SAM. Strateji təhlil. - 2016. - 3-4(17-18). - S. 221-230.

 

Müstəqillik və müasirlik: dialoq fəlsəfəsindən baxış

 

Füzuli Qurbanov

AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri,

fəlsəfə üzrə elmlər doktoru

fuzuli.qurbanov.59@mail.ru

 

Açar sözlər: müstəqillik, suverenlik, mədəniyyətlərarası qarşılıqlı əlaqə, müasirlik, emercent interfeys, şüur, spontan şüur, təcrübə, dil, dialoq

Key words: independence, sovereignty, intercultural interaction, modernity, emergent interface, consciousness, the spontaneity of consciousness, experience, language, dialogue

: , , , , , , , , ,

[səh.221-222]

Giriş

Dövlət müstəqilliyi lüğətlərdə ümumi olaraq siyasi qeyri-asılılıq, sərbəstlik kimi xarakterizə olunur. Siyasi müstəqillik (political independence) dövlətin daxili və xarici siyasətdə sərbəstliyini, suverenliyini ifadə edir. Siyasi müstəqillik konstitusiya və başqa hüquqi əsaslara, təminatlara dayanmalı, beynəlxalq təcrübəni nəzərə almalıdır. Göründüyü kimi, müstəqillik suverenliklə sıx bağlı anlayışdır. Onlar faktiki olaraq bir-birini tamamlayırlar. Suverenlik (sovereignty, fransızca: souverainete "ali hakimiyyət") dövlətin daxili işlərdə və xarici münasibətlərdə tam sərbəstliyini və müstəqilliyini ifadə edir. Suveren dövlət xarici müdaxiləyə imkan vermir. Prinsipcə ərazisindən, əhalinin sayından və ictimai quruluşundan asılı olmayaraq bütün dövlətlər buna malik olmalıdır. Suverenlik doktrinası Avropanın Orta əsr dövlətlərinin müasir dövlətlər sisteminə transformasiyası dövründə meydana gəlib. Bu proses öz kulminasiya nöqtəsinə 1648-ci il Vestfal müqaviləsində çatıb [8]. Beynəlxalq hüquq aspektində müstəqillik onun başqa dövlətlər tərəfindən tanınması aktına bərabərdir.

Nəhayət, suverenliyin "millət" və "xalq" anlayışları ilə əlaqəli dərki də vardır. Milli aspektdə suverenlik millətin tam hakimiyyətliliyini, onun siyasi azadlığını, öz milli həyatının xarakterini müəyyənləşdirməyin real imkanlarını əks etdirir. Burada, hər şeydən əvvəl, millətin siyasi özünütəyin etməsi qabiliyyəti əhəmiyyət daşıyır. "Xalq" anlayışı kontekstində suverenlik xalqın tam hakimiyyətini, yəni cəmiyyətin və dövlətin idarə edilməsi işlərində real iştirak etmək üçün sosial-iqtisadi və siyasi vasitələrə malik olmasını ifadə edir [3, s. 596-599].

İndi müasirlik anlayışının mədəniyyət fəlsəfəsi və siyasi nəzəriyyədəki məzmununa nəzər salaq. Müəlliflər qeyd edirlər ki, bu anlayış problem situasiyanı ifadə edir. Bu situasiya cəmiyyətdə mövcud olan ali dəyərlərin elə bir düzəninin pozulması və dağılmasıdır ki, onların (ali dəyərlərin müəllif) legitimliyini təmin edir, cəmiyyət üzvlərinin ümumi dünya mənzərəsinin dərk edilməsini saxlayır və onlar (cəmiyyətin üzvləri F.Q.) tərəfindən yüksək və obyektiv ontoloji reallıq kimi qavranılır [7, s. 587]. Burada ontoloji reallıq ifadəsi təbiətin universal əxlaq qanunları kimi təqdim edilən mifoloji və dini təsəvvürləri də əhatə edir. İndi işlənən müasirlik anlayışı Yeni Dövr Avropa cəmiyyətlərində yaranmış situasiyadan qaynaqlanır.

Buradan aydındır ki, müasirliyin iki qütbü var. Onlardan biri subyektiv azadlıqla, digəri isə sosial nizamla bağlıdır. Əgər cəmiyyətdə ümumi nizamlılığı obyektiv reallıq kimi təqdim edə bilən ümumi konsepsiya yoxdursa, onda fərd-kollektiv münasibətlərində ziddiyyətli situasiya yaranır: onlardan biri, yaxud hər ikisi yeniləşmə zərurəti qarşısında qalır. G.V. Hegel Ruhun fenomenologiyası əsərində yazır: Fərd mütləq formadır, başqa sözlə, özünün özünə birbaşa təsdiqidir və... bununla mütləq varlıqdır [4, s.2]. Ancaq bu mütləq azadlıq sərhədsiz eqoizmə aparıb çıxarır. Bu təhlükə [səh.222-223] sosial-mədəni kontekstdə daima müxtəlif vasitələrlə neytrallaşdırılır. Onların sərhədi isə konkret tarixi-mədəni mərhələdə müasirliklə müəyyənləşir. Həmin vasitələr kimi institusional təsisatlar, mənəvi dəyərlər və s. çıxış edə bilir. Bununla ictimai düzən təmin edilir. Deməli, müasirlik tarixin bütün dönəmlərində sosial-siyasi və mədəni nizamı təmin etməkdə birbaşa rol oynayıb. Bu mənada B.Q. Kapustin yazır: Prinsipcə müasirliyin bütün tarixini fərdin mütləq azadlığı ilə qarşılaşan müxtəlif cəmiyyətlərin tarixi qismində ictimai qaydanı təmin etmənin uğurlu və uğursuz cəhdləri seriyası kimi təsəvvür etmək olar [5, s. 587].

 

1.       Subyektin azadlığı və sosial nizam müasirlik kontekstində

Buradan maraqlı sual meydana çıxır: müasirlik baxımından ictimai qaydanı təmin etmənin bir standart modeli varmı? Müasir olmaq həmin standarta uyğun gəlmək, onlara oxşamaq, onlar kimi birgəyaşayış nizamı müəyyənləşdirmək anlamına gəlirmi? Burada onlar deyəndə biz yalnız Qərbi nəzərdə tutmuruq, ümumiyyətlə, konkret cəmiyyətə yad olan, ancaq nümunə kimi götürülən istənilən başqa cəmiyyətin nizam qaydasını nəzərdə tuturuq. Məsələn, bu keyfiyyətdə Rusiya, yaxud Çin də nəzərdə tutula bilər. Bunların hər birindən fərqlənən və alternativ ola biləcək öz milli-tarixi reallıqlarından çıxış edərək müasirləşmək kursunu seçmək də konkret qərardır. Burada öz milli-tarixi reallıqlar ifadəsi qətiyyən fərqli dəyərləri inkar etmək anlamına gəlmir. Əksinə, müasirlik kontekstində fərqli dəyərləri mütləq surətdə nəzərə almaqla yerli şərtlərə uyğun nizamlılıq modeli formalaşdırmaq önəm kəsb edir. Yalnız bu prosesdə aparıcı rolu cəmiyyətin tarixi-milli təcrübəsi oynamalıdır.

Müasirləşmək kontekstində bu suala cavab tapmağın çox əhəmiyyətli olduğunu düşünürük. Çünki həmin cavab faktiki olaraq strateji üfüqdə cəmiyyətin yeniləşmə kursunu müəyyən edir toplu hansı ideal obraza doğru təkamül etmək xəttini seçir! Bəli, bu mənada müasirləşmə seçim hadisəsidir. Fikrimizcə, seçimin uğurlu olması üçün ona dialoq fəlsəfəsi aspektində yanaşmaq daha doğru olardı. Nəzəri və metodoloji olaraq dialoq aspektində əhəmiyyət daşıyan faktorlardan biri, obrazlı desək, yerli və yad nizamlama elementlərinin hansı sahədə qarşılıqlı əlaqədə olmasının və orada dəyişikliklər prosesinin dinamikasının müəyyənləşməsidir.

Bizim yanaşma sinergetik xarakterlidir. Həmin prizmada kollektiv reallıq üçün prinsipial əhəmiyyət kəsb edən dəyərlər sərhəd zonasında meydana gəlir. Sinergetiklərin araşdırmalarına görə, açıq və qeyri-xətti mürəkkəb sistemlərdə (biz cəmiyyəti məhz bu keyfiyyətdə qəbul edirik) yeni mənalar, adətən, sərhəd zonasında olan qarşılıqlı əlaqələrdən spontan olaraq (emercent xarakterdə) yaranır [1]. Sərhəd zonası anlayışı metaforadır, ümumi obrazdır. O, açıq və qeyri-xətti sistemin ətraf aləmlə qarşılıqlı əlaqələrinin mövcud olduğu prosessual və linqvistik məkanı ifadə edir. [səh.223-224] Müasirlik kontekstində sərhəd zonası milli dəyərlərlə ətraf mühitdən gələn müxtəlif dəyərlərin qarşılıqlı əlaqədə olduğu məkan kimi təsəvvür edilə bilər. Burada yeni dəyərlər, yaxud mövcud dəyərlərə yeni məna çalarları verə bilən mənalar emercent olaraq meydana gələ bilir. Bu proses hər bir konkret situasiyada xüsusi kommunikasiya kanalları vasitəsi ilə həyata keçir. M. Maklüyen və N. Lumanın araşdırmaları göstərir ki, həmin gedişatda media-kommunikasiya böyük rol oynayır.

Beləliklə, sinergetik yanaşma çərçivə-sində demək mümkündür ki, sosial-mədəni sistemin ətraf aləmlə əlaqədə olduğu sərhəd zonasında media-kommunikasiyanın böyük rol oynadığı, eyni zamanda digər kommunikasiya vasitələri ilə müxtəlif dəyərlərin qarşılıqlı əlaqədə olduğu mürəkkəb struktur-funksional (onun ontoloji prosessual və linqvistik-informasiya aspektləri var və onlar vəhdət halındadırlar) sahə meydana gəlir. Həmin sahədə mürəkkəb, qeyri-xətti, risklərlə müşayiət olunan xaotik xarakterli parametrlərin aktiv fəaliyyətdə olduğu məkan yeni mənaların spontan olaraq formalaşdığı struktur yaranır (riyazi olaraq onu "topos" da adlandırmaq olar).

Məsələnin müstəqilliklə müasirlik kontekstində aktual olan cəhəti həmin mənaların vahid sistem halına düşə bilməsi şansının mövcudluğundadır. Buna sinergetikada qəribə attraktorların (yeni mənanı ifadə edən lokal incə nizamlı strukturlar) formalaşması da deyirlər. Köhnə dəyərlər prizmasında bu strukturlar xaos kimi görünə bilər, yeni dəyərlər kontekstində isə onlar incə nizamlılığa malikdirlər. Bu müddəa təbii sistemlər üçün sinergetikada sübut olunub. Onların sosial sistemlərə tətbiqi isə hələlik metaforik xarakter daşıyır. Biz bu hipotezanı qəbul edirik və sosial sistemlərdə yeni dəyərlərin (sinergetik dildə deyilsə, emercent mənaların) yaranmasını mövcud dəyərlərlə müasirliyin vəhdəti kimi qiymətləndiririk. Bu effektin səmərəli yaranmasının əsas üsulu isə kommunikasiya sahəsində dialoqun təmin edilməsi ilə bağlıdır. Bu tezisin fəlsəfi sübutu bir qədər geniş yanaşma tələb edir. Burada daha əhəmiyyətli saydığımız bir məqam üzərində dayanaq.

Biz müstəqillik anlayışı ilə müasirliyin məhz yuxarıda təsvir etdiyimiz mexanizm əsasında qarşılıqlı münasibətdə olmasını nəzərdə tuturuq. Yuxarıdakı təqdimatdan da göründüyü kimi, müstəqillik cəmiyyət və dövlətdən, hər şeydən əvvəl, özünü təşkil edə bilən, özyetərli, suveren bir sistem olmağı tələb edir. [səh.224-225] Bu mənada müstəqillik avtonomluğa, təcrid olmağa meyillidir. Lakin onun bu meyilliliyi nisbi xarakter daşıyır, çünki daim ətraf mühitlə qarşılıqlı əlaqədədir və bu mübadilənin hesabına daxili dinamik balansını saxlaya bilir. Eyni zamanda, müstəqilliyin suverenlik aspektində çox mühüm tərəfi beynəlxalq mühitdə mövcudluğunu təsdiq etməkdən ibarətdir.

Deməli, müstəqillik faktiki olaraq daxili və xarici dinamik balansların ortaq olaraq yaratdığı metabalans şəraitində real məzmun kəsb edə bilər (metabalans terminini dövriyyəyə biz daxil etmişik və onun xüsusi məzmunu vardır F.Q.). Metabalans faktiki olaraq müstəqilliklə müasirliyin harmoniyasını, uzlaşmış formasını, bir-birini tamamlayan struktur-funksional özəlliklərini ifadə edir. Hər iki səviyyə üçün (cəmiyyətin daxili balansını saxlaması və xarici mühitlə balansını təmin etməsi) kommunikasiya kanalları ciddi rol oynayır. Kommunikasiya vasitələri informasiya aspektində sosial-mədəni mühitin mövcud dəyərləri ilə kənardan gələnlər arasında görüş təşkil edir. Bu sahədə onların ya toqquşması, ya da vəhdəti spontan olaraq meydana gəlir. Ona sinergetiklər emercent interfeys də deyirlər. Biz bu anlayışı müəyyən hallarda intuisiya ilə tutula bilən konkret məzmunda təsəvvür edirik. Başqa sözlə, emercent interfeys də təbiət elmlərində sinergetik yanaşma nəticəsində meydana gələn anlayışdır və onun sosial sahəyə tətbiqi metaforik xarakter daşıyır. Ancaq bu variantda belə həmin anlayış bizə kifayət qədər kreativ imkanlar yaradır. Bununla daxil etdiyimiz emercent interfeys anlayışını izah etməyə ehtiyac vardır.

 

2.       Sərhəd zonasında dialoq: şüurun spontanlığı, təcrübə və dilin harmoniyası

Ümumiyyətlə, emercent interfeys anlayışını Helqa Novotnı elmə gətirmişdir [2, s. 55]. O, bununla bir-biri ilə uyğunlaşmayan, ortaq xarakterə malik olmayan, fərqli dil-kateqorial özəlliklərə sahib bilik sahələrinin kəsişməsində və hətta konfrontasiyasında yaranan müvəqqəti linqvistik-koqnitiv strukturu ifadə etmək istəmişdir. Təbii ki, burada da bir metaforik reduksiya vardır. İnterfeys fizikada müxtəlif fazalarda olan maddələri ayıran sərhəd kimi tərif edilir. Məsələn, maddənin bərk, qaz və maye hallarını ayıran sərhəd zolağı interfeysdir. Məişət sferasında interfeys maşın-insan təmasını saxlayan vasitələrdir (deyək ki, avtomobilin sükanı və s.). H. Novotnı bu anlayışın fizikada olan məzmununu metaforik olaraq, ümumiyyətlə, bilik sahəsinə tətbiq etməyə çalışır. O, müxtəlif bilik sahələrinin kəsişdiyi və yuxarıda qeyd etdiyimiz kimi, hətta ixtilafda, ziddiyyətdə olduğu koqnitiv sahəni spontan, gözlənilmədən meydana gələn interfeys adlandırır. Bu zonada biliyin sərhədləri, məzmunu, təsnifatı qeyri-müəyyəndir. Alim vurğulayır ki, həmin sahədə nəinki bilik sahələri arasında uyğunlaşma özünü göstərir, hətta onların vahid sistem halına gəlməsi imkansız görünür, situasiya mürəkkəbləşir, qeyri-müəyyənlik artır. Ancaq ən maraqlısı da bundan [səh.225-226] sonra baş verir məhz həmin sahədə yeni kommunikasiya imkanları spontan olaraq əmələ gəlir, situasiya müəyyən həddə qədər sadələşdirilir. Bu hədd sistemin əvvəlki vəziyyətinə qayıtmaması ilə məhdudlaşır, yəni emercent interfeys heç zaman sistemi keçmişinə qaytarmır, onu yeni məna çoxluqları kontekstində sadələşdirir. Həmin əsasda da kəsişən sahələrdə yeni struktur-funksional proses yarana bilir. Ümumi halda, emercent interfeys sistemin "sərhəd zolağı"nda yeni reallıq yaratması, bütövlükdə özünü dəyişdirməsi prosesinin vacib vasitəsi rolunu oynayır [bax: 10].

Bu müddəalar müstəvisində "emercent interfeys" anlayışının sosial sistemlərə metaforik tətbiqi çox düşündürücü təsir bağışlayır. Əgər bu keçidi qəbul etsək, onda emercent interfeys zonasını milli dəyərlərlə yad dəyərlərin kəsişmə sahəsi olaraq təsəvvür edə bilərik. Onların bu sahədə kəsişməsi özlüyündə dinamik, qarşılıqlı kommunikativ prosesdir. Həmin zonada, doğrudan da, bir qarışıqlıq, qeyri-müəyyənlik, bir-birini qəbul etməmə mənzərəsi meydana gəlir. Yad elementlərin bir müddət bu cür qarşılıqlı təsirlərindən sonra situasiya müəyyən qədər sadələşir. Sonrakı mərhələdə isə meydana ortaq dəyərlər zolağı çıxa bilir. Onun əmələ gəlməsi mahiyyətcə emercentdir, yəni gözlənilmədən, spontan olaraq, sərhəd zolağının daxili xarakterinə uyğun baş verə bilər. Bu isə o deməkdir ki, prosesin sonucu həmin zolaqda hadisələrin hansı məzmunda və istiqamətdə cərəyan edəcəyindən çox asılıdır.

İnsan faktorunun olduğu yerdə, təbii ki, bu kontekstdə daha çox motivasiya edən şüur ola bilər. Şüur konkret halda hər zaman təcrübə ilə sıx bağlılıqda olur. Daha doğrusu, şüurun məzmunu şəxsi təcrübə ilə müəyyənləşir. Emercent interfeys kimi mürəkkəb bir zonada bu özəlliyin rolu yekun effekt aspektində əhəmiyyətlidir. Çünki əgər sərhəd zolağında qarşılıqlı əlaqədə olan elementlərin sayı çoxdursa və onların hər biri konkret təcrübənin daşıyıcılarıdırsa, ortaq ritmə gəlmək çətin prosesdir. Digər tərəfdən, cəmiyyətin daxili tarixi-milli, mədəni-mənəvi təkamül dinamikası ilə kənardan olan təsirlərin analoji xüsusiyyətləri bir-birindən fərqlənir.

Deməli, şəxsi təcrübə fərqliliyinə sistemin və ətraf mühitin tarixi məzmun fərqlilikləri də əlavə olunur. Məhz bu özəllik yuxarıda vurğuladığımız metabalans anlayışını daxil etməyi şərtləndirən faktorlardan biridir. Onun reallaşması yalnız müəyyən kommunikativ sahədə mümkündür. Onda [səh.226-227] deyə bilərik ki, emercent interfeys zolağında mürəkkəb qarşılıqlı təsirləri müəyyən nizama gətirə bilən kommunikativ mediator-kanallara ehtiyac meydana gəlir.

Mediator-kanal terminini dövriyyəyə biz daxil edirik. Məlumdur ki, mediatorun mənalarından biri neytral, müstəqil vasitəçidir ki, tərəflərə mövcud münaqişəni, ixtilafı aradan qaldırmağa yardım edir. Onu qeyd edək ki, biz burada mediasiyanın mübahisələrin alternativ həlli sahəsindəki peşəkar fəaliyyət çalarını nəzərə almırıq. Çünki onun siyasi aspekti bizi maraqlandırmır - əsas olanı, ümumiyyətlə, fəlsəfi-elmi kontekstdə çoxlu sayda xaotik qarşılıqlı təsirlərin müəyyən nizama salınması mexanizmlərinin müəyyənləşməsidir.

Kanal anlayışı mediatorun iki aspektini vəhdətdə ifadə etmək üçün daxil edilmişdir. Onlardan biri mediatorun müxtəlif olmasını (ən azı vahiddən çox olmasını), digəri isə hər birinin müəyyən sərhədə, məhdudlaşdırıcı mayakların cızdığı hüdudlarda aktiv olmasına işarədir. Bu şərtlər emercent zonada vasitəçilərin əsas funksiyasının qarşılıqlı təsirləri sistemləşdirməkdən, onları müəyyən barış məcrasına yönəltməkdən ibarət olduğunu təsbit etmək üçündür.

Deməli, bu anda bizim üçün sistem səviyyəsində nizam yaradan vasitəçi-mediator əhəmiyyət kəsb edir. Bununla biz M. Maklüyen və N. Lumanın izi ilə gedərək kommunikasiya vasitələrinin (burada "kommunikasiya vasitələri" ifadəsi "KİV" anlayışından daha geniş mənada işlənir və ümumiyyətlə, bütün ünsiyyət imkanlarını, o cümlədən İKT-ni nəzərdə tutur F.Q.) emercent zonada həlledici rol oynadığı tezisini irəli sürürük. Bu təmas kanallarında meydana gələn hər yeni məna çaları uyğun şərtlər daxilində bütöv sistem miqyasında konkret düzən yarada bilər. Bu imkanı reallaşdırma mexanizmi isə dialoqdur.

Yuxarıda ifadə edilən fikirlərin işığında emercent interfeysdə nizamlı vəziyyətin meydana gəlməsinin spontan xarakterli olması aydın görünür. Bununla yanaşı, nizamlı vəziyyət kommunikasiya-mediator kanalların müəyyən şərtlər daxilində fərqli ritmləri, dil fərqlərini ortaq sahəyə yönləndirməsi halında formalaşa bilir. Bu proses qarşılıqlı təsir zolağında dialoqun alınması halında reallaşmaq imkanı əldə edir. Həmin prizmada dialoq cəmiyyətin bütövlüyünü təmin etmənin, fərqliliklərin vəhdətini yaratmanın yeganə səmərəli mexanizmi təsiri bağışlayır.

Dialoq bu prosesi zaman-zaman, pilləvari olaraq yekuna doğru aparır. Yəni onun təsiri birdəfəlik deyil, kompleks halda, mərhələlidir. Burada bir səviyyədə əsası tam hazırlamadan digərinə keçid mənfi nəticə verə bilər. Həmin bağlılıqda biz dialoqun reallaşma mexanizmini şüurun açılması prosesi kimi qəbul edə bilərik. O mənada ki, dialoq şüurun vəhdətə, barışa və tamlığa aparan qatlarını mərhələli açmağın effektiv üsulu olaraq təsəvvür edilə bilər. Əslində məsələ daha dərin və mürəkkəb elmi-fəlsəfi məqamlara bağlıdır. Çünki şüur özü mahiyyətcə spontandır. V.V. Nalimova görə, [səh.227-228] spontanlıq şüurun dərinliklərindən qaynaqlanır [6, s.149]. Spontanlıq yalnız daxili səbəblərdən, kənardan birbaşa təsir olmadan yaranan proses-hadisə-faktordur. Əgər şüurun spontanlığını qəbul etsək, onda V.V. Nalimovun aşağıdakı fikirləri üzərində dayanmaq faydalı olardı. Rusiyalı alim yazırdı ki, hər yeni situasiyanın iştirakçısı dərketmə süzgəci (Nalimovun ifadəsində - filtr F.Q.) yaradır. Dərketmə süzgəcinin mənbəyi yeni təcrübə deyil, şüurun dərin qatlarında olan qaynaqdır, şəxsiyyətin özüdür. İdrak süzgəci yeni dəyərlər məkanı əmələ gətirir. Məhz həmin məqamda da fərdin bir an öncəni görmək şansı yaranır. Bununla dərketmə süzgəci şüurun dərin qatlarından qaynaqlanan proses əsasında yeni idraki situasiya yaradır ki, burada yeni dəyərlər sistemi ilə yeni təcrübə qarşı-qarşıya gəlir. Onların qarşılaşdığı həmin sahəni "emercent interfeys zonası" adlandırmaq olar. Terri Marks-Terlou bunu daxili ilə xarici, Mən (Self) ilə özgəsi arasında fraktal (özünəoxşar deməkdir F.Q.) separatrisalar məkanı (separatrisa ikiölçülü dinamik sistemin hərəkət trayektoriyasını ifadə edir və müəyyən şərtlər daxilində həmin sistemin fəaliyyət məkanını müxtəlif hissələrə bölə bilər, ilgək, dövrilik, yəhər forması və s. yaradar F.Q.) adlandırır ki, orada dünya ilə mənəviyyatın vəhdətdə yaradılması baş verir (bax: 9, s.49-62).

 

Nəticə

Beləliklə, şüurun spontanlığı fərdin hər bir yeni situasiyada davranışının ehtimali olduğunu göstərir. Başqa alimlərin araşdırmaları da bu nəticəni təsdiq edir. Bu o deməkdir ki, heç bir halda subyektlərarası münasibətlərdə hamının eyni fikirdə olduğu situasiyası yaranmır. Bütün variantlarda şüurun spontanlığı fərdlərin düşüncələri və davranışlarında fərqli çalarların, müxtəlif baxışların mövcudluğunu şərtləndirir. Lakin elə bu faktor da emercent interfeys zonasında (yaxud fraktal separatrisaların yaratdığı ortaq məkanda) yeni mənaların formalaşmasına imkan yaradır. Məhz bu səbəblərdən fərqli kültür elementlərinin qarşılaşdığı məkanda dialoq zərurətə çevrilir. Dialoq iştirakçılar arasında ortaq məna çalarları yarada biləcək yeganə mexanizm kimi qəbul edilə bilər.

Başqa aspektdən baxanda yuxarıda vurğulanan fikirlər göstərir ki, emercent interfeys zolağında fəlsəfədə klassik olaraq aktual olan şüur, təcrübə və dil faktorlarının qarşılıqlı nisbəti məsələsi əhəmiyyət kəsb edir. Bu, özlüyündə emercent interfeys zolağında elementlər arasında münasibətlər sisteminin xarakteri məsələsini gündəmə gətirir. Bizim fikrimizə görə, həmin münasibətlər dialoq fəlsəfəsi çərçivəsində qurulsa, ümumi qeyri-müəyyən situasiyanın daha səmərəli sadələşməsi və deməli, yeni kommunikasiya imkanlarının yaranması şansı meydana gələr.

Müstəqillik, yəni cəmiyyətin bütövlüyü, tamlığı, suverenliyi və özünü təminetmə qabiliyyəti baxımından bunun prinsipial əhəmiyyəti vardır. Məhz bu kontekstdə müstəqilliklə müasirliyi vəhdətə gətirən dialoqdur. [səh.228-229] Deməli, dialoq əslində obyektiv əsaslara malik, insan varlığının məntiqinə uyğun bir fenomen-hadisədir. Dialoq fəlsəfəsi həmin özəlliyə görə müasirliyin çox vacib komponentidir. Hətta müstəqilliklə müasirliyin qovuşmasının başlıca sahəsi, onların təkanverici və birləşdirici kreativ qüvvəsidir. Bu isə o deməkdir ki, fəlsəfi dərk olmadan müstəqilliyi tam mənasında reallaşdırmaq, onu həqiqi zaman-məkan kontinuumunda yaşatmaq mümkün deyil. Fəlsəfə bu cür xeyli qəribə üsulla müasir dövlətçilik, müstəqillik və müasirliyin qovşağında mövcud olan reallıq olaraq özünü göstərir. O, vazkeçilməz fəaliyyət növü, kollektiv var olmanın əvəz edilməyən təkanverici və yaradıcı şansıdır.

 

İstifadə edilmiş ədəbiyyat:

Rus dilində

1.       .., .. . // , 1992, 2, . 145-152.

2.       .. - . // . .: -, 2011, . 52-73.

3.       / . . . . 3- ., . /. .: -, 2007, 858

4.       . . . . . .: , 2007, 890 .

5.       .. . / : T. 3. / ../. .: , 2010, . 587-588.

6.       .. . .: , 1989, 288 c.

7.       : T. 3. / . . /. .: , 2010, 696 c.

8.       . . /. , . , . , . , . : ... ../ .: "-", , 2001.

 

İngilis dilində

9.       Marks-Tarlow T. Semiotic Seams: Fractal dynamics of Reentry // Cybernetics And Human Knowing, Vol. 11, 1, pp. 4962.

10.    Nowotny H. The increase of complexity and its reduction: emergent interfaces between the natural sciences, humanities and social sciences // Theory, culture and society, 2005, 5, pp. 15-31.

 

Fuzuli Gurbanov

The independence and modernity: a view from the perspective of the

philosophy of the dialogue

This article from the perspective of the philosophy of the dialogue, analyzes the relationship of the independence and modernity. It is shown that these concepts are deeply intertwined in the context of ensuring the integrity of society and interaction between different socio-cultural systems. [səh.229-230] Based on the analyze of the ideas of the classics of synergetics, and B.G. Kapustin, H. Nowotny, T. Marks-Tarlow, V.I. Arshinov, V.V. Nalimov, the thesis is put forward that the independence and modernity become a specific form of the interaction in the boundary zone where new meanings appear. New emergent meanings appear in the interaction of consciousness, a new experience, and the language. But the spontaneity of the consciousness leads to the need for the dialogue as the only way of formation of the unity and todays independence.

 

:

. , . .. , . , . -, .. , .. , , . , . .