Dirçəliş-XXI əsr”.-2008.-№126-127.-S.350-355

 

QƏRBİ AZƏRBAYCAN ƏHALİSİNİN TARİXİ HAQQINDA

 

Şəfayət FƏRƏCOV,

Bakı Dövlət Universiteti

 

Qərbi Azərbaycan əhalisi tarixinin öyrənilməsi həm elmi-dərki, həm də praktik baxımdan vacibdir. Qaynaqların araşdırılmasının bu problemlərin dolğun nəticələr verməsində xüsusi yeri var. Hər bir qaynaq, əhalinin dövrlər üzrə siyahıyaalmaları daha unikal hesab olunur. Əhalinin siyahıyaalmalarının kütləvi massivi əsasında əhalinin say dinamikasını, tarixinin öyrənilməsi yeni elmi nəticə və tendensiyaları aşkar edir.

Əhalinin ilk siyahıyaalınmaları 1846-cı ildə belçikalı Adolf Ketlenin rəhbərliyi ilə keçirilmişdir. Ölkədə və ya onun məhdud hissəsində yaşayan əhali haqqında demoqrafik, sosial, cinsi, iqtisadi məlumatların toplanması, ümumiləşdirilməsi və nəşrinin prosesi kimi tərif verilir. Əhali siyahıyaalmalarında əhali siyahıyaalmasının aparıldığı ərazidə yaşayan əhalinin bütövlükdə əhatə olunması, əhali siyahıyaalmalarının dövriliyi, bütün ərazidə vahid proqram və vahid qayda üzrə keçirilməsi əsas prinsip kimi götürülür. Əhalinin siyahıyaalınmaları iki metodla reallaşdırılır. Bunlar sorğu və özünüsayma metodlarıdır. Azərbaycanda olduğu kimi, Rusiya imperiyası tərkibində olan İrəvan quberniyası əhalisinin ilk müasir əhali siyahıyaalması anlayışına uyğun əhali siyahıyaalması 1897-ci ildə olmuşdur (2, s, 37). Baxmayaraq ki, bu siyahıyaalmada müəyyən dərəcədə təhriflər müşahidə olunur və bu günə qədər mühüm əhəmiyyətə malikdir. 1926, 1937, 1939, 1959, 1970, 1979 və 1989-cu illərdə Sovet İttifaqında, o cümlədən, Ermənistan SSR-də siyahıyaalmalar keçirilmişdir. 1989-cu ildə keçirilən siyahıyaalma sovet əhali siyahıyaalması tarixində sonuncu siyahıyaalma olmuşdur. 1989-cu il siyahıya almasının tarixdə mühüm yeri var. Onu da qeyd edək ki, bu siyahıyaalma bütün ərazidə vahid proqram və vahid qayda prinsipinə əməl etmədi. Belə ki, 1988-ci ildən başlamış "Genosid" siyasəti siyahıyaalmanın düzgün aparılmasına imkan verməzdi. Əhali haqda verilən məlumatların çoxu saxtalaşdırılmışdır. Daha doğrusu, 1988 - 1989-cu illərdə Ermənistan SSR-də baş verən hadisələr zamanı ölkə ərazisində yaşayan azərbaycanlıların əksəriyyəti öz yurd-yuvalarından qovulmuşlar.

Bütün dövrlərdə əhali ilə bağlı olan problemlər ölkənin sosial-iqtisadi və siyasi inkişafına təsir göstərir. Bu baxımdan hər bir ölkənin ərazisində keçirilən siyahıyaalma müvafiq dövrdə sosial-iqtisadi, siyasi və mədəni dəyişiklikləri özündə əks etdirir.

Böyük Vətən müharibəsində SSRİ tərkibində olan millətlər kimi Ermənistan SSR ərazisində yaşayan azərbaycanlılar da fəal iştirak etmişlər. Cəbhəyə gedənlərin əksər hissəsi geri qayıtmamış, itkin düşmüş, şikəst halda geri qayıtmışlar. Əlbəttə, bu hallar Ermənistan SSR-də yaşayan azərbaycanlıların demoqrafik vəziyyətinə ciddi təsir göstərmişdir. Repressiya dövründə də soydaşlarımızın demoqrafik vəziyyətində azalma müşahidə olunurdu.

Böyük Vətən müharibəsi SSRİ-nin qələbəsi ilə başa çatdı. SSRİ-nin qalib gəlməsinə baxmayaraq siyasi sistemdə Yenilik baş vermədi.

Dünyanın əksər dövlətlərində siyahıyaalma keçirilsə də SSRİ-də siyahıyaalmalar aparılmadı, halbuki, belə bir siyahıyaalmanın keçirilməsi II Dünya müharibəsinin nəticələrinin müəyyənləşdirilməsində böyük rola malik ola bilərdi.

1948-1953-cü illərdə Ermənistan SSR-dən azərbaycanlıların deportasiyası, II Dünya müharibəsindən sonra Ermənistan ərazisində yaşayan azərbaycanlıların həyatında acınacaqlı hadisə olmuşdu. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti 1997-ci il dekabrın 18-də sərəncam vermişdir. Sərəncamda 1948 - 1953-cü il deportasiyasını kompleks şəkildə öyrənmək vacib şərt sayılır. Deportasiyanın kompleks şəkildə öyrənilməsi, onun tarixi-demoqrafik səpkisi nəzərə alınmadan mümkün deyil. Deportasiya ilk dəfə məhz bu baxımdan araşdırılmışdır. Deportasiyanı törədən təkzibedilməz faktlar onun sovet deportasiya tarixində yerini müəyyənləşdirmişdir. 1948-1953-cü illər deportasiyasını dərindən təhlil etmək deportasiyanın ideya rəhbərlərini, təşkilatçılarını və həyata keçirilməsinin bütün məsuliyyətini aydınlaşdırır.

Ümumiyyətlə, əhaliyə aid məlumatlar içərisində əhalinin say dinamikasının müəyyənləşdirilməsi əsas yer tutur. 1941-1945-ci illər müharibəsi, müharibədən az sonra 1948 - 1953-cü illər deportasiyası Ermənistan azərbaycanlılarının say dinamikasında əsaslı sarsıntı yaratdı. Bu dövrdə Qərbi Azərbaycan əhalisinin sayı kəskin azalmışdı (3, s. 11).

Əhalinin siyahıyaalmalarının ən müsbət cəhətlərindən biri də odur ki, burada əhalinin demoqrafik göstəriciləri dəyərli məlumatlardır. Burada əhalinin cins və yaş-cins tərkibi digər demoqrafik proseslərə də təsir göstərməsi etibarilə əhəmiyyətlidir. Ümumiyyətlə, müharibələr əhalinin cins tərkibinin dəyişməsinə böyük təsir göstərir. Bu baxımdan 1941-1945-ci illər müharibəsi SSRİ-nin digər respublikaları kimi, Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların da cinsi tərkibinə təsir göstərmişdir. 1939-cu il siyahıyaalmanın nəticələrinə görə Qərbi azərbaycanlıların cinsi tərkibində kişilər 52,30%, qadınlar 47,70% təşkil edirdi (4, s. 132). 1959-cu il əhalini siyahıyaalma zamanı bu rəqəmlər müvafiq olaraq 48 % və 52 % təşkil etmişdi (1, s. 235). Müharibə dövründə kişilərin sayı 3,7 % azalmışdırsa, qadınların sayı isə 4,3 % çoxalmışdı. 1970, 1979 və 1989 – cu illər siyahıyaalmalar zamanı kişilərin sayı cüzi artsa da, yenə də qadınlara nisbətən azlıq təşkil edirdilər.

1959, 1970, 1979 və 1989-cu illərin əhali siyahıyaalmalarına əsasən, Ermənistan SSR - də yaşayan azərbaycanlı ailələrinin sayında artım müşahidə olunur. Bununla bərabər, ailənin həcmində də artım müşahidə olurdu. Şəhər yerində 3-4 uşaqlı ailələr, kənd yerində 5-6 və daha çox uşaqlı ailələr üstünlük təşkil edirdi.

Tənha ailələrin sayı az miqdarda idi. Tənha ailələr şəhərə nisbətən kənd yerlərində üstünlük təşkil edirdilər.

Siyahıyaalmalar zamanı əhalinin etnik tərkibi müəyyən olunur. Sovet hakimiyyətinin 1920 - 1950-ci illərdə apardığı siyasəti nəticəsində Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların sayı kəskin azalmışdı. 1948 - 1953-cü illərdə isə azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirilmişdir. Sovet dövlətinin qərbi azərbaycanlılara qarşı apardığı siyasətin nəticəsini rəqəmlərlə ifadə edək. 1919-cu ilin 16/19 avqust ayında Dünya Sülh konfransına göndərilən ərizənin bir hissəsində belə deyilirdi: "Göstərilən rayonların əhalisi müsəlman - azərbaycanlılardır. Bir xalqdan ibarətdirlər, Azərbaycanın yerli əhalisi ilə eyni kökə, eyni dinə malikdirlər. Etnik tərkibi, dili, mənəviyyatı və məişəti Azərbaycan əhalisi ilə tam eynidir(5, s. 1-3).

Yuxarıda göstərilən rayonların əhalisinin etnik tərkibini 1919-1990-cı illərdə əhalinin sayını nəzərdən keçirdikdə aydın olur ki, əvvəllər əhalinin tam əksəriyyət təşkil etdiyi əzəli Azərbaycan torpaqlarında sürməli və İrəvan ərazisində indi bir nəfər olsun belə azərbaycanlı qalmamışdır.

Müharibədən sonrakı illərdə, daha doğrusu, 1959-cu il siyahıyaalmaların nəticələrini araşdırarkən Qərbi azərbaycanlıların demoqrafik vəziyyətində artım müşahidə olunur. Azərbaycan əhalisinin say artımı əsasən, azərbaycanlı ailələrindəki təbii artımın hesabına olmuşdur. Bu dövrlər ərzində yəni 1920 - 1990-cı illər dövründə Ermənistan SSR ərazisində yaşayan ermənilərin sayı süni surətdə artırılmışdır. Nəticədə, əzəli Azərbaycan torpağı ərazisində erməni dövləti yarandı. Onu da qeyd etmək lazımdır ki, Qərbi Azərbaycan əhalisinin ruslaşdırılmasıerməniləşdirilməsi iflasa uğradı. Əhalinin siyahıyaalmalarının hamısında Qərbi Azərbaycanın azərbaycanlı əhalisi öz doğma dilini Azərbaycan dili hesab etdiklərini bildirirdilər. Ermənistan SSR - də savadsızlığın aradan qaldırılması problemi bütün siyahıyaalmalarda, 1959, 1970, 1979 – cu və 1989-cu il siyahıyaalmalarda göstərilmişdir (6, s. 80). Ermənistan əhalisinin təhsil sahəsindəki göstəriciləri ildən-ilə artırdı. Digər millətlərlə yanaşı, azərbaycanlı əhalinin də savadlılıq dərəcəsində böyük artım müşahidə olur. Kişilərlə bərabər qadınlar arasında da savadlılığın bərqərar olması qeydə alınır.

1979-cu il siyahıyaalınmasında və növbəti əhali siyahıyaalınmalarında təhsil səviyyəsinin müəyyənləşdirilməsi ön plana çəkilmişdir. Təhsilin bütün pillələri (ali, orta, tam, natamam və ibtidai) üzrə Ermənistan SSR üzrə irəliləyişlər olmuşdur. O cümlədən, azərbaycanlılar arasında bu artım müşahidə olunurdu.

Əhalinin sosial-iqtisadi xarakteristikasına sovet əhali siyahıyaalınmalarında, o cümlədən 1959, 1970, 1979 və 1989-cu il əhali siyahıyaalınmalarda geniş yer verilmişdir. Adətən, belə siyahıyaalmalarda sosial-iqtisadi məsələlərə aid 5 sual həsr edilir. Qərbi azərbaycanlılar tərkibində fəhlə və kənd təsərrüfatı ilə məşğul olan kəndçilərin mövqeyi durmadan möhkəmlənirdi. Bunun əksinə olaraq, Ermənistan SSR - də yaşayan qulluqçuların mövqeyi zəifləyirdi. Bu, onunla izah olunur ki, orta məktəbi bitirənlərin əksəriyyəti Azərbaycan SSR ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinə daxil olurdular. Ermənistan SSR-də olan ali və orta ixtisas məktəblərinə azərbaycanlıları çox az miqdarda qəbul edirdilər. Ziyalıların əksəriyyəti Azərbaycanda oxuyub. orada qalaraq işləyirdilər. Ermənistan SSR - də yaşayan azərbaycanlıların sayının azalmasının əsas səbəblərindən biri də budur. Belə bir mürəkkəb proses obyektiv qanunauyğunluqdan daha çox dövlətin subyektiv siyasəti ilə bağlı idi. Dövlət süni şəkildə azərbaycanlı gənclərin Ermənistan SSR ərazisində oxuyub işləmələrinə əngəl törədirdi.

Bu əngəlləmə siyasəti 1980-ci illərin ortalarında daha da aşkar forma aldı və nəticədə, Ermənistan SSR ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərində çalışan azərbaycanlı ziyalıların işdən qovulma prosesi gücləndi.

Əhalinin yaşayış vasitələri üzrə bölgüsü əhali sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biri hesab olunur. 1979-cu il siyahıyaalmasına görə məşğul əhalinin sayı artmışdır. 1989-cu il siyahıyaalmasında isə onların sayı 1979-cu il siyahıyaalması ilə müqayisədə xeyli azalmışdır. Demək olar ki, 30 % aşağı düşmüşdür. 1980-ci illərin II yarısında maddi istehsal sahəsində çalışan əhalinin sayı 2/3 dəfə azalmışdır. İşsizlərin sayı dinamikasında çoxalma tendensiyası müşayiət olunurdu (7, s. 87).

Məşğul əhali arasında zehni əməklə məşğul olanların say dinamikasında da kəskin azalmalar hiss olunurdu. Miqrasiyaya dair ümumi məlumat əhali siyahıyaalmaların mühüm cəhətlərindən sayılır. Rusiya imperiyası dövründən fərqli olaraq sovet dövründə miqrasiyalar azalmışdı (8, s. 179).

Bu dövrdə ölkənin qapalılığı, güclü pasport sistemi və s. miqrasiyanın qarşısını tam almışdır. Bütün siyahıyaalmalarda aydın olur ki, Ermənistanda yaşayan Azərbaycan əhalisi yerdəyişməyə o qədər də güclü meyl göstərməmişlər.

Yalnız 1980-ci illərin sonlarında erməni millətçilərinin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti nəticəsində, əhalinin məcburi yerdəyişməsi baş verdi (9, s. 86).

Yuxarıda göstərilənləri yekunlaşdıraraq belə nəticəyə gəlirik ki, 1959, 1970, 1979 və 1989-cu illər əhalinin siyahıyaalmaları və əhalinin demoqrafik vəziyyətinə dair digər qaynaqlarla birgə Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların tarixinin bütöv bir dövrü hərtərəfli şəkildə aydınlaşdırıldı. Əhali tarixinə aid mənbələrin araşdırılması Qərbi azərbaycanlıların demoqrafik vəziyyətinin müəyyənləşdirilməsi üçün böyük rol oynayır (10, s. 36).

Əsrlər boyu erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin, soyqırımı aktlarının ardıcıl, sistemli şəkildə tədqiqi Azərbaycan tarixinin ən aktual problemlərindən biridir. 1998-ci il 26 mart tarixində ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanı ilə 31 mart günü azərbaycanlıların soyqırımı günü elan edilmişdir. Həmin fərmanda soyqırımı tarixinin hərtərəfli öyrənilməsi üçün həmin fərmandan irəli gələn vəzifə və tapşırıqlar yerinə yetirilmiş. dini tədqiqat aparılmışdır. Sonda qeyd edək ki, elmi araşdırmaların nəticələrinin ölkə və dünya ictimaiyyətinə çatdırılması da vacib məsələlərdəndir.

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

 

1. Azərbaycan Respublikası Dövlət Arxivi. Siy. 10, iş 104

2. Həsənova L. Azərbaycan əhalisi XX yüzilliyin 2-ci yarısında. Bakı: BDU, 2003, 301 s.

3. Məmmədov İ., Əsədov S. Ermənistan azərbaycanlıları və onların acı taleyi. Bakı: Azərbaycan, 1992, 72 s.

4. Paşayev A. Köçürülmə (1948 - 1953). Bakı: Azərnəşr, 1995, s. 56

5. Всеобщая перепись населения (1939 г.). М.: Наука, 1938, 378 с.

6. Всеобщая перепись населения 1970 г. Сб. статей / Под ред. Г. М. Максимова, М.: Наука, 1976, 256 с.

7. Всеобщая перепись населения 1989 г. // Финансы и статистика, 1987, с.157

8. Всеобщая перепись населения 1998 г. // Финансы и статистика, 1998, с. 578.

9. Демографические процессы в СССР 20 - 80-е гг. (современная зарубежная историогра­фия). М.: И.Н.И.О.Н., 1991. 126 с.

10. Первая всеобщая перепись населения Российской империи (1897 г.). Общий свод по им­перии результатов разработки данных первой всеобщей переписи населения, произве­денной 29 января 1897 г., том I-II. СПб, 1905, 292 с.

 

TO THE ISSUE OF HISTORY OF THE POPULATION OF WEST AZERBAIJAN. Shafayat Faradjev. The article studies changes in demographic situation in West Azerbaijan (Armenia). The author pays close attention to analyze materials of population censuses starting with 1897 and to the end of the Soviet period. The article provides figures related to the social and economic situation with Azerbaijani population in Soviet Armenia. It is noted that Armenian Communist Government has created artificial obstacles for Azerbaijanis to obtain secondary, special and high education.

 

К ВОПРОСУ ОБ ИСТОРИИ НАСЕЛЕНИЯ ЗАПАДНОГО АЗЕРБАЙ­ДЖАНА. Шафаят Фараджов. Статья посвящена изучению процессов изме­нения демографической ситуации в Западном Азербайджане (Армении). Ав­тор уделяет пристальное внимание анализу материалов переписей населения, начиная с 1897г. и до окончания советского периода. В статье приводятся по­казатели социально-экономической ситуации с азербайджанским населением Армении в советский период. Отмечается, что коммунистическое руководст­во Армении создавало искусственные препоны для получения азербайджанца­ми среднего, специального и высшею образования.