Dövlət idarəçiliyi. - 2017. - № 1. - S.127-133.

 

İSLAM HƏMRƏYLİYİ KONSEPSİYASININ ƏSASLARI VƏ İNKİŞAFI

 

Şirxan Adıgözəlov,

Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü,

hüquq elmləri doktoru

 

Müasir beynəlxalq münasibətlər sistemində islam dünyasının getdikcə daha təsirli rol oynadığı müşahidə olunmaqdadır. İslamın dünyada rolunun artmasının səbəbini hər şeydən öncə islama mənsub olan subyektlər ara­sında həmrəylik meyillərinin güclənməsi ilə izah etmək mümkündür. İslam dünyası daxilində təmasların davamlı olaraq genişlənməsi, əməkdaşlıq istiqamətlərinin şaxələndirilməsi, əsasən də mədəni inteqrasiyanın güclənməsi islam dünyasının birliyinin təmin olunmasının başlıca amilləri rolunda çıxış etməkdədir. İslam həmrəyliyinin vacib göstəricilərindən biri də ondan ibarətdir ki, o, bütöv halda dünya sosial-iqtisadi və siyasi həyatına inteqrasiya olunmağı hədəfləyibdir. Belə olan halda, islam dünyası nəinki ənənəvi mədəni irsini qoruyub saxlaya bilir, həmçinin onları daha da möhkəmləndirir. Qərb mənəvi dəyərlərinin ciddi təzyiqləri altında buna nail olmaq, təbii ki, olduqca çətindir. Qloballaşma prosesini və dünyada cərəyan edən digər prosesləri nəzərə alaraq, əminliklə qeyd edə bilərik ki, islam həmrəyliyi bütövlükdə islam dünyasının mövcudluğunun və inkişafının qarantı rolunda çıxış etməkdədir.

İslam həmrəyliyinin ideya və konsepsiya əsaslarının yaradılması və inkişafı məsələsi daim diqqət mərkəzində olmuşdur. Məsələn, panislamizm ideyası islam dünyasının birliyinin təmin olunmasını nəzərdə tuturdu. XIX əsrin ikinci yarısında dini-siyasi cərəyan kimi yaranan panislamizm müsəlman xalqlarının dini-siyasi ittifaqının yaradılmasını hərəkatına çevrilmişdir [3, s. 11]. Panislamizmin əsas ideyalarından biri də islamı yad təsirlərdən qorumaqdan ibarət olmuşdur. Məqsəd Quranın təsiri altında islam dünyasını vahid dini-siyasi bir qüvvəyə çevirməkdən ibarət idi. Həqiqətən, müsəlman dünyasında birliyin yaradılması tarixi zərurət kimi özünü büruzə verməkdədir. Panislamizm cərəyanın yaradıcılardan olan Əl-Əfqani müsəlman ölkələrini batmaqda olan gəmi ilə müqayisə edirdi. O, qeyd edirdi ki, batan gəminin sərnişinləri iki formada davrana bilərlər: ya batan gəmini tərk etməlidirlər və hər kəs yalnızca özü haqqında düşünməlidir, ya da birgə gəmini xilas etməlidirlər. Bu mənada hər bir həqiqi müsəlman islam gəmisini xilas etməyə çalışmalıdır [3, s.11]. İslam həmrəyliyi hər şeydən öncə müsəlman dünyasının xilasına yönəlmişdir. İslam həmrəyliyinin təmin edilməsinin vacibliyini şərtləndirən coğrafi amildir. Belə ki, islam ölkələri böyük coğrafi əraziyə səpələnmişlər və müsəlmanların dünya üzrə ümumi sayı bir milyarddan artıqdır. Müsəlman ölkələrin geniş coğrafiyaya səpələnməsi onların biri-birilərindən müəyyən mənada aralı düşməsinə gətirib çıxarmışdır. Bu baxımdan, dünya müsəlmanlarının bir araya gələcəyi hər hansı bir platformanın təqdim edilməsi olduqca vacibdir. Bu məqamda xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası islam əməkdaşlığının genişləndirilməsi üçün daim yeni-yeni platformalar təqdim edir. Məsələn, 2017-ci il martın 15-də Bakıda «İslam həmrəyliyi - zamanın çağırışı» mövzusunda beynəlxalq konfrans təşkil edilmişdir [7]. Bakıda belə bir mötəbər tədbirin təşkil olunması bir daha sübut etmişdir ki, Azərbaycan bu gün islam həmrəyliyinin etalonu rolunda çıxış etməkdədir. Bununla yanaşı, konfransda aparılan müzakirələr, dialoqlar dinlərarası və beynəlxalq münasibətlərdə həmrəyliyin təmin [səh.127-128] olunmasının vacibliyinə dəlalət etmişlər. Azərbaycan islam həmrəyliyinə çağırış etməklə bərabər bütövlükdə dünyanı həmrəyliyə, birliyə çağırır.

Ümumiyyətlə, «islam dünyası» anlayışını bir çox hallarda şərti kimi səciyyələndirirlər. Bir qayda olaraq, bu anlayışla islamın hakim din olduğu ölkələr ifadə olunur. Həm də vurğulamaq lazımdır ki, islam dünyanın bir neçə ölçüsü vardır. Bu problemə həsr olunmuş əksər işlərdə mədəni yanaşma dominantlıq edir. Bu yanaşmaya uyğun olaraq ki, islam dünyası qlobal sivilizasiyanın bir hissəsini, islam dininin təsiri altında formalaşmış müəyyənləşdirici dəyərləri əhatə edir. İslam sivilizasiyasının təxmini sərhədləri Yaxın Şərqi, Şimali Afrikanı, Mərkəzi Asiyanı və Cənub və Cənub Şərqi Asiyanın müsəlman ölkələrini əhatə edir [2, s.2]. Bununla yanaşı, islam dünyasının ən azı üç ölçüsü haqqında danışmaq mümkündür. Bunları aşağıdakı kimi nəzərdən keçirmək mümkündür:

- coğrafi ölçü;

- demoqrafik ölçü;

- iqtisadi ölçü.

Coğrafi ölçü dedikdə, islam dövlətlərinin siyasi nəzarəti altında olan. Bu zaman, bir qayda olaraq, İslam Əməkdaşlıq Təşkilatı ölkələri nəzərdə tutulur. İƏT-ə üzv ölkələrin heç də hamısında müsəlmanlar üstünlük təşkil etmirlər. Lakin buna baxmayaraq, islam həmrəyliyi təşkilata üzv olan ölkələrin hər birinin siyasətinə ciddi təsir göstərir. Həmçinin qeyd etmək lazımdır ki, dünya müsəlmanlarının 20%-ə qədəri İƏT sərhədləri daxilində yaşamırlar. Pew Research Center mərkəzinin hesablamalarına görə dünyanın 49 dövlət-inzibati təsisatlarında əhalinin 50%-ə qədərini müsəlmanlar təşkil edirlər. Qeyd edək ki, burada təkcə tanınmış deyil, həm də tanınmamış qurumlar və ya ölkələr nəzərdə tutulur [6, s.34].

Demoqrafik ölçü dedikdə, islama etiqad edən dünya əhalisinin bir hissəsi nəzərdə tutulur. Hesab olunur ki, dünya əhalisinin təxmini olaraq 1/4-i islama etiqad edir.

İqtisadi ölçü dedikdə, ümumi şəkildə islam ölkələrinin iqtisadiyyatı nəzərdə tutulur. Yəni islam iqtisadiyyatı qanunları əsasında fəaliyyət göstərən dünya iqtisadiyyatının bir hissəsi nəzərdə tutulur. Əksər hallarda islamın özünün iqtisadi sisteminin mövcudluğu haqqında danışılır. Belə iqtisadi sistemin əsasında müəyyən səciyyəvi normalar dayanır. Hətta elmi ədəbiyyatlarda «iqtisadi inkişafın islam modeli» anlayışına da tez-tez rast gəlinir [5, s. 18]. İqtisadi inkişafın islam modelinin səciyyəvi cəhəti ondan ibarətdir ki, etik dəyərlər maddi rifah üzərində əhəmiyyətli üstünlüyə malikdirlər. Bəzi islam ölkələri dövlət səviyyəsində öz təsərrüfat sistemlərini tam islami qanunlar əsasında idarə etməkdədirlər. Belə ölkələrə İran, Sudan, Pakistan aid edilə bilər. Lakin islam amili bütün islam ölkələrinin iqtisadi inkişaflarına nəzərəçarpacaq təsir göstərir. İqtisadiyyatın islam normaları bank sektorunda və müsəlmanların yaşadıqları bütün ölkələrin kiçik sahibkarlığında tətbiq olunur. Qeyd etmək olar ki, bütün islam dünyasına mənsub olan ölkələrdə identik normaların mövcud olması elə islam həmrəyliyinin, ümumi dəyərlərin mövcudluğu əlamətləridir. İslam ölkələri arasında təmasların sıxlaşması həmrəyliyinin möhkəmlənməsi və müvafiq olaraq ümumi qayda və normaların yayılması baxımından təsirli rol oynayır.

Ümumiyyətlə, dünya təcrübəsi həmişə sübut edir ki, insanlar arasında həmrəyliyin təmin olunmasında din amili ən təsirli vasitə rolunda çıxış edir. Mövcud lüğətlərə istinad edərək, qeyd edə bilərik ki, həmrəylik dedikdə, mövqe, fikir yaxınlığı, birgə qərarlar və fəaliyyət üçün qarşılıqlı məsuliyyət hissinin mövcudluğu başa düşülür. Təbii ki, ümumi maraqların olması əsas şərtlərdən biridir. Məhz ümumi maraqlar qarşılıqlı məsuliyyət hissini və dəstəyi təmin edir. Bütün dünya miqyasında həmrəyliyin olması üçün ümumi əsaslar tələb olunur. Belə ümumi əsaslar olmadan hər hansı bir həmrəylikdən danışmaq qeyri-mümkündür. Ümumiyyətlə isə, belə qlobal miqyasda həmrəyliyin təmin edilməsi qeyri-mümkündür. Belə ki, ən azından dünya əhalisi müxtəlif mədəniyyətlərin daşıyıcısıdır və fərqli dinlərə mənsubdur. Təbii ki, insanlar müəyyən əsasların [səh.128-129] yaradılması yolu ilə müəyyən səviyyədə qlobal həmrəyliyə nail olmağa çalışırlar. Məsələn, bütün dünya əhalisinin qeyd etdiyi xüsusi və ya bayram günlərinin müəyyən edilməsini nümunə göstərmək olar. Həmrəylik üçün ümumi əsaslar islam çərçivəsində daha aydın müşahidə olunmaqdadır. Ümumiyyətlə isə, hamı tərəfindən dəstəklənən fikir ondan ibarətdir ki, insanları ən effektiv birləşdirən, onların qarşılıqlı məsuliyyət hissini təmin edən əsas vasitə dindir [8]. Məsələn, islam dini bu gün dünya əhalisinin əhəmiyyətli hissəsində birliyi, həmrəyliyi, deməli, müvafiq olaraq, qarşılıqlı məsuliyyət hissini formalaşdırmışdır. Lakin, təbii ki, o da aydındır ki, islam dünyasının özündə də tam həmrəylik mövcud deyildir. Ümumi əsas elə islam dininin özüdür. Lakin buna baxmayaraq, islam dini tərkibində müəyyən cərəyanların mövcudluğu həmrəyliyin möhkəmliyinə ciddi zərbə vurur. Bununla yanaşı, islam dünyasının aparıcı dövlətləri müsəlmanlar arasında həmrəyliyin təmin olunması və möhkəmlənməsi üçün konseptual əsaslar yaradaraq, onu təbliğ edirlər, müvafiq istiqamətdə kompleks fəaliyyət həyata keçirirlər, qarşılıqlı məsuliyyətin formalaşmasına ciddi təsir edəcək nümunə təqdim edirlər. Məsələn, Azərbaycan Respublikasını ən uğurlu nümunə kimi nəzərdən keçirmək mümkündür. Bu gün tam əminliklə vurğulaya bilərik ki, Azərbaycan dövləti islam həmrəyliyinin əsas təşəbbüskarı rolunda çıxış etməkdədir. Əhalisinin 90%-nin müsəlman olduğu Azərbaycan Respublikası islam dünyası daxilində hər cür qütbləşmənin qarşısının alınması, müsəlmanların ümumi məqsəd və maraqlarının yaranması və qorunması və s. istiqamətdə mütərəqqi təşəbbüslərlə çıxış edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda «İslam Həmrəyliyi İli» elan edilməsi haqqında sərəncam imzalanması islam dünyasında həmrəyliyə və birliyə təsirli bir çağırışdır [9]. İslam dini daxilində, islam ölkələrində qarşıdurmaların, ziddiyyətlərin aradan qaldırılması, islam həmrəyliyinin mahiyyətim dərk edilməsi və onun təmin olunması üçün səylər səfərbər olunması istiqamətində bütün mümkün vasitələrdən istifadə etməkdədir. İslam həmrəyliyi təkcə islam dini daxilində deyil, ümumiyyətlə, dünya dinləri arasında münasibətlərin sağlamlaşdırılmasını əsas məqsədlərdən biri kimi nəzərdən tutur və Azərbaycan Respublikası bu istiqamətdə özünün unikal modelini təqdim edir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasında 2016-cı ildə «multikulturalizm ili»nin elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti ilham Əliyev tərəfindən sərancam imzalanması dünyaya bir çağırış kimi qiymətləndirilməlidir [1, s.3]. Müasir dünyamızda cəmiyyətlərin təhlükəsizliyinin, stabil inkişafının əsas şərtlərindən biri rolunda məhz mədəniyyətlər və dinlərarası dialoq çıxış etməkdədir. Hazırda dünya miqyasında multikultural dəyərlər ciddi deqradasiyaya uğramaqdadır. Lakin Azərbaycanda vəziyyət tamam fərqlidir. Ölkəmizdə müxtəlif mədəniyyətlərin daşıyıcılarının və dinlərin nümayəndələrinin dinc yanaşı mövcud olmaları və fəaliyyət göstərmələri üçün bütün şərtlər mövcuddur. Azərbaycanın təqdim etdiyi multikulturalizm modeli dünya dövlətlərinin və xalqlarının diqqətini cəlb etməkdədir. Belə ki, Azərbaycan Respublikası öz nümunəsində göstərir ki, fərqli mədəniyyətlərə və dinlərə mənsub olan insanların dostluq və mehribançılıq şəraitində birgə yaşayıb yaratmaqları tam mümkündür və bu inkişafa ciddi töhfə verir. Müvafiq olaraq, islam dünyasında həmrəyliyin möhkəmləndirilməsi üçün Azərbaycan öz konsepsiyasını rəhbər tutur və bu konsepsiyaya müvafiq olaraq fəaliyyətini genişləndirir.

Qeyd edək ki, Azərbaycanda 2017-ci ilin «İslam Həmrəyliyi İli» elan edilməsi islam dünyası ilə yanaşı, həm də xristian dünyasına və digər bütün dinlərə çağırış kimi dəyərləndirilməlidir. Bunu, ən əsası, həm də islam dininin əsl mahiyyətinin dərk etdirilməsi, dünyaya çatdırılması cəhdi kimi də qiymətləndirmək lazımdır. Azərbaycan öz nümunəsində sübut edir ki, islam dini sülh və əməkdaşlıq dinidir. Ölkəmizin də yaxından səyləri sayəsində islam həmrəyliyinin əldə edilməsi bütövlükdə qlobal təhlükəsizlik üçün böyük töhfədir. Bu baxımdan, [səh.129-130] bir daha qeyd edə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin islam həmrəyliyinin möhkəmləndirilməsi, ziddiyyətlərin aradan qaldırılması və ümumiyyətlə, mədəniyyətlər və dinlərarası dialoqun təmin edilməsi ilə bağlı təşəbbüsləri təkcə Azərbaycan üçün, islam dünyası üçün deyil, bütövlükdə bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev islam həmrəyliyinin əhəmiyyətinə işarə edərək demişdir: «Azərbaycan İslam aləminin bir parçasıdır. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal iş aparırıq. Bu təşkilatın xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir. Biz İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində öz töhfəmizi veririk. Əlbəttə ki, beynəlxalq arenada, xüsusilə BMT-də müsəlman ölkələrinin dəstəyi çox əhəmiyyətlidir. Bu qarşılıqlı dəstək artıq bir reallığa çevrilibdir. Əlbəttə ki, bu, bizi daha da gücləndirir. Bizim müsəlman ölkələri ilə tarixi əlaqələrimiz vardır. Bu əlaqələr bu gün yeni müstəviyə qalxıbdır. Ona görə bundan sonrakı illərdə də müsəlman ölkələri ilə əlaqələr daim inkişafda olmalıdır. Burada, əlbəttə ki, müxtəlif variantlar mümkündür. Siyasi əlaqələr, təbii ki, çox yüksək səviyyədədir. Biz iqtisadi sahədə fəaliyyəti gərək bir az artıraq. Buna imkan vardır. Azərbaycan investisiyalarını müsəlman ölkələrinə qoymaqla biz iqtisadi sahədə də vəziyyəti yaxşılaşdıra bilərik» [10].

Göründüyü kimi, islam həmrəyliyinin gücləndirilməsi sahəsində Azərbaycan əsas təşəbbüskar rolunu öz üzərinə götürmüşdür. 2017-ci ilin mayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 57 islam ölkəsindən 6 minə qədər idmançının iştirakı gözlənilir. Bu, islam həmrəyliyinin güclənməsində Azərbaycanın kifayət qədər təsirli yeni töhfəsi olacaqdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan bundan öncə I Bakı Avropa Oyunlarım uğurlu təşkil etmişdir.

Ümumiyyətlə, islam həmrəyliyinin əsasında islam dünyasının birliyinin təmin olunması, onun ayrıca müstəqil siyasi formasının yaradılması ideyası dayanır. Bu baxımdan, əksər hallarda islam həmrəyliyi ümumislam konsolidasiyası üçün siyasi hərəkat kimi nəzərdən keçirilir. Azərbaycan dövləti də daxil olmaqla, islam həmrəyliyinin təşəbbüskarları və tərəfdarları müsəlman dünyasında sıx inteqrasiyanın vacibliyini qeyd edirlər. Burada inteqrasiyanın bütün modellərindən bəhs olunur. Yəni islam ölkələri arasında mədəni, iqtisadi, siyasi və hərbi inteqrasiya ümumilikdə islam həmrəyliyi ideyasının reallaşdırılmasının məntiqi nəticəsi kimi nəzərdən keçirilir [4]. Müasir mərhələdə islam həmrəyliyinin müşahidə olunan əsas cəhətlərindən biri müəyyən situasiyalarda müsəlman ölkələri arasında qarşılıqlı yardım ənənəsinin möhkəmlənməsidir. Azərbaycan yenə də ən uğurlu nümunə kimi qeyd oluna bilər. Bildiyimiz kimi, Azərbaycan dövləti, ölkədə fəaliyyət göstərən ictimai təşkilatlar islam ölkələrində problemli vəziyyətlərin aradan qaldırılması prosesində yaxından iştirak edirlər. Bu mənada Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Məsələn, 2005-ci ilin oktyabr ayında Pakistanda baş vermiş zəlzələ nəticəsində Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar məktəbi ziyan zərər çəkərək demək olar ki, yararsız hala düşmüşdür. Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb tamamilə yenidən inşa edilərək istifadəyə verilmişdir [11]. Bundan başqa, Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir sıra digər humanitar layihələr də həyata keçirilmişdir. Göründüyü kimi, bu addım islam həmrəyliyinin möhkəmləndirilməsində Azərbaycanın ciddi töhfəsinin göstəricisidir. İslam mədəniyyətinin təbliğatı, mədəni irsin qorunması istiqamətində də Heydər Əliyev Fondu tərəfindən intensiv addımlar atılmaqdadır. Bu mənada, UNESCO və ISESCO çərçivəsində Fondun əməkdaşlığını xüsusi qeyd etmək lazımdır.

İslam həmrəyliyinin gücləndirilməsinə olan tələbat davamlı olaraq artmaqdadır. Çünki müasir dövrümüzdə islam sürətlə bütün dünyaya yayılmaqda olan yeganə dindir. Təkcə Yaxın Şərqdə deyil, həm də Şimali Afrikada, postsovet ölkələrində, Hindistanda, Çinin qərbində, bir sözlə, harada müsəlmanlar yaşayırsa orda ciddi siyasi qüvvəyə çevrilmişdir. İnkişaf [səh.130-131] etmiş ölkələrdə islamın daha sürətlə yayılması müşahidə olunmaqdadır. Əksər hallarda müsəlmanların sayının sürətlə artması Avropa ölkələrində birmənalı qarşılanmır və antisemitizm əhvali-ruhiyyəsi güclənir. Avropa və Amerikada hesab edirlər ki, müsəlmanlar cəmiyyətdə inteqrasiya etmək istəmirlər və yalnız öz qanunları ilə yaşamağa üstünlük verirlər. Əslində bu, əksər hallarda müsəlman əhalinin sayının artmasına münasibətdə nümayiş etdirilən reaksiya formasıdır. İslam haqqında yanlış stereotiplərin aradan qaldırılması, islamın barışıq və sülh dini olduğunu təbliğ etmək üçün birgə səylərin gücləndirilməsi tələb olunur. Təbii ki, bunun üçün hər şeydən öncə islam həmrəyliyinin gücləndirilməsini şərtləndirəcək kompleks addımların atılması tələb olunur. Bir sıra islam ölkələri öz nümunələrində sübut edirlər ki, islam dini demokratik və dünyəvi dövlətdə mövcud ola və inkişafı şərtləndirə bilər. Məsələn, Azərbaycan və Türkiyə öz simalarında uğurlu nümunə təqdim edirlər. Bildiyimiz kimi, hər iki ölkədə siyasi plüralizm və bazar iqtisadiyyatı davamlı olaraq genişlənməkdədir və onlarda qərb demokratik dəyərlərinə böyük həssaslıq mövcuddur. Həm Azərbaycan, həm də Türkiyə Avropa strukturlarına sıx inteqrasiyada maraqlı olduqlarını aydın nümayiş etdirirlər. Buna baxmayaraq, uzun illərdir Türkiyənin Avropa İttifaqına qəbul olunmaması göstərir ki, Avropanın özü inteqrasiyam müəyyən çərçivədə saxlamaqda israrlıdır. Azərbaycan Respublikası isə, yenə də Avropaya özünü bir nümunə kimi təqdim edir. Sıralarında islam ölkəsini görməyə hazır olmayan Avropa Azərbaycana örnək kimi baxa bilər. Belə ki, dinlərarası dialoqun ən uğurlu platformasını yaratmışdır. Hazırkı mərhələdə Azərbaycan xristian Avropası ilə müsəlman Şərqi arasında bir kommunikator rolunu oynamaqdadır. Məsələn, nümunə kimi qeyd edə bilərik ki, 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə Bakıda İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası ölkələrinin xarici işlər nazirlərinin ilk birgə toplantısı keçirilmişdir. «Bakı prosesi» adını alan bu proses artıq bütün dünya dövlətləri tərəfindən təqdir olunur. Azərbaycanın belə bir təşəbbüsünü həm də islam dininə yeni münasibətin formalaşdırılması istiqamətində unikal cəhd kimi də qiymətləndirmək mümkündür. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: «Əfsuslar olsun ki, Avropanın bəzi ölkələrində islamofobiyaya qarşı adekvat münasibət göstərilmir. Bəzi ölkələrdə antimüsəlman meyilləri güclənir və aidiyyəti dövlət qurumları adekvat tədbirləri görmürlər. Biz öz tərəfimizdən çalışırıq ki, İslam mədəniyyəti, dini, tarixi haqqında Avropa ictimaiyyətini geniş şəkildə məlumatlandıraq, göstərək ki, İslam sülh, mərhəmət dinidir» [10].

Beləliklə, təhlillərimizi yekunlaşdıraraq, belə nəticəyə gələ bilərik ki, müasir mərhələdə interqasiya prosesində və əməkdaşlığın genişləndirilməsində din amilinin kifayət qədər təsirli rolu vardır. İslam dünyasında həmrəyliyinin təmin olunması həm müsəlman dünyasının mövcudluğu, həm də inkişafı baxımından olduqca vacib əhəmiyyət kəsb edir. Bütövlükdə islam dünyasında mövcud olan çoxsaylı münaqişələr, humanitar fəlakət vəziyyətləri, həmçinin islam dini daxilində qütbləşmələr həmrəyliyi zamanın tələbi kimi ortaya qoymuşdur. İslam həmrəyliyinin təmin olunmasının əsas təşəbbüskarlarından biri rolunda Azərbaycan Respublikası çıxış etməkdədir və bu istiqamətdə bütün imkanlardan yararlanaraq, islam ölkələri arasında müxtəlif sahələrdə inteqrasiyanın, əməkdaşlığın dərinləşdirilməsinə çalışır. Ümumiyyətlə, müəyyən problemlərin olmasına baxmayaraq, islam dünyasında inteqrasiya və əməkdaşlıq üçün əlverişli platformalar mövcuddur ki, bu da həmrəyliyin gücləndirilməsi üçün real zəmin yaradır. Belə platformaların əksəriyyətini Azərbaycan Respublikası təqdim edir. [səh.131-132]

 

Ədəbiyyat:

1.       Multikulturalizm Azərbaycanın həyat tərzidir: metodik tövsiyələr / tərt. ed.: M. Hacıyeva, N. Alışova; red. və burax, məsul K. Tahirov; M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası. Bakı, 2016, 59 s.

2.       Горохов C. Исламский мир: пространство, люди, экономическая мощь//Демос-KonWeekly, 2014, № 587 - 588, с. 2-18

3.       Жданов Н.В. Исламская концепция миропорядка. М.: Международные отношения, 2003, 568 с.

4.       Исламская солидарность// http://роnjatijа.ru/node/5599 (müraciət tarixi: 21.04.2017)

5.       Мельянцев В.А. Арабские страны: кризис модели развития // Азия и Африка сегодня. 2012. №5 (658), с. 16-28

6.       The Future Global Muslim Population. Projections for 2010-2030. Washington, D.C.: Pew Research Center’s Forum on Religion & Public Life, 2011. 209 p.

7.       http://azertag.az/ru/xeber/Na_provedennoi_v_Baku_mezhdunarodnoi_konferencii_na_temulslamskayasolidamost prizyvvremeniobsuzhdenyvazhnyevoprosy-1044089(müraciət tarixi:22.04.2017)

8.       http://old.islam.ru/content/obshestvo/solidamost (müraciət tarixi:22.04.2017)

9.       http://metbuat.az/news/608279/prezident-islam-hemreyliyi-ili-ile-bagli-serencam-imzaladi.html (müraciət tarixi:22.04.2017)

10.    http://www.xalqqazeti.com/az/news/politics/46526(müraciət tarixi:22.04.2017)

11.    http://heydar-aliyev-foundation.org/az/content/view/56/1460/A-Secondary-school-built-by-the-Heydar-Aliyev-Foundation-for-girls-in-Rara-Territory-of-Pakistan%E2%80%99s-Muzaffara-bad-City-was-opened/(müraciət tarixi: 22.04.2017)

 

Açar sözlər: din, islam həmrəyliyi, xristian, cəmiyyət, konsepsiya

 

Key words: religion, islamic solidarity, Christians, society, conseption

 

Ключевые слова: религия, исламская солидарность, христианин, общество, концепция

 

Shirkhan Adigozalov

Full Member of the International Academy

of Engineering, Doctor of Law

 

BASIS AND DEVELOPMENT OF THE CONCEPT OF ISLAMIC SOLIDARITY

 

SUMMARY

The scientific article notes that Islamic world plays a significant role in the current system of international relations. Solidarity in the Islamic world increases the activity of Islamic countries at the global level and enhance the cooperation and cultural ties.

The article explains that the essence of Islamic solidarity lies is consolidation of Islamic states for the realization and protection of common interests. However, there are also deep ideological contradictions and unresolved conflicts in the Islamic world that are calling for stronger Islamic solidarity.

The article also explores the important role of the Republic of Azerbaijan in providing Islamic solidarity, since it initiates strengthening Islamic solidarity and represents new platforms for cooperation of Islamic states. [səh.132-133]

 

Ширхан Адыгезалов

Действительный член Международной Инженерной

Академии, доктор юридических наук

 

ОСНОВЫ И РАЗВИТИЕ КОНЦЕПЦИИ ИСЛАМСКОЙ СОЛИДАРНОСТИ

 

РЕЗЮМЕ

В научной статье отмечается, что в современной системе международных отношений исламский мир играет более ощутимую роль. Солидарность в исламском мире повышает активность исламских государств на глобальном уровне. Здесь наблюдаются расширение сотрудничества, культурные связи. Все это сказывается на состоянии исламской солидарности. В статье объясняется суть исламской солидарности, которая состоит в объединении исламских государств для реализации и защиты общих интересов. Также обосновывается, что существуют глубокие противоречия в исламском мире. Существующие неразрешенные конфликты, идеологические противоречия в исламском мире призывают к более сильной исламской солидарности.

В работе также рассматривается важная роль Азербайджанской Республики в обеспечении исламской солидарности. Обосновывается, что Азербайджан выступает в роли инициатора в усилении исламской солидарности и представляет новые платформы для сотрудничества исламских государств. Все эти и другие моменты подробно рассматриваются в представленной научной статье.