Rabitə Dünyası.-2008.-17 oktyabr.-N33.-S.17

 

18 Oktyabr Milli Müstəqillik Günü!

 

XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Rusiyada demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.

 

Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: Siz Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?

 

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı

 

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.

Azərbaycan xalqının çoxəsrlik tarixində uğurları, nailiyyətləri çox olub. Ancaq ən böyük nailiyyətimiz dövlət müstəqilliyinin əldə olunmasıdır. Xalqın qanı bahasına başa gəlmiş bu uğur əbədi olaraq yaddaşlara həkk olundu. Çünki Azərbaycan dünya birliyinə müstəqil dövlət kimi daxil oldu. Lakin qarşıda çox mühüm bir vəzifə dururdu. Azərbaycan xalqı bu müstəqilliyi qoruyub saxlamalı, xalqın milli azadlığını əbədi, daimi etməli idi. Çox çətin, lakin şərəfli bir vəzifə idi. Bu çətin imtahandan alnıaçıq, üzüağ çıxmaq üçün xalqı öz arxasınca apara biləcək liderə böyük ehtiyac yaranmışdı. Belə bir şəxsiyyət yalnız ümummilli lider Heydər Əliyev idi. Ona görə də xalq böyük ümid və inamla ulu öndərə üz tutdu və onu təkidlə müstəqil Azərbaycana rəhbərliyə dəvət etdi.

1993-cü ilin iyun ayında xalqın və o vaxt hakimiyyətdə olanların inadlı xahişindən sonra yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin ölkəni düşdüyü ağır böhrandan çıxarmaq üçün planlaşdırdığı təxirəsalınmaz tədbirlər sırasında Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq əsas hədəf kimi seçilmişdir.

Nəhayət, Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı ilə, əvvəlki vəziyyətə tədricən son qoyulmağa başladı. Ölkədə gözlənilən vətəndaş qırğınının qarşısı alındı. Azərbaycanı parçalamaq istəyən qüvvələr məhv edildi. Qətiyyətlə deyilməlidir ki, əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi kənar dövlətlərin maraqları ucbatından müstəqil Azərbaycan dövləti mövcud olmayacaqdı.

Hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin banisi, ümummilli liderimizin mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram sözləri tam mənada reallığa çevrildi. Onun fədakar əməyi, müdrik siyasəti, zəngin həyat təcrübəsi nəticəsində Azərbaycanda özbaşınalıqlara son qoyularaq daxili siyasi sabitlik təmin edildi, dövlətimizin parçalanmasının qarşısı alındı, Azərbaycanla Ermənistan arasında atəşkəsə nail olundu. Bundan sonra Azərbaycan dövlətində anarxiya, siyasi hərc-mərclik dövrü başa çatdı, daxili siyasi sabitliyin təmin edilməsi ilə yeni, demokratiyanın inkişafı, dövlətçilik siyasətinin güclənməsi, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması dövrünə qədəm qoyuldu. Azərbaycan vətəndaşları sabit şəraitdə öz gələcək vəziyyətlərini müəyyənləşdirmək üçün imkanlar əldə etdilər.

Sonrakı proseslərdə cəmiyyətimizin bütün sahələrində sürətli inkişafın tendensiyaları müşahidə edilməyə başladı. Neft sektoruna xarici sərmayələr cəlb edildi. Regionda, eləcə də daha geniş olaraq beynəlxalq aləmdə gərgin və pozitiv diplomatik fəaliyyət, regional iqtisadi layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın qısa bir zamanda regionun lider dövlətinə çevrilmək imkanlarını artırdı.

 

Dövlətlərlə və beynəlxalq təşkilatlarla səmərəli və müasir beynəlxalq hüquq normaları çərçivəsində ədalətli əməkdaşlıq Azərbaycanın haqq sözünün dünyaya yayılmasına gətirib çıxardı, dövlətimiz regionda təcrid vəziyyətindən xilas oldu. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə beynəlxalq aləm cəlb edildi. Bu gün də Azərbaycan xalqı hesab edir ki, sülh yolu ilə dövlətimizin ərazi bütövlüyü təmin olunacaqdır, erməni qəsbkarları işğal etdikləri torpaqlarımızı azad edəcəklər. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin formalaşma və inkişafındakı xidmətlərini, onun dövlətçilik naminə siyasi fəaliyyəti nəticəsində daxili siyasi sabitlik təmin edildi, vətəndaşların ümumi birliyinə nail olundu, Azərbaycan dövlətinin parçalanmasının qarşısı alındı, hüquqi dövlət anlayışının əsaslarını təşkil edən və demokratik cəmiyyətlərə xas olan qanunların aliliyi prinsipi tətbiq edilməyə başladı, hakimiyyətin möhkəmləndirilməsi məqsədilə dövlət strukturlarının işi gücləndirildi, dövlət quruculuğu yolunda mühüm hüquqi islahatlar həyata keçirildi, müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi və bu konstitusiya əsasında mühüm və beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası yaradıldı, vacib sənaye və aqrar islahatların reallaşdırılması ilə iqtisadi sıçrayışa nail olundu, demokratik cəmiyyətlərə xas olan söz və mətbuat azadlığının inkişafı yolunda mühüm addımlar atıldı və.s

Hal-hazırda Azərbaycan dövləti 2003-cü ildə ümumxalq səsverməsi ilə qələbə qazanmış prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, tərəqqi və çiçəklənmə dövrünü yaşayır. Prezident İlham Əliyev Azərbaycan dövlətinin banisi Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir. İqtisadiyyatın bütün sahələrində islahatlar daha da gücləndirilir, o cümlədən, sənaye, nəqliyyat, infrastruktur, tikinti, xarici ticarət, kənd təsərrüfatı və digər sahələr sürətlə inkişaf edir, hüquqi islahatlar aparılır, ordu quruculuğu daha təkmilləşir. Dövlətimizin büdcəsi, eləcə də digər valyuta ehtiyatları ilbəil artır. Həmin maliyyə vəsaiti əsasən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına istiqamətləndirilir.

Bu gün Azərbaycan cəmiyyətində tam demokratik bir mühit formalaşmışdır. Hər bir vətəndaş dövlət qarşısında öz fikirlərini sərbəst şəkildə bildirmək imkanlarına malikdir, problemlərinin həlli barədə məsələ qaldıra və gələcəklərini müstəqil müəyyən edə bilir. Həyata keçirilən bütün islahatlar xalqımızın ümumi sosial-rifah halının yüksəlməsi üçün mühüm addımlardır.