Xalq qəzeti.-2008.-13 noyabr.-254.-S.3

 

Görkəmli ədib, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyi YUNESKO

səviyyəsində qeyd olunmuşdur

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva

mərasimdə iştirak etmişdir

 

Xəbər verdiyimiz kimi, noyabrın 10-da Parisdə, YUNESKO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdir.

 

YUNESKO səviyyəsində keçirilən yubiley mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.

XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətlər göstərən Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində qeyd olunması, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmin və dəyərin təzahürüdür. 2008-2009-cu illərdə YUNESKO-nun dünya miqyaslı hadisələrin və şəxsiyyətlərin yubileylərinin qeyd olunması ilə bağlı qərarına Mir Cəlal Paşayevin də adının daxil edilməsi, həm də Azərbaycan - YUNESKO əməkdaşlığının inkişafının bariz nümunəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri kimi bu sahədə geniş və səmərəli fəaliyyəti qurumla ölkəmiz arasında əlaqələrin inkişafına mühüm töhfə verir.

YUNESKO-nun iqamətgahına gələn Mehriban xanım Əliyevanı qurumun baş direktoru Koişiro Matsuura və digər rəsmi şəxsləri səmimiyyətlə qarşılamışlar.

Koişiro Matsuura və Mehriban xanım əvvəlcə Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən sərgi ilə tanış olmuşlar. Azərbaycanın görkəmli yazıçısı və aliminin müxtəlif illərdə çəkilmiş fotolarında onun zəngin həyat və fəaliyyətinin ən maraqlı məqamları əks olunmuşdur. Bu fotolarda görkəmli yazıçının dövrünün görkəmli ziyalıları ilə görüşlərini yaşadan məqamlar, ailə üzvləri ilə şirin xatirələr yaşanır. Sərgidə yazıçının həm Azərbaycanda, həm də xaricdə nəşr edilmiş əsərləri də təqdim olunmuşdu.

Görkəmli yazıçının əsərləri bir neçə nəslin tərbiyəsində, maariflənməsində və dünya baxışının formalaşmasında mühüm rol oynamışdır. Mir Cəlal Paşayev həm də alimliyi, müəllimliyi, ziyalılığı ilə Azərbaycanın fikir tarixində xüsusi yer tutur. Odur ki, bu böyük ziyalının yubileyinin YUNESKO səviyyəsində qeyd edilməsinin xüsusi mənası və özəlliyi var.

Yubiley mərasimini açan YUNESKO-nun baş direktoru Koişiro Matsuura demişdir ki, Azərbaycan xalqının böyük alimi və yazıçısı Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində qeyd edilməsi qurumun ənənələrinə uyğundur. Çünki YUNESKO ilə Azərbaycan arasında güclü əməkdaşlıq var və bu münasibətlər müxtəlif sahələri əhatə edir. Bu əməkdaşlığın qurulması və inkişafında Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Baş direktor bildirmişdir ki, Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO-da qeyd edilməsi də qurumla Azərbaycan arasındakı uğurlu əməkdaşlığın nümunəsidir.

Sonra çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xalqımızın zəngin mədəni dəyərləri olduğunu vurğulayaraq bildirmişdir ki, çox böyük ədəbi irsə malik olan Azərbaycan böyük alimlər, mütəfəkkirlər nəsli yetişdiribdir. Mir Cəlal Paşayevin ədəbi və elmi yaradıcılığının xarakterik xüsusiyyətlərindən danışan Mehriban xanım demişdir ki, onun əsərləri bütöv bir dövrün mənzərəsini yaradır. O, böyük pedaqoq kimi Azərbaycan cəmiyyəti üçün minlərlə açıq fikirli tələbə yetişdirmişdir

Mehriban Əliyeva başda YUNESKO rəhbərliyi olmaqla, yubiley mərasiminin keçirilməsində əməyi olan bütün insanlara təşəkkürünü bildirmişdir.

Sonra Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunmuşdur.