“Xalq qəzeti”.-2008.-12 noyabr.-¹253.-S.6

 

Milli Konstitusiyamız ölkəmizin inkişafının əsas mənbəyidir

 

Artıq 13 ildir ki, Azərbaycanda noyabrın 12-si demokratik dünyəvi dövlət quruculuğunun təməl günü kimi təntənə ilə qeyd edilir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Respublikasının dövlətçilik və hüquq tarixinin ən parlaq səhifələrindən biridir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Əsas Qanunumuz dünyanın ən mükəmməl konstitusiyalarından biridir. İlk milli Konstitusiyamız dövlətçiliyimizin tarixində yeni mərhələ açmış, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafı təmin edən islahatların dərinləşməsinə, hakimiyyət bölgüsü prinsipini, insan hüquq və azadlıqlarının üstünlüyünü təsbit edərək Azərbaycanın çox qısa zaman kəsiyində bölgənin lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevrilməsinə imkan yaratmışdır. Bu mənada Konstitusiyamız ölkəmizin inkişafının əsas mənbəyidir.

 

Konstitusiyanın cəmiyyətdəki əhəmiyyəti onun daşıdığı funksiyalar vasitəsilə reallaşır. Azərbaycan Respublikasının Konstitusiyası da hüquqi, siyasi, ideoloji, sosial-iqtisadi və sair mühüm funksiyaları yerinə yetirməklə cəmiyyətin və dövlətin həyatında, ölkənin siyasi, hüquq və iqtisadi-sosial sistemində əvəzedilməz rola malikdir.

Ötən on üç illik tarixə nəzər salarkən əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Konstitusiyası ölkə ərazisində birbaşa ali hüquqi qüvvəyə malik olan, həyatımızın bütün sahələrinə nüfuz edən canlı bir sənəddir. Konstitusiyamızın fəaliyyətdə olduğu dövrdə həyata keçirilən irimiqyaslı islahatların uğurlu nəticələri buna əyani sübutdur.

Konstitusiya qəbul ediləndən sonra ölkəmizdə birbaşa xalq tərəfindən seçilən qanunverici orqan formalaşmış; dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmış; beynəlxalq təcrübə və tövsiyələr nəzərə alınmaqla məhkəmə-hüquq islahatları həyata keçirilmiş; bir sıra yeni institutlar - Konstitusiya Məhkəməsi, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman), yerli özünüidarəetmə orqanları olan bələdiyyələr yaradılmış və fəaliyyətə başlamış; xüsusi mülkiyyət institutunun inkişafı və ümumiyyətlə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı mükəmməl təminat sistemi formalaşmışdır. Ölkədə bir neçə mərhələdə aparılmış özəlləşdirmə prosesi mülkiyyət münasibətləri subyektlərinin dairəsini xeyli genişləndirmiş, xüsusi mülkiyyətin həcmini əhəmiyyətli dərəcədə artırmışdır. Bütün bunlar Azərbaycan Respublikası Konstitusiyasının 15-ci və 59-cu maddələrinin təminat verdiyi hüquqlar sayəsində mümkün olmuşdur.

Konstitusiyanın qəbulundan sonra Azərbaycanda aparılmış qanunvericilik islahatı nəticəsində hüquq sisteminin müxtəlif sahələrini tənzimləyən geniş normativ baza formalaşmışdır. Ölkəmiz artıq onun qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan 200-dən artıq beynəlxalq müqaviləyə tərəfdar çıxmışdır və xüsusilə diqqətəlayiq haldır ki, bu sənədlərin böyük əksəriyyəti birbaşa və ya dolayısı ilə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlıdır.

Müasir dövrdə dövlətlərin demokratiklik və hüquqi dövlət əmsalı siyasi hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə yanaşı, həm də sosial-iqtisadi inkişaf göstəriciləri ilə müəyyən edilir. Xalqdan mandat almış hakimiyyət əməli fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatlar kursu həyata keçirməyə çalışır. Bu prinsip son beş ildə Azərbaycanda da həyata keçirilən çoxşaxəli siyasətin başlıca meyarına çevrilmiş, elmi əsaslar üzərində gerçəkləşdirilən sosial-iqtisadi strategiyanın əsasında insana, vətəndaşa həssas münasibət amili dayanmışdır.

Sosialyönümlü mahiyyət daşıyan bu strategiya ölkənin iqtisadi inkişaf prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və dinamik tərəqqisinin sürətləndirilməsi, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məqamları özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması və milli iqtisadiyyatın müxtəlif sferalarına yatırılan sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına yönəldilməsi, sahibkarlıq fəaliyyətinə mane olan süni əngəllərin aradan qaldırılması iqtisadi siyasətin prioritet istiqamətləri olmuşdur. Bunun nəticəsində müstəqil Azərbaycan qısa müddətdə iqtisadiyyatı sürətlə inkişaf edən ölkəyə çevrilmiş, ümumi daxili məhsul istehsalı həcminin artımına görə bir neçə ildir ki, liderlik mövqeyini qoruyub saxlamışdır. Sosial-iqtisadi yüksəliş, ilk növbədə, vətəndaşların Konstitusiya ilə qorunan rifah halının yaxşılaşmasında mühüm rol oynayır.

Gələn ilin fevralında qüvvəyə minməsinin beş ili tamam olacaq regionların sosial-iqtisadi inkişafı dövlət proqramında nəzərdə tutulan tədbirlərin böyük əksəriyyəti vaxtından əvvəl yerinə yetirilmiş, bölgələrin inkişafına dair bir sıra yeni qərarlar qəbul olunmuşdur. Son beş ildə ölkənin sosial-iqtisadi yüksəlişini statistik rəqəmlər daha aydın əks etdirir.

2003 - 2008-ci illərdə respublikanın əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul (ÜDM) 2,7 dəfə artmışdır. ÜDM-in adambaşına düşən həcmi isə 4300 ABŞ dolları səviyyəsinə çatmışdır. İqtisadiyyatın inkişafı neft sektoru ilə bərabər, qeyri-neft sahələrinin də sürətli artımı hesabına baş vermişdir. Bu isə iqtisadiyyatın şaxələndirilməsinə dair Konstitusiya müddəası ilə bağlı dövlətin gördüyü məqsədyönlü tədbirlərin düzgünlüyünü təsdiq edir. Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində son beş ildə 2,7 dəfə artım olmuşdur. Ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından ən mühüm sahə olan aqrar sektorda artım sürəti ötən ilin doqquz ayı ilə müqayisədə 8,3 faiz təşkil etmişdir. Bunu, ilk növbədə, son vaxtlar aqrar sahədə istehsalın stimullaşdırılmasına yönəldilən kompleks tədbirlərin nəticəsi kimi qiymətləndirmək olar.

Bütün bunlar sübut edir ki, dövlət vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş hüquq və maraqlarının həyata keçirilməsinə, ölkənin iqtisadi inkişafının təmin olunmasına hər cür yardım göstərmişdir. Buradan irəli gələn nəticə ondan ibarətdir ki, Azərbaycan Respublikasının Konstitusiyası həyatın iqtisadi və sosial-siyasi sahələrini tam əhatə edir.

Konstitusiyanın 16-cı maddəsində deyilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Təbii ki, bu müddəadan irəli gələn vəzifələri yerinə yetirmək üçün dövlətin kifayət qədər maliyyə ehtiyatları olmalıdır. Azərbaycanda həyata keçirilən islahatlar ölkəmizin maliyyə mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. Dövlətin ümumi valyuta ehtiyatları cari ilin əvvəli ilə müqayisədə 80 faizdən çox artaraq 17 milyard ABŞ dollarına çatmışdır. Dövlət Neft Fondunda toplanan vəsaitlərin hazırda 12 milyard dollar təşkil etməsi də uğurlu neft diplomatiyasının nəticəsidir. Maliyyə imkanlarının artması investisiya siyasətinin həyata keçirilməsinə müsbət təsir göstərmişdir. 2008-ci ilin doqquz ayında bütün mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 38 faiz artmışdır. Son beş ildə isə Azərbaycan iqtisadiyyatına 44 milyard dollar investisiya qoyulmuşdur. Bu müddətdə sənayenin qeyri-neft sahələrində yüksək inkişafa nail olunmuşdur. Bu, Konstitusiyada qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi vəzifəsinin uğurla yerinə yetirilməsi sayəsində mümkün olmuşdur.

Əsas Qanunumuzun 15-ci maddəsinin 2-ci bəndində deyilir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Bu vəzifənin yerinə yetirilməsi elmi əsaslara söykəndiyindən, bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətimizdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşlarımızın maraqları ilə qətiyyən ziddiyyət təşkil etmir. Əksinə, ölkənin iqtisadi inkişafından, yeni neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Ötən beş ildə minimum əməkhaqqının 5,4 manatdan mərhələlərlə 70 manata çatdırılması, yoxsulluq səviyyəsinin 49 faizdən 15,7 faizə düşməsi deyilənləri bir daha təsdiqləyir.

Son bir neçə ayda minimum əməkhaqqının, büdcə təşkilatlarında çalışan işçilərin məvaciblərinin, sosial pensiya və müavinətlərin artırılması dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. İqtisadiyyatın liberallaşdırılması bazar iqtisadiyyatı prinsiplərinə mütərəqqi yeniliklər gətirmişdir.

Müstəqil respublikamızda qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının müxtəlif sahələrində sosial rifaha, iqtisadi azadlığa və səmərəli təşəbbüskarlığa yönələn, hər bir vətəndaşın taleyində əsaslı dəyişikliklərlə müşayiət olunan, demokratik islahatların dərinləşdirilməsi yolu ilə insan amilinin inkişafına xidmət edən liberal islahatları dinamizmlə gerçəkləşdirmək imkanı yaradır. Vətəndaşların yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan müsbət dəyişikliklər, hər bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin - milli sahibkarlar ordusunun mövqelərinin ildən-ilə möhkəmlənməsi ümumbəşəri səciyyə daşıyan demokratik-hüquqi idealların ictimai şüurda adekvat dərkinə, qanunçuluğun, hüquq qaydalarının, insan hüquq və azadlıqlarının təminatına yaxşı imkanlar açır.

Tarixi inkişafının yeni mərhələsini yaşayan Azərbaycan cəmiyyəti aşkarlıq və şəffaflıq tələb edən vətəndaş cəmiyyətinə transformasiya olunur. Bu isə, öz növbəsində, müasir dövlət quruculuğu və effektli dövlət idarəçiliyi yaradılması prosesində bir sıra demokratik məzmunlu dəyişikliklərin aparılmasını tələb edir. Demokratik, hüquqi dövlət quruculuğunun konkret zamanla məhdudlaşmayan, strateji əhəmiyyət daşıyan, daimi fəallıq və zəhmət tələb edən, sonu olmayan proses olduğunu da xüsusi vurğulamağa ehtiyac yoxdur.

Demokratik dəyərlərə transformasiyanın fundamental şərti azadlıqdır - insanın tam azadlığı isə təkcə qanunun və hüquq qaydalarının deyil, həm də iqtisadi müstəqilliyin hökm sürdüyü cəmiyyətlərdə mümkün ola bilər. Demokratik proseslərin ardıcıl şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə davamlı və yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, insan hüquqlarının təminatı sahəsində mühüm irəliləyişlərə nail olması mümkün deyildir. Məhz bu baxımdan iqtisadi inkişaf və demokratikləşmə Azərbaycanın davamlı yüksəlişinin mühüm şərti, vacib amili kimi nəzərdən keçirilir.

Demokratikləşmə prosesinin sürətləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının inkişafı, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı mükəmməl mexanizmlərin formalaşdırılması müasir müstəqil Azərbaycan dövlətinin davamlı iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən biridir. İctimai-siyasi həyatın bütün sahələri üzrə dövlətin hüquqi bazasının möhkəm təməllər üzərində qurulması, ictimai ədalət prinsiplərinə ciddi şəkildə riayət olunması dövlətimizdə sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca amilləridir.

Son illərdə respublikamızda cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Bu istiqamətdə həyata keçirilən islahatlar, tətbiq olunan mütərəqqi yeniliklər zamanın tələbi ilə səsləşmiş, cəmiyyətin inkişaf ahənginə adekvat olmuş, ən başlıcası, insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələlərini özündə maksimum səviyyədə ehtiva etmişdir. Ötən müddətdə respublikamızda uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının əsasında insanpərvərlik, humanizm, şəxsiyyətə hörmət, vətəndaşa həssas münasibət kimi ali dəyərlər dayanmışdır.

Ölkədə davamlı şəkildə həyata keçirilən islahatların mühüm bir istiqaməti də məhz məhkəmə hakimiyyətinin fəaliyyətinin müasirləşdirilməsi və yeni dövrün tələblərinə uyğunlaşdırılması olmuşdur. Bu məqsədlə hələ 2004-cü ilin dekabrında “Məhkəmə-Hüquq Şurası haqqında” yeni Qanun qəbul olunmuş, “Məhkəmələr və hakimlər haqqında” Qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir.

“Konstitusiya Məhkəməsi haqqında” Qanuna əlavə və dəyişikliklər haqqında" 2003-cü il 23 dekabr tarixli Qanuna əsasən isə vətəndaşların pozulmuş hüquq və azadlıqlarının bərpası ilə bağlı birbaşa Konstitusiya Məhkəməsinə müraciət etməsi hüququnun həyata keçirilməsi mexanizmləri müəyyən edilmişdir.

Həmçinin demokratik və iqtisadi inkişaf proseslərini buxovlayan korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilmiş, bu istiqamətdə bir sıra mühüm qanunlar qəbul olunmuşdur. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda korrupsiya ilə mübarizə üzrə dövlətin strateji kursunun əsasları, habelə bu qəbildən cinayətlərin mahiyyəti və onlarla mübarizənin hüquqi əsasları müəyyən olunmuşdur. Həmin qanunun qəbulu korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə ciddi təkan vermiş, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsinə, qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə olunmasına, iqtisadi inkişafın sürətləndirilməsinə, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə əsaslı zəmin yaratmışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması da məhz korrupsiya və digər mənfi halların aradan qaldırılmasına xidmət edən mühüm addım olmuşdur. Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirən Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın formalaşdırılması da ciddi islahatlardan biri kimi vurğulanmalıdır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna müvafiq olaraq “Korrupsiyaya qarşı mübarizə üzrə (2004-2006-cı illər) Dövlət Proqramı” hazırlanmış və icra edilmişdir.

Korrupsiyaya qarşı səmərəli mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi önə çəkilərək 2004-cü il oktyabrın 28-də Azərbaycan Respublikası baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi təsdiq olunmuşdur. Qısa müddətdə formalaşaraq fəaliyyətə başlayan bu qurum ötən müddətdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi nəticələr əldə etmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi korrupsiya ilə bağlı cinayətlərin aşkarlanmasında, istintaqının aparılması, qarşısının alınması, nəticələrinin aradan qaldırılmasında, habelə vəzifəli şəxslərin fəaliyyətində qanuniliyin, şəffaflığın və səmərəliliyin təmin edilməsində bu gün də mühüm rol oynayır.

Məhkəmə sisteminin müasirləşdirilməsi işi də davamlı proses kimi diqqətdə saxlanılmış, bu istiqamətdə mühüm addımlar atılmışdır. Bölgələrdə yeni apelyasiya və iqtisad məhkəmələri yaradılmışdır. Bu, iqtisadi münasibətlərdə yaranmış bir sıra problemlərin operativ həllinə imkan vermişdir. Ğ

Dövlət idarəetmə orqanlarında şəffaflığın təmin edilməsi həm insan hüquq və azadlıqlarının müdafiəsi, həm demokratikləşmə prosesinin, həm də iqtisadi inkişafın sürətləndirilməsi baxımından son dərəcə vacibdir. “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” 2007-ci il 28 iyul tarixli Fərman respublikamızda şəffaflığın təmin olunmasını və korrupsiyaya qarşı mübarizə tədbirlərinin ardıcıl xarakter daşıdığını təsdiqləyir. Belə bir mühüm sənədin imzalanmasının başlıca məqsədi korrupsiya sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsini, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsini, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsidir. Strategiya Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə edilmiş nailiyyətləri möhkəmləndirməyə, eləcə də dövlət orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulmasına xidmət edir.

Göründüyü kimi, ötən 13 ildə Azərbaycan Konstitusiyası milli dövlətimizə, ölkədə ildən-ilə dərinləşən islahatlara, dinamik iqtisadi inkişafa və xalqın tərəqqisinə xidmət etmişdir.

 

Müsəddiq MƏMMƏDOV,

Azərbaycan Respublikası Konstitusiya  Məhkəməsinin

insan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri