Rabitə dünyası.-2008.-1 sentyabr.-N28.-S.5-8

 

2003-2008: İnkişaf və yüksəliş

 

Son 5 il ərzində Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə həyata keçirilən islahatlar ölkəmizin beynəlxalq imicini daha da möhkəmləndirmiş, dünya iqtisadi sisteminə sıx inteqrasiya uğurlarımızı şərtləndirmişdir. Demokratik dəyərlərin cəmiyyət həyatında getdikcə daha möhkəm əsaslarla bərqərar olması, həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının makroiqtisadi nəticələri, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmlənməsi düzgün müəyyən edilən siyasi kursun məntiqi nəticəsidir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf strategiyasının yeni mərhələdə daha da zənginləşdirilməsi böyük perspektivlərdən xəbər verir.

2003-cü il 15 oktyabr seçkilərində xalqın böyük etimadını qazanan cənab İlham Əliyev prezidentlik fəaliyyəti müddətində seçki öncəsi verdiyi bütün vədlərinə sadiq qaldığını əməli işdə sübuta yetirdi. Dövlət başçısı İlham Əliyevin Əsl siyasət real və konkret iş görməkdən ibarətdir mülahizəsi bu 5 il ərzində ölkə həyatının bütün sferalarında mühüm nəticələrlə diqqəti cəlb etmişdir. Ümummilli liderimizin fundamental elmi əsaslara söykənən və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən idarəçilik fəlsəfəsinin də qayəsini məhz dövlətə, millətə xidmət, Azərbaycanın qarşılaşdığı problemlərin həll edilməsi durur. Dünyada layiq olduğumuz yeri və rolu möhkəmləndirmək üçün bu illər ərzində aparılan titanik işlər hər bir ölkə vətəndaşı tərəfindən müsbət qiymətləndirilməkdədir.

İqtisadi sahədə əldə edilən uğurlar son dörd ildə daha da yüksəlmişdir. Bu zaman kəsiyində Azərbaycan iqtisadiyyatı iki dəfə artmış, respublikamız ümumi daxili məhsul istehsalının həcminə görə yenə də dünyada liderliyini qoruyub saxlamışdır. Ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə dövlət başçısı tərəfindən mühüm addımlar atılmış, bütün sahələri əhatə edən çoxsaylı dövlət proqramları qəbul edilmişdir. Qəbul edilən dövlət proqramlarında qarşıdakı illərdə bütün regionlarda iqtisadi inkişafı sürətləndirəcək amillər, bununla bağlı dövlət siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmişdir. Dövlət başçısının 2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)nın həyata keçirilməsi bölgələrin potensial inkişafına, o cümlədən infrastrukturların genişlənməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial obyektlərin yaradılmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına səbəb olmuşdur. Dövlət proqramlarının qəbul edilməsindən ötən müddət ərzində ölkə başçısı bütün bölgələrə səfərlər təşkil edərək yerlərdəki vəziyyətlə yaxından tanış olmuşdur. Ölkə vətəndaşları Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərlərini və yerlərdə meydana çıxan problemlərin qısa zaman içərisində həlli ilə bağlı tapşırıqlar verməsini yüksək dəyərləndirirlər.

Regionların sosial-iqtisadi inkişafında özəl sektorun əhəmiyyətli rolu var. Ölkədə sahibkarlıq mühitinin genişləndirilməsi üçün bütün mümkün imkanlardan istifadə edilir. Sahibkarlığın inkişafına mane olan neqativ amillərin aradan qaldırılması və Sahibkarlığa Kömək Milli Fondunun yarandığı vaxtdan bu kateqoriyadan olan şəxslərə yaxından kömək göstərməsi mühüm nəticələr vermişdir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı neftdən asılılığı aradan qaldırmaqla respublikanın hərtərəfli tərəqqisinə gətirib çıxarmışdır. Aparılan kompleks tədbirlər nəticəsində iqtisadiyyatımız dünyada analoqu olmayan sürətlə inkişaf etmişdir, beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, bu inkişaf tendensiyası qarşıdakı illərdə də davam edəcəkdir.

Ölkə başçısı İlham Əliyev iqtisadi inkişafın sürətlə getdiyini və qarşıdakı illərdə daha böyük nəticələrə nail olunacağını bildirmişdir: Azərbaycanda son illər ərzində iqtisadi artım çox sürətlə gedir. Üç il ərzində ümumi daxili məhsulun artımı 96 faiz olmuşdur və bu proseslər davam edir. İqtisadiyyatın həcminin artması ilə bərabər, sənaye istehsalı da artır, yeni iş yerləri açılır, böyük infrastruktur layihələri həyata keçirilir. 2008-ci ilin büdcəsində təkcə dövlət xətti ilə dövlət investisiyalarının həcmi ən azı 3 milyard dollar təşkil edəcəkdir. Artıq Azərbaycanda yerli investisiyalar həcm baxımından xarici investisiyalardan daha böyükdür. Bu onu göstərir ki, Azərbaycanda həm xarici investorlar üçün, həm də yerli şirkətlər üçün çox gözəl biznes mühiti var. İqtisadiyyatımız tam liberallaşıbdır. Adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə Azərbaycan bölgədə lider ölkədir.

2003-cü il prezident seçkilərindən ötən müddət ərzində bütün sahələrdə aparılan uğurlu islahatlar Azərbaycanın sıçrayışlı inkişafını təmin etmiş, dünyada nüfuzunu daha da yüksəltmişdir. Hazırkı proqnozlara əsasən 2008-ci ildə ümumi daxili məhsul azı 26 milyard manat təşkil edəcəkdir. Azərbaycanın valyuta ehtiyatlarının 7 milyard dolları ötəcəyi proqnozlaşdırılır. Dövlət büdcəsinin artmasında neftin dünya bazarındakı yüksək qiymət artımı da mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin hakimiyyəti illərində büdcə gəlirləri 4 dəfədən çox artıb. Dövlətin büdcə siyasətinin ən mühüm özəlliyi ondan ibarətdir ki, hökumət vəsaitlərin 65-70 faizini sosial proqramların icrasına, xüsusilə əhalinin sosial-iqtisadi təminatının yaxşılaşdırılmasına sərf edir.

Bu dövrdə həmçinin yalnız iqtisadi deyil, həmçinin çox böyük geopolitik əhəmiyyət daşıyan, region ölkələrinin gələcək ictimai-siyasi və iqtisadi həyatında ciddi dəyişikliklərə yol açan Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilmişdir. Bundan əlavə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi Azərbayjan qazının birbaşa dünya bazarına çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir və dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında vacib rol oynayır. Həmçinin, ötən dövr ərzində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası istiqamətində böyük işlər görülmüş, bəzi dövlətlərin və beynəlxalq qurumların təzyiqlərinə baxmayaraq, Azərbaycan layihənin maliyyələşdirilməsi ilə bağlı məsələləri qətiyyətlə öz üzərinə götürmüş, bu istiqamətdə mühüm razılaşmalar əldə edilmişdir. Bu layihələr birlikdə Avropanın enerji təhlükəsizliyi baxımından müstəsna rol oynayır və ölkəmizin dünya üçün geopolitik əhəmiyyətini xeyli dərəcədə artırır.

Pensiya və sosial yardım sahəsində görülən ardıcıl tədbirlər ölkə əhalisi tərəfindən razılıqla qarşılanır. Sosial müavinətlər haqqında qanun qüvvəyə mindikdən sonra ölkəmizdə sosial sığorta münasibətlərinə əsaslanan pensiya sisteminin dövlət büdcəsindən maliyyələşən sosial yardım sistemindən ayrılması sahəsində yeni mərhələ başlandı. Son dörd ili sosial inkişaf baxımından uğurlu il hesab etmək olar. Pensiyaların baza hissəsinin ildən-ilə artırılması, müavinətlərin, əməkhaqlarının qaldırılması əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilib. Əhalinin sosial durumunun yüksəldilməsi istiqamətində ölkə başçısı tərəfindən 10-dan artıq fərman və sərəncamın imzalanması da deyilənlərə əyani sübutdur.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, cəmiyyətin demokratik inkişafının əsas şərtlərindən biri də məhz dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılması, çevik və işlək mexanizmlər üzərində dövlət idarəçiliyi sisteminin yaradılmasıdır.

Xalq hakimiyyətinin optimal modeli sayılan demokratiya məhz hər bir fərdin hüquq və azadlıqlarının uca tutulduğu dövlətdə özünə möhkəm intişar tapır. İctimai maraqların ifadəçisi olan hakimiyyət fəaliyyətində daim mütərəqqi ruhlu qanunlara əsaslanır, xalqa təmənnasız xidməti ümdə məqsədə çevirir.

Bu məqsədlərin reallaşdırılması, ilk növbədə, monolit, güclü və peşəkar komanda formalaşdırılması yolu ilə dövlət idarəçiliyinə yeni ruh, müasirlik və demokratizm elementlərinin gətirilməsindən keçir. Sevindirici haldır ki, 2003-cü ilin oktyabrında xalqın böyük etimadını qazanaraq Azərbaycan Prezidenti seçilmiş cənab İlham Əliyev kadr siyasətini də yeni dövrün tələblərinə uyğun qurur. Dövlət başçısı seçildikdən sonra hökumət üzvləri ilə keçirdiyi ilk toplantıda xalqa xidməti əsas tələb, vəzifə kimi müəyyənləşdirən cənab İlham Əliyevin irəli sürdüyü bu prinsip indi də öz qüvvəsindədir. Tutduğu vəzifədən asılı olmayaraq hər bir rəhbərin başlıca vəzifəsi xalqa, millətə xidmət etməkdir. Mən vəzifəli şəxslərə onların gördükləri işlərə, xalqın onlara olan münasibətinə görə qiymət verəcəyəm. Əgər siz ondan razı olacaqsınızsa, mən onu tərifləyəcəyəm. Əgər razı olmayacaqsınızsa, mən onu işdən çıxaracağam deyən cənab İlham Əliyevin hökumətin vaxtaşırı olaraq xalqa hesabat verməsini milli dövlətçilik tariximizdə mütərəqqi ənənəyə çevirməsi həm də demokratik dəyərlərə hörmətin, ictimai rəyə həssas münasibətin ifadəsidir.

İqtisadi inkişaf göstəricilərinə görə dünya miqyasında lider mövqeyini qoruyub saxlamağa müvəffəq olmuş Azərbaycanda həyata keçirilən siyasət bütün çalarları ilə məhz insan amilinin yüksəlişinə xidmət etmişdir. Cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi son nəticədə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətimizdə əsas meyara çevrilməsinə xidmət göstərir.

Dövlət başçısının 4 illik fəaliyyəti eyni zamanda ölkənin inkişafı baxımından strateji sahə olan elm və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu müddətdə elmin və təhsilin inkişafına diqqət artırılmış, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə təminatı, əsas fundamental və tətbiqi elmlərin inkişafı üzrə görüləcək tədbirlər müəyyənləşdirilmişdir. Büdcədə təhsil üçün nəzərdə tutulmuş xərclərin ildən-ilə artırılması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımların atılması da bu diqqətin əyani təzahürüdür.

Prezident İlham Əliyev praqmatik lider kimi yeni dünya nizamının inkişaf meyillərini nəzərə alaraq neftdən qazanılan böyük vəsaitlərin ilk növbədə insan faktorunun inkişafına yönəldilməsini, elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yolu ilə inkişafın təmin edilməsini zəruri sayır. Respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması bu sahələrə diqqətin artırılmasını zərurətə çevirir. Eyni zamanda, belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Dövlət büdcəsi vəsaitlərinin ildən-ilə artması təhsil sahəsində maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bəzi problemlərin məhz hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırır.

Hər bir dövlətin davamlı iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən biri də məhz demokratikləşmə prosesinin sürətləndirilməsi və bu prosesin tərkib hissəsi olaraq vətəndaş cəmiyyəti institutlarının inkişafı, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi naminə təkmil mexanizmlərin formalaşdırılmasıdır.

Müstəqil Azərbaycanın son illərdə yüksək templə inkişaf etməsi, Avropa Şurası, ATƏT, habelə insan hüquq və azadlıqları sahəsində ixtisaslaşmış digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığının aktiv fazaya qədəm qoyması, məhkəmə-hüquq islahatlarının keyfiyyətcə yeni mərhələdə davam etdirilməsi zərurətini meydana çıxarmışdır. Ötən müddətdə respublikamızda uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsində insanpərvərlik, humanizm, şəxsiyyətə hörmət, vətəndaşa həssas münasibət kimi ali dəyərlər dayanmışdır. Ötən müddətdə Məhkəmələr və hakimlər haqqında qanuna bir sıra mütərəqqi dəyişikliklər olunmuş, Məhkəmə-Hüquq Şurası haqqında yeni qanun qəbul edilmişdir. Məhkəmə-hüquq islahatlarının davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyev 19 yanvar 2006-cı il tarixdə Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalamışdır. Fərman əsasında ötən müddətdə yeni apelyasiya və iqtisad məhkəmələri formalaşaraq fəaliyyətə başlamış, əhalini narazı salan bir çox məqamlar aradan qalxmışdır.

Görülən işlər, aparılan uğurlu islahatlar və hakimiyyətin arxasındakı ümumxalq dəstəyi Azərbaycan müxalifətinin radikal qanadı tərəfindən qısqanclıqla qarşılanır və onlar hər vəchlə iqtidarın fəaliyyətinə qara yaxmağa, şər və böhtan kampaniyası yürütməyə cəhd göstərirlər. Heç bir konstruktiv təklif və ya layihə təqdim etməyə qadir olmayan bu dairələr öz nəzarətlərində olan qəzetlər vasitəsi ilə ümummilli əhəmiyyət daşıyan nailiyyətlərə belə qərəzli yanaşır, bununla da özlərini tamamilə ifşa edirlər. Lakin xalqımız dövlət başçısı İlham Əliyev tərəfindən görülən işlərinin həqiqi mahiyyətini aydın dərk edir və yüksək qiymətləndirir. Bu qiymət özünü ölkədə keçirilən bütün səviyyələrdə seçkilərdə (prezident, parlament, bələdiyyə) aşkar şəkildə büruzə vermişdir və gələcəkdə keçiriləcək seçki kampaniyalarında da xalqımız müxalifətə növbəti dəfə yox deməklə bir daha büruzə verəcəkdir.

Son 5 ilin uğurları bir daha göstərdi ki, ölkə vətəndaşları Prezident İlham Əliyevin bütün sahələrdə apardığı siyasəti dəstəkləyirlər. Bunu xarici təsisatların, eləcə də yerli sosioloji rəy mərkəzlərinin keçirdikləri sorğunun nəticələri də təsdiq edir. Aparılan uğurlu islahatlar və vətəndaşlarımızın maddi rifah halının gündən-günə yüksəlməsi onu deməyə əsas verir ki, cənab İlham Əliyevin yürütdüyü siyasətə alternativ yoxdur və növbəti prezident seçkilərində də xalq bu siyasi kursu yekdilliklə dəstəkləyəcəkdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası əhalinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi nəticəsində artıq beşinci ildir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra olunur. Ötən müddətdə proqramın icrasına ciddi maraq və diqqət göstərilib. Ümumiyyətlə, bu sənədin qəbul edilməsi ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır.

Xatırladaq ki, müstəqilliyimizin ilk illərində müxtəlif daxili və xarici amillərin təsiri altında ölkəmizdə dərin sosial-iqtisadi böhran vəziyyəti yaranmışdı. Digər tərəfdən də Ermənistanın hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş bir milyondan artıq soydaşımız Azərbaycanın müxtəlif bölgələrinə üz tutmuş, bununla da ölkənin sosial-iqtisadi vəziyyəti daha da ağırlaşmışdı.

Ümummilli lider Heydər Əliyev tərəfindən başlanmış irimiqyaslı islahatlar ölkənin dərin tənəzzüldən çıxması, əhalinin güzəranının tədricən yaxşılaşması ilə nəticələndi. Ulu öndərimiz həmişə regionların inkişafına xüsusi diqqət yetirmiş, onun bilavasitə təşəbbüsü ilə torpaq islahatının aparılması, aqrar sahənin vergilərdən azad edilməsi, vaxtı keçmiş borcların silinməsi, müxtəlif qanun və proqramların həyata keçirilməsi ilə bağlı çox əhəmiyyətli işlər görülmüşdür.

Təbii ki, ölkəmizin sosial-iqtisadi inkişafı sürətləndikcə qarşıda duran vəzifələr də mahiyyət etibarilə dəyişir. Bu vəzifələrdən biri də hazırda ölkənin iqtisadi inkişafının davamlılığının təmin edilməsindən, xüsusilə regionların inkişafının sürətləndirilməsindən ibarətdir. Məhz bu səbəbdən beş il bundan əvvəl regionların inkişafı dövlətin sosial-iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir.

Proqramın başlıca məqsədi regionların sosial-iqtisadi inkişafı ilə bağlıdır. Başqa sözlə, proqramın əsas vəzifəsi ondan ibarət olmuşdur ki, bölgələr sürətlə inkişaf etsin, yerlərdə proseslər müsbət istiqamətdə getsin, insanların həyat səviyyəsi yaxşılaşsın, xidmət sektoru və infrastruktur Avropa standartlarına uyğun qurulsun. Dövlət Proqramında aqrar sektora diqqət daha da artırılmışdır. Belə ki, bu, bir tərəfdən ölkənin ərzaq təminatının yaxşılaşdırılması ilə, digər tərəfdən də məşğulluq səviyyəsinin aşağı düşməsinə yol verilməməsi ilə bağlıdır. Xatırladaq ki, hazırda məşğul əhalinin 40 faizi kənd təsərrüfatının payına düşür. Bu, məşğul əhalinin iqtisadiyyatın sahələri üzrə bölgüsündə ən yüksək göstəricidir. Fermerlər üçün səmərəli kredit sistemi tətbiq olunmuşdur. Kənd təsərrüfatı istehsalını stimullaşdırmaq məqsədilə vergi sistemi təkmilləşdirilmişdir. Kənd təsərrüfatında servis xidməti yaxşılaşdırılmışdır. Aqrar sektorda istehsal edilən məhsulların ixracına dövlət tərəfindən hərtərəfli yardım göstərilmişdir. Kənd yerlərində sənaye müəssisələri şəbəkəsi genişləndirilmişdir.

Regionlarda aqrar sahədəki çətinliklərin aradan qaldırılması məqsədilə bir sıra tədbirlər reallaşdırılmışdır. Belə ki, kənd təsərrüfatı istehsalçılarına vergi güzəştlərinin müddəti 2009-cu ilədək uzadılmışdır. Fermerlərin texnika və gübrə ilə təchizatı məqsədilə Aqrolizinq Səhmdar Cəmiyyəti və onun yerlərdə bölmələri yaradılmışdır. Texnikanın və gübrələrin alınmasına böyük məbləğdə vəsait ayrılmışdır.

Ölkənin artan gəlirlərinin hər bir Azərbaycan vətəndaşının gündəlik həyatında hiss etməsi hökumətin həyata keçirdiyi sosial-iqtisadi kursun əsas qayəsini təşkil edir. Son beş il ərzində ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması, onların rifahının yüksəldilməsi istiqamətində olduqca böyük işlər görülmüş, əhəmiyyətli irəliləyişə nail olunmuşdur.

Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı da daim diqqət mərkəzində olmuşdur. Ötən ilin dekabrında Sabirabad rayonu ərazisində yerləşən sonuncu çadır şəhərciyi ləğv olunmuşdur. Ümumiyyətlə, son illərdə 12 çadır şəhərciyi ləğv edilmiş, 54 yeni qəsəbə salınmış, qaçqın və məcburi köçkünlər üçün 15 min 110 ev tikilmiş, bu işlərə Dövlət Neft Fondundan 400 milyon manatdan çox vəsait xərclənmişdir.

İqtisadiyyatın davamlı inkişafına müsbət təsir göstərən amillərdən biri olan investisiya qoyuluşlarının həcmi də artmışdır. Ən diqqəti çəkən cəhət isə odur ki, ölkənin maliyyə imkanlarının genişlənməsi nəticəsində daxili investisiyalar xarici investisiyalara nisbətən xeyli artmışdır. Bütün bunlar isə yerli sərmayədarların potensialının güclənməsini, onların investisiya qoymaq imkanlarının genişlənməsini göstərir. Eyni zamanda, büdcə gəlirlərinin artması da dövlətin investisiya imkanlarını gücləndirir, nəticədə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək infrastrukturun yenidən qurulmasına əlverişli şərait yaranır.

Regionlarda magistral və rayonlararası yollar, bir sıra iri kənd təsərrüfatı məhsulları emalı müəssisələri, tikinti materialları buraxılan obyektlər, onlarca təhsil, səhiyyə müəssisələri tikilmiş və ya yenidən qurulmuşdur. Hazırda regionlarda əhalinin və sahibkarların kommunal xidmətlərlə təminatını daha da yaxşılaşdırmaq məqsədilə qaz kəmərləri, su xətləri çəkilir, elektrik stansiyaları tikilir.

Qeyd etdiyimiz kimi, regionlarda sosial-iqtisadi inkişafla bağlı bir sıra tədbirlər görülərək müəyyən müsbət nəticələr əldə edilməsi ilə yanaşı, hələ də bir sıra problemlər öz həllini tapmamışdır. Bununla əlaqədar, Azərbaycan Respublikası regionlarının, o cümlədən Quba, Qusar, Xaçmaz, Siyəzən və Dəvəçi rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı, Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı, Azərbaycan Respublikası regionlarının, o cümlədən, Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı, Azərbaycan Respublikası regionlarının, o cümlədən Əli Bayramlı şəhəri, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı, Azərbaycan Respublikasının Ağdam, Bərdə və Tərtər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı, Azərbaycan Respublikasının Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər planları üzrə qeyd edilən rayonlarda həlli vacib problemlərin aradan qaldırılması istiqamətləri müəyyən olunmuş və bu ilin sonunadək aradan qaldırılması nəzərdə tutulmuşdur.

Regionların sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin dinamikası, tədbirlər üzrə ötən dövrdə görülən işlərin həcmi və məqsədəuyğunluğu göstərir ki, Azərbaycanda iqtisadi inkişafa güclü təkan verilmiş, regionlara göstərilən diqqət və qayğı nəticəsində ölkə vətəndaşlarının sosial vəziyyəti və maddi rifahı yaxşılaşmaqda davam etmişdir.

Regionlarda təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilməyə başlanmış, yeni məktəblər, əlavə sinif otaqları, xəstəxana, poliklinika, tibbi ambulatoriya binaları tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, müasir tipli idman kompleksləri tikilib istifadəyə verilmişdir.

Aztəminatlı sosial təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları ilə minimum aylıq əmək haqqının məbləği, işsizlik müavinətinin, peşə hazırlığı müddətində işaxtaran və işsiz vətəndaşlara ödənilən təqaüdün minimum məbləği, işləməyən əmək pensiyaçılarına ödənilən pensiya və müavinətlərin ümumi məbləğinin minimum həddi artırılmışdır.

Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının prezidenti seçiləcəyinə olan ümumxalq inamının təməlində ötən beş ilin gərgin fəaliyyəti, bu fəaliyyətin konkret və səmərəli nəticələri dayanır. Azərbaycanın milli maraqlarına, davamlı inkişafa, xalqın həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən iqtisadi strategiya 5 ildir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü, ardıcıl və praqmatik siyasət nəticəsində uğurla reallaşdırılır. Bu dövrdə dövlətin iqtisadi əsasları möhkəmləndirilmiş, onun inkişaf qabiliyyətliliyi formalaşdırılmış, bu da ölkənin ahəngdar sosial-iqtisadi inkişafının davamlılığının təmin olunması üçün irimiqyaslı proqramların və transmilli layihələrin uğurla həyata keçirilməsinə imkanlar yaratmışdır.

Respublikanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin təbii və insan resursları iqtisadiyyatın inkişafına yönəldilərək, bu inkişafda səmərəlilik və ədalətlilik prinsipləri qorunaraq, islahatların həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə çıxarılmış və ölkədə bu vaxta kimi görünməyən sosial-iqtisadi artım templəri əldə olunmuşdur. Bunun müqabilində ölkəmizin maliyyə durumu möhkəmlənmiş, 2007-ci ildə 2008-ci illə müqayisədə icmal və dövlət büdcələrinin gəlirləri və xərcləri dəfələrlə artmış, dövlətin öz funksiyalarını tam şəkildə yerinə yetirməsinə təminat yaradılmışdır. Həmçinin, 2008-2011-ci illər üzrə sosial-iqtisadi inkişaf konsepsiyası hazırlanmış və orada əsas prioritet istiqamətlər müəyyən edilmişdir.

Dövlət büdcəsinin sosial xarakterli xərclərinin investisiyalara yönəldilən hissəsi təhsil və səhiyyə sahələrində uzunmüddətli və ortamüddətli Dövlət Proqramları əsasında planlaşdırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə bu Dövlət Proqramlarının, habelə elmin, mədəniyyətin, incəsənətin, idmanın inkişafına yönəldilmiş digər qərarlarının icrası üçün dövlət büdcəsindən böyük həcmlərdə vəsait ayrılması bunun bariz nümunəsidir. İqtisadiyyatın dövlət tənzimlənməsinin ən təsirli alətlərindən biri dövlət büdcəsinin vəsaitlərindən investisiya məqsədləri üçün istifadədir. Bu vəsaitlər əsasən sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı, infrastruktur sahələrində böyük həcmdə maliyyə vəsaitləri tələb edən obyektlərin, sosial-mədəni təyinatlı müəssisələrin tikintisinə, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına, əsas vəsaitlərin alınmasına, kapital xarakterli digər tədbirlərin həyata keçirilməsinə yönəldilir.

Ölkənin sosial-iqtisadi inkişafının bu gün və gələcəkdə də daxili resurslarla yanaşı, xarici imkanlar hesabına yüksək səviyyədə saxlanılmasını təmin etmək məqsədi ilə, onun geosiyasi əhəmiyyətini nəzərə alaraq, xarici ölkələrlə, beynəlxalq maliyyə institutları və təşkilatları ilə, regional birliklərlə əməkdaşlığı genişləndirilmiş, dünya inteqrasiya prosesi dərinləşdirilmişdir. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatının tam üzvü olması istiqamətində ciddi addımlar atılmış, Avropa İttifaqı ilə Bir tərəfdən Avropa İttifaqı və onun üzvü olan dövlətlər və digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanmış, Azərbaycan Respublikası Avropa Qonşuluq Siyasətinə daxil edilmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Azərbaycanı qısa müddətdə dünyanın ən sürətlə inkişaf edən dövlətlərdən birinə çevirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsuliyyətli vəzifəni daşıdığı müddətdə bütün fəaliyyətini insana qayğı və diqqət prinsipi üzərində qurmuş, sosialyönümlü siyasət strategiyası həyata keçirmişdir. Dövlət başçısının ötən dövr ərzində inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, böyük entuziazmla həyata keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik qabiliyyətinin, mükəmməl iş təcrübəsinin əyani təzahürü kimi dəyərləndirilə bilər. Cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirməyi bacaran, eyni zamanda ictimai həyatın müxtəlif sahələrindəki çətinliklər və nöqsanlar haqqında aydın təsəvvürə malik olan Prezident İlham Əliyev məhz bu keyfiyyətləri sayəsində yeni dövr üçün qarşıda duran prioritet vəzifələri dəqiq şəkildə müəyyənləşdirməyə müvəffəq olmuşdur.

Qeyd edilənləri və əldə olunan nailiyyətləri nəzərə alaraq, demək olar ki, son illər milli dövlət, iqtisadi quruculuq sahəsində tariximizdə çox uğurlu illər olmuşdur. Qazanılan uğurlu inkişafın təmin edilməsində ortamüddətli və uzunmüddətli perspektivlərin görünməsi və onların adekvat olması hökumət qarşısında ən vacib məsələlərdəndir və onun səmərəli fəaliyyətinin əsasını təşkil edir.

Bütün qeyd olunanlar və 2008 - ci il də daxil olmaqla, son beş ildə görülən işlər, əldə edilən nailiyyətlər, bu sosial-iqtisadi kursa alternativin olmaması, onun Prezident İlham Əliyevin rəhbərliyi ilə 2008-ci ildə və sonrakı dövrdə də davam etdirilməsi Azərbaycan xalqının həyat səviyyəsinin ildən-ilə yüksəlməsinə, ölkədə milli varlığa əsaslanan və dünyəvi dəyərlərin daşıyıcısı olan sivil, dayanıqlı cəmiyyətin formalaşması üçün real inkişaf istiqamətidir. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların əsas məqsədlərindən biri əhalinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına əlverişli şərait yaradılması, bürokratik maneələrin aradan qaldırılmasıdır.

Ölkəmizin sosial-iqtisadi tərəqqisində, onun dinamik inkişaf proseslərində mühüm rol oynayan mütərəqqi iqtisadi vasitələrdən biri də xüsusi iqtisadi zonaların yaradılmasıdır. Uğurlu neft strategiyasından bəhrələnən ölkəmizdə daxili investisiyaların coğrafiyasını genişləndirməyə, qeyri-neft sektoru sahələrinin modernizasiyasına və infrastruktur imkanlarını artırmağa ciddi önəm verilməklə yanaşı, dünya təcrübəsində özünü doğrultmuş yeni iqtisadi amillərdən də bəhrələnmək məqsədilə əsaslı tədbirlər görülür.

Ölkənin iqtisadi və sosial həyatında müşahidə olunan sürətli inkişaf 2008-ci ildə də saxlanılaraq həm iqtisadi, həm də sosial sahələrdə yeni nailiyyətlərin qazanılması ilə əlamətdar olmuşdur. Əldə olunmuş uğurları əyani nümayiş etdirən makroiqtisadi göstəricilər ölkəmizin inkişaf sürətinə görə dünyada qabaqcıl ölkələr sırasında olduğunu göstərir.

Beləliklə, ümummilli lider Heydər Əliyevin dövlətçilik xəttinin real, əməli nəticələrini görən, bu siyasətin ayrılıqda hər bir vətəndaşa və ümumilikdə bütün xalqa firavanlıq gətirdiyini, sabitlik və təhlükəsizliyi təmin etdiyini gözəl dərk edən milyonlarla seçici bu yolun davam etdirilməsini istəyir və sadəcə, bu faktiki dəstəyin rəsmiləşdiriləcəyi günə - 2008-ci ilin oktyabr seçkilərinə hazırlaşır. Xalqın böyük öndəri Heydər Əliyevin siyasi kursunu, Azərbaycanın inkişaf və yüksəliş yolunu indi daha enerjili, tükənməz intellektual potensialı olan yeni lider uğurla davam etdirməkdədir. Cəmiyyətdə qəti inam hakimdir ki, Cənab İlham Əliyevə dəstəyini hər zaman ifadə edən xalqımız əminliklə 2008-ci ilin oktyabrında Heydər Əliyev siyasətinə, onun layiqincə davam etdirilməsinə - işıqlı gələcəyə, sabitliyə, əmin-amanlığa, xoş rifaha səs verəcək və İlham Heydər oğlu Əliyev növbəti müddətdə Azərbaycan Respublikasının Prezidenti seçiləcək. Prezident İlham Əliyevin YAP-ın IV Qurultaydakı nitqində ifadə etdiyi kimi: Bizim gələcək planlarımız da çox açıqdır, aydındır. Biz növbəti 5 il ərzində regional inkişaf proqramını davam etdirəcəyik. İnfrastruktur layihələrinin əsas hissəsi başa çatmalıdır. Azərbaycanda çox gözəl sosial infrastruktur yaradılmalıdır. Bir sözlə, ölkəmizin hərtərəfli inkişafı üçün nə lazımdır ediləcək və bunun üçün artıq bizim maliyyə imkanlarımız var... Azərbaycan başqa ölkələr üçün də nümunə ola bilər. Çünki biz bilirik nə istəyirik, biz bilirik hansı məqsədlərə doğru gedirik. Bizim siyasətimiz açıqdır, aydındır, atılan addımlarımız düzgün istiqamətdədir və məqsədimiz ölkəmizi daha da gücləndirmək, dünyada Azərbaycanın mövqelərini möhkəmləndirməkdir. Bizim siyasətimiz Heydər Əliyev siyasətidir, Heydər Əliyevin qoyduğu yoldur. Bizim dayağımız Azərbaycan xalqıdır və iqtidarın mənbəyi xalqdır. Biz bütün təşəbbüslərdə Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq