Ədəbiyyat qəzeti.- 2008.-26 sentyabr.- N 37.- S. 1,3.

 

Ürəyinə ürək çatmazdı

 

Unudulmaz müəllimim, böyük yazıçı və pedaqoq Mir Cəlalı xatırlayarkən…

 

Nahid Hacızadə

 

Hərdən qəlbimdə acılı-şirinli xatirələr oyanır. Doğma, tanış insanlar yada düşür. Onlar haqqında yazmaq, söz açmaq keçir ürəyimdən. Yaddaşım vərəq-vərəq olur. Əlim qələmə uzanır…

Əlli beşinci il. Qaynar nəfəsli, qayğılı, intizarlı avqust öz yerini arzular dolu sentyabra təzəcə vermişdi. O günəşli günün rəngləri, sevinc və həyəcanları qəlbimə yazılıb, həmişəlik qəlbimdə qalıb.

Tələbəliyimiz başlayırdı. Necə xoş xəyallarla, şirin, qanadlı arzularla açmışdıq o səhəri! Dəhlizlər qaynayıb-daşırdı. Birinci kurs tələbələri — Azərbaycanın müxtəlif yerlərindən gəlmiş oğlanlar, qızlar hələ bir-birlərinə o qədər də isnişməmişdilər.

Dəstə-dəstə dayanıb dərsin başlanmasını gözləyirdik.

Bu da ilk zəng, ilk mühazirə! Səs-küylə auditoriyaya doluşduq. Gözümüz qapıda idi. İntizarımız çox çəkmədi. Ortaboylu, gülərüz, xoşsifət bir adam içəri daxil oldu. Necə deyərlər, üzündən nur tökülürdü. Əynində hava rəngli yüngül yay kostyumu var idi. Çoxdan dən düşmüş saçları seyrəlmişdi. Gözümüzü ondan ayırmırdıq…

Asta addımlarla irəlidə, partaların qabağında qoyulmuş stolun arxasına keçdi və uzun, mülayim baxışlarla auditoriyanı süzərək:

— Xoş gördük, əziz tələbələr! — dedi.

Biz onu dərs kitablarından, əsərlərindən tanıyırdıq. Və cədvəldən onu da bilirdik ki, bizə ilk mühazirəni kim oxuyacaq. Ona görə də hamımız bir ağızdan, qürur və sevinclə cavab verdik:

— Salam, Mir Cəlal müəllim!

— Uşaqlar, mən sizə «Ədəbiyyatşünaslığa giriş» fənnindən mühazirə oxuyacağam. — Sözünə azca ara verib, sakit bir axarla mühazirəyə başladı, — Yaxşı bilirsiniz ki, ədəbiyyat söz sənətidir. Həyatın güzgüsüdür. Qış sessiyasınacan bizim əsas söhbətimiz bu barədə olacaq.

O, aram-aram danışır, hərdən pəncərə qarşısında dayanıb dalğın-dalğın harasa baxır, auditoriyada olduğunu, mühazirə oxuduğunu belə unudurdu…

Qoşa saatın yarısını başa vurduq. Tənəffüs boyu söhbətimizin mübtədası da, xəbəri də Mir Cəlal müəllim oldu. İçimizdə bir qürur hissi çırpınırdı: «Görün bizə necə bir insan dərs deyir!»

Mən o vaxtacan Mir Cəlal müəllimin hekayələrini, «Bir gəncin manifesti» və «Dirilən adam» romanlarını oxumuşdum. Adı sevdiyim yazıçıların ilk cərgəsində idi. «Bir gəncin manifesti» sarsıtmışdı məni, əsərin qəhrəmanı Mərdanın «Bahar, mənim mələr quzum, körpə qardaşım» — deyə qopardığı o dəli haray, ürək yandıran o göynəkli monoloq göz yaşlarıma qarışıb qəlbimə axmışdı…

Çox sonralar bu barədə Mir Cəlal müəllimə danışanda, kövrələrək:

— O dərdi, o faciəni yazanda mən özüm də ağlamışam, — dedi. — Bu əsərin qəlbimdə ayrıca yeri var.

— Onun ədəbiyyatımızda da yeri ayrıdır, — dedim.

Tərifdən həmişə uzaq qaçan, təvazökarlığı hər şeydən uca tutan Mir Cəlal müəllim cavabı döndərdi:

— Bunu zaman göstərər, gələcək göstərər.

…Tənəffüsdən sonra tələbələrlə tanışlığa başladı. O, cərgələrin arasında ayaq saxlayır, bir-bir adımızı, soyadımızı soruşur, xoş sözlər deyirdi. Mənə çatanda əlini çiynimə qoyub mehribanlıqla:

— Bəs sənin adın nə oldu? — dedi.

— Nahid.

— Bizdə çox seyrək rast gəlmək olar bu ada, — dedi. — Türklərdə, ərəblərdə daha geniş yayılıb. Ərəblərin Nahid adında məşhur bir şairləri də var.

Azca irəli yeriyib təzədən soruşdu:

— Bəs rayonun hansı oldu?

— Gədəbəy.

— Özündənsən? — Diqqətlə süzdü məni.

— Yox, Şınıxdanam.

— Yəqin ki, Əli Rəsulovu tanıyarsan?

— Doğmaca əmioğluyuq.

— Çox gözəl! — Çöhrəsində bir işıq dalğası gəzdi. — Əli müəllim əvəzsiz ziyalıdır. O böyük Qaramurad kəndində məktəb müdiri idi. Hərdən rayon mərkəzində görüşürdük. O vaxt Gədəbəydə bank yox idi. Müəllimlərin aylıq məvacibini Şəmkir bankından alırdıq. Minik çətin tapılırdı.Bəzən bu qədər yolu atla, araba ilə gedib-gəlirdik. Başımıza hərdən qəribə-qəribə işlər gəlirdi. Bu əhvalatları danışmaqla qurtarmaz.

Əli müəllimlə sözümüz-söhbətimiz tuturdu. O, Qazax Seminariyasını, mən isə Gəncə Pedaqoji Texnikumunu bitirmişdim. Əli müəllim Osman Sarıvəlli ilə bir yerdə oxumuşdu. Onunla bağlı məzəli söhbətlər danışırdı. Hərdən də Səməd Vurğunla, Mehdi Hüseynlə dostluğundan söz açırdı.Geniş mütaliəsi var idi Əli müəllimin. Şeir də yazırdı. — Sözünə ara verib, soruşdu, — İndi nə işində çalışır?

— Gədəbəy Rayon İcraiyyə Komitəsinin sədridir.

— Xeyli vaxt onu görmədim, yalan olmasın, on il.

— Müharibə illərində Zəngilanda Rayon Partiya Komitəsinin katibi işləyib.

— Hə, belə de. Bir ara tez-tez görüşürdük. Əllinci illərə qədər bir-birimizi görmədik. Ötən il burada — Bakıda görüşdük. Elə bil dünyanı verdilər mənə. — Bir-iki addım aralanıb, geri qanrıldı, — Görəndə, məndən salam deyərsən Əli müəllimə.

— Mütləq! — sevinclə bildirdim.

Nəyi isə xatırlayırmış kimi gözlərini azca qıyıb:

Heç soruşmursan, Gədəbəy hara, mən hara? — Tezcə də sözünə əlavə elədi, — Mən o torpağa çox bağlıyam. Gədəbəyin suyu, havası kimi, insanları da safdır. Gəncədə Pedaqoji Texnikumu bitirəndən sonra, 20-ci illərin axırlarında orada müəllim işləmişəm, — dedi, — Gədəbəyin özündə, həm də Söyüdlü kəndində, Mirzə Teymurla bir yerdə. İndi onun iki oğlu — Qoşqarla Şamil bizim universitetdə dərs deyir.

Arxa cərgədə oturan tələbələrdən kimsə həmin illərin təəssüratı əsasında yazılmış «Təzə toyun nəzakət qaydaları» hekayəsini yada saldı. Mir Cəlal müəllim deyəsən bir az kövrələn kimi oldu…

Xatirələr onu ötən günlərə qaytarmışdı. Gənclik çağlarından, müəllimlik illərindən, ilk hekayələrini necə qələmə almağından maraqlı epizodlar danışdı. Fikrini belə tamamladı:

— Dağ adamları düz olur, halal olur. Mərd-mərdanə camaatı var Gədəbəyin. Orada çox hörmət-izzət görmüşəm. Ömrüm boyu o yerləri, o insanları unutmaram.

Beləcə, Mir Cəlal müəllimlə «həmyerli» olduq, ülfət bağladıq, dostlaşıb-doğmalaşdıq.

Yaradıcılığı ilə daha yaxından tanış olandan sonra gördüm ki, Gədəbəy camaatından gördüyü hörmət və ehtirama öz əsərlərində ürək genişliyi ilə yer verib, hekayələrində dönə-dönə bizim yerlərin adını çəkib, onun saf insanlarından, gözəl təbiətindən məhəbbətlə söz açıb.

 

* * *

 

O, müəllim adını uca tutan, bu ada şərəf, şöhrət gətirən yazıçı-pedaqoq idi. Fəxrlə deyə bilərik ki, Abbas Səhhət, Firudin bəy Köçərli, Üzeyir Hacıbəyli, Camo Cəbrayılbəyli, Abdulla Şaiq kimi maarifçilərin, nurlu xalq ziyalılarının ənənələrini ləyaqətlə yaşadan, zənginləşdirən bir insan, bir vətandaş idi Mir Cəlal müəllim!

Biz ondan təkcə «Ədəbiyyatşünaslığa giriş»i deyil, sənət sirlərini, həm də insanlıq və ömür-gün fəlsəfəsini öyrənirdik.

…Dərs deyən zaman Mirzə Cəlilin «söz ən böyük yadigardır» deyimi dilindən düşmürdü. Özü isə bu fikrə söykək olaraq deyirdi: «Söz ölməzdir, əbədidir. Zaman dağları belə uçurub aparır. Sözə isə onun gücü çatmır. Bunun ən yaxşı nümunəsi ulu sənətkarlarımızın, klassiklərimizin əsərləridir. Bir baxın, Nizami Gəncəvi «Xəmsə»si, Füzuli «Divan»ı, Sabir isə «Hophopnamə»si ilə ölməzlik qazanıb, üzlərini tutublar gələcək əsrlərə, gələcək nəsillərə.

Mir Cəlal müəllim böyük Hüseyn Caviddən həmişə yana-yana danışardı. Hər dəfə ölməz sənətkarla bağlı hadisələri, aralarında olan söhbətləri yada salanda kövrəlirdi. Bir dəfə tələbələrdən biri soruşdu:

— Mir Cəlal müəllim, Cavid necə adam idi?

— Peyğəmbər kimi insan idi.

Bu sözləri eynilə Mir Cəlal müəllimin özünə də şamil etmək olardı. Heç kəslə işi yox idi. Tələbələri onu sevirdilər. Bu da səbəbsiz deyildi. O, gənclərmizə həm ədəbiyyatı, sənəti, həm də həyatı öyrədirdi. Yaşımız fərqli olsa da söz-söhbətimiz yaxşı tuturdu.

— Onda İçərişəhərdə yaşayırdıq, — deyə Mir Cəlal müəllim sözünə davam etdi. — Tez-tez bizə gəlirdi. Çay içir, oxuduqlarımızdan, yazdıqlarımızdan danışır, fikirlərimizi bölüşürdük.

Bir dəfə gözləmədiyim halda soruşdu:

— Komsomol, nə yazırsan?

— Elmi iş, yəni dissertasiya.

— Mövzun nədir?

— Azərbaycan qadın yazıçılarının yaradıcılığı.

Bir az fikrə getdi. Sonra üzünü mənə tutub dedi:

— Komsomol, heç kağıza, mürəkkəbə heyfin gəlmir? Sənə bir məsləhətim var.

— Buyurun, Cavid əfəndi, — dedim. — Mən Sizi özümə ağsaqqal bilirəm. Məsləhətinizə də həmişə ehtiyacım var.

— Əgər belədirsə, onda sən bu mövzunu burax getsin. Üzünü Füzuliyə çevir. Füzulidən yaz, qoy sənin adın tarixdə Füzuli ilə bərabər yaşasın.

Ustadın bu sözləri məni çox düşündürdü. Gördüm ki, Cavid əfəndi düz deyir, mənə ağıllı məsləhət verir. O kişiyə min-min rəhmət diləyirəm ki, məni yuxudan ayıltdı. Ürəklə işə girişdim, gecəni-gündüzə qatıb «Füzuli poetikası» kitabını yazdım. Başqa bir xeyirxahın, böyük filosofumuz unudulmaz Heydər Hüseynovun məsləhəti, həm də köməyi ilə bu kitab namizədlik dissertasiyam oldu.

Cavid əfəndi ilə bir yerdə olmaq, ondan öyrənmək mənim üçün nə qədər xoş idi.

Söhbətlərimizin birində heç özüm də bilmədən ona belə bir sual verdim:

— Cavid əfəndi, siz həm nəzmlə, həm də nəsrlə pyeslər yazırsınız.

— Necə bəyəm?

— Mənimçün maraqıdır. Bunun hansını daha çox sevirsiniz? Şeiri, yoxsa nəsri?

— Əgər sənə şeirlə cavab verə bilsəydim, mən söhbəti elə şeirlə davam etdirərdim.

— Mənə hər şey aydın oldu, Cavid əfəndi, — dedim».

 

* * *

 

…Gözümüzü açıb-yumunca qış sessiyası gəlib çatdı. Gecəni gündüzə qatıb oxuyur, öyrənir, zaçot və imtahanlara hazırlaşırdıq. Deyirlər, tələbəliyin ən çətin dövrü birinci kursdur. Bu çətinliyi dəf etsən, yəni imtahan və zaçotları uğurla verib, gələcək illərə möhkəm təməl yarada bilsən, daha sənə zaval yoxdur. Yolu necə tutmusansa, eləcə də gedəcəksən. Vay o gündən ki, yolun başlanğıcında kəsirin olsun, adın düşəcək qara siyahıya.

Mən Universitetə qəbul vaxtı yeddi imtahanın hamısından «dörd» və «beş» qiymətlər alıb, yüksək bal ilə tələbələr cərgəsinə qoşulmuşdum. Təqaüd də alırdım. Bunu da deyim ki, o vaxtlar bir «kafi»si (üçü) olana təqaüd verilmirdi.

Evdən heç bir köməyim yox idi. Qardaşım da ali məktəbi bitirib, bir neçə ay dərs deyəndən sonra əsgər getmişdi. O zaman birinci kurs tələbələrinin yataqxanada yer alması da müşkül idi. Texnikumda oxuyan iki yaxın tanışımla «Kömürçü meydanı»ndan azca yuxarıda adama beş manat verib kirayənişin qalırdıq. Bir sözlə, maddi sıxıntı içində çırpınırdım. Təqaüddən düşsəydim, illərdən bəri arzularımda yaşatdığım sevimli universiteti buraxıb, tələbəliyə «əlvida» deməkdən başqa çıxış yolu görmürdüm.

Zaçotların hamısını verdim. Qarşıda iki fəndən imtahanımız var idi. — «Ədəbiyyatşünaslığa giriş» və «Məntiq». Qorxum yox idi. İkisinə də yaxşı hazırlaşmışdım. Yaxın dostlarmın bir neçəsi ilə yığışıb, bir-birimizlə dəfələrlə sual-cavab eləmişdik. Dostlarım mənə ürək-dirək verib, «sənin qorxun yoxdur, ölçüsü «dörd»ün var» — demişdilər.

Mən yenə arxayınlaşmır, konspektləri, kitabları, əlavə dərs vəsaitlərini əlimdən yerə qoymurdum.

Mir Cəlal müəllimin imtahanına şövqlə, necə deyərlər, ilhamla gəlmişdik. Çünki qrupumuz onu həm ürəkdən sevir, həm də ona inanırdı. O da bizim hər birimizə öz doğması, övladı kimi baxırdı. İmtahandan hamımız «dörd», «beş» aldıq.

Mir Cəlal müəllim zaçot kitabçama «əla» yazandan sonra üzümə baxıb:

— Bundan sonra neçə imtahanın qalıb, — deyə soruşdu.

— Bircə dənəsi qalıb, — dedim.

— Hansı fəndəndi?

— Məntiqdən.

Gözlərini azca qıyıb fikrə getdi. Sonra da:

— Hazırlığın necədi? — soruşdu.

— Gücüm çatan qədər oxumuşam. Az qala bütün kitabı əzbərləmişəm.

— Məntiq elə fəndir ki, hardasa bir az əzbərçiliyi sevir. — Baxışlarını pəncərəyə sarı döndərdi. — İmtahan neçə gündən sonradır?

— Hələ bir həftə var.

— Nə qədər imkanın var oxu, — dedi. Çalış əlaçılığa düşəsən. Hər halda ehtiyatı əldən vermə. Bunu ona görə deyirəm ki, sənin o məntiq müəllimin özü bir məntiqsiz adamdır.

Kasıb-kusubun qənimidir. Hər semestrdə neçə tələbəni gözüyaşlı qoyur…

Mir Cəlal müəllimin bu söhbəti məni silkələyən kimi oldu. Aradan iki-üç gün keçdi. Sonuncu seminarımız idi. Əlibala müəllim şişman portfelini yellədə-yellədə içəri girib, auditoriya ilə ağızucu salamlaşdı:

— Uşaqlar, — dedi, — bilirsiniz ki, imtahanınızın vaxtı gəlib çatıb. Belə götürəndə, imtahansız da keçinmək olar. Çünki mən öz dəftərimdə hamınızın qiymətini yazmışam. Bilirəm kimin qabında nə var. Diqqətlə qulaq asın. İndi qiymətləri oxuyacağam.

Başladı aramla siyahını oxumağa. Mənim də adım «üç» yazdıqlarının sırasında çəkildi. Elə bil başıma qaynar qazan əndərdilər. Dünya gözümdə qaraldı…

Tələbələrin səsi auditoriyanı başına götürmüşdü. Sual verən kim, narazılığını bildirən kim: «Müəllim, mən bir dərs də buraxmamışam, seminarlarda da həmişə cavab vermişəm. Necə olur mənə «üç» verirsiz» filankəsə «beş»?», «Müəllim bu insafsızlıqdır, məcburam dekana, rektora şikayət edim».

Bu «şikayət» sözü onu cin atına mindirdi. O, əsəbi halda qapıya yönəldi: «Kimə şikayət edirsiniz edin. Heç kəsin qiymətini düzəltməyəcəyəm! Allahınıza şükür eləyin, yoxsa o «3»ləri də «2» eləyərəm».

Qapını çırpıb, tələsik özünü kafedraya saldı. Biz onun arxasınca baxa-baxa qaldıq…

İmtahan günü çatdı. Bilet çəkib, stolun arxasına keçdim. Suallara baxanda sevindim, ürəyim atlandı. Növbəm çatanda gəlib onunla üzbəüz oturdum.

— Cavab verməsən də olar, — deyə, əyri-əyri mənə baxdı.

— Nə üçün, müəllim?

— Onsuz da qiymətini yazmışam. Biliyin «3»dən aşağıdır ki, yuxarı deyil.

— Müəllim, xahiş edirəm, icazə verin dekanı çağırım, onun yanında cavab vermək istəyirəm.

Elə bil od vurdular ona. Rəngi boğuldu:

— Mənim imtahanıma, yazdığım qiymətə heç kəs qulp qoya bilməz! Anladın?

— Axı, müəllim, sizin dərsinizi yaxşı-yaxşı öyrənmişəm.

— Bu elə-belə predmet deyil. Lenin kimi adam ondan «dörd» alıb. — Qəzəblə üzümə baxdı. — Bir bunun vidinə-fasonuna bax! A bala, baxıram sənə, görkəmindən çobanlıq yağır. Qayıt kəndinə, get, qoyun-quzunu otar. Universitet sənin kimi kəndçi-kündçü yeri deyil. Onsuz da sən buranı bitirib, diplom ala bilməyəcəksən.

Çox çənə-boğazdan sonra:

— Yaxşı, suallara cavab ver, görüm, — dedi.

Bir az sevinən kimi oldum. Ürəyimdə düşünürdüm:

«Bəlkə insafa gəldi». Başladım suallara cavab verməyə.

— Bala, — dedi, — əslində sənə şişirdilmiş qiymət vermişəm.

— Müəllim, qadan alım, əlavə suallar da verin. «üç»üm olsa, mənə təqaüd verməyəcəklər.

— Mən sözümü geri götürən adam deyiləm. Deyirəm: «üç», qurtardı-getdi, vəssalam!

Gördüm çənə döyməyin, yalvarışın xeyri yoxdur. Qəhər məni boğurdu. Zaçot kitabçamı götürüb, göz yaşları içində qapıdan çıxdım. Bərk sarsılmışdım.

Dekanlığın qabağından keçəndə Mir Cəlal müəllim qarşıma çıxdı. Həyəcandan salam da verə bilmədim. O məni qabaqladı:

— Nahid, sənə nə olub?

— Mir Cəlal müəllim, deyəsən universiteti buraxmalı olacağam.

— Qardaş, niyə? Nə olub ki?

— Əlibala müəllim «üç» verdi. Təqaüd ala bilməsəm…

— Ay kəmfürsət! — Qəzəbini boğa bilmədi. — Bu, nə müəllimliyə, nə də insanlığa sığar. Yıxılanı qaldırarlar, itələməzlər axı. Sən nə bilirsən ki, bu tələbə nə zülümlə qəbul olub? Onun gələcəyinin üstündən niyə qara xətt çəkirsən? Ürəyin daşdı bəyəm?

Mir Cəlal müəllim məhvərindən çıxmışdı. Bir az aram olub, özünə gələndə:

— Yaxşı, düzünü de, təzədən imtahan verməli olsan, yaxşı qiymət ala bilərsən? — deyə soruşdu.

Qətiyyətlə:

— Alaram, — dedim.

— Onda vaxt itirmə, get rektorun qəbuluna. Əhvalatı yerli-yataqlı danış ona. Yusif müəllim elə adamdır ki, heç vədə haqqı-nahaqqa verməz.

O zaman rektorumuz akademik Yusif Məmmədəliyev idi. Allah ona qəni-qəni rəhmət eləsin!

Tərəddüd içində qəbul otağının qapısından içəri girdim. Rektorun köməkçisi Qəmər xanım stolun arxasında diqqətlə üzümə baxaraq:

— Ay bala, nə olub sənə, özündə-sözündə deyilsən? — dedi.

— Oğlum, iclasa tələsir.

— Nə olar, bircə dəqiqə…

Elə bu an qapı açıldı. Yusif Məmmədəliyev makintoş paltosunun belini bağlaya-bağlaya yanımdan keçib getmək istərkən, Qəmər xanım:

— Yusif müəllim, — dedi, bu oğlanın sizə sözü var. Mümkünsə…

O, «iclasa gecikirəm» dedi. Birdən nə düşündüsə, geri qanrılıb üzünü mənə tutdu:

— Oğlum, nə sözün varsa, de.

Elə orada, ayaq üstə başıma gələnləri danışdım. Rektorun rəngi dəyişdi. Görünür, geyimim-keçimim, tarimar baxışlarım onu təsirləndirmişdi. Üzünü Qəmər xanıma tutdu:

— Tez filologiya fakültəsinin dekanını çağır bura.

Dekanlıq iki otaq o yana idi. Professor Muxtar Hüseynzadə quşun qanadında gəldi. Rektor ona tapşırıq verdi:

— Professor Makovelskinin rəhbərliyi ilə komissiya yaradın, qoyun bu uşaq özünü bir də sınasın. Əlibala Səmədovdan başqa tələbələrin də şikayəti var. Onları da araşdırın.

Rektorun otağından çox sevincək çıxdım. Uşaqlar məni dövrəyə aldılar: «Necə oldu? Rektor nə dedi?»

Görüş necə olubsa, eləcə də danışdım. Tələbə yoldaşlarımdan biri qınaqla «Bu şikayətin sənə ziyanı da dəyə bilər», — deyə sanki xəbərdarlıq etdi. Mən isə belə cavab verdim:

— Qaradan o yana rəng yoxdur!

Öyrəndim ki, Makovelski ağır xəstədi. Onun yerinə başqa qruplarda dərs deyən Saleh Hacıyevi təyin etdilər. Bəxtimdən Saleh Hacıyev də Bakıda deyildi. Deyilənə görə, Şəki tərəfə ova getmişdi.

Mən hər gün səhər dekanlığa gəlir, imtahanın nə vaxt olacağını gözləyirdim. Düz bir həftə gəldim-getdim, bir şey çıxmadı. Pulum da qurtarırdı. Axır ki, dekan müavini Rəhim Sultanov mənə dedi:

— Sabah saat onda hökmən burada ol.

İmtahan günü bərk həyəcan keçirirdim: «görəsən necə olacaq?» Filologiya fakültəsinin dekanlığında xeyli adam yığışmışdı. Aralarında mənə dərs deyənləri də var idi, deməyənləri də. Ancaq hamısını tanıyırdım. Professor Əli Sultanlı, Mir Cəlal Paşayev, Həmid Araslı, Muxtar Hüseynzadə…

Nəhayət, məni içəri çağırdılar. Bilet çəkdim. Suallar o qədər də çətin deyildi. İlk dillənən Cəfər Xəndan oldu:

— Bala, çox çətin deyil ki, sualların?

— Xeyr, — dedim, professor. Üçünü də bilirəm. İstəyirsiniz cavab verim.

Mir Cəlal müəllim söhbətə qoşuldu:

— Qardaş, burada sənin taleyin həll olunur, — dedi. — Fikrini topla, sualların cavabını ətraflı yaz, sonra danışarsan.

Komissiya üzvləri öz aralarında danışır, gülür, şirin-şirin söhbət edirdilər. Sıxıla-sıxıla üzümü onlara tutub:

— İstəyirəm suallara cavab verəm, — dedim.

Mir Cəlal müəllim doğma bir səslə:

— Nahid, ya Allah, başla görək, — dedi.

Onun sözləri elə bil məni göylərə qaldırdı. Bütün qorxunu, həyəcanı unutdum. Üç sualın üçünü də cavablandırdım. Saleh müəllim əlavə suallar da verdi. Gözaltı Mir Cəlal müəllimə baxdım. Onun baxışları gülürdü…

Mənə dedilər: «Çıx katibənin yanında gözlə. Bir azdan nəticəni bilərsən».

Ürəyim əsirdi: «Görəsən qiymətimi qaldıracaqlarmı?»

Qapı azca aralı idi. İçəridən gələn səslər aydınca eşidilirdi. Xeyli mühabisə oldu. Əlibala müəllim yenə də dediklərini təkrarlayırdı: «Onun qiyməti «üç»dən yuxarı deyil».

Professor Əli Sultanlının ovxarlı səsi eşidildi:

— Necə yəni «üç»dən yuxarı deyil?! Tələbə əməlli-başlı cavab verdi. Daha ondan nə istəyirsən, ay Əlibala müəllim?

Mir Cəlal müəllimin səsi ucaldı:

— Bilmirəm bu oxuyan tələbələrin qabağına niyə daş dığırlayırlar. Biz bununla onların inamını qırırıq. Hamımız görürük ki, bu uşağın oxumaqdan başqa fikri yoxdur. Biz belə tələbələrin qolundan tutub, qaldırmalıyıq. Mənim təklifim budur ki, ona «dörd» verək, gedib təqaüdünü alsın, oxusun. Əlibala müəllimdən də xahişimiz bu olsun ki, bundan sonra tələbələri boş yerə incitməsin. Özünün də əsəbini qorusun, onların da.

Hamı Mir Cəlal müəllimin təklifinə tərəfdar çıxdı. Bir azdan məni içəri çağırıb, komissiyanın qərarını bildirdilər: «Dörd».

Komissiya üzvləri iki-bir, üç-bir çıxıb getdilər. Mir Cəlal müəllim axıra qalmışdı. Gözlədim, o da çıxdı. Yaxınlaşıb:

— Mir Cəlal müəllim, təşəkkürümü bildirirəm, — dedim. — Bu yaxşılığı ömrüm boyu unutmayacağam.

— Nə yaxşılıq, — dedi, — qardaş, sən öz halal qiymətini aldın. Çalış həyatda həmişə öz halal haqqını müdafiə etməyi bacarasan. İndi sən də rahat oldun, mən də…

 

* * *

 

Universitetin birinci kursunda oxuyanda bizə həm Mir Cəlal müəllim, həm də Bəxtiyar Vahabzadə dərs deyirdi. Tələbələr Bəxtiyar Vahabzadənin apardığı xüsusi kursa çox böyük maraq göstərirdilər.

Bəxtiyar Vahabzadə mühazirələrdə Səməd Vurğundan, Mehdi Hüseyndən geniş ürəklə söz açırdı. Mir Cəlal müəllim şairə də dərs demişdi. Bəxtiyar Vahabzadə onu özünə ustad sayırdı. Bəxtiyar müəllimin dediklərindən yadımda qalanlar: «Onun təmiz və büllur dili var. Onun dili xalq danışıq dilinə uyğun, son dərəcə zəngin və bədii dildir. Buna görə də o istər elmi, istərsə də ilk növbədə dilin təmizliyi, qüsursuzluğu, ən ümdəsi isə xəlqiliyi baxımdan yanaşıb. Bu şərtləri hamıdan da tələb edir».

 

* * *

 

O, gözü-könlü tox, nəcib, təvazökar bir insan kimi seçilir, sevilirdi. Sözün əsl mənasında ləyaqət timsalı idi. Adı çəkiləndə adamın ürəyi işıqlanırdı. O, başını aşağı salıb həyatın gündəlik axarında öz işini görür: universitetdə dərs deyir, aspirantlarına elmi rəhbərlik edir, bədii və elmi əsərlərini yazır, halal qazancı ilə balalarını böyüdürdü. Başqalarından fərqli olaraq övladlarını öz sahəsi üzrə deyil, başqa-başqa ixtisaslara, daha çox da dəqiq elm sahələrinə yönəldirdi. Deyirdi: «İstəyirəm mənim balalarım elə ixtisaslara yiyələnsinlər ki, heç bir ağzıgöyçək deməsin ki, Mir Cəlalın filan oğlu, yaxud filan qızı atasının kölgəsində bu mənsəbə çatıb. Bir ailədə bir yazıçı, ədəbiyyatçı olar».

Övladları da onun bu arzusunu ləyaqətlə yerinə yetirdilər. İndi oğullarından ikisi — Arif və Hafiz fizika sahəsində görkəmli alim kimi tanınır. Qızı Elmira musiqiçidir. O biri qızı Ədibə xanım isə ədəbiyyatçıdır.

Qəribə xasiyyəti var idi. Ekrandan, efirdən həmişə uzaq qaçırdı. Radio və televiziyada işlədiyim uzun illər ərzində bircə dəfə də olsun məndən — keçmiş tələbəsindən nəyisə xahiş elədiyi yadıma gəlmir. Ekranı, efiri döyənək eləyən yazıçıları xoşlamırdı. Hərdən deyirdi: «Yazıçının, şairin ömrü yazı stolunun arxasında keçməlidir. Oxucular onları kitablarına görə sevməlidirlər. Ekran, efir yazıçıların yox, aktyorların, müğənnilərin, siyasətçilərin meydanı olmalıdır».

50-ci illərin ortalarında Azərbaycan Gənc Tamaşaçılar Teatrında böyük uğurla tamaşaya qoyulan «Bir gəncin manifesti» aləmə səs salmışdı. Baş rolun — Mərdan rolunun ifaçısı Lütfi Məmmədbəyov bu tamaşa ilə şöhrət zirvəsinə ucaldı. Kim bilir, bu əsərə neçə dəfə baxmışdım! Hər dəfə də zaldan göz yaşları içində çıxırdım.

Azərbaycan televiziyası yenicə fəaliyyətə başlamışdı. O zaman radio ilə əməkdaşlıq eləyirdim. Lütfi Məmmədbəyov tez-tez Radio və Televiziya Komitəsinə gəlib gedirdi. Sən demə, «Bir gəncin manifesti»nin televiziya versiyası hazırlanırmış. O zaman hələ video haqqında təsəvvür belə yox idi. Bütün verilişlər efirə birbaşa verilirdi. Nəhayət, məşqlər sona çatdı. Ədəbiyyatımızın incilərindən sayılan, yüz minlərcə oxucunun qəlbini fəth edən «Bir gəncin manifesti» qarlı bir qış axşamında Bakı tamaşaçılarını əfsunladı. Həmin günün səhəri idarə və müəssisələrdə, ali məktəblərdə bu tamaşadan, onun ürəklərdə oyatdığı xoş duyğulardan danışırdılar.

Mir Cəlal müəllim mənim radio ilə əməkdaşlığımı bilirdi.Tamaşa efirə gedəndən bir neçə gün sonra dekanlığın qabağında rastlaşdıq. Dərslərimi soruşdu. Hər şeyin qaydasında olduğunu söylədim və özümə borc bildim ki, sevimli müəllimimi təbrik edim.

— Mir Cəlal müəllim, — dedim, — «Bir gəncin manifesti» ürəkləri yerindən oynatdı. Letuçkada tamaşanı çox təriflədilər. Sədrimiz yaradıcı heyətə dönə-dönə təşəkkürünü bildirdi.

— A qardaş, — dedi Mir Cəlal müəllim, — bu televiziya nə böyük möcüzə imiş. Mən də tamaşaya çox heyranlıqla baxdım. Adamın üstə Allah var, tamaşa bəlkə də romanın özündən daha güclü təsir bağışladı mənə. Yaman riqqətləndim. Sağ olsun orda çalışanlar da, zəhmət çəkib tamaşanı hazırlayanlar da.

Aradan illər keçdi. Mən artıq televiziyanın ədəbi-dram verilişləri redaksiyasında baş redaktor işləyirdim. Populyar bir verilişimiz var idi. «Hekayə axşamı». Bu verilişdə Azərbaycan və dünya ədəbiyyatının ən gözəl nümunələrindən seçmələr verilirdi. Hekayələr əsasən səhnələşdirilirdi.Kiçik hekayələrsə məşhur aktyorların ifasında bədii qiraət formasında verilirdi. Hərdən Mir Cəlal müəllimə zəng eləyib:

— Mir Cəlal müəllim, deyirdim, — niyə bizə hekayə vermirsiniz?

Çox vaxt cavabı belə olurdu:

— Təzə hekayəm olsa, mətbuatda çıxar, sən də oxuyarsan. Yoxdur, deməli, qələmi dincə qoymuşam. Yaxşısı budur mənim kitablarımı götür vərəqlə, ya da rejissorlardan birinə tapşır bu işi. Qoy onlar seçsinlər. Elə bilirsən mənim hekayələrimin hamısını oxuyublar?! Televiziyanın qüdrəti çox böyük imiş. Bircə gecənin içində adamı məşhuri-cahan eləyir.

…O, həyat adamı idi, mövzularını da həyatdan alırdı. Kiçik formalara — novella janrına üstünlük verirdi. Elə buna görə də daha çox hekayə ustası kimi tanınıb, şöhrətlənmişdi.

Satirik-yumoristik səpkidə yazılmış «Kəmtərovlar ailəsi» və «İclas qurusu» hekayələrini bir dəfə oxusan, cazibəsindən ömürlük çıxa bilməzsən. Ədəbiyyatımızın klassik nümunələri sayılan bu iki hekayə C.Məmmədquluzadə və Ə.Haqverdiyev kimi ustadların qələmindən çıxan əsərlərlə bir sırada, bir zirvədə dayanır. Bunu demək xoşdur ki, bu iki hekayə Amerikada da nəşr olunub və hüsn-rəğbətlə qarşılanıb.

…Bir gün unudulmaz gülüş ustası, respublikanın əməkdar artisti Eldəniz Zeynalov yanıma gəlmişdi. Aramızda çox səmimiyyət var idi. O, özünəməxsus əda ilə:

— Qədeş, — dedi, — Mir Cəlal müəllimdən sənə bir qucaq salam gətirmişəm.

— Göndərən də sağ olsun, gətirən də, — dedim, tezcə də qayıtdım ki, — Ay Eldəniz, sən hara, Mir Cəlal müəllim hara?!

Dodaqlarından heç vaxt gülüş əskik olmayan Eldəniz söz altında qalmadı:

— Qədeş, inciyərəm səndən ha… Necə yəni Mir Cəlal müəllim hara, sən hara. Sənətkar sənətkarı tanıyar da. Mən onun pərəstişkarıyam. Görüşlərdə hekayələrini tez-tez oxuyuram, o da mənim tamaşalarıma həvəslə baxır, həmişə də təbrik eləyir məni. — Mətləb üstünə gəldi: — Çoxdandır Mir Cəlal müəllimin iki hekayəsini hazırlamışam. Əvvəlcə istəyirdim «Hekayə axşamı»nda getsin. Sonra fikirləşdim ki, ayrıca veriliş olsa yaxşıdır. İndi yanına gəlmişəm ki, plana salasan bu verilişi. Başlıq da belə olsa yaxşıdır: «Bədii qiraət: Mir Cəlal — «İclas qurusu», «Kəmtərovlar ailəsi». Söyləyir respublikanın əməkdar artisti Eldəniz Zeynalov».

Soruşdum:

— Tam hazırsan,

— Qədeş canı, su kimi əzbər bilirəm. İstəyirsən söyləyim ikisini də.

Verilişi plana saldıq. İnsafla desək, Eldəniz Zeynalov çox ürəkdən hazırlamışdı bu hekayələri. Veriliş tamaşaçıların da, Mir Cəlal müəllimin də ürəyincə oldu. O, zəng eləyib təşəkkürünü bildirdi. Sözarası dedi:

— Bu hekayələri mən çoxdan, gənclik illərində yazmışam. Ancaq görürəm ki, bu gün də aktualdır. Onları səhnələşdirib bir neçə aktyorun ifasında versəydiniz, bəlkə təsiri daha böyük olardı.

Mir Cəlal müəllim, sağlıq olsun, — dedim, — burda çətin heç nə yoxdur. Bir az üstündən keçsin. Bünyad Məmmədov adında yaxşı bir rejissorumuz var. «Hekayə axşamı»nı o hazırlayır. Ona tapşıraram bu işi.

Aradan xeyli vaxt keçdi. Biz «İclas qurusu» hekayəsinə bir də müraciət elədik. Bünyad hekayə əsasında çox gözəl, emosional bir tamaşa hazırlamışdı. Baş rolu böyük sənətkarımız Hamlet Xanızadə oynayırdı. Ürəklə demək olar ki, o, dahiyanə bir bürokrat obrazı yaratmışdı. Təəssüf, min təəssüf ki, Mir Cəlal müəllim bu tamaşanı görə bilmədi. O, əbədiyyətə qovuşmuşdu…

O, gördüklərini, duyduqlarını, yaşadıqlarını qələmə alırdı. Çoxumuza adi görünən hadisələrə elə bir məna, poetik çalar və cazibə verirdi ki, adam heyran qalırdı. Tez-tez təkrar edirdi: «Bədii həqiqət həyatdan uca durmalıdır. Sənət insanı öz cazibəsinə almalı, ucalara qaldırmalıdır».

Bir dəfə dərs zamanı dramatik bir əhvalat danışdı. Qısa məzmunu belədir:

— Biz, bir dəstə adam söhbət edə-edə Kommunist (indiki İstiqlal) küçəsi ilə üzüaşağı gedirdik. Akademiyanın yanına çatanda «Azərnəşr» tərəfdən zəng çala-çala tramvay çıxdı. Bizim bərabərimizə çatanda bir uşağı qəfil altına aldı. Bu, o qədər gözlənilməz oldu ki, izdihamlı küçə birdən, bir göz qırpımında dondu. Əsəblər tarıma çəkildi. Hamı gözlərini yumdu. Bu dəhşətə ürəkmi dözərdi?

Bir də gördük ki, uşaq tramvayın arxa tərəfindən çıxaraq, heç nəyi vecinə almadan qaça-qaça gedir. Gözlərdə sevinc yaşı parladı. Ürəklərdən bir nida qopdu:

— Allah, sənə şükür!

O boyda küçə elə bil bayram sevincinə büründü. Ürəkləri ürəklərə qoşan bir sevinc insan həmrəyliyinin himni idi!

Mir Cəlal müəllim hadisəni o qədər təsirli danışdı ki!..

Qeyri-ixtiyari olaraq dedim:

— Nə əcəb indiyə kimi onu yazmamısınız?

— İndi birdən, gözləmədiyim halda yadıma düşdü bu əhvalat. — Fikirli-fikirli üzümə baxdı. — Bəlkə də sənin sözündə bir həqiqət var. Əgər bu əhvalat ürəyimin qapısını bir də döysə, hökmən yazacağam.

Çox keçmədi ki, zərif çiçəyə bənzəyən «Lirika» hekayəsi oxucuların qəlbini titrətdi.

…Universitetin son kursunda oxuyanda radionun Xarici ölkələrə verilişlər hazırlayan redaksiyasında müxbir işləyirdim. Elm və mədəniyyət xadimlərimizdən ibarət böyük bir nümayəndə heyəti Fransaya getmişdi. Həmin tərkibdə bizim müəllimlərdən professor Cəfər Xəndan və yazıçı Mir Cəlal da var idi. Onların ikisi də köhnə «İnturist»in böyründə — «Alimlər evi»ndə yaşayırdı. Baş redaktorumuz Muxtar Hacıyev tapşırmışdı ki, səfər iştirakçıları ilə görüşüb, veriliş hazırlayım. Əvvəlcə Cəfər müəllimlə görüşdüm. Sonra isə Mir Cəlal müəllimgilə getdim. Qapını özü açdı:

— Ya Allah, həmişə sən gələsən! — Məni gülərüzlə qarşılayıb iş otağına apardı, dərslərimlə, iş-gücümlə maraqlandı:

— Əyani oxumaqla işləmək çətin deyil ki?

— Çalışıb birtəhər çatdırıram.

— Tələbəlikdə pul qazanmağın da öz aləmi var, — dedi. — Heç kəsdən asılacağın olmur. Sərbəstlik — sultanlıqdır.

İş otağı öz sahibinin zövqündən xəbər verirdi. Rəflərdə dünya klassiklərinin əsərləri cərgələnmişdi. Stolun üstündə «papağı» göy rəngə çalan gecə lampası, yazı ləvazimatı və bir qalaq ağ kağız var idi.

Mir Cəlal müəllim baxışları ilə rəflərdəki kitabları «sığallayır», onlardan şövqlə danışırdı. Qulağım onda olsa da fikirləşirdim: «Vaxt gələcək, stolun üstündəki bu kağız qalaqları əriyib gedəcək, onun səhifələrindən yeni əsərlər boylanacaq».

— Yazmaq, yaratmaq çox böyük sevincdir, xoşbəxtlikdir! — Mir Cəlal müəllim qəlbimdən keçənləri gözümdən oxuyurmuş kimi dedi. — Yazıçılıq ağır işdir. Çox adam onun şöhrət tərəfini görür, zəhmət tərəfini isə yox. Yazmaq — qaya çapmaqdan da çətindir. Yazıçı öz ömrünü gilə-gilə əsərlərinə verir. Bəzən taleyini də girov qoyur. Əbəs yerə deyil ki, Tolstoy kimi bir söz nəhəngi yazıçı əməyini qul əməyinə bənzədir. Ancaq bununla belə, yazıçılıq böyük şərəfdir. Xalq sevgisini qazananda onun xoşbəxtliyi əlçatmaz olur… Söhbət nə qədər xoş, cəlbedici olsa da, mən elə bil iynə üstündə oturmuşdum. Materialı vaxtında efirə çatdırmalı idim. Ehtiyatla maqnitofonu stolun üstünə qoyub, qapağını qaldırdım. Bununla «başlayaq» demək istəyirdim. Mir Cəlal müəllim fikrimi göydə aldı. Ancaq yenə təmkinini pozmadan:

— Hara tələsirsən, qaçaqaç deyil ki? — dedi. — Xeyli vaxtdır görüşmürük. Veriliş öz yerində. Sənə Fransada gördüklərimi danışmaq istəyirəm. Səfərimiz çox maraqlı, yaddançıxmaz bir səfər idi.

— Buyurun, buyurun! — əlimi maqnitofonun düyməsindən çəkdim.

O, ilk dəfə idi ki, xaricdə olurdu. Fransa kimi ölkəni gəzib-dolaşmaq böyük xoşbəxtlik sayılırdı. Bu həm də adama möcüzə kimi gəlirdi. Mir Cəlal müəllim səfərdən çox zəngin təəssüratla qayıtmışdı. Parisdən, Sena çayından, şəhəri dövrələyən Bulon meşələrindən, Eyfel qülləsindən, Zəfər tağından, Luvr muzeyindən necə vəcd və heyranlıqla danışırdı!

Mən nəfəs çəkmədən əziz müəllimimi dinləyə-dinləyə xəyalən onun gəzdiyi, gördüyü yerlərdən keçirdim…

Sözünə ara verib:

— Bunları danışmaqla qurtaran deyil, — dedi. — Parisi təsvir etmək üçün gərək adamda Viktor Hüqo qüdrəti ola. — Fikrinə nə gəldisə, dayanıb üzümə baxdı. Sonra: — Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır, — dedi. — Sağlıq olsun, vaxt gələr, sən də gedib görərsən o yerləri.

Baxışları kitab rəflərində gəzdi:

— Amerika yazıçısı Ernest Heminqueyin gözəl bir povesti var, Parisə həsr edilib. Hələ bizim dilə tərcümə olunmayıb. Ruscası belədir: «Prazdnik, kotorıy vseqda s toboy».

Mən diqqət kəsilmişdim. Mir Cəlal müəllim şövqlə danışırdı:

— Heminqueyin gəncliyi Parisdə keçib. O, burada çox coşqun bir həyat yaşayıb. Paris onu sevib, o da Parisi. Heminquey deyir ki, Paris bir bayramdır. Parisi bir dəfə görənlər, Sena sahillərindən bir dəfə keçənlər onu ömrü boyu unutmazlar. Hara getsələr, harada olsalar da bu bayram, bu ilahi xatirə daim ürəklərində çırpınacaq.

Aradan çox illər keçəndən sonra Parisi görmək, bir vaxtlar əziz müəllimimin keçdiyi yerlərdən keçmək, füsunkar, təkrarsız Sena gözəlliklərini seyr etmək, Eyfel qülləsinə qalxıb, oradan Parisə — dünyanın bu gözəllik sərgisinə göz-könül dolusu tamaşa etmək mənə də qismət oldu.

Onun çox sevdiyi, həmişə əsərlərindən misal gətirdiyi böyük Viktor Hüqonun adını daşıyan prospektin qurtaracağında dayanıb, gur işıqlar içindən əzəmətlə göylərə boylanan Zəfər Tağına heyran-heyran baxarkən əziz müəllimimin bu şəhər haqqında danışdıqları birər-birər xəyalımda göyərirdi…

Başımı qaldıranda gördüm ki, artıq axşam düşüb. İş vaxtının qurtarmasına az qalırdı. Bilirdim ki, Muxtar müəllim məni danlayacaq. Ancaq gecikməyimə o qədər də təəssüf etmirdim. Burada — əziz müəllimimin iş otağında mənalı, yaddançıxmaz neçə saat vaxt keçirmişdim.

Mir Cəlal müəllim əlini çiynimə qoyub:

— Buracan dediklərim, danışdıqlarım sənin özündən ötrü idi, — dedi. — İstədim Fransa haqqında, Paris haqqında az da olsa səndə təsəvvür yaradım. — Dodaqlarında ötəri bir təbəssüm gəzdi: — Ağlımız kəsəndən bizə kapitalizmi söyməyi öyrədiblər. Ancaq gəl gör kapitalizm Fransanı hansı yüksəkliyə qaldırıb, hansı əlçatmaz mədəniyyət zirvəsinə ucaldıb.

Yenə də yazıçı xəyalı onu öz sakit təbiətindən, təmkinindən ayırmışdı. O, çox ehtiyatlı, hər şeyi ölçüb-biçən, dediyinə, yazdığına son dərəcə məsuliyyətlə yanaşan bir insan idi. Bəlkə də indi, Fransa haqqında belə məftunluqla danışdığına görə ürəyinin dərinliyində özünü qınayırdı.

Səhv etməmişdim. O, stolun siyirməsini çəkib iki-üç vərəq yazılı kağız çıxararaq:

— Hə, indi maqnitofonu işə sal, — dedi, — indiyəcən danışdıqlarım qalsın burada, bu kağızdakılar isə sizin xarici ölkə dinləyiciləri üçündür. Qoy qulaq asıb feyziyab olsunlar.

Bu sözləri deyərək gülə-gülə əlini çiynimə qoydu:

— Hə, belə-belə işlər, mənim əziz tələbəm!

 

* * *

 

… Axşamçağı idi. Şəhərə çıxmışdım. Nizami muzeyinin yanından keçəndə irəlidən — dəniz tərəfdən toz burulğanı qalxdı. Birdən qarşımda Mir Cəlal müəllimi gördüm. O, bir əli ilə yaşarmış gözlərini silə-silə o biri əlini irəli uzatdı:

— Nahid, qardaş, qoluma gir, — dedi, — küləyin ikimizə bir yerdə gücü çatmaz. — Azca getmişdik ki, burulğan son gücünü göstərdi. Yenə ətraf toz dumanı içində görünməz oldu. Mir Cəlal müəllim yumora keçdi:

— Bu, kiminsə dalınca düşüb. Bizim nə günahımız var?

— Bəzən qurunun oduna yaş da yanır.

Ayaq saxladı:

— Gör, xalq fikrini deyəndə necə dəqiq deyir!

Xeyli dinməzcə getdik. Yenə söhbətə körpü saldı:

— Mən bura Gəncədən təzə gələndə Bakı tamam başqa bir şəhər idi. Toz-torpaq əlindən göz açmaq olmurdu. İndi Bakı tanınmaz olub.

Mən özüm də bilmədən söhbəti döndərdim:

— Təzə nə yazırsınız?

Elə bil bu sözə bənd imiş kimi odlandı:

— Adamı yazmağa qoyurlar ki?

— Kim?

— «Kommunist» qəzetini oxumamısan?

— Yəqin Abbas Zamanovun məqaləsini deyirsiniz, hə?

O, dayandı, gözləmədiyim əsəbi bir səslə:

— Bəs hansı məqalə olacaq? — dedi. — Səncə düz yazıb?

Mən dinmədim. Ona görə ki, Abbas Zamanov da mənim sevimli müəllimim olmuşdu. İndi də aramızda xoş münasibət var idi.

Səsi ovxarlı qılınca döndü:

— Bir filoloq kimi, jurnalist kimi səndən soruşuram, düz yazıb?

— Yox, — dedim, — düz yazmayıb! «Yolumuz hayanadır» Sabirə layiq romandır. Bu, tək mənim fikrim deyil, ədəbi ictimaiyyətin fikridir.

— Bəs niyə səsini çıxardan yoxdur?

— Bəlkə ehtiyat edirlər, xətir-hörmət gözləyirlər?

— Bir alim kimi Abbas Zamanova mənim də böyük hörmətim var. — Sözümün arxasını ləngitdi. — Ancaq hər şeyin — tərifin də, tənqidin də həddi-hüdudu olmalıdır. Tənqidin borcu fikir demək, istiqamət verməkdir. Daha başkəsənlik yox!

Mir Cəlal müəllimi belə əsəbi görməmişdim!

Hamı onun həlim xasiyyətinə, xoş davranışına, hədsiz mülayimliyinə qibtə edirdi.

Öz-özünə danışırmış kimi:

— Başına dönüm Mehdi Hüseynin, oğuldu, oğul! — dedi.

— Neyləyib ki, Mehdi Hüseyn?

— Neyləyəcək, həqiqəti ortaya qoydu, qanad verdi, yaşatdı məni!

Yeraltı keçidi adlayıb genişliyə — dəniz sahilinə çıxdıq. Deyəsən əsəbiliyi bir az keçmişdi.

— Bir axşam götürüb Mehdiyə zəng elədim, — deyə söhbətə təzədən körpü saldı. — İlk sözü bu oldu: «Məqaləni oxumuşam, romanı çatdır mənə».

Səhəri gün əsəri ona göndərdim. Fikirləşdim ki, bəyənməsə, demək, Abbas Zamanov haqlıdır, roman alınmayıb.

Mehdinin telefon zəngi məni nigarançılıqdan qurtardı:

— Romanı oxudum. Bəri başdan səni təbrik edirəm! Hazırlaş, iki gündən sonra Yazıçılar İttifaqında müzakirədir. Məruzəçi də özüm olacağam.

Mehdiyə çox inanırdım. Elə bil üstümdən ağır dağ götürüldü. Onun xoş sözləri mənim üçün ən böyük mükafat idi. — Hə, nə başını ağrıdım, — deyə sözünə davam elədi. — Mehdi elə bir ton verdi ki, duran-oturan onun dediklərini təsdiq elədi. Həmin gün mənim üçün bir bayrama çevirildi. Çünki haqq-ədalət öz yerini tutmuşdu.

Neçə ay idi ki, əsəbilikdən, ruh düşkünlüyündən əlimə qələm ala bilmirdim. Mehdi Hüseynin bu kişiliyi məni yenidən yazı masası arxasına qaytardı.

…Mir Cəlal müəllimin altmış illiyi olanda mən radionun Ədəbiyyat redaksiyasının müdiri işləyirdim. Yubiley münasibətilə böyük bir veriliş hazırladıq.

Qələm dostları, tələbələri, oxucuları hörmətli sənətkarımızın yaradıcılığı, pedaqoqluğu, insanlığı barədə ürəkdən gələn dürlü-dürlü sözlər, fikirlər dedilər. Veriliş efirə gedəndən sonra Mir Cəlal müəllim zəng edib təşəkkürünü bildirdi və yenə də yumorundan qalmayaraq:

— Qardaş, çox sağ ol! — dedi. — Ancaq qorxuram bəzi ağzıgöyçəklər desinlər ki, tələbəsi müəlliminə üzgörənlik edib…

Öz aramızdır, tərifin dozası bir az artıq oldu.

— Yox, Mir Cəlal müəllim, biz olanı demişik. Siz bizim böyük sənətkarımızsınız!

Səsi dəyişdi:

— Bu olmadı. Böyük sənətkarlar Nizamidir, Füzulidir, Sabirdir, bizimkilər isə — sadəcə yazardır, söz fəhləsidir.

Mir Cəlal müəllim ailəcanlı bir adam idi. Tez-tez deyərdi: «Ailə qoşa ürəyin mahnısıdır. Bu ürəklər axıracan da qoşa oxumalıdır. Yoxsa əsl səadətdən danışmaq olmaz».

Uşaqların ürəyincə adlar seçmişdi: Arif, Elmira, Ədibə, Aqil, Hafiz… Onlardan həmişə fəxrlə danışardı. Övladlarına ibrətamiz hekayələr həsr etmişdi. İndi onların adları sənət əsərlərində yaşayır, ata arzularını sabaha, gələcəyə aparır.

 

* * *

 

…Yay günlərinin birində şair İlyas Tapdıqla dəniz sahilində ona rast gəldik. Xeyli söhbətləşdik, dolandıq, gəzdik. Birdən haradansa ağlıma gəldi:

— Mir Cəlal müəllim, Sizi Yazıçılar İttifaqı tərəflərdə heç görmürəm, — dedim. — Yoxsa o tərəfdən küsmüsünüz?

— Ağlım kəsəndən həmişə söz-söhbətdən uzaq qaçmışam, — dedi. — Özün də yaxşı bilirsən ki,.. — sözünün arxasını qısdı və dərindən köks ötürdü, — qabaqlar ora Səməd Vurğunun, Mehdi Hüseynin üzünə gedirdim. Yaxşı dostları itirmişəm, təklənmişəm.

Qəribə xasiyyəti var idi. Ən qəmli hadisələrdən danışanda belə, hansısa bir məqamda söhbəti döndərib, ona məzə qatırdı. İndi də belə oldu:

— Soruşursan ki, niyə görünmürəm o tərəflərdə? — Dodaqları təbəssümləndi: — Sirri var bunun, deyim, ikiniz də eşidin: son vaxtlar Əzrayıl yaman dadanıb Yazıçılar İttifaqına. Mənim də nə işim gözə görünüm? Canımdan bezməmişəm ki?

İlyas tapdıq söhbətə qarışdı:

— Mir Cəlal müəllim, Əzrayılla bağlı bir lətifə var, İsi Məlikzadə düzüb-qoşub, eşitmisiniz onu?

— Yox.

İlyas Tapdıq dedi:

— Bunu İsmayıl Şıxlı qiyamət danışır. Mənim yadımda ordan-burdan qalıb.

— Nə qalıb, danış.

Bir gün Əzrayıl gəlib çıxır Mirzə İbrahimovun kabinetinə. Deyir, norma var, yaşlı yazıçılardan beş nəfəri aparmalıyam. Mirzə İbrahimovun rəngi avazıyır. Zəngi basıb köməkçisini — Kübra xanımı çağırır:

— Tez ol, prezidiumu yığ!

Çox keçmir ki, rəyasət heyətinin üzvləri — qocaman sənətkarlar sədrin kabinetində cəm olurlar. Mirzə müəllim onları məsələdən agah edir. Elə bil hamının üstünə soyuq su çilənir. Əzrayılın iti baxışları bir-bir görkəmli qələm sahiblərinin üzündə gəzir. Birdən Mirzə müəllimin yadına nəsə düşür, sevincək bildirir:

— Əzrayıl yoldaş məsələyə çox humanistcəsinə yanaşır. Deyir ki, yaşlı yazıçılar öz əvəzlərinə cavan həmkarlarından namizədlər də verə bilərlər.

Kabinet birdən-birə hərəkətə gəlir. Baxışların ifadəsi dəyişir. Pıçıltılar, məşvərətlər başlayır. Məmməd Rahim fürsəti fövtə vermədən cəld yerindən sıçrayıb, Əzrayıla təşəkkürünü yetirir, sonra da:

— Mən öz əvəzimə Tofiq Bayramı təklif edirəm! — deyir.

— Mənə xeyli borcu da var. Buradakılar hamı gözəl bilir ki, «dədə» deyir Tofiq Bayram mənəm. Ata-oğul kimiyik.

Əzrayıl könülsüz-könülsüz razılaşır:

— Yaxşı nə deyirəm…

Məmməd Rahim çox sevincək olur. Elə bu an Əli Vəliyev yerindən dikəlir:

— Əkrəm Əylisli! İlk kitabına — «Gilas ağacı»na mən resenziya yazmışam. Tərifləyib, göylərə qaldırmışam onu. Borclu borclunun sağlığını istər. İndi zəhmət çəkib əvəzini qaytarsın.

Əzrayıl uzun baxışlarla altdan yuxarı Əli Vəliyevi süzür.

Sonra Mirzə müəllimə sarı dönür:

— Yox, keçməz.

— Niyə? — Əli Vəliyev incik halda deyir. — Niyə keçmir?

Əkrəm Əylisli çox istedadlı yazıçıdır. Hərçənd ki…

Əzrayıl gözlərin Əli Vəliyevdən ayırmadan:

— Burada boy məsələsi də nəzərə alınır, — deyir. — Heç olmasa arada bir az uyğunluq, simmetriya olmalıdır.

Əli Vəliyev alnını ovuşdurur:

— Üstəlik də İsi Məlikzadə!

Əzrayıl bic-bic gülür:

— Yaxşı, Əli Qaraoğlu, yaşını, xeyirxahlığını nəzərə alıb arzunu yerinə yetirərik.

Əli Vəliyev əlini əlinə vurur:

— Ay can, ay can!

Söhbətin bu yerində İlyas Tapdıq dilini sürüdü. Mir Cəlal müəllim dedi:

— Bəs sonra?

— Sonrasını mən danışım, — deyə Mir Cəlal müəllimin qoluna girdim:

— Lətifənin bu hissəsi İlyas Tapdığın özü ilə bağlıdır. Ona görə də qaçır, danışmaq istəmir.

— Onda ən maraqlı yeri qabaqdadır ki! — Mir Cəlal müəllim ürəkdən güldü.

Mən başladım ki, Əli Vəliyevdən sonra Süleyman Rüstəm ayağa qalxır. Hamının baxışları ona dikilir. Fikirləşirlər ki, görəsən öz yerinə o, kimi namizəd göstərəcək?

Süleyman Rüstəm deyir:

— Bizim gözəl bir şairimiz var — İlyas Tapdıq…

Əzrayıl ona aman vermir, sözünü yarımçıq kəsir:

— Keçməz-keçməz!

Süleyman Rüstəm bərk dilxor olur:

— Nə olub ona? İlyas Tapdıq Azərbaycanın görkəmli şairlərindən biridir. Həm də naşirdir.

— İlyas Tapdığı bir gözünüzün önünə gətirin! — Əzrayıl əsəbi halda deyir: — O, bizim öz kadrımızdır. Onun canını çoxdan almışıq.

Mir Cəlal müəllim ilk dəfə görürmüş kimi dönüb zənlə İlyas Tapdığa baxdı və gözləri yaşarıncaya qədər güldü. Özünə gələndə:

— Adamın üstündə Allah var, İsi Məlikzadə yaxşı düzəldib bunu, — dedi.

Sonra yenə özünü saxlaya bilmədi, güldü, güldü…

 

* * *

 

…Arxivimizdəki saralmış-solmuş köhnə qovluqları səliqəyə salırdım. Gözüm hər iki tərəfdən dəfnə yarpağı ilə haşiyələnmiş, tünd göy rəng içində boylanan, iri ağ şiriftlərlə «50» yazılmış «Dəvətnamə»də ilişib qaldı. Fikrimiz yüz yerə getdi:

«Görəsən bu nə dəvətnamədir? Hardan düşüb bu qovluğa?»

Beynimdə işaran bu suallar elə-belə deyildi. Mənim bu yaşacan iştirak etdiyim yubileylərin, təntənələrin, müxtəlif məclislərin sayı-hesabı olmayıb. İndi gəl yadına sal görüm bu hansı vaxtın, bu hansı tədbirin dəvətnaməsidir?

Tezcə onu açıb baxdım. Gözlərim sətirlərdə gəzdi. Elə bil qəlbimə işıq seli axdı. Sol tərəfdə unudulmaz müəllimim, böyük ədibimiz Mir Cəlalın şəkli verilmiş, sağ tərəfdə isə bu sətirlər sıralanmışdı:

«Hörmətli yoldaş Hacıyev N.

Azərbaycan Sovet Yazıçılar ittifaqının Rəyasət Heyəti və S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti Sizi, yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 50 illiyinə həsr olunmuş Yubiley gecəsinə dəvət edirlər.

Gecənin proqramı:

I. Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri Mehdi Hüseyn yoldaşın giriş sözü.

Mir Cəlalın həyat və yaradıcılığı — məruzçi Cəfər Xəndan yoldaşdır.

Təbriklər.

II. Bədii hissə.

Gecə 1958-ci il may ayının 9-da, axşam saat 8-də Azərbaycan SSRİ Elmlər Akademiyasının binasında (Kommunist küçəsi, 10) olacaqdır.

Yubiley komissiyası.

… «Dəvətnamə»yə baxdım, baxdım. Xəyal məni qanadlarına almış, qəlbim xatirələrə yelkən açmışdı… O vaxtdan az qala yarım əsr keçirdi. Onda mən tələbə idim, universitetin üçüncü kursunda oxuyurdum. Bu dəvətnaməni bizə qrup komsomol təşkilatçısı Firəngiz Qədirli paylayanda demişdi: «Uşaqlar, çalışın hamınız iştirak edin. Mir Cəlal müəllim bizim qrupu çox istəyir. Bilirəm zalda gözü bir-bir bizi axtaracaq. Elə olmasın ki, kimsə gözünə dəyməsin, yoxsa inciyər bizdən».

Bahar ətirli ilıq bir may axşamı idi. Bakının gözü sayılan Kommunist küçəsilə (indiki İstiqlal) dəstə-dəstə adamlar Akademiyanın binasına tərəf axışırdılar. Əllərdə nə qədər gül-çiçək var idi!

Universitetin filologiya fakültəsinin tələbələri bu möhtəşəm tədbirə hamıdan qabaq gəlmişdilər. Bizim qrup orta cərgələrdə yer tutmuşdu. İntizarla gecənin başlanmasını gözləyirdik. Dəqiqələr ötdükcə boş yerlər dolur, əzəmətli zal dəniz kimi dalğalanırdı.

Nəhayət, Mir Cəlal müəllim qabaqda, arxasınca da bir dəstə yazıçı, şair, alim səhnədə göründü. Zal ayağa qalxdı. Gur alqışlar qədim İsmailiyyə binasının monolit divarlarını titrədir, açıq pəncərələrdən axıb yaz axşamının sakitliyinə qarışırdı. Yubilyarın həmişə görməyə adət etdiyimiz sakit, gülümsər baxışlarında bir utancaqlıq, həyəcan ifadəsi apaydın oxunurdu. Alqış səsləri qalxdı-endi. Axır ki, zal aram oldu.

Mir Cəlalın əqidə və məslək dostu, Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Mehdi Hüseyn cəld addımlarla tribunaya yaxınlaşdı. O, bir anlıq cərgələrə göz gəzdirib, sözünə belə başladı: «Mən burada söz-sənət adamlarını, görkəmli alimləri, ziyalıları, Mir Cəlal müəllimin tələbələrini və oxucularını görürəm. Zala baxdıqca, qəlbən sevinir, qürur duyğusu keçirir və hər birinizə «sağ olun, var olun!» deyirəm.

Mənim böyük dostum, ustad yazıçımız Mir Cəlal əsil xəlqi sənətkardır. Ona görə də qədirbilən xalqımız onu — öz ləyaqətli oğlunu belə ürəkdən sevir, bağrına basıb əzizləyir».

Mehdi Hüseyn həmişə dərin hörmət, ehtiram bəslədiyi, şəxsiyyətinə, yaradıcılığına yüksək qiymət verdiyi, çətin vaxtlarda sinəsini irəli verib qoruduğu, müdafiə etdiyi qələm dostunun ayrı-ayrı əsərlərindən məhəbbətlə söz açdı. Onu Azərbaycanın ən çox oxunan, sevilən, geniş oxucu auditoriyası qazanan sənətkarlarından biri kimi səciyyələndirdi.

Sonra məruzəçi, professor Cəfər Xəndan öz müəllim yoldaşı, qonşusu Mir Cəlalı ustad yazıçı, böyük alim və mahir pedaqoq kimi dəyərləndirdi. Sözünə belə yekun vurdu: «Mir Cəlalın sənət cazibəsi böyükdür. O, ölməz sələfləri Mirzə Cəlil və Əbdürrəhim bəy Haqverdiyevin ən layiqli davamçısı olmaqla, müasirləri arasında hekayə ustası kimi şöhrət qazanmışdır. Mir Cəlal şəxsiyyət kimi də, insan kimi də sadəliyin və müdrikliyin timsalıdır.

İstər Mehdi Hüseynin, istərsə də Cəfər Xəndanın dedikləri hamının ürəyindən xəbər verirdi. Ona görə də zaldakılar onları nəfəs çəkmədən dinləyir, yeri gəldikcə hərarətlə alqışlayırdılar.

Səhnədə Azərbaycanın xalq şairi Süleyman Rüstəm göründü. O, gənclik xatirələrini yada saldı, Səməd Vurğun ilə Mir Cəlal dostluğundan danışdı və yubiley münasibətilə qələmə aldığı şerini oxudu. Sonda

 

Sadə ürəklərdə yandırıb çıraq,

Qazandın ellərin məhəbbətini.

Yaşa yüz il daha, unutma ancaq

Molla Nəsrəddinin vəsiyyətini. —

 

deyib, həmişə böyük rəğbət bəslədiyi, əsərlərini, yaradıcılığını təqdir etdiyi əziz dostu Mir Cəlalı alqış sədaları altında hərarətlə bağrına basdı. Bu, böyük ədibi necə də təsirləndirmişdi!

Mir Cəlal Azərbaycan Dövlət Universitetində dərs dediyi uzun illər ərzində minlərlə gəncə ustad dərsi vermiş, sənət aləminin sirlərini öyrətmişdi. Bu gənclərdən biri də istedadlı şairimiz Hüseyn Hüseynzadə (Hüseyn Arif) idi. O da öz ustadının yubiley təntənəsinə təbrik şeiri ilə gəlmişdi. Şeirin bəzi bəndləri indi də xatirimdədir:

 

Mən bağban olsaydım, əziz sənətkar,

Sənə öz bağımdan gül gətirərdim.

Loğman yaransaydım, şirin ömrünə

Neçə-neçə şirin il gətirərdim.

 

Hər kəsə bəllidir elmin, sənətin,

Bu əziz günündə kim sevinməyir?!

O mənə dərs deyən müəllimlərin

Çoxu bu gün sənə müəllim deyir.

 

Qüdrətim çatsaydı, gətirib bu dəm

Sənə bəxş edərdim bir göy çəməni.

Neynəyim, hədiyyəm kiçik şeirdir,

Əziz müəllimim bağışla məni.

 

Təbriklər, gül dəstələri bir-birini əvəz edirdi… Yubilyarın özünə söz verildi. O, tribunaya qalxdı. Səsində bir titrəyiş vardı. Mən onu heç vaxt belə həyəcanlı görməmişdim. Mir Cəlal müəllim üzünü salondakılara tutub:

— Əziz yoldaşlar, — dedi, — burada çıxış eləyən yazıçı dostlarıma da, sizə də ürəkdən təşəkkürlərimi yetirirəm. Sağ olun ki, məni sayıb yubileyimə gəlmisiniz. Açığını deyim, tərif bir az çox oldu. Məni utandırdınız. Çalışacağam ki, deyilənlərə layiq olum — həm yazıçı, həm pedaqoq kimi. Mən burada özümü həmişə ustad saydığım böyük Mirzə Cəlilin bu sözlərini yada salmaq istəyirəm. O deyirdi: «Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir. Bu ola gərək hər bir qələm sahibinin amalı».

Mənim də amalım həmişə xalqa xidmət olub. Hələ çox borcluyam xalqıma. Ömrümün qalan illərini də onun xoşbəxtliyi yolunda əsirgəməyəcəyəm. Bir daha hamınıza minnətdarlığımı bildirirəm. O ehtişamlı may axşamı Bakının bir vaxtlar əlçatmaz sandığımız ədəbi mühiti, mədəni həyatı ilə yenicə tanış olmağa başlayan tələbələrin yaddaşında silinməz izlər qoydu. İndinin özündə belə köhnə dostlar — o uzaq illərin tələbələri bir yerə yığışanda Bakıya gəldiyimiz ilk illəri, bizim üçün hadisəyə çevirən o möhtəşəm gecəni kövrək duyğularla anır, bir şəxsiyyət kimi yetişməyimizdə canını, qanını qoyan müəllimlərimizi hörmət və ehtiramla yad edirik. Bu sırada Mir Cəlal müəllimin ayrıca yeri, istək mərtəbəsi var. O öz adını hər birimizin qəlbinə nurlu hərflərlə nəqş edib. Unudulmaz müəllimimizin, gözəl sənətkarımızın işıqlı obrazı xəyallarımızdan gələcək illərə boylanır.Fikrimizdə isə hamımızın eyni vurğu ilə dilə gətirdiyimiz sözlər qanadlanır: «Ürəyinə ürək çatmazdı, bir işıq idi Mir Cəlal müəllim!»

 

* * *

 

Xalqımız öz sənətkar, alim oğlunun xatirəsini əziz tutur.

Böyük ədibin yaradıcılığı orta və ali məktəblərdə geniş tədris olunur, əsərləri təkrar-təkrar nəşr edilib, gələn nəsillərə çatdırılır.

Bakı — ürəkdən, candan sevdiyi doğma paytaxtımız qələm dostları Səməd Vurğun və Mehdi Hüseynlə birgə ona da qəlbində yer verib. İndi Bakının ən gözəl küçələrindən biri ölməz yazıçının adını daşıyır, qismət belə gətirib ki, mən bu küçənin sakini olmuşam. Hər dəfə evlərin divarlarına vurulmuş «Mir Cəlal küçəsi» lövhəsini görəndə qanadlanıram. Qəlbimdən bir səs qopur: «Salam, Mir Cəlal müəllim! Salam, ustad!»