“Hərbi bilik”.-2008.-№3.-S.86-99.

 

GÖYTÜRKLƏRDƏ HƏRBİ YAZILI NİTQ MƏDƏNİYYƏTİ

 

Dosent Gülşən BƏŞİROVA - H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi

 

Öncə onu qeyd edək ki, elm aləminə məlum olan, qədim türk qrafikası ilə yazılmış ilk tarixi nitq parçası arxeoloji tədqiqatlara əsasən e.ə. V əsrə aid edilir. İyirmi altı hərfdən ibarət olan ikisətirlik bu yazı Orxon-Yenisey əlifbası ilə gümüş bir camın dibinə həkk edilmişdir. Bu yazlı gümüş cam silahı, libası və zirehi başdan-başa qızıla (4800 parça) tutulmuş gənc bir şahzadənin - döyüşçünün məzarından tapılmışdır.

"Esik kurqanı" adlanan bu məzar müasir Alma-Atanın 50 kilometrliyində, Tanrı dağlarının ətəyində yerləşən İssık-Göl yaxınlığında bir təsadüf nəticəsində buldozerlə kiçik bir təpəni-kurqanı düzəldərkən aşkar olunmuşdur. Türkoloqların gümüş camın dibində oxuduqları iki cümlə belə səslənir: "Xanın oğlu 23 yaşında öldü. Esik xalqının başı sağ olsun". (Ətraflı məlumat üçün bax: [1.46-47]) Bu nitq parçası hələlik türkcə yazılmış ən qədim yazılı nitq nümunəsi hesab olunur.

Lakin bildiyimiz kimi, daha böyük nitq mətnləri, kommunikativ - informatik referent xarakterli yazılı nitq nümunələri birinci və ikinci Göytürk xaqanlıqları və Uyğur xanlığı dövrünə aiddir. Professor Dr. Nihad Keklik Lui Maotasaiyə əsaslanaraq birinci Göytürk xaqanı İşbara Xaqanın (hökmdarlıq illəri 581-587) hakimiyyəti illərində baş vermiş və Çin yazılı mənbələrində öz əksini tapmış hərbi, sosial-siyasi mahiyyətə malik bir hadisədən söhbət açır: "Milli dilə və bir türk törəsinə (adət-ənənə, qanun - G.B.) böyük əhəmiyyət verən Göytürk hökmdarı İşbara Xaqan zamanında baş vermiş üsyanları yatırmaq üçün qonşu (əzəli rəqib və düşmən olan) Çindən yardım istəmişdir. Çinlilər iki şərtlə yardım edəcəklərini bildirmişlər:

a) Türkcə danışmayıb, çincə danışacaqsınız;

b) Bundan sonra Çin adət-ənənələrini mənimsəyəcəksiniz.

Göytürk imperatoru İşbara Xaqan Çin imperatorunun irəli sürdüyü şərtlərə belə cavab vermişdir: "Türkcədən və türk törəsindən vaz keçmək mümkün deyildir. Çünki bu mənada türklər birlikdə vuran tək ürək kimidir". [2.16]

Onu da qeyd etmək lazımdır ki, Göytürk imperiyaları içərisində iğtişaş və üsyanları çox vaxt Çin dövlət adamları yaradırdılar. yeri gəlmişkən, professor N. Kekliyin kitabında yer alan bir Qərb tədqiqatında türklərin öz dillərinə münasibəti ilə bağlı fikri də yada salmağı lazım bilirik:

...Türklər... heç bir zaman, heç bir yerdə milli dillərinə (türkcəyə) bəslədikləri inamdan dönməmişlər, əski soy ənənələrini unutmamışlar. Miladın 800-cü il tarixindən 1000-ci il tarixinə qədər iki əsr içərisində üç dəfə din dəyişdikləri halda dili dəyişməmişlər. (Soy baxımından türk olan) Karayim yəhudiləri də (onlar, yəqin, xəzərlərdir - G.B.) Tövratı İbrani hərfləri ilə, fəqət, türkcə yazmışlar. (Bax:Leon Cahun"İntroduktiona lihistoire de Liasie") [2.17]

Bayaq qeyd edilən faktlar dilin, nitqin sosiolinqvistik xarakterini açıqlamaqla yanaşı, habelə onun digər bir amillə-siyasətlə bağlı olduğunu da göstərməkdədir: "Çünki insanlar sosial bir varlıq olduqları andan həm də siyasətin obyekti və subyektinə çevrilirlər". [8.83]

Bu anlamda hər bir ölkədə dövlətin apardığı dil siyasəti həmin dildə nitqin təkmilləşdirilməsinə və inkişafına güclü təsir göstərən dilxarici amillərdən biri kimi diqqəti özünə çəkir. Çex dilçisi K. Qoraleka "Ədəbi dil nəzəriyyəsi haqqında" adlı məqaləsində klassik Praqa dilçilik məktəbi ilə müasir linqvistik baxışlar və konsepsiyalar arasında əlaqə yaradaraq belə bir qənaətə gəlir: " Bütün milli ədəbi dillər üçün ümumi olan universal bir nəzəriyyə işləmək mümkündür. Burada əsas məsələ dilin fəaliyyət şəraiti"ni unutmamaqdır. Bütün ölkələrdə və dillərdə bu sosiolinqvistik prinsiplərə əsaslanaraq dillərin hərtərəfli öyrənilməsinin nəzəri problemlərinin düzgün həllinə və praktik tədbirlərin həyata keçirilməsinə müsbət təsir göstərə bilər. Bir qədər sonra isə o qeyd edir ki, ədəbi dillərin spesifik mahiyyəti və inkişafı öz təzahürünü dilin tətbiq sahəsinin nəzəriyyəsi olan nitq mədəniyyətində daha aydın büruzə verir. [4.21-37] (seç. mənimdir - G. B.)

Amerika dilçisi E. Haugen isə sosiolinqvistikanın məşğul olduğu elm sahələrini sadalayarkən dillər arasındakı təmasların, bilinqvizmin, sosial dialektlərin, bu və ya digər dövlətin dil siyasətinin (seç. mənimdir - G.B.) adını çəkir və əlavə edir ki, sosiolinqvistika həm də "dilin normalaşmasının nəticəsi ilə maraqlanır". [5389-390]

Dilin sosial-siyasi mahiyyəti ilə bağlı XX əsrdə Qərb dilçi alimlərinin dayaqlandığı elmi qənaətləri bu və ya digər şəkildə böyük dilçi-alim Mahmud Kaşğarlı XI əsrdə (1072-1074) yazdığı məşhur əsərində belə açıqlayır: "Buxaralı məşhur bir imamdan və nişapurlu başqa bir imamdan şəxsən eşitdim, onlar sübut gətirərək dedilər ki, Uca Yalavacımız (Həzrəti Peyğəmbərimiz) "türklərin dilini öyrənin, çünki onların hakimiyyəti uzun sürəcəkdir" (seç mənimdir - G.B.) buyurmuşdur.

Tanrıya şükürlər olsun ki, mən türkəm. Türkcəni ən yaxşı danışan, ən yaxşı ən doğru anlayan türklərdənəm. Eyni zamanda ən yaxşı yay-ox işlədən bır döyüşçüyəm. (seç. mənimdir - G.B.)

Mən türklərin bütün şəhərlərini, obalarını, çöllərini dolaşdım. Bütün türk boylarının dillərini, danışıqlarını, qafiyələrini öyrəndim, faydalandım. (seç. mənimdir - G.B.)

Ərəblərə türkcəni öyrənmək üçün yazdığım kitaba "Divani lüğət-it türk", "Türk dilləri sözlüyü" adını verdim. "Türk dili ilə ərəb dilinin eyni dərəcədə yazılması naminə ..." (seç. mənimdir - G.B.). [6. 87]

Mahmud Kaşğarlının bir qədər fərqli kontekstdə qeyd etdiyi fikirləri 400 il sonra "ölümündən iki il əvvəl (1499-cu il) başa çatdırdığı "Mühakəmətül- lüğeteyn" ("İki dilin mübahisəsi") adlı məşhur əsərində türk dünyasının böyük şairi Əlişir Nəvai daha konkret və aydın şəkildə şərh etmişdir: "Türk dilinin kamilliyi bu qədər dəlillə sübut olunursa, (Əlişir Nəvai türk və fars dillərinin müqayisəli təhlilini aparmaqla leksik-qrammatik və s. Xüsusiyyətlərinə görə türkcənin farscadan üstünlüyünü sübuta yetirərək nə üçün bədii-elmi əsərlərin daha çox farsca və ərəbcə yazıldığını əsaslandırmaq üçün belə deyir. - G.B.) gərəkdir ki, bu xalq arasından çıxan təb əhli öz qabiliyyət və tələblərini öz dilləri dura-dura özgə dil ilə zahir qılmayaydılar və bu işə girişməyəydilər: Əgər onlarda iki dildə yazmaq bacarığı vardısa, öz dillərində daha çox, başqa dildə isə az yazmalıydılar. Əgər həddindən artıq həvəsləri vardısa, hər iki dildə tən yazmalıydılar".

Amma bu ehtimalı heç kimsə özünə yol seçmir. [7.34] Əlişir Nəvai bunu bir sıra səbəblərlə bağlayır. Nəticə olaraq qeyd edir ki, "türk dilinin fars dilindən bu qədər üstün məziyyətlərinə, incəliyinə, zənginliyinə baxmayaraq, bu dil nəzm təriqində geniş yayılmadı və sirli halda nihan xanəsinə düşüb qaldı, bəlkə də, istifadəsizlikdən yavaş-yavaş köhnəldi (seç. mənimdir - G.B.). [7.51]

Nə üçün orta əsrlərdə türk dili belə bir vəziyyətə düçar olur? Ə. Nəvai sözügedən məsələnin bir çox səbəblərini göstərməklə yanaşı bildirirdi ki, "bir əsaslı sübut da budur: nə qədər ki, mülk ərəb xəlifələri və Sultanlarında idi, fələk o vaxtlarda nəzm yazanları ərəb dili ilə cilvələndirdi (seç. mənimdir - G.B.).

.... Çün mülkün bəzi vilayət və ölkələrində sart (fars - G.B.) Sultanları müstəqil idilər, o münasibət ilə fars dilində yazan şairlər zühur etdilər. Xaqani, …zamanın nadir övladı Şeyx Nizami kimi şairlər elələrindəndir (seç. mənimdir - G.B.).

... Elə ki, hakimiyyət ərəb və sart suatanlarından türk xanlarının əlinə keçdi, Hülakü xan zamanından, Sahibqıran Sultan Teymur Görəgən zamanından başlamış ta onun fərzənd-xələfi Şahrux Sultan zamanının axırınacan türk dilində yazan şairlər peyda oldular". [7.51-52]

Zənnimizcə, burada dövlətin dil siyasəti, yəni onun funksional xarakterinin dil inkişafında rolu elə aydın açıqlanmışdır ki, əlavə şərhə ehtiyac duyulmur.

Siyasi-iqtisadi, sosial-mədəni işğal, bəlkə də, hərbi işğaldan daha güclü bir fenomen kimi milli mənəvi dəyərləri, xüsusən, bu dəyərlərin ən böyük daşıyıcısı olan milli dili sıradan çıxartmaqla milli kimliyin məhvinə, etnosidə aparıb çıxarır. Belə bir öldürücü dilxarici gücə qarşı, beyinlərin işğalına qarşı birinci imperiyadan 50 ü sonra yaradılmış ikinci böyük Göytürk imperatorluğunun (680-734) məşhur xaqanları - Kutluğ (İlteriş). KapağanBilgə xaqanlar, onların hər üçünün vəziri olmuş Göytürkün Taleyranı sayılan, xaqanlığın xarici siyasətində əvəzsiz xidmət göstərmiş Tonyukuk (öl. 724) qüvvətli mübarizə aparmışlar. Polkovnik Nadir Rzayevin də qeyd etdiyi kimi, Çin dövləti üzü qədimdən bəri istər hunlara, istərsə də Göytürklərə qarşı öz ən məşhur siyasi texnologiyalarını - " xeyirxahlıq və zəiflik" texnologiyasını, şirnikləndirici, yoldançıxarıcı mədəniyyətini və Çin qızlarını türklərə ərə vermək hiyləsini tətbiq etmişlər [8.88] və biz deyərdik ki, bu siyasi-sosial texnologiya bu gün də bir çox super dövlətlərin istifadə etdikləri silahlardandır. ("xeyirxahlıq və zəiflik" texnologiyası rəqib marionet dövlətin yüksək vəzifəli şəxslərinə "xeyirxahlıq" göstərməklə bütövlükdə dövlətin zəiflədilməsini nəzərdə tutan çoxgedişli və çoxplanlı bir siyasətdir.)

Bilgə Xaqan kiçik qardaşı Kül-Teginin xatirəsinə qoydurduğu abidə üzərində bu sözləri yazdırmışdır: "Bol-bol qızıl, gümüş, taxıl, ipək verən Tabğac xalqının sözü şirin, hədiyyəsi yumşaq (zərif) imiş. Şirin sözü ilə, yumşaq hədiyyəsi ilə aldadıb uzaq xalqı eləcə yaxınlaşdırmış. Yaxın yerləşdikdən sonra pis əməlləri eləcə öyrədirmiş. (Tabğacın) şirin sözünə, yumşaq hədiyyəsinə aldanan türk xalqı, "çoxluca öldün". Bir qədər sonra isə Bilgə xaqan daxildəki satqınlarla bağlı belə demişdir: "Bəyləri, xalqı düz olmadığı üçün, Tabğac xalqının təhriki hiyləgər olduğu üçün, cəzbedici olduğu üçün, kiçik qardaşlarla böyük qardaşları salışdırdığı üçün türk xalqı yaratdığı eli dağıtmış, xaqan qoyduğu xaqanlığı sona yetirmiş. Tabğac xalqına bəylik nəslini davam etdirməli oğulların qul oldu, bakirə qızların kəniz oldu. Türk bəyləri türk adını ataraq Tabğacdakı bəylər Tabğac adı götürüb Tabğac xaqanına tabe olmuş. Əlli il işini, gücünü vermiş. [9.78-79] Əlli il işğal altında qalaraq mənəvi dəyərləri aşılanmağa başlamış bir xalqa müraciətlə söylənmiş (27 avqust 732-ci ildə daş üzərinə köçürül-müşdür) bu yazılı nitq 1 noyabr 731-ci ildə Bilgə xaqan tərəfindən söylənmişdir. Öz ekspressiv, emosional xarakteri ilə seçilən bu nitq yığcamlığı, təmizliyi, aydınlığı, düzgünlüyü, zənginliyi və sadəliyi ilə diqqəti cəlb edir. Nitqin sosial-siyasi məna yükü, şəraitə mütənasibliyi bu gün də öz əhəmiyyətini itirməmişdir.

Belə mədəni, sosial-siyasi mübarizələr zaman-zaman türk xalqını sınağa çəkmiş, onun qurduğu bir çox dövlətlərin dağılmasına, öz dilini itirmiş minlərlə övladlarının çinliləşməsinə, farslaşmasına, ərəbləşməsinə, ruslaşmasına səbəb olmuşdur. Bu itkilər Cənubi və qismən Şimali Azərbaycanda, Orta Asiyanın türkdilli respublikalarında və türklər yaşayan İraq, Əfqanıstan, Pakistan, Hindistan, Rusiya və Çində indi də davam edir. Deməli, dövlətin dil siyasəti təkcə mədəni nitqi təkmilləşdirmək, inkişaf etdirmək məsələsi deyil, daha geniş və mühüm etnososial və siyasi əhəmiyyət daşıyır. Xarici dövlətlərin güclü müdaxiləsi nəticəsində təhsil, maarif sistemini öz dilində qura bilməyən, öz dilini ictimai həyatın bütün sahəsində tətbiq edə bilməyən, xalqının mədəni-elmi inkişafını öz dil bazası üzərində təşkil edə bilməyən türk xalqları tarixi-irsi-mədəni nailiyyətləri arasında varislik yaradaraq layiq olduğu səviyyəyə yüksəlmək üçün bir sıra fürsətləri əldən vermişlər. Düşmən çoxluğu daim inkişafa əngəl olmuşdur.

Hərbi hünər və uğurları, döyüş məharəti, hərb elmi və hərb sənəti sahəsindəki üstünlükləri isə türklərin qanı və canı bahasına əldə etdikləri dəyərlərdir. Tarixin müxtəlif mərhələlərində bu dəyərlər, hərbi qabiliyyət və bacarıq bəzən Çin, İran, Bizans, ərəb, rus və s. dövlətlərə sərf edilmişdir. Avrasiyanın geniş ərazisində yaşamış, yayılmış qədim türklər öz əlifbaları ilə öz dillərində yaratdıqları nitq nümunələrinin "bəzi örnəklərini XVII yüzilliyin sonlarına qədər yaşatsalar da" [10. 59] elə dil nümunələrinin çoxu dövrümüzə qədər gəlib çatmamışdır. Elm aləminə məlum olan qədim türkdilli abidələr tapıldığı ərazilər üzrə şərti olaraq beş qrupda cəmləşdirilir. Öz həcminə, qrafik və sintaktik xüsusiyyətlərinə görə Orxon abidələri, əsasən 11 mətn digərlərindən fərqlənir. Kiçik həcmli Yenisey abidələri 150-yə yaxındır. Şərqi Türküstan, Orta Asiya və Şərqi Avropa abidələri adlanan qaynaqların da əksəriyyəti hərbi-siyasi məzmunlu nitqlərdir. [11.279] Uyğurlara məxsus qaynaqlar müxtəlif məzmunlu hərbi-siyasi, hüquqi, dini və bədii-ədəbi üsluba aid nümunələrdir. Bu nümunələr qədim türklərin nitq mədəniyyətinin inkişafı haqqında dolğun təsəvvür yaradır. Yazılı nitqlər böyük bir imperiyanın - Avrasiyanın ərazisində dialektlərüstü ədəbi dil nümunəsi kimi oxunulur, dinlənilir və başa düşülürdü. Bu yazılı nitq nümunələrinin dili üzrə aparılmış tədqiqatlar onların göytürk-türksir-oğuz dilində olmasını təsdiqləyir, eyni zamanda bu yazı nümunələrinin minilliklər boyunca geniş bir ərazidə tətbiqi həmin dildə təlim-tədris işinin, təhsil müəssisələrinin varlığını da şərtləndirir. Düzdür, əlimizdə təhsilə, məktəbə aid bu yazılı nitq nümunələrindən və onu daş üzərinə köçürmüş Bilgə xaqanın qardaşı oğlu Yollığ Tiginin yazıçılıq fəaliyyətindən bəhs edilən informasiyadan əlavə heç bir dəlil yoxdur. Lakin geniş bir ərazidə adları bilinməyən şəxslər tərəfindən yazılmış mətnlərin özü qədim türk əlifbasını və yazısını tədris edən bir məktəbin mövcudluğunu sübuta yetirən faktdır.

Sonralar müsəlman türklər öz əlifbaları ilə öz dillərində yox, ərəb və fars dillərində təhsil almağa üstünlük vermişlər. Bu kontekstdə bizi daha çox maraqlandıran yazılı nitq nümunələrini nitq mədəniyyəti baxımından təhlilə cəlb etməkdir.

Qeyd etdiyimiz kimi, Orxon-Yenisey abidələri hərbi üsluba aid nitq nümunələridir. Belə nümunələrə qədim dünyanın bir çox xalqlarının, daha çox assur, fars və yunanların mədəniyyətində rast gəlirik. Yunan mənbələri belə nitqləri hərbi sərkərdələrin, dövlət adamlarının qəbri üstündə söylənilən nitq, "tabut başında nitq" və ya "qəbirüstü nitq" adlandırırlar. Tarixçi Fukidid tərəfindən e. ə. V əsrdə (təxminən e.ə. 430-cu ildə) qələmə alınmış Afinalı Periklin "Afina şəhid oğullarının dəfnində qəbirüstü nitqi" bu qəbildən olan nitqlər içərisində ən məşhur sayılanıdır. [12. 3] Bu anlamda Orxon-Yenisey abidələri də tabut başında söylənilən nitqlər, epitafiyalar - baş daşları üzərində olan yazılar kimi hesab edilir. Görünür, belə bir adət-ənənə qədim türklərdə özünəməxsus tarixi-irsi-mədəni bir ənənə olmuşdur.

Bu yazılı nitq mədəniyyəti nümunələri içərisində məzmunca ən böyüyü və əhəmiyyətlisi Kül Teginin şərəfinə böyük qardaşı Bilgə xaqan tərəfindən söylənilən nitqdir. Çünki Bilgə xaqanın özünə həsr edilmiş epitafiyada Kül Teginin epitafiyasında olan nitqdən müəyyən parçalar öz əksini tapmışdır. ərq üzünün 3-23-cü sətirləri Kül Tegin abidəsinin şərq üzünün uyğun sətirləri ilə, şimal üzünün 1-8-ci sətirləri isə Kül Tegin abidəsinin cənub üzünün 1-8-ci sətirləri ilə təxminən eynidir.) [9.91] Digər tərəfdən Kül Tegin abidəsi məhz Bilgə xaqanın özünün söylədiyi nitq əsasında tərtib olunmuş və onun nəzarəti altında daş üzərinə həkk olunmuşdur. Bilgə xaqanın abidəsi də Yollığ Tigin tərəfindən, Bilgə xaqanın adından tərtib olunmuş və Bilgə xaqanın oğlu İçen-Bilgə xaqanın rəhbərliyi ilə ucaldılmışdır. Lakin bu, heç də ayrılıqda abidənin tarixi, elmi və linqvistik dəyərini azaltmır.

Kül Tegin abidəsini şərti olaraq iki hissəyə bölmək olar.

a) sosial-siyasi məzmun daşıyan nitq parçaları;

b) hərbi məzmunlu nitq parçaları.

Abidənin giriş hissəsi bu gün də hərbi rəsmi protokol qaydası kimi işlənilən "təqdimat"la başlayır: (Tədqiqat işində qədim türk yazılı abidələri ilə bağlı Azərbaycanda çap olunmuş beş kitabdan istifadə edilmişdir:

1. Şükürov Ə.C. Məhərrəmov A.M. "Qədim türk yazılı abidələrinin dili", APİ-nin nəşri. Bakı-1976, 200 səh.

2. Rəcəbov Ə. Məmmədov Y. "Orxon Yenisey abidələri Yazıçı" nəş. Bakı - 1993, 400 səh.

3. Şükürlü Ə.C. "Qədim türk yazılı abidələrinin dili", "Maarif" nəşriyyatı, Bakı -1993, 335 səh.

4 "Əski türk yazılı abidələri müntəxəbatı" BDU nəşriyyatı, Bakı - 1994 (mətnləri tərtib və tərcümə edən f.e.n, dosent Ə.A. Quliyev)

5. "Ana kitabələr" Azərbaycan Dövlət Nəşriyyatı, Bakı - 1996 (tərtib edəni E. Əlibəyzadə).

Qədim mətnlərin Azərbaycan dilinə çevrilməsində göstərilən müəlliflər əsasən oxşar prinsiplərdən çıxış etsələr də tərcümələrdə müxtəlif fərqli xüsusiyyətlər müşahidə olunur. Bu orijinala daha yaxın olanlardan istifadə etməyə çalışdıq.)

1. Tenri təg tenridə bolmış türk bilgə kağan bu ödək olurtım. Sabımın tükəti esidgil ulayı iniyigünim, oğlanım biriki oğuşım, bodunım, biriyə şad apıt bəglər, yıraya tarkat buyuruk bəglər, otuz....

2. ...tokuz oğuz bəgləri, bodunı, bu sabımın edgüti, esid, katığdı tinlə! İlgərü gün toğsıka, birigörü gün ortusınaru kurığaru gün batsıkına, yırığaru tün ortusınanu anta içrəki bodun kop mana görür. Ança bodın...

3. ...kop itdim Ol amtı ayığ yok. Türk kağan Ötükən yış olursar, iltə bunyok. İlgərü Şantun yazıka təgi sülədim, talukaya kiçik təgmədim. Birigərü Tokuz Ərsəngə təgi sülədim, Tüpütgə kiçik təgmədim, Kurıgaru Yinçii ügüz...

4. Keçə Təmir kapığka təgi sülədim. Yırğaru Yer Bayırku yerinə təgi sülədim. Bunca yirkə təgi yoritdım. Ötükən yaşda yık idi yok ermiş. İl tutsık yer. Ötükən yış ermiş. Bu yırdə olurıp Tabğac bodun birlə

5. Tüzəltim. Altun gümüş, isigti, kutay bunsız ança birür Tabğac bodun sabı süçik, ağısı yımşak ermiş. Süçik sabın, yımşak ağın arıp ırak bodumığ bodınğı ança yagutır ermiş. Yağru kontukda kisrə ayığ bilik anta öyür ermis.[9.70-71] Mühüm siyasi - sosial və hərbi-strateji əhəmiyyətə malik nitqin kiçik bir parçasını orijinalda olduğu kimi verdik. Ana türkcədə təxminən 1300 il bundan əvvəl səslənmiş bu nitq parçası ahəngdarlığı, aydınlığı, məqsədyönlülüyü və şəraitə uyğunluğu ilə diqqəti özünə çəkir. Bu nitq bir ucu Uzaq Şərqə-Sakit okeana, o biri ucu Qafqaz dağlarına dirənmiş imperiyanın hər yerində səslənən, oxuna bilən, başa düşülən dialektlərüstü xalq danışıq dilindən fərqlənən yüksək üslublu bir ədəbi dil və yazılı nitq mədəniyyəti nümunəsi kimi öz imparativ xarakteri ilə seçilir. Bu imperiyanın imperatoru-Xaqanı-Ali Baş Komandanı (unutmayaq ki, türklər ordu-dövlət, ordu-xalq olaraq dünyada tanınmışlar) Bilgə xaqan müasirlərinə ünvanlanmış və gələcək nəsillərə hesablanmış tarixi nitqində özünü belə təqdim edir:

"Tanrı tək göydə yaranmış türk Bilici xaqanı bu taxtda oturtdum (Qədim türkcənin Azərbaycan türkcəsinə tərcüməsi göstərilmiş beş kitabda öz qənaətimizə görə düzgün hesab etdiyimiz variantdan istifadə olunmuşdur)".

Təqdimatda Bilgə xaqan özünü ilahi qüdrətə malik müdrik türk xaqanı kimi hakimiyyətə sahib olduğunu bildirir. Bununla o, törəyə-qanuna uyğun surətdə Aşına soyundan gələn bir türk kimi, bilgiyə sahib olduğu üçün taxtda oturduğunu qeyd edir. Sonra ona törəyə görə verilmiş hüquqdan istifadə edərək deyir: "Sözlərimi axıradək eşidin: arxamda dayanan kiçik qardaşımın oğlanları, övladlarım, birləşmiş soydaşlarım, xalqım!

Sağdakı şad apıt bəylər, soldakı tarkat buyruq bəylər. Otuz doqquz Oğuz bəyləri, xalqı, bu nitqimi yaxşıca eşidin, qatıca (möhkəmcə) dinləyin!"

Türk hərbi yörəsinə, qanun–qaydasına uyğun surətdə istər yazlı, istərsə şifahi nitqdə özünü təqdim etmək ənənəsinin tarixi, qeyd etdiyimiz kimi, eradan əvvəlki dövrlərə gedib çıxır, Bunlardan başqa, Dədə Qorqud boylarında "Dəstursızca yağıya girmək bizim eldə eyib olur" [13.92] və ya "Alp ərən ərdən adın yaşurmaq eyib olur" [13.102] kimi deyimlər də həmin ənənəni özündə gizləyir. Bu ənənənin fars dövlətçilik qaydalarının türk dövlətlərinə güclü sirayət etdiyi orta əsrlərdə də özünü qoruyub saxlaması haqqında az da olsa, əlimizdə real bilgilər vardır.

Bunlardan biri Təbriz şəhəri yaxınlığındakı Ənbəd kəndinin Əbdülqəffar adlı sakininə soyurğal verilməsi haqqında Uzun Həsən Ağqoyunlunun fars dilində verdiyi 1471-ci il aprel tarixi hökmdür. Sənəd belə başlayır: "Ənbəd kəndinə soyurğal verilməsi haqqında Uzun Həsənin hökmü. Hökm 1417-ci ilin aprel ayında verilmişdir. (Burada texniki səhv var. T.M. Musəvi fərmanın 1471-ci ildə verildiyini göstərir - G.B.) Xilaskarlığın atası Həsən Bahadır Sözümüz!

Hökmdə qədim dövr türk yazılı sənədlərində olduğu kimi təqdimatdan sonra ərkyana-dövlət adamlarına müraciət-xatırlama verilir:

"Dövlətin köməkçisi olan ən əziz oğlanlar, adlı-sanlı əmirlər, yüksək qədirli vəzirlər, habelə Azərbaycanın və xüsusilə hökmdarlıq məkanı Təbrizin hakimləri, naibləri, divan işçiləri və gümaştələri bilsinlər ki, ..." [14.99]

Yeri gəlmişkən, onu da bildirək ki, Şah İsmayılın hakimiyyətinin ilk ilində 1502-ci ilin yanvar ayında fars dilində verilmiş hökmdə də bu qaydaya əməl olunmuşdur:

"Mehriban və bağışlayan Allahın adı ilə.

Hökm Allahındır.

Qalibiyyət atası Şah İsmayıl Bahadır Əl-Səfəvi Sözümüz".

Demək olar ki, qədim ənənə qorunub saxlanmışdır.

Hər iki hökmdə "Bahadır" və "Sözümüz" kəlmələri türkcə olduğu kimi verilmişdir Bizə bəlli olan ikiminillik bir yazılı nitq ənənəsi göz önündədir. Hər iki Azərbaycan hökmdarı qədim türk törəsinə, ənənəsinə əməl edir, qədim türk hökmdarları kimi özlərini "Bahadır", "Xilaskarlığın atası" (məsələn, İltəris, Kapağan Xaqan-Fateh Xaqan), "Qalibiyyət atası" və ya "Qalibliyin atası" İsmayıl Bahadır (1508-ci il), [2.101] kimi təqdim edirlər. Sonrakı Səfəvi şahları isə bu ənənədən bir qədər uzaqlaşmışlar. Orta əsr farsdilli sənədləri araşdırmış T.M. Musəvi qeyd edir ki, "orta əsr sənədlərinin bir çoxu göstəriş səpkisindədir. Müxtəlif məsələlər haqqında hökmdarın qərarını əks etdirən bu göstərişlər XIII- XIV əsrlərdə (tatar-monqol dövrü - G.B.) "Yarlıq", XV-XVIII əsrlərdə isə "Sözümüz" və ya "Fərman" başlığı altında yazılmışdır". [2.4 ]

Bu ənənə-qədim türk törəsinə sadiqlik və tarixi ifadə ənənəsi, demək olar ki, bütün türk dövlətlərində və dillərində qorunub saxlanmışdır. Qızıl Orda xanlarının diplomatik yazışmalarını araşdırmış T.İ. Sultanov bildirir ki, 1393-cü ilin may ayının 20-də Toxtamış xan tərəfindən Polşa kralı Yaqaylaya göndərilən məktubun birinci sətri qızıl hərflərlə yazılmış "Toxtamış Sözüm" cümləsi ilə başlanır. [15. 235] Bilgə xaqanın kiçik qardaşı imperiya qoşunlarının "sübaşı"sı -"qoşun başçısı" Kül-Teginin tabutu başında söylədiyi nitqin texniki quruluşu, natiqin nitq məharəti və mədəniyyəti ilə bağlı təhlil aparmazdan öncə, qədim dövrlərdə nitq mədəniyyəti, klassik natiqlik məharəti mövzusunda antik nəzəri fikirlərə toxunmaq lazım gəlir.

Respublikamızda nitq mədəniyyəti və natiqlik məharəti ilə bağlı çap olunmuş əksər kitablarda qədim Yunanıstan-Afina və Roma natiqlik məktəblərindən bəhs edilmişdir. Məsələn, dosent Sançeva və professor Bilinov hərbi təbliğatçılar qarşısında etdikləri çıxışda "xalqın atası və dostu" kimi tanınan Periklin (e.ə. 490-429) nitqinin həqiqət, sadəlik, dərinlik, gözəllik, cazibədarlıq, vətənpərvərlik və demokratizm kimi "məziyyətlərə" malik olmasından, Demosfenin şiddətli pəltəkliyindən, yöndəmsiz əl-qol, çiyin hərəkətlərindən və bu eyibləri necə islah etməsindən söhbət açırlar. [16.7-10]

Azərbaycanda nitq mədəniyyəti və natiqlik məharəti ilə bağlı elmi-nəzəri və praktik baxımdan tarixi və müasir məzmunda tədqiqat işi professor A. Abdullayevin "Nitq mədəniyyəti və natiqlik məharəti haqqında" (1968) adlı kitabında əhatəli bəhs olunmuşdur.

Professor A. Abdullayev "gözəl və təsirli danışmaq məharətinin həmişə və hər zaman qabaqcıl adamlar tərəfindən bəyənildiyini və sevildiyini", "natiqlik mədəniyyətinin həmişə xalq mədəniyyətinin bir hissəsi hesab edildiyini" [17.5-6] xüsusi olaraq vurğulayır. Azərbaycanda şifahi və yazılı nitq mədə-niyyətinin qədim tarixə malik olduğunu qeyd edən professor nitq mədəniyyəti və natiqlik məharətinin öz demokratizmi ilə seçilən Afina cəmiyyətində ən yüksək mərhələyə çatdığını, " çıxış edən insanın öz sözü, nitqi ilə müəyyən bir hadisənin gedişinə təsir göstərəcəyinə əminliyini bildirmişdir. Professor Afinada natiqlik məharətinin e.ə. V-IV əsrlərdə öz inkişafının ən parlaq dövrünü yaşadığım və Solon qanunlarının natiqlik sənətinin inkişafında mühüm rol oynadığını göstərmişdir. Sözügedən qanunların müəyyən maddəsinə görə, hər bir afinalı öz şəxsi mənafeyini müdafiə etmək üçünə məhkəmədə danışmağa, nitq söyləməyə borclu idi. Təbiidir ki, bu işi hamı edə bilməzdi. Buna görə də o zamanlar Afinada loqoqraflar, yeni məhkəmələrdə söyləniləcək nitqlərin mətnini tərtib edən xüsusi adamlar ortalığa çıxmışdır. Qədim Yunanıstanın siyasi xadimlərindən Demosfenin özü də əvvəllər loqoqraf kimi fəaliyyət göstərmişdir. Afinada natiqlik məharəti onun adı ilə bağlı olmuşdur. Professor A. Abdullayev qeyd edir ki, Afinada gözəl və rəvan danışmağı öyrənmək yalnız moda (dəb) deyil, eyni zamanda hər bir mədəni adam üçün zəruri bir iş sayılmışdır. Bunun nəticəsində də gözəl, səlis danışmaq sənəti bir elm kimi yaranmışdır. Tarixdə bu elmə bir tədqiqatçı alim kimi Aristotel yanaşmışdır. Aristotel e.ə. 335-ci ildə "Ritorika" (natiqlik məharəti) adlı əsərində qədimdə yaşamış natiqlərin dilini, üslubunu, onların nitqlərinin quruluşunu böyük ustalıqla təhlil etmişdir. Bu, öz əhəmiyyətini indiyə qədər itirməmişdir. [17.7-8] Aristotel görə nitqin əsas qiyməti onun aydın olmasındadır və bu aydınlıq natiqin qarşısına qoyduğu məqsədə çatmasında mühüm rol oynayır. Nitqin zənginləşdirmə vasitələrinə, nitqdə ton və ritmə Aristotel mühüm əhəmiyyət vermişdir. [17.7-8]

A. Abdullayev Roma natiqlik məktəbinin fəaliyyətini natiqlik sənətinin çiçəklənməsi dövrü adlandırır, Siseronun respublika quruluşunun müdafiəsinə həsr etdiyi nitqinin çox yüksək qiymətləndirilməsindən və onun nitq quruluşu və ölçüsü haqqında fikirlərindən bəhs edərək imperiya zamanında başqa qüvvələrlə birlikdə natiqlik məktəblərinin də Romada süquta uğramasını qeyd edir. [17.10]

Məmmədəli Əsgərov İncəsənət İnstitutu (İndiki İncəsənət Universiteti) tələbələri üçün yazdığı "Natiqlik sənətinin əsasları" adlı dərsliyində Azərbaycanda antik natiqşünaslıqdan, natiqlik məharətindən bəhs etmişdir. Filologiya elmləri namizədi, dosent Kamil Əliyevin "Antik dövrün natiqlik məktəbləri" (1985-ci il) adlı kitabçası mühazirəçilərə kömək üçün yazılmışdır. Əliyev V.T. "Natiqlik məharəti və nitqin obrazlılığı" (Bakı, 1989) adlı kitabçasında bu və ya digər şəkildə antik nitq nəzəriyyəçilərinin fikirlərindən bəhrələnmişdir.

Kamil Əliyev "Natiqlik sənəti" (Bakı, 1994) adlı kitabında və bayaq adını çəkdiyimiz kitabçasında antik natiqşünaslıq və üslubiyyat məsələlərindən söhbət açmışdır. O, Azərbaycan dilində çıxan bəzi kitablarda antik natiqlik məktəbləri haqqında ötəri də olsa, bəhs edildiyini yazır. A. Abdullayevin və M. Əsgərovun kitablarını və s. nəzərdə tutur. [18.56] K. Əliyev öz kitablarında yunan və Roma natiqlik məktəblərinin yaranmasında Yunanıstanın və Romanı iqtisadi, siyasi, sosial-mədəni inkişafının böyük rol oynamasını bildirir: "Hər bir elm, nəzəriyyə elə-belə yaranmır, cəmiyyətin mədəni inkişaf səviyyəsinin tələblərini ödəyir, zəruri ehtiyaclardan doğur. Buna görə də elm, nəzəriyyə təcrübə ilə qaynayıb-qarışır və əməli nəticələr verir". [18.41]

Yunan natiqlik məktəbinin yunan mifologiyasından qidalandığını və bu məktəbin erkən orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycan nitq məktəblərinin yaranmasındakı rolunu qeyd edərək "Bəlagət'in tərkib hissələrini açıqlayan K. Əliyev Azərbaycanda antik natiqlik sənətinin təsiri məsələsinə toxunur. Sonra ayrı-ayrılıqda hər bir natiqlik məktəbi nümayəndələrinin natiqlik məharəti, nitqin quruluşu haqqında fikirlərindən söhbət açır. Biz, yeri gəldikcə, bu məsələlərə toxunacağıq.

İndi bilavasitə antik düşüncə baxımından natiqlik sənəti və natiqlik məharəti haqqında elmi-nəzəri fikirlərə diqqət yetirək. Mövzumuzla bağlı dil və nitqin təkmilləşmə və inkişaf istiqamətində cəmiyyətin sosial və siyasi durumunun önəmli rol oynadığını qeyd etmişdik. Yunan cəmiyyətində də natiqlik sənətinin, nitqin estetik xüsusiyyətlərinin mükəmməlləşdirilməsində milli dil daşıyıcılarının, dövlət müstəqilliyinin, siyasi elitanın milli dilə və nitqə verdiyi önəmin əhəmiyyətli cəhətləri mənbələrdə yaxşı müşahidə olunur. Lakin burada daha önəmli və əhəmiyyətli sosiolinqvistik bir qanunauyğunluq-vətəndaşların fikir və söz azadlığı, cəmiyyət və dövlətdə demokratik düşüncə və dəyərlərin hakimliyi məsələsi ən əsas amil kimi ortalığa çıxır. Məhz ictimai həyatda liberal və demokratik prinsiplərin varlığının təfəkkür və onun ifadə vasitəsi olan nitqin təkmilləşdirilməsində və inkişafında mühüm rol oynadığı aydınlaşır. Bu amilin öz növbəsində cəmiyyətin müxtəlif sahələrinin inkişafına səbəb olduğunu görürük. Əgər diqqət yetirilərsə, tarixi yunan cəmiyyətinin inkişafında məhz həmin amilin önəmli yer tutması bəlli olar.

Yunan mifologiyası, ədəbiyyat və fəlsəfəsi sahəsində geniş və dəyərli tədqiqatlar aparmış mütəxəssislər hələ ən qədim dövrlərdə yunan ictimai həyatının inkişafında natiqlik sənətinin əhəmiyyətli rol oynadığını qeyd edirlər. [19.179] Bu mənada Homerin qəhrəmanlıq dövrünə aid əsərlərində Odissey, Nestor, Feniks məharətli natiq kimi dinləyicilərdə böyük təəssürat oyadan inandırıcı nitqlər söyləyirlər. Natiqlik sənətinin, gözəl danışmaq məharətinin inkişafını Yunanıstanda "dövlətçiliyin gücləndirilməsi, yunan-fars müharibələrindən sonra e.ə. V əsrdə daxili həyatda baş vermiş siyasi mübarizələrə demokratik partiyaların təsir gücünün artması, yunan polislərində xalq kütlələrinin fəaliyyətinin güclənməsi" ilə [19.179] bağlayırlar. Aristotel natiqlik sənətinin praktik tətbiq mərhələsinin öncə Siciliyada (İtaliya) başlandığını, sofist-natiq Qorginin müəllimi, Aqrigenalı Empedokolun "ritorika atası" olduğunu bildirirdi. [19.179] Siciliyada natiqlik sənətinin şərti olaraq ictimai həyatın üç sahəsində üç növ üzrə inkişaf tapdığını söyləmək mümkündür. Bu nitq növləri belədir: 1) siyasi; 2) məhkəmə; 3) epidiktik (təntənəli mərasimdə həlak olmuş hərbi qulluqçuların məzarı başında söylənilən nitqlər). Bu nitqlər mövzu etibarilə bir-birindən fərqlənsə də quruluş xüsusiyyətlərinə görə bir o qədər fərqlənmirdi. Həmin nitq növləri arasında qarşılıqlı təsirlər mövcud idi: siyasi natiq epidiktik nitq, epidiktik natiq siyasi və ya məhkəmə nitqi söyləyə bilirdi. Ritorikanın - natiqlik sənətinin yaranması sofistlərin adı ilə bağlı idi. Sofistlər belə hesab edirlər ki, "öz gözəl nitqləri ilə insanları hər şeyə inandıra bilərlər". Sofistlər "bütün şeylərin ölçüsü — insandır" prinsipindən çıxış edərək, öz gözəl nitqləri ilə insanları "səhv dəlilləri düz kimi qəbul etməyə inandırmağın mümkünlüyünü [19.179] qəbul edirdilər. Ritorikanı sofistlər danışığı tərtib etmək sənəti kimi başa düşürdülər. Onların natiqlik sənəti haqqında düşüncələrini "Qorgi" adlı dialoqunda açıqlayan Platon dialoqun iştirakçısı Sokrat vasitəsilə həmin fikirlərin səhv olduğunu bildirir. Sokrat qeyd edir ki, birincisi, bütün elmlər danışıqla məşğuldur, ikincisi, ritorika natiqin istədiyini xalqa və hakimlərə inandırmaq sənəti deyil, çünki hər bir elm öz öyrətdiyini insanlara inandırmağa çalışır, üçüncüsü, ritorik inandırmanın spesifikası insanlara nəyin ədalətli, nəyinsə ədalətsiz olduğunu inandırmağa yönəldilməlidir". [20.112] Beləliklə, Sokrat ritorikanı, yəni natiqlik sənətini insanlara ədalət, xeyirxahlıq aşılamağa xidmət edən bir sənət kimi mənalandırır.

Platonun fikrincə, sözün geniş mənasında bütün əsl sənət növləri yaradıcılıq fəaliyyəti olaraq cəmiyyətdə ədalətlilik hissinin formalaşmasına xidmət etməlidir. Platon gözəl nitqin texniki tərəfinə də xüsusi diqqət yetirərək nitqi quruluş etibarilə dörd yerə bölür: 1) mövzuya giriş; 2) mövzunun şərhi; 3) mövzuda ifadə edilən məsələnin sübutu; 4) nəticə. Bu struktur xüsusiyyəti bu gün də ixtiyari bir nitqin və ya elmi işin mahiyyət quruluşunu təşkil edir.

Sofistlərə qarşı aparılan mübarizə ilə yanaşı, əvvəlcə qeyd edildiyi kimi, hər bir insanın məhkəmələrdə çıxış edərək öz hüquqlarını müdafiə etməsini dövlətin vətəndaşlıq vəzifəsi kimi qiymətləndirməsi natiqlik sənətinin inkişafında mühüm rol oynayır. Onu da xatırlayaq ki, hələ e.ə. V əsrdə bu baxışlar Afinada geniş yayılmışdır. Natiqlik məharəti ən mükəmməl şəkildə özünü siyasi natiqlik sahəsində göstərirdi. Siyasi natiq kimi Femistokol və adını bayaq çəkdiyimiz Perikl daha çox məşhur idi. Perikl həm də epidiktik nitq ustası sayılırdı. Yeri gəlmişkən, onu da vurğulayaq ki, Platon Perikli oğuz-işğuz Anaksaqorun şagirdi hesab edirdi. O qeyd edirdi ki, Perikl öz təbii istedadı ilə bərabər Anaksaqorla yaxından ünsiyyətdə olmaq və ondan dərs almaq nəticəsində yüksək natiqlik məharətinə yiyələnə bilmişdir". [20.117] Platonun fikirlərindən çıxış edən antik düşüncələrin tanınmış bilicisi, filosof A.F. Losyev belə bir qənaətə gəlir ki, " Platon əsl natiqlik məharətinə, gözəl danışığa, düzgün nitq tərtib etmək bacarığına yiyələnmək üçün natiqə təbii texniki bacarıqla bərabər, yüksək əqli mədəniyyət, insanların psixologiyasına, cəmiyyətin əxlaqi-mənəvi durumuna bələd olmağın lüzumluluğunu" irəli sürmüşdür. [20.117]

Deməli, nitqin bir tərəfi natiqin savadına, cəmiyyətdə mövcud olan əxlaqi-mənəvi duruma və konkret auditoriyanın psixologiyasına bələkliliklə bağlı biliklərə söykənirsə, digər tərəfi təbii, texniki baxımdan nitqi düzgün qurmaq bacarığına bağlanır. Eyni zamanda canlı-şifahi və sonradan oxunan yazılı nitq ilə bağlı xarakterik xüsusiyyətlərin, şifahi nitq intonasiyasının ton, temp, ritm, mimika, jest və s. bu kimi amillərinin, yazılı nitqlə bağlı dəyişiklik və düzəlişlərin mümkünlüyünün, həmçinin canlı nitqə məxsus bir sıra xüsusiyyətlərin yazıda əks olunmaması və s. nəzərə alınan düşüncələr ortalığa çıxır.

Klassik natiqlik sənəti haqqında nəzəri və praktik baxışlar, təsəvvürlər Aristotelin "Ritorika" traktatından bəhs edilmədən tamamlana bilməz. "Ritorıka"nın mövzu və məzmununu, plan və kompozisiyasını hərtərəfli və dərinliyinə qədər araşdırmış, spesifik və estetik mahiyyətini üzə çıxarmış professor A.F. Losyev belə bir qənaətə gəlir ki, "Aristotelin "Ritorika"sının kompozisiyasında ritorika inandırmaq sənətidir, yeni mütləq həqiqətdən istifadə etmək mümkünsüz olduqda ehtimal edilən və mümkün sayılanlardan istifadə edilməlidir." [21.529]

Professor A.F. Losyevin digər bir qənaətinə görə "Qeyd edilən anlamlarda Aristotelin ritorikası, ümumiyyətlə, gözəl danışıq haqqında təlimdir. Çünki ritorikanın məqsədi təkcə gözəl danışmağı öyrətmək deyil, həm də məntiqdən-kənar sübutetmənin bütün metodlarını təsvir etməkdir. Aristotelin ritorikası sadəcə inandırıcı danışmaq sənətidir, ona görə də ritorika natiqliyə və gözəl danışmağa bir o qədər də aidiyyəti olmayan bədii sahəyə daha çox tətbiq edilə bilər." [21.532] Digər tərəfdən insanlar ictimai fəaliyyət zamanı müxtəlif məzmunlu məsələ və problemlərlə bağlı şifahi və yazılı şəkildə bu və ya digər mühakimələr yürüdür, nəyi isə sübut etməyə, açıqlamağa çalışırlar. Bu zaman nitqimizdə mütləq və səhih fikirlərlə bərabər bu və ya digər gümanlardan, fərziyyələrdən, paradiqmalardan da istifadə edərək öz fikirlərimizi əsaslandırmağa çalışırıq. Yəni tam dəqiq və mütləq olmayan fikirlərdən də istifadə edərək müsahiblərimizi inandırmağa can atırıq. Aristotelin bu müddəası məhz belə irrasionallığı da ehtiva edir. Aristotelə görə inandırmanın texniki və qeyri-texniki yolları vardır. İnandırma üsullarının isə üç yolu mövcuddur: danışmanın xarakterindən, dinləyicinin əhval-ruhiyyəsindən və nitqin özündən asılı olanlar.

Aristotel nitqin üç elementindən - natiqdən, nitqin predmetindən və dinləyicidən bəhs edir. Dinləyicilərin də üç kateqoriyasından: adi tamaşaçıdan, keçmişin və gələcəyin hakimlərindən söhbət açır. Ritorik nitqin bayaq haqqında məlumat verdiyimiz üç növündən-məsləhət, məhkəmə və mərasim-epidik nitqlərdən, onların mövzusu və vaxtından, məqsədindən və hər bir nitqin nəyə xidmət etməsindən də bəhs etmişdir. [21.523]

 

ƏDƏBİYYAT

 

1. Özdək Rəfiq "Türkün qızıl kitabı", I kitab, "Yazıçı", Bakı, 1992

2. Keklik Nihat "Türklerde ahlak ve dünyagörüş". "Ötüken" nəşriyyatı, İstanbul 2001

3. Rzayev N. "Dövlətin milli gücü və təhlükəsizlik sistemi", "Hərbi bilik" jurnalı, 2005,№2

4. Горалек Карел. "О теории литературного языка" в книге "Новая зарубежная лингвистика", выпуска XX, Теория литературного языка в работе ученых ЧССР., изд. "Прогресс" Москва, 1988

5. Современные проблемы литературоведения и языкознания. изд. "Наука" Москва 1974

6. Kaşğari Mahmud, "Divani lüğət-it türk", tərcüməsi Beşim Atalay, I cild, Ankara, 1939, c.i. XXXVI

7. Nəvai Ə. "Mühakəmətül-lüğateyn - İki dilin mübahisəsi, Cığatay türkcəsindən çevirəni f.e.n. professor Karnil Vəli Nərimanoğlu, "Yurd" nəşriyyatı, Bakı, 1989

8. Rzayev N. "Erkən orta əsrlərdə ərəb-türk hərbi münasibətləri və ərəb mənbələri türklərin hərb sənəti haqqında", "Hərbi bilik" jurnalı, 2006, 4

9. Rəcəbov Ə, Məmmədov Y. "Orxon-Yenisey abidələri", "Yazıçı" nəşriyyatı, 1993

10. Arat R.R. "Türk lehce ve şiveleri", "Türk mılletının dili", "Türk dünyası El kitabı", II cild, Dil-küldür - sanat. İkinci baskı, Ankara, 1992

11. "Əski türk yazılı abidələrinin dili", BDU nəşriyyatı, Bakı, 1992

12. "Demokratiya: Gediləsi uzun bir yol" Antologiya, tərcümə ve tərtib edəni Hikmət Hadızadə, Bakı, 2001

13. "Kitabı-Dədə Qorqud", "Yazıçı", 1988

14. Musəvi T.M. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər. XVI-XVII əsr, Bakı, "Elm" nəşriyyatı, 1977

15. Cултанов T.У, "письмо Зoлтоордынских xaнoв" в книгеюркологический сборник", 1975

16. SarıçevaBilinov. Natiqlik sənəti haqqında söhbətlər. "Uşaq gənclər nəşriyyatı". Bakı, 1946

17. Abdullayev A. Nitq mədəniyyəti ve natiqlik məharəti haqqında. "Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1968

18. Əliyev K. "Natiqlik sənəti", Bakı, 1994

19. "Античная литература". изд. Просвещение, Москва 1973

20. Лосев А.Ф., "История античной эстетики". Высокая классика, изд. "Искусство" Москва., 1974

21. Лосев А.Ф., "История античной эстетики", "Аристотель и поздняя классика"., изд. Искусство Москва, 1974