Azərbaycan.- 2008.- 1 noyabr.- 244.-S.7

 

Erməni xisləti - şeytan əməli

 

Ermənilərin Dağlıq Qarabağla əlaqədar başladıqları tufanın ilk zərbəsi indi Ermənistan adlanan, əslində, qədim türk torpağı sayılan yaşayış ərazisində başladı. Qəfil basqılar, yolkəsmələr, adamöldürmələr, ev yandırmalar, talanlar, min cür vəhşiliklər İrəvan ətrafında, Göyçədə, Dərələyəzdə, Vedibasarda, ZəngəzurdaE baş alıb gedirdi.

1988-ci ilin yazından bu bölgələrdə yaşayanların rahatlığı yoxa çəkildi. Saqqallı ermənilər tez-tez azərbaycanlılar yaşayan kəndlərə basqın edərək əhaliyə hədə gəlirdilər. "Siz bu kağızalara qol çəkin ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilsin. Bizim sizinlə işimiz olmayacaq". Bu gözlənilməz təklifə soydaşlarımız dərhal etiraz etdilər: "Heç elə də iş olar, dərəbəylikdir, Dağlıq Qarabağ Azərbaycana məxsusdur". Bununla da, Ermənistanın azərbaycanlılar yaşayan bütün kənd və şəhərlərini vahimə bürüdü. Kimsə ermənilər sıx olan yerə gedə bilməzdi. Saqqallılar tez-tez azərbaycanlılara hücumlar edir, ev-eşiyə od vurur, fəlakət törədir, insanlara "xox" gəlir, hamını hədələyirdilər. Gecələri səksəkəli, gündüzləri qara gələn soydaşlarımızın harayı eşidilməz olmuşdu. O dəhşətli günlərdə Bakıda yaşayan ziyalılar dəfələrlə o vaxtkı MK-nın rəhbərliyinə, hərbi komissarlığa, Ali Sovetə, müxtəlif nazirliklərə, bir sözlə, rəhbər vəzifədə çalışanlara müraciət etdilər. Yollar bağlanmışdı, gediş-gəliş kəsilmişdi, telefon əlaqəsi zorla alınırdı. Bir tərəfdən də, Ermənistandan vahiməli xəbərlərlə bərabər, qolu-qıçı, qulağı kəsilmiş insanlar gəlirdilər. Barıt çəlləyinə dönmüş günlərin qəfil alışmağı duyulurdu. Təəssüf ki, o biçarələrin səsini eşidən olmadı. Nəticədə isə təkcə insanlar deyil, Yerin rəngi, Göyün nuru da perik düşdü. Dəyişməyən isə bu binəsiblərə laqeyd münasibət göstərən vəzirovlar oldu. Millətin həyatı təhlükədə olanda, övladları ölümlə rəqs edəndə Əbdürrəhman Vəzirov sevincək söyləyirdi: "Moy brat Qosparyan izdes". Təəssüf ki, bu "qardaşlıq" nəğməsi də soydaşlarımıza ağla gəlməyən sıxıntılar, əzablar, xoşagəlməz qaçqınlıq həyatı bağışladı.

20 il tamamlanır ki, ermənilər azərbaycanlıları - oğuz türklərini indi Ermənistan adlanan dədə-baba yurdlarından kütləvi surətdə çox amansızlıqla qovdular. Payızla qışın qovuşduğu o şaxtalı günlərdə - 1988-ci ilin noyabr və dekabr aylarında 170 sırf Azərbaycan, 1994-cü il də qarışıq yaşayış məntəqəsi azərbaycansızlaşdırıldı. Bu qovhaqov əməliyyatı dəhşətli tərzdə həyata keçirildi. Dağda-daşda, çovğunda azaraq qurda-quşa yem olanların, şaxtada donanların sayı heç dəqiqləşdirilmədi də. Dörd rayondan olan 229 nəfər azərbaycanlı həmin vaxtlarda min bir əzabla, vəhşətlə qətlə yetirildi. Kirovakanda 12 azərbaycanlı diri-diri yandırıldı. Quqarkda 70-ə yaxın körpəni boruya dolduraraq ağzını qaynaq etdilər. Bu insanlığa sığmayan prosesin başa çatdırılması gününü isə ermənilər hər il milli bayramları kimi xüsusi şadyanalıqla qeyd edirlər.

Daşnakların törətdiyi toqquşmaların tarixi çox qədimdir. Qafqazda öz mövqelərini möhkəmləndirmək üçün ermənilər 1887-ci ildə Qnçaq, 1890-cı ildə isə Daşnaksütyun terrorçu partiyalarını yaradaraq Azərbaycan torpaqlarına qarşı etnik təmizləmə planlarını sistemli şəkildə həyata keçirməyə çalışıblar. Xəstə təxəyyüllü daşnakpərəst qüvvələr "Böyük Ermənistan" xəstəliyinə tutularaq zaman-zaman indiki Ermənistan ərazisini azərbaycanlıların ata-baba yurdu hesabına genişləndirməyə, bizim doğma torpaqlarımızı öz adlarına çıxmağa səy göstərmişlər və müəyyən mənada buna müvəffəq olmuşlar. Ermənilərin 1828-ci ildə yaratdıqları erməni vilayəti (əhalisi 25.131 nəfərdən ibarət) 1849-cu ildə İrəvan quberniyasına və qəzalara çevrilmişdir. 1920-ci ilin noyabrında isə bolşeviklərin köməyi ilə Ermənistan Sovet Sosialist Respublikası yaradıldı. Bu respublikanın mövcudluğuna qədər ermənilər tərəfindən 1918-ci ildə Ağsu, Kürdəmir və Lənkəranda 130, Şamaxıda 58, Qubada 112, Gəncədə 272, Zəngəzurda 115, Qarabağda 157, İrəvan quberniyasında 221, Bəyazitdə 7, Sürməlidə 75, Eçmiədzində 84, Qarsda 62 yaşayış məntəqəsi dağıdılaraq talan olunmuş, əhalisinin əksəriyyəti qətlə yetirilmişdir. Ölümə tuş gəlməyənlər isə didərgin salınıb.

Azərbaycan tərəfindən 1918-ci ildə İrəvan ərazisinin ermənilərə güzəşt edilməsinə razılıq verilib. Bunun da nəticəsində 1918-ci ilədək 9,8 min kvadratkilometr olan qondarma erməni vilayəti Azərbaycan torpaqlarının hesabına genişləndirilərək 1920-ci ilə 29,8 min kvadratkilometrə çatmışdır.

Azərbaycan Respublikası Milli Məclisinin 2001-ci il 30 mart tarixində qəbul etdiyi bəyanatda deyilir: "1905-1907-ci illərdə çar Rusiyasının hakim dairələrindən hərtərəfli yardım alan erməni quldur dəstələri İrəvanda, Zəngəzurda, Göyçədə, Naxçıvanda, Qarabağda, Tiflisdə, Gəncədə, Bakıda, 1914-cü ildə Şərqi Anadoluda - Ərzurumda, Qarsda, Ərdəhanda, Adanada dinc azərbaycanlılara və türklərə amansızcasına divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları tarixdə görünməyən qəddarlıq və vəhşiliklə öldürmüşlər".

Arxiv sənədlərdən bəlli olur ki, Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərini qəddarlıqla həyata keçirən ermənilər təkcə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən çox azərbaycanlını qətlə yetirərək minlərlə insanı doğma ocağından didərgin salmışlar.

İndi Ermənistan adlanan, əslində, azərbaycanlıların qədim yurd yerləri olan torpaqlarda yaşayan azərbaycanlıların ağır taleyinin 3 mərhələsi olmuşdur.

1) 1667-ci ildən İrəvan xanlığının zəbt olunmasına - 1828-ci il fevralın 10-a qədərki dövr.

2) 1828-ci ildən 1917-ci ilin noyabrına qədərki dövr.

3) 1917-ci ilin noyabrından 1988-ci ilə qədər olan dövr.

Azərbaycanlıların indiki Ermənistandan ilk deportasiyası 1801-ci ilə düşüb. Bu bədnam tarix sonrakı dövrlərdə azərbaycanlılara vurulacaq ağır zərbələrin bünövrəsi olub. Bəzən faktlara diqqətlə yanaşanda dəhşətdən özünə gələ bilmirsən. Hələ 1804-cü ildə azərbaycanlıları Loru-Pəmbəkdən köçürərək boşaldılmış əraziyə erməniləri məskunlaşdırıblar. Bu, I Aleksandrın çarlığı dövrünə təsadüf edir. E.LazaryanınA.S.Qriboyedovun iş birliyi və təşəbbüsü nəticəsində başqa yerlərdə, xüsusilə də, İranda yaşayan ermənilər İrəvan, Naxçıvan ərazilərinə köçürdülüb, Qarabağda, Zəngəzurda yerləşdirilib. I Nikolayın dövründə isə rus qoşunları Türkmənçay müqaviləsinə əsasən İrəvan, Naxçıvan xanlıqları Rusiya tabeliyinə keçib. Yuxarıda adını çəkdiyimiz erməni vilayətinin yaradılması haqqında fərman da məhz bu dövrdə imzalanıb. Ermənilər bu gün də Qriboyedova minnətdar olmalıdırlar ki, məhz onun köməyi sayəsində heç bölgələri belə, olmayan etnik bir qrupun tarixdə ilk dəfə vilayətləri yarandı. Rusiyanın İranda səfiri olan A.S.Qriboyedov bütün fəaliyyəti dövründə xalqımızın, millətimizin əleyhinə işləyib, bizə tarixi düşmənçilik edib. Sovet dövründə isə biz orta məktədbə onun əsərlərini şövqlə oxuyardıq.

1918-ci ildə bolşeviklərin köməyi ilə azərbaycanlılara divan tutduran S.Şaumyanın şərəfinə şeirlər əzbərləyib söyləmirdikmi? Gör, bizə nə sitəm ediblər. Qanımızı tökmüş, kökümüzü kəsməyə çalışmış milli düşməni özümüzə sevdirməyə çalışaraq bizi qətlə yetirilmiş soydaşlarımızın ruhu qarşısında mənəvi cəhətdən xəcalətli, başıaşağı edirmişlər. Zülmün topu nə qədər güclü olsa da, məzlumun ahı yerdə əbədi qala bilməz ki...

I Pyotrun 1725-ci ildə yazdığı bədnam vəsiyyətdə deyilir ki, Rusiya o zaman güclü dövlət ola bilər ki, onun paytaxtı Avropa və Asiya ölkələri xəzinələrinin açarı rolunu oynayan İstanbul olsun. Bunu həyata keçirmək üçün isə Türkiyə ilə İran arasında fitnə-fəsad törətmək lazımdır. Həmin işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar kəskin silah ola bilər. Məzhəb ayrılığından istifadə etməklə kifayətlənməyən pyotrpərəst qüvvələr həm də xalqlar arasında müvazinəti elə pozmaq istəyirdilər ki, bir-birləri ilə ömürlük dil tapa bilməsinlər. Öz hüquqlarını anlamasınlar. Müsəlman-xristian münasibətləri elə kəskinləşsin ki, qandan gözü doymuş, yorulmuş, şikəst və didərgin düşmüş insanlar xilas yolunu məhz Şimalda axtarsınlar. 1877-1878-ci illərdə Rusiya-Türkiyə müharibəsindən sonra ermənilərin İrəvan quberniyasında yerləşdirilməsi məhz bu məqsədə xidmət edirdi.

Ermənistanda yaşayan azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırımı, 1930-1938-ci illərdə repressiya, 1948-1953 və nəhayət, 1988-ci illərdə deportasiya siyasəti həyata keçirilib.

Ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci ildə imzaladığı fərmanda deyilir: "Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar... 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olundu... Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-ci illərin ortalarında da nail olduqları deportasiya 100 minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulması ilə nəticələndi". Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna, mənliyinə yönəlmiş bu hərbi təcavüz əslində, ermənilərin planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edirdi.

Fransız səyyahı qraf De Şole yazırdı: "Ermənilərin yoxsulluğu və əzab-əziyyət çəkməsi məndə onlara qarşı böyük rəhm yaratmasına baxmayaraq onların haramzadəliyi, kələkbazlığı o dərəcədə iyrənc, alçaqlıqları o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilmədim". Demək olar ki, Qafqaza yolu düşən ermənini tanıyıb bilən, görən hər bir səyyah, yazıçı, tarixçi, sərkərdə bu etnik qrup haqqında mənfi fikir söyləyib. Onları bədəməl, hiyləgər, kələkbaz, acgöz, tamahkar, fitnəkar, araqarışdıran, əxlaqsız, qorxaq adlandırıblar. Böyük rus şairi Aleksandr Puşkin əbəs yerə deməyib - "Sən oğru, sən kölə, sən ermənisən".

Bütün bunlardan sonra müəmmalı olan budur ki, bu etnik qrupu tanıya-tanıya, onun mənəviyyatına bələd qüvvələr ermənilərə arxa durmaqda nədən bu qədər inadkardırlar? Doğrudanmı, I Pyotrun vəsiyyəti bu qədər uzunömürlüdür? Yoxsa ermənilər dindaşlarına sidq-ürəkdən sədaqət göstərirlər? Bu səbəbdən də Silva Kaputikyan vaxtilə xalqına üz tutaraq: "...bir erməninin ömründə heç olmasa bir türk öldürməsi şərəfdir" - deməzdi. Zori Balayan əleyhimizə böhtan dolu "Ocaq" adlı bədnam kitabını yazıb müxtəlif dillərə tərcümə etdirməzdi. İnternet saytlarına həvəslə ötürməzdi: "Gözlərimin qarşısında türk çocuğunun diri-diri min bir əziyyətlə doğranmasından nəşə duyurdum. Mən zalım deyiləm, amma türk qanı töküləndə sevinirəm".

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqımızın 20 minə yaxın övladı həlak oldu, 50 min adam yaralandı, 400-ə yaxın qadın erməni işğalçılarının əsarətinə düşdü. Bu illər ərzində ermənilər bizə qarşı 32 terror aktı həyata keçirdilər. Xocalı soyqırımı "Əsrin faciəsi" adlandırıldı. Bir milyon soydaşımız doğma yurdundan didərgin düşdü. Azərbaycan torpağının 20 faizi işğalçı tapdağında inildəməkdədir. Əlbəttə, dövlətimiz çalışır ki, torpağımız bütövləşsin, bu qan-qadalar müharibə ilə deyil, sülh yolu ilə yatırılsın. Təəssüf ki, Azərbaycan tərəfi nə qədər müdrik addımlar atsa da, ermənilər peşəkar niyyətlərindən əl çəkmirlər. İstər dövlət başçısının, istərsə də gündən-günə möhkəmlənən, mətinləşən Azərbaycan Ordusunun, eləcə də xalqımızın bir məramı var - bölgədə yenidən qan tökülməsin! Əlbəttə, ermənilər gələcəkdə var və yox olmalarını özləri üçün qəti aydınlaşdırmağa məcburdurlar. Çünki müharibə istəməyən Azərbaycan xalqı hərbə həmişə hazırdır.

...Heç kimi yox idi. İkiqat yeriyirdi. Az qala ağzı dizlərinə dəyirdi. Gözləri eləcə dolu, çöhrəsi xiffətli olardı. Böyükdən kiçiyə hamı ona "Həmidə bibi" deyərdi. Dərdlərin əlində yumağa dönmüş bu qadının xətrini bütün kənd əziz tutardı. Hətta qonşu bağına alma, armud oğurluğuna gedən nadinc oğlan uşaqları da onun bostanına dəyib-dolaşmazdılar. Həmidə bibinin kənd arasında böyük hörməti var idi. Vayda ağı deyərdi, toyda xeyir-dua verərdi. Hər kəs ona kömək etməyə çalışardı. Görərdin ki, biri həyət-bacasını süpürür, biri bulaqdan ona su gətirir, kimsə odun doğrayırdı.

Həddən ziyadə məğrur qadın idi, baxmayaraq ki, çox şeyə ehtiyacı olardı. Di gəl, bir kimsəyə ağız açmazdı. Ona nə bağışlasaydılar, çalışardı ki, geri qayıtsın. "Varımdı", - deyərdi, uzun təkiddən sonra götürərdi. Əslində isə bir həsir idi, bir Məmmədnəsir.

Yadımdadır, bir dəfə mağazadan 3 litrlik balonda şaftalı kompotu alıb arxa boşaltdı. Sonra balonu küllə sürtüb yudu. Bir çox həqiqətlərdən xəbərim olmadığı üçün marağımı gizlədə bilməyərək soruşdum:

- Bibi, niyə belə etdin, hayıf deyil?

- Yox, ay bala. Onu kafirlər bağlayıb, murdardır. Mənə balon lazım idi.

Kəndə həmişə erməni gələndə öz-özünə deyinər, söyər, sonra da komasına çəkilərək ağı deyib ağlayardı. O yanıqlı səs indi də qulağımdan çəkilmir.

Niyə tənha qalmışdı Həmidə bibi? Dünyanın bəzi gərdişlərindən, qovğalarından xəbərsiz olduğumdan çox sonralar anladım hər şeyi.

Ötən əsrin əvvəllərində erməni daşnakları Zəngəzura divan tutanda onların vəhşiliklərinə tuş gəlmiş çarəsizlərdən biri də Həmidə bibi olubmuş. Həyat yoldaşını, qardaşlarını, oğullarını qılıncdan keçirən Andronik Həmidə bibinin kürəyinə qaynar samovar bağlatdıraraq bu biçarə qadının nalələrindən ləzzət alırmış. Bir təsadüf nəticəsində tab gətirib sağ qalan qadın ömrünün sonuna kimi ikiqat yeridi. Bütün kənd sakinləri üçün göz dağına dönmüş Həmidə bibinin başına gələnlərin illərdən sonra təkrar olacağı heç kimin ağlına gəlmirdi. Canlarında tülkü hiyləgərliyini yaşadan ilan xislətli ermənilərin qudurğanlığı baş qaldıran günlərdə Həmidə bibinin ağlar xəyalı hamının gözlərinə görünmüşdü. Tanrı, Sən bizi unutqanlıqdan hifz elə!

 

Flora XƏLİLZADƏ