Poetika.izm. - 2017. - 3. - S.109-119.

 

DƏDƏ QORQUD ŞEİRİ VƏ MÜASİR POEZİYA

 

Nizami Muradoğlu,

Filologiya üzrə fəlsəfə doktoru, dosent Folklor İnstitutu

nizamimmad@gmail.com

 

Açar sözlər: Kitabi-Dədə Qorqud, dastan, şair, şeir, vəzn, sərbəst

Key words: the Book of Dede Gorgud, epos, poet, poem, rythm, free

: - , , , , ,

 

Türk təfəkkürünün poetik ifadəsi olan Dədə Qorqud şeirləri ilk nümunələrdən hesab edilir. Bəzi alimlər bu şeirləri Mahmud Kaşqarinin Divani-lüğət-it türk, Yusif Balasaqunlunun Qutadqu-bilik kitabında verilən şeirlər ilə müqayisə etsələr də, adətən birmənalı şəkildə Dədə Qorqud şeirlərinin daha qədim olduğunu qəbul edirlər. Hətta bir qrup alimlər Kitabi-Dədə Qorqud dastanlarının bütünlüklə nəzmlə yazıldığını iddia edirlər.

Akademik T. Hacıyev Bir daha Dədə Qorqud kitabının şeiri haqqında məqaləsində birmənalı şəkildə dastanın bütünlüklə şeir şəklində yazıldığını vurğulayır. Dədə Qorqud kitabı mətninin mənzum, ya mənsur olmasını hələ də mübahisə müstəvisinə çıxaranlar var. Bizim şəxsi qənaətimizə görə, Kitab şeir şəklində yaranmışdır. Türk folklor şeiri ilə və orta əsrlər türk şeir nümunələri ilə dəfələrlə apardığımız müqayisələr nəticəsində bu qənaətimizdə sabitləşmişik. Hələ XX əsrin 70-ci illərinin əvvəllərində Azərbaycan ədəbi dili tarixi kitabında o vaxta qədərki naşirlərin çaplarında nəsrlə verilmiş cümlələri şeir misraları ilə düzmüşdük. Nümunələrdə qədim türk şeirinin heca, qafiyə, alliterasiya əlamətləri aşkar görünürdü [1, s. 274].

Tədqiqatçı daha sonra dastanın Dirsə xan oqlı Buğac xan boyını bəyan edər, xanım hey!.. boyundan nəsrlə verilmiş bir parçanı şeir şəklində düzüb fikrini əsaslandırmağa çalışıbdı T. Hacıyevin israrla birmənalı şəkildə dastanın bütünlüklə nəzmlə yazıldığı haqqında dediyi fikir isə bəzi tədqiqatçılar tərəfindən birmənalı qarşılanmır. Azərbaycan dastançılıq ənənəsində əsasən söyləmələrin ikili xüsusiyyətləri nəzəri cəlb etməkdədir. İstənilən bir dastanı, məsələn, Koroğlu, Tahir və Zöhrə, Aşıq Qərib, Əsli və Kərəm olsun, götürüb nəzərdən keçirdikdə təhkiyənin hər iki variantından istifadə edildiyi qarşımıza çıxır. [səh.109-110]

Tədqiqatçı Kamil Vəli Nərimanoğlu dastanın nəzmlə yazılmasına münasibətini bildirərkən qətiyyətli mövqe nümayiş etdirir: Dədə Qorqud boylarının vaxtilə şeir olması fikri fərziyyədir. Mövcud mətndə yalnız səcli nəsrdən və ya özünəməxsus Qorqud şeirindən söhbət gedə bilər. Müasir ağ şeir, sərbəst şeir anlayışından fərqli olaraq bu şeir öz poetik ölçüləri olan (ritm, ahəng, vurğu, qafiyə, alliterasiya...) şeirdir. Öz ifadə məzmun planı, müstəvisi olan Dədə Qorqud şeiri yalnız Bilqamıs, İncil, Avesta, Quran ilə tipoloji müqayisəyə gələn nadir söz sənəti örnəyidir [2].

Kitabi-Dədə Qorqud eposunun yazılış tərzi haqqında olan müxtəlif fikirlərə prof. Kamran Əliyev münasibət bildirmişdir. Tədqiqatçı qeyd edir ki, Kitabi-Dədə Qorqudun Vatikan və Drezden nüsxələrində mətn ardıcıl formadadır, yəni həmin mətnlərdə nəsr və şeir bir-birindən ayrılmamışdır. Sonralar isə eposu nəşr və tədqiq edən O.Ş. Gökyay, M. Ergin, H. Araslı, F. Zeynalov və S. Əlizadə mətndəki şeir və nəsri ayırmışlar.

Dədə Qorqud eposundakı şeirdən bəhs edən tədqiqatçılar isə məhz mətndən şeir kimi seçilib aynlmış, açıqca fərqləndirilmiş nümunələrə istinad etmişlər. Həmin alimlərdən İ.V. Stebleva, X. Koroğlu, T. Hacıyev, K. Vəliyev, K. Abdullayev, P. Xəlilov və başqaları eposdakı şeirin məzmun və mahiyyətinə, poetik xüsusiyyətlərinə xeyli aydınlıq gətirmişlər [3, s. 6].

Lakin T. Hacıyevin dediklərində müəyyən həqiqətlər də var. Belə ki, dastanın şeir vəzni yazıldığı zaman üçün tam formalaşma mərhələsini keçmədiyinə və daha çox sərbəst vəznin prinsiplərinə uyğun gəldiyinə görə bəzən katiblər nəzmlə olan hissələri də səhvən nəsrlə köçürüblər və yaxud sonrakı tədqiqatçılar nəzmlə nəsri ayırarkən diqqətsizliyə yol veriblər. Belə ki, Baybörənin oğlu Bamsı Beyrək boyunda Beyrək əsir düşəndən sonra bacılarının, nişanlısı Banuçiçəyin söyləmələri nəsrlə verilmişdir. Diqqət etdikdə həmin hissələrin şeir parçaları olduğu şəksiz qəbul edilməkdədir.

 

Vay, göz açub gördigim!

Könül verib sevdigim!

Vay, al duvağım iyəsil

Vay, alnum-başım umudı,

Xan Beyrək! [4, s. 58]

 

Tədqiqatçı professor Tərlan Quliyev Dədə Qorqud şeirində qafiyə məqaləsində qeyd edir ki, türkdilli şeirin qədim dövrünün xüsusiyyətlərini hələlik geniş şəkildə iki əsərdə olan şeir parçaları - yazılı şəkildə bizə gəlib çatan Dədə Qorqud dastanlarında və Mahmud Kaşqarinin [səh.110-111] Divani lüğat-it türk əsərində olan şeir parçaları səciyyələndirir [5, s.47]. Tədqiqatçının fikrincə dastanda verilən şeir parçaları ilkin yaradılmış nümunələr olub, ən azı Mahmud Kaşqarinin Divani lüğat-it türk toplusunda verilən şeirlərdən 1000-1500 il qabaq yaradılmış parçalardır.

Professor Məmməd Əliyev dünya qorqudşünaslarının, xüsusilə də V.V. Radlov, T. Kovalski, A.M. Şerbak, V.M. Jirmunski, Y. D. Polivanov, G. Dorfer, İ.V. Stebleva və b.-nın türk şeiri haqqında mülahizələrini nəzərdən keçirərək yazır: Dədə Qorqud şeirləri sərbəstlikdən xali olmamışdır. Çox cəsarətlə demək lazımdır ki, bu sərbəstliyin özündə belə yüksək melodizm və ahəng vardır. Bəzən bu sərbəstlik bir neçə mövqedən izah edilir:

a)       nəsrdən nəzmə keçidlə bağlı;

b)      qopuz musiqisinin tələbi ilə;

c)       nəzmlənmiş nəsr xüsusiyyəti kimi.

Bütün bunlara baxmayaraq Dədə Qorqud şeirlərinin ahəng və harmoniyasının əsasında ana dilimizin xüsusiyyətləri, bu dilin iltisaqi dil qanunlarına əsaslanan normaları və şeiriyyət sirləri durur [6, s. 18].

Eyni zamanda qeyd etməyi vacib bilirik ki, bu tədqiqatçı alimlərin qənaətinə görə Dədə Qorqud şeirlərinin bəzi hissələri heca vəzninin yaranmasının başlanğıc elementlərini özündə ehtiva edir. İlk qafiyələnmə və bölgü sisteminə keçid mərhələsi də Dədə Qorqud şeirlərində baş verir.

Biz də müəlliflərin bu fikrinə şərik olaraq, Dədə Qorqud şeirlərinin daha qədimliyini qəbul edirik. Qənaətimiz belədir ki, Kitabi-Dədə Qorqud eposunun şeir strukturunda heca vəzninin müəyyən ilkin elementlərinə təsadüf edilməsinə baxmayaraq, vəzn sərbəst olub, axıcıdır, yadda qalandır və nəzm parçası kimi qələmə alındığı zaman türk poetik təfəkküründə formalaşma prosesi getdiyi mərhələni əks etdirir. Bu da öz növbəsində dastanın təqribən 1300 il bundan qabaq yaranması haqqında müəyyən fikirlər formalaşmasına baxmayaraq, daha qədim variantlarının olması barədə rəy söyləməyə imkan yaradır.

Laszlo Rasoninin Tarixdə türklük məqaləsində rastlaşdığımız bir məqamda qeyd olunur ki, Kaşğaridəki bir türkü (IH.309) ritm və mənaya sadiq qalmaqla aşağıdakı kimi tərcümə edilə bilər:

 

Yelkin bulup barduki

Könlüm ağlar bağlayu,

Keldim erinç kalguka

İşım udhu yıglayul.

(Sevgilim) qonaq olub getdi, halbuki

Gönlümü ona bağladım,

Qayğılanım,

İşim arxasından ağlamaq oldu.

Etil suvı aka turur,

Kaya tübi kaka turur,

Balık telim baka turur,

Kölüng takı küşerür2.

İdil suyu axar, durar,

Qayaların dibin döyər, durar,

Bol balıqlar baxar, durar,

Göllər də daşar. [səh.111-112]

 

Birincinin vəzn şəkli 2+2+3; 2+2+3; 2+2+3; 2+2+3, ikincininki isə 2+2+2+2; 2+2+2+2; 2+2+2+2; 2+2+3. Xalq ədəbiyyatının ümumilikdə mühafizəkar olduğunu və əsrlər boyunca çox az dəyişdiyini nəzərə alsaq, XI əsrdən əvvəlki ən qədim çağlarda da xalq şeirinin yuxarıda göstərilən şəkildə olduğunu iddia edə bilərik [7, s. 120].

Aydın görünür ki, XI əsrə qədər olan dövrdə, yəni ən azı IV-V əsrlərdə türk xalq şeiri heca vəznində formalaşmışdır. Belə olan təqdirdə KDQ şeirlərinin yaşını eramızdan əvvəlki I-II minilliklərdə axtarmaq lazımdır.

Dastanın ayn-ayn boylarının, xüsusilə də Basatın Təpəgözü öldürməsi boyunun alman şərqşünası Fridrix Ditsin miladdan əvvəl yaranması haqqındakı qənaətini qiymətləndirən akademik İsa Həbibbəyli yazır: - ...Nəzərə alınmalıdır ki, kamil dastan şəkli alana qədər Dədə Qorqudun ayrı-ayrı boyları xalq arasında bir neçə əsr əvvəl doğulmuş, dildən-dilə keçmişdir. Dastanların yaranma təcrübəsinə əsasən müxtəlif boylardakı süjetlərin formalaşması tarixi bütövlükdə dastanın özünün meydana çıxma tarixindən qədim olmalıdır. Hələ burası da var ki, süjet, boy, dastan yaratmaq səviyyəsinə gəlib çatana qədər hər hansı bir xalq müəyyən bir çoxəsrlik inkişaf yolu keçməlidir. Şübhəsiz ki, Dədə Qorqud dastanı boylan və süjetlərinin də tarixi dastanın özündən qədim olmalıdır. Həmin boylan və süjetləri qoşub düzən xalqın tarixi isə daha qədimdir [8, s. 11].

Akademik İsa Həbibbəylinin bu fikrinin davamı olaraq dastanın daha qədim variantlarının olması haqqında yekdil rəyin formalaşmasında AMEA-nın müxbir üzvü M. Kazımoğlunun Eposda tarixilik məqaləsindəki maraqlı qənaətindən bir hissəni iqtibas edək:

...Eposda Qorqud atanın yaşlı bir qoca kimi təqdim edilməsi Oğuz igidlərinin at çapıb, qılınc oynatdığı ulu keçmişə kifayət qədər uzun bir zamana şahid şəxsin gözü ilə baxmaq imkanı yaradır: Dədəm Qorqud boy boyladı, soy soyladı, bu oğuznaməyi düzdü-qoşdu, böylə dedi: [səh.112-113]

 

Anlar dəxi bu dünyaya gəldi, keçdi,

Karvan kibi qondu, köçdü

 

Birinci boyun sonundan götürdüyümüz bu parça göstərir ki, Dədə Qorqud həm Bayandır xan və Dirsə xandan, həm də özünün ad verdiyi Buğacdan məhz keçmiş zamanın qəhrəmanları kimi danışır:

 

İmdi qanı dedügim bəg ərənləri?

Dünya mənim deyənlər!

Əcəl aldı, yer gizlədi,

Fani dünya kimə qaldı? [9, s. 43]

 

Burada diqqət ediləsi bir xüsusiyyət də ortaya çıxır. Dastanı söyləyən üçüncü şəxsin deyilişindən belə çıxır ki, Dədə Qorqud özü də əksər vaxt keçmiş zamanda baş verən hadisələrdən danışır. Belə məlum olur ki, Dədə Qorqud bəzi hadisələri özündən əvvəlki söyləyicilərdən eşidib, yaxud da Dədə özü mifoloji obraz olaraq Xızır peyğəmbər kimi müxtəlif zamanlarda peyda olub hadisələrə münasibət bildirir. Hər iki halda dastanda baş verən hadisələrin eramızdan əvvəllərə gedib çıxdığı gün kimi aydındır.

Maraqlısı odur ki, bu qədər qədimliyə baxmayaraq, dastanda verilən şeir parçalarında olan ahəngdarlıq, şirinlik, bənzətmələr müasir şairlərin diqqətini çəkərək bu formanın yazılı ədəbiyyata gətirilməsinə vəsilə olmuşdur. Bu şeirlərin mənəvi və poetik ruhu soykökə qayıdış, tarixə, xalq ədəbiyyatına yaradıcı münasibətin poetik təzahürü kimi dəyərləndirilir, müasir poeziyada öz əksini tapır.

Kitabi-Dədə Qorqudun poetik ruhundan faydalanıb yaradıcılığında əxz edən müasir şairlərimizdən biri Abbas Abdulladır. Şairin Sonsuzluğa gedən karvan şeirindən aşağıda verilən parçaya nəzər yetirək:

 

Məzar dedim, məzarları əkildi,

Ağban-ağban sarayları söküldü,

Yağı gəlib torpağına təpildi,

Hara gedir, hara gedir bu karvan? [10, s. 4]

 

Göründüyü kimi, Kitabi-Dədə Qorqudun poetik ruhu A. Abdulla şeirinin poetik ruhuna olduğu kimi hopmuşdur. A. Abdulla folklorun o qatından gəlir ki, orada şeir təfəkkürü ilə nəsr təfəkkürü arasında differensiya hələ yoxdur. Emosiya var, onun ifadəsi var, - şeir ladı ilə nəsr ladı birlikdə çıxış edir, Kitabi-Dədə Qorquddakı kimi... Eyni zamanda A. Abdullanın poetik təfəkkürü folklor ifadə tərzini rəng, çalar, stilizasiya [səh.113-114] kimi yox bütün məntiqi ilə qəbul edir. Hətta bəzi hallarda A. Abdulla sanki bilavasitə folklor yaradıcısıdır...

 

Uzundur həyatın sual-sorğusu,

Varmı islanmışın sudan qorxusu?

Lüt gələn lüt gedir, budur doğrusu [11].

 

Buna bənzər hala Xəlil Rza Ulutürkün yaradıcılığında da rast gəlirik. Şairin Yox mən qaça bilməzdim [12, s. 188] şeirində Kitabi-Dədə Qorquddan gələn eyni poetik ruha nümunədə diqqət verək:

 

Qarşı yatan şiş dağları

Səndən sonra mən neylərəm?

Yaylayarsam, qəbrim olsun.

Soyuq-soyuq bulaqları

Səndən sonra mən neylərəm?

İçərsəm, zəhərim olsun!

Tövlə-tövlə köhlənləri

Səndən sonra mən neylərəm?

Minərsəm tabutum olsun!

Sonuncu sükutum olsun! [12, s. 188]

 

Filologiya elmləri doktoru, professor Bəkir Nəbiyev yazırdı: Şair (Xəlil Rza Ulutürk - N.M.) Azərbaycan folklorunu yaxşı bilmiş, Kitabi-Dədə Qorquddan Qaçaq Nəbiyə qədər dastanlarımızı, Xaqanidən, Nizamidən, Nəsimidən başlamış S. Vurğuna, M. Müşfiqə və R. Rzayadək klassik şerimizə dərindən bələd olmuşdur. Onun bədii yaradıcılığı zəngin milli və bəşəri qaynaqlara malikdir. Yox, mən qaça bilməzdim şeirində sevgilisi şəhid olmuş gəlinin ərinin xatirəsinə müraciətlə dediyi sözlər Kitabi-Dədə Qorqud dastanında Dəli Domrulun halalının dediklərini xatırladır [13, s. 12].

 

... Qarşu yatan qara tağları

Səndən sonra mən neylərəm?

Yaylar olsam, mənim görum olsun!

Souq-souq sularım içər olsam,

Mənim qanım olsun!

Altun-ağçan xərcləyür olsam,

Mənim kəfənim olsun! [4, s. 83].

 

Nüsrət Kəsəmənli də yaradıcılığında Kitabi-Dədə Qorqudun şeir dilindən yararlanmağa çalışmışdır. Şairin Niyə qayıtdın şeirinin başlığında Qaraca çoban xatırlanır, onun deyim tərzi şeirə gətirilir: [səh.114-115]

 

Qara-qara gecələr

Bir telirıcə gələrdimi?

Bəyaz-bəyaz buludlar

Ağ əlincə gələrdi mi?

Əlvan qövsi-quzehlər

Qaş-yayınca gələrdi mi?

Niyə getdin?... [14, s. 144]

 

Şeirin sonunda şair yenidən Qaraca çobanın dəst-xəttinə sadiq qalaraq yazır:

 

İndi dönüb üzü mənə

Nə ağlarsan, nə sızlarsan? [14, s. 145]...

 

Kitabi-Dədə Qorqud dastanının Salur Qazanın evinin yağmalandığı boyı bəyan edər hissəsində Qaraca çobanın kafirlərə dediyi sözlərə diqqət edək:

 

Altundağı alaca atun nə ögərsən?

Ala başlu keçimcə gəlməz mana.

Başındağı tulğulğanı nə ögərsən, mərə kafər?

Başımdağı börkümcə gəlməz mana! [4, s. 43]

 

Şair Vaqif Aslanın yaradıcılığında Kitabi-Dədə Qorqud dastanlarından mayalanma izləri açıq şəkildə hiss edilməkdədir. Oğuz bəylərinə və xatunlarına şair salamı və Dədə Qorqud silsiləsində olan şeirlərində şairin salam verdiyi oğuz bəyləri, xanımları Dədə Qorqud qəhrəmanlarıdır Bu qəhrəmanların yaşadıqları qızıl dirəkli, qızıl otaqlı ağ ban evlər oğuzların ailə, məişət şəraiti haqqında yetərincə məlumat verməklə yanaşı, onların xeyir-şərinin bir olması, çətinliklərə birgə sinə gərmələri, düşmənə qarşı birgə mübarizə aparmaları da işıqlandırılmışdır.

 

Salam, ağ ban evləri qızılı tağlı bəylər!

Qızıl dirəkli bəylər, qızıl otaqlı bəylər!

Toyu ortaqlı bəylər, yası ortaqlı bəylər!

Çoxu ortaqlı bəylər, azı ortaqlı bəylər!

Qışı ortaqlı bəylər, yazı ortaqlı bəylər!

Keçərək neçə qışdan, keçərək neçə yazdan

Dayanıb qarşınızda baş əyir Vaqif Aslan [15, s. 92].

 

Dədə Qorqud poetik yükünü öz əsərlərində əks etdirməyə çalışan Bulud Qaraçorlu Səhəndin Sazımın sözü poeması nəinki Cənubi Azərbaycan ədəbiyyatında, eləcə də Şimali Azərbaycanda böyük əks-səda ver-di. [səh.115-116] Poema İranda Dədə Qorqudun qadağan edildiyi illərdə yazılmışdı. Səhənd bu poeması ilə xalqına, elinə, yerinə, yurduna bağlı sənətkar olduğunu göstərdi, özündən sonrakı nəsillərə nümunə oldu.

Arif Abdullazadənin birbaşa Dədə Qorquda müraciətlə yazılan Ulu Qorqud [16] poeması 4 hissədən və son sözdən ibarətdir. I hissənin başlanğıcında epiqraf kimi igidlər haqqında səkkiz misralıq, II hissənin başlanğıcında qadın ana haqqında 6 misralıq, III hissənin başlanğıcında Ulu Tanrı haqqında 3 misralıq, IV hissənin başlanğıcında sevgili qadın haqqında 7 misralıq şeir parçaları verilmişdir. Bu epiqraflardan sonra bütün hissələr Ulu Qorqud müraciəti ilə başlayır. Hər hissənin sonu da epiqrafa uyğun olaraq nəticələndirilibdir. Son sözün epiqrafı dastandan iqtibas edilmişdir:

 

Qanı dediyim bəy ərənlər,

Dünya mənim deyənlər?

Əcəl aldı, yer gizlədi,

Fani dünya kimə qaldı? [16, s. 287]

 

Müəllif uzun illər keçsə də zaman-zaman doğulan yeni nəsillərin Dədə Qorqud səcdəsinə dönə-dönə enəcəkləri qənaətindədir.

Rəşid Təhməzoğlu Dədəm Qorqut [17] əsərini epos-poema adlandırmışdır. Azərbaycan elmi ədəbiyyatlarının hamısında Qorqud sözünün sonuncu hərfi d kimi yazılsa da, Rəşid Təhməzoğlu bunu qəbul etməyərək, dastan variantında olduğu kimi t yazmışdır. Müəllif təkcə bununla kifayətlənməmiş, digər obrazların adlarında da redaktələr etmişdir: Qazan xan - Qasğan xan, Uruz - Uröz, Yegnək - Yeynək, Dəli Qarçar - Dəli Qoçar, Beyrəg - Bayrək, oğuz - oğöz və s.

Bütün bunlara baxmayaraq, Rəşid Təhməzoğlunun bu yeniliklərində məqsədli şəkildə dastanın ruhuna ziyan gətirmək məqsədi güdülmür, əksinə müəllif öz düşüncələrini əsərdə canlandırmaqla dastanın bu gün üçün aktuallığını nəzərə çatdırmaq, dastanların ideya məfkurəsini bədii əsərdə əks etdirməyə çalışmışdır. Beləliklə, Dədə Qorqud ruhu epos-poemanın bütöv strukturunda, bütün semantikasında, bütün elementlərindədir, bütövlükdə əsərin poetikası Dədə Qorqud poetikası, Dədə Qorqud deyim tərzi əsasında yaradılmışdır. Müəllif uğuru orasındadır ki, bu əsərdə Dədə Qorqud mühitinə düşmək olur. İndi orijinal da var, onun əsasında yaranmış, onun ruhunu yaşadan bir epos-poema da. Bu isə Dədə Qorqudun başqa bir yayımıdır, xoş istəyin, vurğunluğun nəticəsidir [18, s. 11].

Lakin birmənalı şəkildə qəbul edilməlidir ki, kimliyindən asılı olmayaraq heç bir müasir yazarın qədim abidələrin dilinə, süjetinə, məzmununa, [səh.116-117] ideyasına dırnaqarası belə yeniliklər gətirməyə haqqı yoxdur. Əksinə dastanın dilinə, ideyasına, süjetinə və obrazlarına daha yaxın olan əsərlər xalq tərəfindən qəbul edilir və sevilə-sevilə oxunur.

Asim Yadigarın Əgrək və Səgrək [19, s. 259-270] poeması da Kitabi-Dədə Qorqud dastanının Uşun Qoca oğlu Səgrəkin boyunun motivləri əsasında yazılmışdır. Poemada Səgrəkin qoçaqlığı və igidliyi, əsirlikdə olan qardaşı Əgrəkin xilası yolunda mübarizəsi yüksək bədiiliklə təsvir edilmişdir.

Əksər şairlərimiz KDQ dastanlarının şeir dilindən yaradıcılıqla istifadə ediblər və edirlər. Belə şairlərdən biri də Dilsuzdur. Dilsuzun Kitabi-Dədə Qorqud dastanları ilə bağlı silsilə şeirlərində milli-mədəni dəyərlərimiz yüksək tutulur, Dədə Qorqud alqışı səslənir. Şairin Beşik nəğməsi şeirində oğuz övladını türk anası layla deyərək alqışlayır. Alqışın mətni Kitabi-Dədə Qorqud boylarının sonunda Dədə Qorqudun dilindən verilən alqış-dualara oxşar yazılıbdır.

 

Gecələri buğda boyu böyüyəsən,

Sən böyüyüncə atın böyüsün,

Atın böyüyüncə qılıncın böyüsün,

Qılıncın böyüyüncə igidliyin böyüsün,

İgidliyin böyüyüncə torpağın böyüsün,

Torpağın böyüyüncə sözün böyüsün,

Sözün böyüyüncə ululuğun böyüsün [20, s. 365].

 

Göründüyü kimi, müasir şairlərimiz Kitabi-Dədə Qorqudun şeir dilinin ahəngini öz yaradıcılıqlarına gətirməklə poetik fikrin sanbalını artırmış, dilinin səlis və axıcılığını yüksəltmiş, şirinləşdirmiş, yaddaqalan etmişlər.

Bizim qənaətimizə görə, Kitabi-Dədə Qorqud eposunun şeir strukturu sərbəst olub axıcıdır, yadda qalandır. Dastanda verilən şeir parçalarında olan ahəngdarlıq, şirinlik, bənzətmələr şairlərin diqqətini çəkərək bu formanın yazılı ədəbiyyata gətirilməsinə vəsilə olmuşdur. Bu şeirlərin mənəvi və poetik ruhu soykökə qayıdış, tarixə, xalq ədəbiyyatına yaradıcı münasibətin poetik təzahürü kimi dəyərləndirilir.

 

ƏDƏBİYYAT

1.       Hacıyev T. Dədə Qorqud kitabı: tariximizin ilk yazılı dərsliyi. Bakı, Elm və təhsil.

2.       www. Dastan, Kitabi-Dədə Qorqud ensiklopediyası.

3.       Əliyev K. Açıq kitab - Dədə Qorqud. Bakı, Elm və təhsil, 2015.

4.       Kitabi-Dədə Qorqud. Bakı, Yazıçı, 1988.

5.       Quliyev T. Dədə Qorqud kitabı: bir müqəddimə, üç boy. Bakı, Elm və təhsil, 2015. [səh.117-118]

6.       Əliyev M. Dədə Qorqud şeiri. Bakı, Çaşıoğlu, 2000.

7.       Rasoni Laszlo. Tarixdə türklük, Türk folkloru dünya alimlərinin gözü ilə. Bakı, Elm və təhsil, 2016.

8.       Həbibbəyli İ. Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı, Nurlan, 2007.

9.       Kazımoğlu M. Folklor həm keçmiş, həm də bu gündür. Bakı, Elm və təhsil, 2014.

10.   Abdulla Abbas-75. Bakı, AzAtaM, 2015.

11.   Cəfərov N. Seçilmiş əsərləri. Bakı, Elm, 2007.

12.   Ulutürk X.R. Seçilmiş əsərləri, II c. Bakı, Şərq-Qərb, 2005.

13.   Ulutürk X.R. Seçilmiş əsərləri, I c. Bakı, Şərq-Qərb, 2005.

14.   Kəsəmənli N. Qapamayın gözlərimi. Bakı, 2009.

15.   Aslan V. Ruhlarla söhbət. Bakı, Ozan, 1997.

16.   Abdullazadə A. Ulu Qorqud. Bakı, Azərbaycan Respublikası Kitab Cəmiyyəti, 1999.

17.   Təhməzoğlu R. Dədəm Qorqut. Bakı, Şəms, 2007.

18.   Kazımov Q. İlkinə qayıdışla ilk epos-poema, məqalə, Dədəm Qorqut. Bakı, Şəms, 2007.

19.   Yadigar A. Hər şeyin sonu var. Naxçıvan, Qızıl dağ MMC-nin mətbəəsi, 2007.

20.   Qorqud ədəbiyyatı. Bədii əsərlər. Bakı, Öndər, 2004.

 

Nizami Muradoglu

 

THE POEMS IN THE EPOS DEDE GORGUD AND MODERN POETRY

 

SUMMARY

The poems in the epos Dede Gorgud are considered as the first models of the Turkish poetical thinking. There are various opinions about the poem couplets in the epos The Book of Dede Gorgud. The poetical rhythm of the lexical units in language of the epos increases its poetry and even some investigators appreciate this text as a poem. As this idea has been accepted differently, many considerations have been offered about the poems in the epos Dede Gorgud. A group of investigators distinguished this text as a prose and soylama as a poem.

The poems in the epos Dede Gorgud are the best models of the Turkish poetical thinking that have written fluently. One can see in some of these poems the begining signs of the transition period to the metre based on the number of syllables. The poems in the epos Dede Gorgud attract the attention by deep meaning and poetical beauty. Alliteration which is the one of the main pecularities of Turkish poetical system shows itself very actively in these poems. And it secures the poetical rhythm and artistry in the poems. Our modern poets have created the new models by means of the influence of the poems in the epos Dada Gorgud.

In the article the models have been analysed which we have met in the activity of our modern poets and the poetical pecularities of these poems have been elucidated. [səh.118-119]

 

 

 

. - . , . , . , () .

- . . , . , , . .

, .