Kaspi.-2008.-7 avqust.-N139.-S.7.

 

Ortaq türk dili

Ötəri həvəs, yoxsa tarixi reallığın şərtləndirdiyi zərurət?

 

I YAZI

 

Ortaq türk dili yaradılması bir problem kimi tədqiqatçıları uzun illərdən bəri narahat edir. Bu məsələ xakas alimi N.Katanovu hələ XIX əsrin sonlarından maraqlandırırdı. Dostu Arseniy Yarilova ünvanladığı məktubunda o yazırdı: "... mən bütün türk ləhcələri lüğəti tərtib etməyə başlamışam. İndiyə qədər sözlərin sayı 60 000-ə çatdırılıb. Hələ 15 illik iş var. XX yüzillikdə çapına başlayacağam". Həmin lüğətin əlyazması hal-hazırda Tatarıstanın Dövlət Arxivində saxlanılır...

O dövrün ortaq türk dili yaratmaq istəyən görkəmli ziyalıarından biri də İsmayıl bəy Qasprinski idi. O, 1882-ci ildə "Həyat", "İrşad" və "Tərcüman"ın dillərinin osmanlı türkcəsi olduğunu iddia edənlərə cavab olaraq yazırdı: ""Həyat", "İrşad" və "Tərcüman"ın dilləri eyni deyil. Hamının oxuya bilməsi üçün "Tərcüman" ortaq türk dilində çıxır. "Həyat" və "İrşad" qəzetləri isə Azərbaycan ləhcəsində çıxırlar. Bizi günahlandırırlar ki, biz osmanlı ləhcəsində yazırıq. Yox, biz osmanlı ləhcəsində yazmırıq. Biz ümumi türk dili qəbul etmişik və bu dildə də yazırıq. Hazırda biz yalnız sadə kitabçalar və qəzet buraxırıq. Əgər iri həcmli kitab, bütün elmlər üzrə elmi əsərlərin çapına başlasaq, onda yenə də dili təkmilləşdirmək lazım gələcək. Ümumiyyətlə, bizdə sosiologiya, riyaziyyat, fizika, təbiətşünaslıq, iqtisadiyyat və digər elmlərlə bağlı terminlər yoxdur. Elmi və texniki terminlərsiz ümumiyyətlə, elmi iş, kitab yazmaq mümkün deyil. Biz gərək bu terminləri ya yaradaq, ya onları başqa dillərdən (rus, fransız, türk) alaq, ya da ki, özümüz uyduraq".

Bir çoxları İsmayıl bəy Qasprinskini günahlandıraraq sadə xalqın bu dili bilmədiyini önə sürürdülər. Lakin qeyd etmək lazımdır ki, o vaxt xalqın böyük əksəriyyəti savadsız idi. Onlar nəinki ortaq türk dilində, heç öz doğma ləhcələrində çıxan qəzetləri də oxuya bilmirdilər.

Günümüzdə ortaq türk dili ilə bağlı bir çox təklif mövcuddur. Bir çoxları ortaq türk dilini qaraxanlı və çağatay dövrləri türk xalqlarının dilinin əsasında hazırlamağı təklif edirlər. Bəziləri hətta Çar Rusiyası dönəmində əski tatar dilinin ölkə daxilindəki rəsmi yazışmalarda geniş yayıldığını, hətta XVIII əsrdən məmurlara tədris müəssisələrində bu dilin keçilməsini əsas gətirərək, tatar dilini baza kimi götürməyi təklif edirlər. Məlumdur ki, 1860-cı ilə qədər Volqa-Ural tatarları arasında çağatay ədəbi dilinin, qismən də Osmanlı türkcəsinin təsirinə məruz qalmış əski tatar ədəbi dili hökm sürürdü.

Bu gün ortaq türk dili Türk Xalqlarının Beynəlxalq Assambleyasının prezidenti Yermentay Sultanmuradı da narahat edir və onun rəhbərlik etdiyi qurumda da ortaq türk dili yaradılması ilə bağlı bəzi işlər görülür. Bir çoxları əlifba dəyişmənin mənasız olduğunu, bununla bərabər imla prinsiplərinin, qaydalarının da dəyişdirilməsi təklifi ilə çıxış edir; fonetik imla prinsipindən imtina edərək etimoloji-morfoloji prinsiplərə keçilməsini irəli sürür, bəziləri cılız hisslərin qoynunda çapalayaraq ortaq türk dilinin oğuz deyil, qıpçaq və ya çağatay dillərindən olmasını istəyirlər. Türküstan bayrağı altında birləşməyi də təklif edənlər var. Lakin ən kəsərli söz dövlət başçılarına aiddir. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Mərkəzi Asiya dövlətləri Birliyi, həmçinin Qırğızıstan və Qazaxıstan arasında dövlətlərarası Şura yaradılması təklifi ilə çıxış etməsi və K. Bakiyevin bunu dəstəkləməsi, türklərin birliyini alqışlayan İslam Kərimovun "Türküstan bizim ümumi evimizdir" deməsi Orta Asiya türk dövlətlərinin birliyə çox yaxın olmalarından xəbər verir. Azərbaycan prezidenti İlham Əliyevin türk dünyasını daha da geniş miqyasda təşkilatlanmış şəkildə görmək istəyi məsələyə müasir dövrün prizmasından baxmağın nəticəsidir. Dil birliyinin mənəvi birliyin qapısı olduğu da məlumdur. Artıq müstəqil türk respublikalarında bu yöndə də iş gedir. Misal olaraq Özbəkistanda Bəxtiyar Kərimovla Şoaxmad Mutalovun hazırladıqları və çap etdirdikləri "Urtatürk tili" (1992) kitabını göstərmək olar. Müəlliflərin fikrincə, ortaq türk dili yaradılması üçün Beynəlxalq Ortaq Türk dili İnstitutu qurulmalı, ayrı-ayrı türk respublikalarında onun filialları təşkil olunmalıdır. B.Kərimov bütün sözləri ayrı-ayrı türk xalqlarında araşdırmaq, hansı daha çox xalqda varsa, onu da əsas kimi qəbul etməyi təklif edir.

Fikrimizcə, bu, nəticəsi görünməyən bir təklifdir və süni ortaq bir dilin yaradılmasına yönəldilmişdir. Süni dil isə esperanto kimi yaşamayacaq. Uzaqbaşı bu dili hər xalqın bir qrup dilçi alimi biləcək. Geniş xalq kütləsi arasında onun yayılmasına və yaşamasına ümid azdır. 1997-ci il iyun ayının 10-da Başqırdıstanın paytaxtı Ufa (Öfö) şəhərində Türkoloqların Beynəlxalq Konqresində tanınmış alim Ə.Tenişev ortaq türk dili məsələsinə toxunaraq demişdir: "Ortaq türk dili üçün süni dil yaratmaq əvəzinə türk xalqlarından birinin dilini ünsiyyət vasitəsi kimi seçmək daha doğru olardı. Bunun üçün həmin türk xalqının dünyada tanınması, iqtisadi inkişafı, əhalisinin sayı, dilinin bir sıra xarici ölkələrdə öyrənilməsi, həmin ölkənin dünya miqyasında nüfuzu və s. nəzərə almamalıdır". Ə.Tenişev ad çəkməsə də, söhbətin Türkiyə türkcəsindən getdiyi hamıya aydın idi. Onu da qeyd edək ki, əvvəlki tədbirlərdə olduğu kimi, burada da rus dili ünsiyyət dili olaraq qalsa da, ikinci ünsiyyət dili kimi Türkiyə türkcəsi özünü təsdiqləməyə başlamışdı. Aspirantların, lisey tələbələrinin, alimlərin bir çoxu çıxışlarını Türkiyə türkcəsində edirdi. Bu baxımdan Türkiyənin imkanları çox genişdir. İstər Azərbaycanda, istərsə də keçmiş Sovetlər Birliyinin hər tərəfində, hətta Sibirdə belə türk liseyləri açılır, yüzlərlə xakas, tıva, başkort, çuvaş, Azərbaycan, qaqauz, türkmən, saxa və digər türklərin uşaqları, gəncləri bu dili öyrənir, Türkiyədə təhsil alır, bir mütəxəssis kimi yetişərək vətənə dönürlər. Ən əsası, müstəqil türk respublikaları bir-birlərindən fərqli olaraq Türkiyəyə başqa münasibətdədirlər...

Türk soylarının dilləri ilə birbaşa təmasda olan, ədəbiyyat nümunələrindən çevirmələr edən, türk bölgələrini başdan-başa gəzən bir adam kimi ürəklə deyə bilərəm ki, ən inkişaf etmiş, ən anlaşıqlı, şirin öztürkcə Azərbaycan türkcəsidir. Bunu türkiyəli dostlarımız da etiraf edirlər. Ancaq bizim bu gözəl, təmiz türkcəmizi digər türk xalqları, xüsusilə də keçmiş Sovetlər Birliyində yaşamış türklər arasında yaymaq, təbliğ etmək, sevdirmək, ən əsası isə qəbul etdirmək imkanımız nə qədərdir?!

Hələ türkə hücumların olduğu Sovetlər Birliyi dövründə belə sovet dilçilik elmi Azərbaycan dilini türk dillərinin oğuz qrupuna aid edirdilər. Lakin dilimizdəki qıpçaq elementləri də danılmamalıdır. Bu gün bir sıra tədqiqatçılar haqlı olaraq bu dildəki kəlmələrin az qala yarıbayarı oğuz, yarıbayarı qıpçaq qrupuna aid olduğunu söyləyirlər. Deməli, Azərbaycan yalnız ərazi baxımından şərqlə qərb arasında bir körpü deyil, eyni zamanda Azərbaycan türkcəsi də oğuz və qıpçaq qrupuna aid olan türk soyları arasında əlaqələndirici dildir və rəsmi qaydada qəbul ola bilərdi, əgər iqtisadi, siyasi və digər amillər buna imkan versəydi...

Azərbaycan türkcəsinin yalnız oğuz türklərinə bağlanması ermənilərin və bir sıra türkoyedlərin əlinə əsas verir ki, türklərin Azərbaycanda IX-XI əsrlərdə peyda olması kimi cəfəng iddialarla çıxış etsinlər. Kimlərsə tərəfindən məqsədli şəkildə ortaya atılan oğuz mənşəyi Azərbaycan ərazisində türklərin qat-qat əvvəllər yaşadığını ört-basdır etməyə xidmət edir.

Azərbaycan türklərinin soykökünün hansı türk tayfalarına dayandığını daha dolğun sübut edən əsas faktor dildir. 1959-cu ildə "Kitabi-Dədə Qorqud" dastanlarının dili" kitabında görkəmli dilçi alim Ə.M.Dəmirçizadə yazırdı: "Azərbaycan ümumxalq dilinin təşəkkülündə oğuz və qıpçaq tayfa dilləri həlledici rol oynamışdır... Oğuzlar... oğuz və qıpçaq qəbilə dilləri əsasında təşəkkül tapmış olan ümumxalq Azərbaycan dilində ünsiyyət edən azərbaycanlılardır". Tanınmış qazax alimi Seydimbek Akselev "Korkut Ata əfsanələri" məqaləsində yazır: "Oğuz-qıpçaq boylarının, bir tək qazax deyil, eyni zamanda özbək, qaraqalpaq, türkmən, Azərbaycan kimi ulusların təşəkkülündə böyük rol oynadıqlarını bilirik".

Ortaq mənəvi dəyərimiz olan "Kitabi-Dədə Qorqud" dastanları haqqında danışarkən dilçi alim Nizami Cəfərov burada öz əksini tapan ictimai-siyasi, mədəni-mənəvi proseslər sırasında "gəlmə" oğuzlarla "yerli" qıpçaqların münasibətlərini ön plana çəkir.

 

Güllü Yoloğlu