Azərbaycan.- 2018.- ¹ 1.- S.148-154.

 

YANVAR DÜŞÜNCƏLƏRİ

 

Südabə Ağabalayeva

 

Ömrümün keçdiyi sahildən uzaqlaşdıqca...

(Nəcib Fazil)

 

Salam, Dost!

Haqlısan, min dəfə haqlısan, gileyini də başa düşürəm, amma Səni sakitləşdirəcək bircə söz belə yazmaq istəmirəm, çünki, incik, emosional halətdə hər cür bəraət bəhanə kimi başa düşülür, amma bəri başdan deyirəm, bu dəfə məktubu sanki mən yox, ekzistensial vakuum və loqoterapiya ilə bağlı düşüncələrin çəkdirdiyi xiffət yazır. Füzuli necə deyir, “ver sözə ehya ki, tutduqca səni xabi-əcəl...” Bu əcəl sözü hardan düşdü araya, mən tamam başqa şey demək istəyirdim... Hətta Sənə deməkdə, yazmaqda çətinlik çəkdiyim məsələlər adamı “desəm...-deməsəm...” dilemmasında sıxır. Bu dilemmalar, haçalanmalar yaman çoxalıb son vaxtlar. Məsələn, cəmiyyət, ədəbiyyat “dəb, yoxsa dəyər” dilemmasından əziyyət çəkir. Məsələn, həyatda elə məqamlar olur ki, insanı ikili fikirlərə təhrik edir; mənim mənafeyim və mənim Ləyaqətim dilemmasının etik məqamında insanın fərdi keyfiyyətləri, xarakteri daha aydın görünür. Heç fərqi yoxdur neçə yaşın var, necə yaşayırsan, bu addım sənə fürsət verir bir addım qabağa keçməyə, bir pillə qalxmağa və s. və i. a. Amma məhz bu məqamda sənin insan kimi mahiyyətin özünü göstərir... Mən heç vaxt kimsənin haqqına girmədim, kimsəni tapdayıb keçmədim, özümə “ fürsəti fövtə verməyən” tənəsini rəva bilmədim, başqasının haqqına və yerinə keçməyi mənliyimə sığışdırmadım. Necə deyərlər, bu sosial - mənəvi qabiliyyətimçün sağlam bioloji əsaslarıma, genimə minnətdar olmuşam və həmişə də belə olacaq. Yəni bu, hünər deyil, həyat prinsipi və düşüncə tərzidir. Amma son vaxtlar görəndə ki,” ən yaxın bildiklərin” də “Mənim mənafeyim ya mənim ləyaqətim” dilemmasında çıxış yolu tapıb keçiblər birincinin tərəfinə və bununla da dərindən rahat nəfəs alıb başlayıblar daha iştahla, heç nə olmamış kimi davam etməyə, yəni daha böyük işlər görməyə..., deməyə söz tapmıram. Birincini seçməklə “fürsəti fövtə verməyənlərin” gözündə ucalıblar, o “ucalıqlarda” “Bu gecə ürəyim elə ağrıdı, Heç kəsin ürəyi ağrımaz elə, Bu gecə özümə elə ağladım, Ölsəm, heç anam da ağlamaz elə” (R. Qusarçaylı) tənhalığının dadı duyulmaz. Oradan baxanda Zəlimxan Yaqubun bu kimsəsiz təsəllisi də gülünc olar; “Əlsizin əllərində dönmədinsə əsaya, Nə Məhəmmədə [səh.148-149] güvən, nə həzrəti isaya! Ürəyi qırılanın könlünü almadınsa,.. Nə tutduğun o oruc, nə də ki, namaz keçər, Tanrının dərgahında Tanrı səndən vaz keçər”.

Bunlar hələ nədir ki?! Bundan betəri də var:

Kimə deyim dərdimi,

Dünya dolu adamdır” (Rəsul Rza). Məncə, bu, inamın bilmərrə yoxa çıxmasıdır və bundan o yanası nədir, mən bilmirəm, bəlkə sən bilirsən, mənə də yaz. Yaz ki, özümü aldadım, yaz ki, sözün, vicdanın əhəmiyyətsiz, dəyərsiz olduğunu qəbul edə bilim... Ya da heç nə yazma. Gəl başqa şeylərdən danışaq. Onsuz da son vaxtlar baş verənlərlə bağlı belə qərara gəlmişəm ki, izahına söz tapa bilmədiyim bəzi davranış və münasibətlər sosial-bioloji əsasların - genin rolunu, əhəmiyyətini şübhə altına alır və deyəsən, ətrafındakıları görmək istədiyi kimi yüksək qiymətləndirmək insanın ən böyük yanlışıdır... Amma deyim ki, bundan sonra sakitlik gəlir, daha sarsılacağın, itirəcəyin bir şey qalmır., hər şey öz yerini və öz rəngini alır...Yaxşısı budur, bu mövzudan keçək, düşündükcə batdığını hiss edəcəksən sən də. Necə deyərlər, qoy bu olsun subyektiv düşüncə...

Gəl bu aydan danışaq - Yanvardan. Təqvim ilinin ilk ayıdır, biz azərbaycanlıların həyatında bu ayın bir özgə fəlsəfəsi var neçə illərdir; həyatın, yaşamağın mənası, mahiyyəti ilə bağlı, insanı insanlıq mərtəbəsində saxlayan nəsnələrin nə olduğuyla bağlı düşünməyə sövq edən fəlsəfəsi. Bilmirəm necə baxacaqsan bu fikrə, mənə elə gəlir ki, Şəxsiyyət sözü təkcə insana aid deyil. Sosial-mənəvi keyfiyyətlərin zənginliyi təkcə insanı Şəxsiyyət etmir.

Zaman, vaxt, millət də Şəxsiyyət kimi dərk oluna, qavranıla bilər.

Vaxtın, təqvimin elə anları olur ki, bu anlar onu Əbədiyyət statusu ilə şərəfləndirir. An və Əbədiyyət - Zamanın ən möhtəşəm metaforalarıdır. “Məhz bu “metaforalar” insanlığın sürət fəlsəfəsinin mahiyyətini ifadə edir. Vaqif Bayatlının sözü olmasın, hərdən əlini qoymaq istəyirsən anın üstünə; vaxtı, zamanı saxlamaq, keçmişi yada salmaq, dəyərləndirmək keçir adamın könlündən. Tarixin təhtəlşüurunda bir Şəxsiyyət kimi doğulmaq imkanı verən Anlar “ölümə qovuşan insanın sədasından” (yeri gəlmişkən, Nitsşenin ifadəsidir) yaranır. An keçmişdən qopub ayrılır, əbədiyyət isə, gələcək zamanın ərazisindədir. Hər ikisində hərəkət var. Sükunətdə olansa - keçmişdir, dəyişə bilməzsən onu. Xatirələrin və yaddaşın da zamanı keçmiş zamandır. Tarix də, əslində, xatirələrdir, həyatımız da elə xatirələrdədir. Hər cür hərəkəti özündən keçirən sükunətdən danışmaq, xatirələri dinləmək bir elə də asan deyil.

Keçmiş haqqında özünü bu gündən keçmişə aparmaqla yox, keçmişi bu gündən görməklə yazmaq, danışmaq daha doğrudur.

Yanvar hadisələri məhz bu cür yanaşma tələb edən keçmişdir. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecəsi keçmişin Anıdır. Azərbaycan xalqı həmin gecə müdhiş bir faciə yaşadı, üstündən illər keçdikcə məlum olay Azərbaycan tarixinin şərəf anı kimi dəyərlənir. Faciənin Şərəf ucalığına yüksəldiyi belə anlar Böyük Tarixin payına hesablanır. Tarixin yaddaşına belə anları Yanvar ayı iki əsrdən bir qədər çox əvvəl də yazmışdı. Yadındamı, bir filmə baxmışdıq, gərək ki, “Hökmdarın taleyi” filmi idi. Cavad xanın aqibətilə bağlı bir məqam hər ikimizi mütəəssir etmişdi. “Gəncəni Yelizavetpol etməyə” gəlmiş rus ordusu ilə qeyri-bərabər gərgin döyüşdə həlak olmuş (erməni xəyanəti ilə!) Cavad xanın nəşini rus zabitləri əl üstündə gətirib ailəsinə təhvil verdiyi kadrlar. Həmin kadrlarda yaşananlar incəsənət hadisəsi deyildi, bir rəmz idi; Cavad xan cismən ölsə də, ruhu məğlub olan rus generalı idi. Bu ruhu məğlub edən təkcə cəsur döyüşçülərin şücaəti olmamışdı; məğlub tərəfin Anası - xanın arvadı ərinin cəsədini istəməyə düşmənin hüzuruna gəlir. General xanın həlak olmuş oğlunun nəşinin də qaytarılmasıyla bağlı göstəriş verir. “Mən bura ərimin yox, Gəncə xanının cəsədini istəməyə gəlmişəm, oğlumsa, Gəncə uğrunda vuruşan döyüşçülərdən biridir, [səh.149-150] onlardan artıq deyil”. Aktyorun kimliyini unutmuşam, amma bu sözlərdən sonra generalın gözlərindəki boğuq heyrəti çox aydın xatırlayıram...

Nədənsə, bu sətirləri yaza-yaza həmin o boğuq heyrətə bu gündən baxıram və görürəm ki, 1990-cı ilin Yanvarı da rus generalının ruhunu məğlub etmiş Ləyaqətin, Dəyanətin Qələbəsinin Davamıdır.

 

“Əgər bir vətəndaşın hüququ pozulursa, demək, cəmiyyət, ədalətsiz cəmiyyətdir”.

Heydər Əliyev

 

1990-cı ilin 20 Yanvarı, hər şeydən əvvəl, Azərbaycanın şərəfli keçmişini, şərəfli tarixini yenidən doğurmaq üçün açılmış bir Səhərdi. Azərbaycan Müstəqilliyin Sabahına bu Səhərdən keçib getdi. Bu Səhər Azadlığa təşnə bir xalqın, millətin istibdadla son savaş meydanı oldu. Bu meydanda cismən ölən azərbaycanlılar olsa da, ruhən məğlub olan müstəbidlik, qırmızı imperiya idi. Bu məğlubiyyət şəhidlərin müqəddəs torpağa əmanət olunduğu gündə daha aydın göründü; xalq qırmızı imperiyaya xidmət edən hakimiyyəti bu mərasimə yaxın qoymadı. Bu, “Yox!” deməkdi, o dəfn mərasimindəki insan dənizi də xalqın, millətin əzmiydi, bir yumruğa dönüb, əsarətin üstünə enmək üçün qalxmışdı...

Qarışıq və mürəkkəb tariximizin bu təhlükəli anında 20 Yanvar Şəhidləri Azərbaycanı xalq, millət kimi Bütövlük, Birlik adına Meydana yığa bildilər. Bu yalnız vətənin ərazi bütövlüyünə olunan müdaxiləyə etirazın yox, azadlığına susamış, müstəqillik qərarını qətiləşdirmiş millətin birliyi idi. Sanki millətin ləyaqət, həyat haqqında təsəvvüründən tərəddüd pərdəsini götürdü bu birlik. Dostum! məncə, bizi o filmin kadrlarında mütəəssir edən ləyaqət hissi, eynilə bu gün Şəhidlərlə bağlı düşüncələrimizdə riqqətə, qürura dönüb. Bu gün 20 Yanvarda yaşadığımız ağrını faciənin ağrısı kimi yaşamırıq, nə gizlədim, mən o ağır ilk illərdə də Şəhidlər Xiyabanından elə bir qürur hissi ilə dönürdüm ki, onu yalnız belə müqayisə edə bilərəm. 90-cı ilin yanvarında Bakı küçələrində nəğmələr də güllələnmişdi, tarın, kamanın, Kamil Cəlilov qoboyunun qanı şəhid nəğmələrimizin qanına qarışıb axırdı, amma o müqəddəs Şəhidlər Xiyabanında Şəhidlik “Uvertüra” çalırdı. Bu hissi mən bir də şəhidliyin dinamik məzmununu daha parlaq boyayan Mübariz İbrahimovun mübarək əməlində yaşadım . Bu hissdə ölümün əzabı, ömrün faciəli sonu susmuşdu, əvəzində dinən “aydın, məğrur, hər şeyə qadir insan ləyaqəti və onun dəyəri” (V. Vindelband)” kütləni xalqa çevirdi. Və həmin gün - 1990-cı ilin 22 yanvarında Bakıdan kilometrlərlə uzaqlarda Azərbaycanın göyləri Azadlığın rəngini Allahın dərgahına çiləyirdi. Aşağıdasa Üzünü sabaha tutan “şəhidlərimiz bu “torpağın bağrına azadlıq toxumu” səpirdilər. Bəxtiyar Vahabzadənin 20 Yanvarın bədii -fəlsəfi dərki olan “Şəhidlər” poemasından bu misraları xatırlayırsanmı?

Kütləni xalq edən müqaviləyə Qanıyla qolunu çəkdi şəhidlər.

Anın, Əbədiyyətin və Şəhidliyin Şəxsiyyət olması bir yana, yəqin razılaşarsan ki, Tarixin yaddaşında statistikanın ağır izləri də yaşamalıdır və nə qədər ki, ədalətsizliyə son qoyulmayıb, bu ittiham erməni faşizminin, rus şovinizminin, bütün dünyanın vicdanında əcəl zənginə dönməlidir:

__________________________________________________________________________________________

Diqqət! Diqqət!

1990-cı il yanvarın 20-də müasir silahlarla təchiz olunmuş sovet ordusu Bakıda insanların azadlıq arzularını boğmaq üçün qanlı qırğın törətdi. Gecə küçələrə tökülüşmüş insanlar, maşınlar, hətta evlər [səh.150-151] gülləboran edildi. Həmin gecə 130-dan çox mənzil atəşə tutuldu. Faciəli yanvar günlərində 123 kişi, 7 qadın, 5 uşaq həlak olub. Öldürülənlərdən 62 nəfəri ailə başçısı idi. 20 yanvar faciəsində 159 uşaq yetim qalıb. Onlardan 155-i atasını, 4-ü anasını itirib. Həlak olanlar arasında müxtəlif xalqların nümayəndələri var - 116 nəfər azərbaycanlı, 6 nəfər rus, 3 nəfər yəhudi, 3 nəfər tatar.

Ermənistandan qovulmuş azərbaycanlılardan 12 nəfər həlak olub. Həlak olanlar arasında 4 milis işçisi (2 serjant, 2 zabit), 1 həkim, 1 yanğınsöndürən, 1 təcili yardım maşınının sürücüsü, 11 tələbə, 1 aspirant, 3 elmlər doktoru olub.

Yanvar qırğınlarında təkcə Bakı deyil, rayonlar da şəhid verdi. Lənkəranda 6, Neftçalada 2 nəfər şəhid oldu.

Bundan başqa, 700-ə yaxın yaralı uzun müddət xəstəxanalarda müalicə aldı. Onlardan 25 nəfəri qadın idi. Bir nəfərin 10 yaşı vardı. Yaralılar siyahısında 20 nəfər həddi-buluğa çatmamış, 4 nəfər yaşlı adam vardı.

__________________________________________________________________________________________

 

“Mənim hikmətimi dərd sizlərə deməyin”

(Xoca Əhməd Yəsəvi)

 

Səndən çıxmayan iş, trafaret suallar verməzdin heç: ötən il həyatımda ən yaddaqalan hadisə ilə bağlı təəssüratımı soruşmağını deyirəm. Nə olar, bir az da bundan yazım. Bilirdin sentyabrın 11-15-də Qazaxıstanda olduğumu. Türkdilli ədəbiyyat dərgilərinin növbəti - VIII konqresində iştirak etmək gözlənilməz olduğu qədər də yerinə düşdü, amma ağlıma da gəlməzdi bu qədər zəngin təəssüratla dönəcəyəm... Bir az təfərrüatlı yazmaq istəyirəm. Bakı hava limanından sonra Almatı, sonra da Çimkənt aeroportları adama 90-cı illəri xatırladırdı... Səhəri gün Konqresin keçirildiyi Əhməd Yəsəvi adına Universitetdə təşkil olunmuş konqresin açılış mərasimi bizimçün qəfil və gözlənilməz təkliflə başladı. Məlum oldu ki, açılış mərasimində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin “Ruxani janğıry” (mənəvi modernləşməyə) məqaləsinin müzakirəsində “Azərbaycan” jurnalının təmsilçisinin çıxışı nəzərdə tutulub. Rəsmi dövlət dilində latın qrafikalı əlifbanın standartlarının bəzi məsələləri ilə bağlı təcrübənin bölüşməsi, yerli ziyalıların məsələyə münasibəti maraqlı diskussiya ovqatında keçdi. Türkdilli dövlətlər arasında Azərbaycanın latın qrafikalı əlifbaya keçən ilk ölkə kimi örnək nəticələri tez-tez təqdir olunurdu. Hətta ertəsi gün Cənubi Qazaxıstanın qubernatoru Janseyit Quymebayevin konqres iştirakçılarının kiçik qrupunu qəbul edərkən Türkiyədən gəlmiş İlber Ortaylının da çıxışında Azərbaycan təcrübəsi dəfələrlə nümunə göstərildi. Otarar adına baş kitabxanada ziyalılarla görüşdən sonra qubernator ölkəmizin latın qrafikalı əlifbaya keçidlə bağlı onu maraqlandıran məsələlərə münasibət bilmək istərkən ölkə Prezidentinin 2004-cü il 12 yanvar tarixli sərəncamının işlənilməsi mexanizmindən, “Azərbaycan” jurnalının həmin dövrdə klassik irs nümunələrinin yeni qrafikayla təbliği sahəsində təşəbbüslərindən danışdım. Baş kitabxanada jurnalımızın nüsxələrini görmək, qazax ziyalılarının, eləcə də konqres iştirakçılarının Azərbaycan ədəbiyyatına, “Azərbaycan” jurnalına marağını, apardığım nüsxələrin əl-əl gəzdiyini müşahidə etmək elə xoşdu ki... Universitetin azərbaycanlı tələbələri ilə görüşdük, təhsilləri, şəraitləri ilə maraqlandıq, biz də onlar kimi, qazax qonaqpərvərliliyindən, qazax mətbəxindən, musiqisindən məmnun qaldıq. Türk dünyasının qızıl beşiyi Türküstanda qazax mehribanlığı, ortaq dəyərlərimizin, adətlərimizin yaxınlığı, gördüyüm, müşahidə etdiyim bəzi nüanslar doğmalıq hissilə yanaşı, böyüyə ehtiram, yeməkdən əvvəl də, sonra da ciddi əməl olunan ağsaqqal duası məni çox mütəəssir etdi. [səh.151-152]

Təsəvvür edirsənmi, proqramda gözlənilmədən dəyişiklik edildi. Belə ki yuxarıda qeyd etdiyim kimi, kiçik bir qrup Çimkəndə gedən gün qrupun qalan hissəsi Əhməd Yəsəvının məqbərəsini ziyarətə yollandı. Təəssüflənsək də dəvətin vacibliyini başa düşürdük, Çimkənddən dərhal sonra isə, məxsusi olaraq konqres iştirakçıları üçün mühazirə söyləməyə Türkiyədən bir neçə saatlığa Türküstana gəlmiş İlber Ortaylının ustad dərsinə qatılmalıydıq. Saq olsun nümayəndə heyətinin rəhbəri, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Oməroğlunu, dedi biz razı ola bilmərik ki, Siz Xocanı ziyarət etməmiş gedəsıniz. O dar macalda bizim də Məqbərəyə ziyarətimizi təşkil etdi. “Kiçik Həcc”. Xocanı ziyarəti belə dəyərləndirirlər, “Divan”ını islamın ikinci müqəddəs kitabı hesab edirlər. Milyonlarla insan - dinindən, irqindən əqidəsindən asılı olmayaraq, dünyanın hər yerindən, hər dildə danışan, hər rəngdə olan insanlar bu sufini ziyarətə gəlirlər. Səni təəssüratımla çox yormaq istəmirəm Necə deyərlər, çörəyi ver çörəkçiyə, birini də üstəlik... Türkoloq alim Tofıq Məlıklı ilə redaksiyada söhbət zamanı bu səfərdən söz düşdü. Hörmətli professor Əhməd Yəsəvi ilə bağlı elə maraqlı, əhatəli danışdı ki, səncə, belə fürsəti əldən vermək olardı? Sağ olsun, xahişimi yerə salmadı, bir neçə gündən sonra söhbətim yazılı şəkildə e-mail ünvanıma da göndərdi. İstəyirəm Tofiq müəllimin bu maraqlı yazısını Sən də oxuyasan:

“... Sufi Yəsəvilik təriqətinin banisi, öz dini-fəlsəfi düşüncələrini cağatay türkçəsinə yaxın sadə bir dildə və heca vəznini xatırladan bir poetik sistemdə şeirləşdırən, Türküstanın mənəvi böyüyü anlamına gələn “Həzrət-i Türküstan” mərtəbəsinə yüksələn Xoca Əhməd Yəsəviyə həsr olunan bir beynəlxalq konfransı keçirmək çoxdankı arzum idi. Məsələ burasındadır ki, sufi yəsəvilik təriqətı yalnız Türküstanda, Orta Asiyada deyil, eyni zamanda İran, Azərbaycan və Anadoluda da geniş yayılmışdı. Anadoludakı Bektaşilik Bəhailik, Heydərilik Yəsəviliyin təsiriylə meydana gəlmişdi.

Sufi Yəsəvilik təriqətinin qurucusu, şair, Türk dünyasının mənəvi həyatını ciddi şəkildə etkiləmiş nadir din xadimlərindən olan Xoca Əhməd Yəsəvi (1093 - 1166, Qazaxıstan) Qərbi Türküstanın Sayram şəhərində anadan olmuş, yeddi yaşında atası Şeyx İbrahim vəfat etdikdən sonra bacısıyla Yəsi şəhərinə köçmüş, burada yaşamışdır.

Xoca Əhməd Yəsəvinin sufizmin əsas postulatları olan - nəfsini önləmək dünya malına xor baxmaq, dinindən və soy-kökündən asılı olmayaraq insanları bərabər görmək kimi düşüncələrini özünə məxsus məntiq və inam gücüylə mənimsəyərək şeirləşdirdiyi Hikmət-nəsihətləri xalqın arasında böyük rəğbət görmüş və geniş yayılmışdı. Əhməd Yəsəvinin “Divan-ı Hikmət”i bu gün də müxtəlif ölkələrdə yaşayan müridlərin baş kitabıdır.

Yəsəvilik şərq dünyasında o qədər geniş yayılmış, o qədər dini-mənəvi təsir gücünə malik olmuşdur kı, ölümündən iki yüz il sonra Teymur Ləng Əhməd Yəsəvinin məzarı üstünə türbə, məscid və karvansaradan ibarət və memarlıq baxımından çox gözəl bir əsər olan mavzoley tikdirir, üzərinə də bu ayəti yazdırır. “Yox olanın açarı Ondadır. Ondan başqa yerini heç kim bilməz”. Bunlar, əlbəttə Xocaya verilən böyük dəyərin, sayğının, sevginin göstəricisiydi.

Yəsəvinin dini-fəlsəfi görüşlərini əks etdirən Hikmətləri və o hikmətlərin şeir strukturunun incələnməsi problemi, ümumtürk milli-mədəni dəyərlərinin sufizmin qədim türk inanclarının, o cümlədən şamanizm ilə bağlılığının öyrənilməsi, mentalitetimizin formalaşmasında yəsəviliyin təsirinin araşdırılması, türk xalqlarının dini-fəlsəfi, ədəbiyyat və mədəniyyət tarixlərinin obyektiv bır şəkildə yazılması baxımından olduqca böyük önəm daşımaqda və türkologiyanın əsas problemlərindən biri olmaqdadır. Məhz buna görə də müxtəlif ölkələrdə yaşayan və sayı çox az olan yəsəvişünasları bir araya gətirərək, [səh.152-153] yuxarıda bəhs etdiyimiz problemləri görüşüb dartışmağa böyük ehtiyac vardı.

Bakı və Türkiyənin Elazığ şəhərindən sonra üçüncü kollokviumun “Qədim Türk runiq abidələri: dil, ədəbiyyat, mədəniyyət, tarix, arxeologiya” mövzusundakı toplantısı 1990-cı ilin 8-15 iyununda Qazaxıstanın o zamankı paytaxtı Alma-Atada keçirilməliydi. Sovet Türkoloqları Komitəsi (STK) adından Qazaxıstan Elmlər Akademiyası və Nazirlər Kabinetinə belə bir təklif etdik ki, III kollokvium işini tamamladıqdan sonra onun iştirakçıları və müxtəlif ölkələrdən dəvət olunmuş yəsəvişünas alimlərlə birlikdə Qazaxstanın Türküstan şəhərində Əhməd Yəsəviyə həsr olunmuş beynəlxalq seminar keçirək. Qazaxıstan rəsmiləri bizim bu təklifi qəbul etdilər. Erdən Kajıbəyov və mənim başçılığım ilə Sovet Türkoloqlar Komitəsi ilə Qazaxıstan Elmlər Akademiyasının nümayəndələrindən ibarət təşkilat komitəsi yaradıldı.

Təşkilat komitəsi adından biz Türkiyədən Əhməd Yəsəvi irsinin ünlü araşdırıcısı, professor Kamal Əraslanı, Türk Din Qurumunun keçmiş başqanı, tanınmış türkoloq professor Zeynəb Qorxmazı və başqa alimləri, Fransadan Türk din və inanclarının böyük bilicisi İrene Melikoffu, Polşadan tanınmış türkoloq Tadeuş Maydanı seminara dəvət etdik.

Mən seminara Azərbaycan alimlərini də dəvət etmək istəyirdim. Bakıda olduğum zaman Ədəbiyyat İnstitutunun direktoru, dərin hörmət duyduğum dostum Yaşar Qarayevə bu istəyimi bildirdim. Yaşar bəylə söhbətdən məlum oldu ki, bizdə heç kim Yəsəvinin həyat və yaradıcılığıyla məşğul olmur, görüşdüyüm bəzi alimlər isə onun adını belə eşitməyiblər. Biz ədəbi, fəlsəfi irsimizə, qardaş türk xalqlarıyla ortaq olduğumuz zəngin mədəni abidələrimizə nə qədər biganəymişik! Bu seminarda Azərbaycandan mütləq birinin olmasını istəyirdim, odur ki, qədim türk runiq abidələri üzərində araşdırmalar aparan və III kollokviumun iştirakçısı olan professor Əlisa Şükürlünü seminara dəvət olunanlar siyahısına saldım.

1990-ci ilin iyununda seminarın iştirakçıları, dəvət olunmuş xarici qonaqlar və bizi müşayiət edən rəsmilərlə birlikdə avtobuslarla Alma-Atadan Türküstan şəhərinə unudulmaz səfərə çıxdıq. Unudulmaz deyirəm, çünki bu yolçuluqda biz uyğurların yaşadığı kəndləri ziyarət etdik, uyğur qardaş-bacılarımızla çay içdik, söhbət etdik, dağılmış qədim Otar şəhərinin qala divarlarını gördük, Moskvada yaşayan qazaxstanlı məşhur türkoloq Kenesbab Musayevin yaşının çoxluğuna baxmayaraq at çapmasının şahidi olduq.

Türküstana çatan kimi birbaş Əhməd Yəsəvinin məqbərəsinə getdik. Gördüyümüz mənzərəni sözlə izah etmək mümkün deyil, məqbərənin hər tərəfini qamışlıq, yabanı otlar, zibillik bürümüşdü. Çətinliklə binanın qapısına gəldik. Qapı bağlıydı. Bu səhnəni görən Kamal Əraslan göz yaşlarına hakim ola bilmir, hönkürtüylə ağlayırdı. Təşvişə düşən rəsmilər ora-bura adam yollayaraq gözətçini tapmağa çalışırdılar. Bir saatdan sonra o adamı tapıb gətirdilər, qapı açıldı və biz məqbərəyə girdik. Məscidin içi bərbad haldaydı - divarlar çatlamış, qapıların şüşələri sınmış, hər yer toz içindəydi. Məqbərənin bu baxımsız halı hamını pərişan etmişdi. Üstəlik, məlum oldu ki, Türküstanda nə heyətin qala biləcəyi bir mehmanxana var, nə də seminarın keçirilməsinə yarayan yer. Ev sahibləri Türküstana yaxın olan Çimkənd şəhərinə getməyimizi və seminarı orada keçirməyimizi təklif etdilər. Onlar vəziyyəti bildikləri üçün əvvəlcədən hazırlıq görmüşdülər və beləliklə, biz Türküstandan Çimkəndə yollandıq.

Mehmanxanaya yerləşdikdən həmən sonra Türkiyə heyətinin başqanı Osman Sərtqaya yanıma gəldi və onların təcili olaraq Ankaraya telefon etmək istədiklərini dedi. O vaxtlar hələ mobil telefonlar yoxdu, beynəlxalq telefon əlaqəsini yaratmaq da asan iş deyildi. Ancaq şəhərin rəhbərləri telefon əlaqəsini yaratdılar və Osman Sərtqaya, Zeynəb Qorxmaz, Türkiyə heyətinin [səh.153-154] başqa üzvləri Türküstanda gördüklərini ölkənin mədəniyyət naziri Namiq Kamal Zeybəyə həyəcanla anlatır və Türk hökumətinin Əhməd Yəsəvi Məqbərəsini təmir etmək üçün memar və inşaatçılardan ibarət qrupun təcili olaraq buraya göndərilməsini xahiş etdilər. Yaxından tanıdığım və Türk dünyasının mədəniyyəti, tarixi, ədəbiyyatına böyük maraq göstərən, Bəxtiyar Vahabzadənin bir çox şeirini əzbər bilən Namiq Kamal Zeybəyin bu məsələyə ciddi yanaşacağına heç kim şübhə etmirdi. Həqiqətən, bir-iki gündən sonra, biz hələ Türküstandaykən, Namiq Kamal Zeybək xəbər verdi ki, Prezident Süleyman Dəmirəl heyətin təklifini qəbul etmiş, yaxın zamanda Məqbərənin əsaslı təmiriylə bağlı bir qrup memar və inşaatçı oraya göndəriləcəkdir.

Doğrudan da, bir müddətdən sonra Türkiyə dövləti tərəfindən Xoca Əhməd Yəsəvi Məqbərəsinin restavrasiya edildiyini, yenidən ziyarətçilərin üzünə açıldığını öyrəndik. 1991-ci ildə isə Qazaxıstan hökuməti Türküstan Dövlət Universitetinin yaradılmasına qərar verdi, 1992-ci ildə də həmin ali məktəbin Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinə çevrilməsi haqqında anlaşma imzalandı və 1993-cü ildən bu universitet Türküstanda fəaliyyətə başladı.

Keçən 24 il ərzində Türküstan sürətlə inkişaf edərək, baxımsız bir qəsəbədən gözəl bir tələbə şəhərinə çevrildi.”

 

Özün kimi olmağın çətin şərəfi

 

Türküstan təəssüratımın son akkordu kimi bir məsələni də bilməyini istəyirəm. Konqres “Azərbaycan” jurnalının - Şərqdə ilk ən qalın və davamlı dövriliyi olan ədəbiyyat jurnalının 95 illik yubileyinin bütün türkdilli dərgilərdə qeyd olunmasını yekdilliklə qərara aldı. 95 yaş - bu, sadəcə, rəqəmlər deyil, bu, Tarixdir. Bu tarixdə, bu Yaddaşda mənim də, azacıq da olsa, payım var düşüncəsi o qədər xoşdur ki... Deyirlər, birinci olmaq həmişə xoşdur. Birinciliyi qorumağın çətinliyini, məsuliyyətini birincilərin özləri kimi heç kəs duya bilməz. Bu gün keçmiş uğurların kölgəsinə sığınmaq fikrində deyilik. 95 illik yolda təriflərin, təltiflərin kölgəsində xumarlanmaq, yerini müəyyən etmək cəhdi də yoxdur; “Azərbaycan” həmişə öz mövqeyi ilə Öz Yerində olub. Sabah da belə olacaq. Bu mövqe ehkama yox, imkan və səyləri real qiymətləndirməyə söykənir.

“Hər insan öz dövrünün taleyini yaşayır” fikrini tərəddüd etmədən mətbuata da şamil etmək olar. Yuxarıda cəmiyyəti çaşqın qoyan dilemmalardan yazmışdım. “Azərbaycan” jurnalı isə, heç vaxt “Dəb, yoxsa Dəyər” çaşqınlığı yaşamayıb, “Azərbaycan” balansı qoruya-qoruya, Dəyər yarada-yarada özü Dəyər olub. Bu qarışıq zövqlər dünyasında bundan uca xidmət, bundan böyük qürur?!

Sağlam düşüncənə, peşəkar zövqünə bələd olduğumdan, inanıram ki, sən də belə düşünürsən.

Odur ki, bu 95 illik yubileylə bağlı Səni də, “Azərbaycan” jurnalının bütün oxucularını da təbrik edirəm.