İki sahil.-2008.-12 noyabr.-214.-S.3

 

MÜSTƏQİL DÖVLƏTİMİZİN İLK KONSTİTUSİYASI

 

Keçmiş Sovetlər birliyi süqut etdikdən sonra xalqımız, digər MDB ölkələrinin xalqları kimi, öz milli müqəddəratını sərbəst təyin etmək, milli dövlət quruculuğunu yaradıb, hüquqi, demokratik cəmiyyət yaratmaq imkanı əldə etmiş oldu.

Dövlətin əsaslarını, əsas insan və vətəndaş hüquqlarını, vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu, mülkiyyət formalarını və dövlət həyatının digər bu kimi məsələlərini müəyyənləşdirən Konstitusiyanın qəbul edilməsi hər bir dövlətin həyatında mühüm ictimai-siyasi hadisədir.

Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır.

1918-ci ilin may ayının 28-də Tiflis şəhərində Qafqaz canişininin iqamətgahında doktor Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli İslam Şurasının iclası keçirilərək Azərbaycanın dövlət müstəqilliyinin elan olunması haqqında Bəyannamə qəbul edilmiş və bitərəf deputat Fətəli xan Xoyski başda olmaqla, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökuməti - müvəqqəti hökumət təşkil edilmişdir. Beləliklə, 28 may 1918-ci ildə Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır.

17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdur.

Fəaliyyəti dövründə Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil respublikanın Konstitusiyasını qəbul etmək mümkün olmamışdır.

Konstitusiya latın sözü olmaqla, quruluş, təsisat mənasını verir. Konstitusiya hər hansı ölkənin ictimai və iqtisadi quruluşunun əsasını, idarəetmə formasını və dövlət quruluşunun formasını, şəxsiyyətin hüquqi vəziyyətini, mərkəzdə və yerlərdə hakimiyyət və idarəetmə orqanlarının təşkili qaydasını və səlahiyyətini, ədalət mühakiməsinin, seçki sisteminin təşkilini, əsas prinsiplərini və digər bu kimi məsələləri müəyyənləşdirən dövlətin ali qanunudur.

Azərbaycan Respublikasının ilk demokratik dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il may ayının 28-də yaranmış demokratik respublikasının Konstitusiyası olmayıb. Ancaq bu hökumət, bu dövlət fəaliyyət göstərdiyi dövrdə Konstitusiya xarakteri daşıyan bir neçə aktlar, qərarlar qəbul etmiş və onların əsasında işləmişdir. Ona görə də onları, müəyyən qədər Konstitusiya quruculuğunun başlanğıcı kimi qiymətləndirmək olar.

Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamışdır.

Azərbaycan xalqı yalnız 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra Konstitusiyasını qəbul etmək imkanı əldə etmişdir.

12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş, ümummilli lider Heydər Əliyevin sədrliyi ilə layihəsi hazırlanmış müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının preambulasında qeyd edilir ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmağı bəyan etmiş, başqa sözlə, ölkəmiz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu özü üçün inkişaf yolu seçmişdir.

Konstitusiyanın 158 maddəsindən 48-i, başqa sözlə, üçdə biri insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmişdir. Təsadüfi deyildir ki, Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilmişdir.

Müstəqil dövlətimizin ilk Konstitusiyası respublikamızın əvvəlki Konstitusiyalarından prinsipcə köklü surətdə fərqlənir. Əlbəttə, bu tamamilə təbiidir. Belə ki, əvvəlkilər sosializm quruluşunun Konstitusiyası idi və əvvəlki Konstitusiyalarda sivil dövlət quruculuğunun, demokratiyanın elementar tələbi olan dövlət hakimiyyətin bölgüsü prinsipindən imtina edilmişdir. Lakin yeni Konstitusiyada bu tarixi səhv aradan qaldırılmış, hakimiyyətin qanunverici, icra hakimiyyəti və məhkəmə hakimiyyətindən ibarət bölgüsü aparılmışdır.

Konstitusiyanın 7-ci maddəsinin III hissəsində göstərilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Həmin maddənin IV hissəsində isə göstərilir ki, bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olmaqla, Azərbaycan Respublikasında birbaşa hüquqi qüvvədədir və bütün qanunvericilik aktları Konstitusiyanın müddəalarına uyğun qəbul edilməlidir. Təsadüfi deyildir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulundan sonra Milli Məclis Avropa standartlarına və beynəlxalq hüquq normalarının tələblərinə uyğun 2300-dən artıq qanun və qərarlar qəbul etmişdir.

Konstitusiyaya ehkam kimi baxmaq olmaz və heç bir qanun doqma kimi qəbul edilməməlidir.

Dünya təcrübəsi göstərir ki, Konstitusiya, bir qayda olaraq, uzun müddət üçün qəbul olunur. Lakin həyatın irəli sürdüyü tələblər, ictimai-siyasi münasibətlərin inkişafı yeni-yeni məsələlərin tənzimlənməsi üçün hər bir qanunvericilikdə, o cümlədən ölkəmizin ali qanunu olan Konstitusiyada da dəyişiklikləri zəruri edir.

Amerika Birləşmiş Ştatlarının Konstitusiyasını götürək. O 221 il bundan əvvəl qəbul olunmuş və bu günədək cəmi 27 konstitusiya düzəlişi edilmişdir. Bu isə onu göstərir ki, hər hansı bir dövlətin ən yüksək hüquqi qüvvəyə malik qanunu olan Konstitusiya, bir qayda olaraq, uzun müddət üçün qəbul edilir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında 22 iyun 2002-ci il tarixli Fərmanı ilə 24 avqust 2002-ci il tarixdə keçirilmiş referendum (ümumxalq səsverməsi) nəticəsində Konstitusiyanın 24 maddəsinə 38 əlavə və dəyişikliklər edilmişdir.

Konstitusiyaya edilmiş bu əlavə və dəyişikliklər Konstitusiyanın qəbulundan sonrakı dövrdə ölkəmizdə demokratiyanın sürətli inkişafından irəli gəlməklə, onların çox hissəsi respublikamızın, Avropa Şurası kimi, mötəbər beynəlxalq quruma tamhüquqlu üzv kimi qəbul edilməsi və ölkəmizin bu qurum qarşısında götürdüyü bir sıra öhdəliklərlə, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması məqsədi ilə bağlı olmuşdur.

Müstəqil dövlətimizin ilk Konstitusiyasının 13-cü maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin II hissəsində isə göstərilir ki, mülkiyyət - dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Sonda bir məqamı qeyd etməyi vacib hesab edirəm. Ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin ən layiqli davamçısı, onun müdrik, uzaqgörən və çevik xarici və daxili siyasətinin özünün siyasi kursu elan etmiş, xalqımızın vətənpərvər oğlu cənab İlham Əliyevin 15 oktyabr 2008-ci il tarixdə seçicilərin mütləq əksəriyyətinin səs çoxluğu ilə yenidən ölkə başçısı vəzifəsinə seçilməsi bizim gələcəyə inamımızı daha da artırır. İlham Əliyevə bu yüksək dövlət vəzifəsində dövlətimizin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi və əhalinin sosial rifahının daha da yüksəldilməsi yolunda bundan sonra da səmərəli fəaliyyət və uğurlar arzu edirik.

 

İlham Abbasov,

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının direktor əvəzi,

Baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi