Dövlət idarəçiliyi. - 2016.- № 1(53). -S.159-166.

 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNDƏ ORDU QURUCULUĞUNUN QANUNVERİCİLİK ƏSASLARI

 

Rahib Əkbərov,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının Hüquq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru

 

Azərbaycan Xalq Cümhuriyyəti parlamenti və hökuməti çox mürəkkəb daxili və beynəlxalq vəziyyətdə ölkənin suverenliyini, ərazi bütövlüyünü təmin etmək, iqtisadi-sosial sahələrdə tərəqqi və inkişafa nail olmaq, həmçinin ordu quruculuğunu zəruri qanunlarla möhkəmləndirmək üçün mühüm prosedur qanunvericilik tədbirləri həyata keçirmişdir. AXC hökuməti fəaliyyəti dövründə güclü ordunun formalaşması üçün vacib olan müxtəlif hərbi strukturların yaradılmasına, hərbi kadrların hazırlanmasına, ümumən, ordunun təminatına xüsusi diqqət vermişdir. Eyni zamanda, 4 iyun 1918-ci il Osmanlı-Azərbaycan dostluq və qarşılıqlı yardım haqqında müqaviləyə uyğun olaraq türk qoşunları yüksək döyüş qabiliyyətinə malik Azərbaycan ordusunun yaradılması üçün əvəzsiz kömək göstərmişdir (4, s.44). Rusiya imperiyası dövründə müsəlmanların hərbi xidmətə çağırılmaması səbəbindən azərbaycanlılar arasında zabit kadrların çatışmaması da özünü kəskin büruzə vermişdir.

Milli Şuranın 28 may 1918-ci il tarixli ilk hökumət tərkibi haqqındakı qərarında hərbi nazirlik yaratmaqla ordu quruculuğuna önəm vermişdir. Xosrov bəy Sultanov ilk hərbi nazir kimi hökumətin tərkibinə daxil edilmişdir. Yaranmış təhlükəni nəzərə alaraq hökumət 19 iyun 1918-ci ildə bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etmişdir. İyunun 26-da keçmiş müsəlman korpusunun «Əlahiddə Azərbaycan korpus»una çevrilməsi barədə hökumətin sərəncamı verilmişdir. 1918-ci ili iyulun 8-də Göyçay ətrafındakı döyüşlərdən qələbə ilə çıxan «Əlahiddə Azərbaycan korpusu»nun komandanlığının təqdimatına əsasən əsgərə rütbələrin verilməsi və fərqlənmiş hərbçilərin təltif edilməsi üçün Nazirlər Kabinetinin sədrinə müraciət edilir və bir qrup döyüşçü müxtəlif orden və medallara layiq görülür.

1918-ci il iyulun 11-də Gəncə Şəhər Hərbi Mükəlləfıyyət İdarəsi hökumətin qərarı ilə Ümumazərbaycan Hərbi Mükəlləfiyyət İdarəsinə çevrildi. Həmin gün 1894, 1895, 1896, 1897, 1898 və 1899-cu illərdə anadan olmuş müsəlmanları orduda xidmətə cəlb etmək üçün səfərbərlik elan edildi. Hökumətin qərarında Azərbaycan Hərbi Mükəlləfıyyət İdarəsinə çağırışçıların toplanış məntəqəsinin yerini və çağırış vaxtını müəyyən etmək tapşırıldı. Baş nazir F. Xoyski və hərbi idarə işləri üzrə səlahiyyətli İ. Ziyadxanovun imzaladığı sənəddə hərbi mükəlləfiyyətdən yayman şəxslər barəsində hərbi vəziyyət dövrünün qanunlarına uyğun olaraq cəza verilməsi nəzərdə tutulurdu.

1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi yaradıldı. Yuxarıda qeyd etdiyimiz kimi, hələ birinci hökumətin tərkibində yaradılması nəzərdə tutulan hərbi nazirlik iyun böhranı dövründə ikinci hökumətə daxil edilməmişdir. Hökumətin müvafıq qərarında noyabrın 1-dən baş nazirə, eyni zamanda, hərbi nazirliyə də başçılıq etmək səlahiyyəti verilirdi. Hərbi nazirin müavini isə general S. Mehmandarov təyin edilmişdir. Noyabr ayından Bakını işğal [səh.159-160] edən ingilis qoşunları və onlara başçılıq edən general Tomson Azərbaycan hökumətinə Bakıda ordu saxlamağı qadağan etmişdir. Buna görə də 1918-ci ilin noyabrından 1919-cu ilin aprelinədək Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi Gəncədə fəaliyyət göstərməli oldu. 1918-ci ilin dekabrın axırlarından isə artilleriya generalı Səməd bəy Mehmandarov Hərbi nazir, general Əliağa Şıxlinski onun müavini, general Süleyman Sulkeviç qərargah rəisi təyin edildilər. Ordunu ixtisaslı peşəkar kadrlarla təmin etmək üçün yeni təcrübəli mütəxəssislər cəlb edilirdi. Hərbi nazirlik əsgər və zabitlərin döyüş qabiliyyətini artırmaqla yanaşı, onların vətənpərvərlik ruhunun yüksək olmasına da xüsusi diqqət yetirirdi.

Ordunun hərbi tibbi xidmətini yaxşı təşkil etmək üçün parlament tərəfindən 16 iyun 1919-cu ildə qanun verildi (8). Qanuna görə 45 yaşına çatmış və axırıncı 5 ildə Azərbaycanda yaşayan bütün kişi həkimlər üçillik hərbi xidmətə çağırılırdı. Hərbi və Daxili İşlər Nazirliklərinə tapşırılırdı ki, yerli hərbi idarələrdə bütün həkimlər, о cümlədən axırıncı 5 ildə Azərbaycanda işləyənləri təcili olaraq qeydiyyatdan keçirsinlər. Xidmətə çağırılan həkimlərin yaşı, yaşadığı yeri, ailə və xidməti vəziyyəti, hərbi xidmət keçib-keçməməsi, sağlamlığı, universiteti qurtardığı il, həkimlik stajı və ixtisası qeydiyyata alınırdı. Qanunla hərbi nazirliyə səlahiyyət verilirdi ki, Daxili İşlər və Səhiyyə Nazirliyi ilə birlikdə təcrübəsi, yaşı, sağlamlığı, ailə vəziyyəti və veriləcək vəzifə maaşlarını nəzərə almaqla müsəlman həkimləri ilk növbədə orduya çağırsınlar. Qeyri-müsəlman həkimlər isə ehtiyatda saxlanılır və tələbat olan kimi onları da orduya cəlb etmək nəzərdə tutulurdu. Daimi iş yerlərində tələbat olardısa, Hərbi, Daxili İşlər və Səhiyyə Nazirliklərinin birlikdə razılığı ilə həkimlərə möhlət verilə bilərdi. Görülən tədbirlər, о cümlədən səyyar hərbi xəstəxananın (lazaret) qurulması hərbi qatar, aptek və tibb ləvazimatı və s. Mühüm işlər ordunun döyüş qabiliyyətini və təchizatmı xeyli yaxşılaşdırmışdır.

1919-cu il yanvarın 15-də Hərbi Nazirliyin nəzdində Baş Qərargah təsis edildi. Qərargahın nəzdində növbətçi general idarəsi, ümumi şöbə, ordunu atla təmin edən şöbə, nəşriyyat şöbəsi, hərbi xidmətdə olmayanlar şöbəsi, xəzinə, istehsalat işləri şöbəsi, qərargahın poçt stolu və onun jurnalist şöbəsi, yerli briqadalar idarəsi, yerli briqadalara tabe olan zabit qərargahı və idarə və şöbələr yaradılmışdır. Baş qərargahın baş idarəsi Azərbaycanın bütün döyüşən piyada, süvari, dəmiryol, dəniz donanması, ehtiyat mühafızəsi və b. hərbi hissələrinə rəhbərlik edir, onlar üçün döyüş planları hazırlayır, ölkənin hərbi rəislərinə, hərbi prokurorluğa, hərbi məhkəməyə, komendantlığa nəzarət edir, hərbi mühəndislik, xəritəçilik, hərbi xəstəxana, hərbi tibb qatarı, ərzaq mağazaları, hərbi sursatlar anbarı və şöbələrin işlərini təşkil edir, hərbi məktəblər üçün şagirdlər toplayırdı. Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi (Müdafiə) naziri, artilleriya generalı Səməd bəy Mehmandarov 16 fevral 1919-cu il tarixində Azərbaycan ordusunda xidmət keçən digər millətlərin nümayəndələrindən olan zabitlərə bir ay müddətində milli dildə komanda terminlərini öyrənmələri barədə xüsusi əmr imzalamışdır (2, s.162). Əmrə əsasən göstərilən müddətdə hərbi terminləri mənimsəməyən zabitlərin ordudan tərxis olunması nəzərdə tutulurdu. 1919-cu il yanvarın 18-də Hərbi Nazirliyin təkliflərini nəzərə alan hökumət xalq müəllimləri və ailənin tək övladlarının hərbi xidmətdən azad olunması barədə qərar verdi (5, s. 47).

1919-cu ilin aprelində Hərbi Nazirlik, ordu qərargahı və qoşun hissələri təntənəli surətdə yenidən Bakıya daxil oldu. 1919-cu il mayın 26-da parlamentin qəbul etdiyi qanunla hərbi idarə təşkil edildi (6,s.47-48). Qanunla baş hərbi idarəyə əhalinin hərbi xidmətə çağırılması və natural mükəlləfıyyətlərinin yerinə yetirilməsi vəzifəsi həvalə edilirdi. [səh.160-161] Hərbi idarəyə çağırışla yanaşı, hərbi-süvari yüklərin daşınması və digər natural mükəlləfıyyətlərin icra edilməsi, yerli hərbi idarələrin hesabatının alınması, qəza, dairə və şəhər idarələri arasında yarana biləcək anlaşılmazlıqların həll edilməsi tapşırılırdı. Baş hərbi idarəyə sədrlik daxili işlər nazirinin müavininə həvalə edilirdi. İdarənin üzvləri isə Hərbi və Ədliyyə Nazirliklərinin nümayəndələri və dəftərxananın işçilərindən ibarət idi. Dəftərxana isə bir katibdən, iki nəfər iş icraçısından, qeydiyyat və dəftərxana məmurlarından təşkil edilirdi. Yerlərdə qəza, dairə və şəhər hərbi mükəlləfiyyət idarələrinə çağırışçıların siyahısını tutmaq, onları yoxlamaq, toplanış yerlərinə gəlməyi təmin etmək, xidmət barədə məlumat vermək, kimin hansı qaydada xidmət edəcəyini, həmin xidmətdən əvvəl və xidmətdən sonra vətəndaşın xidmətə yararlı olub-olmamasını müəyyən etmək və yeni çağırışları təmin etmək həvalə edilirdi. Yerli hərbi idarələrə çağırış kompaniyası başa çatdıqdan sonra baş hərbi idarəyə müfəssəl hesabat vermələri tələb olunurdu.

1919-cu il 26 may qanunu hərbi idarələrə, xidmətdən yayınan şəxslər barədə polis orqanlarım xəbərdar etmək və belə şəxsləri intizam məsuliyyətinə cəlb etmək hüququ verirdi. Yerli hərbi idarələr ordunu atlarla, döyüş arabaları və digər ləvazimatla təmin etməkdən ötrü əhalidə olan at və digər ləvazimatın qeydiyyatını aparmaq səlahiyyətinə malik idi. Qanuna görə döyüşlər zamanı yaralanmış və əmək qabiliyyətini itirmiş şəxslər üçün pensiya müəyyən edilirdi. Qəza, dairə və şəhər hərbi idarələrinin müvafıq ştat vahidləri təsdiq edilmişdir. İdarə katib, iki nəfər iş icraçısından, qeydiyyat və dəftərxana məmurundan ibarət idi. İdarələrə sədrliyi qəza, dairə və şəhər üzrə müvafıq olaraq təyin edilən rəislər həyata keçirirdilər. Bu təyinatı Daxili İşlər naziri aparırdı. Qəza hərbi idarələri bütün qəza mərkəzləri üzrə yaradılırdı. Bu tipli hərbi idarələrin Bakı, Gəncə, Qazax, Nuxa (Şəki), Tərtər, Cəbrayıl, Göyçay, Salyan, Zaqatala və Şuşa qəzaları istisna olmaqla, digər ərazilərdə tədricən yaradılması nəzərdə tutulurdu.

Azərbaycan hökumətinin qərar ilə 1919-cu ilin 9 iyununda dövlətin müdafıəsini təşkil etməkdən ötrü xüsusi orqan sayılan Dövlət Müdafıə Komitəsi təsis edildi (7, s.149). Dövlət Müdafiə Komitəsinə 5 nəfər – Nazirlər Şurasının sədri, Hərbi nazir, Yollar naziri, Xarici İşlər naziri və Ədliyyə naziri daxil edildi. Komitənin iclasında üç nəfər üzvün iştirakı onun səlahiyyətliliyini (kvorum) təmin edirdi. Sədrin iştirak etmədiyi iclasda onun üzvlərinin hər hansı biri sədrlik funksiyasını yerinə yetirə bilərdi. Komitənin reqlamentinin belə müəyyənləşdirilməsi dövlətin müdafıəsi üçün zəruri anda onun toplanmasının təmin olunmasına yönəlmişdi.

Xarici təcavüzdən qorunmaq üçün 1919-cu il iyunun 16-da Azərbaycan-Gürcüstan müdafiə paktı imzalandı. Pakta əsasən tərəflər xarici müdaxilə olduğu halda bir-birlərinə kömək göstərməli idilər. Neft məhsulları əvəzinə, Azərbaycan ordusuna silah, top və digər hərbi ləvazimat verilməsi, Azərbaycan ordusuna gürcü zabitlərin göndərilməsi, Azərbaycan üçün zabitlər hazırlamaqdan ötrü Gürcüstanın hərbi məktəblərinə müdavimlərin göndərilməsi və s. haqqında gizli müqavilə də bağlanılmışdır. Azərbaycan Hərbi Nazirliyi Bakıda fəaliyyətə başladıqdan sonra Gəncədəki hərbi məktəb də Bakıya köçürülür və yenidən təşkil edilir. Hərbi istehkamçılar məktəbi, hərbi sursat və ləvazimat istehsal edən zavodlar, dəmiryol sahəsi üçün zabitlər hazırlayan hərbi dəmiryol məktəbi, həmçinin Şuşada hərbi feldşer məktəbi acmaq da nəzərdə tutulurdu. Yüzə yaxın ali rütbəli general, polkovnik və polkovnik-leytenant Azərbaycan ordusunda xidmət edirdi. Azərbaycan hərbi dəniz donanmasını da yenidən təşkil etmək nəzərdə tutulurdu. Donanma iki hərbi gəmi və bir sualtı qayıq ilə [səh.161-162] təchiz edilmişdir. Hərbi Nazirlik hərbi hava qüvvələrini yaratmaq üçün 1920-ci ildə 12 hidroplan və 6 aeroplan almağı nəzərdə tuturdu. 1919-cu il sentyabrın 15-də Bakının ingilis və sentrokaspiçilərdən geri alınmasının ildönümü münasibəti ilə Bakıda möhtəşəm hərbi parad keçirilmişdir. 1919-cu ilin yayında milli ordu qondarma Muğan Sovet Respublikasını tərk-silah etdi. Daha sonra milli ordu payızda Ermənistanla sərhəddə əmin-amanlıq yaratdı. Azərbaycan parlamenti və hökumət, ordu quruculuğuna həmişə xüsusi diqqət yetirmişdir. Məhz həmin dövrdə hərbi büdcə ümumi büdcənin 27,7 faizini təşkil etmişdir. 1920-ci ildən isə hərbi büdcəni yenidən artırmaq nəzərdə tutulmuşdu.

Silahlı qüvvələrdə qanunçuluğun təmin edilməsi, xüsusilə də ölkədə hərbi vəziyyətin elan olunması ilə əlaqədar Ədliyyə Nazirliyinə qanundan irəli gələn bir sıra tədbirlər həyata keçirmək həvalə edilir. Bununla əlaqədar olaraq «Əlahiddə Azərbaycan коrpus»u və digər daxili və hərbi birləşmələr üzrə «korpus məhkəmə»si yaradılırdı. Azərbaycan korpus məhkəməsi, Rusiya imperiyasının 1914-cü il 30 iyun hərbi məhkəmə nizamnaməsi qaydaları əsasında öz məhkəmə işlərini qururdu. Dövlət hakimiyyəti əleyhinə, ictimai quruluş, dövlətə xəyanət, həyat üçün təhlükə törədən soyğunçuluq və s. əməllərə görə ümumi mühakimə ilə yanaşı, hərbi vəziyyətin qanunlarına uyğun olaraq cəza verilməsi hərbi məhkəmələrə həvalə edilirdi. Rusiya Müvəqqəti hökumətinin 28 may 1917-ci il tarixli qərarı ilə korpus məhkəmələrində hərbi andlı iclasçıların iştirakı ləğv edilmişdir. Korpus məhkəməsinin çıxardığı qərar dərhal «Əlahiddə Azərbaycan korpusu» komandanlığına təsdiq edilmək üçün verilirdi. Bir gün müddətində komandanlıq məhkəmə qətnaməsinin yüngülləşdirilməsi və ya ağırlaşdırılması barəsində korpus məhkəməsinə rəsmi təqdimat verməli idi. Korpus məhkəməsinin çıxardığı hökm Azərbaycan Respublikası adından verilirdi. Onu da qeyd edək ki, Azərbaycan ordusunun 1918-ci il iyun-sentyabr qələbələrindən sonra hökumət ədalət məhkəmələrinin bərpa olunması barədə sentyabrın 14-də xüsusi qərar vermişdir (1, s.230). Hökumət tərəfındən Ədliyyə Nazirliyinə məhkəmələrin işlərinin təşkil edilməsi üçün dövlət büdcəsindən 10 min rubl vəsait ayrılmışdır. Noyabrın 14-də isə Ədliyyə Nazirliyi tərəfındən təqdim olunmuş Azərbaycan Respublikasının məhkəmə palatasının əsasnaməsi hökumət tərəfindən təsdiq edilmişdir.

Parlamentin 1919-cu il 14 aprel qanunu isə hərbi dairə və alaylar üzrə hərbi məhkəmələrin yaradılmasını nəzərdə tuturdu (1, s.37-39). Qanuna əsasən hər bir alay və digər hərbi hissələr üzrə (bütün respublika üzrə) hərbi məhkəmələr təsis edilirdi. Alay hərbi məhkəmələri 1896-cı il hərbi qərarların hesabatının 4-cü nəşrinin 24-cü kitabının 8-23-cü maddələri və hərbi idarənin 1896-cı il 319 saylı (1914-cü il 30 iyuldan sonra edilmiş dəyişiklikləri daxil etmədən) alay hərbi məhkəmələrinin təlimatı haqqındakı əmri əsasında təsis edilirdi. Alay hərbi məhkəmələri öz fəaliyyətlərində (məhkəmə işlərində), xüsusilə də mühakimə qaydalarında hərbi qərarların hesabatının 1869-cu il 4-cü nəşrinin 24-cü kitabı əsasında, lakin 1914-cü il 30 iyulundan sonra edilmiş dəyişikliklər nəzərə alınmadan təşkil edirdi. 1918-ci il dekabrın 5-də Gəncə Dairə Məhkəməsi nəzdində hərbi məhkəmə yaradılmışdır. Hərbi məhkəmənin tərkibinə sədr, iki üzv, bir prokuror, bir prokuror müavini, bir katib, iki katib köməkçisi və dörd nəfər dəftərxana işçisi daxil edilmişdir. Nazirlərin hazırladıqları qanun layihələri və digər normativ aktların hüquqi cəhətdən əsaslandırılması üçün 1919-cu ilin yanvarın 14-dən hər iki nazirliyə bir nəfər hüquq məsləhətçisi ştatı ayrılmışdır.

Azərbaycan Respublikasının hərbi məhkəmələri Hərbi Nazirliyin tabeliyində olmaqla, səlahiyyətlərini bütün respublika ərazisində yerinə yetirmək hüququna malik [səh.162-163] idi. Hərbi məhkəmələr daimi və müvəqqəti üzvlərdən təşkil olunmuşdur. Daimi üzvlər sədrdən və iki nəfər hərbi məhkəmə üzvündən ibarət idi. Hərbi məhkəmənin müvəqqəti Üzvləri, Hərbi nazirin sərəncamı ilə 6 ay müddətinə hərbi hissələrdən olmaqla, iki nəfər qərargahdan, iki nəfər isə bölmələrdən olan ober-zabitlərdən təyin edilirdilər. Hərbi məhkəmənin sədri, Hərbi nazirin təqdimatı ilə hərbi məhkəmə idarəsində ən aşağı vəzifəsi hərbi prokuror və ya hərbi dairə məhkəməsində hakim işləmiş (dairə məhkəməsində prokuror və hərbi məhkəmənin daimi üzvü olan) şəxslərdən olmaqla, Nazirlər Şurasının qərarı ilə təyin edilirdi. Hərbi məhkəmənin prokuroru və daimi üzvləri Hərbi nazirin əmri ilə hərbi məhkəmə idarələrində qulluq edənlərdən, ən aşağı vəzifəsi dairə prokurorunun köməkçisi, müavini, məhkəmə və ya hərbi müstəntiq, alay məhkəməsinin istintaq hissəsinin, həmçinin andlı iclasçılarından, digər səlahiyyətli nümayəndələrdən və onların köməkçilərindən təyin edilirdilər. Prokuror köməkçisi və hərbi müstəntiq Hərbi nazirin əmri ilə, ali hüquq təhsili almış və ya fəaliyyətində kifayət qədər məhkəmə təcrübəsinə yiyələnmiş şəxslərdən seçilirdilər. İşin məhkəməyə aid hissəsi müvəqqəti hökumətin hərbi idarə haqqındakı 6 iyul 1917-ci il 396 saylı əmrinə əsasən, üçüncü bölmənin 1-9 maddələri üzrə olan qaydalar əsasında aparılırdı. Azərbaycanın hərbi məhkəmələri, onların daxili quruluşu, mühakimə qaydaları və onun vəzifəli şəxslərinin səlahiyyətləri Hərbi məhkəmə Nizamnaməsi (Hərbi Qərarların Hesabatı, 1868-ci il, XXIV, 4-cü nəşr) və ona edilmiş 30 iyul 1914-cü il dəyişikliklər, həmçinin 17-24-cü maddələr üzrə edilmiş dəyişikliklərə uyğun olaraq tənzimlənirdi.

Müvafıq qanunla hərbi vəzifəli şəxslərin hərbi qulluqçular barəsində cinayət işi qaldırmaları qadağan edilirdi. Qanuna əsasən isə hərbi istintaq aşağıdakı hallarda müəyyən edilirdi:

a)      hərbi rəislərin məlumatı əsasında,

b)      hərbi prokurorun təqdimatı ilə,

c)      məhkəmə və inzibati orqanların məlumatı ilə,

d)      hərbi qulluqda xidmət edənlərin və fərdi şəxslərin şikayəti əsasında,

e)      və cinayətkarın özünün etirafı ilə.

Hərbi məhkəmələrin nizamnaməsinin 364-366-cı maddələrinə əsasən ibtidai istintaqa zabitlərin cəlb olunması qaydası ləğv edilirdi. Məhkəməyə təqdim edilmiş iş dövlət ittihamçısı olan prokuror tərəfındən müdafıə edilirdi. İstintaq işi hərbi məhkəmənin qərarı ilə dayandırılırdı. Ayrı-ayrı şəxslərin etdikləri şikayətlər əsasında başlayan istintaqın, həmçinin hərbi rəislərin təqdimatı ilə aparılan işlərin dayandırılması barədə, hərbi prokurorluğun nəzarəti ilə 7 gün ərzində hərbi idarə yanındakı məhkəmə orqanına, hərbi məhkəmənin istintaqı dayandırması barədə qərarından şikayəti qəbul edilirdi. Hərbi məhkəmələrə ayrı-ayrı işlər üzrə yüngülləşdirici (Hərbi məhkəmə qərarlarının 2-ci kitabının 1896-cı il 4-cü nəşri istisna olunmaqla) halların tətbiq edilməsinə imkan verilirdi. Məhkəmənin təqdimatı ilə müttəhimin bağışlanması barədə məhkəmə qərarı baxılmaq üçün Nazirlər Şurasına göndərilirdi. Nazirlər Şurası günahkarın cəzasını yüngülləşdirmək və tamamilə əfv etmək hüququna malik idi. Azərbaycan hərbi məhkəmə orqanlarının tam formalaşmamasını nəzərə alaraq, hökmlərdən kassasiya qaydasında şikayət vermək nəzərdə tutulmurdu. Bununla belə, hərbi cinayətlər üzrə müttəhim və ya onun müdafıəçisi, həmçinin mülki iddiaçı məhkəmə qərarından Hərbi nazirə şikayət etmək hüququna malik idi. Gələcəkdə yaradılacaq kassasiya məhkəmələri tam formalaşdıqdan sonra göstərilən məsələlərin ümumi qaydalar əsasında həll edilməsi nəzərdə tutulurdu. Hərbi məhkəmə qərarları və hökmləri Azərbaycan dövləti adından verilirdi.

Nəticə olaraq deyə bilərik ki, 1918-1920-ci [səh.163-164] illər ərzində mövcud olmuş, çox mürəkkəb daxili və beynəlxalq şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti ölkənin suverenliyini, ərazi bütövlüyünü təmin etmək, iqtisadi-sosial sahələrdə tərəqqi və inkişafa nail olmaq üçün mühüm tədbirlər həyata keçirmişdir. Digər sahələrlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətində ordu quruculuğunun möhkəm qanunvericilik bazasının və digər zəruri təminatının yaradılması məsələləri parlament və hökumətin xüsusi diqqət mərkəzində olmuşdur. Ordu quruculuğunun qanunvericilik əsaslarının mənbələrinə cari hüquqi aktlarla yanaşı, təbii olaraq Rusiya imperiyası qanunları daxil edilmişdir. AXC ordu quruculuğunu möhkəmləndirmək məqsədi ilə ardıcıl olaraq zəruri cari qanunlar və digər normativ-hüquqi aktlar qəbul etmişdir. Məhz qəbul edilmiş normativ-hüquqi aktlar hər hansı bir təcrübəyə malik olmayan Azərbaycan ordusunun təşkilində mühüm yer tutmuşdur. Orduda nizam-intizamın möhkəmləndirilməsində hərbi məhkəmələrin rolu da xüsusi əhəmiyyət kəsb etmişdir. Qeyd etmək lazımdır ki Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təchizat və təminat məsələləri hökumət üçün daim prioritet təşkil etmişdir. Son dərəcə ağır və gərgin şəraitdə fəaliyyət göstərmiş AXC hökuməti güclü ordunun formalaşması üçün vacib olan müxtəlif hərbi strukturlar yaratmış və hərbi kadrların hazırlanmasına nail ola bilmişdir.

 

Ədəbiyyat:

1.       Азербайджанская Демократическая Республика (1918-1920 гг.). Законодательные акты, Баку: «Азербайджан», 1998, 560 с.

2.       Азербайджанская Республика (1918-1920 гг.). Документы и материалы, Баку: «Элм», 1998,616 с.

3.       Азербайджанская Демократическая Республика (1918-1920 гг.). Армия. (Документы и материалы), Баку: «Азербайджан», 1998, 560 с.

4.       Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Bakı: «Lider» nəşriyyatı, 2004, I cild, 440 s.

5.       “Xalq müəllimləri və ailənin tək övladlarının hərbi xidmətdən azad olunması barədə” 18 yan- var 1919-cu il tarixli hökumət qərarı /Azərbaycan Respublikası DA: f.2898, siy. 2, iş 22, v. 47

6.       “Hərbi idarənin təşkil edilməsi haqqında” Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 26 may 1919-cu il tarixli qanunu /Azərbaycan Respublikası DA: f. 895, siy. 3, iş 36, v. 47-48

7.       “Dövlət Müdafiə Komitəsinin təşkil edilməsi haqqında” 9 iyun 1919-cu il hökumət qərarı /Azərbaycan Respublikası DA:f.l00, siy.2, lş 7, v. 149

8.       “Azərbaycan” qəzeti, 22 iyun 1919-cu il, № 128

9.      İsmayılov X., Azərbaycan Xalq Cümhuriyyətinin hüquq yaratma fəaliyyətinin bəzi aspektləri//Bakı Dövlət Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası, 1999, №1, s. 67-68 [səh.164-165]

 

Açar sözlər: hərbi nazirlik, hərbi nizamnamə, hərbi dairə məhkəməsi, istintaq şöbəsi, ordu quruculuğu, baş qərargah, hərbi hissə, hərbi rəis, hərbi məhkəmə

Ключевые слова: военное строительство, военное министерство, военный устав, военные окружные суды, следственный отдел, генеральный штаб, военная часть, военачальник, военный суд

Key words: military construction, ministry of defiance, military regulations, military district courts, investigation department, general staff, military unit, commander, military court

 

Законодательные основы строительства армии в Азербайджанской

Демократической Республике

 

Рахиб Акберов

Доцент кафедры Права Академии Государственного Управления при Президенте

Азербайджанской Республики

 

Резюме

В статье были изучены законодательные основы строительства армии в Азербайджанской Демократической Республике. В описываемый период в очень сложных внутренних и международных условиях парламент и правительство АДР провели целый ряд важных мероприятий, направленных на обеспечение государственного суверенитета, территориальной целостности, достижение прогресса и развития в социально-экономических сферах. С целью укрепления строительства армии были приняты также необходимые законы и другие нормативные акты. Именно правительство АДР достигло подготовки армейских военных кадров и создания различных военных структур, необходимых для формирования сильной армии. В статье было уделено особое внимание роли военных судов, организованных с целью укрепления дисциплины в армии. [səh.165-166]

 

The legal framework for military construction of the Azerbaijan Democratic Republic

 

Rahib Akbarov

Assistant professor of the department of Law of the Academy of Public Administration under

the President of the Republic of Azerbaijan

 

Summary

This article examines the legal framework for the military construction of the Azerbaijan Democratic Republic. During the described period and under very difficult internal and international conditions, the parliament and the government of the Azerbaijan Democratic Republic held a number of important events for the purpose of providing state sovereignty, territorial integrity, achievement of progress and development in social and economic spheres. In strengthening the military construction other necessary laws and regulations were adopted. The government of the Azerbaijan Democratic Republic conducted army training of military personnel and established various military structures for the formation of a strong army. Special attention has been given to the role of the military courts which were organized with the goal of strengthening discipline in the army.