“Qarapapaqlar”.-2015.-¹ 3(91).-S.13-18.

 

QƏRBİ AZƏRBAYCANIN

GİZLİ İŞĞALI SƏNƏDLƏRDƏ

 

Füzuli Sabiroğlu,

araşdırmaçı - yazar

 

1945-ci il aprel ayının 19-da erməni arxiyepiskopu Gevorq Srbazyan SSRİ Xalq Komissarları Soveti yanında Dini İşlər üzrə Şuranın sədri Polyanskinin müşayiəti ilə İosif Stalinin qəbuluna gedirdi. Bir neçə uğursuz cəhddən sonra Srbazyan nəhayət ki, bu görüşə razılıq ala bilmişdi. Onun düşüncəsinə görə, bu görüş erməni xalqının taleyində köklü dəyişikliklərə səbəb olmalıydı.

Rəsmi olaraq Stalinlə görüşün reqlamentində Eçmiədzin kilsəsinin bəzi səlahiyyətlərinə rəsmi statusun verilməsi olsa da, bunun arxasında bütün Qafqaz regionu üçün, xüsusən də orada yaşayan azərbaycanlılar üçün gələcək faciələrin əsasını qoyacaq bir məsələnin müzakirəsi dayanırdı: Sovet İttifaqının ermənilərin xeyrinə Türkiyəyə torpaq iddiası və xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına repatriasiyası. Bu məsələlərdə Sovet hökuməti əsas müttəfiq kimi erməni kilsəsini görürdü.

Sonralar bütün ermənilərin VI katolikosu seçilən Srbazyan bu görüş haqqında yazırdı:

“Kilsə məsələlərini müzakirə etdikdən sonra Stalin dedi: “Tezliklə müharibə qurtaracaq. Bizim hökumətimiz 1920-ci ildə Türkiyəyə verilmiş Qərbi Ermənistan torpaqlarını geri almaq fikrindədir. Bu ərazilərdə ermənilər yerləşdirilməlidir. Buna görə də həmin dövrə qədər Ermənistan ərazisinə 100 minlərlə erməninin miqrasiya olunmasını nəzərdə tutmuşuq. Tezliklə bu barədə hökumətin qərarı olacaq. Siz də bu işdə bizə yardım etməlisiniz”.

Bu gözlənilməz şad xəbərdən özümü itirdim və bir anlıq elə gəldi ki, bütün bunlar yuxudur və mən özümü ələ alıb Stalinə dedim: “Erməni kilsəsinin arxivlərində şahların, sultanların, çarların və başqa yüksək məqam sahiblərinin imzaladığı fərmanlar və əmrlər var. Onları biz göz bəbəyi kimi qoruyuruq. Yaxşı olardı ki, bu imzalar içərisində sizin erməni kilsəsinə və erməni xalqına xüsusi diqqətinizin təsdiqi olan imzanız da olardı”.

Bir neçə aydan sonra SSRİ Xalq Komissarları Sovetinin sədri İ. Stalin G. Srbazyanın bu arzusunu da yerinə yetirdi. Belə bir qərar 1945-ci il noyabr ayının 21-də imzalandı.

Bu, xaricdən ermənilərin Sovet Ermənistanına qaytarılması tədbirləri haqqında SSRİ Xalq Komissarları Sovetinin 2947 N-li Qərarı idi. (Nüsxələri Ermənistanın Dövlət Arxivində və Eçmiədzin kilsəsinin Arxivində saxlanan, Ermənistanda yaşayan azərbaycanlıların taleyində birbaşa rol oynamış bu sənədin mahiyyətindən indiyədək az-çox xəbərimiz olsa da, onun tam mətninin oxucular üçün maraqlı olacağını düşündük.) Sənəddə deyilirdi:

“Ermənistanda Sovet hakimiyyətinin qurulmasının 25 illiyinin qeyd edilməsilə bağlı SSRİ Xalq Komissarları Soveti QƏRARA ALIR:

İllər

Ölkələr

Köçürülüb (nəfər)

1946

Suriya. Livan

19 253

 

Bolqarıstan

4 383

 

Iran

20 597

 

Rumıniya

1 738

 

Yunanıstan

4 974

1947

Suriya. Livan

12 985

 

Yunanistan

13 241

 

Fransa

5 264

 

Misir

1 669

 

Fələstin

1 260

 

Iraq

856

 

ABŞ

151

 

Cin

16

1948

Rumıniya

1 046

 

Misir

2 023

1949

ABŞ

162

 

Xaricdə yaşayan ermənilərin vətənə - Sovet Ermənistanına qayıtmaq üçün onlara icazə verilməsi haqqında müraciətlərini və Ermənistan SSR rəhbər orqanlarının köçmək arzusunu bildirmiş xaricdə yaşayan ermənilərin [səh. 13-14] qayıdışını təşkil etmək üçün Ermənistan SSR Xalq Komissarları Sovetinə icazə verilməsi haqqında zəmanəti nəzərə alınsın.

1.      Ermənistan SSR hökumətinin Ermənistan SSR Xalq Komissarları Soveti yanında erməni-miqrantların qəbulu və yerləşdirilməsi üzrə Komitənin yaradılması təklifi qəbul edilsin.

2.      Ermənistan SSR Xalq Komissarları Sovetinə tapşırılsın ki, vətənə qayıtmış erməniləri fərdi mənzil tikintisi üçün yaşayış evinin 50 %-i məbləğində dövlət krediti ilə təmin etsin.

3.      Xaricdən SSRİ-yə qayıdan erməni vətəndaşlar, xaricdən yaşayış yerinə gətirdikləri şəxsi əmlaka görə gömrük xərclərindən azad edilsinlər”.

1827-1920-ci illər ərzində ermənilərin tarixi Azərbaycan torpaqlarına kütləvi köçürülmələrini (təxmini hesablamalara görə 1 milyon 500 min-dən yuxarı) nəzərə almasaq, Ermənistanda Sovet hakimiyyəti qurulduq-an sonra da köçürülmə prosesi dayanmamışdı. Regiona 1921-1925-ci illər ərzində 19.688 nəfər, 1926-1936-cı illər ərzində isə 22.595 nəfər erməni köçürülmüşdü. Planlaşdırılan bu köçürülmə miqyasına görə istər say etibarı ilə, istərsə də dünyadakı erməniləri əhatə dairəsinə görə ən böyük olmalıydı. Ilkin dövr üçün ərizə ilə müraciət etmiş 360 000 erməninin köçürülməsi nəzərdə tutulmuşdu.

1946-cı ildən başlayaraq xaricdə yaşayan ermənilərin ilk dəstələri Ermənistana gəlməyə başladı. Sovet təbliğat maşını və erməni kilsəsi təşviqat işini elə qurmuşdu ki, müxtəlif ölkələrdə yaşayan erməni koloniyaları tezliklə SSRİ-yə köçməyə can atır, SSRİ-nin bu ölkələrdəki səfirliklərinə kütləvi müraciətlərin ardı-arası kəsilmirdi. Ancaq Sovet hökuməti belə kütləvi köçürülmələr zamanı ölkə ərazisinə düşmən elementlərin soxulacağından ehtiyat edərək, prosesi mərhələlərlə və ciddi yoxlamalar keçirməklə aparırdı.

Oxuculara ilk dəfə təqdim olunan başqa bir sənəd - Xarici İşlər Xalq Komissarının müavini V. Dekanozovun imzası ilə SSRİ-nin ABŞ, Fransa və Türkiyədəki səfirliklərinə, Misir və İraqdakı nümayəndəliklərinə göndərilmiş “məxfi” qrifli məktubda maraqlı məqamlar yer alıb. Bu məktubun mətnini də olduğu kimi təqdim edirik:

“Xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına qaytarılması haqqında SSRİ XKS-nin 21 noyabr 1945-ci il qərarı ilə bağlı olaraq, SSRİ-nin Səfirlik, Nümayəndəlik və Konsulluqlarından ermənilərin vətənə köçürülməsi üzrə praktiki tədbirlərlə bağlı sorğular daxil olur.

Məlumunuz olsun ki, Ermənistan SSR hökuməti bu il Bolqarıstan, Rumıniya, Yunanıstan, Suriya, Livan və qismən də İrandan ermənilərin ilk dəstəsinin köçürülməsini nəzərdə tutub. Erməni koloniyalarının mövcud olduğu başqa ölkələrdən-xüsusən də ABŞ, Fransa, Misir, Türkiyə və İraqdan bu il ermənilərin kütləvi şəkildə köçürülməsi nəzərdə tutulmur. Bu ölkələrdən yalnız, Ermənistan SSR XKS-nin yanında Xaricdən gələn ermənilərin qəbulu və yerləşdirilməsi Komitəsinin xüsusi olaraq müyyənləşdirdiyi ayrı-ayrı şəxslərin və ya qrupların köçürülməsindən., söhbət gedə bilər. Bütün bunları nəzərə alaraq, bizim ABŞ, Fransa, Misir, Türkiyə və İraqdakı Səfirlik, Nümayəndəlik və Konsulluqların diqqəti ermənilərin köçürülməsi məsələsində aşağıdakılara yönəldilməlidir:

a) Sovet Ermənistanına köçmək istəyən ermənilərin siyahısının tərtibi üzrə hazırlıq, işləri görülməlidir. Bu işlərin görülməsində [səh. 14-15] yerli mütərəqqi erməni təşkilatlarının köməyindən istifadə etmək məqsədəuyğun olardı.

b) Ermənilərin birinci növbədə köçürülməyə daha çox ehtiyacı olan kontingentini müəyyən etmək lazımdır.

v) mütərəqqi erməni təşkilatlarının və xeyriyyə cəmiyyətlərinin xaricdə yaşayan ermənilərin vətənə köçürülməsinə yardım fondlarına vəsait toplanması təşəbbüsünə dəstək vermək lazımdır.

Bu məsələlərlə bağlı Ermənistan SSR XKS-nin yanında Xaricdən gələn ermənilərin qəbulu və yerləşdirilməsi Komitəsi xaricdə yaşayan ermənilərin mütərəqqi fikirli təşkilatlarının və xeyriyyə cəmiyyətlərinin rəhbərlərinə məktubla müraciət edib. Siz bu təşkilatlara onların fəaliyyətində lazımi dəstəyi göstərməlisiniz”.

Bu məktubdan sonra, 1947-ci ilin may ayında Nyu-Yorkda Ümumdünya Pan- Erməni Konqresi keçirildi. Konqresdə 22 ölkədən 715 nümayəndə iştirak edirdi. Konqresin gündəliyindəki əsas məsələlərdən biri də xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsi işinin təşkili idi.

Sovet hökuməti Konqresin işini yaxından izləyirdi. Onun burada maraqlarının əsas müdafiəçiləri nə qədər qəribə görünsə də erməni kilsəsinin dünyanın müxtəlif yerlərindən gəlmiş nümayəndələri idi. Bu işdə əsas ağırlıq SSRİ-nin ABŞ-dakı baş konsulu Yakov Lomakinin üzərinə düşürdü. Çünki, Sovet İttifaqına köçürülənlərin bütün qeydiyyatı SSRİ-nin ABŞ-dakı baş konsulluğunda apanlırdi.

Bu işdə baş konsulun əsas məsləhətçisi SSRİ Xarici İşlər Xalq Komissarlığının İqtisadiyyat şöbəsinin müdir müavini Hamazasp Arutunyan idi. 1947-ci il noyabr ayının 2-də Nyu-Yorkda Valdorf-Astoriya mehmanxanasının zalında ABŞ Erməni Milli Şurası minnətdarlıq əlaməti olaraq SSRİ-nin baş konsulu Yakov Lomakin və professor Hamazasp Arutunyanın şərəfinə banket təşkil etdi.

Beləliklə, 1946-1949-cu illər ərzində xarici ölkələrdən Ermənistana 89637 nəfər erməni köçürüldü. Bu cədvəldən də göründüyü kimi, köçürülmələrin ən intensiv dövrü 1946,1947-ci illərə təsadüf edir. Elə Ermənistan SSR rəhbərliyi də bundan çox məharətlə istifadə etdi. Xaricdən gələn ermənilərin yerləş- dirilməsinin çətin olduğunu bəhanə edən Ermənistan KP MK-nın birinci katibi Q. Arutinov “vəziyyətdən yeganə çıxış yolunu” Ermənistandan yüz min əhalinin Azərbaycana köçürülməsində görürdü.

...1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 ¹-li qərar qəbul etdi. Qərarda göstərilirdi ki, 1948- 1950-ci illərdə “könüllülük prinsipi əsasında” Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün.

1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulub.

Bəzən cəmiyyət arasında belə bir yanlış fikir də formalaşdırmağa çalışırlar ki, guya, Mir Cəfər Bağırov üçün bu qərar gözlənilməz olub və onun belə bir qərarın hazırlanmasından xəbəri olmayıb. Doğrudan da bu qərar imzalanan vaxt Azərbaycan K(b)P MK katibi Bakıda olmayıb. Həmin vaxt o, Qara dəniz sahilində istirahətdə olub. Î dövrün sənədlərində bu qərar haqqında ilk məlumatın ona dekabrın 26-da Nazirlər Sovetinin sədri T. Quliyev və Azərbaycan KP MK-nın II katibi H. Seyidov tərəfindən verildiyi göstərilib.

Ancaq Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan başqa bir sənəd bu fikrin yanlış olduğunu göstərir. Azərbaycan K(b)P MK katibi Ì. C. Bağırov və Ermənistan K(b) P MK katibi Q. A. Arutinovun İ. Stalinə birgə müraciətinin mətni iki respublika rəhbərinin öz xalqının taleyinə münasibətini ortaya çıxarır.

“Yoldaş İ. V. Stalinə

Son illərdə Azərbaycan və Ermənistan Respublikalarında baş vermiş təsərrüfat dəyişiklikləri məsələsini müzakirə edərək, aşağıdakı təkliflərlə Sizə müraciət etməyi qərara aldıq:

Mingəçevir sisteminin həyata keçirilməsi nəticəsində yeni suvarma torpaqlarının ya- [səh. 15-16] ranması ilə bağlı pambıqçılıq rayonlarının kolxozlarında işçi qüvvəsinin çatışmaması, həmçinin bu rayonlarda pambığın məhsuldarlığının artırılması məsələləri, Azərbaycan SSR-in bu rayonlarında əhalinin sayının artırılması məsələsini ortaya çıxarır.

Bu məsələnin ən real həlli bu rayonlara Ermənistanda yaşayan azərbaycanlı əhalidən 130 min nəfərin köçürülməsi ola bilər.

Azərbaycanlı əhalinin Ermənistandan Azərbaycana köçürülməsi, xaricdən vətənə köçən ermənilərin qəbulu və yerləşdirilməsi şərtlərini də xeyli asanlaşdırmış olardı.

Azərbaycanlı əhalinin köçürülməsi nəticəsində boşalmış torpaqlar və yaşayış yerləri xaricdən köçüb gəlmiş erməni kəndlilərinin yerləşdirilməsi üçün istifadə oluna bilər.

Gəlinən nəticələrdən çıxış edərək, Sizin aşağıdakı məsələlərlə bağlı qərar qəbul etmənizi xahiş edirik:

1) Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin Azərbaycan SSR-in əhalinin seyrək məskunlaşdığı pambıqçılıq rayonlarına köçürülməsi və boşalmış torpaqların və yaşayış yerlərinin xaricdən köçüb gəlmiş ermənilərin yerləşdirilməsi üçün istifadə olunması;

2) Azərbaycan SSR və Ermənistan SSR Nazirlər Sovetlərinə köçürülmənin şərtlərini və qaydalarını işləyib hazırlamaq və köçürməyə rəhbərlik etmək üçün birgə komissiyanın yaradılması;

3) Bu tədbirlərlə bağlı xərclərin İttifaq büdcəsinə daxil edilməsi.”

Sənəd Stalinə göndəriləcək məktubun layihəsi olduğundan, burada tarix qeyd olunmayıb. Ancaq, başqa mənbələr məktubun M.C. Bağırov tərəfindən 1947-ci il dekabrın 3-də imzalandığını göstərir. Bundan 20 gün sonra 1947-ci il dekabrın 23-də verilmiş 4083 ¹-li qərarın isə Ermənistanda yaşayan azərbaycanlıları hansı faciələrlə üz-üzə qoyduğu isə artıq məlum məsələdir.

Köçürülmə məsələlərində ortaya çıxan ən maraqlı məqamlardan biri də ondan ibarətdir ki, 1948-ci ildə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyasının başlaması ilə, xaricdən ermənilərin köçürülməsi prosesi kəskin surətdə azalıb. Bunu yazının əvvəlindəki cədvəldən də aydın görmək olur.

1946, 1947-ci illərdə xarici ölkələrdən köçürülmüş ermənilərin əksəriyyəti kəndlərə getməkdən imtina edərək ya şəhərlərdə yerləşdirilmişdi, ya da köçərək SSRİ-nin başqa regionlarına getmişdilər. Nəticədə Ermənistan ərazisində azərbaycanlılardan təmizlənmiş kəndlərin çoxu boş qalmışdı.

Kür-Araz ovalığına köçürülmüş azərbaycanlılar isə yaşayış yeri ilə təmin olunmadıqlarından, kolxozların təsərrüfat binalarında, yerli sakinlərin evlərində və hətta yeraltı daxmalarda yaşamağa məcbur olurdular. 1949-cu ilin yazında Kür çayının səviyyəsinin qalxması nəticəsində Salyan, Yevlax ərazisində məskunlaşmış Dərələyəzli köçkünlərindən 16 uşaq belə daxmalarda su altında qalaraq boğulub öldü.

Azərbaycan Respublikası Dövlət Arxivində dözülməz həyat şəraitindən bezmiş azərbaycanlılar tərəfindən Respublika Nazirlər Soveti sədrinə və yerli rayon partiya komitələrinin katiblərinə yazılmış onlarla şikayət ərizəsi saxlanılır. Bu ərizələrin hər biri bir ailənin acı taleyindən xəbər verir:

“Hörmətli katib, vəziyyətimiz [səh. 16-17] olduqca dözülməzdir. Ailəmiz üç-dörd ay açıq səma altında yaşadıqdan sonra əlacsız qalaraq yeraltı daxma düzəldib altında məskunlaşmışıq.

Soyuqlar düşüb, qar yağır. İki uşağım acından ölüb, üç uşağım isə ölümcül haldadır. Bəs biz nə edək? Necə dolanaq? Belə getsə ailəmizdə hələlik sağ qalan 5 nəfər də yəqin ki, öləcəkdir.”

Bu ərizəni Dərələyəz mahalının Qışlaqlı kəndindən köçürülmüş Gözəl adlı bir qadın yazıb. Ərizəsinə heç bir cavab almayan qadın bir neçə ay sonra ərini də itirib. Az sonra özü də dünyasını dəyişən qadının yetim qalan 3 uşağı qohumlarının himayəsinə verilib.

1953-cü ildə Stalinin ölümündən sonra Azərbaycana köçürülmüş əhalinin bir qismi geriyə - öz ata-baba yurdlarına qayıtmağa başladılar.

Bu qayıdışın kütləvi hal alacağından təşvişə düşən Ermənistan SSR rəhbərləri buna qəti etirazlarını bildirirdilər. 1953-cü il oktyabrın 30-da Ermənistanın Kənd təsərrüfatı naziri Qazaryanın imzası ilə Rayon İcraiyyə komitələrinin sədrlərinə Məktub göndərildi.

“Bəzi rayonların kolxoz sədrləri məlumat verirlər ki, Azərbaycana köçürülmüş kolxozçuların bir hissəsi geriyə qayıdıb və yenidən onların kolxoza qəbul edilməsini xahiş edirlər. Bildiririk ki, bu kolxozçular arasında izahat-təbliğat işləri aparmaq lazımdır ki, onlar yenidən geriyə-Azərbaycana qayıtsınlar...”

1954-cü ilin aprelində Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti başda nazir müavini M. Poladov olmaqla Ermənistan SSR-in azərbaycanlılar yaşayan rayonlarını gəzərək onların geri qayıtması səbəblərini araşdırdılar.

Onlar öz məlumatlarında göstərirdilər ki, geri qayıtmanın başlıca səbəbi Kür-Araz ovalığında köçürülənlər üçün lazımi şəraitin olmaması, Ermənistanın dağ rayonlarından köçürülən azərbaycanlıların bu yerlərin iqliminə alışa bilməməsidir. Onların məlumatına görə, 1954-cü ilin aprelinə qədər 1155 təsərrüfat geriyə - özlərinin əvvəlki yerlərinə qayıdıb.

Arayışda geriyə qayıtmanın qarşısını almaq üçün konkret təkliflər də irəli sürülürdü. Bu təkliflər sırasında Azərbaycan SSR-in Kür-Araz ovalığında onlar üçün əlverişli şərait yaradılması, Ermənistan SSR-ə dönənləri ora- da yenidən məskunlaşmağa qoymamaq, özləri üçün yeni evlər tikməyə, həyətyanı təsərrüfat [səh. 17-18] yaratmağa icazə verməmək təklif olunurdu.

1954-cü ilin mayında və sentyabrında azərbaycanlı əhalinin köçürüldüyü rayonların icraiyyə komitələrinin sədrlərinə və rayon partiya komitələri katiblərinə respublika partiya və hökumət rəhbərlərinin imzası ilə göndərilmiş məktubda həmin rayonlara köçürülənlərin Azərbaycan SSR-in başqa rayonlarına getməsinin və Ermənistan SSR-ý geri qayıtmasının tezliklə qarşısını almaq tapşırılırdı.

1962-ci ildən başlayaraq Ermənistan SSR ərazisinə xarici ölkələrdə yaşayan ermənilərin yeni kütləvi köçü başladı və bu 1982-ci ilə qədər davam elədi. Bu illər ərzində Ermənistan SSR-ə Iran (24283), Suriya (4848), Misir ( 727), Türkiyə (547), Kipr ( 505), Livan (378), İraq (291), Yunanıstan (53), ABŞ (50), Fransa (71), Argentina (49), İsrail (25) və digər ölkələrdən (93) 31 920 erməni köçürüldü.

Sovet təbliğat maşınının və bu işdə onun əsas müttəfiqləri olan erməni diasporu və erməni kilsəsinin təşviqatı hesabına aldadılıb Ermənistana köçürülən ermənilər üçün bu torpaqlar heç vaxt “itirilmiş vətənin- “Böyük Ermənistanın bərpa olunmuş parçası” olmadı. Köçüb gələn ermənilər bu torpaqlarda özlərini həmişə yad hiss edirdilər.

Təsadüfi deyil ki, SSRİ Daxili İşlər Naziri N. Şelokovun 1974-cü il mart ayının 12-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosundakı məruzəsi Sovet İttifaqında yaşayan ermənilərin emiqrasiyaya ən çox meylli millət olduğunu göstərir.

“Təxminən 1949-cu ildən başlayaraq repatriantların bir hissəsi xarici ölkələrdə daimi yaşamağa icazə üçün müraciətlər etməyə başlayıblar. Bu müraciətlərdə səbəb kimi əsasən onu göstərirlər ki, 1948-ci ildə Fransa, ABŞ və Livandan repatriasiya prosesi dayandırıldıqdan sonra onların bu ölkələrdə çoxlu qohumları qalıb və bu adamlar Ermənistana köçmək istəsələr də buna nail ola bilməyiblər.

1963-cü ilə qədər bir qayda olaraq sosialist ölkələrinə köçmək istəyənlərə belə icazələr verilirdi. 1960-cı ildən 1963-cü ilə qədər Dövlət Təhlükəsizlik orqanları tərəfindən yalnız zəmanət verilmiş şəxslərdən 25 nəfərinə kapitalist ölkələrinə getməyə icazə verilib.

1967-ci ildə ermənilərin xaricdən repatriasiyasından çıxış edərək və repatriantların SSRİ-dən geri qayıtmasından xaricdəki bəzi reaksion qüvvələr tərəfindən antisovet təbliğatında istifadə olunacağından ehtiyat edərək, xaricə köçmələrin həcmi 6%-ə qədər azaldıldı.

Ancaq 1973-cü ildə xaricə köçmək istəyənlərin sayı yenə də artıb. Ərizə verənlərin əksəriyyətinə rədd cavabı Ermənistan SSR Daxili İşlər Nazirliyi tərəfindən verilib. Bu adamların yaşayış yeri və işlə təmin olunması, müstəqil ailələri olması və xaricdə yaşayan qohumlarından asılı olmamaları imtina üçün əsas səbəb kimi göstərilib. Digər tərəfdən bu adamlar xarici ölkələrə köçəcəkləri halda SSRİ-də də onların başqa yaxın qohumları qalır.

Bütün bunları nəzərə alaraq Daxili İşlər Nazirliyi Dövlət Təhlükəsizliyi orqanları ilə birgə erməni əsilli sovet vətəndaşları arasında emiqrasiya əhval-ruhiyyəsini azaltmağa çalışsa da hələ də bu kateqoriyadan olan vətəndaşlar arasında xarici ölkələrə köçmək istəyənlərin sayı gün-gündən artır”.

Bu məruzə edilən vaxt Ermənistan SSR əhalisi 2 740 000 nəfər idi. Aradan 40 il keçdikdən sonra bu ölkədə faktiki olaraq 2 milyona yaxın əhali yaşayır. Necə deyərlər əlavə şərhə ehtiyac yoxdur... [səh. 18]