Dirçəliş-XXI əsr- 2008.-128-129.- S.139-149

 

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN BƏRPASI PROBLEMLƏRİ VƏ MİLLİ MƏTBUAT

 

Zəfər KƏRİMOV,

AMEA Tarix İnstitutunun elmi işçisi

 

XIX əsrin sonlarına doğru Şimali Azərbaycanda maarifçi demokratların - M.F.Axundov, N.Vəzirov, S.Ə.Şirvani, H.Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sabir və başqalarının yaradıcılığı bütövlükdə insanların maariflənməsi, tərəqqisi və siyasi şüurunun yüksəlməsinə yönəlmişdi. 1815-ci il iyulun 22-dən H.Zərdabinin nəşr etdirməyə başladığı "Əkinçi" qəzeti Azərbaycanın mədəni-ictimai həyatında yeni bir mərhələnin əsasını qoydu.

Dövrün müasir baxışlı tərəqqipərvər ziyalıları "Əkinçi" qəzeti ətrafın-da birləşərək, Azərbaycan xalqının əsrlər boyu yığılıb qalmış problemlərini, dil, mədəniyyət, maarifçilik və s. məsələlərin həlli yollarını aramağa başlamışdı.

Sonralar "Əkinçi" qəzeti ənənələrini uğurla davam etdirən "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Kaspi" və s. qəzetlər Azərbaycan xalqının milli mənlik şüurunu inkişaf etdirmiş, millətin son dərəcə ümdə məsələlərini gündəmə gətirirdi.

Həmin mətbuat orqanlarının səhifələrində milli şüurun inkişafına səbəb olan daha önəmli məsələlər qaldırılmağa və ardıcıl təbliğ olunmağa başlandı. "Lakin XIX yüzilliyin ikinci yarısında Azərbaycanın demokratik ziyalılarının çıxışları milli azadlıq hərəkatı səviyyəsinə yüksələ bilmədi" (1, s. 614).

XX əsrin əvvəllərində formalaşan yeni füyuzatçı ədəbi məktəbinin nümayəndələrinin fəaliyyəti illərdə nəşrə başlayan çoxsaylı milli mətbuat orqanlarının, müxtəlif siyasi partiya və cəmiyyətlərin, ədəbi dərnəklərin işi ilə bilavasitə bağlı idi. Çünki, mollanəsrəddinçilər və maarifçi demokratlar kimi, füyuzatçılar da Azərbaycan, bütövlükdə türk milli şüurunun inkişafı və Turan dünyasının azadlığı üçün çalışırdılar. Həmin sıx əlaqələr imkan verirdi ki, siyasət, ədəbiyyat və sənətlə məşğul olan insanlar XIX əsrdə özünüdərk, quruculuq, təşkilatçılıq fəaliyyəti xalqın yeni əsrdə - XX əsrdə özünümüdafiə, özünütəsdiq əzmini, onun mənəvi qüdrətini geniş şəkildə tərənnüm və təbliğ edə bilsin. "Şərqi-Rus", "Kaspi", "Həyat", "İrşad", "Füyuzat", "Molla Nəsrəddin", "Tazə həyat", "Tərəqqi", "Təkamül", "Həqiqət", "İqbal", "Açıq söz", "Dirilik", "Qurtuluş" və onlarca başqa ədəbi-bədii, satirik, ictimai-siyasi məzmunlu mətbuat orqanlarının nəşr olunması, "Nəşri-maarif", "Şəfa", "Nicat" kimi xeyriyyə cəmiyyətlərinin yaradılması, "Hümmət", "Difai", "Müsavat", "İttihad" və "Türk-ədəmi-mərkəziyyət", "Əhrar" və s. partiyaların fəaliyyəti həmin əlaqələri daha da möhkəmləndirir, milli ictimai-siyasi ideyaların, milli şüur və milli özünüdərk meyillərinin güclənməsinə misilsiz təsir göstərirdi.

XX əsrin əvvəllərində siyasi dərnəklərin və partiyaların mətbuat orqanlarında - "İskra", "Dəvət-Qoç", "Təkamül" və s. mətbu orqanlar da siyasi azadlıqlar və hüquq bərabərliyi ideyası təbliğ edildikcə kütlələrin, ilk növbədə, fəhlə sinfinin istismara qarşı mübarizə və etirazları daha mütəşəkkil şəkil alırdı. Təsadüfi deyil ki, məşhur inqilabi satira banisi M.Ə. Sabirin "Molla Nəsrəddin" jurnalında çap etdirdiyi bir satirasında sevinclə bildirilirdi ki, fəhlələr sahibkarlarla "hüquq üstə ədavət edirlər". Azərbaycanın mütərəqqi görüşlü ziyalıları muxtariyyət məsələsini gündəmə gətirir və ölkənin gələcək inkişafını yalnız müstəqillikdə görürdülər. Bu istiqamətdə öz publisistik fəaliyyəti ilə diqqəti cəlb edən ziyalılarımızdan biri də Y.V.Çəmənzəminli idi. "Azərbaycan muxtariyyəti" məqaləsində o, üzünü hümmətçilərin timsalında firqə başçılarına tutaraq deyirdi: "Ey "Hümmət"çilər ! Ukraynanın cəmi firqələri ittihad edib Ukrayna muxtariyyətini yapırlar. Muxtariyyət olmazsa, ölkə başsızlıq bəlasından xilas olmazsa, orada firqə həyatı da olmaz: Milli idarə qoy çöl tərəfdən düzəlsin, sonra içi düzəldikdə mübahisə edərik. Ey dini firqələr: bizim dediyimiz sizin əqidəyə zidd deyil, ölkəmizdə dini idarə olsa, din şərafəti artar. Köhnə idarə tərəfindən dinimiz hər an, hər dəqiqə təhqir olunurdu." (2, s. 5).

O dövrdə Azərbaycanda mətbuat milli azadlıq hərəkatının ən qüvvətli mübarizə və təbliğat vasitəsi idi və dövrün N.Nərimanov, M.Rəsulzadə kimi ictimai-siyasi xadimləri öz məqalə və çıxışlarında bu vasitədən çox geniş şəkildə istifadə edirdilər. Çar istibdadı altında yaşayan xalqlar hər hansı ağrılı problemini mətbuata. xalq müzakirəsinə çıxarmağa səy göstərir və hər bir mübahisəli məsələni xalq ilə birlikdə həll etməyə çalışırdılar. Həqiqətən də, "bir şey söylənə-söylənə tərəqqi və taala edən kimi, bir həqiqət də söylənməyə - məhv olub gedir" (3, s. 1). Digər tərəfdən, hər bir həqiqəti üzə çıxarmaq üçün susmaq deyil, söyləmək, mübahisə etmək, fikir mübadiləsinə qoşulmaq lazımdır. dövrün publisistlərindən birinin dediyi kimi. "Müsadiməyi-əfkardan bariqeyi-həqiqət çıxar." (5, s. 83).

1905 - 1907-ci illərin inqilabi hadisələrindən sonra Rusiyanın bütün müstəmləkə ucqarlarında olduğu kimi, Şimali Azərbaycanda da milli oyanış meyilləri güclənməyə başlayaraq, özünün yeni mərhələsinə qədəm qoymuşdu. Sinfi mübarizənin kəskinləşməsi ilə xarakterizə olunan bu dövr, Azərbaycanda ilk növbədə ictimai bərabərsizliyin aradan qaldırılması, milli zülmə qarşı mübarizə, məktəblərdə ana dilində təhsil hüququ, söz və mətbuat azadlığı kimi məsələlərin həll olunması zərurəti yaradırdı. Şübhəsiz ki, bunun üçün ilk növbədə, milli muxtariyyət və ya ərazi muxtariyyəti əldə olunmalı, ölkədə demokratik ab-hava yaradılmalı idi. Mütərəqqi dünyagörüşlü Azərbaycan ziyalıları məhz buna nail olmağa can atır, öz istək və arzularını mətbuatda geniş şəkildə əks etdirirdilər. Azərbaycan müəllimlərinin 1906-cı ildə keçirdikləri I və 1907-ci ildə baş tutan II qurultayı məhz bu tipli problemlərin müzakirəsi və təbliğində böyük rol oynadı. Həmin qurultaylarda yeni tipli dərs üsulunun təkmilləşdirilməsi, məktəblərdə Ana dili dərslərinin saatlarının, Ana dili müəllimlərinin dövlət hesabına əmə haqlarının artırılması, yeni məzmunlu proqram və dərsliklərin yazılıb çap edilməsi, uşaq mətbuatının inkişaf etdirilməsi və s. məsələlərin həlli kəskin şəkildə qaldırılmışdı (4, s. 4). Qurultaydan sonra onun bir sıra qərar və tövsiyələri həyata keçirilməyə başladı: "Birinci il", "İkinci il", "Yeni məktəb", "Gülzar" və digər dərsliklər çap edildi, "Dəbistan", "Rəhbər", "Məktəb" adlı uşaq jurnalları nəşr edildi. Doğrudur, bu tədbirlər hələ ardıcıl xarakter daşımırdı, ancaq milli şüurun siyasi şüur səviyyəsinə çatması və xalqımızın milli azadlıq uğrunda mübarizəyə qalxması üçün vətənpərvər qələm sahiblərimiz yorulmadan çalışırdılar. Azərbaycan milli şüurunun inkişafı və dövlətçilik meyillərinin güclənməsinə çalışan belə ziyalılarımızdan biri də Ü.Hacıbəyli idi. O, "Mühüm məsələlər" adlı məqaləsində Azərbaycan xalqının varlığı və tanınması məsələlərinə toxunaraq yazırdı:

"İndiyə qədər dərəcədə bişüur olmuşuq ki, bütün Qafqaz millətlərindən təkə-təklikdə ədədcə çox olduğumuz halda biz, Azərbaycan türkləri haqqında nəinki Avropanın, hətta yüz ildən bəri üstümüzdə sahiblik edən Rusiyanın da dürüst xəbərləri yox idi. Ruslar bugünə qədər bizə "persian" deyə İran və fars millətindən hesab ediyorlar. ən özüm bizim "persian" olmayıb türk olduğumuzu Moskva və Petroqradda, əlavə Bakının özündə də bir çox ruslara dəfələr ilə qandırmışam" (6, s. 54).

Ü.Hacıbəyli məqalədə Azərbaycan türklərinin bu vaxta qədər özlərini digər xalqlara tanıda bilməməsinin başlıca səbəblərini izah etməyə çalışır və bunun çıxış yollarını göstərirdi:

"Bəs, biz Azərbaycanı və iki milyondan artıq olan Azərbaycan türklərini Avropaya və müttəfiq dövlətlərə indidən tanıtmalıyıq: özümüzə məxsus tarixə, gözəl və xüsusi bir ədəbiyyata, sənayeyi-nəfısəyə malik olduğumuzu onlara bildirməliyik; dilimizin firəng (fransız - Z.K.) dili Avropada olan kimi bütün Qafqazda ümumi bir dil olduğunu, məsələn, bir ləzgi ilə bir erməninin və ya bir malakan ilə bir aysorun bir-biri ilə türk Azərbaycan dili ilə danışmağa məcbur olduğunu isbat etməliyik" (7, s. 54).

Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, onun dil və mədəniyyətini, incəsənətini qoruyub saxlamaq və bütün dünyaya tanıtmaq üçün mətbuatda yorulmadan mübarizə aparan Ü.Hacıbəyli, azadlığımızın əleyhinə fəaliyyət göstərən bəzi partiyaların bədnam əməllərini kəskin şəkildə pisləyərək yazırdı:

"Bir şəxs və ya bir partiya bir məmləkətin azadlığı əleyhinə çalışarsa və milləti digər bir millətin və ya bir neçə xodsər adamların hökmü altında qul etmək istərsə, şəxs, partiya bugünkü inqilabat nöqteyi-nəzərindən insaniyyətə düşməndir. Adını sosialist də qoymuş olsa, hürriyyətpərəst də qoymuş olsa, yalandı, onun əsl adı insaniyyət düşmənidir" (9, s. 55).

Maraqlıdır ki, bolşevik yönlü mətbuatda dərc olunan məqalələrin istiqaməti, tamamilə fərqli idi. Onlar hətta, Azərbaycanın müstəqilliyinin tanınması faktını belə, qısqanclıqla qarşılayır və bunu Rusiya imperiyasının işğalçılıq siyasətinin davamı kimi dəyərləndirirdilər. "Azərbaycan füqərası" qəzetində Əli Bayramovun "Paris cəlladlarının Zaqafqaziyada siyasəti" adlı məqaləsi dərc olunmuşdu ki, müəllif burada Cənubi Qafqaz xalqlarından olan Azərbaycan türklərini və gürcüləri azadlığın və müstəqilliyin qatı əleyhdarı kimi göstərirdi. 1920-ci il yanvarın 1 l-də Paris sülh konfransında Azərbaycanın de-fakto tanınması hadisəsini xalqa böyük xəyanət adlandıran Ə. Bayramov yazırdı:

"Azərbaycan hökuməti özünün bu addımı ilə Azərbaycan xalqı qarşısında çox böyük cinayət törətmiş olur" (10).

Bolşeviklərin bu narahatlıqları başa düşülən idi. Onlar Azərbaycanı müstəqil dövlət kimi görmək istəmir, yenə hər şeyi (başqa pərdə altında olsa da) Rusiyanın himayəsinə verməyə çalışırdılar.

1920-ci il yanvar ayının 14-də "Hümmət" bolşevik təşkilatı "Azərbaycan fəhlələrinə, kəndlilərinə və əsgərlərinə" müraciət qəbul etdi. Müraciətnamədə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, dünyanın imperialist dövlətləri ilə əlbir fəaliyyət göstərməkdə günahlandırılır və xırda xalqların hüquqlarını pozan versalçılar ittiham olunurdu. Müraciətdə deyilirdi: "Biz özümüz öz müttəfiqimizi tapmalıyıq" (8). Şübhəsiz ki, həmin müttəfiq Sovet Rusiyası idi.

O dövrdə Azərbaycanın bir çox ziyalıları bolşevik təfəkkür tərzinə qapılaraq, ölkədə inqilabi çevrilişlər arzusu ilə yaşayır və xalqın gələcək xoşbəxtliyini yalnız Sovet Rusiyasının tərkibinə qatılmaqda görürdülər. Belə ziyalı siyasi xadimlərdən biri də Nəriman Nərimanov idi. Petroqradda silahlı üsyanın qələbəsini böyük sevinclə qarşılayan N.Nərimanov "Bu gün" məqaləsində Rusiya fəhlə sinfinin qələbəsini alqışlayır, oktyabr çevrilişinin rolunu yüksək qiymətləndirərək yazırdı: "Bu gün rus inqilabı dünya tarixində yeni, gözəl səhifə açdı. Biz hamımız təsdiq edirik ki, bu səhifə bizim qarşımızda açılmışdır.

Bu gün sülhün dayağını qoymuş proletarlar: bir-birinə əllərini uzatmışlar. Bu gün aydındır ki, sosializm xülya deyildir. Bu gün kapitalistlərin və mülkədarların ümid ocağı sönür. Bu gün bolşevizmin bayrağı ucalır. Böyük inqilab başlanır" (11).

Azərbaycan xalqının iqtisadi inkişafı və xoşbəxt gələcəyini bolşevik Rusiyasının tərkibinə qatılmaqda axtarıb-arayan sosialist əqidəli ziyalılar, öz fikir və düşüncələrini, təbliğatı məsələlərini, əsasən, bolşevik yönlü mətbuatda əks etdirməyə çalışırdılar. Ancaq tarix göstərdi ki, bir çox başqaları kimi, Nərimanov da bolşevizmin əsl simasını, onun sözü ilə işinin düz gəlmədiyini vaxtında görə bilməyib və odur ki, sonradan səhvlərini etiraf etsə də bunun faciəli nəticələrini yaşamalı olmuşdur.

Bakı proletariatının siyasi mübarizəyə cəlb olunmasında bolşevik mətbuatının həqiqətən xüsusi rolu var idi. Şəhərin gizli mətbəələrində çap olunan intibahnamə və vərəqələr əhali arasında geniş yayılır və proletar sinfinin siyasi mübarizəsini daha da gücləndirirdi.

Hümmətçilər 1904-cü ilin oktyabrında Azərbaycanda ilk bolşevik qəzeti olan "Hümmət" adlı qəzet nəşr etməyə başladılar. Qəzetin ilk nömrəsi S.M.Əfəndiyevin və M.Mirqasımovun rəhbərliyi ilə buraxılmışdı.

Proletar sinfinin azad olunması və çar rejiminə qarşı mübarizəyə qalxmasına yönəldilmiş məqalələr "Hümmət" qəzeti səhifələrində dərc olunsa da, bütövlükdə hümmətçilər Azərbaycanın milli ruhlu ziyalılarını və din xadimlərini tez-tez mətbuatda haqsız olaraq "burjua nümayəndələri" damğası ilə təhqir edir və onları cəmiyyət üçün yararsız hesab edirdilər. Çünki onlar əslində bütövlükdə xalqın və vətənin, bütün zümrələrin yox, fəhlə və kəndli sinfinin azadlığını qəbul edirdilər.

"Hümmət" qəzetinin cəmi 6 sayı işıq üzü görsə də, qəzet Azərbaycanın müxtəlif yerlərində yayılırdı. 1905-ci ilin fevral ayında "Hümmət" qəzetinin mətbəəsi polis tərəfindən aşkar olunaraq dağıdılmış və qəzet öz fəaliyyətini dayandırmış - 1917-ci ildən yenidən fəaliyyətini davam etdirmişdir.

XX əsrin əvvəllərində Azərbaycan mətbuatının digər bir qanadını demokratik yönlü mətbuat orqanları - "Kaspi", "Şərqi-Rus", "Həyat", "İrşad", "Füyuzat", "Molla Nəsrəddin", "İqbal", "Açıq söz", "Azərbaycan" və s. qəzet və jurnallar təşkil edirdi ki, bunlar da ölkədə baş verən hadisələri, cəmiyyətdə gedən milli azadlıq proseslərini daha obyektiv və real şəkildə əks etdirirdi.

Azərbaycanın mütərəqqi fikirli ziyalıları çarizmin mətbuata verdiyi güzəştlərdən yararlanaraq xalqın tərəqqisində mühüm rol oynayan sosial azadlıq məsələsini tez-tez gündəmə gətirirdilər. Mütləqiyyət quruluşu "azadlıq" sözünə düşmən münasibəti bəslədiyindən, çar məmurları da bu ifadədən oddan qorxan kimi qorxur və azadfikirli insanları xüsusi amansızlıqla təqib edirdi. "Dirilik" məcmuəsi bu haqda "Müsabiqə" məqaləsində yazırdı: "Halbuki, 9-10 il bundan irəliyə qədər hürriyyətin mənən nə olduğunu yanə dursun, bir kağız üstündə yazılmış kəlməsini də görən yox idi" (12, s. 12).

"Dirilik"də M.Rəsulzadənin "Milli dirilik" adlı silsilə məqalələri çap edilirdi . Bu məqalələrdə və Əlabbas Müznibin bir şeir və publisistik yazılarında belə bir fikir vurğulanırdı ki, milli diriliyimiz mədəni və siyasi yüksəlişimizdən çox asılıdır.

Təəssüflər olsun ki, milli istiqlal və xalqın tərəqqisi ilə bağlı məzmunlu məqalələr dərc edən "Dirilik" məcmuəsi, on altıncı sayından sonra cərimələnmiş və öz istiqamətini dəyişmişdir. "Dirilik" məcmuəsində, əsasən, milli ruhlu məqalələr dərc edən M.Rəsulzadənin, on altıncı saydan sonra imzasına rast gəlmirik.

Çar Rusiyası xalqlara azadlıq vermək fikrindən uzaq olduğundan, onların istiqlal mübarizəsinin qarşısını xüsusi amansızlıqla alırdı. Doğrudur, dövlət 1905-ci ilin təsiri ilə cəmiyyətə bəzi güzəştlər etməyə məcbur olmuşdu. Mətbuat ötən yaxın dövrlə müqayisədə nisbətən "azad" idi və mütərəqqi dünyagörüşə malik ziyalılar öz fikir və düşüncələrini mətbuat səhifələrində qismən sərbəst şəkildə şərh edə bilirdilər. M.Rəsulzadə dövrdə fikirlərini üstüörtülü şəkildə anlatmağa çalışaraq yazırdı: "Tam bundan on il əvvəl bu günkü bir gün idi. Vətənimiz Rusiya keçirməkdə olduğu böyük imtahanların kiçik bir mislini keçirmiş və xarici düşmənlə çəkişdikdən sonra (Rusiya - Yaponiya müharibəsi nəzərdə tutulur - Z.K.) daxili bəzən islahat əsasının elanını lazım görmüşdü".

Burada müəllif xüsusi olaraq onu diqqətə çatdırırdı ki, hökumət verdiyi güzəştlər xalqın gücü, birliyi hesabına olmuşdur. Ona görə də on il əvvəlki, 1905-ci ildəki kimi hamını əlbir olmağa, xalqları öz hüquqları uğrunda birgə mübarizəyə çağırırdı. Odur ki, M.Rəsulzadənin dövrdə mətbuatda dərc etdirdiyi məqalələri bu baxımdan öz dolğunluğu, qaldırdığı məsələnin kəskinliyi və aktuallığı ilə seçilirdi. , XX əsri millətlər əsri adlandırır və xalqın gələcəyini yalnız milli tərəqqidə və milli birlikdə görürdü. M.Rəsulzadə "Açıq söz" qəzetində yazırdı: "Dəhşətlərinə şahid olduğumuz böyük müharibə, böyük bir həqiqəti - əsrimizin milliyyət əsri olduğunu isbat etdi".

M.Rəsulzadə xalqların mübarizəyə səfərbər olmasında gənclərin mühüm rol oynayacağını bildirirdi: "Zəmanəmiz milliyyət əsridir. Milli bir ruh və məslək sahibi olan gənclik cəhalətdə və qəflətdə yaşayan millətimizin xilaskar qurdudur".

Müəllifin fikrincə, milli tərəqqini ayrı-ayrı görkəmli şəxsiyyətlər müəyyən edir və xalq kütlələri isə ictimai inkişafda yalnız köməkçi rolunu oynayır. Ona görə də birinci növbədə millətin sağlam gəncliyinə güvənilməlidir. Əgər gənclik zəif olsa, millət tərəqqi edib azad ola bilməz. Bu haqda yazırdı: "Öz şəxsi məqsədi xaricində mühitin ehtiyacı ilə məşğul olan, onun səadəti naminə əməl bəsləyən və əməllərə öz şəxsi əməlləri kibi xidmət edənlər həmən böyük əməlpərvərlərdəndirlər. Bir millət arasında bu kibilər məhdud və məfqud olarsa, millət müstəqil və sağlam bir vücud üzü görməz və başqalarının zirdəsti olub ayaqlar altında əzilər, gedər".

Fəaliyyətinin ilkin mərhələsində M.Rəsulzadənin milli inkişaf konsepsiyası, əsasən, subyektiv idealizmə əsaslanırdı. O, cəmiyyətin inkişaf proseslərindən baş çıxaran hər bir şəxsin, tarixin inkişaf istiqamətlərini müəyyən etməyə qadir olduğunu göstərirdi. M.Rəsulzadə, radikalizmin əleyhinə olduğundan qəti olaraq inqilabın əleyhinə çıxış edir və Azərbaycan xalqının istiqlal və azadlığını mərhələ-mərhələ qazanmağı düşünürdü. Ona görə də mətbuat azadlığı məsələsinə çox həssaslıqla yanaşırdı. O, mətbuat azadlığını milli mədəniyyətin inkişafı üçün əsas amillərdən biri hesab edir və millət, məzhəb, həmçinin bütün vətəndaşların hüquq bərabərliyinin təmin olunmasında azad, demokratik mətbuatın rolunu yüksək qiymətləndirirdi. 1907-ci ildə "Təkamül" qəzetində dərc etdirdiyi "Beş hürriyyət" adlı məqaləsində yazırdı: "İkinci" hürriyyəti - mətbuat, yəni hər kəs hər bir şeyi tələb etməyə muxtar olsun və hər kəs bir vəchlə ona maneçilik etməsin. Xah dövlət və xah qeyriləri. Hürriyyəti-mətbuat barəsində çox danışmaq lazım deyildir, çünki bir şəxs həman şeyi kağıza da yazacaq, dilində də deyəcəkdir".

Ötən əsrin ilk onilliyində Azərbaycanda milli mənlik şüuru getdikcə özünün yüksək inkişaf mərhələsinə çatmışdı. Təsadüfi deyil ki, bu dövrdə xalqın adının dəqiq ifadəsinin təsdiqi, "azərbaycanlı ideyası" demokratik mətbuatın başlıca mövzusuna çevrilmiş və bu xalqın digər türk-tatar qövmlərindən fərqi məsələsi gündəmə gətirilmişdi. Hələ 1891-ci ildə M.Şahtaxtlı "Kaspi" qəzetində "Zaqafqaziya müsəlmanlarmı nə adlandırmalı ?" başlıqlı məqaləsində yazırdı ki, bu xalqı "azərbaycanlı", dillərini də "Azərbaycan dili" adlandırmaq lazımdır. Lakin çar Rusiyası azərbaycanlıları "tatar", "musulmanin" adlandırmaqla onların milli şüurlarının formalaşmasına, özlərinin əsl milli kimliyini dərk etməsinə mane olmağa çalışırdı. Çarizmin bu məqsədini aydın şəkildə başa düşən Azərbaycanın mütərəqqi ziyalıları hökumətin həmin maneələrini mümkün qədər zərərsizləşdirmək üçün milli mətbuatımızın sayca çoxalmasına çalışırdılar. Bu proseslər haqda filologiya elmləri doktoru Ağarəfi Zeynalzadə yazır: "Çar mütləqiyyəti kütlələri, xüsusən ucqarlarda yaşayan xalqları əsarətdə saxlamaq üçün müxtəlif vasitələrlə dövri mətbuatın inkişafının qarşısını almağa çalışırdı. Buna baxmayaraq, mətbu sözün qüvvəsinə inanan, xalqını gerilikdən qurtarmaq, cəmiyyətdə baş verən mühüm hadisə və yeniliklərlə həmvətənlərini tanış etməklə onlarda ictimai şüuru oyatmağa və inkişafa çalışan açıq fikirli ziyalılar milli mətbuat yaratmaq uğrunda yorulmadan çalışırdılar. Təsadüfi deyildir ki, keçən əsrin (XIX əsrin - Z.K.) sonlarında Azərbaycan mətbuatını bərpa etmək yolunda çalışan şəxslərin əksəriyyəti dövrünün tərəqqipərvər ziyalıları, müəllimlər idilər".

A.Zeynalzadənin də göstərdiyi kimi, car hökuməti Cəlal və Kamal Ünsizadə qardaşlarının "Azərbaycan" adlı qəzet çıxarmaq haqqında müraciətlərinə heç cavab belə verməyi lazım bilmədi (20, s. 181-182). Bütün bunlar azmış kimi çar Rusiyası Azərbaycanın tərəqqipərvər ziyalılarından Ə.Ağaoğlunun "Məşriq", K.Ünsizadənin "Uçan yarpaq", "Danış", M.Şahtaxtlının "Tiflis", N.Nərimanovla S.M. Qənizadənin "Sovqat" və s. adda qəzet çıxarmaq haqqındakı müraciətlərinə də mənfi cavab vermişdi. Çünki çarizm xalqın milli düşüncəsinin oyanmasında mətbuatın rolunu bilir və bundan qorxurdu.

Bolşeviklər də öz növbələrində "Azərbaycan" sözündən çox çəkinir və xalqın milli mənlik şüurunun artaraq beynəlmiləlçiliyi üstələyəcəyindən ehtiyat edirdilər. Hətta ingilislər Bakıya daxil olanda da "Azərbaycan" sözünü qısqanclıqla işlədir, yerli xalqa ikrah hissi ilə yanaşırdılar.

Qəzet və jurnallarda Azərbaycan mövzusunu başlıca məsələyə çevirmək zərurətini xüsusi qeyd edən Y.V.Çəmənzəminli yazırdı:

"Hansı məcmuə çıxmağa başlarsa, Hindistan və Misir camelərinin təsvirini qeyd edərək, ümumi İslam aləminə aid şeylər yazar. Halbuki, birinci bizi həvəsləndirən məsələ Azərbaycanımız gərək olsun. Onun üçün milli məcmuə başdan-başa Azərbaycan ilə doldurulmalıdır. Bərəkət versin ki, tariximiz, ədəbiyyatımız, teatr, musiqimiz və başqa mədəni məhsullarımız çox-çox var. Bunlara aid yazılsa həm özümüz özümüzü, həm də əcnəbilər bizi tanıyarlar. Vətənimizdə bir çox tarixi binalar var. ər nömrədə bunun birinin rəsmini qeyd edərək ətraflı məlumat verilməlidir.

Milli məcmuədə əksər səhifələr Azərbaycana həsr olunmalı və sonra bütün aləmi-islama. Və Avropa mədəniyyətinə və millətimizin təbii ki, ehtiyacı var. Amma bu yolda heç nə yazılmır. Yazmalı, yazdırmalı, tərcümə etməli, yeni şeylər vücuda gətirməlidir. Yeni şey də onda olur ki, əvvəlcə ərəb və fars aləmini təsvir etməkdən danışıb, türk aləmini, bilxassə Azərbaycanı təsvir edək".

Demokratik yönlü mətbuat orqanları içərisində öz xüsusi dəsti-xətti ilə seçilən və milli dövlətçilik məsələlərini yorulmadan təbliğ edən qəzetlərdən biri də "Azərbaycan" və "" (rusca) qəzetləri idi. Bu qəzetlər, Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş hər cür təxribatçı əməllərə vaxtında cavab verir və yorulmadan milli dövlətçiliyimizin müdafiəsinə qalxırdı. 1919-cu il mayın 8-də "" qəzeti yazırdı: "Bakıda Azərbaycanla bağlı olmayan və onun rifahını istəməyən çoxlu ünsür toplanıbdır. Gürcüstandan çıxdaş edilmiş və Rusiyadan qovulmuş bu adamlar mütləqiyyətçi Rusiyanın onlara verdiyi və Sovet Rusiyasının da boyun olduğu ağalığı qoruyub saxlamaq istəyirdilər. Azərbaycanın müsəlman əhalisi qarşıdakı təhlükəni aydın dərk edir və artıq parlamenti müdafiə etdiyini bildirir".

1918-ci ilin martında erməni daşnaq qüvvələri bolşevik bayrağı altında Bakıda, Şamaxıda, Göyçayda, Qubada və s. yaşayış məskənlərimizdə kütləvi qırğınlar törətməsi haqqında "Azərbaycan" qəzeti ətraflı məlumatlar dərc edir və əhalini hadisələrin qanlı olayları ilə tanış edirdi.

"Bir tərəfdən Andranikin dəstələri, digər tərəfdən - Dro, Keri, Muradın dəstələri döyüşürdü. Bütün tərk olunmuş müsəlman kəndləri yandırılmış və məhv edilmişdir: Bütün bunlarla eyni vaxtda Şaumyanın və Avakyanın təxribatçı oyunu nəticəsində Şamaxı hadisəsi baş verdi.

Bu məsələ ilə əlaqədar Şaumyanın yazdığı məktub Gəncə komendantının əlinə keçmişdi. Bu məktubdan açıq görünürdü ki, Şaumyan və Avakyan-sudan duru daşnaklar: Step Lalayevin quldur dəstəsi gecə müsəlman evlərinə hücum edərək, ev sahiblərinin silahlarını əlindən alıb onları məhv ediblər.

20 martda - başqa bir şahid danışır ki, mən Tatevos Əmirovun 3 silahlı erməni ilə "İsmailiyyə" binasının "Kaspi" qəzeti redaksiyası döngəsi tərəfdən binaya daxil olduğunu və çox keçmədən binanın alova bürünərək yandığını gördüm. Yanan "İsmailiyyə" binasının alovu qonşu Tağıyev məktəbinə təhlükə yaratmışdı. Lakin realni məktəbin xidmətçiləri dolu kimi yağan güllə altında məktəbin damını sulayaraq onu xilas edəə saxladılar.

Bu cür məqalələr çap etməklə qəzet xalqa dostu ilə düşmənini tanımağa kömək edir və onu öz istiqlaliyyəti uğrunda mübarizəyə daim səfərbər olmağa çağırırdı. Yuxarıda göstərdiyimiz kimi Ermənistan-Azərbaycan münaqişəsi bu illərdə erməni tərəfinin iddiaları üzündən güclənmiş - Naxçıvanda, Zəngəzurda, Qarabağda erməni daşnaq dəstələri bir çox kəndləri viran qoymuşdular. "" qəzetində Azərbaycan qadınlarının erməni qadınlarına müraciəti dərc olunmuşdu. Müraciətdə bu hallara son qoymağa çağırış səslənirdi: "Başa düşmək vaxtıdır ki, bütöv xalqı qırmaq, məhv etmək mümkün deyil!".

Savadlı qadınlarımızdan olan Z.Qaibovanın və S.Vəlibəyovanın imzaladığı müraciət bu sözlərlə tamamlanırdı: "Elə isə öz səsinizi qaldırın, qılınclar öz qınlarına qoyulsun".

Göründüyü kimi, "Azərbaycan" və "" qəzetləri erməni quldurlarının ölkədə törətdiyi qanlı vəhşilikləri kəskin şəkildə pisləyir və buna dərhal son qoyulmasını tələb edirdi. Düşmən tərəfi cinayət əməllərindən daşındırmaq məqsədilə hətta qadınlar da mətbuatda öz səsini ucaltmalı olmuşdu. Müraciət Azərbaycan qadının sülhsevər xüsusiyyətlərə malik olmasından xəbər verir və erməni mətbuatının yaydığı böhtanlardan fərqli olaraq sağlam düşüncə və məntiqə əsaslanırdı. Amansız düşmən tərəfə ünvanlanmış bu müraciət eyni zamanda, Azərbaycan qadının humanist duyğularını açıb göstərirdi.

"Açıq söz" qəzetinin 1917-ci il nömrələrinin birində istedadlı şairə Üragülsümün "Səs verin !" şeiri çap olunmuşdu. Bu şeirdə Azərbaycan qadınları öz övladlarmı və millətimizin gələcəyini qurmaq üçün səslərini ucaltmağa çağırırdı.

1919-cu il noyabrın 23-də Ermənistanla Azərbaycan arasında imzalanmış sazişdən sonra Azərbaycan hökuməti öz hərbi hissələrini Zəngəzurdan geri çağırdı. Bağlanmış sazişə əsasən, hərbi hücumlar dayandırılmalı, mübahisəli məsələlər, cümlədən sərhəd məsələləri danışıqlar yolu ilə həll olunmalı idi. Lakin Ermənistan tərəfi bu sazişi pozaraq Zəngəzura öz qoşun hissələrini göndərdi. Məhz bundan sonra Zəngəzurdakı Azərbaycan kəndlərinin talan olunması və dinc azərbaycanlı əhalisinə vəhşicəsinə divan tutulması halları kütləvi xarakter aldı.

Yuxarıda gətirilən materiallara əsaslanaraq aşağıdakı nəticələrə gəlmək olar.

Birincisi, XX əsrin əvvəllərində Şimali Azərbaycanda milli-siyasi şüur özünün təşəkkül prosesinin yeni mərhələsinə qədəm qoymuşdu ki, bu da cəmiyyətdə ictimai-siyasi təşkilatların və siyasi partiyaların fəaliyyətini xeyli artırmışdı. Şübhəsiz ki, bütün bu proseslərin dinamik inkişafına təkan verən əsas qüvvələrdən biri mətbuat idi. "Kaspi", "Həyat", "İrşad", "Füyuzat", "Molla Nəsrəddin", "Açıq söz" və s. demokratik yönlü qəzet və jurnallar əsrin əvvəllərində Azərbaycan mətbuatında milli-mədəni muxtariyyət məsələlərini qaldırır və xalqı tam istiqlala qovuşdurmaq üçün mübarizə aparırdı.

İkincisi, XX əsrin əvvəllərindən başlayaraq çar Rusiyası və bolşeviklər Ermənistan-Azərbaycan münaqişəsini qızışdıraraq, erməni terrorçu dəstələrinə himayədarlıq edir və nəticədə daşnaklar dinc, əliyalın azərbaycanlı əhalini kütləvi şəkildə qətlə yetirirdilər. Bu zülmə dözməyən bir qrup qeyrətli Azərbaycan ziyalıları - Əhməd bəy Ağaoğlu, Ələkbər bəy Rəfibəyov, A.Xasməmmədov. Xəlilbəy Xasməmmədov, Nəsib bəy Usubbəyli, Qarabəy Qarabəyov, M.Hacınski, İsa bəy Aşurbəyov, Behbud bəy Cavanşir və b. birləşərək erməni terrorçu birləşmələrinə qarşı partiya və təşkilatlar yaratdılar. Şübhəsiz ki, yaranmış partiya və təşkilatların fəaliyyətinin genişlənməsi və əhali arasında onların təbliğatı işinin yayılmasında, yuxarıda adlarını çəkdiyimiz qəzet və jurnalların xüsusi rolu olmuşdur.

Üçüncüsü, ötən əsrin əvvəllərində ölkədə baş verən ictimai-siyasi hadisələri geniş və ətraflı əks etdirməyə çalışan Azərbaycan mətbuatı müasir dövrün keyfiyyətcə yeni, aktual məsələlərini, milli şüur və milli azadlıq ideyalarını təbliğ etməklə yanaşı, özü də forma və məzmunca dəyişir və yeniləşirdi. Milli mətbuat səhifələrində yeni təfəkkür və düşüncə tərzinə malik qələm sahibləri, M.Rəsulzadə, Ə.Topçubaşov, Ə.Hüseynzadə. Ə.Ağaoğlu. S.Qənizadə, M.Hacınski, Ö.F.Nemənzadə, Ü.Hacıbəyli, Y.V.Çəmənzəminli, F.Ağazadə və b. öz məzmunlu məqalələri ilə çıxış edir və xalqın gələcək inkişaf yolunu müəyyənləşdirməyə çalışırdılar.

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

 

1.       Abdulla S. Məktəblərdə türk dili // Həyat, 13 oktyabr 1905

2.       Aslanov M. Bir daha Azərbaycan müəllimlərinin ilk qurultayı haqqında // Azərbaycan məktəbi, 1972, 4, s. 12-20

3.       Azərbaycan Respublikası. MDA, f. 894, siy. 7, iş 18, v. 41

4.       Bayramov Ə. Paris cəlladlarının Zaqafqaziyada siyasəti // Azərbaycan füqərası, 18 yanvar 1920

5.       Çəmənzəminli Y.V. Müstəqilliyimizi istəyiriksə. Bakı: Gənclik, 1994, 72 s.

6.       Hacıbəyli Ü. Partiyalarımıza // Azərbaycan, 3 dekabr 1918

7.       Hacıbəyli Ü. Mühüm məsələlər // Azərbaycan, 1 dekabr 1918

8.       Nərimanov N. Bu gün // Hümmət. 21 noyabr 1917

9.       Seyid H. Mətbuatın əhəmiyyəti və onun nəticəsi // Şəhabi - saqib, 22 yanvar 1911

10.   Vəzirov Y. Azərbaycan muxtariyyəti. Bakı: Elm, 1918, 72 s.

11.   Zeynalzadə A. Keçən əsrin 90-cı illərində Azərbaycan dövri mətbuatı uğrunda mübarizə. XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. I kitab. Bakı: Elm, 1979, 204 s.

12.   Zeynalzadə A. Azərbaycan mətbuatı və çar senzurası (1850-1905). Bakı: Elm, 2006, 328 s.