«Dövlət və din».-2008.-¹3(7).-S.70-78.

 

AZƏRBAYCAN QADINI VƏ DÖVLƏTÇİLİK

 

SƏİDƏ ƏLİ QIZI - BDU-nun dosenti

 

Azərbaycan qadınları tarix boyu torpaqlarımızın toxunulmazlığı, doğma el-obanın əmin-amanlığı, namusu və qeyrəti, dinimizin, adət-ənənələrimizin, mədəniyyətimizin, bir sözlə, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparmış, dünya tarixində hünər, cəsarət, qorxmazlıq, vətənpərvərlik, müdriklik nümunələri göstərmişlər.

Tarixi qaynaqlarda Azərbaycan qadınının dövlətçiliyimizin qorunması işində iştirakına aid ilk məlumatlar hələ eramızdan əvvəlki dövrlərə aiddir. Yunan tarixçisi Herodotun məlumatına görə, e.ə. VI əsrdə qüdrətli Əhəməni imperiyasının hökmdarı Kir Şimali Azərbaycan ərazisində yaşayan massagetlərin torpaqlarını ələ keçirmək istərkən müxtəlif hiylə və vasitələrə əl atmış, lakin Massaget dövlətinin başında duran mərhum hökmdarın qadını Tomiris onun niyyətini başa düşərək, onu bu niyyətindən daşındırmağa çalışmışdı. Lakin Kir Tomirisin sözlərinə məhəl qoymayıb, öz çirkin niyyətini həyata keçirəndə, Tomiris bu qana susamış hökmdarı qan ilə doyuracağına and içmiş və sözünə əməl etmişdi. İranlılarla massagetlər arasında e.ə. 530-cu ildə baş vermiş döyüş nəticəsində Kirin qoşunları tamamilə darmadağın edilmiş, Tomiris öz dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamışdı.

E.ə. I əsrdə Roma sərkərdəsi Pompey Albaniyaya hücum edərək bu əraziləri ələ keçirmək istədikdə Azərbaycan qadınları kişilərlə bərabər ayağa qalxmış və Pompeyin qoşunlarına müqavimət göstərmişlər. E.ə. 65-ci ildə Pompeyin yürüşü zamanı alban ordusuna padşah Oroysun qardaşı Kozis başçılıq edirdi. Bu döyüş haqqında Roma müəllifləri Dion Kassi, Yuli FrontinAppian məlumat verirlər. Appian yazır ki, romalılara qarşı kişilərlə bərabər qadınlar da vuruşurdular və döyüşdən sonra «girov götürülmüşlər və əsirlər arasında kişilərdən az yara almayan çoxlu qadın var idi».

Alban-Azərbaycan qadınlarının cəsarəti romalılara böyük təsir bağışlamışdı. Alban qadınlarının döyüşkənliyi antik dünyada albanlardan şimalda döyüşkən amazonkaların yaşadığı və romalılarla mübarizədə onların albanlara kömək etməsi barədə əfsanələrin geniş yayılmasına səbəb olmuşdu. Məşhur yunan coğrafiyaşünası Strabon yazır ki, «amazonkalar Qafqaz dağlarının Keravi adlanan şimal ətəklərində qarqarlarla qonşuluqda yaşayırlar. Onlar at belində ovla və hərbi təlimlə məşğul olurlar... Onlar həmçinin ox-yay, döyüş baltası və yüngül qalxan çox işlədirlər .., uzaq məsafələrə hərbi yürüşlər təşkil edirlər».

Azərbaycan qadınları tarix boyu müdrik, vətənə, torpağa sədaqətli, cəsur və qorxmaz olmaqla bərabər, bir çox çətin vəziyyətlərdə düzgün yol seçməyi bacarmış, uzaqgörən siyasət yeridərək, kişilərı də bu yola istiqamətləndirmişlər.

Məlum olduğu kimi, VII əsrdə Azərbaycan ərəblər tərəfindən işğal olunmuş və onun torpaqları ərəb Xilafətinin tərkibinə qatılmışdı. Azərbaycanda ərəb Xilafətinə qarşı yönəldilən xalq hərəkatının ilk mərhələsində onun başında Cavidan dururdu. Cavidanın qadını Azərbaycanın ağıllı, tədbirli, uzaqgörən, vətənsevər qadınlarının parlaq nümunəsidir. O, Cavidanla Əbu İmran arasında uzun sürən mübarizənin nə ilə nəticələnə biləcəyini və ola bilsin ki, hər ikisinin ölümü ilə sona çatacağını qabaqcadan görürdü. Ərəb müəllifləri bu qadına qarşı qərəzli bir mövqedən çıxış edərək yazırlar ki, Cavidan Babəki Bəzz dağlarına öz yanına gətirdikdən sonra bu qadın Babəkə vurulmuşdu. Mənbələrdə belə bir məlumat var ki, hələ Cavidanın sağlığında qadın öz ərinin bütün sirlərini açıb Babəkə dedi, var-yoxunu, xəzinələrini ona göstərdi. Buradan belə bir məntiqi nəticə çıxır ki, qadın əvvəlcədən Babəki çox ağıllı, cəsarətli, vətənpərvər, ərəb işğalçılarına dərin nifrət edən bir adam kimi qiymətləndirmiş və onun gələcəkdə xürrəmilər hərəkatına rəhbərlik edə biləcəyini başa düşmüşdü.

Mənbələr yazır ki, Cavidan öləndən sonra qadın Babəkə dedi: «Sən böyük və igid bir insansan» (kursiv bizimdir - S.Ə.). Bu kişi indi öldü, mən ərimin ölümü barədə səs-küy salmayacağam və onun adamlarını çağırmayacağam. Sən hazır ol, sabah onları buraya toplayıb deyəcəyəm ki, Cavidan dünən gecə dedi: «Mən bu gecə öləcəyəm, mənim ruhum bədənimdən çıxıb, Babəkin ruhuna qovuşacaq». Yenə mən onlara deyəcəyəm ki, çox çəkməz ki, Babək sizi indiyədək kimsənin nail ola bilmədiyi və ola bilməyəcəyi dərəcəyə çatdıracaq. Babək isə yer üzünün sahibi olacaq, ona tabe olmayanları yıxacaq, Məzdəkin dinini yenidən dirildəcəkdir. Babəkin əli ilə ən alçağınız əzizlənib, aciziniz yüksələcəkdir».

Cavidanın qadını xürrəmiləri Babəkin ətrafında toplamaqla hərəkatın dağılmasının qarşısını almışdı. Həqiqətən də, Babəkin xürrəmilərə rəhbərliyi bu hərəkata yeni vüsət vermişdi. Əgər Babəkə qədər ərəblər bu hərəkata o qədər də böyük əhəmiyyət vermirdilərsə, Babəkin gəlişindən sonra onun ərəb Xilafəti üçün nə qədər böyük təhlükə olduğunu başa düşüb, ona qarşı özlərinin nizami ordularını göndərməyə başladılar. Babək ərəblərin 6 böyük nizami ordusunu darmadağın etmiş və 20 ildən artıq bir dövr ərzində Xilafəti lərzəyə salıb, nəticə etibarilə onun əsaslarını sarsıtmış və bir qədər keçdikdən sonra Xilafət süquta uğramışdı. Bundan sonra Azərbaycan ərazisində müstəqil dövlətlər - Şirvanşahlar, Sacilər. Salarilər, Şəddadilər və Rəvvadilər dövlətləri yaranmışdı.

Beləliklə, Cavidanın qadınının düzgün seçimi xürrəmilər hərəkatının dağılmasının qarşısını almaqla bərabər, Ərəb Xilafətinin əsaslarının sarsıdılması və gələcəkdə Azərbaycan ərazisində müstəqil dövlətlərin yaranması üçün zəmin hazırlamışdı.

XII əsr və XIII əsrin əvvəllərində mövcud olmuş Azərbaycan Atabəyləri dövlətinin (1136-1225) siyasi həyatında yaxından iştirak edən qadınlarımızın də adları dövlətçilik tariximizə daxil olmuşdur. XII əsrdə Atabəylər dövlətində Möminə xatun yenilməz iradəli qadın, uzaqgörən diplomat olmuşdur. Atabəylər dövlətinin başında duran Məhəmməd Cahan Pəhləvanın və onun ölümündən sonra Sultan Qızıl Arslanın arvadı olmuş İnanc xanım, sonuncu Atabəy Özbəyin arvadı Mehrcan xanım böyük siyasi və dövlət xadimləri olmuşlar. İnanc xanım mühüm dövlət işlərinin həllində iştirak edərək, ölkədə qəbul edilən qərarlara təsir göstərirdi. Atabəy Özbəyin arvadı Mehrcan xanım isə əslində ərinin yerinə dövləti idarə edir, onun daxili və xarici siyasətini müəyyən edirdi.

Xarəzmşah Cəlaləddinin qoşunları Azərbaycanın bir sıra şəhər və kəndlərini qarət edib, Təbrizə yaxınlaşdıqda aciz və qorxaq Atabəy Özbək əvvəlcə Gəncəyə, oradan da Naxçıvana qaçıb, Əlincə qalasında gizləndiyi vaxt, onun arvadı Mehrcan xanım Azərbaycanın böyük vətənpərvəri Təbrizli Şəmsəddin ilə birlikdə Təbrizin düşməndən müdafiə olunması üçün əməli tədbirlər görmüş və yerli əhalini düşmənə qarşı mübarizəyə qaldırmışdı. Şəhər uğrunda 5 gün vuruşma getmiş, nəhayət. təbrizlilərin müqaviməti qırılmışdı Cəlaləddin Mehrcan xanımın əhali arasındakı böyük nüfuzunu nəzərə alıb, Azərbaycanın idarə olunmasında ona güzəştə getməyə məcbur olmuşdu. Sonrakı illərdə Mehrcan xanım gürcü və erməni hökmdarları ilə ittifaqa girərək Cəlaləddinə qarşı mübarizəni davam etdirmiş və nəticədə 1231-ci ildə Cəlaləddin Azərbaycanı tərk etməyə məcbur olmuşdu.

Adı Azərbaycanın dövlətçilik tarixinə «diplomat qadın» kimi daxil olmuş qadınlarımızdan biri Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatundur, Sara xatun Ağqoyunlu dövlətinin möhkəmləndirilməsində, onun xarici siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində mühüm rol oynamışdır. O, Uzun Həsənin ən məsul diplomatik tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirirdi. Sara xatunun Osmanlı sultanı II Mehmetlə bağladığı Yassıçəmən (1461-ci il) müqaviləsi Ağqoyunluların dövlət müstəqilliyinin saxlanılmasında böyük əhəmiyyətə malik idi. Sultan II Mehmet Trabzon imperatorluğuna son qoyduqda, Sara xatun gəlini, Uzun Həsənin arvadı Dəspinə xatunun vərəsəliyini irəli sürüb, Trabzon xəzinəsini bölüşdürməyə müvəffəq olmuş və bununla da öz dövlətinin xəzinəsini xeyli zənginləşdirmişdi. Teymuri Əbu Səidlə danışıqlar aparan Ağqoyunlu elçilərinə də Sara xatun başçılıq etmişdi (1468). Avropa ölkələrində bu azərbaycanlı diplomat qadını yaxşı tanıyır, ona dərin hörmət bəsləyirdilər. Azərbaycana göndərilən Avropa, xüsusilə də Venesiya elçilərinə verilən məxfi təlimatlarda mütləq Sara xatunla görüşmək və öz məqsədləri üçün onun saraydakı nüfuzundan istifadə etmək tapşırılırdı.

Sara xatun diplomat və dövlət xadimi olmaqla bərabər, böyük hərbi sərkərdəlik bacarığına və hərbi intuisiyaya malik qadın olmuşdur. Ağqoyunlular dövrünün ən görkəmli tarixçisi Əbubəkr Tehrani yazır ki, Sara xatun Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq məqsədilə onun yanına gəlmiş, bu zaman Rüstəm Tərxanın (Rüstəm Qaraqonyunlu Cahanşahın qardaşı İsgəndərin oğlu idi - S.Ə.) hərbi düşərgəsində olmuşdu. «Bu ordu ona o qədər də əzəmətli görünmədi. Cahangir MirzaSahibqrana (Uzun Həsənə - S.Ə.) sifariş göndərdi ki, əgər gəlsəniz, qələbə sizin olacaq, bu işi təxirə salmaq olmaz». Sara xatunun orduya sadəcə bir nəzər salmaqla ağqoyunlularla qaraqoyunlular arasındakı qüvvələr nisbətinin Ağqoyunlu dövlətinin xeyrinə olduğunu düzgün qiymətləndirməsi onun hərbi intuisiya və səriştəsindən xəbər verir. Həqiqətən də, bundan sonra Uzun Həsənin kəşfiyyat dəstəsi Rüstəm Tərxanın ordularına hücum edərək, onları darmadağın etmiş, qaraqoyunluları bərk qorxuya salmışdı.

Səfəvilər dövləti dövründə də azərbaycanlı qızları və qadınları dövlətçiliyin qorunmasında və möhkəmləndirilməsində fəal iştirak etmişlər. Mənbələrin məlumatına görə, XVI əsrin əvvəllərində baş vermiş Çaldıran döyüşündə on min süvari qadın iştirak etmişdi. Bunların çoxu Vətən üçün qurban getmiş, şəhidlik zirvəsinə ucalmışdı. I Şah İsmayılın çox yaxın həmdəmi olan Taclı xanım da bu döyüşdə düşmənlə ölüm-dirim savaşına girmiş və bir neçə yara almışdı.

I Şah Təhmasibin qızı Pərixan xanım isə həm atasının sağlığında, həm də ondan sonrakı dövrdə dövlətin idarə olunmasında bilavasitə iştirak etmişdi. O dövrün tanınmış tarixçisi İskəndər bəy Münşi onun haqqında yazır ki, «Pərixan xanım ruzigarın ağıllısı idi». Pərixan xanım atasının ölümündən sonra qardaşı II Şah İsmayılın hakimiyyət başına keçməsində xüsusi rol oynamışdı. Qardaşı hakimiyyət başına keçdikdən sonra da Pərixan xanım bir çox dövlət işlərini idarə edirdi. Mənbələrin məlumatına görə, «Pərixan xanım yenə də adlı-sanlı əmirlər, əyanlarla şah kimi rəftar edirdi. Belə bir qayda qoyulmuşdu ki, dövlətin adı-sanı olan yüksək rütbəli şəxsləri və böyük əmirləri hər gün sübh namazı qıldıqdan sonra Pərixan xanımın sarayı qarşısında hazır olub, məhrəmlər vasitəsilə onun xidmətində olub, verəcəyi fərman və ya hökmün nədən ibarət olduğunu gözləyirlər. Xanım tərəfdən bir hökm olarsa və ya bir xidməti işə göndərilərsə, hökmü sözsüz icra etməlidirlər».

Pərixan xanım dövlət işlərində iştirak etməklə bərabər, həm də şairə olmuş, «Həqiqi» təxəllüsü ilə şeirlər yazmışdır. Əbdi bəy Şirazi «Təkmilət ül-əxbar» əsərini Pərixan xanıma ithaf etmişdi.

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində Qubalı Fətəli xanın arvadı Tuti Bikənin, Gəncəli Cavad xanın arvadı Bəyim xanımın adları qızıl hərflərlə yazılmışdır.

Azərbaycanda XVIII əsrdə müstəqil dövlətlər - xanlıqlar yaranandan sonra bir sıra xanlar Azərbaycanın birləşdirilməsi uğrunda mübarizə aparırdılar.

Bunların içərisində Fətəli xan da var idi. 1774-cü ildə Gavduşan çölündəki vuruşmada Fətəli xan düşmənləri tərəfindən məğlub edildikdən sonra, düşmənləri onun yalan ölüm xəbərini bu zaman Dərbəndi idarə edən arvadı Tuti Bikəyə çatdırıb, qalanın verilməsini tələb etmişdilər. Tuti Bikə bu xəbəri ona yetirən doğma qardaşı Əmir Həmzəyə inanmamış, qalanın müdafiəsinə şəxsən özü rəhbərlik etmişdi.

Cavad xanın arvadı Bəyim xanım əri və oğlu ruslar tərəfindən öldürüldükdən sonra onların ölüm xəbərini aldıqda sarsılsa da, qürurunu sındırmamış, rus generalı Sisianov ona başsağlığı vermək üçün gəlib pul təklif edəndə bu qadın pulla dolu kisəni çar generalının başına çırpmışdı.

Azərbaycan qadınları təkcə dövlətçiliyimizin qorunması, torpaqlarımızın bütövlüyü uğrunda deyil, həm də cəmiyyətin dəyişdirilməsi, azad, ədalətli cəmiyyət yaradılması uğrunda mübarizədə iştirak etmişlər.

XIX əsrin birinci yarısının sonlarında Cənubi Azərbaycanda Babilər hərəkatı başlanmışdı. Babilər yeni cəmiyyət yaratmaq, burada insanlar arasında bərabərliyə, ədalətə, şəxsiyyət toxunulmazlığına nail olmaq istəyirdilər. Babın təlimi onun «Bəyan» adlı əsərində şərh olunmuşdu. Bab təlimində qadınlara kişilərlə bərabər hüquq verilməsinin ortaya atılması qadınlar arasında babiliyə böyük hörmət qazandırmışdı.

XIX əsrin görkəmli şərqşünası, Rusiyada şərqşünaslıq elminin banisi Mirzə Kazımbəy özünün «Bab və babilər» əsərində babilik təliminin qadına münasibəti məsələsi ilə əlaqədar yazırdı ki, istər Bab, istərsə də onun ardıcılları qadını onun düşdüyü fəlakətli vəziyyətdən qurtarmağa, onu cəmiyyətin bərabərhüquqlu üzvünə çevirməyə çalışırdılar. Bab öz «Bəyan»ında yazırdı: «Öz qızlarınızı sevin, oğlan-larınızla müqayisədə onların məqam və ləyaqətləri yaradan qarşısında da-ha yüksəkdir. Bunu qəbul edən adam heç vaxt talaq verməz. Sizinlə qadınlar arasında örtük olmamalıdır. Qadının azadlığı - insan nəslinin xoşbəxtliyidir».

Mirzə Kazımbəy yazır ki, Qəzvində babilərin başında qadın dururdu. Onun adı Zərrintac idi. Bu qadın özünün dərin zəkası, savadı, şairliyi və natiqliyi ilə babilər arasında böyük hörmət və şöhrət qazanmışdı. Onun gözəlliyi və ağlı dillər əzbəri idi, babilər onun ətrafında sıx toplaşmışdılar. Mirzə Kazımbəy yazır ki, onun pərəstişkarları onu müxtəlif adlarla çağırırdılar: əvvəlcə ona Bədrud-dudca (qaranlıq gecənin bədirlənmiş ayı), sonra Şəmsü-zöhə (meridian günəşi) və nəhayət, Qürrətüleyn (gözün nuru) adlarını vermişdilər. Sonuncu ad ömrünün axırına kimi onun üstündə qalmışdı. Xalq içərisində isə onu «Tahirə» - yəni bakirə, təmizlərin təmizi adlandırırdılar.

Mirzə Kazımbəy Qürrətüleyn haqqında çox böyük ilhamla və məhəbbətlə yazır: «Təbiət qadına bacarıq verəndə və tale onun üçün fəaliyyət meydanı açanda ondan möcüzələr gözləmək lazımdır. Avropada qadın üçün meydan genişdir, amma Asiyada, islamda ... bax məsələ budur! Adama elə gəlir ki, burada qadın, özü də ən ağıllı qadın nə edə bilər! ... Ancaq gəlin baxaq görək, orada qadının özünü dərk etməsi onu necə ruhlandırır, onda necə böyük fədakarlıq yaradır ... Yox! Fədakarlıqda qadın həmişə və hər yerdə birinci yerdə durur ... Azadlıq ideyası ona möhkəm, sarsılmaz ruh, möhkəm iradə verir».

Müəllif Qürrətüleynin fədakarlığı qarşısındakı heyrətini gizlətməyərək qeyd edirdi ki, «necə oldu ki, qadın və ya qız - bu zərif məxluq İranda, xüsusilə də onun Qəzvin kimi şəhərində, o şəhərdə ki, ruhanilərin gücü böyük rol oynayırdı, üləmalar sayına və əhəmiyyətinə görə hökumətin və xalqın diqqətini özlərinə cəlb edirdilər, - necə oldu ki, bu qadın belə tez bir zamanda «eretiklərin» güclü partiyasını təşkil edə bildi? Bu sual yeni İran tarixçisi Supehri də narahat edən sualdır. Doğrudan da, görünməmiş nümunədir. Tarixçi bunu belə izah etməyə çalışır: Qəzvin müctəhidinin qızı görünməmiş dərəcədə savadlı, hətta elmli idi, onun çox gözəl natiqliyi vardı və bütün bu keyfiyyətlərin başında təsvirə gəlməyən gözəlliyi dururdu; Tarixçi deyir ki, bax buna görə də Qürrətüleyn öz ətrafına ona məftun olanları toplamışdı. Mirzə Kazımbəy sözünə davam edərək yazır ki, əslində bu qadın öz ətrafındakılara mənəvi təsir göstərirdi, onlarda babiliyə inam yaratmışdı. Onun savadlı, elmli olması ilə bərabər, təbiətin belə səxavətlə ona bəxş etdiyi gözəllik də bu işdə ona böyük xidmət göstərmişdi. Öz gözəlliyi ilə - təbiətin ona verdiyi bu silahla Qürrətüleyn oda və qılınca qarşı gedə bilirdi: ona hər yerdə güzəştə gedirdilər, onun üçün bütün yollar açıq olmalı idi. Qürrətüleyn üzündəki örtüyü ona görə açmırdı ki, o şəriətin və dinin qanunlarına qarşı çıxırdı. Yox!!! Ona görə açırdı ki, öz baxışları ilə nitqinin ilhamını artırsın. Özü də «gözün nuru» sözü və əməli ilə abırsızlıq və ya qadın əxlaqı qanunlarının pozulmasını deyil, azadlıq haqqındakı fikirlərini ifadə edirdi. O, cəmiyyətdə belə hərəkət etməklə adamları ətrafına toplayırdı. Onun hər çıxışından sonra camaat ona valeh olmuş halda dağılışırdı.

Qəzvində babiləri öz ətrafına toplamış Qürrətüleyn ruhanilərin təqibi üzündən buranı tərk etməyə məcbur olmuş, İranın başqa yerlərində, xüsusən də Mazandaranda alovlu nitqləri, Azərbaycan və fars dillərində yazdığı şeirləri ilə babiliyi yaymağa və onu şöhrətləndirməyə çalışmışdı. 1849-cu ildə babilərin dördüncü çıxışından sonra onlara divan tutulduqda Qürretüleyn də həbs edilərək Tehrana gətirilmiş və burada kələntər (ober-polismeyster) Mahmud xanın nəzarəti altında 1852-ci ilin avqust ayına qədər ev məhbusu kimi saxlanmışdı. 1852-ci ilin avqustunda babilərin şaha sui-qəsdindən sonra babilərin çoxu həbs edildikdə, Qürrətüleynə təklif etmişdilər ki, Babın təlimindən imtina etsin. O isə öz məsləkindən dönməmiş və imtina etməyəcəyini bildirmişdi. Bundan sonra onu gizlicə öldürüb, quyuya atmış və üstünü torpaqla örtmüşdülər.

1898-ci ildə Cənubi Azərbaycanın Təbriz şəhərində baş vermiş üsyana da azərbaycanlı qadını başçılıq edirdi. Bu, Zeynəb adlı yoxsul bir qadın idi, xalq arasında onu Zeynəb paşa çağırırdılar. Zeynəb paşa qadınları ətrafına toplayaraq möhtəkirlərə qarşı mübarizə aparır, onların taxıl anbarlarını aşkar edir, taxılı yoxsullar arasında paylayırdı.

Yaxın tariximizdə elə qadınlar olmuşdur ki, onlar Azərbaycan xalqının görkəmli ictimai-siyasi xadimlərinin, milli burjuaziyamızın ideoloqlarının, mədəniyyət xadimlərimizin formalaşmasında böyük rol oynamış və bununla da dövlətçilik tariximizə öz töhfələrini vermişlər. Bunlardan Cəlil Məmmədquluzadənin həyat yoldaşı, görkəmli tarixçi-xronistimiz Əhməd bəy Cavanşirin qızı Həmidə xanımın, həmçinin XX əsrin əvvəllərində Azərbaycan burjuaziyasının məşhur ideoloqu, sonralar AXC dövründə Azərbaycan Parlamentinin sədri olmuş Əlimərdanbəy Topçubaşovun həyat yoldaşı, Azərbaycanın görkəmli mütəfəkkiri, Azərbaycan milli mətbuatının banisi Həsənbəy Zərdabinin qızı Pəri xanımı xüsusi qeyd etmək istərdim. Mənbələrin məlumatına görə Əlimərdanbəy Topçubaşovun Həsənbəy Zərdabi ilə ünsiyyəti, onun yaşadığı və fəaliyyət göstərdiyi mühitə daxil olması, 1894-cü ildə onun qızı ilə evlənməsi Əlimərdanbəyin dövlət xadimi kimi formalaşmasına güclü təsir göstərmişdi.

Qeyd etmək lazımdır ki, adlarını çəkdiyimiz bu qadınlar əsasən islam dininin hakim olduğu, öz növbəsində islamın cəmiyyətdə və ailədə qadınların hüququ, yeri və rolu ilə bağlı müddəalarının hakim sinfin və mürtəce ruhanilərin mənafeyinə uyğun olaraq təhrif edildiyi, bir çox hallarda cəhalətin və nadanlığın hökm sürdüyü bir şəraitdə yaşamış və fəaliyyət göstərmişlər. Qadınlar kişilərə nisbətən bütün sahələrdə hüquqsuz vəziyyətdə olduğu bir halda, Azərbaycan tarixində belə mərd, cəsarətli, siyasətcil qadınlarımız yetişmişdi.

Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni inkişafı zəminində XIX əsrin sonları - XX əsrin əvvəllərində Bakıda və başqa yerlərdə müsəlman qız məktəbləri açıldı. Qadınların ictimai-siyasi həyata cəlb olunmasına, maariflənməsinə mane olmaq üçün mövcud olan bütün əngəllərə baxmayaraq, Azərbaycan qadınları tədricən daha geniş şəkildə ictimai-siyasi həyata qoşuldular.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra Azərbaycan qadınları ilk dəfə seçmək və seçilmək hüququ qazanırlar. Qadınlara verilmiş bu hüquq sonrakı illərdə reallaşdırılmış və qadınlar Azərbaycanda həyatın bütün sahələrində özlərinə məxsus yer tutub, bərabərhüquqlu vətəndaşlar kimi bütün imkanlardan istifadə etməyə başladılar. Çadradan azad olan Azərbaycan qadını 20-30-cu illərin ictimai-siyasi həyatında, iqtisadi və mədəni quruculuğunda fəal iştirak etmişdi. Müharibə dövründə qadınlarımız ön cəbhədə kişilərlə bərabər çiyin-çiyinə vuruşmaqla yanaşı, arxa cəbhədə də orduya gedən kişiləri istehsalatın müxtəlif sahələrində əvəz etmiş, qələbə naminə, Vətən naminə fədakarlıq göstərmişlər.

Müharibədən sonrakı dövrdə iqtisadiyyatımızın və mədəniyyətimizin dirçəldilməsi və daha da inkişaf etdirilməsi işində iştirak etməklə bərabər, qadınlar idarəetmə və qanunvericilik orqanlarında da öz fəaliyyətlərini genişləndirmişlər.

SSRİ dağıldıqdan və Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra Azərbaycan qadınları bu müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi, Azərbaycanın ərazi bütövlüyü, qondarma Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycanın haqq səsinin dünya dövlətlərinə və xalqlarına çatdırılması, ölkə daxilində meydana çıxan siyasi, iqtisadi və sosial problemlərin həlli işində yaxından iştirak edir, dövlət strukturlarında geniş təmsil olunurlar. Qeyd etmək lazımdır ki, hazırda dünyanın ən inkişaf etmiş ölkələrində belə, parlament üzvləri içərisində Azərbaycanda olduğu sayda qadın yoxdur.

Azərbaycan qadınlarının hüquqları Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qorunurdu. Azərbaycan Respublikası Prezidentinin 1995-ci ilin iyun ayında verdiyi fərmanla Azərbaycan BMT-nin «Qadınlara qarşı hər cür ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında» Konvensiyasına qoşulmuşdur.

1998-ci ilin yanvar ayının 14-də Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və «Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında» möhtərəm prezidentimizin fərmanı və sərəncamı verilmişdir. Bu sənədlərdə Azərbaycan qadınının cəmiyyətimizdəki aparıcı yeri və rolu müəyyən edilməklə bərabər, onların gələcəkdə dövlətçilik işlərində daha geniş və fəal iştirakı üçün zəmin yaradılmışdır.

Bu gün Azərbaycanda Ümummilli Liderimiz Heydər Əliyevin milli dövlətçilik kursunun davam etdirilməsində respublikamızın prezidenti cənab İlham Əliyevlə yanaşı, onun xanımı, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti də qeyd olunmalıdır. O, ölkəmizin beynəlxalq aləmdə layiqincə tanıdılması və təmsil olunmasında, ölkə daxilində mədəniyyətin, təhsilin, elmin inkişafında, demokratik cəmiyyət prinsiplərinin daha da möhkəmləndirilməsində özünün bilik və bacarığını əsirgəmir və o, Azərbaycan qadınının tarixən dövlətçilik yolunda göstərdiyi qəhrəmanlıqların layiqli davamçısıdır.