Dövlət və din. - 2018.-6(59).-S.51-57.

 

İslam mədəniyyətində birgəyaşayış ənənəsi

 

Könül ƏHMƏDOVA,

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Akkreditasiya və Nostrifikasiya İdarəsinin aparıcı mütəxəssisi,

Bakı Dövlət Universitetinin doktorantı

konul.ahmadova@list.ru

 

Açar sözlər: xoşgörü, əhli-kitab, səmavi dinlər, zımmi, cizyə, əsri-səadət.

: , , , (), , -.

Key words: tolerance, people of the Book, divine religions, dhimmi (non-Muslims), jizyah, asr al-saadah.

 

Bütün səmavi, hətta qeyri-səmavi dinlər (Buddizm, Hinduizm və s.) eyni məqsədə - sülhə xidmət edir. Hərçənd bəşəriyyət bu dinlərin yayıldığı coğrafiyada da günlər, aylar, hətta illər sürən müharibələrə şahiddir. Allah-Təala insanı azad iradə ilə yaratdığı üçün onun təbiətində mövcud olan qan tökmək, xəsislik, paxıllıq, kin, qəzəb, qisas və s. kimi mənfi xüsusiyyətlər bəşəriyyətin daim sülh şəraitində yaşamasına mane olur. Beləliklə, bu savaşların səbəbi dindən deyil, din mənsublarının dinin əsaslarını yanlış yozmalarından, dolayısı ilə insanların özlərindən (siyasi, iqtisadi, sosial və s. səbəblərdən) qaynaqlanır.

İslam insanlar arasında hüzur, əmin-amanlıq mühitinə xələl gətirən reaksiyaları azaldan, sosial gərginlik və qarşıdurmaları soyudan, fərdlər və cəmiyyətlər arasında etibarı, qarşılıqlı sevgini, hörməti təmin edən xoşgörü dinidir. İslam sözünün mənası da ixlas, itaət, əmin-amanlıq, sülh, boyun əymək, təslim olmaq, səmimiyyətlə bağlanmaq deməkdir. Qurani- Kərimin bir çox surəsində barışı təşviq edən ayələr mövcud olduğu halda [1, Nisa, 86, 90; Ənfal, 61; Əraf, 56; Maidə, 32], İslam dininin yalnız qılınc gücünə yayıldığını iddia etmək tarixə və sonuncu səmavi dinin hökmlərinə iftira atmaqdır. Cihada icazə verən ayələr isə mütləq deyil, müəyyən səbəb və şərtlərə bağlıdır. Qurani-Kərim insanların birlikdə yaşamalarını və dini etiqad azadlığını təmin etmək üçün dində məcburiyyət yoxdur [1, əl-Bəqərə, 256] buyurur. Eyni zamanda, fərqli insanların bir yerdə yaşaya bilmələri üçün müəyyən tövsiyələr verir, əmin-amanlığın pozulmasına səbəb olanlarla mübarizə aparılmasını buyurur, vicdan və seçim azadlığının qorunması vacib sayır.

(Ya Rəsulum!) De: Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir sözə doğru gəlin! ( O kəlmə budur:) Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərsə, o zaman (onlara) deyin: İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslimolanlarıq) [1, Ali-İmran, 64] ayəsinin təfsirinə nəzər yetirdikdə haqq olan bir sözdə birləşməyin mümkün olduğunu, İslamın bəşəriyyət aləmində nə qədər geniş, açıq, doğru bir hidayət yolu olduğunu, bundan əlavə, ümumbəşər xüsusiyyət daşıdığını görə bilərik [2, II, s. 378-388]. Qurani-Kərim əhli-kitabla qarşılıqlı əlaqələrdə yaxşı davranmağı, kitab və peyğəmbərlərin göndəriliş məqsədinə zidd olmayan üsullardan istifadə etməyi, ağıla və fitrətə uyğun münasibət göstərməyi əmr edir. Yalnız bu şəkildə davranmaqla din birliyini və cəmiyyətdə əmin-amanlığı təmin etmək mümkündür. Qurani-Kərimin tolerantlıqla bağlı bir çox ayəsi istər müsəlman, istərsə də qeyri-müsəlman ölkələrində yaşayan müsəlmanların fərqli din, dil, etnik ünsürlərin çox olduğu cəmiyyətlərdə hüzur, etibar və barış içində yaşaya biləcəklərini göstərir.

İslam tarixini diqqətlə nəzərdən keçirsək, birgəyaşayış ənənəsinin ən gözəl nümunələrini İslamın ilk dövrlərindən başlayaraq Osmanlı imperiyasının sonuna qədər İslam tarixinin fərqli dövrlərində görmək mümkündür. Digər inanc mənsubları ilə birgəyaşayış təcrübəsi baxımından müsəlmanların tarixi Avropa Xristianlıq tarixi ilə müqayisədə zəngin nümunələrlə doludur. Çünki Avropa yalnız Xaçlı səfərləri əsnasında və XVI-XVII əsrlərdə coğrafi kəşflərdən sonra digər dinlər və millətlərlə tanış oldu. Halbuki müsəlmanlar Əsri-səadətdən etibarən digər din mənsubları ilə dini, siyasi, iqtisadi və sosial əlaqələr yaratmışdılar [3, s. 41-59].

İslam ordusu 10 il ərzində bütün Ərəbistan yarımadasını, Fələstin və İraqın cənub hissəsini fəth etdi. Bu 3 milyon km2 ərazi demək idi. Bu fəthlər zamanı öldürülən düşmən əsgərlərinin sayma baxdıqda hər ay iki əsgər belə öldürülməmişdi. İşğal etdikləri ərazilərdə müsəlmanlar yerli əhaliyə İslamı təbliğ etsələr də, məcburi şəkildə onların dinlərini dəyişdirmədilər [4, s. 101].

Səmavi dinlər zaman keçdikcə orijinallığını itirdiyi üçün Qurani-Kərimdə Yəhudilik və Xristianlıqdan bəhs edilməmiş, bu dinlərə inananlar yəhudi və xristian adlandırılaraq təsvir olunmuşdur. Yəhudi və xristianların yenidən bu dinin əsaslarını qəbul etməyə dəvət olunmaları, əslində, İslam xoşgörüsünün ilk addımı kimi qiymətləndirilə bilər. Qurani-Kərimdəki əhli-kitabla bağlı ayələr və Müqəddəs Kitabdakı İslam düşüncəsinə uyğun ifadələr səbəbindən müsəlmanlar əhli-kitaba qarşı digər inanc mənsubları ilə müqayisədə fərqli bir davranış metodu tətbiq etmişlər. Məsələn, müsəlmanlar əhli-kitabdan olan qadınlarla evlənmiş, onların kəsdikləri heyvanları və qonaq etdikləri yeməkləri yemişlər. Məhəmməd peyğəmbər (s) dövründə müsəlmanlar əhli-kitabla dialoq qurmuş, dost münasibətlər saxlamış, siyasi, iqtisadi və mədəni məsələlərdə əlaqələr yaratmışlar [4, s. 78]. Mənbələrdə Həzrət Peyğəmbərin (s) əhli-kitabdan olanların toylarında yemək yediyi, dəfn mərasimlərində cənazə daşıdığı, xəstələri ziyarət etdiyi və onları öz evinə qonaq çağırdığı bildirilir [5, s. 78]. Fərqli din, dil, irq və məzhəb mənsubları yalnız Məhəmməd peyğəmbərin (s) yaşadığı yaxın bölgələrdə deyil, uzaq bölgələrdə də yaşayırdılar. Məsələn, yəhudilər Xeybər, Fədək, Teyma, Maqna və Vadil-Qurada, Məcusilər Həcər və Bəhreyndə, xristianlar Əylə, Əzruh, Dümətül-cəndəl və Nəcranda yaşasalar da, etnik və milli kimliklərini qoruyub saxlamış, öz inanclarını müsəlman dövlətinin himayəsi altında sürdürmüşlər. Onlar Mədinəyə gəldikdə səhabələrin evlərində, Məscidi-Nəbəvinin ətrafında olan əshabi-suffənin məskunlaşdığı yerlərdə və Məscidin yanında qurulan çadırlarda qalırdılar [6, s. 315-316; 356]. Qeyri-müsəlmanlar (zımmilər) müsəlman dövlətinin himayəsialtında olduqları üçün qarşılığında vergi (cizyə) vermiş və bu, Osmanlı dövləti yarananadək davam etmişdir. Həmin cizyə vergisi qadın, uşaq və yaşlılardan, həmçinin kilsələrdən alınmırdı. Cizyəni ödəməyən zımmiyə işgəncə verilmirdi, sadəcə, həbs olunurdu.

Peyğəmbər xoşgörüsünün ən mühüm nümunəsi müasir dövrdə Mədinə konstitusiyası, Mədinə vəsiqəsi, Mədinə sənədi, Mədinə müqaviləsi və mədinəlilər müqaviləsi kimi bilinən [7, 167], 47 və ya 52 maddə halında təsnif edilmiş sülh andlaşmasıdır. Vəsiqənin mövzu ilə bağlı aşağıdakı maddələri mövcuddur:

1.      Yəhudilər möminlər kimi, müharibə davam etdiyi müddətdə (öz hərb) xərclərini ödəmək məcburiyyətindədirlər.

2.      Yəhudilər müsəlmanlarla birlikdə, bərabər şəkildə müharibə etdikləri müddətdə məsrəf edəcəklər.

3.      Yəsribə hücum edənlərə qarşı onlar (müsəlmanlar və yəhudilər) arasında yardımlaşma olacaqdır.

Bu sülh andlaşması Mədinədə dini olduğu qədər, siyasi cəmiyyət meydana gətirmək məqsədini də güdürdü. Mədinə sənədində yəhudilərə Məkkə müşriklərinə yardım, yaxud himayə etmək açıq şəkildə qadağan olunmuşdu. Düşmən hücumlarında müsəlman-yəhudi ittifaqı olacaq, müdafiə üçün aparılan döyüşlərin xərclərini hər iki tərəf ödəyəcəkdi. Lakin Mədinədən kənarda aparılan döyüşlərdə heç bir cəmiyyət digərinə yardım etmək məcburiyyətində deyildi. Həzrət Məhəmmədin (s) icazəsi və razılığı ilə yəhudilər müsəlmanların hərbi səfərlərinə qoşula bilərdilər. Artıq yəhudilər müsəlmanlara düşmən olan məkkəlilərə aman (təhlükəsizlik) haqqı verməyəcəkdilər. Bu müqavilədən sonra Mədinədəki müşrik ərəblər və yəhudilər müsəlmanları dini, siyasi və ictimai cəhətdən tanıyırdılar. Müsəlmanlar qeyri-müsəlmanların inanc və fikir hürriyyətini, mal və can təhlükəsizliyini təmin edirdilər [7, 168-169]. Hətta bu vəsiqənin dünyada bir dövlətin ortaya qoyduğu ilk yazılı konstitusiya xüsusiyyətinə sahib olduğu [8, 1, 206] qəbul edilir. Lakin yəhudilər daha sonra bu vəsiqəyə sadiq qalmadılar. Qüreyşi təhrik etmələri, hiyləyə əl atmaları, Övs və Xəzrəc qəbilələrinin arasını qızışdırmağa çalışmaları, Həzrət Peyğəmbərə (s) sui-qəsd hazırlamaları səbəbindən əvvəlcə Qəynuqa, sonra da Nəzir qrupları şəhərdən uzaqlaşdırıldı. Xəndək döyüşündən sonra da Qureyzənin cəzalandırılması ilə anlaşma qüvvədən düşdü [8,1, 220-229; 9, 30-47].

Sonrakı dövrlərdə xristianlar və yəhudilərlə birlikdə hindular, məcusilər, sabiilər, buddistlər və digər qeyri-müsəlmanlar İslam dövlətinin idarəsi altında yaşamağa başladı. Həm silah daşımaları, həm də İslam dövlətinin himayəsi qarşılığında cizyə ödəmələri şərti ilə bu fərqli din və inancdakı insanlara sülh təminatı verilirdi [10, s. 143; 5, s. 237]. Məhəmməd peyğəmbər (s) dövründəki xoşgörü anlayışı dörd Raşidi xəlifəsi, Əməvilər, Abbasilər, Səlcuqlar və Osmanlılar dövründə də davam etmişdir. Birinci raşidi xəlifəsi Həzrət Əbu Bəkrin belə dediyi nəql olunur: Savaşda da insafdan ayrılmayın. Uşaqları, yaşlıları və qadınları öldürməyin və onlara zülm etməyin. Kilsədə ibadət edənlərə toxunmayın [11, II, 33-34]. Həzrət Ömər də Qüdsün fəthindən sonra barış andlaşmasmı imzalamaq üçün Qüdsə gəldikdə orada yaşayan fərqli din mənsublarını bundan sonra İslam dövlətinin himayə edəcəyini bildirmişdir [12, s. 147]. Həzrət Əli Misirvalisi Malik əl-Əstərə belə təlimat vermişdir: (İstər müsəlman olsun, istər olmasın) qəlbini xalqa qarşı mərhəmətli, şəfqətli və xoşgörülü olmağa öyrəşdir [10, s. 143]. Həzrət Əlinin xəlifə olduğu dövrdə daxili qarşıdurma zamanı Bizans imperatoru II Konstantin İslam dövlətindəki xristian cəmiyyətlərinə: Tanrı bizə bir fürsət verdi. Müsəlmanlara qarşı üsyan edin. Beləliklə, ortaq düşmənlərimizi torpaqlarımızdan qovmuş olarıq şəklində gizli xəbər göndərdikdə, xristianlar: Biz din düşmənlərimizə üstünlük veririk deyərək onun təklifini rədd etmişlər [13, s. 9; 14, s. 83]. Əməvilər dövründə Əndəlüsdə müsəlmanların yəhudilərə, o cümlədən yerli xalqa göstərdiyi xoşgörü və tolerant davranış Abbasilər dövründə də Bağdadda xristianlara qarşı eyni qaydada davam etmişdir [12, s. 144; 15, s. 94]. Abbasi hökmdarı Məmunun dövründə Beytül-Hikmə araşdırma mərkəzinin yaradılması İslam dövlətində xristianlara göstərilən bu xoş münasibətə bir örnəkdir. Belə ki, bu araşdırma mərkəzində müsəlmanlarla yanaşı, xristiantərcüməçilər də fəaliyyət göstərmişdir [16, s. 395]. Vəlid ibn Əbdülməlik Dəməşq məscidi kiçik olduğu üçün buranı genişləndirmək məqsədilə Yohanna kilsəsini dağıtdığı rəvayət olunur. Xəlifə Ömər ibn Əbdüləziz kilsənin yenidən bərpası məqsədi ilə məscidin sökülməsi əmrini verməsi müsəlman idarəçilərin andlaşmalara nə dərəcədə diqqətlə yanaşdıqlarına və fərqli dinlərin ibadət məkanlarına necə hörmət etmələrinə bariz nümunədir [12, s. 147]. Yəhudilərin sadəcə yəhudi olduğuna görə öldürüldüyü və inkvizisiya məhkəmələrinin onların dininə tabe olmayanları yandırdığı dövrdə Osmanlılar tabeliyində olan müxtəlif din mənsublarının sülh və barış içində yaşamalarını təmin edirdilər. Hətta Balkan xristianlarından çoxu öz arzusu ilə İslamı qəbul etmişdi [17,1, s. 456]. Osmanlılar nəinki hakimiyyəti altında yaşayan millətlərin dini azadlığını və sərbəstliyini təmin etmiş, eyni zamanda Balkan yarımadasındakı millətləri qorumuşdur. Əks təqdirdə nə serb, nə sloven, nə bolqar, nə də yunanlar bu günə qədər varlıqlarını davam etdirə bilməzdilər. Çünki o dövrdə Ortodoks Balkan xristianlığı Katolik kilsəsi tərəfindən təqib olunurdu. Çoxdinli və çoxmillətli olan Əndəlüsdə təqribən 8 əsr davam edən müsəlman hakimiyyəti dövründə (711-1492) müsəlmanlar, xristianlar və yəhudilər eyni ölkə daxilində ciddi problemlərlə qarşılaşmadan birlikdə yaşamağı bacarmışdılar. Əndəlüs fəth edilməzdən əvvəl xristian idarəçiləri tərəfindən məcburi xristianlaşma siyasəti ilə qarşılaşan yəhudilər müsəlmanların ədalətli davranışı nəticəsində rahat nəfəs ala bilmişdilər. 1492-ci ildə Qranadanm işğalından sonra İspaniyada hegemon olan kral Ferdinandm dövründən başlayaraq müsəlmanların mədəni hüquqları əlindən alınmış, daha sonrakı illərdə isə məcburi xristianlaşma siyasəti tətbiq edilmiş və bu da nəticə vermədikdə inkvizisiya qərarları ilə minlərlə müsəlmanı qətlə yetirilmiş, yüzlərlə müsəlman isə sürgünə göndərilmiş, yaxud həbs olunmuşdur (1492-1609) [18, s. 206; 19, s. 109-114; 20, s. 243-284].

Beləliklə, 14 əsrlik uzun zaman müddətində dövrün şərtlərini də nəzərə alsaq, deyə bilərik ki, həm bəzi idarəçilərin fərqli davranış metodları, həm də insanların fitrətindən qaynaqlanan zəiflikləri nəticəsində mənfi hadisələr də baş vermişdir. Lakin yəhudi və xristianların tarixi ilə müqayisədə, İslam tarixində bunlar azlıq təşkil edir. Beləliklə, günümüzdə birgəyaşayış adlandırılan tətbiqat sisteminin ilk prototipinin Əsri-səadətdə meydana gəldiyini əminliklə demək mümkündür.

Qeyd olunan tarixdəki xoşgörü nümunələrini bu günün şərtləri çərçivəsində dəyərləndirərək yeni anlayış və yaradıcı düşüncə ilə yenidən həyata keçirilsə, daha yaxşı nəticələr əldə etmək olar. Çünki xoşgörü Qurani-Kərimin bir əmri, Məhəmməd peyğəmbərin (s) davranışlarının əsası, mədəniyyətimizin, tariximizin təməli və zəmanətidir. Qurani-Kərimin Hücurat surəsinin 13-cü ayəsində buyurulur: Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq...

 

ƏDƏBİYYAT

1.      Qurani-Kərim (ərəb dilindən tərcümə: Z.M.Bünyadov, V.M.Məmmədəliyev). İstanbul: Mega Basımevi, 2015.

2.      Hamdi Yazır Elmalah M. Hak Dini Kuran Dili. İstanbul: Azim yaymevi, . III, 2016.

3.      İsmail Hakkı Atçeken. İslam tarihinde birarada yaşama tecrübesi (Asr-ı Saadet ve Endelüs ömeği). Selçuk Üniversitesi İlahiyat fakültesi, N 14, s. 41-59, 2009.

4.      Boyunağa Yılmaz. Türk-İslam sintezi, İstanbul: Yağmur yaynıları, 1970.

5.      Güner Osman, Hz.Peygamberin Ötekine Bakışı, İslam ve Öteki - Dinlerin Doğruluk/Kurtarıcılık ve Birarada Yaşama Sorunu. Red. Cafer S. Yaran, İstanbul: Kaknüs Yayınları, 2001.

6.      Sarıçam İbrahim. Hz. Muhammedin Evrensel Mesajı. Ankara: TDV, 2003.

7.      Sarıçam İbrahim. Həzrət Muhamməd və ümumbəşər dəvəti (türk dilindən tərcümə M.Camalov, E.Əzizova, A.Şirinov, M.Mürsəlov və d.). Bakı: İpəkyolu nəşriyyatı, 2013.

8.      Hamidullah Muhammed. İslam Peygamberi (ərəb dilindən tərcümə Mehmet Yazgan). İstanbul: Beyan yayınları, 2014, . II.

9.      Tuğ Salih. İslam Ülkelerinde Anayasa Hareketleri. İstanbul: İrfan, 1969.

10.  Ethem Ruhi Fıglalı. İslam ve Diger Dinler, Uluslararası Hoşgörü Kongresi. Ankara: Bil-Kav yayınları, 1995.

11.  Doğuştan Günümüze Büyük İslam Tarihi. İstanbul: Çağ yayınları, . XIV, 1989.

12.  Akyüz Davut. İslam Tarihinde Dinlerarası Diyalog Ömekleri, Diyologun Dini ve Tarihi Temelleri. İzmir: İşık yayınları, 2006.

13.  Hamidullah Muhammed. Hicretten Sonra Medinede Hz. Peygamberin Davranışlarındaki Hoşgörü. Trc. Mustafa Aşkar, Diyanet İlmi Dergi, . XXXI, N1, Ankara, 1995, s. 3-11.

14.  Keskin Yusuf Ziya. Nebevi Hoşgörü. İstanbul: Timaş yayınları, 1997, 110 s.

15.  Özdemir Mehmet. Endülüs Müslümanları (siyasi tahlil). Ankara: TDV yayınları, 1994

16.  Öztürk Levent. İslam Toplumunda Birarada Yaşama Tecrübesi. İstanbul: İnsan yayınlari, 1995.

17.  Jorga Nicolea. Geschichte des Osmanischen Reiches nach den Quellen dargestellt. Almaniya, 1908-1913, . V.

18.  Lea Henry Charles. İspanya Müslümanları: Hıristiyanlaştırılmaları ve Sürülmeleri. Trc. Abdullah Davudoğlu. İstanbul: İnkılab yayınları, 2006, 448 s.

19.  Rodrigo de Zayas. Endülüste Yüzbinlerce Müslüman Katledildi. Endülüsten İspanyaya. Trc. Celal Aydın. Ankara: TDV yayınları, 1996.

20.  Özdemir, Mehmet. İspanya Krallığının XVI. Yüzyılda Endülüs Müslümanlarım Hıristiyanlaştırma Politikası. Ankara, 1996, . XXXV, s. 243-284.

 

ʸ

 

 

, , . . XXI , , , , , . , . .

 

Konul Ahmadova

 

TRADITION OF COEXISTENCE IN THE ISLAM CULTURE

 

SUMMARY

It is an interesting topic whether the religions have an act on terror attack at the world or not. It is also interesting their contributions to world peace and living together. At the XXI century in which different culture, religion and race live together, peace, agreement and tolerance are important necessities among the groups that have different beliefs. It is possible that we can find excellent examples of coexisting in the Islamic history. The examples which we will deal with in this article provide us with good examples of Muslims living together with other members of belief alongside with some exceptional practices.