Xalq qəzeti.-2008.-13 dekabr.-N 278.-S.3.

Heydər Əliyevin dövlətçilik və idarəçilik siyasəti beynəlxalq aləmdə örnəkdir

 

Hər bir azərbaycanlı ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin layiqincə yad edilməsini özünə vətəndaşlıq borcu sayır. Ümumiyyətlə, ulu öndər dünya azərbaycanlılarının, türk dünyasının əbədiyaşar lideridir. Dahi şəxsiyyətin cismən aramızda olmadığı məqamlarda da doğma Azərbaycanımız qarşısında indiyədək heç bir rəhbərin göstərmədiyi xidmətlər və fədakarlıqlar dərindən dərk edilir. Heydər Əliyev elə bir düha idi ki, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə siyasi rejimlərin mahiyyətindən asılı olmayaraq milli dövlətçiliyin inkişafı, Vətəninin, xalqının beynəlxalq aləmdə layiqincə təmsil olunması yolunda ömrünü şam kimi gilə-gilə əritdi. Bu çətin və şərəfli missiyanı ömrünün sonuna qədər davam etdirdi.

Əbədiyaşar liderimizin keçdiyi həyat yoluna diqqət yetirdikdə bir daha görürük ki, böyük qüdrət sahibi dövlətinə, xalqına, millətinə hədsiz məhəbbətlə bağlı olub. Onun ömrü nə şəxsi həyatına, nə də ailəsinə həsr olunub. O, milli maraqları və Vətənə xidməti hər şeydən üstün tutub. Məhz bu xüsusiyyətlərinə görə də ulu öndər Azərbaycan tarixində şəriksiz örnək nümunəsidir. Azərbaycana rəhbərlik etdiyi illər ərzində minilliklər boyu əldə edilməsi mümkün olmayan nailiyyətləri gerçəkləşdirməyi bacaran müdrik şəxsiyyət Heydər Əliyevə bütün bunları həyata keçirməkdə onun Vətənə, xalqa, torpağa hədsiz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı kömək etmişdir. Ümummilli lider Moskvada keçmiş SSRİ dövlətinin rəhbərlərindən biri kimi fəaliyyət göstərdiyi dövrdə də doğma Azərbaycanını və xalqını unutmamış, onun inkişafı və çiçəklənməsi, əhalisinin rifah halının daha da yüksəlməsi üçün çalışmışdır. 2003-cü ilin oktyabr ayında Heydər Əliyev Azərbaycan xalqına müraciətində də öz həyat fəlsəfəsini, fəaliyyət prinsiplərini, Vətəninə bağlılığını, millətini necə bir məhəbbətlə sevdiyini belə açıqlamışdır: Mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə, bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib. Ulu öndər xalqına, millətinə xidməti ən böyük xoşbəxtlik kimi qiymətləndirirdi.

1969-cu ilin 14 iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi Tanrının bu xalqa bəxş etdiyi ən böyük səadət oldu. Dövlətə və xalqa xidməti üçün daha geniş imkanlar yarandı. Onun uzaqgörənliyi, müdrikliyi və idarəetmədəki zəngin biliyi ölkənin bütün sahələr üzrə inkişafına zəmin yaratdı. İllər keçdikcə Azərbaycan ittifaq məkanında ən qabaqcıllar sırasına yüksəldi. Məhz Heydər Əliyevin gərgin zəhməti nəticəsində Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada güclü iqtisadiyyatın təməli qoyuldu. Ulu öndərin rəhbərliyi ilə yeridilən iqtisadi və sosial siyasət sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etdirilməsi, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi müvəffəq ola bilərdi. Bu illər ərzində Azərbaycan böyük bir tikinti meydanına, quruculuq məkanına çevrilmişdi. Kəndləri şəhərə çevirən böyük tarixi şəxsiyyət müasir tipli məktəblər, səhiyyə ocaqları, mədəniyyət evləri, ictimai-iaşə obyektləri inşa etdirdi, şəhərlərdə yeni fabrik və zavodların açılışını ənənə halına çevirdi. Respublika sənayesinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər ölkədə inqilabi dəyişikliklərə gətirib çıxardı. Azərbaycanın böyük sənaye potensialına malik olduğunu çox yaxşı bilən ulu öndərin bu sahəyə göstərdiyi xüsusi qayğının nəticəsində xalq təsərrüfatının bu sahəsinin inkişafında əsaslı dönüş yarandı. Sənayenin kompleks inkişafına çalışan Heydər Əliyev respublikada sənaye obyektlərinin sayını artırdı. Bəzi faktları diqqətə çatdırmaq istərdim. 1969-cu ildə sənaye obyektlərinin sayı 735 idisə, 1982-ci ildə bu göstərici 1048-ə çatdı. Bəli, doğrudan da, fantastik bir inkişaf idi. 14 il ərzində respublikada 300-dən artıq yeni sənaye obyektinin yaradılmasına nail olunmuşdu. Respublikanın keçmiş Sovet İttifaqı miqyasında daha yaxşı çiçəklənməsi və qüdrətlənməsi, qabaqcıllar cərgəsinə qoşulması ondan xəbər verirdi ki, xalq onun simasında əsl milli liderini tapmışdır. Onun bütün fəaliyyəti, xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Ölkədə bütün sahələr üzrə irəliyə doğru sıçrayış yarandı. Beləliklə, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikamızın hərtərəfli inkişafına nail oldu. Onun 14 illik fəaliyyəti ərzində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və təhsil, mədəniyyət və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanın keçmiş müttəfiq respublikalar sırasında ən öncül yerlərdən birini tutmasına gətirib çıxardı. Heydər Əliyev bu fəaliyyəti ilə tək həmin dövrün Azərbaycanı və vətəndaşları üçün deyil, eyni zamanda gələcək müstəqil Azərbaycan dövlətinin davamlı inkişafının bünövrəsini, yetişən gənc nəslin firavan həyatının təməlini qoydu.

1982-ci ildə Heydər Əliyev Azərbaycanın adını yeni zirvələrə qaldırdı. Onun bacarığı, siyasi dünyagörüşü, istedadı, idarəçilik məharəti ittifaq rəhbərliyinin diqqətindən yayınmadı və ümummilli liderimiz böyük bir dövlətin ən ali rəhbərliyində dördüncü şəxs oldu. Çünki SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsi siyasi iyerarxiyada baş katib, Ali Sovetin sədri və Nazirlər Sovetinin sədri postlarından sonra gəlirdi. Heydər Əliyevin belə məsul və böyük bir vəzifəyə təyin olunması Kremlə sancılan əzəmətli türk bayrağı kimi dəyərləndirilirdi. O, Siyasi Büronun üzvü kimi dövlətin daxili və xarici siyasətini müəyyənləşdirən əsas şəxslərdən biri idi. Bu mühüm vəzifəni icra edərkən də Vətəninə, xalqına əvvəlkindən də artıq bir məhəbbətlə xidmət etdi. Bütün fəaliyyəti boyu azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycanı təmsil etdiyimə görə özümü çox xoşbəxt sayıram sözlərini qürurla, fəxrlə səsləndirən böyük tarixi şəxsiyyət məhz milli mənsubiyyətinə görə ətrafındakıların, xüsusilə ittifaq rəhbərliyinin qısqanclığına səbəb oldu. Artıq SSRİ dövlətinin rəhbəri Heydər Əliyevin getdikcə artan nüfuzundan, türk dünyasının liderinin Kremlə rəhbərlik etməsinin bir addımlığında olmasından ciddi təşviş keçirirdi. Qorxuya düşmüş Kreml rəhbərliyi min hiylə və məkrlə Heydər Əliyevi SSRİ-nin rəhbərliyindən uzaqlaşdırmağa çalışmasını artıq ört-basdır edə bilmirdi. Ona görə də Heydər Əliyevin əleyhinə kampaniya başlandı. Lakin ümummilli lider elə böyük qüdrət və nüfuz sahibi idi ki, ona yönəldilmiş bütün təxribatlar yalnız pərdəarxası aparılırdı. Hətta SSRİ dövlətinin başçısının Heydər Əliyevlə aşkar mübarizə aparmağa cəsarəti çatmırdı. Ancaq o vaxt Kremldaxili intriqalar elə geniş və məkrli miqyas almışdı ki, ümummilli liderimiz istefa ərizəsi yazdı. Azərbaycan xalqına üz vermiş bütün faciələr, itkilər də məhz bundan sonra baş verdi. Ölkəmizə qarşı hansısa addımı atmağa cürəti çatmayan qüvvələr fəallaşdılar. Heydər Əliyevin istefasından sonra güclü dayağını və müdafiəçisini itirmiş Azərbaycan xalqının haqq səsini eşidən olmadı. Xalqın haqlı tələblərinə baxılmır, ermənilərin əli ilə mərkəzi televiziya və mətbuat səhifələrində Azərbaycanın ünvanına səsləndirilən təhqirlərin, böhtanların ardı-arası kəsilmirdi. Bu kampaniyaya başçılıq edən mərkəzi hakimiyyətin millətlərarası ədavəti qızışdırmaq cəhdi, ermənilərə münasibətdə tərəfkeşliyi getdikcə daha qabarıq şəkildə özünü büruzə verirdi. Digər tərəfdən həmin dövrdə respublikaya rəhbərlik edən şəxslərin kölə psixologiyası, prinsipsizliyi, qətiyyətsizliyi və öz vəzifələrini qoruyub saxlamaq naminə mərkəzin diktəsi ilə hərəkət etmələri Azərbaycanın getdikcə tənəzzülə uğramasına gətirib çıxarır, doğma torpaqlarımızın bir-birinin ardınca düşmənlərin əlinə keçməsinə şərait yaradırdı. Ölkədə baş vermiş böhran daha da dərinləşirdi. Ancaq Heydər Əliyevin tarixi missiyası bitməmişdi, əksinə, bu missiyanın ən şərəfli və ən məsuliyyətli mərhələsi başlayırdı. Azərbaycanın üzləşdiyi haqsızlıq, ədalətsizlik, qərəzlilik, ölkəmizin ittifaq rəhbərliyi tərəfindən təklənməsi xalqımızın Heydər Əliyevə olan ehtiyacını daha da artırırdı. Digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda mübarizənin, siyasi didişmənin qarşıdurmanın son həddə yetişməsi, qeyri-qanuni silahlı qruplaşmaların vətəndaş müharibəsi həddinə gəlib çatmaları Azərbaycanı parçalanıb məhv olmaq təhlükəsi ilə qarşılaşdırırdı.

80-ci illərin sonu, 90-cı illərin əvvəllərində yaranmış tarixi şərait Azərbaycanın qarşısında son dərəcə ağır və mürəkkəb tarixi vəzifələr qoyurdu. Xalqımız böyük bir imperiyanın çöküntüləri altında öz varlığını qoruyub saxlamalı, müstəqil dövlətini qurmalı, on illər boyu içərisində yaşadığı totalitar rejimdən demokratiyaya keçməli, dağılmış iqtisadiyyatını bərpa etməli, tarixi torpaqlarına edilən düşmən təcavüzünə qarşı durmalı, öz ərazi bütövlüyünü qoruyub saxlamalı idi. Həmin dövrdə Azərbaycanda sözün tam mənasında bir xaos, hərc-mərclik yaşandıqca ərazilərimiz düşmən təcavüzünə məruz qaldıqca, ölkə viran olub dağıldıqca insanların şüurunda, qəlbində xalqı arxasınca apara biləcək bir lider obrazı canlanırdı. Bu lider müdrik şəxsiyyət Heydər Əliyev idi. Heydər Əliyev nüfuzu qarşısında öz niyyət və planlarının puç ola biləcəyini dərk edən Azərbaycanın xarici düşmənləri və daxili bədxahları nəyin bahasına olursa-olsun onu öz ölkəsinin siyasi hakimiyyətinə qoymaq üçün xalqla onun arasında keçilməz sədd qurmağa çalışırdılar. Lakin özünün dühası, dönməz iradəsi və xalqına olan sonsuz sevgisi ilə Heydər Əliyev Moskvada da, Bakıda da qarşısını kəsən bütün sədləri qırdı. 1991-ci ilin əvvəllərində o, Azərbaycan parlamentinin deputatı kimi gərgin fəaliyyətə başladı. Çıxışlarının əsas məğzini Dağlıq Qarabağ probleminin həlli ilə bağlı rəsmi Bakının daha cəsarətli mövqe tutması, əhalinin müdafiəsinin təşkilini dövlətin öz üzərinə götürməsi idi. Yeni ittifaq müqaviləsinə qoşulmaq üçün keçirilən referenduma qarşı çıxan Heydər Əliyev həmin zaman Azərbaycanın perspektiv müstəqilliyinin yeganə tərəfdarı kimi çıxış edirdi.

Bakıda intriqalar, vəzifə davası iyrənc xarakter aldığı dövrdə Heydər Əliyev Naxçıvana qayıtdı. Ulu öndər Naxçıvan sakinlərinin uzunmüddətli mitinqlərindən və təkidli tələblərindən sonra muxtar respublikanın Ali Məclisinə rəhbərlik etməyə razılıq verdi. Məhz müdrik şəxsiyyətin cəsarəti və qətiyyəti sayəsində Naxçıvan Azərbaycanın müstəqillik mübarizəsinin ideya və real fəaliyyət mərkəzinə çevrildi. İlk dəfə Naxçıvanda dövlət artributları qəbul olundu, bayrağımız rəsmi formada dalğalandı, Sovet Sosialist sözlərindən imtina edildi, Sovet qoşunları ərazidən çıxarıldı, sərhəd məntəqələrində Azərbaycan bayrağı ucaldıldı. Bununla da Heydər Əliyev Azərbaycan məkanında əsl müstəqillik və layiqli dövlətçilik nümunəsi formalaşdırdı.

1993-cü ildə Azərbaycanda siyasi böhran dərinləşəndə respublikada hakimiyyətə tabe olmayan qüvvələr baş qaldırdı və ölkədə vətəndaş müharibəsi yetişəndə xalqın nəzərləri yenidən Heydər Əliyevə dikildi. Bu zaman ümummilli liderin siyasi hakimiyyətə qayıdışını yalnız xalq tələb etmirdi. Öz qətiyyətsizliyi, prinsipsizliyi, qorxaqlığı və ixtilafları ilə ölkəni uçurum qarşısında qoyan hakimiyyət rəhbərləri də yeganə nicat yolunu ulu öndərin qayıdışında görürdülər. Heydər Əliyev ömrünün qalan hissəni də xalqa, Vətənə, millətin tərəqqisinə həsr edərək hakimiyyətə qayıtdı və qurduğu dövlətin davamlı şəkildə dağıdılması prosesinin qarşısını aldı, xalqın ondan gözlədiyi qurtuluş missiyasını reallaşdırdı.

Heydər Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra qarşıda duran vəzifələri ümumiləşdirərək demişdir: Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəni müharibə şəraitindən çıxarmaq, vətəndaşların rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaq. Andiçmə mərasimindəki tarixi çıxışında dediklərinə diqqət yetirək: İşğal, qaçqınların vəziyyəti respublikanın ictimai-siyasi, mənəvi vəziyyətini gərginləşdirmişdir. Bizim ən əsas vəzifəmiz respublikanı müharibə vəziyyətindən çıxarmaq, işğal olunmuş torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı öz doğma yerlərinə qaytarmaqdır. Əmin ola bilərsiniz ki, mən bütün səylərimi səfərbər edib, Azərbaycan xalqının istədiyinə nail olacağam. Bu müdrik kəlamlar təsadüfən deyilməmişdi. Tarixi şəxsiyyət idarəetmədə zəngin biliyə, geniş təcrübəyə, siyasi uzaqgörənliyinə arxayın idi. Onun cəsarəti, qətiyyəti hamıya bəlli idi. Zaman keçdikcə biz uçurumun astanasında olan müstəqilliyimizin necə qorunub saxlanmasının və möhkəmləndirilməsinin şahidi olduq. Qısa vaxt ərzində dövlət quruculuğu sahəsində uğurlu işlər görüldü. Qarşıda duran mürəkkəb vəzifələrin həyata keçirilməsi, ordu quruculuğunu nizama salmaq, formalaşdırmaq üçün 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs barədə saziş imzalandı. Bu, çox böyük əhəmiyyət kəsb edirdi. Eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün stimul yaradıldı. Münaqişənin nizamlanmasında sülh yoluna, danışıqlar vasitəsinə üstünlük verən dövlət başçısı BMT, ATƏM, BMT Təhlükəsizlik Şurasının və böyük dövlətlərin imkanlarından səmərəli istifadə olunmasını vacib hesab edirdi. Bu sahədə beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verilməsi ilə yanaşı milli ordunun gücləndirilməsi, ölkəmizin müdafiə qüdrətini və hərbi potensialını daha da artırmaq prioritet vəzifələrdən biri kimi qarşıya qoyulmuşdu. Məhz bu məqsədlə 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində Azərbaycanda milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Qısa müddət ərzində vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edildi, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradıldı. Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ordu quruculuğunu daim diqqətdə saxlamış, bu sahəyə ayrılmış vəsaiti artırmış və nəticədə bu gün düşmən əsarətində olan torpaqlarımızı azad etməyə qadir olan qüdrətli milli ordu yaradılmışdır. Biz bu il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılması ilə əlaqədar Bakıda keçirilən hərbi parad zamanı bir daha bunun şahidi olduq. Təkcə biz yox, bütün dünya, o cümlədən mənfur qonşularımız da Azərbaycanın necə qüdrətli nizami orduya malik olduğunu gördü. Heydər Əliyevin ordu quruculuğu sahəsində təməlini qoyduğu uğurlu siyasət bu gün özünü bariz şəkildə göstərir. Artıq Ermənistan tərəfi bərk qorxuya düşərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqlarda iştirak etmək, beynəlxalq təşkilatlar, həmçinin bu işdə vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu həmsədrlərinin təklif etdiyi sənədləri imzalamaq məcburiyyətində qalıblar. Bu yaxınlarda Moskvada üç dövlətin Rusiya Federasiyası, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları birgə bəyannamə də dediklərimi təsdiqləyir. Beynəlxalq ekspertlərin rəylərində də bildirilir ki, Moskva Bəyannaməsi Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin nizamlanması istiqamətində dəfələrlə səsləndirdiyi fikirlərin bir növ müdafiəsi idi. Bildiyiniz kimi, dövlət başçımız həm xarici səfərləri, həm də ölkədə diplomatik korpusun nümayəndələri ilə keçirdiyi çoxsaylı görüşlərində birmənalı olaraq deyir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dövlət başçımız, həmçinin danışıqlarda yalnız iki dövlətin Azərbaycan və Ermənistan prezidentlərinin iştirakını tələb edirdi. Moskva Bəyannaməsi də əsasən bu təklifləri özündə təcəssüm edirdi. Ermənistan prezidentinin bu bəyannaməni imzalaması Azərbaycan diplomatiyasının uğurlarından xəbər verir. Bütün bunlar Azərbaycanın xarici siyasətinin ulu öndər Heydər Əliyev tərəfindən möhkəm təməllər üzərində qurulmasından xəbər verir. Böyük tarixi şəxsiyyət xüsusi olaraq qeyd edirdi ki, Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir. Bu isə ölkəmizin daha geniş miqyasda tanınmasına xidmət edir. Xarici siyasətimiz ilk növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Ulu öndər bu istiqamətdə əsas vəzifənin dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən ibarət olduğunu bildirirdi. Bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadədən yararlanmaq mümkün idi.

Dövlət quruculuğu məsələləri də dövlət başçısının diqqətdə saxladığı prioritet vəzifələrdən olub. Müstəqillik əldə etdikdən sonrakı dövrdə Azərbaycanda mövcud olmuş hakimiyyət qurumları keçmiş sovet strukturlarını kor-koranə təkrarlayırdı. İcra orqanlarında tam intizamsızlıq hökm sürürdü. Dövlət hakimiyyətinin bölünməsi prinsipi sözdə elan edilsə də, əslində onun qanuni-hüquqi əsası təsbit olunmamışdı. Belə bir şəraitdə müstəqil dövlətimizin özünəməxsus Konstitusiyasına zəruri ehtiyac yaranırdı. Qanunvericilik orqanına sovet dövründə seçilmiş deputatların böyük əksəriyyəti faktiki olaraq öz hüquq və azadlıqlarından məhrum olunmuşdular, məhkəmə hakimiyyətinin müstəqilliyi təmin olunmamışdı. Bu problemlərin aradan qaldırılması üçün yeni Konstitusiyanın yaradılmasına böyük ehtiyac duyulurdu. 1995-ci ildə Konstitusiya komissiyası yaradıldı və Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası dünya standartlarına uyğun şəkildə hazırlanıb qəbul olundu. Nüfuzlu beynəlxalq qurumlar, tanınmış hüquq ekspertləri Azərbaycan Konstitutusiyasının qəbul olunması ilə ölkəmizdə mülki dövlət və açıq cəmiyyət quruculuğu üçün möhkəm zəmin yaradıldığını təsdiq edirlər. Konstitusiyanın qəbulu ilə Azərbaycan hakimiyyət bölgüsünün qanuni-hüquqi əsasları bəyan olundu və bu işin həyata keçirilməsinə başlanıldı. Həmin gün həm də müstəqil Azərbaycanın parlamentinə çoxpartiyalılıq əsasında və tam demokratik şəraitdə keçirilmiş ilk seçkilər günü kimi tarixə düşdü. Bundan sonra müstəqil dövlətimizin məhkəmə hakimiyyətinin tam müstəqilliyi bərqərar olunmuş, onun ali instansiyası Konstitusiya Məhkəməsi təsis edilmiş və formalaşmışdır.

İdarəetmədə zəngin biliyi və təcrübəsi olan ümummilli lider Heydər Əliyev dövlət quruculuğu sahəsində islahatları davam etdirir, bu islahatların gələcək inkişafını təmin etmək üçün müasir dövrlə ayaqlaşa bilən, müstəqil dövlətimizin qarşıya qoyduğu vəzifələri həyata keçirə biləcək kadrların hazırlanmasını həlli vacib məsələlərdən biri hesab edirdi. Gələcəkdə qarşıya çıxa biləcək problemlərin həllində geniş dünyagörüşə, zəngin biliyə malik mütəxəssislərə böyük ehtiyac yaranmışdı. Ulu öndər deyirdi ki, idarəçilik təcrübəsi olmayan adam dövlətə rəhbərlik edə bilməz. O tövsiyə edirdi ki, dövlət idarəçiliyində beynəlxalq təcrübə ilə yanaşı, yerli xüsusiyyətlər də nəzərə alınmalıdır. Bütün bunları nəzərə alan ümummilli lider Heydər Əliyevin 3 yanvar 1999-cu il tarixli Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması haqqında fərmanı dövlətçiliyimizin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi işinə onun mühüm qayğısı idi. Ulu öndərin bu müdrik qərarı dövlət xidməti sisteminə istedadlı, bacarıqlı, zəkalı, əxlaqlı və mənəviyyatca təmiz olan gənclərin cəlb olunması, bunun üçün onlara yüksək səviyyəli müasir təhsilin verilməsi istəyindən irəli gələn bir addım idi. Bu Akademiyanın əsas vəzifəsi dövlət strukturlarını dövrün, zamanın tələbləri səviyyəsində idarə edə biləcək gənclərdən ibarət mütəxəssis kadrlar hazırlamaqdan, həmçinin mövcud kadrların, dövlət məmurlarının ixtisasının artırılmasından ibarətdir. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi nəinki yüksək peşəkarlıq və zəka, həmçinin, yüksək əxlaqi və mənəvi keyfiyyətləri, özünün vətənpərvərlik və Vətənə hədsiz sədaqəti ilə seçilən kadrlar hazırlanmasını və tərbiyə olunmasını tələb edir. Mən Dövlət İdarəçilik Akademiyasına rektor təyin edilərkən onunla olan söhbətim heç vaxt yadımdan çıxmaz. Heydər Əliyev dönə-dönə qeyd edirdi ki, bizə müstəqil Azərbaycan üçün müasir idarəçi, yeni tərzdə düşünən, yeni təfəkkürlü kadrlar lazımdır. Tapşırdı ki, bu sahədə beynəlxalq təcrübəni öyrənim. Mənə çox xoş gələn cəhət bir də o oldu ki, bu tapşırığı verərkən, həm də qeyd edirdi ki, Azərbaycanın yerli şəraitini, milli xüsusiyyətlərini də unutmayın. Bu, ümummilli liderimizin milli-mənəvi dəyərlərimizə nə qədər bağlı bir şəxsiyyət olduğunu göstərirdi. Bu, öz xalqına, millətinə, milli-mənəvi dəyərlərə bağlı bir şəxsiyyətin arzuları idi.

Biz, Dövlət İdarəçilik Akademiyasının rəhbərliyi, professor-müəllim kollektivi ulu öndərin qarşımızda qoyduğu məsul vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq. Biz daim çalışırıq ki, böyük tarixi şəxsiyyətin yaratdığı bu elm ocağının işi, fəaliyyəti bu dahi insanın adına layiq olsun. Akademiya, həmçinin milli ideologiyamıza xidmət etməklə, bu ideologiyanın formalaşdırılması, genişləndirilib inkişaf etdirilməsi və təbliği işində mühüm rol oynamaqdadır. Bu elm ocağında kadrlar milli ruhda, adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə sədaqət, hörmət ruhunda hazırlanırlar. Bu, bizim müstəqilliyimizin əbədiliyinin qorunması və milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsində çox şərəfli və vacib işdir. Ümummilli liderimiz milli ideologiya məsələlərindən söhbət açarkən xüsusi olaraq vurğulayırdı ki, Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapmışdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət-ənənələrimizdir. Bu, bizim milli-əxlaqi mentalitetimizdir, bu, bizim bütün başqa mənəvi dəyərlərimizdir. Biz bunların hamısı ilə fəxr etməliyik.

Biz belə dahi bir şəxsiyyətin itkisinə nə qədər çox kədərlənsək də, təskinliyimizi onunla tapırıq ki, ümummilli liderimizin əsasını qoyduğu siyasi kurs bu gün uğurla davam etdirilir. Heydər Əliyev siyasətinin nəticəsində yeni əsrə, yeni minilliyə müstəqil, güclü dövlət kimi qədəm qoyan və inamla irəliləyən Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edəcək, qüdrətlənəcək və beynəlxalq aləmdəki əlaqələrini getdikcə möhkəmləndirəcək. Çünki o, dünya şöhrətli bir xadimin siyasi məktəbinin yetirməsidir. Ulu öndərimizdən Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm qiymətini alan Prezident İlham Əliyev öz prezidentlik fəaliyyəti ilə xalqın da ümid yeri oldu. Arxada qalan beş il ərzində Azərbaycan bütün sahələr üzrə irəliyə doğru tanınmaz şəkildə dəyişdi. İnsanların həyat səviyyəsi xeyli yüksəldi, dövlət büdcəsi 10 dəfə artdı, milli ordumuz daha da qüdrətləndi. Əmək haqları, pensiyalar, sosial müavinətlər, təqaüdlər bir neçə dəfə artırıldı. Ulu öndərimiz tərəfindən əsası qoyulan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri xəyallardan həqiqətə çevrildi. İndi Azərbaycan öz təbii sərvətlərini heç bir ölkənin vasitəçiliyi olmadan sərbəst şəkildə Avropaya, oradan isə dünya bazarlarına tam çıxarır. Hazırda Azərbaycan dünyada iri layihələrin reallaşdırılmasında zəngin təcrübəyə malik bir ölkəyə çevrilib. Möhtərəm Prezidentimizin xarici siyasət sahəsindəki fəaliyyəti də təqdirəlayiq olmuşdur. Son beş il ərzində ölkəmizdə, həmçinin Azərbaycanın xarici dövlətlərdə çoxlu sayda diplomatik missiyaları fəaliyyətə başlamışdır. Bütün bunlar Azərbaycanda alternativi olmayan Heydər Əliyev siyasətinin məntiqi davamıdır. Məhz buna görə də 2008-ci il oktyabrın 15-də keçirilən azad və demokratik, şəffaf prezident seçkilərində xalq ruh yüksəkliyi ilə möhtərəm Prezidentimiz İlham Əliyevə səs verərək onu yenidən dövlətimizin başçısı seçdi və bununla da Heydər Əliyev siyasi kursuna bir daha sadiqliyini nümayiş etdirdi.

Bu gün müstəqil dövlətimizin dünya birliyində tanınmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da gərgin əməyi xüsusi qeyd olunmalıdır. Ölkəmizin elm, təhsil, mədəniyyət, səhiyyə və digər vacib sahələrinin inkişafında, dünyada daha geniş şəkildə təbliğ olunmasında, tanınmasında Heydər Əliyev Fondunun, xüsusən Fondun prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti xalq tərəfindən yüksək qiymətləndirilir. Bu belə də olmalıdır. Çünki Mehriban xanım Əliyeva da Heydər Əliyev siyasi məktəbindən dərs alıb.

Biz əminik ki, Heydər Əliyev siyasi kursu Azərbaycanda daim davam edəcək və dahi rəhbərimizin müəllifi olduğu milli inkişaf strategiyası müstəqil dövlətimizi dünyanın inkişaf etmiş qüdrətli dövlətləri ilə bir cərgəyə qaldıracaq. Nə qədər ki, müstəqil Azərbaycan dövləti mövcuddur, bu dövlətin memarı və qurucusu olan ümummilli liderimiz Heydər Əliyev də dünya azərbaycanlılarının qəlbində, tariximizdə və türk dünyasında əbədi yaşayacaqdır.

 

Seyfəddin QƏNDİLOV