Azərbaycan.-18 sentyabr.-N 208.-S.3.

 

Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ

Özbəkistan Prezidenti İslam Kərimovun ölkəmizə rəsmi səfəri iki dost ölkə

arasında bütün sahələrdə əlaqələrin daha da inkişafına güclü təkan verəcək

 

Azərbaycan və Özbəkistan xalqları arasında tarixən dostluq münasibətləri mövcud olmuşdur. Mərkəzi Asiya regionunun inkişaf edən ölkəsi kimi Özbəkistan Respublikası Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla yeni mərhələdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Dövlət başçılarının qarşılıqlı səfərləri bütün sahələrdə əlaqələrin dərinləşdirilməsinə öz töhfəsini verir. Azərbaycan-Özbəkistan münasibətlərinin hərtərəfli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Müstəqilliyimizin ilk illərində Özbəkistanla əməkdaşlığın qurulması istiqamətində ciddi çətinliklər yaranmışdı. Belə ki, AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövrdə xarici siyasət sahəsində buraxılmış ciddi səhvlər Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən Özbəkistanla da əlaqələrinin qurulmasına mənfi təsir göstərmişdi. Həmin dövrdə siyasi hakimiyyətdə olanların yarıtmaz fəaliyyətləri nəticəsində dost ölkə ilə münasibətlər həddindən artıq pisləşmişdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bu sahədə də mövcud olan bütün problemlər aradan qaldırıldı.

1996-cı ilin mayında Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana ilk rəsmi səfəri dövlətlərimiz arasındakı münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoydu. Hər iki dövlət arasında siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edən 19 sənədin imzalanması əməkdaşlığın möhkəmləndirilməsində hüquqi zəmin yaratdı. İkitərəfli münasibətlərin strateji baxımdan inkişafında müstəsna rol oynayan bu sənədlər hər iki xalqın mənafelərinə xidmət etmişdir. Özbəkistan Prezidentinin Azərbaycana ilk rəsmi səfəri bir daha hər iki dövlətin regionda sülhün və sabitliyin möhkəmləndirilməsi tərəfdarı olduğunu sübuta yetirdi. Tərəflər beynəlxalq əməkdaşlığa, elmi-texniki sahələrdə inteqrasiya proseslərinin sürətlənməsinə tərəfdar olduqlarını bəyan etdilər.

Ümummilli lider Heydər Əliyevin 1997-ci ilin iyun ayında Özbəkistana rəsmi səfəri də dövlətlər arasında siyasi, sosial-iqtisadi, mədəni sahədə əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə oldu. Səfər zamanı dövlət başçıları tərəfindən imzalanan "Özbəkistan ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında" sənədin mühüm əhəmiyyəti olmuşdur. Ulu öndərin Mərkəzi Asiyaya səfərində Dağlıq Qarabağ münaqişəsi də diqqət mərkəzində olmuşdur. Özbəkistanın dövlət başçısı birmənalı olaraq Ermənistanın işğalçılıq siyasətini pisləmiş, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olmuşdur. 1996-1997-ci illərdə Azərbaycan və Özbəkistan arasında ən müxtəlif sahələri əhatə edən 40-a qədər sənəd imzalanmışdır. Bu sənədlər iki dövlətin gələcək inkişafında normativ-hüquqi baza rolunu oynamışdır.

2004-cü ilin əvvəllərindən başlayaraq Azərbaycan və Özbəkistan dövlətləri arasında siyasi münasibətlərin inkişafında yeni üfüqlər açıldı. Azərbaycanın dövlət başçısının bu ölkəyə rəsmi səfəri bir daha göstərdi ki, dövlətlərin mövcud potensialından lazımi səviyyədə istifadə olunmur. Səfər zamanı hər iki ölkənin dövlət başçıları mövcud imkanlardan maksimum istifadə edərək münasibətləri hərtərəfli inkişaf etdirmək barədə razılıq əldə etdilər. Bundan əlavə, ölkə başçıları beynəlxalq terrorizm, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi və dini ekstremizmə qarşı birgə mübarizə aparmağı zəruri hesab etdilər. Səfər bir sıra əlamətdar hadisələrlə də yadda qaldı.

Azərbaycanın dövlət başçısının Özbəkistana rəsmi səfəri zamanı Daşkənddə ümummilli lider Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin və dahi şairimiz Nizami Gəncəvinin büstünün açılışı oldu. Bu fakt bir daha dövlətlərimiz, xalqlarımız arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini sübuta yetirdi.

Azərbaycan və Özbəkistan dövlətləri beynəlxalq təşkilatlar çərçivəsində prinsipial məsələlərin həllində də bir-birlərini dəstəkləyirlər. BMT Baş Assambleyasının 2008-ci il martın 14-də keçirilən iclasında Dağlıq Qarabağla bağlı qətnamənin müzakirəsində Özbəkistan tərəfi birmənalı olaraq Azərbaycanı dəstəkləmişdir. Xatırladaq ki, Özbəkistan Mərkəzi Asiyadan bu sənədə dəstək verən yeganə ölkə omuşdur. Bu fakt onu göstərir ki, Özbəkistan Azərbaycana dost, qardaş ölkə olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi siyasi dəstəyi beynəlxalq təşkilatlar çərçivəsində tutduğu mövqe ilə bir daha təsdiqləyir.

Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana bu günlərdə təşkil olunmuş rəsmi səfəri də əlamətdar hadisələrlə diqqəti cəlb edir. Özbəkistan Prezidenti İslam Kərimov səfəri zamanı bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq problemin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyünün qorunması şərtilə həllinə tərəfdar olduqlarını bəyan etdi. Prezident İslam Kərimov bununla da münaqişə ilə bağlı ölkəsinin dəyişməz mövqeyini bir daha diqqətə çatdırdı.

Azərbaycanın dövlət başçısı Özbəkistanın beynəlxalq təşkilatlar səviyyəsində də ölkəmizin haqq işini dəstəkləməsini yüksək dəyərləndirmiş, iki dost, qardaş ölkə arasında regional əməkdaşlığın genişləndirilməsi üçün birgə fəaliyyətin artırılmasını vacib bilmişdir. Dövlət başçılarının görüşündə gələcəkdə tərəflər arasında müştərək istehsal sahələrinin, qarşılıqlı investisiyaların yatırılması xüsusi vurğulanmışdı.

Özbəkistan Prezidentinin səfəri zamanı dövlətlərarası və hökumətlərarası səviyyədə yeddi sənəd imzalandı. Bu sırada Azərbaycan Respublikası hökuməti və Özbəkistan Respublikası hökuməti arasında məxfi informasiyanın qarşılıqlı surətdə qorunması, humanitar sahədə əməkdaşlıq, ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsi, ətraf mühitin qorunması, informasiya və kommunikasiya sahəsində əməkdaşlıq, dəmir yol nəqliyyatı, vergi və informasiya mübadiləsi sahələrində qarşılıqlı əməkdaşlığı nəzərdə tutan sənədləri göstərmək olar.

Prezident İslam Kərimovun səfəri çərçivəsində Bakıda böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin abidəsinin ucaldılması Azərbaycan və özbək xalqları arasında mədəni, tarixi əlaqələrin müasir mərhələdə yüksək səviyyədə davam etdirildiyini bir daha təsdiqlədi. Ölkələrimiz arasında bütün sahələrdə inkişaf edən əlaqələr qarşıda daha yeni perspektivlər açır. Azərbaycan və Özbəkistan arasında münasibətlərin mövcud vəziyyəti bir daha göstərir ki, hər iki ölkə, xalq tarixən formalaşmış əlaqələrin davamlı inkişafında maraqlıdır.

 

E. HACIALIYEV