Xalq qəzeti.-2008.-4 iyul.-144.-S.5.


Azərbaycanda demokratiyanın təmin olunmasında dövlət siyasəti: I məqalə

 

Elşən NƏSİROV,

politoloq

Dövlət siyasətinin müəyyən edilməsi yolları

 

Bütün cəmiyyətlərdə insanların demokratik hüquqları dövlət siyasətinun həyata keçirilməsi ilə təmin edilir. Dövlət siyasətini xalqın yaratdığı hakimiyyət reallaşdırır. Hakimiyyətin strukturları ( icraedici, qanunverici və məhkəmə) hüquq normalarını yaratmaq, icra etmək və qorumaqla vətəndaşların təbii hüquq və azadlıqlarını təmin edirlər. Azərbaycanda demokratiyanın formalaşması və inkişafı naminə dövlət siyasəti aşağıdakı qaydada müəyyən edilir:

Dövlət və ictimaiyyətin təklifi əsasında müvafiq qurumların iştirakı ilə birlikdə ayrı-ayrı sahələrə aid qanun layihələri hazırlanır;

hazırlanmış layihələr qanunverici orqanda müzakirə edilərək qəbul edilir;

qəbul edilmiş qanun layihələri prezident tərəfindən təsdiq edilir;

qanunun konstitusiyaya uyğunluğu yoxlanılır;

təsdiq olunmuş qanun qüvvəyə minir və ictimaiyyətə açıqlanmaq üçün mətbuatda dərc olunur;

yeni qanunun qəbul edilməsi ilə bəzi qanunlar və qanun qüvvəli aktlar qüvvədən düşmüş hesab edilir, əlaqəli sahələri əhatə edən qanunlarda isə dəyişiklik edilir;

dövlət qanunu icra olunmaq məqsədilə icra strukturlarına (Nazirlər Kabineti, digər nazirliklər, komitələr, şirkətlər, səhmdar cəmiyyətlər) göndərilir;

prezident konstitusiyaya və qanunlara zidd olmayan qərarlar (fərman və sərəncamlar) qəbul edir;

həmin qərarlar icra olunmaq üçün icra strukturlarına göndərilir;

Nazirlər Kabineti baş icra orqanı olaraq, qanunlara, prezidentin qərarlarına zidd olmayan qərarlar qəbul edir və icra strukturlarına göndərir;

müvafiq nazirliklər, komitələr, şirkətlər, səhmdar cəmiyyətlər qanunlara, prezidentin qərarlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olmayan qərarlar qəbul edir və tabeli müəssisələrə göndərirlər;

məhkəmələr müvafiq qanunvericilik sisteminə uyğun olaraq hökmlər çıxarır, qərarlar qəbul edirlər;

məhkəmə hökmləri və qərarları icra olunmaq üçün məhkəmə icraçılarına göndərilir.

Ümumiyyətlə, dövlətin qanunvericilik sistemi dövlətçiliyin yaşamasını və inkişafını zəruri edir, cəmiyyətdə vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin təbii hüquq və azadlıqlarını təmin edir.

Dövlət siyasəti dövlət hakimiyyəti tərəfindən cəmiyyətin bütün sahələrini əhatə edən hüquq normalarının yaradılması, icrası və qorunmasını həyata keçirən və cəmiyyətin subyektləri arasındakı münasibətləri tənzimləyən müəyyən aktlar prosesidir. Dövlət siyasətinin müəyyən olunmasında həmçinin, ictimaiyyət geniş iştirak edir. Çünki həmin siyasət ictimaiyyətə, vətəndaşlara, bütövlükdə cəmiyyətə xidmət məqsədilə həyata keçirilir. Dövlət siyasətində siyasi nöqteyi-nəzərdən yanaşdıqda, hakimiyyətdə təmsil olunan iqtidar, müxalifət və heç bir siyasi qurumu təmsil etməyən bitərəf mövqeli şəxslər iştirak edirlər. İqtidar və bitərəf mövqeli şəxslərlə yanaşı, müxalifət partiyaları da qanunverici orqanda təmsil olunurlar, müxalif yönümlü şəxslər dövlət məmuru kimi fəaliyyət göstərirlər, qeyri-hökumət təşkilatlarında və mətbuat qurumlarında çalışırlar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanda dövlət siyasəti özünün formalaşma mərhələsindədir. İnsanların təbii hüquq və azadlıqlarını təmin edən dövlət hakimiyyətinin strukturları tədricən təkmilləşir.

Azərbaycanda dövlət siyasəti cəmiyyətdə demokratiyanın yüksək səviyyədə təmin edilməsinə istiqamətlənmişdir. Bu məqsədlə dövlət siyasəti aşağıdakı ümumi məsələləri həll etməyi qarşısına məqsəd qoymuşdur:

İnsanların təbii hüquq və azadlıqlarını müasir tələblərə cavab verən səviyyədə təmin etmək məqsədilə hüquq normalarının yaradılması;

mövcud hüquq normalarının tam icrası naminə icra strukturlarının, bölmələrinin yaradılması, həmin qurumların işinin təkmilləşdirilməsi;

hüquq normalarının düzgün və ədalətli olaraq icra olunmasını, pozulmuş hüquqların bərpasını təmin etmək məqsədilə məhkəmələrin funksiyasının şəffaflaşdırılması, yeni məhkəmə qurumlarının təşkil edilməsi, kadr potensialının gücləndirilməsi.

Bununla yanaşı, Azərbaycanda mövcud dövlət siyasəti cəmiyyətdə demokratiyanın inkişafı naminə konkret sahələr üzrə aşağıdakı məsələlərin həllini qarşısına məqsəd qoymuşdur:

 

İqtisadi sahədə

İnsanların maddi-sosial tələbatını ödəmək üçün iqtisadi sahələrin genişləndirilməsi;

ümumi iqtisadiyyatın inkişafı naminə daxili tələbatı ödəyə biləcək və ölkəyə valyuta gətirmə istiqamətində məhsulları xarici ölkələrə ixrac olunan dünya standartlarına müvafiq ağır sənaye müəssisələrinin yaradılması;

həm daxili tələbatı ödəyəcək, həm də xaricə ixrac oluna bilən məhsul istehsal edən yeni yüngül sənaye sahələrinin yaradılması;

xarici ölkələrlə iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi;

milli sənaye sahələrinin yaradılması;

strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalını gücləndirmək;

kənd təsərrüfatına subsidiyaların verilməsi;

ölkə iqtisadiyyatına sərmayələrin daha çox cəlb edilməsi, dünya miqyaslı şirkətlərin ölkə iqtisadiyyatına cəlb edilməsi;

yerli sahibkarlara güzəştlərin verilməsi;

turizm sahələrinin inkişafı;

iqtisadiyyatın ümumi inkişafına təkan verən müasir infrastruktur sahələrinin yaradılması, nəqliyyat sektorunun inkişafı;

enerji sahələrinin inkişaf etdirilməsi;

iqtisadiyyatın ümumi inkişafı nəticəsində dövlət büdcəsinin və digər valyuta ehtiyatlarının artırılması.

Sosial sahədə

İşsizliyin aradan qaldırılması naminə yeni iş yerlərinin yaradılması;

maddi və sosial tələbatı yüksək səviyyədə ödəyəcək əmək haqqının müəyyən olunması;

sosial müavinətlərin maddi tələbatı ödəyə biləcək səviyyəyə yüksəldilməsi;

insanların mənzil şəraitlərinin yaxşılaşdırılması, mənzillərlə təmin edilməsi;

ailə hüququnun möhkəmləndirilməsi, gənc ailələrə müəyyən güzəştlərin edilməsi;

insanların sağlamlıqlarının təminatı istiqamətində müasir səhiyyə ocaqlarının yaradılması və

lazımi avadanlıqla təchiz edilməsi, pulsuz müalicə ilə təmin edilməsi;

insanların istirahət şəraitinin təşkil edilməsi;

insanların əmək qabiliyyətinin bərpa edilməsi üçün lazımi şəraitə malik bərpa mərkəzlərinin yaradılması.

 

Elm və təhsil sahəsində

Elm və təhsil sahəsində dövlət siyasəti əsaslı islahatların həyata keçirilməsinə yönəlmişdir. Təhsil siyasətinə nəzarət dövlətin əlindədir. Təhsil islahatlarının aparılmasında başlıca məqsəd cəmiyyətin maariflənməsinə, elmi-texniki nailiyyətlərə yiyələnməkdir. Etiraf etmək lazımdır ki, demokratiyanın qayda və prinsipləri yalnız yüksək səviyyədə maariflənmiş cəmiyyətlərdə daha münasib olaraq tətbiq edilir. Elmin inkişafı demokratiyanı yaradan hüquq normalarının inkişafı deməkdir. Cəmiyyətin ayrı-ayrı sahələrinə aid yüksək səviyyədə hüquq normalarının yaradılması üçün elmi baza və kadr potensialı tələb olunur. Azərbaycanda təhsil və elm sahəsində həyata keçirilən dövlət siyasətinin əsaslarını aşağıdakı şəkildə qeyd etmək olar:

İbtidai və orta təhsilin pulsuz və icbari olaraq təmin edilməsi;

orta, orta ixtisas və ali məktəblərdə dünya standartlarına cavab verən tədris proqramlarının tətbiqi;

tədris müəssisələrində tədris proseslərini tənzimləmək, təhsilin keyfiyyətini yüksəltmək üçün hüquqi-normativ bazanın yaradılması;

tədris müəssisələrinin iş şəraitlərinin yaxşılaşdırılması, yeni orta və ali məktəblərin tikilməsi və lazımi avadanlıq və tədris vəsaitləri ilə təchiz edilməsi;

elm və təhsil sahəsində çalışan şəxslərin əmək haqlarının yüksəldilməsi;

ali məktəblərə qəbul imtahanlarının təkmilləşdirilməsi, bilikli və bacarıqlı tələbələrin seçilməsi;

dünya standartlarına cavab verən ixtisasların tədris edilməsi;

hərbi və hüquq-mühafizə sahəsində yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə həmin sahələri

əhatə edən tədris müəssisələrinin yaradılması;

yeni elmi kəşflərin edilməsi, dövlətin elmi potensialının artırılması məqsədilə bilikli və bacarıqlı mütəxəssislərin elmə cəlb edilməsi;

ölkəyə müasir tələblərə cavab verən kadrların hazırlanması istiqamətində tələbələrin xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi;

ödənişsiz ali təhsilin təmin edilməsi;

tələbələrin təqaüdlərinin artırılması;

ödənişli əsaslarla təhsil alan və maddi-sosial vəziyyəti aşağı olan qaçqın və məcburi köçkün tələbələrin təhsil ödənişindən azad edilməsi.

 

İctimai və siyasi sabitliyin, təhlükəsizliyin qorunması sahəsində

İnsan hüquqları və azadlıqlarının təmin edilməsi cəmiyyətdə mövcud olan ictimai və siyasi sabitliklə sıx bağlıdır. Azərbaycanda 1990-cı illərin ortalarından əldə olunmuş ictimai-siyasi sabitlik hazırda yüksək səviyyədə qorunur. Bu istiqamətədə dövlət siyasəti həyata keçirilir. Dövlət ictimai-siyasi sabitliyi təmin etməklə demokratiyanın norma və qaydalarının yaradılması və tətbiqini də təmin edir. Ölkə vətəndaşlarının təhlükəsizliyinin qorunması, terror hadisələrinin, cinayətkarlığın, müharibələrin qarşısının alınması dövlətin başlıca prioritet siyasətidir. Yalnız təhlükəsiz və ictimai-siyasi sabitliyin hökm sürdüyü cəmiyyətdə yaşayan vətəndaşların hüquq və azadlıqlarını təmin etmək mümkündür. Qeyd edilən sahədə həyata keçirilən mövcud dövlət siyasətinin istiqamətlərini aşağıdakı kimi göstərmək olar:

İnsan hüquqlarının və azadlıqlarının qorunması sahəsində münasib normativ aktların qəbul edilməsi;

hüquq-mühafizə sahəsində qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi;

hüquq-mühafizə orqanlarının işinin səmərəliləşdiriləsi;

bu orqanlarda çalışan şəxslərin əmək haqlarının yüksəldilməsi, mükafatların verilməsi, ev şəraitinin yaxşılaşdırılması;

hüquq-mühafizə orqanlarının lazımi avadanlıqla təchiz edilməsi;

bu sahədə çalışan şəxslərin insan hüquq və azadlıqları istiqamətində maarifləndirmə işinin mütəmadi olaraq aparılması;

yüksək ixtisaslı kadrların hazırlanması, bu məqsədlə tədris müəssisələrinin təşkil edilməsi;

xüsusi xidmət orqanlarının işinin səmərəli şəkildə qurulması, operativliyin təmin edilməsi;

dövlətin hərbi gücünün artırılması, bu məqsədlə hərbi büdcənin ilbəil çoxaldılması ;

ordunun müasir silahlarla və hərbi texnika ilə təchiz edilməsi;

ordu sahəsində güclü kadrların hazırlanması;

dövləti müharibələrdən çəkindirən, müvafiq beynəlxalq hüquq normalarına uyğun xarici siyasətin həyata keçirilməsi.

(ardı var)