərdə əksini tapmış konseptual tezislər ətrafında öz fikir və mülahizələrini bildirməyə ehtiyac duyur, ayn-ayn mətbuat orqanlarında elmi təhlilə əsaslanan maraqlı resenziyalarla çıxış edirlər. Müntəzəm olaraq rəsmi dövlət nəşri olan "Azərbaycan" qəzetində işıq üzü görən bu məqalələrdə respublikamızda gerçəkləşən mütərəqqi inkişaf konsepsiyasında lider fenomeninin rolu, davamlı iqtisadi inkişafa əsaslanan demokratikləşmə xettinin mahiyyəti, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun səciyyəvi cəhətləri araşdırılır, modernləşməni zəruri edən amillərdən bəhs olunur.

"Azərbaycan" qəzeti redaksiyasının müxtəlif vaxtlarda akademik Ramiz Mehdiyevin əsərlərinin fəlsəfi və elmi-siyasi müzakirəsi ilə bağlı müxtəlif təşkilatlarla birgə təşkil etdiyi "dəyirmi masa"lar da son dərəcə təqdirəlayiqdir. Qəzet respublikanın keçmişinə, bugünkünə, sabahına mükəmməl elmi-fəlsəfi baxış olan bu fundamental əsərlərin və onlara verilmiş rəylərin cəmiyyət üçün aktuallığını və əhəmiyyətini nəzərə alaraq onların kitab halında nəşrini də məqsədə uyğun saymaqla da çox faydalı bir addım atmışdır. "Azərbaycan" qəzetinin "Azərbaycanın özü qədər əbədi" silsiləsindən nəşr etdirdiyi IV və V kitablar - "Yeni siyasət: inkişafa doğru" iki cildliyi bu baxımdan yüksək elmi-fəlsəfi siqləti, dərin məzmunu, keyfiyyəti ilə fərqlənir. Nəfis tərtibatda çap olunmuş ikicildlik kitabda akademik Ramiz Mehdiyevin son illərdə "Azərbaycan" qəzetində dərc olunmuş əsərləri, habelə bu əsərlərlə əlaqədar yazılmış rəylər toplanmışdır.

Müstəqillik dövrünün fundamental salnaməsi olan bu əsərlərdə ölkəmizdəki sosial-iqtisadi tərəqqi, baş verən mütərəqqi siyasi dəyişikliklər, aparılan hüquqi-demokratik islahatlar konseptual şərh edilmiş, Heydər Əliyev irsinin milli inkişaf strategiyasına çevrilməsi və bu siyasi xəttin hazırda da layiqincə davam etdirilməsi əsaslandırılmışdır. Tanınmış elm xadimlərinin, ziyalıların, mütəxəssislərin rəylərində isə Azərbaycanın son 15 illik dövrünü əhatə edən intibah mərhələsi məhz bu araşdırmalar kontekstində təhlil olunmuşdur.

Birinci cilddə akademik Ramiz Mehdiyevin əsasən ötən beş ildə "Azərbaycan" qəzetində dərc edilmiş "Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmləndi və inkişaf etdi", "İlham Əliyevin uğurlu Prezidentlik fəaliyyəti Heydər Əliyev siyasi kursunun uzun ömürlüyünü təmin edir", "Demokratiya Azərbaycanın inkişafının əsas istiqamətidir", "Şəffaflığın artırılması və korrupsiyaya qarşı yeni milli strategiya xalqın rifahmı yüksəldəcək", "Qloballaşma dövründə dövlət və cəmiyyət", "Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi kimi" əsərləri və onlar haqqında yazılmış rəylər toplanmışdır. Bu əsərlərin hər biri respublikanın çağdaş inkişaf vektorları, respublikamızın qloballaşan dünya iqtisadiyyatında və siyasətində yeri, milli demokratiya modeli, modernləşmə xətti, innovasion cəmiyyətin qurulması xüsusiyyətləri ilə bağlı dərin elmi-fəlsəfi fikir və mülahizələrin məcmusu kimi diqqəti cəlb edir.

"Azərbaycanın özü qədər əbədi" silsiləsindən çapdan çıxmış V kitabda isə akademik Ramiz Mehdiyevin 16 yanvar 2008-ci il tarixdə "Azərbaycan" qəzetində dərc olunmuş "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" və onunla bağlı rəylər toplanmışdır. Azərbaycanın gələcək inkişaf strategiyasının dərin fəlsəfi və iqtisadi təhlilinə əsaslanan bu sanballı tədqiqat əsəri elmi-siyasi dairələrdə daha böyük əks-səda doğurmuşdur. Əsərdə bəşəriyyətin alternativsiz inkişaf yoluna çevrilmiş demokratikləşmə prosesləri və modernləşmə xetti respublikamızın hazırkı inkişaf strategiyası kontekstində elmi-fəlsəfi təhlil süzgəcindən keçirilmişdir. Gərgin elmi axtarışların, analitik təhlil, müqayisə və ümumiləşdirmələrin nəticəsi kimi ortaya çıxan bu əsərdə respublikamızda demokratik proseslərin sürətləndirilməsini şərtləndirən sosial-siyasi və iqtisadi amillər diqqətə çəkilmiş, vətəndaş cəmiyyətinin formalaşdırılması məqsədinə hesablanmış islahatlardan söhbət açılmışdır.

Akademik Ramiz Mehdiyevin son illərdə qələmə aldığı əsərlərin mahiyyətində yeni dünya nizamının bir sıra reallıqları açıq və cəsarətli şəkildə şərh olunur. Bu baxımdan müasir dünya siyasətində demokratikləşmə tendensiyası, ümumilikdə, Azərbaycanda həyata keçirilən demokratik və hüquqi islahatların ölkənin iqtisadi inkişaf sürətinə adekvat olması məsələləri üzərində xüsusi dayanmaq olar. Əslində, "Yeni siyasət: inkişafa doğru" adlı ikicildlik kitabı vərəqləyərkən də aydın görünür ki, ayrı-ayrı filosoflar, siyasətşünaslar, nüfuzlu elm xadimləri Azərbaycanda demokratik proseslərin inkişaf xüsusiyyətlərinə, demokratiyanın suverenliyi prinsipinə, modernləşmə tendensiyasına daha çox diqqət yetirmişlər.

Kitabda respublikamızın seçdiyi inkişaf yolunun təməl prinsiplərinin müasir dövrün tələbləri baxımından elmi-nəzəri araşdırılmasına geniş yer verilmiş, iqtisadiyyatdan demokratiyaya, sabitlikdən modernləşməyə doğru tranzitin xüsusiyyətlərindən bəhs edilmişdir.

"Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsəri akademik Ramiz Mehdiyevin son illərdə Azərbaycanın inkişaf yolu ilə bağlı irəli sürdüyü elmi-nəzəri, fəlsəfi fikirləri müasir dövrün reallıqlarına nəzərən bir qədər də inkişaf etdirir. "Yeni siyasət" dedikdə isə müəllif ölkənin dinamik sosial-iqtisadi inkişaf sürətinin nəticəsi kimi demokratik islahatların sürətləndirilməsi üçün tamamilə fərqli, yeni imkanların yarandığını önə çəkir. Bu mərhələdə qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək onların həlli üçün maraqlı təkliflərlə çıxış edən akademik Ramiz Mehdiyev ölkənin perspektiv inkişafının modernləşmə xəttinin mahiyyətini açmağa çalışır. Əsərdə belə bir fikir də qətiyyətlə vurğulanır ki, məhz iqtisadi modernləşmə - bazarın sabitliyi, bank mühitinin təkmilləşməsi, orta sinfin formalaşması və ölkənin ÜDM-ində özəl sahibkarlığın rolunun güclənməsi ictimai şüuru təzələyəcək, onu yeni demokratik ənənələr və təsisatlar müstəvisinə yönəldəcəkdir. Cəmiyyət həyatındakı mühüm iqtisadi yeniliklər, keyfiyyət dəyişiklikləri demokratikləşmə və liberallaşmaya xidmət edən mütərəqqi islahatların adekvat dərkinə, cəmiyyətdə tam mənimsənilməsinə imkan verəcəkdir.

Akademik Ramiz Mehdiyevin hər bir ölkədə demokratiyanın inkişaf səviyyəsinin adambaşına düşən ümumi daxili məhsulun həcmi ilə müəyyənləşməsi fikri isə son dərəcə maraqlı və yeni yanaşma kimi diqqəti cəlb edir. Görkəmli filosofun bu cəsarətli yanaşması deməyə əsas verir ki, yüksək iqtisadi rifaha nail olmayan dövlətin demokratik ideallara yetişməsi də mümkün deyildir. Eləcə də demokratik proseslərə yol açmayan iqtisadi islahatların davamlı olaraq səmərə verməsi mümkün deyildir. Liberallaşma prosesinə başlamaq üçün milli gəlirin müəyyən bir səviyyəyə qaldırılması zərurəti əsərdə konkret nümunələrlə əsaslandırılır. Müəllif yazır: "Əslində, siyasi dəyişikliklər çox vaxt inkişaf etməkdə olan iqtisadi sistemin - Sinqapurda, İndoneziyada və ya Malayziyada olduğu kimi, - dönməz aspektinə çevrilir. Məsələn, 20 il müddətində liberallaşmağa cəhd göstərən Meksikada real irəliləyiş yalnız əhalinin hər nəfərinə düşən milli gəlir 9000 dollara çatdıqdan sonra baş vermişdir. Bu hədd demokratikləşmə prosesinin dönməz olduğunu göstərdi və Meksikam konsolidasiya olunmuş demokratiya ölkələri sırasına çıxardı. Türkiyədə demokratik dəyişikliklər iqtisadi vəziyyətin sabitləşməsindən, inflyasiya azalandan və cəmiyyətin maddi rifahı yüksəlməyə başlayandan sonra uğurlu oldu. Türkiyənin siyasi rəhbərliyi qısa müddətdə əhalinin hər nəfərinə düşən ÜDM-in, demək olar ki, 6500 ABŞ dollarına çatmasına nail oldu ki, bu da ölkə iqtisadiyyatının sabit şəkildə və mərhələli inkişafını göstərir".

Son illərdə Azərbaycanda iqtisadi sistemin sabitliyi labüd surətdə ictimai şüurun daha geniş demokratikləşməsinə geniş imkanlar açmış, genişmiqyaslı iqtisadi tədbirlər kompleksinin həyata keçirilməsi əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə, vətəndaşların maliyyə imkanlarının artmasına şərait yaratmışdır. Ölkənin iqtisadi cəhətdən güclənməsi, insanların maddi rifahının təmin edilməsi vasitəsilə cəmiyyətin mərhələli demokratikləşməsindən və keçid demokratiyasından möhkəmlənmiş, yəni konsolidasiya olunmuş məkana transformasiyası barədə danışmaq olar. ÜDM-in yüksək artımı öz növbəsində insan və şəxsiyyətin azadlığına, demokratik dəyişikliklərin mahiyyətinin dərk olunmasına, səmərəli təşəbbüslərin artmasına zəmin yaradır. İnkişafın daha aşağı səviyyələrində ümumi seçki hüququnun tətbiq olunması cəhdləri isə ya bu hüququn tezliklə ləğv edilməsinə, yaxud da onun heç bir məna kəsb etməyən prosedura çevrilməsinə gətirib çıxarır. Təsadüfi deyildir ki, son illərdə dövlətin ictimai-siyasi inkişafının əsas oriyentiri yalnız demokratik təsisatların və ənənələrin möhkəm sisteminin formalaşmasına yönəlmişdir. Özlüyündə demokratikləşmə prosesi milli inkişaf strategiyasını müəyyən edən amil və vahid sosium çərçivəsində birgə mövcud olmağın mühüm komponentidir. Məhz bütün bunları nəzərə alan hörmətli müəllif Ramiz Mehdiyev qeyd edir ki, hazırkı mərhələdə ölkə iqtidarı da demokratik dəyişikliklərin daha sürətlə həyata keçirilməsi vacibliyini dərk edir. O yazır: "Bir şeyi başa düşmək vacibdir ki, demokratiya təkcə müəyyən olunmuş gündə səsvermə qutularına yaxınlaşıb səs verməkdən ibarət deyildir. Demokratiya cəmiyyətin həyatının bir hissəsi, onun üzvlərinin təfəkkür tərzi, cəmiyyət daxilində onun üzvləri arasında qarşılıqlı əlaqənin formasıdır. Bu proses dövlətin tənəzzülünə deyil, onun güclənməsinə və inkişafına imkan yaradır. Biz iqtidar olaraq bu həqiqətləri aydın başa düşürük. Dərk edirik ki, siyasi məkanın daim yeniləşməsinə ehtiyac var və biz etiraf edirik ki, demokratik inkişafımızın daha mükəmməl və davamlı olması üçün daha da irəli getməliyik. Son illərdə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin bütöv bir kompleksi həyata keçirilmişdir".

Akademik Ramiz Mehdiyev haqlı olaraq qeyd edir ki, ötən əsrin 90-cı illərinin ortalarında ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlət yaradılması, dövlətçiliyin möhkəmləndirilməsi, idarəetmə proseslərinin mərkəzləşdirilməsi, milli iqtisadiyyatın durğunluq prosesinin dayandırılması məqsədi daşıyan sosial-siyasi və iqtisadi dəyişikliklər həyata keçirməyə başlamışdır. Milli tariximizin bu dövrü milli dövlətçilik qurulması üçün o vaxt zəruri olan qətiyyətli ateist yanaşmanın əsası olmuşdur. Bu yanaşma Azərbaycana maraqların toqquşması məkanı v müxtəlif kliyentalist qrupların eksperimentlər aparması üçün sınaq meydanı kimi baxanların siyasi romantizmə və bəsirətsizliyə əsaslanan bütün cəhdlərinin üstündən qələm çəkmişdir.

Əsərdə müəllifin irəli sürdüyü belə bir fikir də diqqəti çəkir ki, demokratiya ilə bağlı qəliblənmiş nəzəriyyələr cəmiyyətin inkişafının və təkmilləşməsinin gedişində yeni ideya və müddəalarla, qazanılmış təcrübə ilə zənginləşir. Bəzən bu təcrübə demokratikləşmə proseslərinə "ikili standart" yanaşmaların ortaya çıxmasına da səbəb olur. Müəllif həmçinin qeyd edir ki, bəşəriyyət inkişaf etdikcə, insanın həyat fəaliyyətini dəstəkləmək üçün yeni mənbələr, yeni məkanlar və enerji ehtiyatları axtarılması zərurəti artdıqca, demokratiyanın rolunu müəyyənləşdirməkdə coğrafi-siyasi və coğrafi-iqtisadi mənafelər üstünlük təşkil etməyə başlamışdır. Nəticədə demokratiya XXI əsrin əsas ideoloji silahına - nəinki mövcud rejimləri dəyişdirməyə, tranzitlər və transformasiyalar doğurmağa, həm də Yer kürəsinin istənilən nöqtəsinə hərbi müdaxiləni "legitimləşdirməyə" qadir olan silaha çevrilmişdir. Dünyanın bu və ya digər regionunda demokratiya vasitəsilə xarici siyasətin əsas vəzifələri gerçəkləşdirilir və gündəlikdəki məsələlər formalaşdırılır. Müəllif yazır: "Demokratik ənənələrin tarixən yabançı olduğu cəmiyyətlərdə milli-tarixi, mədəni və sosial-siyasi özünəməxsusluq amilləri və ictimai şüurun dəyişməsi nəzərə alınmadan birdən-birə yeni davranış normaları formalaşanda artıq bu amillər təəccüb doğurmur. Hətta tərəqqi innovasiya xarakteri kəsb etdiyi, yəni ideyalar, texnologiyalar, biliklər bir nəslin digərini əvəz etməsindən daha tez dəyişdiyi bir şəraitdə belə bu cür kəskin siyasi hərəkətlər ictimai şüurun ağırlıq mərkəzinin radikal inkarlar müstəvisinə doğru dəyişməsinə səbəb olur. Nəticədə XXI əsrdə demokratiya ən qısa müddətdə nəinki rejimin dəyişməsinə, hətta gərginliyin daha geniş miqyas almasına şərait yarada biləcək təhlükəli geosiyasi silaha çevrilir".

Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin "Modernləşmə xətti yenə də gündəlikdədir" əsərini də elmi-siyasi, fəlsəfi mühitdə böyük rezonans doğurmuş "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsərinin davamı kimi də dəyərləndirmək olar. Müəllif bu yeni əsərində sosial-iqtisadi inkişafın hazırkı mərhələsində ölkənin hansı istiqamətdə və nə kimi məqsədlər naminə getməli olduğunu elmi dəlillər, təkzibolunmaz mühakimə və müqayisələrlə diqqətə çəkmiş, modernləşmə prosesinin əsas inkişaf vektorlanın müəyyənləşdirməyə çalışmışdır.

Akademik Ramiz Mehdiyev bir daha vurğulayır ki, bizə eyni vaxtda həm demokratiyaya, həm də bazar iqtisadiyyatına keçidi zorla qəbul etdirmək səyləri iqtisadi və siyasi dəyişikliklər arasında əsrlər boyu yaranmış qarşılıqlı əlaqələr modelini deyişmək cəhdi, tarixi presedentleri olmayan eksperiment deməkdir. Bu baxımdan Azərbaycanda mövcud demokratik modellə bağlı səslənən tənqidi fikirlərin obyektiv əsaslarının olmamağı da görkəmli filosof tərəfindən təəssüflə vurğulanır. O yazır: "Biz gizlətmirik ki, bəzən Azərbaycanda demokratiyanı tənqid edirlər, lakin onun çatışmazlıqlarının nədən ibarət olmasını əməlli-başlı izah etmirlər. Siyasi və sosial-iqtisadi sahədəki, o cümlədən vətəndaşların rifahının təmin edilməsi sahəsində ümdə problemlərin həllindəki uğurları, habelə iqtisadiyyatın liberallaşmasını nəzərə almadan tənqid edirlər. Bununla bərabər, unudurlar ki, bizim demokratiya, obrazlı şəkildə desək, yeniyetməlik mərhələsindədir, halbuki Qərb demokratiyası artıq postindustrial cəmiyyət şəraitində yaşayır, siyasi texnologiyalar dövrünə qədəm qoymuşdur. Azərbaycan hələ post-modernə keçid dövrünü genişləndirməli və dərinləşdirməli, sonra onu başa çatdırmalıdır".

Müəllifin bu fikri ilə də tam razılaşmaq olar ki, bəzi Qərb dövlətlərinin lap əvvəldən məqbul olmayan, bu və digər səbəblərdən başqa dövlətlərdə gündəliyə çıxarılmayan və ya müzakirə predmeti olmayan məsələləri zorla Azərbaycana qəbul etdirməyə çalışması ayrı-seçkiliyin və ikili standartların nəticəsidir. Respublikamız sürətlə inkişaf etdiyi, siyasi, hüquqi, eləcə də insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi islahatlar həyata keçirdiyi bir şəraitdə bəzən Qərbin müəyyən qərəzli dairələrinin obyektiv gerçəkliyə əsaslanmayan təhdidləri ilə üzləşir. Əvvəla unudulur ki, demokratiya başlanğıcı olan, lakin sonu və son imkanları hələ heç kim tərəfindən müəyyən edilməyən uzun bir inkişaf yoludur. 15 illik müstəqillik tarixi olan bir dövlətdən yüksək Qərb demokratiyasını gözləməyin özü qeyri-adekvat, yanlış yanaşmadır.

Akademik Ramiz Mehdiyev haqlı olaraq bəzi Qərb dövlətlərinin Azərbaycanda və Ermənistanda demokratiyanın və insan hüquqlarının səviyyəsini eyniləşdirmək, münaqişədə olan iki dövlət arasında balans yaradılması cəhdlərini də tənqid edir. Filosof fikrini əsaslandırmaq üçün Ermənistanda son prezident seçkiləri zəminində baş verən qanlı hadisələri diqqətə çəkir. "Təsəvvür etməyə çətinlik çəkirik ki, səsvermənin nəticələrinin saxtalaşdırmasına etiraz edənlərin nümayişinin dağıdılması nəticəsində 28 adamın qətlə yetirildiyi, fövqəladə vəziyyətin elan olunduğu, kütləvi informasiya vasitələrinin fəaliyyətinin məhdudlaşdırıldığı, parlament üzvlərinin həbs edildiyi ölkədə seçkilər necə demokratik hesab edilə bilər? 2008-ci ilin martında Ermənistanda prezident seçkiləri zamanı demokratiyanın ən adi normalarının real şəkildə pozulması göz qabağındadır. Lakin demokratiya normalarını müəyyən edənlər bu barədə başqa fikirdədirlər. Paradoksal da olsa, bu, reallıqdır. Bu cür hərəkətlər belə bir fikri daha da möhkəmləndirir ki, demokratiyadan getdikcə daha çox yalnız "yeni demokratiyalar''a geosiyasi təzyiq vasitəsi kimi, konkret məqsədə nail olmağın mexanizmi kimi istifadə edirlər", - deyə görkəmli filosof vurğulayır.

Bütün bunlar bir daha təsdiq edir ki, akademik Ramiz Mehdiyevin əsərlərində irəli sürdüyü yeni maraqlı mülahizələr və elmi nəticələr onun uzunmüddətli dövlət idarəçiliyində topladığı zəngin təcrübəyə peşəkarlığa əsaslanır. Görkəmli filosofun respublikamızda çox şaxəli dövlət quruculuğu prosesinin nəzəri əsaslarının yaradılması, təcrübənin nəzəriyyəyə köçürülməsi istiqamətində atdığı addımlar isə elmi-siyasi mühitdə rəğbətlə qarşılanır. Əminəm ki, akademik Ramiz Mehdiyevin "Yeni siyasət: inkişafa doğru" ikicildlik kitabı da, müəllifin əvvəlki əsərləri kimi, geniş oxucu auditoriyası qazanacaq, Azərbaycan elminə və ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsinə növbəti dəyərli töhfə olacaq.

 

Seyfəddin QƏNDİLOV